Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Milli Məclisin Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi (19 iyun 2008)

Hörmətli xanımlar və cənablar!
Hörmətli deputatlar, əziz qonaqlar!

Mən sizin hamınızı bu gün bu gözəl gündə ürəkdən salamlayıram. Bütün qonaqlara xoş gəlmisiniz deyirəm.

Bu gün Azərbaycanın tarixində çox əlamətdar bir gündür. Biz Azərbaycan Parlamentinin 90 illik yubileyini təntənəli şəkildə qeyd edirik. Bu, həqiqətən də çox əlamətdar və tarixi hadisə olmuşdur. Biz keçən ay Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyini geniş şəkildə qeyd etmişik. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyasında tarixi bir hadisə idi. Çünki ilk dəfə müsəlman aləmində, bütövlükdə Şərqdə demokratik respublika yaranmışdır. Müxtəlif səbəblər nəticəsində respublikanın ömrü uzun olmamışdır və iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etmiş və Azərbaycan xalqı yenidən müstəqillikdən məhrum edilmişdir.

Biz öz tariximizi yaxşı bilirik və onu da bilirik ki, bu acı tarix 1990-cı illərin əvvəllərində də təkrarlana bilərdi, daha doğrusu təkrarlanırdı. Azərbaycan xalqı yenidən müstəqilliyə qovuşanda, Sovet İttifaqının dağılması nəticəsində müstəqil respublika fəaliyyətə başlayanda ölkədə gedən ictimai-siyasi proseslər çox mürəkkəb idi, çox gərgin idi və demək olar ki, gənc dövlətin gələcəyi o qədər də müəyyən deyildi. Çünki həm ölkə daxilində, həm də hüdudlarımızdan kənarda gedən proseslər Azərbaycanı çox ağır vəziyyətə qoymuşdu. Bir tərəfdən, Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi, digər tərəfdən, daxildə yaşanan siyasi və iqtisadi böhran vəziyyəti son dərəcə gərginləşdirmişdi. Bu çətin, ağır şəraitdə Azərbaycan xalqı düzgün seçim etmişdir.

1993-cü ildə Azərbaycan xalqı milli lideri Heydər Əliyevə müraciət edərək, onu yenidən siyasi hakimiyyətə gətirməklə öz müstəqilliyini qoruya bilmişdir. Biz müstəqilliyi qoruduq, möhkəmləndirdik və bu gün Azərbaycan müstəqillik yolu ilə uğurla inkişaf edir. Bütün bu işlərdə Azərbaycan Parlamentinin böyük rolu olmuşdur. Çünki yeni Azərbaycanın qurulmasının, müstəqil güclü dövlətin qurulmasının əsası məhz bu binada qoyulmuşdur.

Biz bir neçə gün bundan əvvəl Milli Qurtuluş gününü geniş şəkildə qeyd etmişik. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Parlamentinin sədri vəzifəsinə seçiləndən sonra ölkəmizdə vəziyyət müsbətə doğru dəyişilməyə başlamışdır. Xoşagəlməz bütün hadisələrin qarşısı alınmışdır. Qeyri-qanuni silahlı birləşmələr tərksilah edilmişdir. Azərbaycanda asayiş bərpa olunmuşdur, sabitlik yaranmışdır və beləliklə, hərtərəfli inkişaf üçün çox gözəl şərait yaradılmışdır.

Ondan əvvəl, hələ Azərbaycan müstəqil olmayan dövrdə Naxçıvan Muxtar Respublikasının parlamenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı elan etmişdir. O vaxt Azərbaycan hələ müstəqil deyildi, Sovet İttifaqının tərkibində idi. Ancaq Naxçıvanda tarixi qərarın qəbul olunması bizim müstəqilliyimizi yaxınlaşdırırdı. Bütün başqa həlledici məqamlarda, xalqla Heydər Əliyev arasında olan birlik Azərbaycanı bu çətin, ağır şəraitdən şərəflə çıxara bilmişdir.

Bu gün ölkəmiz uğurla inkişaf edir. Azərbaycanda parlamentarizm ənənələri də yaranır. Azərbaycan parlamenti öz beynəlxalq əlaqələrini genişləndirir və bu gün biz bu tədbirdə müxtəlif ölkələrdən gələn qonaqların timsalında bunu görürük. Biz görürük ki, Azərbaycan dünya birliyinə çox sürətlə inteqrasiya edir, Azərbaycanda hakimiyyətin bütün qolları vahid komanda kimi fəaliyyət göstərir və vahid amal uğrunda birləşibdir. Bu amal ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin, ölkə daha da inkişaf etsin və inkişaf etmiş ölkələrin sıralarına daxil olsun.

Biz bu vəzifəni qarşımıza qoymuşuq və bu çox böyük, məsuliyyətli vəzifədir. Ancaq 10 il, 15 il bundan əvvəl qarşımızda başqa vəzifələr dayanmışdı. O vaxt biz fikirləşirdik ki, Azərbaycanı ağır, çətin vəziyyətdən necə çıxaraq? İqtisadi tənəzzülün qarşısı necə alınmalıdır? Siyasi və iqtisadi islahatlar necə aparılmalıdır? Bütün bunlar bizim üçün yenilik idi. Azərbaycan qarşısında, müstəqil gənc dövlət qarşısında müxtəlif inkişaf istiqamətləri mövcud idi. Ulu öndər Heydər Əliyevin seçdiyi yol yeganə düzgün yoldur. Bu da ondan ibarətdir ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya etməlidir, Azərbaycanın inkişafı daxili 

resurslar əsasında təmin olunmalıdır, Azərbaycan öz təbii sərvətlərindən məharətlə istifadə etməlidir və öz milli maraqlarını maksimum dərəcədə möhkəmləndirməlidir. Azərbaycanda çox güclü iqtisadi potensial yaradılmalıdır. Bu gün biz keçmişə nəzər salarkən görürük ki, ölkə qarşısında ən çətin və həlledici məqamlarda duran bütün əsas vəzifələr uğurla icra edilmişdir.

Bu gün Azərbaycan inkişaf dövrünü yaşayır. Bizdə siyasi və iqtisadi islahatlar uğurla həyata keçirilir.

Bir daha qeyd etmək istəyirəm ki, Milli Məclisin bu işdəki fəaliyyətini mən çox yüksək qiymətləndirirəm. Azərbaycan bir neçə çox vacib beynəlxalq sazişlərə, konvensiyalara qoşulmuşdur. Mütərəqqi qanunlar qəbul edilir və bu qanunlar Azərbaycanda siyasi sistemin möhkəmlənməsinə və iqtisadi islahatların dərinləşməsinə xidmət göstərir. O da həqiqətdir ki, baxmayaraq, Azərbaycan xalqının çox qədim və zəngin tarixi, mədəniyyəti vardır, Azərbaycanda bundan əvvəl heç vaxt siyasi sistem olmayıbdır. Biz yalnız müstəqilliyi bərpa edəndən sonra siyasi islahatlara başlamışıq və tarix baxımından çox qısa müddət ərzində bütün lazımi tədbirləri görmüşük. Azərbaycanda siyasi sistem yaradılıb, siyasi təsisatlar yaradılıb və möhkəmlənib, Azərbaycan beynəlxalq təşkilatlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Bir daha demək istəyirəm ki, həm iqtisadi sahədə, həm sosial məsələlərin həlli işində, həm də siyasi islahatların dərinləşməsində Milli Məclis tərəfindən qəbul edilmiş qərarlar xüsusi rol oynayır. Mən çox şadam ki, bizim ölkəmizin inkişafı üçün hakimiyyətin bütün qolları öz töhfələrini verirlər.

Bu gün bizim qarşımızda yeni vəzifələr dayanır, yeni çağırışlar dayanır və biz bunlara hazır olmalıyıq.

İlk növbədə, yenidən qeyd etmək istəyirəm ki, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcəkdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir, milli maraqlarımızı qoruyur və Azərbaycan əhalisinin rifah halının yaxşılaşmasına xidmət göstərir. Siyasi proseslərin müsbət istiqamətdə inkişaf etməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, xalqla iqtidar arasında birliyin möhkəmlənməsi – bütün bu amillər ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır.

Sabitlik olmayan yerdə inkişaf mümkün deyil. Eyni zamanda, inkişaf etmiş ölkələrin tarixinə, yaxud da indiki vəziyyətinə nəzər salsaq görərik ki, o ölkələrdə sabitlik mövcuddur. Yəni bu iki amil bir-birini tamamlayır. Mən çox şadam ki, Azərbaycanda biz həm inkişafa nail ola bilmişik, həm də Azərbaycanda sabitlik çox yüksək səviyyədədir. Əminəm ki, gələcək illərdə biz qarşımıza qoyduğumuz bütün vəzifələrə, hədəflərə çatacağıq.

Biz Azərbaycanı güclü dövlətə çevirməliyik. Bu vəzifə bir müddət əvvəl qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru uğurla irəliləyirik. Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir. Biz son dörd il ərzində iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkəyik. Dörd il ərzində Azərbaycanda ümumi daxili məhsul 96 faiz artmışdır ki, bu da analoqu olmayan bir göstəricidir.

Bununla bərabər, Azərbaycanda uğurla həyata keçirilən sosial islahatlar öz müsbət nəticələrini verir. İldən-ilə Azərbaycan xalqı daha da yaxşı yaşayır. Azərbaycan xalqının rifah halı yaxşılaşır və bunun göstəricisi olan yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Son dörd il ərzində 49 faizdən 16 faizə düşən yoxsulluğun səviyyəsi onu göstərir ki, bizim qəbul edilmiş bütün qərarlar, siyasi və iqtisadi islahatlar, uğurlu neft siyasətimiz, ilk növbədə, Azərbaycan xalqının rifah halının yaxşılaşmasına yönəldilibdir. Sürətlə inkişaf edən bəzi cəmiyyətlərə xas olan təbəqələşmə prosesi Azərbaycan cəmiyyətində getmir. Əksinə, Azərbaycanda çox güclü orta sinif yaranır, sahibkarlar sinfi yaranır və bilirsiniz ki, bu sahəyə çox böyük diqqət göstərilir. Bu gün ölkə iqtisadiyyatının 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatının əsas hissəsini enerji resursları təşkil edir və enerji resursları dövlət nəzarətindədir, özəl sektor sürətlə inkişaf edir.

Regionlarda gedən abadlıq-quruculuq işləri, yeni iş yerlərinin açılması və regionların sosial-iqtisadi inkişafına dair beşillik Dövlət proqramının uğurla icra edilməsi - bizim böyük nailiyyətimizdir. Bu gün artıq bölgələrdən mərkəzə miqrasiya meyilləri demək olar ki, son dərəcə azalıbdır. Bu gün bölgələrdə insanların yaşaması üçün ən müasir infrastruktur yaradılır – istər səhiyyə, istər təhsil, istər nəqliyyat və sair sahələrdə. Biz öz təbii sərvətlərimizdən çox böyük səmərə ilə istifadə edərək, təbii resurslarımızı insan kapitalına çeviririk. 

Bu gün əsas prioritetlərdən biri Azərbaycan xalqının və gələcək nəslin bilikli olmasıdır, eyni zamanda, bizim milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulmasıdır, dünya birliyinə inteqrasiya etməsidir.

Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, biz öz ana dilimizi saxlaya bilmişik, öz mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edibdir, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər.

Azərbaycan cəmiyyətində bütövlükdə ölkədə aparılan bütün islahatlara böyük rəğbət var. Əgər belə olmasaydı, heç bir islahatın əhəmiyyəti olmazdı. Bəzi hallarda iqtisadi islahatlar, xüsusilə keçid dövründə yaşayan cəmiyyətlərdə iqtisadi islahatlar insanların həyat səviyyəsinin pisləşməsinə gətirib çıxarır. Ancaq Azərbaycanın timsalında biz bunu görmürük. Əgər belə olsaydı, o zaman yoxsulların sayı azalmazdı, artardı. Bizim güclü sosial siyasətimiz, eyni zamanda, uğurlu iqtisadi islahatlara əsaslanır. Çünki əgər biz iqtisadi potensialı yaratmasaq, sosial proqramların həlli üçün imkanımız olmayacaq. Bir də demək istəyirəm ki, biz ancaq öz imkanlarımıza güvənirik. Biz müstəqilliyi bərpa edəndən sonra bu günə qədər ancaq öz hesabımıza, Azərbaycan xalqının zəhməti hesabına bütün bu gözəl nəticələrə çata bilmişik.

Bu gün qürur hissi ilə deyə bilərik ki, son dörd il ərzində Azərbaycanda büdcə xərcləri 10 dəfədən çox artıbdır. Bizim valyuta ehtiyatlarımız artır və ilin sonuna qədər 20 milyard dollara yaxın olmalıdır. Bu, bizim üçün böyük bir üstünlükdür, böyük bir imkandır. Biz bu imkanlardan çox səmərəli şəkildə istifadə etməliyik. 

Azərbaycanın bütün sahələrini inkişaf etdirməliyik. İqtisadiyyatımızı şaxələndirməliyik ki, uzun illər bundan sonra, onilliklər bundan sonra Azərbaycan xalqı və gələcək nəsillər rahat yaşasın. Gələcək nəsil də vətənpərvərlik ruhunda tərbiyə almalıdır və mən çox şadam ki, bu gün biz bunu görürük.

Gələcək nəsillərin xoşbəxt yaşaması üçün biz indidən lazımi tədbirləri görürük. Mən bir daha parlamentin bu sahədəki rolunu qeyd etmək istəyirəm. Bildiyiniz kimi, Azərbaycan Dövlət Neft Fondu gələcək nəsillərin rahat yaşaması üçün böyük dərəcədə valyuta ehtiyatlarını yığmağa başlamışdır və bu, bir neçə ildən sonra yüz milyardlarla ölçüləcəkdir. Belə olan halda bu imkanlardan, bu resurslardan səmərəli istifadə etmək üçün ən şəffaf mexanizm yaradılmalıdır. Azərbaycan bu şəffaf mexanizmi yarada bilibdir. Neft Fondundan xərclənən hər bir manat, hər bir dollar ancaq parlamentin razılığı ilə mümkündür. Parlamentin üzvləri büdcəni təsdiq edərkən bu məsələni də həll edirlər. Yəni burada ictimai iştirak və ictimai nəzarət çox güclüdür. Mən bir neçə dəfə bu barədə öz fikirlərimi bildirmişəm, bir də demək istəyirəm ki, çox sürətlə inkişaf edən ölkələrdə, çox böyük dövlət investisiyaları qoyulan bir ölkədə ictimai nəzarət çox güclü olmalıdır.

Biz gələcək haqqında da fikirləşirik və mən əminəm ki, Azərbaycanın gələcəyi çox parlaq olacaqdır.

Bizim beynəlxalq əlaqələrimiz möhkəmlənir, biz yeni müttəfiqlər qazanırıq, bizim xarici siyasətimiz də çox açıqdır, birmənalıdır, çox çevikdir. Biz bütün ölkələrlə qarşılıqlı hörmət, qarşılıqlı maraqlar əsasında öz siyasətimizi qururuq və bu siyasət öz bəhrəsini verməkdədir. Azərbaycan dünyada daha da çox tanınır, Azərbaycana hörmət artır. Azərbaycanın müstəqil siyasəti bilirəm ki, çox böyük rəğbətlə qarşılanır və biz bu müstəqil xəttimizi qoruyub saxlayacağıq. Müstəqilliyimizi daha da möhkəmləndirəcəyik və bunu etmək üçün əlbəttə ki, bizim imkanlarımız daha da artmalıdır. Bu işlər, görülən bütün işlər bir daha demək istəyirəm ki, bir məqsədə yönəldilibdir - Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirsin, Azərbaycanda siyasi islahatlar daha da sürətlə getsin, Azərbaycanda bütün kriteriyalar- istər siyasi həyatda, istərsə də iqtisadi, sosial həyatda bütün kriteriyalar, dünyanın aparıcı ölkələrinin kriteriyalarına yaxınlaşsın. Bunu etmək üçün bizim həm niyyətimiz var, həm də proqramlarımız var. Beynəlxalq təşkilatlarla müxtəlif proqramlar var və biz bunları uğurla icra edirik.

Mən hesab edirəm ki, biz həm siyasi islahatlar sahəsində, həm ölkədə gedən demokratikləşmə prosesinin inkişafında, həm də iqtisadi və sosial məsələlərin həllində nə mümkünsə maksimum dərəcədə etmişik. Bunun nəticəsində bu gün ölkə qarşısında elə problem yoxdur ki, biz onu asanlıqla həll edə bilməyək. Ölkə daxilində sabitlik, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, siyasi sistemin möhkəmlənməsi, iqtisadi islahatlar, çevik xarici siyasət və bölgədə bizim təşəbbüsümüzlə həll olunan irimiqyaslı layihələrin icrası – bütün bu istiqamətlərdə bütün vəzifələr öz həllini tapıbdır.

Bu gün bölgədə gedən uğurlu regional əməkdaşlıq bir çox hallarda məhz Azərbaycanın təşəbbüskarlığı ilə bağlıdır. Biz enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ilə həm öz iqtisadi imkanlarımızı gücləndiririk, həm də böyük mənada regional əməkdaşlığa da öz töhfəmizi veririk.

Bildiyiniz kimi, bu gün dünyanın siyasi gündəliyində enerji təhlükəsizliyi məsələləri xüsusi yer tutur.

Azərbaycan bu sahəyə öz töhfəsini verir və gələcəkdə öz töhfəsini verməyə hazırdır. Biz irimiqyaslı enerji layihələrinin təşəbbüskarı və iştirakçısıyıq. Bu layihələrin nəticəsində Azərbaycan xalqı həm böyük mənfəət götürür, həm ölkənin beynəlxalq mövqeləri möhkəmlənir, həm də regional əməkdaşlıq üçün çox gözəl şərait yaranır. Bu gün bizim həm Xəzəryanı ölkələrlə, qonşu dövlətlərlə, həm də Qara dəniz, Baltik dənizi ölkələri ilə üzərində işlədiyimiz konkret layihələr var. Bizim siyasi əlaqələr güclənir və əlbəttə ki, nəqliyyat, enerji və humanitar sahədə regional əməkdaşlıq bu bölgəyə daha da çox imkanlar gətirir, bizim qarşımızda daha da çox imkanlar açır və biz bundan sonra da regional işlərdə öz fəallığımızı davam etdirəcəyik.

Bu gün burada müxtəlif ölkələrdən qonaqlar bizimlə bərabər bu günü qeyd edirlər. Dünən mən nümayəndə heyətlərinin demək olar ki, əksəriyyəti ilə görüşmüşəm. Görüşlər bu gün də davam edəcəkdir. Mən bir də demək istəyirəm, Azərbaycan parlamentinin dəvətini almış, bu gün bizimlə bərabər olan bütün qonaqlara xüsusi minnətdarlıq bildirmək istəyirəm ki, onlar vaxt tapıb bu tədbirdə bizimlə bərabər iştirak edirlər. Onların diqqətini bizi narahat edən məsələyə də cəlb etmək istəyirəm. O da bölgədə gərginlik yaradan, çox böyük təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır.

Biz uzun illər ərzində çalışırıq ki, məsələ öz həllini sülh yolu ilə, danışıqlar yolu ilə, beynəlxalq hüquq əsasında tapsın. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın torpaqlarından çıxarılmasını tələb edir. Ancaq Ermənistan tərəfi buna məhəl qoymur.

Bu yaxınlarda BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyətlə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə böyük səs çoxluğu ilə qəbul edilmişdir. Mən bu fürsətdən istifadə edib bizim qətnaməmizi dəstəkləyən ölkələrin nümayəndələrinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bununla bərabər, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM və digər mötəbər beynəlxalq təşkilatlar bu məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmasının mümkünlüyü haqqında bəyanatlar, qərarlar vermişdir. Amma məsələ öz həllini tapmır. Ermənistanın işğalçı siyasəti, azərbaycanlılara qarşı soyqırımı siyasəti – Xocalı soyqırımı, etnik təmizləmə siyasəti 1 milyondan artıq azərbaycanlının öz doğma topraqlarından didərgin düşməsinə səbəb olmuşdur, minlərlə soydaşımız, günahsız insanlar həlak olmuşdur. Etnik təmizləmə siyasəti nəticəsində bu insanlar bu gün elementar insan hüquqlarından məhrumdurlar. İşğal olunmuş torpaqlarda - Dağlıq Qarabağda və onun ətrafındakı 7 rayonda bütün binalar dağıdılıbdır. Bizim mədəni abidələrimiz, əcdadlarımızın məzarları, məktəblər, xəstəxanalar, yollar - hər şey dağıdılıb, hər şey talan edilibdir. Bir neçə il bundan əvvəl ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş bölgələrə səfər etmişdir və onların məruzəsində dediyim bütün məsələlər öz əksini tapmışdır. Ancaq nədənsə beynəlxalq ictimaiyyət bu məsələyə biganə qalır.

Bir daha demək istəyirəm, biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Amma bu həll ədalətli həll olmalıdır. Kiminsə əsaslanmamış istəkləri əsasında olmamalıdır. Beynəlxalq hüquq əsasında olmalıdır. Beynəlxalq hüquq bütün ölkələrə şamil edilməlidir. Əks-təqdirdə dünyada, dünya birliyində xaos yaranar. Əgər ölkələr beynəlxalq hüquqa məhəl qoymasalar, onda beynəlxalq təşkilatların fəaliyyəti şübhə altına düşür. Beynəlxalq təşkilatlar, hansılar ki, bu məsələyə dair öz qərarlarını açıqlayıblar, onlar özlərinə hörmət etməlidirlər və işğalçı dövlətdən tələb etməlidirlər ki, o, işğala son qoysun. Azərbaycana məxsus olan və bütün dünya birliyi tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan bölgələrdən çıxsınlar və o zaman bölgədə sülh yarana bilər. Əks-təqdirdə, təhlükələr ancaq artacaq, gərginlik artacaq. Bu münaqişə yalnız Azərbaycana, yaxud da Ermənistana aid deyil. Bütün bölgənin təhlükəsizliyi, bölgədə çox vacib, regional layihələrin və əməkdaşlıq imkanlarının qarşısında dayanan böyük bir maneədir.

Mən sadəcə olaraq, bütün xarici qonaqlar qarşısında öz mövqeyimi bir daha açıqlamaq istəyirəm. Bir daha demək istəyirəm ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapa bilər. Ermənistanın bütün qoşunları işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ondan sonra Dağlıq Qarabağda yaşayan ermənilərin və ora qayıdacaq azərbaycanlıların birgə yaşaması üçün lazımi tədbirlər görülməlidir və o bölgəyə yüksək özünüidarəetmə muxtariyyət statusu verilməlidir. Bu, beynəlxalq hüquq əsasında özünü artıq müxtəlif yerlərdə tapmış bir yanaşmadır. Bu yanaşma yeganə düzgün yanaşmadır. Mən çox şadam, beynəlxalq təşkilatlar bizim mövqeyimizi müdafiə edirlər. Amma, eyni zamanda, qəbul edilmiş bu qərarlar kifayət deyil ki, məsələ öz həllini tapsın.

Bir daha demək istəyirəm, biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Amma bununla bərabər, bölgədə yaranmış reallıqları da qarşı tərəf anlamalıdır. İqtisadi, hərbi, siyasi cəhətdən Azərbaycan son illər ərzində böyük irəliləyişə nail olubdur. Bir daha demək istəyirəm ki, beynəlxalq hüquq normaları da bizim tərəfimizdədir.

Mən bu məsələyə xüsusilə toxundum. Çünki bizim qarşımızda duran böyük problemlərdən əsası və bəlkə də yeganə problem bu problemdir. Mən beynəlxalq birliyi, burada müxtəlif ölkələrin parlamentlərinin nümayəndələrini çağırıram ki, onlar öz ölkələrində bu məsələni diqqətdə saxlasınlar və sülhü yaxınlaşdıra biləcək addımları atsınlar.

Mən vaxtınızı çox almaq istəmirəm. Bu gün bizim qonaqlarımız öz ürək sözlərini deyəcəklər. Sadəcə olaraq, bir daha demək istəyirəm ki, parlamentin yaranmasının 90 illik yubileyi çox böyük hadisədir, Azərbaycanda bayramdır. Biz öz dövlətçilik ənənələrimizi 1991-ci ildə bərpa etdik, 1993-cü ildə isə müstəqil Azərbaycanın quruculuğu üçün bütün lazımi tədbirlər görülübdür. Bu gün dövlət quruculuğu, dövlətçilik imkanları Azərbaycanda genişlənir.

İlk demokratik respublika iki il yaşadı, müstəqilliyi qoruya bilmədi. Bugünkü Azərbaycan 17 ildən çoxdur müstəqil ölkə kimi yaşayır və əbədi yaşayacaqdır!

AzərTAc

19 iyun 2008-ci il