Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Mətbuat

Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif dillərdə çoxsaylı qəzet və jurnallar işıq üzü görmüşdür. Dövlətin mətbuat sahəsində siyasəti söz və vicdan azadlığı, vətəndaş hüquqları prinsiplərinə əsaslanırdı. Onun hüquqi normaları parlamentin 1919-cu il 30 oktyabr tarixli qərarı ilə qəbul etdiyi «Mətbuat haqqında Nizamnamədə» öz əksini tapmışdı.

Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdu. Cümhuriyyət hökuməti mətbuat azadlığını milli şüurun, milli mədəniyyətin inkişafı üçün mühüm şərtlərdən biri hesab edirdi.

1918-1920-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarla qəzet və jurnal nəşr olunurdu. 1918-1920-ci illər mətbuatı ideya istiqaməti baxımından çox rəngarəng idi: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan qəzetlər, jurnallar. Lakin onların içərisində geniş oxucu auditoriyasına malik olan Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat əsas yer tuturdu.

Azərbaycan hökumətinin rəsmi orqanı türk (Azərbaycan) və rus dillərində əvvəlcə Gəncədə, sonra isə Bakıda nəşr olunan «Azərbaycan» qəzeti idi. İctimai-siyasi, ədəbi, iqtisadi xarakterli bu gündəlik qəzetin türkcəsinin redaktoru Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, ruscasının redaktoru isə Şəfi bəy Rüstəmbəyli idi. Türk və rus dillərində çıxan «Azərbaycan hökumətinin əxbarı» qəzeti də hökumətin yarırəsmi orqanı idi.

"Azərbaycan"ın ilk 4 sayı Gəncədə çıxmış, sonralar isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. Dörd səhifəlik qəzetin iki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində buraxılmışdır. Qəzetin ilk nömrəsində Bakının azad edilməsi (1918, 15 sentyabr) ilə bağlı xəbərlər dərc edilmişdi. "Azərbaycan" qəzetinin səhifələrində dərc olunan məqalələr Azərbaycan tarixinin, mədəniyyətinin, maarifinin inkişafına, milli şüurun oyanmasına, milli özünüdərkin təşəkkülünə yardım etmiş, azərbaycançılıq, istiqlalçılıq, türkçülük, islamçılıq, müasirlik məfkurəsinin təbliğində mühüm rol oynamışdır.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə "İstiqlal" (1918-20), "Azərbaycan" (1918-20), "Övraqi-nəfisə" (1919), "Müsəlmanlıq" (1917-19), "Qurtuluş" (1920), "Mədəniyyət" (1920), "Gənclər yurdu" (1918), "Şeypur" (1918-19), "Zənbur" (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur. «Müsavat» partiyasının orqanları «İstiqlal», «Açıq söz», rus dilində «Naş put» qəzetləri idi. «Əhrar» partiyası «El», hümmətçi menşeviklər «Doğru yol», eserlər «Xalqçı», «Fəhlə və əkinçi» qəzetlərini nəşr edirdilər. İttihadçılar «Müsəlmanlıq» qəzeti ilə təmsil olunmuşdu. Yaradıcı ziyalılar «Məktəb» və «Bəsirət» məcmuələrini, bolşeviklər «Füqəra sədası», «Haqq sədası», «Yoldaş», «Məşəl», «Gənc işçi», iranlı demokratlar «Bayrağı-ədalət», «Hürriyyət», «Sədayi-İran» qəzetlərini nəşr edirdilər. Belə rəngarəng mətbuat dövrün ümumi mənzərəsini, müxtəlif siyasi, ədəbi-mədəni qüvvələrin əhvali-ruhiyyəsini, baxışlarını və siyasi istiqamətlərini özündə əks etdirirdi.

1918-1920-ci illərdə Bakıda yerli bolşeviklərlə bir mövqedə dayanan və Azərbaycanda Milli Hökumətlə müxalifətdə olan "Bakinets" (1907-1920), "Bakinskaya jizn", "Bakinskiy raboçiy", "Bakinskoye slovo", "Bakinskoye utro", "İskra", "Nabat" (1919), "Naşa jizn" (1919), "Proletariy" və s. rus-dilli qəzet və jurnallar da çıxırdı. 1918-1920-ci illərdə Azərbaycanda erməni dilində çıxan qəzet və jurnallar içərisində milli Hökumətə qarşı qatı düşmənçilik mövqeyindən çıxış edən "Artsax", "Aparaj" və s. qəzet və jurnallar xüsusilə fəallıq göstərirdi. Rus dilində çıxan daşnakyönlü "Znamya truda", "Yedinaya Rossiya", "Naşe vremya", "Vperyod" kimi qəzetlər Xalq Cümhuriyyəti hökumətinin əleyhinə təbliğatda heç də onlardan geri qalmırdı.

1918-1920-ci illərdə Bakıda gürcü, yəhudi, polyak, fars və başqa dillərdə də bir sıra dövri mətbuat orqanları nəşr edilirdi.

Azərbaycan Milli Şurasının, Azərbaycan Parlamentinin fəaliyyəti "Azərbaycan" qəzetinin səhifələrində geniş əks olunmuşdur. Azərbaycan Parlamenti 1918-ci il dekabrın 7-də işə fəaliyyətə başladıqdan sonra isə qəzet onun işini daha geniş işıqlandırmış, Parlamentin mühüm iclaslarından stenoqrafik hesabatları "Azərbaycan Məclisi-Məbusanında" rubrikası altında dərc etmişdir.

1919-cu ilin martında Azərbaycan teleqraf Agentliyinin yaradılması haqqında Nazirlər Şurası qərar qəbul etmişdir. Bu qərarın həyata keçirilməsin 1920-ci ilin martında başlanılmışdı. 

Azərbaycan haqqında həqiqəti dünyaya yaymaq üçün Avropa ölkələrində mətbuat orqanı yaradılmasına böyük diqqət yetirilirdi. 1919-cu ilin payızında Paris sülh konfransında iştirak edən nümayəndə heyətimizin sayəsində «Azərbaycan haqqında İnformasiya bülleteni» buraxılması ilk uğurlu addım idi. Fransa, ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, İsveçrə və digər ölkələrdə yayılan informasiya bülletenində rəsmi materiallar, diplomatik yazışmalar, notalar, Azərbaycanın siyasi və iqtisadi həyatının xronikası verilirdi.

1919-cu ilin sentyabrından 1920-ci ilin aprelinə qədər bülletenin 11 nömrəsi çıxmışdı. Bundan başqa, Azərbaycan nümayəndələri Cenevrədə çıxan «L» Europe Orientale» jurnalı ilə müqavilə bağlanmışdılar ki, 20 min nüsxəyə abunə yazılmaq müqabilində jurnal hər nömrəsində Azərbaycan haqqında material versin. Avropa ölkələrində geniş yayılan «Limace» jurnalı bir nömrəsini bütövlükdə Azərbaycana həsr etmişdi. Fransanın teleqraf və telefon kampaniyası Azərbaycan Respublikasının poçt-teleqraf işlərini dünya standartlarına uyğunlaşdırmaq və Gəncə radiostansiyasında Eyfel qülləsindəki Avropa radiostansiyalarına qoşmaq üçün yeni qurğular qurmuşdular. 1919-cu ilin noyabrında Parisdə olan Ə.Topçubaşovun Eyfel radiostansiyası ilə çıxışı Azərbaycanda eşidilmişdi. 

Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatını həmin illərin salnaməsi hesab etmək olar.