Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Ərazi

Azərbaycan Xalq Cümhuriyyəti aşağıdakı əraziləri əhatə etmişdir: 

Xalq Cümhuriyyətinin xəritəsi

Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası, Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası); Yelizavetpol (Gəncə) quberniyası 

(Yelizavetpol, yəni Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin, yəni Cəbrayıl qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, habelə Novo Bəyazid, Eçmiədzin və Sürməli qəzalarının bir hissəsi); Tiflis quberniyası (Borçalı, Tiflis və Sığnax qəzalarının bir hissəsi); Zaqatala dairəsi.

Birinci dünya müharibəsində məğlub olan Osmanlı imperiyası hərbi qüvvələrini Cənubi Qafqazdan çıxaran kimi ermənilər ərazi iddiası ilə 1918-ci ilin sonunda Gürcüstanla apardıqları müharibə nəticəsində Borçalı mahalında Lorini və onun ətraflarını zəbt etdilər. Ermənistan Azərbaycanın tarixi torpaqlarına olan iddialarını həyata keçirmək üçün Qarabağ, Zəngəzur, Naxçıvan və digər ərazilərdə soyqırımlarını daha da genişləndirdi. Naxçıvanda bu siyasətin qarşısını almaq üçün 1918-ci ilin noyabrında Araz Türk Cümhuriyyəti yaradıldı və bu Cümhuriyyət sonra Qarsda yaradılan Cənub-Qərbi Qafqaz Demokratik Cümhuriyyəti ilə birləşdirildi. Son dərəcə mürəkkəb beynəlxalq və daxili vəziyyətə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ərazi və sərhəd məsələlərinə həyati əhəmiyyət verirdi. Cümhuriyyət Hökuməti Cənubi Qafqazdakı bütün tarixi Azərbaycan torpaqlarını öz nəzarəti altında saxlamağa çalışırdı. 1920-ci ilin ünvan - təqvimində Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən cədvəl nəşr olunmuşdu:

Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi (kv. verst və kv. kilometr hesabı ilə)

Ərazınin adı

Kv. verst

Kv. kilometr

Qeyd

Bakı quberniyası

34276,45

39075,15

Mübahisəsiz ərazi

Gəncə quberniyası

38922,22

44371,29

Zaqatala dairəsi

3502,24

3992,54

İrəvan quberniyası*

8647,99

9858,69

Cəmi

85348,90

97297,67

İrəvan quberniyası**

6941,41

7913,17

Mübahisəli ərazi

Tiflis quberniyası***

7618,56

8685,13

Cəmi

14559,97

16598,30

Yekun

99908,87

113895,97

* İrəvan quberniyasının mübahisəsiz ərazisinə daxildir: Şərur-Dərələyəz qəzasının I və II polis sahələri; Naxçıvan qəzasının I, II, III və IV polis sahələri; Yeni Bəyazid qəzasının I və II polis sahələri. 

** İrəvan quberniyasının mübahisəli ərazisinə daxildir: İrəvan qəzasının I, II, III və IV poIis sahələri, Eçmiədzin qəzasının II və III polis sahələri; Sürməli qəzasının I, II və III polis sahələri; Novo Bəyazid qəzasının III polis sahəsinin bir hissəsi; 

*** Mübahisəli zonanın tərkibinə Tiflis quberniyasının aşağıdakı hissələri daxildir: Tiflis qəzasının II və III polis sahələri; Sığnax qəzasının V polis sahəsi; Borçalı qəzasının I, II, III və IV polis sahələrinin bir hissəsi. 

Göründüyü kimi, Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km). Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü. Lakin 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən sonra Sovet Rusiyasının yeritdiyi ayrıseçkilik siyasəti nəticəsində Azərbaycan əraziləri daha da azaldıldı. Yeni yaradılan Azərbaycan Sovet Sosialist Respublikasının sərhədləri 86,6 min kv. km müəyyən edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin 27,2 min kv. km-i Azərbaycan xalqının əlindən alındı.