Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

İqtisadiyyat

Azərbaycan Xalq Cümhuriyyəti ictimai-siyasi həyatın digər sahələrində olduğu kimi, müstəqil milli iqtisadiyyat quruculuğu və sosial sahədə də mühüm tədbirlər həyata keçirirdi. Onun iqtisadi platformasında mülkiyyət plüralizmi-dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılması nəzərdə tutulurdu.

Xalq Cümhuriyyətinin aqrar proqramının əsasını aqrar islahatı haqqında parlamentə təqdim olunmuş qanun layihələri təşkil edirdi. Bir qanun layihəsində torpaqların əvəzsiz paylanması, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi nəzərdə tutulurdu.

Mövcud olduğu 23 ay ərzində Cümhuriyyət hökuməti bir sıra cari təsərrüfat məsələlərinin həllində mühüm uğurlar qazanmışdı. Neft sənayesi ağır vəziyyətdən çıxarılmış, Bakı-Culfa dəmiryolunun inşası davam etdirilmiş, Kür çayı üzərində körpü salınmış, Azərbaycan Dövlət Bankı yaradılmış, milli pul nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi.

Yeni əsaslarda beynəlxalq iqtisadi əlaqələrin qurulması da hökumətin qarşısında duran mühüm məsələlərdən idi. Xarici ölkələrlə, xüsusilə yaxın qonşularla iqtisadi əlaqələr yaratmaq və bu əlaqələri genişləndirmək nəzərdə tutulurdu.

Azərbaycan hökumətinin xarici iqtisadi fəaliyyətində reallaşdırmağa çalışdığı başlıca vəzifələrdən biri əhalinin zəruri mallara olan ehtiyacını təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi. Belə əlavə mənbələrdən biri də gömrük gəlirləri idi.

Cümhuriyyətin xarici iqtisadi əlaqələrinin formalaşması baxımından Gürcüstanla bağlanan müqavilə mühüm əhəmiyyətə malik idi. 1918 il dekabrın 26-da bir illik müddətə bağlanan bu müqaviləyə əsasən, böyük ehtiyac olan məhsulların, bu respublikaların tələbatları çərçivəsində gömrük vergiləri qoyulmadan alınıb-satılmasına, habelə Gürcüstan əhalisinin və dəmir yolunun ehtiyacları üçün müəyyən hədd həcmində neft, mazut, kerosin və yağların rüsumsuz ixracına icazə verilirdi. Azərbaycanın Ermənistandakı Diplomatik Nümayəndəliyinin vasitəsi ilə orada ağır vəziyyətdə yaşayan azərbaycanlı əhalinin ehtiyaclarının qarşılanması üçün ərzaq məhsulları və maddi vəsait göndərilmişdi. 

1920-ci il martın 30-da Sovet Rusiyası və Azərbaycan birgə komissiyasının iclasında ticarət müqaviləsi imzalanmışdı. Lakin Rusiya müqavilənin şərtlərinə əməl etmədi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə də neft sənayesi iqtisadiyyatın öncül sahəsi sayılırdı. Çünki bu zaman neft dünyanın ən önəmli hərəkətverici qüvvəsi idi. Odur ki, parlament və hökumət neft hasilatı və emalının vəziyyətini vaxtaşırı təhlil edir, dünya neft bazarını öyrənirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində sosial məsələlər xüsusi diqqət mərkəzində idi. Bu, təsdiq olunan qanunlarda, həyata keçirilən konkret tədbirlərdə özünü göstərirdi.

Dövlətin sosial siyasəti iki baxış üzərində qurulmuşdu. Birincisi, hər bir Azərbaycan vətəndaşının iqtisadi fəallıq göstərməsi və gəlir əldə etməsi üçün şərait yaratmaq, beləliklə, yoxsulluğu minimum həddə endirmək. İkincisi, cəmiyyət üzvlərinə elə bir gəlir əldə etməyə təminat yaradılsın ki, onlar bu gəlirlə özlərinin ictimai-zəruri ehtiyaclarını ödəyə bilsinlər. İnflyasiya ilə əlaqədar olaraq əhalinin müxtəlif təbəqələrinin maaşlarının artırılması məsələsi hökumətin sosial siyasətinin mühüm istiqamətini təşkil edirdi.

Qaçqınların maddi ehtiyaclarının ödənilməsi və yerləşdirilməsi, onlara tibbi xidmət göstərilməsinin təşkili və bununla bağlı başqa məsələlərə xüsusi diqqət göstərilirdi.

Yeni xəstəxanaların açılması, həkim və başqa tibb kadrlarının hazırlanması, yoluxucu xəstəliklərin qarşısının alınması, əhalinin dərman vasitələri ilə təminatı üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmışdı. 

1918-ci il oktyabrın 30-da Bakı ticarət limanı idarəsinin fəaliyyəti bərpa edildi. Ticarət gəmiləri ilə Bakı ilə Port-Petrovsk (Mahaçqala), Salyan, Lənkəran limanları arasında sərnişin və yük daşınması təşkil edildi. Hökumətin ciddi səyləri nəticəsində 1919-cu ildə Bakı-Batum neft kəməri də bərpa edilib istifadəyə verildi. 

1919-cu ilin avqust ayında ingilis qoşunları Azərbaycanı tərk etdikdən sonra Bakı limanı və ticarət donanması da Cümhuriyyət hökumətinin sərəncamına keçdi. Ölkənin ticarət gəmiləri Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı altında üzməyə başladılar.

Azərbaycan Xalq Cümhuriyyətinin qarşısına qoyduğu sosial-iqtisadi inkişaf proqramının tam həyata keçirilməsinə 1920-ci il aprel işğalı imkan vermədi.