Gerb
Hər bir gerb müəyyən ölkənin, dövlətin, millətin, şəhərin özünəməxsus milli adət-ənənələrini, dini və mifik görüşlərini, həmçinin tarixi, siyasi-ideoloji və mədəni baxışlarını müxtəlif simvollar vasitəsilə başqalarına – digər xalqlara, millətlərə, dövlətlərə çatdırmağa, bəyan etməyə xidmət edir.
Dövlət gerbinin layihəsi Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdı.
Belə ki, dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən
1919-cu ilin martın 23-də «Azərbaycan» qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat (Ən yaxşı gerb layihəsinə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş və bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilmişdi. Lakin təəssüf ki, həmin müsabiqə uğurla nəticələnmədi və müvafiq gerb layihəsi qəbul edilmədi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1920-ci il yanvarın 30-da «Azərbaycan Respublikasının gerbi və möhürünün, milli himninin və hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında» yenidən qərar qəbul etdi. Qərarın birinci bəndində hərbi ordenlərin yaradılması üçün müsabiqə elan edilməsi Hərbi Nazirliyə, ikinci bəndində isə milli himnin, dövlət gerbi və möhürünün layihələrinin hazırlanması ilə bağlı müsabiqə keçirilməsi isə Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Bu qərarı əsas tutan Xalq Maarif Nazirliyi 1920-ci ilin fevralın 19-da «Azərbaycan» qəzetində (19.02.1920, № 33) dövlət gerbi və möhürünün təsvirinin, eləcə də milli himninin mətninin layihələrinin hazırlanması barədə müsabiqə elan etmişdi. Layihələr Xalq Maarif Nazirliyinə təqdim edilməli, Milli İstiqlalın ikinci ildönümünədək (28.05.1920) təsdiq edilməli idi. Lakin təəssüf ki, 27 aprel 1920-ci il rus sovet istilası və milli dövlətimizin süqut etməsi bu ümummilli və dövlət əhəmiyyətli məsələləri həll etməyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə imkan vermədi.
Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etmişdir.
Qeyd: Gerblə bağlı daha geniş materiala saytımızın “E-Layihələr” linki vasitəsilə “Azərbaycan. Dövlət rəmzləri və atributları” resursunun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət gerbinin yaradılması təşəbbüsləri” bölməsində tanış olmaq olar.