Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Dil

Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Həmin qərar ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. 

Bu qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələrin başında duranlar dövlət dilini lazımi səviyyədə öyrənənədək, hökumət müəssisələrində rus dilinin də işlənməsinə yol verilirdi. Lakin bu real şərai

Azərbaycanda türk dilinin dövlət dili
elan olunması haqqında qərar

tdən doğan müvəqqəti tədbir olmuş və yalnız idarəçilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzərdə tutulmuşdu. 

Ana dilinin dövlət dili elan edilməsi ilə əlaqədar olaraq, təhsil müəssisələrinin milliləşdirilməsi qarşıda duran əsas məsələlərdən idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul etdi. Qərara görə, bütün ibtidai tədris müəssisələrində tədris ana dilində aparılır, eyni zamanda, dövlət dili icbari qaydada tədris olunurdu.

1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyəti hərbi naziri Səməd bəy əmri ilə Azərbaycan-türk dili orduda da dövlət dili qəbul edilmişdi. Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdi. 

Azərbaycan Parlamentinin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Dövlətin bu ali orqanında yazılı dillə şifahi nitq arasında ciddi fərq olmuşdur. Bəzi istisnalar nəzərə alınmazsa, sənədlərin, təkliflərin dili ümumi, bəlkə də, məcburi bir prinsipə əsaslanmış, şifahi nitqdə isə, bir qayda olaraq, sərbəstliyə imkan verilmişdir.

Qeyd: Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti ilə bağlı qəbul olunmuş qərarların mətnləri ilə saytımızın “E-Layihələr” linki vasitəsilə “Azərbaycan. Dövlət rəmzləri və atributları” resursunun “Dil” bölməsində tanış olmaq olar.