Respublika gününə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi (27 may 1994)
Əziz həmvətənlər, bacılar və qardaşlar!
Hörmətli xanımlar, cənablar!
Sizi Azərbaycanın Respublika günü, İstiqlal bayramı münasibətilə təbrik edirəm, sizə dözümlülük, nikbinlik, dövlətçiliyimizin möhkəmlənməsi yollarında dönməzlik və inam, Azərbaycanın işıqlı gələcəyi naminə xoşbəxtlik və səadət arzulayıram.
1918-ci il may ayının 28-də Azərbaycan torpağında ilk respublika – Azərbaycan Demokratik Respublikası yarandı. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. Xalqımız çox minillik tarixində dəfələrlə öz milli azadlığına nail olmuş, milli dövlətini yaratmış, lakin sonralar müxtəlif səbəblər üzündən bunlardan məhrum olmuşdur.
XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi uğrunda, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular. Birinci dünya müharibəsinin bitməsi ilə əlaqədar olaraq dünyada baş vermiş dəyişikliklər, sosialist inqilabı nəticəsində Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait meydana gətirdi. Belə bir şəraitdə Azərbaycanın demokratik qüvvələri, siyasi xadimləri 1918-ci il mayın 28-də ilk Azərbaycan Demokratik Respublikasını elan etdilər.
Həmin gün Azərbaycan xalqının tarixinə böyük və əlamətdar bir hadisə kimi daxil olub. Biz bu günü Respublika günü, Milli İstiqlal bayramı kimi qeyd edirik. Bu bayramı qeyd edərkən biz o zaman Azərbaycanın milli azadlığı, istiqlaliyyəti uğrunda, Azərbaycanda demokratik respublika yaranması uğrunda mübarizə aparanları, demokratik dövlətin təşkil olunmasında iştirak edənləri, onun rəhbərliyində fəaliyyət göstərənləri – Məmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Məmmədhəsən Hacınskini və başqalarını böyük minnətdarlıq hissi ilə yad edirik.
Onların parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında xidmətləri heç vaxt unudulmayacaqdır.
İlk Azərbaycan Demokratik Respublikası ağır və mürəkkəb şəraitdə fəaliyyət göstərirdi. Bir tərəfdən xarici qüvvələr, böyük dövlətlər Azərbaycanda müstəqil dövlətin yaranması ilə razılaşa bilməyərək cürbəcür vasitələrlə bu dövləti boğmağa çalışırdılar. Digər tərəfdən Rusiyada hakimiyyətə gəlmiş kommunist rejimi keçmiş Rusiya imperiyasının ərazisində öz hakimiyyətini tətbiq etmək istəyirdi. Azərbaycan üçün həmişə təhlükəli olan, torpaqlarımıza göz dikən erməni qəsbkarları, daşnaklar bu dövrdə Azərbaycana qarşı öz təcavüzkarlıq hərəkətlərini gücləndirmişdilər. Bunlarla yanaşı, Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti olduqca gərgin idi. Şübhəsiz ki, belə bir şəraitdə ilk demokratik respublikanın fəaliyyəti böyük çətinliklərlə üzləşirdi.
Ancaq bunlara baxmayaraq, həmin ağır şəraitdə Azərbaycan Demokratik Respublikası qısa bir müddətdə böyük işlər görmüş və Azərbaycanın gələcəkdə də müstəqil olması üçün mühüm zəmin yaratmışdır. Azərbaycan Respublikasının hüdudları müəyyən olunmuş, Azərbaycan dövlətçiliyinin atributları qəbul edilmişdi. Azərbaycanın gerbi və digər atributları, Azərbaycan dövlətinin bu gün bu salonda səslənən əzəmətli himni də məhz o vaxt, o şəraitdə yaranmışdır. Dövlətçilik sahəsində bir çox işlər görülmüş, Azərbaycan dilinin – ana dilinin tətbiq olunması, mədəniyyətimizin bir çox sahələrində, təhsil sahəsində tədbirlər görülməsi, iqtisadiyyat sahəsində müəyyən addımlar atılması ilk Azərbaycan Demokratik Respublikasının fəaliyyətini əks etdirən faktlardır.
Lakin vəziyyət həddindən artıq ağır və gərgin idi. Həm xaricdən olan təzyiqlər, eyni zamanda daxildəki çəkişmələr, – təsəvvür edin, qısa müddətdə, yəni iki ildən də az bir dövrdə Azərbaycan Demokratik Respublikasının hökumət tərkibi beş dəfə dəyişmişdir, – bunların hamısı demokratik respublikanı xırda-xırda tənəzzülə uğratdı və nəhayət, 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Respublikası süqut etdi.
Azərbaycan Demokratik Respublikasının başında duranlar respublika, dövlət yaratdılar və o vaxt həmin dövləti kommunistlərə təhvil verdilər. Kommunist rejimi dövründə Azərbaycan Sovet Sosialist Respublikası yarandı. Rusiya kommunist dövlətindən asılılığına baxmayaraq, Azərbaycan Sovet Respublikası müəyyən qədər müstəqil dövlət kimi fəaliyyət göstərdi. O, bir sıra müstəqil addımlar atdı, bir çox dövlətlərlə müqavilələr bağladı və Azərbaycanın müstəqilliyini müəyyən qədər qorudu.
1922-ci ilin dekabrında Sovet Sosialist Respublikaları İttifaqı yarandı. Azərbaycan Respublikası bu ittifaqa daxil oldu.
Beləliklə, Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Azərbaycan Respublikası, Azərbaycan xalqı yetmiş il kommunist rejimi şəraitində, sosialist dövlətinin tərkibində yaşamışdır. Həmin dövr Azərbaycan xalqının həyatında böyük bir tarixi dövrdür, onun doğru-düzgün qiyməti verilməlidir.
Bu dövrdə Azərbaycan xalqı kommunist rejimində, Ümumittifaq sosialist dövlətinin tərkibində olduğundan, şübhəsiz ki, müstəqilliyini itirmiş, ancaq dövlətçiliyini tam itirməmişdi. Azərbaycan Respublikasının dövlətçiliyinin bir çox atributları qalmış, yaşamışdı. Əsas cəhət budur ki, yetmiş il ərzində Azərbaycan xalqı böyük tarixi yol keçmiş, respublikanın iqtisadiyyatı yüksək sürətlə inkişaf etmiş, xalqımızın mədəni, təhsil səviyyəsi yüksəlmiş, Azərbaycanın elmi, mədəniyyəti, həyatının bütün sahələri inkişaf etmiş, respublikada böyük iqtisadi, sosial və mədəni-intellektual potensial yaranmışdır.
Azərbaycan xalqı həmin dövrdə mövcud şəraitə uyğunlaşsa da, eyni zamanda onun qəlbində tam müstəqillik, milli azadlıq hissləri yaşamışdır. Keçmişdə olduğu kimi, bu dövrdə də həmin hisslər xalqımızı heç vaxt tərk etməmişdir. Orta əsrlərdə Azərbaycan xalqı Nizami, Xaqani, Nəsimi, Füzuli kimi dahilər yetirmiş və onlar da azadlıq hissləri ilə yaşayıb-yaratmışlar. Sonrakı dövrlərdə, Azərbaycan çar Rusiyasının tərkibində, onun əsarəti altında olarkən də ölkənin mütəfəkkir adamları, qabaqcıl siyasi xadimləri, yazıçı və şairləri olmuşdur. Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Üzeyir Hacıbəyov kimi şəxsiyyətlərin yaradıcılığında da milli azadlıq hissləri öz əksini tapmışdır. Yəni siyasi rejimdən, kiminsə əsarəti altında yaşamasından asılı olmayaraq, xalqımız həmişə milli azadlığa, istiqlala can atmışdır.
Yetmiş illik sosialist rejimi dövründə də bu hisslər xalqın qəlbindən çıxmamışdır. Bəli, Nəriman Nərimanov da Azərbaycan xalqının müstəqilliyi uğrunda çalışmışdır. Cəfər Cabbarlı hələ 1918-20-ci illərdə böyük əsərlər yaradaraq, həm də sosialist sistemi dövründə onu tərənnüm edərək məhz Azərbaycanın milli azadlığı uğrunda çalışmış və xalqımızın azadlıq hisslərini ifadə etmişdir. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və o dövrdə yaşamış başqa sənətkarlar da öz əsərlərində xalqımızın milli azadlıq fikirlərini əks etdirmişlər. Səməd Vurğun, Rəsul Rza, Azərbaycanın ilk Elmlər Akademiyasının birinci prezidenti Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov da bu dövrdə yaşamış, Azərbaycan xalqına bu dövrdə xidmət göstərmişlər. Onlar öz əsərləri, elmi fəaliyyətləri ilə Azərbaycan xalqının elm və mədəniyyətinin yüksəlməsinə çalışmış və beləliklə də xalqı gələcəyə, milli azadlığa, müstəqilliyə doğru aparmışlar.
Nəhayət, 1991-ci ilin sonunda Sovetlər İttifaqında gedən proseslərin nəticəsində və İttifaqın dağılması ilə əlaqədar, dünyada cərəyan edən ictimai-siyasi proseslərin nəticəsində Azərbaycan Respublikası tam müstəqillik qazandı və iki il yarımdır ki, müstəqil dövlət kimi mövcuddur. Bu dövr də asan mərhələ deyildir. Ancaq bu dövrün ən əlamətdar cəhəti ondan ibarətdir ki, Azərbaycan Respublikası müstəqil dövlət kimi dünya dövlətləri tərəfindən tanınmış, Birləşmiş Millətlər Təşkilatına, ATƏM-ə daxil olmuşdur, bir çox digər beynəlxalq təşkilatların üzvüdür. Azərbaycan Respublikası sərbəst fəaliyyət göstərir və müstəqil dövlət kimi dünya birliyində tanınmışdır.
Bəzən bu dövrə nəzər salarkən 1918-1920-ci illərdə gedən prosesləri xatırlayır, həmin proseslərin bir-birinə çox bənzədiyini görürsən. O vaxt da bir çox xarici qüvvələr Azərbaycana təzyiq göstərirdi. O zaman da Ermənistan Azərbaycanın torpaqlarını ələ keçirmək üçün təcavüzə başlamışdı, Azərbaycan xalqı öz torpaqlarını erməni qəsbkarlarından müdafiə edirdi. Həmin dövrdə də Azərbaycanı parçalamaq istəyirdilər. Məlumdur ki, 1918-20-ci illərdə Azərbaycanın parçalanması üçün bir neçə addım atılmışdı və parçalanma vəziyyəti yaranmışdı. İndi də, müstəqillik əldə edildikdən sonra bunlar təkrar olunur. Müstəqil Azərbaycan dövləti bir çox xarici qüvvələr tərəfindən təzyiq altındadır. Altı ildir ki, Azərbaycan xalqı torpaqlarımızı zəbt etmək niyyətində olan Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır və öz ərazisini müdafiə edir.
Eyni zamanda bu müddətdə ölkəmizin daxilində gedən cürbəcür ictimai-siyasi proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə deyil, əksinə, zəifləməsinə xidmət etmişdir. Daxildəki bəzi ictimai-siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, çəkişmələri, bir-birinə qarşı ədavəti və düşmənçilik meylləri məhz 1918-20-ci illərdəki prosesləri yada salır. O zaman da Azərbaycan xalqı daxildə gedən və xalqa, onun müstəqilliyinə zidd olan proseslərdən çox şey itirmişdi, təəssüf ki, indi də itirir. O vaxt da Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən qüvvələr bundan istifadə etmişdi, indi də istifadə etməyə çalışırlar. Bir il əvvəl Azərbaycanda artıq vətəndaş müharibəsi baş vermişdi. Bu, hamının xatirindədir. Azərbaycan parçalanırdı. Bəzi regionlarda ayrı-ayrı hadisələr meydana çıxırdı. Xarici qüvvələrin, xüsusən bizim üçün ən qatı düşmən olan erməni millətçilərinin əli ilə Azərbaycanı parçalamağa çalışan qüvvələr fəaliyyət göstərirdi və Azərbaycanın başı üzərində belə böyük təhlükə yaranmışdı.
Allaha şükürlər olsun ki, bunların qarşısı alındı, Azərbaycanın parçalanmasına yol verilmədi. Ölkədə gedən ziddiyyətli ictimai-siyasi proseslər müəyyən qədər dayandırıldı, Azərbaycanda sabitlik yarandı. Lakin bu o demək deyil ki, həm xarici aləmdə mövqelərimiz, həm də daxili vəziyyətimiz bu gün Azərbaycanın müstəqilliyini təmin etmək üçün tam əlverişli şərait yaradır. Bir dəfə Azərbaycanın müstəqilliyi heç də o vaxt ölkəyə rəhbərlik edən şəxslərin günahı ucbatından deyil, həmin dövrdəki proseslərin nəticəsində əldən getmişdir. İndi yenə də Azərbaycanın müstəqilliyi çox təhlükə altındadır. Bunu hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı bilməli, dərk etməli və Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir.
Bütün çətinliklərə baxmayaraq, bu bayram günündə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının dövləti tutduğu yolla gedir. Dövlətçiliyin qurulması və inkişaf etməsi prosesləri davam edir. Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur. Biz bu yolla gedirik və gedəcəyik. Bizi bu yoldan heç kəs döndərə bilməyəcəkdir! Azərbaycanın daxilində demokratik cəmiyyət yaratmaq üçün, Azərbaycanı tam demokratik hüquqi dövlətə çevirmək üçün çox iş görmək lazımdır. Bu işlərin əsas prinsipləri elan edilmişdir. Yeni Azərbaycanda demokratiya prinsipləri bərqərar olmalı, hər yerdə insan azadlığı təmin edilməli, insan haqları qorunmalı, vicdan azadlığı, dil azadlığı təmin olunmalıdır. Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır.
Dövlət bundan sonra da bu hüquqları qoruyacaqdır. Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir vətəndaş özünü azad, sərbəst hiss etməlidir. Siyasi plüralizm yolu, söz azadlığı Azərbaycan dövlətinin demokratik prinsiplərinin və demokratik hüquqi cəmiyyət yaradılmasının əsas şərtlərindən biridir. Biz bu prinsiplərin hamısının həyata keçirilməsini təmin edəcəyik.
İndi Azərbaycanın iqtisadiyyatı ağır böhran içərisindədir. İnsanların həyat tərzi ağırdır. Bunların səbəbləri məlumdur. Ancaq əsas səbəblərdən biri istehsalın aşağı düşməsi, son illər iqtisadiyyatda gedən dağıdıcı proseslər və yeni iqtisadi sistemə keçiddəki çətinliklərdir. Ona görə də mən bir daha bəyan edirəm ki, Azərbaycanın iqtisadi həyatı bazar iqtisadiyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə gedəcəkdir. Sərbəst iqtisadiyyatı, bazar iqtisadiyyatını təmin etmək üçün iqtisadi islahatlar aparılmalıdır və bundan sonra da aparılacaqdır.
Məlumdur ki, əhalinin əksər hissəsi ağır maddi şəraitdə yaşayır. Əhalini bu vəziyyətdən çıxarmaq üçün lazımi tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Bu günlərdə fərmanlar elan olunacaqdır. Az maaş alanların əmək haqlarının artırılması, müəyyən imtiyazlar yaradılması, maliyyə sistemində baş vermiş inflyasiyanın qarşısının alınması və bir neçə digər belə tədbirlər hazırlanıb. Güman edirəm ki, bu tədbirlər iqtisadi vəziyyəti bir qədər tarazlaşdıracaq və əhalinin maddi vəziyyətini, həyat tərzini də müəyyən qədər yüngülləşdirəcəkdir. Ancaq bunların hamısının dərhal nəticə verəcəyini deyə bilmərəm. Biz ağır proseslər içərisində yaşayırıq. Bu proseslərdən doğru yol tapmaq, düz getmək üçün həm çox düşünülmüş, həm də cəsarətli hərəkət etməliyik. Biz belə də hərəkət edəcəyik.
Həyatımızın çətinliyinin əsas səbəbi respublikamızın müharibə şəraitində olmasıdır. Azərbaycan torpaqları altı ildir ki, Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Müharibə gedir. Torpaqlarımızın bir qismi işğal olunub. Həmin ərazilərimizdən bir milyondan artıq vətəndaşımız yerindən, yurdundan didərgin düşmüş və qaçqın vəziyyətində yaşayır. Bunlar hamısı həyatımızın reallığıdır, mövcud vəziyyətdir. Eyni zamanda bunlar hamısı həm iqtisadiyyat sahəsində, həm də dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində çətinliklər yaradır. Bu baxımdan mən Azərbaycanın müharibədən çıxması və xarici siyasəti haqqında fikirlərimi bir daha bildirmək istəyirəm.
Azərbaycan müstəqil dövlət kimi bütün dövlətlərlə bərabər hüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr saxlayır və bu əlaqələri inkişaf etdirir. Bildiyiniz kimi, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir çox dövlətlərlə diplomatik əlaqələr qurmuşdur. Sizə məlumdur ki, son vaxtlar Azərbaycan xarici siyasət sahəsində bir çox gərəkli, uğurlu addımlar atmışdır. Dünyanın böyük dövlətləri ilə əlaqələrimiz daha da sıxlaşıb, daha da möhkəmlənib. Biz həm Birləşmiş Millətlər Təşkilatının tərkibində, həm ATƏM-in tərkibində, həm də Müstəqil Dövlətlər Birliyinin tərkibində fəaliyyət göstəririk, bütün bu dövlətlərlə beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstəririk. Dünya dövlətləri ilə qurulan ikitərəfli əlaqələr eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bunların hamısı bir tərəfdən Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ikinci bir tərəfdən isə Azərbaycanı müharibə vəziyyətindən çıxarmaq məqsədi daşıyır. Baxmayaraq ki, torpaqlarımızın bir qismi işğal olunub, bir milyon əhali qaçqın düşüb, işğal edilmiş torpaqlarda erməni silahlı qüvvələri Azərbaycan xalqının yaratdığı iqtisadi, mədəni potensialı dağıtmaqdadır – bunların hamısına baxmayaraq, biz yenə də sülhsevər siyasət yürüdürük. Biz bütün dövlətlərlə sülhsevər siyasət əsasında əlaqə qururuq. Ermənistanla əlaqələrimizi də sülh əsasında qurub müharibəyə son qoymağa çalışırıq.
Əsas şərt odur ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalı, sərhədlərinin toxunulmazlığı təmin olunmalı, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlarımızdan çıxmalı və onu tərk etməlidir. Didərgin düşmüş qaçqınların hamısı öz yerlərinə qayıtmalıdır. Biz bu prinsiplər əsasında beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstəririk, böyük dövlətlərlə əlaqə saxlayırıq. O cümlədən, burada vasitəçilik fəaliyyəti göstərməyə çalışan Rusiya dövləti ilə də sıx əlaqə saxlayırıq. Ancaq məlum olmalıdır ki, bizim əsas prinsiplərimiz indicə dediyim prinsiplərdir. Müharibəyə son qoyulması, torpaqlarımızın geriyə qaytarılması, ərazi bütövlüyümüzün təmin olunması prinsipləri əsasında, sülh yolu ilə, danışıqlar yolu ilə irəliləmək istəyirik. Bizim məqsədimiz də, yolumuz da budur.
Beynəlxalq təşkilatlar və xüsusən ATƏM, onun tərkibində olan Minsk qrupu bizim bu hərəkət xəttimizi, siyasətimizi bəyənir və biz bu sahədə müştərək fəaliyyət göstəririk, bundan sonra da belə fəaliyyət göstərəcəyik. Ancaq bununla yanaşı, biz Azərbaycanın hərbi qüdrətini möhkəmləndiririk və möhkəmləndirməliyik, Azərbaycanın ordusu yaranmaqdadır. Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir. Müstəqillik əldə olunandan sonra ordu quruculuğunda təəssüf ki, çox böyük səhvlər buraxılmış, lazımi ordu yaradılmamış və bunlar da Ermənistanla müharibədə məğlubiyyətlərin əsas səbəbidir.
Bildiyiniz kimi, son vaxtlar ordu yaranır, güclənir. Son aylardakı döyüşlərdə erməni silahlı qüvvələrinin hücumları Azərbaycan Ordusunun qüvvələri tərəfindən çox qətiyyətlə dəf edilmiş, mövqelərimiz müdafiə olunmuşdur. Ordumuz Azərbaycan torpaqlarının müdafiəsi keşiyində indi də durur. Ordunun yaradılması və möhkəmləndirilməsi həm indi torpaqlarımızı müdafiə etmək üçün, həm də sülh yaranarsa, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün əsas şərtlərdən biridir və biz bunu təmin etməyə çalışırıq.
Beləliklə, Azərbaycan Respublikası müstəqil dövlət kimi qısa bir müddətdə – təxminən iki il yarımdır ki, Azərbaycan öz müstəqilliyini əldə edib – çox işlər görüb. Eyni zamanda hələ istənilən səviyyəyə gəlib çatmayıb. Respublikamız ağır vəziyyətdədir. Mən bunu etiraf edirəm. Bu ağır vəziyyətdən hamımız birlikdə çıxmalıyıq.
Bu ağır vəziyyətdən çıxmaq üçün 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının fəaliyyətində olmuş proseslərdən hamımız ibrət dərsi götürməliyik. Hamımız. Çünki o, bizim üçün çox əyani bir ibrət dərsidir və biz bunu mütləq etməliyik. Azərbaycan müstəqilliyini təmin etmək üçün gərək öz daxili imkanlarını möhkəmləndirsin. Gərək Azərbaycan xalqı daha da sıx birləşsin, Azərbaycan xalqının vətənpərvərlik hissi yüksəlsin. Vətənini müdafiə etmək, Vətən yolunda şəhid olmaq, Vətən naminə özünü fəda etmək duyğuları, hissləri indi bütün Azərbaycanda hökm sürməlidir.
Mən bu gün, bu bayram günü qeyd etmək istəyirəm ki, son illərdə, bu ağır dövrdə Azərbaycanın qəhrəman, cəsur övladları torpaqlarımızı çox vaxt məharətlə müdafiə etmiş, düşmənə zərbələr vurmuşlar. Bu dövrdə Azərbaycan xalqı çoxlu şəhidlər vermişdir. Son günlərədək, atəş dayanana qədər hər gün qanlı döyüşlər gedirdi. Azərbaycan oğulları hər gün şəhid olurdu. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yüksəlmişdir və daha da canlanacaqdır. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda özlərini qurban vermiş. şəhidlərin xatirəsini bu bayram günündə bir dəqiqəlik sükutla yad etməyi xahiş edirəm. Allah bütün şəhidlərə rəhmət etsin.
Bu bayram günündə bütün Azərbaycan xalqı adından bəyan edirəm ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqlar. Onların qəhrəmanlığı, şəhidliyi Azərbaycan Ordusunun əsgərləri üçün, gənclərimiz üçün böyük örnək olacaqdır. Hər bir Azərbaycan əsgəri, hər bir Azərbaycan gənci torpaqlarımızı müdafiə etmək üçün şəhidlərin nümunəsini daim göz önündə saxlayacaqdır.
Bildiyiniz kimi, mayın 10-dan atəş kəsilmişdir, sülh danışıqları gedir. Biz bu danışıqları respublikanın mənafeyini müdafiə etmək prinsipləri əsasında aparırıq və bundan sonra da aparacağıq. Ancaq eyni zamanda Azərbaycan xalqı, Azərbaycan ordusu torpaqlarımızı müdafiə etmək üçün həmişə sayıq olmalı, hazır olmalıdır. Biz müharibə istəmirik, heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı, müstəqil Azərbaycan dövlətini müdafiə edirik. Ona görə də apardığımız müharibə ancaq müdafiə xarakteri daşıyır və tam ədalətlidir. Belə ədalətli müharibəyə Azərbaycan xalqı, Azərbaycan Ordusu həmişə hazır olmalıdır.
Ordumuzda xidmət edən əsgər və zabitlərə bu gün bayram təbriki göndərirəm. İndi cəbhədə Azərbaycan torpaqlarının keşiyində duran ordumuzun əsgər və zabitlərini bu böyük bayram münasibətilə ürəkdən təbrik edirəm.
Ordumuzla yanaşı, cəbhə boyunda ağır şəraitdə yaşayan vətəndaşlarımız da torpaqlarımızı müdafiə edirlər. Bu bayram günündə onları xüsusi təbrik edir, hamısına dözüm, bir daha cəsarət və qəhrəmanlıq arzulayıram.
İşğal olunmuş torpaqlarımızdan didərgin düşmüş qaçqınlarımız, sizə üzümü tuturam. Sizin nə qədər ağır vəziyyətdə yaşadığınızı bilirik. Sizin yaşayışınız üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Sizin dözümünüz, dəyanətiniz bütün Azərbaycan xalqı üçün nümunədir. Əziz həmvətənlər, bayram münasibətilə sizi təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, öz evinizə, obanıza qayıdacaq və doğma yurdunuzun sahibi olacaqsınız.
Bu bayram günündə şəhid ailələrinə üzümü tuturam. Onların dərd-qəmi bütün xalqın dərd-qəmidir, bizim dərd-qəmimizdir. Əziz həmvətənlər, bayram münasibətilə sizi təbrik edirəm. Biz sizinlə həmişə birik və bir olacağıq. Sizin şəhid olmuş övladlarınız, qardaşlarınız, atalarınız Vətən yolunda, Azərbaycanın müstəqilliyi yolunda canlarından keçmişlər. Onlar özlərinə əbədi abidə qoymuşlar.
Azərbaycanın hüdudlarından kənarda da soydaşlarımız yaşayır. Uzaqda olsalar da, onların əksəriyyəti qəlbən bizimlə, ana Vətənlə, doğma torpaqladır, Azərbaycanladır. Vətəndən kənarda yaşayan bütün soydaşlarımıza bu bayram günündə Azərbaycan Respublikası adından bayram salamı göndərir, onları təbrik edir və bundan sonra da vətənpərvərlik hissləri ilə yaşamalarını arzu edirəm.
Bir də qeyd etmək istəyirəm ki, Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün çox iş görülməlidir. Bundan ötrü isə Azərbaycanın daxilində ictimai-siyasi sabitlik, bütün qüvvələrin, bütün təbəqələrin, bütün vətəndaşların milli birliyi, həmrəyliyi lazımdır.
Güman edirəm ki, bu gün, bu bayramı qeyd edərkən, ilk Azərbaycan Demokratik Respublikasının yaranmasına və fəaliyyətinə hörmət və ehtiramımızı bildirərkən bir daha və bir daha o dövrü təhlil etməli, o dövrün nailiyyətlərindən istifadə etməli, bəhrələnməli, o zaman buraxılan səhvlərə yol verməməliyik. O dövrdə Azərbaycan Demokratik Respublikasını zəiflədən amillərin indi də mövcud olduğunu görərək, mütləq onları aradan qaldırmalıyıq.
Ona görə də bu bayram günündə bütün Azərbaycan vətəndaşlarına üzümü tutaraq bir daha deyirəm: indi Azərbaycanın müstəqilliyi xalqımızın öz əlindədir. Bu gün bir daha bəyan etməliyik ki, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir və bu yolda hamımız əl-ələ verərək çalışmalıyıq.
Azərbaycanın müstəqilliyi, müstəqil dövlətimizin geniş fəaliyyəti torpaqlarımızın azad edilməsi ilə bağlıdır. Ona görə də qarşımızda duran əsas vəzifə Azərbaycanı erməni təcavüzündən xilas etmək, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etməkdir. Bu yolda hamı həmrəy, bir olmalı, bütün ədavətlər bir kənara qoyulmalıdır, bu yolda hamımız Vətənin sıravi əsgəri olmalıyıq. Hamını bu yola dəvət edir və ümidvar olmaq istədiyimi bildirirəm ki, Azərbaycanın bütün vətənpərvər adamları məhz bu yolla gedəcəklər.
Əziz həmvətənlər, bu böyük bayram münasibətilə Sizi bir daha təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, işıqlı gün uzaqda deyil, Azərbaycan bu qaranlıqdan, bu bəladan çıxacaq, xalqımız daha da ucalacaq və müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaqdır. Sağ olun.