28 May – Respublika günü münasibətilə Azərbaycan xalqına Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müraciəti (27 may 1999)
Əziz həmvətənlər, bacılar və qardaşlar, dostlar!
Sizi Türkiyədən – Antalyadan səmimi-qəlbdən salamlayıram. Sizi, Azərbaycanın bütün vətəndaşlarını istiqlaliyyət günü, Respublika günü – 28 May günü münasibətilə ürəkdən təbrik edirəm.
Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı.
Ancaq 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu gün müstəqil Azərbaycanda 1918-ci ildə xalq cümhuriyyətini yaradanları, təşkil edənləri – Məmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, xalq cümhuriyyəti hökumətinin bütün üzvlərini böyük minnətdarlıq hissi ilə xatırlayırıq. Onların gördüyü işlər, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Ondan sonrakı dövrdə Azərbaycan Sovetlər İttifaqının tərkibində respublika olaraq yaşadı, inkişaf etdi. O dövrdə Azərbaycan böyük inkişaf yolu keçdi. Azərbaycanın elminin, mədəniyyətinin, iqtisadiyyatının, həyatının bütün sahələrinin inkişafında xidmətlər göstərmiş soydaşlarımızı bu gün məmnuniyyət hissi ilə xatırlayırıq.
1991-ci ilin sonunda Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi. Səkkizinci ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır. Azərbaycanın dövlət müstəqilliyi gündən-günə möhkəmlənir, inkişaf edir və dönməz olmuşdur. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesi gedir. Biz ötən illərdə müstəqil Azərbaycanın bütün sahələrdə inkişaf etməsi üçün xeyli işlər görmüşük və böyük nailiyyətlər əldə etmişik.
Azərbaycan demokratiya yolu ilə gedir, Azərbaycan öz dövlətçiliyini inkişaf etdirir. Azərbaycan dövlətinin, hakimiyyətinin bütün qanadları yaranıbdır və fəaliyyət göstərir. Azərbaycan müstəqil dövlət kimi ilk Konstitusiyasını qəbul etdi. Azərbaycanda iqtisadi, siyasi islahatlar gedir.
Bu dövrdə bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanı siyasi və iqtisadi böhrandan çıxara bildik. 1993-cü ildən etibarən Azərbaycanda daxili ictimai-siyasi sabitliyi möhkəmləndirməyə başladıq. Vətəndaş müharibəsinin qarşısını aldıq, Azərbaycan parçalanmaq təhlükəsindən qurtardı. Azərbaycanın daxilində müxtəlif qanunsuz dəstələr, qruplar ləğv olunubdur. Azərbaycanın hakimiyyəti möhkəmlənib və indi Azərbaycanda tam ictimai-siyasi sabitlik əldə olunubdur. Bu, Azərbaycan dövlətinin ən böyük nailiyyətidir.
Azərbaycanın iqtisadiyyatı böhrandan çıxaraq inkişaf yoluna düşmüşdür. Son üç ildə Azərbaycanın iqtisadiyyatı ardıcıl surətdə inkişaf edir. Qeyd etdim ki, Azərbaycanda iqtisadi islahatlar keçirilir, torpaq islahatı həyata keçirilir, özəlləşdirmə proqramı həyata keçirilir. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir.
Azərbaycan dünyanın bir çox ölkələri ilə çox önəmli iqtisadi əlaqələr qurubdur. Bunların nəticəsində indi Azərbaycana xarici ölkələrin sərmayələri gəlir. Bu baxımdan 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın bir çox böyük şirkətləri arasında imzalanmış birinci neft müqaviləsi – «Əsrin müqaviləsi» Azərbaycan iqtisadiyyatının inkişafına böyük yol açdı. Azərbaycan Dövlət Neft Şirkəti son günlərdə Vaşinqtonda artıq indi 19-cu müqaviləni imzaladı. Bu müqavilələr Azərbaycanın gələcəyi üçündür, gələcək nəsillər üçündür.
Böyük məmnuniyyət hissi ilə deyirəm ki, 1994-cü ildə imzalanmış müqavilə artıq öz bəhrələrini verir. 1997-ci ildə biz «Çıraq» neft yatağından ilkin neft aldıq və yaratdığımız neft kəməri – Bakı–Novorossiysk kəməri vasitəsilə xarici bazarlara çıxarırıq. İkinci neft kəmərini də tikdik, başa çatdırdıq. Aprel ayının 17-də Bakı–Supsa neft kəmərini işə saldıq. Beləliklə, Azərbaycan həm xarici şirkətlərlə müştərək iş görərək neft hasil edir, həm də onu dünya bazarına çıxarır.
İndi bizim qarşımızda duran başlıca vəzifə Azərbaycanın böyük neftini ixrac etmək üçün əsas neft kəmərini yaratmaqdır. Bu da Bakı–Ceyhan neft kəməridir. Keçən il oktyabr ayının 29-da, Türkiyə Cümhuriyyətinin 75 illik yubileyi zamanı Bakı–Ceyhan neft kəmərinin tikilməsi üçün Ankarada bəyannamə imzaladıq. Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri bu bəyannaməni imzaladılar və bunun əsasında indi Bakı–Ceyhan neft kəmərinin tikilməsi üçün hazırlıq işləri görülür.
Azərbaycana xarici sərmayə gəlir. Bu günlərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, yəni ilk konsorsiuma daxil olan şirkətlər tərəfindən Azərbaycana 2 milyard dollardan artıq sərmayə qoyulması elan edildi. Biz Azərbaycan iqtisadiyyatının başqa sahələrində də xarici ölkələrlə sıx əməkdaşlıq edirik və bu sahələrə də xarici sərmayə gəlir. Bunlar hamısı Azərbaycanda iqtisadiyyatın inkişafına çox böyük imkanlar yaradıbdır və gələcək üçün çox böyük əsas qoyubdur. Bunlar hamısı Azərbaycan xalqının həyat tərzinin, güzəranının, rifah halının yaxşılaşması üçündür. Məmnuniyyətlə qeyd edə bilərəm ki, son illərdə vətəndaşlarımızın rifah halı az da olsa yaxşılaşır. Amma gələcəkdə daha da yaxşı olacaqdır.
Azərbaycanın ən böyük problemi Ermənistan - Azərbaycan münaqişəsidir. Beş il bundan öncə biz Ermənistan - Azərbaycan münaqişəsində atəşkəs rejimində yaşayırıq. Şübhəsiz ki, bu, döyüşlərdən, müharibədən, davadan yaxşıdır. Ancaq eyni zamanda bu, bizi tam təmin etmir. Biz atəşkəs haqqında saziş imzalamışıq ki, bu müddətdə Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasını təmin edək.
Ötən illərdə biz bu sahədə çox işlər görmüşük və hesab edirəm ki, müəyyən qədər irəliləmişik. Bilirsiniz ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Biz Minsk qrupunun başçıları ilə daim əlaqə saxlayırıq, daim görüşlər keçiririk. Bilirsiniz ki, son vaxtlarda Ermənistanın prezidenti ilə də mənim bir neçə görüşlərim olmuşdur. Bunlar hamısı Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün edilir. Güman edirəm ki, görülən işlər əsasında biz bu münaqişənin ləğv edilməsinə nail olacağıq.
Bizim məqsədimiz Azərbaycanın işğal olunmuş torpaqlarının erməni silahlı qüvvələrindən təmizlənməsi, azad edilməsidir. Bizim məqsədimiz yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın öz evinə, obasına qayıtmasıdır. Bizim məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün tamamilə təmin olunmasıdır. Mən inanıram, inanıram ki, biz buna nail olacağıq.
Bizi sıxan, çox narahat edən yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızın ağır vəziyyətdə, çətin şəraitdə yaşamasıdır, çadırlarda yaşamasıdır. Biz hər gün, hər dəqiqə bunu düşünürük və bununla məşğul oluruq. Çadırlarda yaşayan soydaşlarımıza son vaxtlar müəyyən yardımlar edilibdir və bundan sonra da ediləcəkdir. Onların şəraitinin müəyyən qədər yaxşılaşdırılması üçün tədbirlər görülübdür, bundan sonra da görüləcəkdir. Mən əminəm, əminəm ki, gördüyümüz işlər bizim məqsədimizə nail olmağa imkan verəcəkdir və sevimli soydaşlarımız çadırlardan çıxıb öz evlərinə, elinə, obasına qayıdacaqlar.
Azərbaycan müstəqil dövlət olaraq uğurlu xarici siyasət aparır və biz dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əlaqələr qurur və inkişaf etdiririk. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, bu əlaqələr də öz bəhrəsini verir. Azərbaycan artıq dünya birliyində öz yerini tutubdur. Azərbaycanın dünya birliyində artıq öz ismi var. Azərbaycan bütün beynəlxalq təşkilatlarda təmsil olunubdur. Azərbaycan beynəlxalq təşkilatlarla – Müstəqil Dövlətlər Birliyi ilə, Avropa Birliyi ilə, Avropa Şurası ilə, Birləşmiş Millətlər Təşkilatı ilə və başqa beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Biz bunu çox əhəmiyyətli hesab edirik və bunun Azərbaycana olan faydalarını açıqca görürük.
Bildiyiniz kimi, aprel ayının 22-dən mən Amerika Birləşmiş Ştatlarında, Vaşinqtonda səfərdə olmuşam. Səfərin də məqsədi NATO-nun 50 illik yubileyində iştirak etmək idi. Azərbaycan oraya dəvət edilmişdi. NATO-nun 50 illik yubileyində, o mərasimlərdə, tədbirlərin hamısında mən iştirak etdim, Azərbaycan nümayəndə heyəti iştirak etdi. NATO-nun zirvə görüşündə Azərbaycan öz sözünü, fikirlərini bildirdi.
Amerika Birləşmiş Ştatlarında olarkən biz başqa çox işlər də gördük. Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla, dövlət katibi, xarici işlər naziri xanım Olbraytla, Amerikanın konqresmenləri, senatorları ilə çox səmərəli görüşlərimiz, danışıqlarımız oldu. Bunların hamısı Azərbaycan üçün çox faydalıdır. Bu günlərdə görülən işlər bir daha onu göstərdi ki, Amerika - Azərbaycan əlaqələri sürətlə inkişaf edir.
Amerikada görülən işlərdən biri də odur ki, senator Braunbekin təşəbbüsü ilə, qədim İpək yolunun bərpası ilə əlaqədar onun Konqresə hazırladığı qanun layihəsi müzakirə olundu. Bu müzakirədə Qafqaz və Mərkəzi Asiya ölkələrinin prezidentləri, Amerikanın senatorları, konqresmenləri iştirak etdilər. Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Stenli Berger iştirak etdi və nitq söylədi, Amerikanın keçmiş dövlət katibi Beyker nitq söylədi, milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçi Bjezinski nitq söylədi. Bunlar hamısı İpək yolu haqqında Senata, Konqresə hazırlanan qanun layihəsinə daha da güc verdi. Biz böyük ümidlər bəsləyirik ki, bu qanun Amerikanın Konqresində qəbul olunacaq, bu da 907-ci maddənin gücdən salınmasına imkan verəcəkdir. Bilirsiniz ki, 1992-ci ildən tətbiq olunmuş ədalətsiz 907-ci maddə Amerika – Azərbaycan əlaqələrinin inkişaf etməsinə və xüsusən Amerikanın Azərbaycana birbaşa yardımına maneçilik törədir. Güman edirəm ki, qəbul olunacaq qanun bunlara da çarə qılacaqdır və biz əlaqələri inkişaf etdirmək üçün daha da böyük imkanlar əldə edəcəyik.
Amerika Birləşmiş Ştatlarında olduğum zaman mən bir daha hiss etdim ki, ABŞ - Azərbaycan əlaqələri sürətlə inkişaf edir. Biz bundan çox məmnunuq.
Bildiyiniz kimi, mən Amerikada xəstəxanaya getməli oldum. Mənə qəlb cərrahiyyə əməliyyatı keçirildi. Bu zaman – həm əməliyyat keçirilməzdən öncə, həm də əməliyyat keçiriləndən sonra xəstəxanada olduğum zaman Amerika hökumətinin, Amerika prezidenti cənab Bill Klintonun, dövlət katibi xanım Olbraytın, hökumət üzvlərinin, konqresmenlərin, senatorların mənə böyük diqqətini və qayğısını gördük. Bunlar hamısı məni çox ruhlandırdı, müalicə olunmağıma çox kömək etdi. Eyni zamanda bunlar hamısı Amerika Birləşmiş Ştatlarının Azərbaycana göstərdiyi qayğının təzahürüdür. Mən bunu belə hesab edirəm. Bu gün, bayram günümüzdə Amerikanın prezidenti cənab Bill Klintondan müstəqillik günü münasibətilə aldığım təbrik məktubu ilə əlaqədar mən Amerika Birləşmiş Ştatlarının hökumətinə, prezident cənab Bill Klintona hədsiz minnətdarlığımızı bildirirəm.
Bilirsiniz ki, Azərbaycanın xarici ölkələrlə əlaqələrində Türkiyə xüsusi yer tutur. Türkiyə Cümhuriyyəti Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkədir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə – Azərbaycan əlaqələri ilbəil inkişaf edir və indi çox yüksək zirvəyə qalxmışdır. Bu, Azərbaycan üçün çox əhəmiyyətlidir. Türk xalqı ilə Azərbaycan xalqı arasında qədim tarixi əlaqələr, dostluq əlaqələri bir kökdən olan xalqların əlaqələridir. Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra bu əlaqələr sürətlə inkişaf edir.
Bu əlaqələrin də çox gözəl təzahürü mən yanvar ayında Türkiyədə müalicə edildiyim zaman və Amerikada cərrahiyyə əməliyyatı keçirdiyim zaman Türkiyə Cümhuriyyətinin və Azərbaycan xalqının böyük dostu, əziz dostum və qardaşım, hörmətli Süleyman Dəmirəlin mənə göstərdiyi daimi diqqət və qayğıdır. Bu, Azərbaycan xalqına göstərilən diqqət və qayğıdır. Eyni zamanda bu, Türkiyə - Azərbaycan dostluğunun nə qədər yüksək səviyyədə olduğunu göstərir. Mən Amerikada xəstəxanada olarkən hörmətli cənab Süleyman Dəmirəl daim bizimlə əlaqə saxlayıbdır, mənim müalicəmə nəzarət edib, qayğı göstəribdir. Ondan sonra da məni Türkiyəyə dəvət edibdir.
Bildiyiniz kimi, Türkiyədə beş gündən artıq Ankarada oldum. Orada hörmətli cənab prezident Süleyman Dəmirəllə çox səmərəli görüşlərimiz, danışıqlarımız oldu. Biz Türkiyə - Azərbaycan əlaqələri, Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi haqqında, bütün başqa məsələlər haqqında çox ətraflı söhbət elədik, müzakirələr apardıq. Hörmətli Süleyman Dəmirəl çox dəyərli məsləhətlər verdi.
Bildiyiniz kimi, Ankarada olduğum zaman Türkiyə Cümhuriyyətinin Baş naziri cənab Bülənd Ecevitlə, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin sədri cənab Yıldırım Akbulutla görüşlərimiz, danışıqlarımız oldu. Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının rəisi hörmətli Hüseyn Kıvrıkoğlu ilə çox əhəmiyyətli görüşlərimiz, danışıqlarımız oldu. Ana Vətən Partiyasının başçısı hörmətli Məsud Yılmazla görüşüm, danışığım oldu. Başqa hökumət adamları ilə görüşdük, danışdıq. Yəni bu günlər Türkiyə - Azərbaycan əlaqələri üçün çox səmərəli oldu.
İndi isə, bilirsiniz ki, mən Antalyadayam. Buraya da əziz dostum, qardaşım hörmətli Süleyman Dəmirəlin dəvəti ilə gəlmişəm. Müalicədən sonra burada müəyyən qədər istirahət edirəm. Ona görə də mən bu gün sizdən müəyyən qədər ayrıyam. Amma qəlbim sizinlədir, qəlbim Azərbaycandadır. Mənim nəbzim Azərbaycanın nəbzi ilə döyünür. Burada, Antalyada, Türkiyədə mənə böyük qayğı göstərilir və bu qayğının nəticəsində istirahətimi başa çatdırıb Azərbaycana dönəcəyəm.
Bu bayram günü mən Türkiyə - Azərbaycan əlaqələrinin inkişaf etməsində Türkiyə Cümhuriyyətinin, hökumətinin xidmətlərini xüsusi qeyd edirəm, Türkiyənin prezidenti hörmətli cənab Süleyman Dəmirəlin xidmətlərini xüsusi qeyd edirəm. Azərbaycana göstərdikləri diqqət və qayğıya görə, şəxsən mənə göstərdikləri diqqət və qayğıya görə hədsiz təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Əziz dostlar, əziz bacılar, qardaşlar! Bu gün, bu bayram günü mən sizi Antalyadan salamlayıram. Azərbaycanın bütün vətəndaşlarına bayram salamımı göndərirəm. Azərbaycanda şəhid ailələrinə, Qarabağ döyüşlərində xəsarət alanlara, Qarabağ döyüşlərinin, müharibəsinin veteranlarına səmimi salamlarımı göndərirəm. Çadırlarda yaşayan, yerindən-yurdundan didərgin düşmüş, mənim üçün çox əziz olan soydaşlarımıza, vətəndaşlarımıza, hər bir çadıra, yerindən–yurdundan didərgin düşmüş insanların yaşadığı hər bir yerə bayram salamımı göndərirəm.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ötən illər Azərbaycanın Silahlı Qüvvələri, milli ordusu yaranıb və inkişaf edibdir. Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycanın milli ordusu bu gün Azərbaycanı hər bir hadisədən qorumağa qadirdir, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin keşiyində durubdur. Azərbaycanın əsgərləri, zabitləri cəbhədədirlər, onlar ermənilərlə üz-üzə durublar, Azərbaycanın torpaqlarını qoruyurlar, Azərbaycanın dövlətçiliyinin keşiyindədirlər. Mən onlara – səngərlərə, cəbhəyə, Azərbaycan əsgərlərinə, Azərbaycan zabitlərinə, milli ordunun bütün şəxsi heyətinə xüsusi bayram salamı göndərirəm.
Hamınızı salamlayıram, hamınızı qucaqlayıram, bağrıma basıram. Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm. Sizi əmin edirəm ki, Azərbaycanın dövlətçiliyi, müstəqilliyi, Azərbaycanın gələcək inkişafı yolunda bundan sonra da çalışacağam, əlimdən gələni edəcəyəm. Mən inanıram ki, biz ilbəil inkişaf edəcəyik, irəliyə gedəcəyik. Azərbaycan xalqının xoşbəxt gələcəyi var və biz hamımız birlikdə bu gələcəyə qovuşacağıq. Mən buna inanıram, əmin ola bilərsiniz.
Mən sizi bir daha salamlayır, bir daha təbrik edirəm. Sizin hər birinizə cansağlığı, səadət, işlərinizdə uğurlar arzulayıram. Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. Sağ olun, bayramınız mübarək olsun!