Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Xalqımız həmin tarixi ən əziz bayramlarından biri - Respublika günü kimi təntənə ilə qeyd edir. Azərbaycanda müstəqil, azad, demokratik respublika qurmaq məqsədini öz qarşısına qoymuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir. 

Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər xalqımızın tarixində dərin iz buraxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, onun aşılamış olduğu müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir. 

Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmışdır. 

Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutduğunu nəzərə alaraq, onun adının əbədiləşdirilməsi məqsədi ilə qərara alıram: 

1. Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılsın. 
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinə abidənin layihələşdirilməsi və ucaldılmasını Cümhuriyyətin 85 illik yubiley ili olan 2003-cü ilin sonuna qədər təmin etsinlər. 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

  • Azərbaycan Xalq Cümhuriyyətinə abidənin layihələşdirilməsinin və ucaldılmasının maliyyələşdirilməsi məsələsini həll etsin;
  • bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 1 fevral 2003-cü il
№ 1138