Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 1998-ci il tarixli, 731 saylı Sərəncamı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi ilə bağlı Dövlət Komissiyası yaradılmış, 22 fevral 1998-ci il tarixli, 750 saylı Sərəncamı ilə həmin komissiyanın tədbirlər planı təsdiq edilmişdir.

Ötən dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı respublikada çoxsaylı elmi konfranslar, seminarlar keçirilmiş, tədris müəssisələrində xüsusi məşğələlər təşkil edilmişdir. Arxiv materialları öyrənilərək Cümhuriyyətin tarixinə dair dəyərli əsərlər yaradılmış və nəşr olunmuşdur.

Respublikada müxtəlif ümumxalq tədbirləri keçirilərək Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, onun müstəqil və demokratik dövlət quruculuğu ilə bağlı gördüyü işlər əhali arasında hərtərəfli açıqlanmış və təbliğ olunmuşdur.

Bu müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi münasibəti ilə respublikanın sosial-iqtisadi və mədəni həyatında geniş quruculuq və abadlıq işləri aparılmış, Cümhuriyyətin görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilmişdir. Azərbaycanda və xarici ölkələrdə bir çox əhəmiyyətli ictimai-siyasi və mədəni tədbirlər həyata keçirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə müstəsna rolunu və xalqımızın milli azadlıq hərəkatında mühüm əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. 1998-ci il mayın 27-də Respublika sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli ümumrespublika mərasimi keçirilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV

Bakı şəhəri, 24 may 1998-ci il
№ 812