Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 80 illiyi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı

1998-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin işə başlanmasının 80 illiyi tamam olmuşdur. Bu, Azərbaycan xalqının dövlətçilik tarixində əlamətdar bir hadisədir. Bundan bir qədər əvvəl, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab Heydər Əliyevin 1998-ci il 30 yanvar tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi ölkəmizdə təntənəli surətdə qeyd edilmişdir.

«İstiqlal Bəyannaməsi» ilə öz müstəqilliyini bütün dünyaya elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti Şərq və müsəlman aləmində xalq hakimiyyəti və insanların bərabərliyi ideyalarına əsaslanan ilk respublika, onun Parlamenti isə dünyanın sivil ölkələrinə xas demokratik prinsiplərə söykənən ilk nümayəndəli qanunvericilik orqanı idi.

1918-20-ci illər Azərbaycan xalqının siyasi və dövlətçilik şüurunun təşəkkül tapdığı, milli mənliyə qayıdış proseslərinin misilsiz vüsət aldığı bir dövrdür. Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti obyektiv və subyektiv amillərin doğurduğu məhrumiyyət və məşəqqətlərlə dolu olan çox mürəkkəb bir tarixi şəraitdə meydana gəlmişlər. Əsrlər boyu xalqları əsarətdə saxlamış çar Rusiyasının süqutundan sonra cərəyan edən qarşısıalınmaz siyasi proseslər 1917-ci ilin oktyabrında bolşeviklər hakimiyyətə gəldikdən sonra keçmiş imperiya ərazisində başlanan qanlı vətəndaş müharibəsi, erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımının son dərəcə böyük miqyas alması Qafqazda, o cümlədən Azərbaycanda vəziyyəti idarəedilməz şəklə salmışdı.

Çox ağır tarixi şəraitdə Vətənin taleyi üçün öz məsuliyyətini dərindən dərk edən xalqımızın qeyrətli və ləyaqətli övladları, düşünən insanları – Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev və başqaları milli varlığımızı qorumaq, milli dövlətçiliyimizi yaratmaq yolunda qətiyyətli addımlar atdılar. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi, ölkəmizdə dövlət quruculuğu proseslərinə təkan verildi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları onların üzərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirdilər — ölkənin sərhədləri müəyyən edildi, ərazi bütövlüyü təmin olundu, milli dəyərlərə və demokratik prinsiplərə uyğun dövlət orqanları, dövlət aparatı təsis edildi, Azərbaycanın hökuməti və 120 üzvdən ibarət ilk Parlamenti yaradıldı.

1918-ci il dekabrın 7-də Bakıda Şərq və müsəlman aləmində ilk Parlamentin iclası keçirildi. İclasda Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini, Mehdi bəy Hacınski isə Parlament Katibliyinin baş katibi seçildilər. Azərbaycan müvəqqəti hökuməti işə başlamış Parlament qarşısında istefa verdi. Yeni hökumətə rəhbərlik etmək və onun tərkibini müəyyənləşdirmək yenə də Fətəli xan Xoyskiyə tapşırıldı.

17 aylıq fəaliyyəti dövründə Azərbaycan Parlamenti yeni müstəqil dövlətin fəaliyyəti üçün hüquqi baza yaradılması sahəsində dəyərli işlər görmüşdür. Parlamentin qəbul etdiyi qanun və qərarlar milli istiqlaliyyətin möhkəmləndirilməsinə, ölkənin siyasi və iqtisadi inkişafına, mədəniyyət, maarif və təhsil sahəsində sürətli irəliləyişə, xarici dövlətlərlə diplomatik münasibətlərin yaradılmasına, Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınmasına böyük töhfə vermişdir.

Qısa mövcudluğu ərzində Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 130 iclas keçirmiş, bu iclaslarda ölkənin daxili və xarici siyasəti, ordu quruculuğu ilə bağlı 270 müxtəlif məsələyə baxılmış, müzakirəyə çıxarılan qanun və qərar layihələrinin təqribən 230-u qəbul edilmişdir. Ölkənin qanunvericilik orqanı ana dilimizi Azərbaycanın dövlət dili elan etmiş, dövlət rəmzlərini — respublikanın himnini, bayrağını təsdiq etmiş, dövlət gerbinin yaradılması işinə başlamışdır. Dövlət quruculuğu ilə bağlı Parlament «Azərbaycan vətəndaşlığı haqqında», «Milli Bankın yaradılması haqqında», «Müəssislər Məclisinə seçkilər haqqında». «Bakı Dövlət Universiteti haqqında», İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərin təsis edilməsi, ölkədə 7 müəllim seminariyasının, 1 qadın seminariyasının, qəza mərkəzlərində orta məktəblərin açılması, uşaq bağçaları sisteminin yaradılması, yüz nəfər azərbaycanlı gəncin təhsil almaq üçün dövlət hesabına xaricə göndərilməsi barədə və s. qanunlar və qərarlar qəbul etmişdir. Parlamentdə qəbul olunan qanun və qərarlar Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətin başlıca istiqamətlərini müəyyən etmişdir.

Çoxpartiyalılıq prinsipi əsasında qurulmuş Azərbaycan Parlamenti xalqın dərdlərinin, ağrılı problemlərinin, ölkə qarşısında duran əsas vəzifələrin açıq-aşkar müzakirə olunduğu əsl millət məclisi idi. Qanun yaradıcılığı işini səmərəli qurmaq məqsədi ilə Parlamentdə 11 komissiya təşkil edilmişdi.

1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyəti və ilk milli Parlamentimiz qısa müddətli fəaliyyəti ilə Azərbaycanda dövlətçilik şüurunun formalaşmasında misilsiz rol oynamış, xalqımızın demokratik prinsiplərə əsaslanaraq öz milli dövlətini qurmağa və Xalq Cümhuriyyəti yaratmağa qadir olduğunu sübut etmiş, Azərbaycan dövlətinin gələcək istiqlaliyyətinin təməlini qoymuşdur.

Bugünkü müstəqil Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin, Milli Məclis isə o vaxtkı Parlamentin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibəti ilə 1998-ci il mayın 26-da Milli Məclisin təntənəli iclasında möhtərəm Prezidentimiz Heydər Əliyev demişdir: «Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur.

…Azərbaycan Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətinin yaratdığı Parlamentin indi də varisidir. Varislik həmişə eyni zamanda böyük məsuliyyət demək olubdur. Hesab edirəm ki, Azərbaycanın bugünkü Milli Məclisi varislik adını şərəflə daşıyır, eyni zamanda ötən illərdə və xüsusən son dövrdə Azərbaycanın müstəqil dövlətini inkişaf etdirmək üçün çox işlər görübdür.»

Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizdə həyata keçirilən hüquqi dövlət quruculuğu sahəsində öz öhdəsinə düşən vəzifələri dərindən dərk edərək, möhtərəm Prezidentimiz Heydər Əliyevin daxili və xarici siyasətini dəstikləyərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı dövlətçilik prinsiplərinə, parlamentarizm ənənələrinə sadiq qalaraq qərara alır:

1. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti ilə varisliyi təmin etmək məqsədi ilə onun milli dəyərlərə və demokratik prinsiplərə əsaslanan qanun yaradıcılığı təcrübəsindən Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətində geniş istifadə edilsin.
2. Azərbaycan Respublikası Milli Məclisinin qanunvericilik fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaratdığı mütərəqqi ənənələr daim nəzərə alınıb inkişaf etdirilsin.
3. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi qanun və qərarların Milli Məclisdə arxivi yaradılsın.
4. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinə həsr edilən muzey yaradılsın.
5. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin görkəmli xadimlərinin xatirəsini əbədiləşdirmək üçün tədbirlər görülsün.

Azərbaycan Respublikası Milli Məclisinin sədri
M.ƏLƏSGƏROV.

Bakı şəhəri, 11 dekabr 1998-ci il
№ 580