28 May - Respublika günü münasibətilə rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi (27 may 2014)
Hörmətli xanımlar və cənablar.
Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, bu gözəl bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni uğurlar arzulayıram.
Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublika məhz Azərbaycanda yaradılmışdır. Azərbaycanın mütərəqqi nümayəndələri bu respublikanı yaratmışlar. Bu, tarixi hadisə idi. Doxsan altı il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublikanın yaradılması böyük hadisə idi və ondan sonra digər müsəlman ölkələrində respublika quruluşu yaradılmışdır. Ancaq ilk təcrübə məhz Azərbaycan xalqının istedadı, zəhməti, uzaqgörənliyi hesabına mümkün olmuşdur. Əfsuslar ki, respublikanın ömrü uzun olmamışdır. Azərbaycan cəmi iki il müstəqil ölkə kimi yaşamışdır. Ancaq bu illər ərzində böyük işlər görülmüşdür. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə böyük hörmətlə yanaşır və onların əziz xatirəsi həmişə bizim ürəyimizdədir. O illərdə demokratik təsisatlar qurulmuş, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, qadınlara səsvermə hüququ verilmişdir. Bir sözlə, Azərbaycanın gələcək uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, mən tam əminəm ki, bu gün Azərbaycan dünyada ən zəngin ölkələrdən biri olacaqdı.
Əfsuslar olsun ki, müstəqillik əlimizdən alındı, 1920-ci ildə respublika süqut etdi və beləliklə, Azərbaycanın uğurlu inkişafına son qoyuldu. Bizim təbii sərvətlərimizi, coğrafi vəziyyətimizi, xalqımızın istedadını, mütərəqqi insanların fəaliyyətini nəzərə alaraq tam əminliklə deyə bilərəm ki, əgər biz müstəqil həyat yaşasaydıq bu gün çox qabağa gedə bilərdik. Ancaq nə edək, Azərbaycan Xalq Cümhuriyyətinin böyük gücü yox idi ki, öz müstəqilliyini qoruya bilsin. Bu, təbiidir və 71 il ərzində biz Sovet İttifaqı tərkibində yaşamışıq. Əlbəttə, xalqımız o illərdə inkişaf etmişdir, Azərbaycan da inkişaf etmişdir və deyə bilərəm ki, sovet dövrünün ən parlaq səhifəsi ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Çünki məhz 70-ci illərdən sonra Azərbaycanda sürətli inkişaf dövrü başlamışdır. Deyə bilərəm ki, biz o vaxta qədər müttəfiq respublikalar arasında axırıncı yerdə idik. Ancaq 70-ci illərin sonlarında artıq birinci yerlərə çıxmışdıq. İki donor respublika var idisə, onlardan biri də Azərbaycan idi. Məhz o illərdə sənaye potensialımız yaradılmış, xüsusilə neft sənayesi inkişaf etmişdir. O potensial bu gün də bizə böyük dəstəkdir. Kənd təsərrüfatının yüksəlişi, infrastruktur layihələrinin icrası, əlbəttə ki, Azərbaycanın inkişafını təmin edirdi. Ancaq biz müstəqil, azad deyildik və taleyimiz əlimizdə deyildi.
İkinci şans bizə 1991-ci ildə nəsib oldu. Sovet İttifaqının dağılması nəticəsində başqa müttəfiq respublikalarla bərabər biz də müstəqilliyə qovuşduq. Ancaq o illəri biz hamımız yaxşı xatırlayırıq. Azərbaycan üçün çox ağır, təhlükəli illər idi. Əfsuslar oslun ki, müstəqilliyimizin ilk illərində bu tarixi şansdan o vaxtkı rəhbərlik istifadə edə bilməmişdir. Ölkədə xaos, böhran hökm sürürdü - iqtisadi böhran, siyasi böhran. Nəticədə bu, vəziyyəti hərbi böhrana gətirib çıxarmışdı və vətəndaş müharibəsi başlamışdı. Yəni, iki ildən sonra demək olar ki, bizim müstəqilliyimiz yenə də sual altına qoyulurdu. Sanki tarix təkrarlanırdı, sanki birinci demokratik respublikanın təcrübəsi, yəni, mənfi mənada o təcrübəsi yenə təkrarlanırdı və təkrarlana da bilərdi. Biz bunu yaxşı bilirik. Çünki o vaxt iqtisadiyyat tamamilə çökmüşdü, sənaye istehsalı dayanmışdı, ölkə iflic vəziyyətində idi, erməni işğalı, daxili çəkişmələr, rəhbərlikdə olan şəxslərin fəaliyyətsizliyi və xəyanətkarlığı nəticəsində müstəqillik əldən gedirdi. Xüsusilə AXC-Müsavat hakimiyyətinin yarıtmaz, xəyanətkar, faciəvi hakimiyyəti nəticəsində ölkəmiz uçuruma gedirdi. Torpaqlar itirilirdi, Şuşa, Laçın, Kəlbəcər işğal altına düşdü, daxildə vəziyyət çox ağır idi və nəticədə vətəndaş müharibəsi başlamışdı. Biz o illəri yaxşı xatırlayırıq və bu gün qonşuluqda baş verən hadisələri izləyərkən yenə də əminəm ki, hər bir Azərbaycan vətəndaşı o illərə qayıdır, o illəri xatırlayır və bir daha əmin olur ki, Azərbaycan xalqının böyük xoşbəxtliyi ondan ibarət idi ki, xalqımız həlledici anlarda düzgün seçim etmişdir, müdriklik göstərmişdir və Ulu Öndərə üz tutub onu hakimiyyətə dəvət etmişdir. Əgər Heydər Əliyev o illərdə Azərbaycan rəhbərliyinə gəlməsəydi, ölkə tamamilə dağıla bilərdi.
Ona görə 1993-cü il əslində real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı. Qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı qüvvələrə böyük zərbə vuruldu və Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və möhkəmləndirilmişdir. Müstəqil Azərbaycanın Konstitusiyası da Heydər Əliyevin əsəridir. 1995-ci ildə Konstitusiya qəbul edilmişdir. Siyasi sistem formalaşmışdır. Siyasi sistemin formalaşmasında da yenə də Ulu Öndərin rolu danılmazdır. Məhz 1992-ci ildə müxalifət partiyası kimi qurulan Yeni Azərbaycan Partiyası müasir siyasi sistemin yaradılmasında müstəsna rol oynamışdır. Azərbaycanda siyasi islahatlar aparılmağa başlanmışdır. Dünyaya inteqrasiya dövrü başlanmışdır. Azərbaycanı dünyada tanımağa başlamışlar. Bizə qarşı aparılan müharibə sadəcə olaraq erməni işğalı ilə bitmirdi. Azərbaycana qarşı informasiya müharibəsi aparılırdı. Biz informasiya blokadası şəraitində yaşayırdıq və bu blokadanı aradan götürmək, Azərbaycanı dünyaya təqdim etmək və Azərbaycanın potensialını nümayiş etdirmək üçün Ulu Öndər böyük səylər qoymuşdur və bu səylər öz gözəl nəticələrini vermişdir.
İqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılırdı. Milli ideologiyamız məhz o illərdə yaradılmışdır, - bu gün də bizim inkişafımız üçün bu, əsasdır, - dövlətçiliyin əsasları qoyulmuşdur və əlbəttə ki, ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən neft kontraktları imzalanmışdır. İndi Azərbaycanın inkişafını neft sənayesiz təsəvvür etmək mümkün deyildir. Ancaq hamımız yaxşı bilirik, mütəxəssislər də yaxşı bilirlər ki, Sovet İttifaqı dağılanda bizim neft sənayemiz artıq dağılmış vəziyyətdə idi. Neft hasilatı təxminən 10 milyon ton səviyyəsində idi. Bu, heç bizim gündəlik tələbatımızı ödəmək üçün kifayət etmirdi. Bütün ölkədə zülmət, qaranlıq müşahidə olunurdu, elektrik enerjisi çatışmazlığı, elementar infrastruktur layihələrinin olmaması – yəni, bu idi bizim o vaxtkı vəziyyətimiz. Ona görə neft kontraktlarının, xüsusilə “Əsrin kontraktı”nın, - o gündən artıq 20 il keçir, - imzalanması dönüş yaratdı. Həm iqtisadi, həm siyasi sahədə.
1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır. Azərbaycanın müstəqil ölkə kimi yaşamasını təmin edən bir dövr kimi tarixdə qalacaqdır. Biz bu gün öz fəaliyyətimizi o illərdə müəyyən edilmiş strategiya çərçivəsində aparırıq, Azərbaycanı inkişaf etdiririk. Siyasi xətt dəyişməz olaraq qalır. Bu xəttin alternativi yoxdur. Ölkədə aparılan, dərinləşən siyasi və iqtisadi islahatlar bu gün Azərbaycanı çox güclü bir ölkə kimi, regional dövlət kimi artıq dünyaya təqdim edir.
Son on il ərzindəki nailiyyətlər haqqında çox danışmaq istəmirəm. Bütün bunlar artıq bəllidir. Bu da tarixdir. Son on ilin təcrübəsi sürətli inkişaf tarixidir. Bu da tarixdə qalacaqdır. Çünki son on il ərzində iqtisadi sahədə Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır.
Bütün statistik göstəricilər bunu təsdiqləyir. Bizim gündəlik həyatımız da bunun əyani sübutudur. Son on il ərzində biz islahatları dərinləşdirərək, cəmiyyətimizi səfərbər edərək, Azərbaycan cəmiyyətində həmrəylik hisslərini gücləndirərək böyük və uğurlu yol keçmişik. Bu yolun təməli 1993-cü ildə qoyulmuşdur. Müstəqilliyimizin, real müstəqilliyimizin ilk ilində qoyulmuşdur. Biz bu gün beynəlxalq arenada söz sahibiyik. Bizimlə hesablaşırlar, bizim mövqeyimiz böyük əhəmiyyət daşıyır. Bizim mövqeyimiz ədalətə, beynəlxalq hüquqa söykənir. Əminəm ki, prinsipial mövqeyimiz həm bölgədə, həm dünyada bizə əlavə hörmət qazandırır.
Hər bir məsələ ilə - istər daxili siyasət, istər xarici siyasət ilə bağlı bizim konkret mövqeyimiz vardır. Biz bunu gizlətmirik, ifadə edirik. Öz niyyətimizi, siyasətimizi açıq şəkildə bəyan edirik və bizim addımlarımız da siyasətimizin davamıdır. Sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Ona görə bizim sözümüz imzamız qədər dəyərlidir və əhəmiyyətlidir. Əgər söz veririksə, onu yerinə yetiririk. Əlbəttə ki, qarşı tərəflərdən də eyni yanaşmanı gözləyirik.
Son on il ərzində iqtisadi sahədə, regionların inkişafı sahəsində, infrastruktur layihələrin icrası istiqamətində tarixi nailiyyətlər əldə edilmişdir. Beynəlxalq aləmdə Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Böyük dəstək hesabına, inam hesabına. Biz bu şərəfli missiyanı ləyaqətlə icra etmişik. Bizə hörmət daha da artmışdır və bu gün biz nəinki regional məsələlərin həllində, qlobal məsələlərdə də öz sözümüzü deyirik.
Bu illər ərzində biz güclü enerji potensialı yaratmışıq. Bu gün heç kimə sirr deyil ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyini təmin edir. Bəlkə hərbi potensialdan sonra ikinci yerdə dayanan enerji təhlükəsizliyidir. O ölkələr ki, enerji təhlükəsizliyini təmin edib, onlar özlərini rahat hiss edə bilərlər. Biz bunu etmişik. Zəhmətimiz hesabına, aparılan siyasət nəticəsində. Bu, göydən düşən nemət deyildir. Buna biz özümüz nail olmuşuq. Buna Azərbaycan xalqı nail olub. Bizim siyasətimiz bu sahədə də öz səmərəsini bir daha göstərmişdir.
Bu gün Azərbaycan başqa ölkələrin də enerji təhlükəsizliyinə töhfə verərək həm iqtisadi, həm siyasi maraqlarını tam şəkildə təmin edir. Bizim maliyyə vəziyyətimiz bütün ölkələr üçün örnək ola bilər. Yəni, bu sözləri sadəcə olaraq özümüzü tərifləmək üçün demirəm. Sadəcə olaraq ona görə deyirəm ki, bu, reallıqdır. Bizim böyük maddi imkanlarımız, maliyyə imkanlarımız vardır. Biz heç bir beynəlxalq maliyyə qurumunun dəstəyindən asılı deyilik. Bu da bizim müstəqilliyimizi möhkəmləndirir. Nədir müstəqilliyimizi şərtləndirən əsas amillər? Müstəqil siyasət, müstəqil xarici siyasət, güclü ordumuz müstəqilliyimizin dayağıdır, əsasıdır. İqtisadi müstəqillik, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, hər bir ölkənin öz coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə etmək imkanları - bunlardır bugünkü dünyada müstəqilliyi müəyyən edən amillər. Fəxr edirik ki, biz sözün əsl mənasında müstəqilik, müstəqillik bizim üçün ən böyük sərvətdir və ən böyük nailiyyətdir.
Əlbəttə ki, bu gözəl bayram ərəfəsində biz gələcək işlər haqqında bir daha öz fikirlərimizi ifadə edirik. Əslində bizim gələcək fəaliyyətimizlə bağlı bütün proqramlar ictimaiyyət üçün açıqdır. Biz istər xarici siyasətlə, istər daxili siyasətlə, istərsə də iqtisadi sahə ilə bağlı bunları bəyan etmişik. Sadəcə olaraq bir neçə istiqamət üzrə fikirlərimi bu gözəl gündə ifadə etmək istəyirəm.
Daxili siyasətlə bağlı deməliyəm ki, biz Azərbaycanda bundan sonra da sabitliyi qoruyacağıq. Sabitliyin təmin edilməsinin əsas şərti xalqla iqtidar arasındakı birlikdir. Bu da vardır. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Əlbəttə ki, islahatların sürəti, çatışmayan cəhətlərin tezliklə aradan qaldırılması və bunun yolları, iqtisadi sahədə islahatlar, siyasətlə bağlı, xarici siyasətlə bağlı müxtəlif fikirlər ola bilər. Bu, təbiidir. Ancaq ölkəmizin ümumi inkişafı ilə bağlı fikir ayrılığı yoxdur, o cümlədən daxili siyasətimizlə bağlı. Ona görə sabitliyin qorunması Azərbaycanda təbii bir prosesdir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan dövləti və hökuməti islahatları apararaq daha da yaxşı şərait yaratmaqla bu sabitliyi möhkəmləndirir. Dünyanın müxtəlif yerlərində sabitlik pozulduqda təhlil aparılır. Nə üçün belədir? Hansı səbəblər buna şərait yaradır? Biz görürük inamsızlıq, idarəetmə qaydalarında kobud səhvlər, iqtisadi və sosial problemlər – bax, bunlar istənilən yerdə sabitliyi poza biləcək amillərdir.
Biz isə bütün məsələlərə düşünülmüş şəkildə yanaşırıq. Bizim əsas məqsədimiz Azərbaycanı daha da güclü dövlətə çevirməkdir, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır. Biz daxili siyasətlə bağlı prinsipial xəttimizi bundan sonra da aparacağıq. İslahatlar dərinləşəcəkdir. Demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində islahatlarımız davam etdiriləcəkdir. Bu islahatları kiminsə xoşuna gəlmək üçün deyil, gələcəyimiz üçün edirik, aparırıq və aparacağıq.
Bu gün Azərbaycan müasir dövlətdir və bu dövlətin çox möhkəm əsasları vardır. Bu əsaslar bizim milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu da çox önəmlidir. Daxili siyasətdə bu amil daim diqqət mərkəzindədir. Biz bundan sonra da ölkəmizin inkişafı üçün bütün tədbirləri görəcəyik. Biz bu möhkəm təməli daha da möhkəmləndirəcəyik.
Şadam ki, gənc nəsil də milli ruhda böyüyür, vətənpərvərlik ruhunda tərbiyə alır. Vətənpərvərlik ruhunda tərbiyə almaq üçün bütün imkanlar vardır. Çünki bu gün hər bir vətənpərvər insan fəxr edir ki, Azərbaycan kimi müasir və güclü dövlətin vətəndaşıdır. O dövlətin ki, öz vətəndaşlarını darda qoymur. O dövlətin ki, öz vətəndaşlarının arxasında dayanır. O dövlətin ki, öz vətəndaşlarının rifahı üçün əlindən gələni əsirgəmir. Milli dəyərlərin üzərində müasir dövlətin qurulması, əlbəttə ki, bu gün bizi fərqləndirən cəhətlərdən biridir.
Daxili siyasətlə bağlı islahatlar davam etdiriləcəkdir. Cəmiyyəti incidən, narazılıq yaradan xoşagəlməz hallara qarşı mübarizə daha da ciddi aparılacaqdır. Xüsusilə, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Əlbəttə, son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər, uğurlar vardır. Bu, bizi sevindirir, daha da ruhlandırır. Cəmiyyəti də ruhlandırır. Cəmiyyətdə bu işlərin aparılmasına böyük dəstək, inam vardır. Biz bu yolla gedəcəyik. Çünki Azərbaycanda xoşagəlməz hallar olmamalıdır. Azərbaycan cəmiyyəti nümunəvi cəmiyyət olmalıdır. Azad, müstəqil və güclü dayaqları olan cəmiyyət olmalıdır. Biz bu yolla gedirik və gedəcəyik.
Bizim xarici siyasətlə bağlı təşəbbüslərimiz gözəl nəticələr verir. Biz xarici siyasətdə ikitərəfli formata üstünlük veririk. Mən hesab edirəm ki, bu, ən məqbul formatdır. Əlbəttə, digər formatlar da vardır. Onlardan da istifadə olunur. Ancaq ikitərəfli format ən böyük səmərə verən formatdır. Bütün ölkələrlə bizim yaxşı münasibətlərimiz vardır. Biz çalışırıq, çalışacağıq ki, ikitərəfli münasibətləri həm region ölkələri ilə, həm də başqa ölkələrlə inkişaf etdirək. Buna nail olmaq üçün böyük imkanlar vardır. O cümlədən bizim artan iqtisadi imkanlarımız və yeni investisiya siyasətimiz vardır. Biz artıq investisiyaları xarici ölkələrə yönəldirik. Beləliklə, xarici tərəfdaşlar üçün Azərbaycan təkcə bir siyasi mərkəz kimi yox, eyni zamanda, bir investisiya mənbəyi kimi də maraqlıdır.
Əlbəttə ki, ilk növbədə, qonşu ölkələrlə münasibətlər daha da möhkəm olmalıdır. Burada bizim bütün qonşu ölkələrlə, təbii ki, Ermənistan istisna olmaqla, fikirlərimiz üst-üstə düşür. Bütün qonşularla münasibətlər bərabər hüquqlu, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qurulmuşdur. Gələcəkdə qonşu ölkələrlə əməkdaşlıq bizim xarici siyasətimiz üçün prioritet olaraq qalacaqdır. Böyük imkanlar vardır. Həm iqtisadi sahədə, həm də regional əməkdaşlıq sahəsində. Biz ikitərəfli formatdan maksimum dərəcədə fayda götürməliyik. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə artıq bir neçə üçtərəfli format da yaradılmışdır. Dünən Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilmişdir. Biz buna böyük əhəmiyyət veririk. Bundan əvvəlki dövrdə Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran üçtərəfli formatları olmuşdur. Artıq bu formatlar fəaliyyət göstərir. Əlbəttə ki, hər üç formatda Azərbaycan öz yerini tutur. Beləliklə, regional təhlükəsizlik, əməkdaşlıq, siyasi və iqtisadi maraqlarımızın təminatı üçün bu formatlar çox böyük məna daşıyır. Biz gələcəkdə bu üçtərəfli görüşləri əlbəttə ki, davam etdirəcəyik. Bu, artıq mütəmadi xarakter alıbdır.
Biz beynəlxalq təşkilatlarda da fəal iştirak edirik və edəcəyik. Mən BMT-ni xüsusi vurğulamaq istəyirəm. Qeyd etmək istəyirəm ki, BMT dünyanın bir nömrəli təşkilatıdır, bütün dünyanı əhatə edir. BMT-də bizim mövqelərimiz kifayət qədər möhkəmdir və 155 ölkənin dəstəyi ilə Təhlükəsizlik Şurasına seçilməyimiz də bunu göstərir. Bundan sonra da öz fəaliyyətimizi davam etdirəcəyik. Biz digər təşkilatlarda da fəal iştirak edirik. Qoşulmama Hərəkatı BMT-dən sonra üzvlərinin sayına görə ikinci böyük təşkilatdır. Orada da bizim mövqeyimiz kifayət qədər möhkəmdir. Biz bu təşkilata üzv olandan dərhal sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamə də qəbul edilmişdir. İslam Əməkdaşlıq Təşkilatında biz çox fəal rol oynayırıq. Bakıda çoxsaylı tədbirlər, nazirlər səviyyəsində tədbirlər keçirilir. Əlbəttə ki, İslam Əməkdaşlıq Təşkilatında bizim fəaliyyətimiz bundan sonra da uğurla davam etdiriləcəkdir. Çünki biz İslam aləminin bir parçasıyıq. Bizim milli dəyərlərimizin təməlində İslam dəyərləri dayanır. Eyni zamanda, Avropa Şurası ilə bağlı əməkdaşlıq üçün yaxşı imkanlar, perspektivlər vardır. Biz artıq Avropa Şurasına da sədrlik edirik. Əlbəttə ki, bu sədrlik növbəlilik əsasında olan sədrlikdir. Ona görə hesab etmirəm ki, biz bundan, necə deyərlər, xüsusi bir qürur hissi ilə danışmalıyıq. Sadəcə olaraq, növbəmiz gəlib çatıb. Ancaq hər halda biz də bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik. Avropada demokratiyanın inkişafı, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, islamofobiyaya qarşı mübarizəmiz daha da təsirli olacaqdır.
Əlbəttə ki, müxtəlif beynəlxalq təşkilatlarda üzvlüyümüz bizim siyasi maraqlarımıza xidmət göstərir. Biz bütün bu təşkilatlarda fəaliyyətimizi uğurla davam etdirəcəyik, prinsipial mövqeyimizi həmişə ifadə edəcəyik.
Əlbəttə, xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əfsuslar olsun ki, Minsk qrupunun 20 ildən artıq fəaliyyətinə baxmayaraq, bu sahədə heç bir irəliləyiş olmamışdır. Ona görə ki, Ermənistan tərəfi bunu istəmir. Artıq heç kimə sirr deyil ki, məsələnin həll olunmaması Ermənistanın qeyri-konstruktiv mövqeyindən asılıdır. Ermənistan status-kvonu saxlamaq istəyir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları status-kvonun qəbuledilməz olduğunu dəfələrlə demişlər, Ermənistan isə buna məhəl qoymur. Bu səbəbdən də məsələ öz həllini tapmır. Ancaq mən hesab edirəm ki, artıq münaqişənin həlli üçün bütün lazımi diplomatik və hüquqi əsaslar qoyulubdur və bu əsasları biz qoymuşuq. Çünki münaqişə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapa bilər. Beynəlxalq hüquq isə bizim mövqeyimizi dəstəkləyir və müdafiə edir. Ölkələrin ərazi bütövlüyü mübahisə mövzusu deyil, o cümlədən Azərbaycanın ərazi bütövlüyü mübahisə mövzusu deyildir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmamışdır və olmayacaqdır. Münaqişə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında öz həllini tapmalıdır. Başqa həll variantı yoxdur. Biz imkan vermərik ki, öz ərazimizdə ikinci qondarma erməni dövlətini yaratsınlar. Birinci erməni dövləti bizim ərazimizdə, qədim Azərbaycan torpağında, İrəvan, Göyçə, Zəngəzurda qurulubdur. İkinci erməni dövləti olmayacaqdır. Heç vaxt qondarma Dağlıq Qarabağa heç bir hüquqi status verilməyəcəkdir. Beləliklə, məsələnin həlli üçün hüquqi və diplomatik əsaslar vardır. Bu əsaslar kifayət edirmi ki, məsələ öz həllini tapsın? Yox! Əgər kifayət etsəydi, məsələ öz həllini tapardı. Əlavə nə edilməlidir ki, məsələ öz həllini tapsın?! Biz bunu da çox yaxşı bilirik. Əlavə, iqtisadiyyat daha da güclü olmalıdır. Biz Ermənistanı bundan sonra da mümkün qədər təcrid vəziyyətində saxlamalıyıq. Halbuki indi tam təcrid deyil və onun digər ölkələrlə qapıları açıqdır. Ancaq biz Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bunun nəticəsində Ermənistandan kütləvi köç müşahidə olunur. Onların statistik məlumatlarına əsasən ölkədən hər il 80-90 min insan həmişəlik gedir və gedəcəkdir. Nə qədər ki, Ermənistanın rəhbərliyində kriminal, korrupsiyalaşmış diktatura rejimi varsa, o qədər də tez Ermənistanın vəziyyəti daha da ağır olacaqdır. Ona görə, əgər erməni xalqı qonşularla mehribanlıq şəraitində yaşamaq istəyirsə, ilk növbədə, kriminal, qaniçən, qanunsuz rejimdən imtina etməlidir, onları tarixin arxivinə göndərməlidir. Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır ki, bir qədər nəfəs ala bilsin. Əks təqdirdə bu ölkənin taleyi çox qaranlıq olacaqdır.
Biz isə öz səylərimizi davam etdirəcəyik. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq. Orduya daha da böyük dəstək veriləcəkdir, daha da böyük vəsait ayrılacaqdır. Bu gün dünyada və bölgədə gedən proseslər bir daha onu göstərir ki, ordu quruculuğuna ayrılan böyük diqqət müstəqilliyimizin əsasıdır.
Biz gələcək illərdə hərbi potensialımızın gücləndirilməsi üçün nə qədər lazımsa, o qədər vəsait ayıracağıq, ən müasir texnika alınır və alınacaqdır. Azərbaycan Ordusu dünya miqyasında texniki təchizat baxımından güclü ordular sırasındadır. Ordu quruculuğunda, orduda gedən islahatlar bizim döyüş qabiliyyətimizi artırır, orduda nizam-intizam möhkəmlənir, struktur islahatları aparılır, təmas xəttində əlavə işlər görülür və görüləcəkdir.
Biz həmsədr ölkələrdən etimad tədbirləri haqqında dəfələrlə eşidirik. Ən gözəl etimad tədbiri erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasıdır. Başqa etimad tədbiri ola bilməz. Nə qədər ki, torpaqlarımız işğal altındadır, müharibə bitmiş hesab oluna bilməz. Mən dəfələrlə demişəm ki, müharibə davam edir. Müharibənin birinci mərhələsi başa çatıbdır. Əgər Ermənistan istəmirsə ki, ikinci mərhələ başlasın, onda düzgün nəticə çıxarsın, işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxsın. Bəlkə o vaxt gələcəkdə müstəqil erməni dövləti xəritədə qala bilər. Halbuki bu gün də erməni dövlətini müstəqil adlandırmaq olmaz. Bir sözlə, biz bundan sonra da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində prinsipial mövqeyimizdən dönməyəcəyik və bütün imkanlardan istifadə edib Ermənistanı işğalçı, kriminal ölkə kimi ifşa edəcəyik.
İqtisadi siyasətimizlə bağlı proqramlar dərc edilib. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası dərc edilibdir. Bu barədə çox danışmaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, 2020-ci ilə qədər və bəlkə də ondan da tez ölkəmizdə mövcud olan bütün əsas infrastruktur layihələri başa çatmalıdır. Proqramlar var, büdcədə vəsait var və biz bunu edəcəyik.
Qeyri-neft sektorunun inkişafı bizim diqqətimizi daha çox cəlb edir. Bu istiqamətdə də bizim verdiyimiz bütün tapşırıqlar yerinə yetirilir. Qeyri-neft sektorumuz hər il təxminən 10 faiz artır. Əgər bu, növbəti illərdə davam edərsə, - buna mən şübhə etmirəm, - o zaman iqtisadiyyatımızın şaxələndirilməsi tam təmin ediləcəkdir.
Nəhayət, enerji təhlükəsizliyi barədə bir-iki kəlmə demək istərdim. Azərbaycan artıq özü üçün enerji təhlükəsizliyi məsələlərini çoxdan həll edibdir. Başqa ölkələrin enerji təhlükəsizliyinə töhfə verir. Bu gün bizim qarşımızda duran əsas layihə TANAP layihəsidir. Bu layihənin də təşəbbüskarı biz olmuşuq. 2012-ci ildə Türkiyə və Azərbaycan arasında saziş bağlamışıq. Bu da “Cənub” qaz dəhlizinin yaradılması işində dönüş nöqtəsi olmuşdur. Çünki o vaxta qədər, təqribən 7-8 il ərzində ancaq danışıqlar gedirdi və “Cənub” qaz dəhlizinin yaradılması üçün kifayət qədər beynəlxalq səylər göstərilməyib. Biz vəziyyəti təhlil etdik və gördük ki, belə davam edərsə, bu danışıqlar hələ bir 10 il də davam edəcək, heç bir fayda vermədən. Ona görə də məsuliyyəti və təşəbbüsü öz üzərimizə götürərək çox düşünülmüş addım atdıq. TANAP layihəsi bu gün bölgənin enerji xəritəsini dəyişdirən bir layihədir. Azərbaycan bu layihənin əsas səhmdarıdır, əsas təşəbbüskarıdır və əsas icraçısıdır. Əminəm ki, bu qlobal layihə vaxtında - 2018-ci ilə qədər icra ediləcəkdir. Bunu etmək üçün bütün imkanlarımız - həm maliyyə, həm də texniki imkanlarımız vardır. Bizim peşəkar mütəxəssislərimiz vardır. Bu layihəni icra etmək üçün bizim siyasətimiz davam etdirilməlidir.
Azərbaycan seçdiyi yolla getməlidir və gedəcəkdir. Bizim yolumuz azadlıq yoludur, inkişaf yoludur, müstəqillik yoludur. Biz müstəqillik illərində sübut etmişik ki, müstəqil ölkə kimi yaşaya bilərik, yaxşı yaşaya bilərik, inkişaf edə bilərik. Ən böyük sərvətimiz olan müstəqilliyimizi bundan sonra da qorumalıyıq və qoruyacağıq. Sağ olun!