28 May - Respublika günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından rəsmi qəbuldakı nitqi (25 may 2005)
-Hörmətli xanımlar və cənablar!
Mən sizin hamınızı Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.
1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaranmışdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmizin dünya birliyinin üzvü kimi tanınması prosesi başlanmışdı. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Ancaq Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın zaman ərzində yaşaya bildi. Sonra Cümhuriyyət süqut etdi və Azərbaycan xalqı öz dövlət müstəqilliyindən məhrum olundu. Uzun illər ərzində Azərbaycan Sovet İttifaqının tərkibində müttəfiq respublika kimi yaşadı. Yalnız Sovet İttifaqı dağılandan sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.
Müstəqilliyimizin ilk illəri çox ağır, çətin keçirdi. Demək olar ki, başqa müttəfiq respublikalarla müqayisədə Azərbaycan ən ağır, ən çətin vəziyyətdə idi. Azərbaycanda gedən siyasi proseslər, hərc-mərclik, anarxiya, özbaşınalıq ölkəmizi çox çətin vəziyyətə salmışdı. Bir tərəfdən, daxili çəkişmələr, digər tərəfdən, Ermənistanın təcavüzü Azərbaycanın gələcəyini, müqəddəratını sual altında qoymuşdu. Ölkə idarəolunmaz vəziyyətə salınmışdı. Hamımız yaxşı bilirik ki, o illər Azərbaycanın müstəqilliyi üçün həlledici illər idi. Əgər 1993-cü ildə vəziyyət belə qalsaydı, yəqin ki, Azərbaycan müstəqil dövlət kimi dünya xəritəsindən silinə bilərdi.
1993-cü ildə dönüş yarandı. Xalqın lideri Azərbaycana rəhbərliyə gələndən sonra vəziyyət tamamilə dəyişdi və böyük səylər nəticəsində Azərbaycanda inkişaf dövrü başladı.
Bu yaxınlarda - iki gün bundan əvvəl qeyd etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı bir daha onu göstərir ki, 1994-cü ildə atılmış bütün addımlar Azərbaycanın bu gününə, sabahına və gələcəyinə xidmət edir. 1994-cü ildə bu salonda "Əsrin müqaviləsi" imzalandı. Ondan sonra Azərbaycanda həm daxildə gedən proseslər nizama salındı, həm də Azərbaycanın dünya birliyinə inteqrasiya prosesləri sürətlə getməyə başladı. Azərbaycan informasiya blokadasını yara bildi və dünya birliyinin çox dəyərli üzvünə çevrildi. İqtisadiyyatda gedən tənəzzül meyilləri yavaş-yavaş dayandırıldı, inkişaf başladı və bu gün Azərbaycan müstəqil dövlət kimi regionda qabaqcıl mövqedədir. Bunu təkcə biz deyil, bütün dünya ictimaiyyəti açıq-aydın bildirir və etiraf edir ki, Azərbaycan regionda liderdir.
Bizim vəzifəmiz ondan ibarətdir ki, son on il ərzində görülmüş işlərə yeni təkan verək. Qarşıda duran yeni məsələləri həll edək, Azərbaycanı hərtərəfli inkişaf etdirək, iqtisadi potensialımızı gücləndirək və ölkədə yaşayan hər bir insanın həyat səviyyəsinin yaxşılaşması üçün əlimizdən gələni əsirgəməyək. Bunu etmək üçün ölkədə proseslər elə getməlidir ki, hər bir vətəndaş öz həyatında, öz həyat tərzində hiss etsin ki, onun yaşayışı, güzəranı yaxşılaşır, ildən-ilə irəliləyiş müşahidə olunur. Bizim vəzifəmiz bundan ibarətdir. Mən çox şadam ki, son illər ərzində iqtisadiyyatda gedən müsbət meyillər daha da gücləndi. Azərbaycan iqtisadi cəhətdən zəngin dövlətə çevrilir. Ölkəmizə qoyulan xarici sərmayələr milyardlarla dollar ilə ölçülür. İqtisadi inkişaf özünü təkcə paytaxtda deyil, regionlarda da göstərir.
Regional inkişaf proqramının qəbul edilməsi və uğurla icra edilməsi artıq 200 mindən çox iş yerinin açılmasına səbəb olmuşdur. Hər bir iş yerinin açılması çox mühüm hadisədir. 200 min ailə bundan son il yarım ərzində faydalanıbdır. Mənim bölgələrə etdiyim mütəmadi səfərlər açıq-aydın göstərir ki, biz düzgün siyasət aparırıq. Bu siyasət əhali, xalq tərəfindən bəyənilir və dəstəklənir. Mən şübhə etmirəm ki, 2006-cı il Azərbaycanın iqtisadi inkişafı üçün çox əlamətdar il olacaqdır. İqtisadiyyata çox güclü təkan veriləcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətindən əldə olunacaq gəlirlər yüzlərlə milyon dollar təşkil edəcəkdir. Hər bir vətəndaş bunu öz həyatında hiss etməlidir və hiss edəcəkdir.
Bu gün Azərbaycan iqtisadi inkişafın sürətinə görə dünyada lider ölkədir. Biz artıq bunu dəfələrlə bəyan etmişik və bunu təkcə biz demirik. Beynəlxalq Valyuta Fondu da qeyd edir ki, Azərbaycanda iqtisadi inkişaf, iqtisadi artım 2005-ci ildə 18 faiz təşkil edəcəkdir.
2005-ci il çox mühüm il olacaqdır. 2005-ci ildə parlament seçkiləri keçiriləcəkdir. Mən şübhə etmirəm ki, parlament seçkiləri şəffaf, ədalətli şəkildə keçiriləcəkdir. Azərbaycan xalqının iradəsi seçkilərin nəticəsində öz əksini tapacaqdır. Əminəm ki, seçkilərdən sonra demokratikləşmə prosesi daha da sürətlə gedəcək, Azərbaycan dünya birliyinə daha da fəal inteqrasiya edəcək, bizim inteqrasiya siyasətimiz daha da yüksək sürətlə gedəcəkdir.
Mən bu gün, bəlkə də, çox nikbin danışıram. Əlbəttə, problemlər də mövcuddur. Biz bu problemləri bilirik. İşsizlik, yoxsulluq, digər problemlər var, amma biz onları həll edirik. İstərdik ki, daha da sürətlə həll edək. İstərdik ki, yeniləşmə, müasirləşmə, yaxşılığa doğru meyillər daha da sürətlə getsin. Amma bilin ki, əlimizdən gələni edirik və bunu bir konsepsiya şəklində həyata keçiririk. Həm xarici siyasətdə, həm daxili siyasətdə, həm də iqtisadi islahatlarda. Ölkəmiz kompleks şəkildə inkişaf edir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsində söylənilən fikirlər, xarici qonaqlarımızın çıxışları, dünyanın aparıcı ölkələrinin dövlət başçılarının təbrik məktubları onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir.
Mən əminəm ki, Azərbaycan ildən-ilə güclənəcək, öz iqtisadi potensialını artıracaq, dünyada mövqelərini möhkəmləndirəcək, dünya birliyinə inteqrasiya siyasətini uğurla həyata keçirəcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz mövqelərindən dönməyəcək və nail olacağıq ki, qarşımızda duran bütün məsələlər, vəzifələr öz həllini tapsın.
Əziz dostlar, bu gözəl bayram münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun!
Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri Prezident İlham Əliyevi əlamətdar bayram - Respublika günü münasibətilə təbrik edərək dedilər ki, bu gözəl bayram Azərbaycan xalqının müstəqil dövlət qurmaq əzmini təsdiq edir. Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva respublika ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları ilə, idmançılarla görüşüb səmimi söhbət etdilər, onlarla xatirə şəkilləri çəkdirdilər.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva muğam ustaları və digər incəsənət xadimləri ilə Azərbaycan mədəni sərvətlərinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə fikirlərini bölüşdü.
Rəsmi qəbulda Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.
BAKI.
28.05.2005