Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1998-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 80 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdi, Azərbaycanda sovet hakimiyyəti quruldu. 1922-ci ilin dekabrnda Sovet Sosialist Respublikaları İttifaqı yarandı və Azərbaycan bu ittifaqa daxil oldu. SSRİ-nin tərkibində olduğu dövrdə Azərbaycan bir çox dövlətçilik atributlarını saxlaya bilmiş, iqtisadiyyatını, elmini və mədəniyyətini inkişaf etdirmişdir. 1918-ci ildə Azərbaycanda yaranmış respublika müstəqil dövlət kimi süqut etsə də, respublika quruluşu yaşamış, müstəqillik hissləri xalqımızı heç vaxt tərk etməmişdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmiş və bu tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın tarix salnaməsində xüsusi yer tutduğunu nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi respublikada geniş qeyd edilsin.
2. Yubiley tədbirlərinin hazırlanıb həyata keçirilməsi məqsədi ilə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Dövlət Komissiyasının sədri
Heydər Əliyev — Azərbaycan Respublikasının Prezidenti
Dövlət Komissiyası sədrinin müavinləri
Murtuz Ələsgərov — Azərbaycan Respublikası Milli Məclisinin sədri
Artur Rasizadə — Azərbaycan Respublikasının Baş naziri
Ramiz Mehdiyev — Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri
Dövlət Komissiyasının üzvləri
Vasif Talıbov — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Xanlar Hacıyev — Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri
Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş nazirinin müavini
Vəfa Quluzadə — Azərbaycan Respublikasının xarici siyasət məsələləri üzrə Dövlət müşaviri
Hidayət Orucov — Azərbaycan Respublikasının milli siyasət məsələləri üzrə Dövlət müşaviri
Rəfael Allahverdiyev — Bakı şəhəri İcra Hakimiyyətinin başçısı
Fatma Abdullazadə — Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri
Əli Həsənov — Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri
Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı
Həsən Həsənov — Azərbaycan Respublikasının xarici işlər naziri
Namiq Abbasov — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Ramil Usubov — Azərbaycan Respublikasının daxili işlər naziri
Səfər Əbiyev — Azərbaycan Respublikasının müdafiə naziri
Südabə Həsənova — Azərbaycan Respublikasının ədliyyə naziri
Eldar Həsənov — Azərbaycan Respublikasının Baş prokuroru
Polad Bülbüloğlu — Azərbaycan Respublikasının mədəniyyət naziri
Əbülfəz Qarayev — Azərbaycan Respublikasının gənclər və idman naziri
Fərəməz Maqsudov — Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti
Nizami Xudiyev — Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri
Əhməd Abdinov — Azərbaycan Respublikası təhsil nazirinin müavini
Misir Mərdanov — Bakı Dövlət Universitetinin rektoru
Bəxtiyar Vahabzadə — xalq şairi, Milli Məclisin üzvü
Etibar Məmmədov — Milli Məclisin üzvü
Ataxan Paşayev — Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin rəisi
Allahşükür Paşazadə — Qafqaz Müsəlmanları İdarəsinin sədri
Anar Rzayev — Azərbaycan Yazıçılar Birliyinin sədri
Səttar Mehbalıyev — Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri
İqrar Əliyev — Azərbaycan Respublikası Elmlər Akademiyası Tarix İnstitutunun direktoru
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 yanvar 1998-ci il
№ 731