Azərbaycan Xalq Cümhuriyyəti

Ordu

Qafqaz İslam ordusunun komandanı Nuru Paşa

Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı.Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk Hökumət kabinəsinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov Paşa bəy Sultanov hərbi nazir təsdiq edilmişdi. Lakin bu kabinənin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya həvalə olunmuşdu. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi.
1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində qismən dəyişiklik edildi. General-leytenant Əlağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi.

General-leytenant Əlağa Şıxlınski

Ordu quruculuğu sahəsində irəliləyişə nail olmaq üçün Hökumət bir sıra tədbirlər həyata keçirdi. İyun ayının əvvəllərindən Gəncə Hərbi Məktəbi fəaliyyətə başladı. Hökumətin qərarı ilə çağırışçılar üçün yaş senzi 19 yaşa endirildi.
Ordu quruculuğunun ilkin mərhələsi Stepan Şaumyanın başçılıq etdiyi Bakı Komissarlığı daşnak-bolşevik hərbi qüvvələrinin Gəncə istiqamətində fəal döyüş əməliyyatlarına başlaması ilə bir vaxta düşürdü.
Ordu quruculuğunu gücləndirmək məqsədilə 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa edilməsi qərara alındı. Hökumətin qarşısında duran tarixi vəzifələrin həllində bu struktura çox böyük əhəmiyyət verildiyi üçün ilk vaxtlar ona rəhbərliyi Nazirlər Şurasının sədri F.X.Xoyski öz üzərinə götürdü. Nazir müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı. Ordu quruculuğu prosesinə rəhbərlik edəcək mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlandı. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradıldı. Noyabrın 15-də ordunun Ümumi qərargahının təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı.
1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçürüldü.

General Səməd bəy Mehmandarov

1918-ci ilin sonu – 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi. Nazirlər Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, 29 dekabr 1918-ci il tarixli qərarı ilə isə general-leytenant Əlağa Şıxlinski hərbi nazirin müavini təyin edildi.
Nazirliyin rəhbərliyi hərbi xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirirdi. Azərbaycan ordusunun qanunvericilik bazasını qısa müddətdə yaratmaq mümkün olmadığı üçün, hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə keçmiş Rusiya imperiyasında 1917-ci il yanvar ayının 1-dək qəbul edilmiş hərbi qanunvericilik aktları, müvəqqəti olaraq, qüvvədə saxlanıldı. Bura hərbi nizamnamələr, döyüş təlimatları, hərbi xidmətin bütün sahələrini tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. daxil idi. Lakin bu qanunvericilik aktlarının Azərbaycanın müstəqilliyi, milli orduda xidmətin bu və ya digər tələbləri ilə uyğun gəlməyən cəhətləri ləğv edilir, həmin məqamlar təkmilləşdirilir və ya yenisi ilə əvəz olunurdu.

Xalq Cümhuriyyəti ordusunun zabitləri. Gəncə, 1918

Azərbaycan dili orduda da dövlət dili kimi qəbul edildi. Qeyri-azərbaycanlı zabitlərdən bir ay müddətində, heç olmasa, komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənmək və əsgərlərə Azərbaycan dilində komanda vermək tələb olunurdu. Bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər.
Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirildi. Gəncədə fəaliyyətə başlamış milli hərbiyyə (podpraporşiklər) məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırılaraq praporşiklər məktəbinə çevrildi.
1919-cu il yanvarın 10-da Hərbi Nazirlikdə müvəqqəti hərbi şura yaradıldı. Əsasnaməsi və daimi tərkibi təsdiq edilənə qədər Şura hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühüm məsələlərin müzakirəsi və müvafiq qərar qəbul edilməsi ilə məşğul olurdu. Onun tərkibinə piyada və süvari diviziyalarının komandirləri, Ümumi qərargahın rəisi, topçu, istehkamat və yeni yaradılmış ləvazimat idarələrinin rəisləri, General-kvartirmeyster, növbətçi general və tapşırıq generalı daxil idi. 1919-cu ilin martında Azərbaycan ordusunun idarəetmə orqanlarında mühüm keyfiyyət dəyişikliyi meydana gəldi. Hərbi nazirin əmri ilə mart ayının 26-da Baş ərkani-hərb (Baş qərargah) təsis edildi və general-leytenant Məmməd bəy Sulkeviç bu orqanın rəisi təyin edildi. Bundan sonra ordu hissələrinin formalaşdırılması daha ahəngdar xarakter aldı.
Azərbaycandakı ingilis qüvvələrinin komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə icazə verdi. Hərbi nazirin əmri ilə Bakıda yerləşəcək hissə və bölmələr dəqiqləşdirildi. Bu qüvvələrə bir piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Aprelin 5-də həmin qüvvələr Bakıya daxil oldu və Salyan kazarmalarında yerləşdirildi. Azərbaycan qoşun hissələrinin Bakıya daxil olması münasibətilə hərbi nazir S.Mehmandarov da paytaxta gəldi. Şəhər əhalisi Azərbaycan ordusunun qoşun hissələrini çox böyük ruh yüksəkliyi və təntənə ilə qarşıladı.
1919-cu ilin yayında və payızında Azərbaycan ordu hissələrinin formalaşdırılması böyük sürətlə davam etdirildi. İngilis qoşunlarının Azərbaycan ərazisini tərk etməyə başlaması ilə 1919-cu il iyunun sonu - iyulun əvvəllərində Hərbi Nazirliyin rəhbər orqanları yenidən Bakıya köçürüldü.
Milli ordunun qoşun hissələri 1919-cu il avqustun 12-dən sentyabr ayının 3-dək Lənkəran əməliyyatında iştirak edərək, ölkənin cənub bölgəsində respublikanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı döyüş tapşırığını uğurla yerinə yetirdilər.

Xalq Cümhuriyyəti ordusunun orkestri

1919-cu ilin payızında təşkil edilən ən əhəmiyyətli hərbi strukturlardan biri Bakı istehkamçılar hissəsi idi. Bu strukturun yaradılmasından başlıca məqsəd şimaldan, xüsusən dənizdən ehtimal olunan Denikin təhlükəsinin qarşısını almaq və bütünlüklə, Bakı şəhərinin etibarlı müdafiəsini təşkil etmək idi.
Sentyabr ayında Bakı hərbi limanının, təyyarə dəstəsinin, zirehli avtomobillər taqımının, mövqe batareyasının ştatlarının formalaşdırılmasına başlandı.
Milli ordu hissələri 1919-cu il noyabrın 3-dən Zəngəzur ekspedisiyasının tərkibində erməni qüvvələrinə qarşı döyüş tapşırığını yerinə yetirdilər. 1919-cu ilin sonuna kimi Zəngəzurda yerli əhalidən ibarət xüsusi hərbi hissələrin formalaşdırılması başa çatdırıldı.
Hərbi nazirlik bütün bu təşkilati işləri həyata keçirməklə 1919-cu ilin sonunadək Azərbaycan ordusunun heyətinin sayını 20 min nəfərə, ordudakı atların sayını isə 5 min başa, 1920 ildə isə ordunun sayını 40 min nəfərə, atların sayını 10 min başa çatdırmağı nəzərdə tuturdu.

Qafqaz İslam ordusunun zabitləri şəfqət bacıları ilə birlikdə. Gəncə, 1918

1919-cu ilin yayından əvvəlcə Qarabağda, sonra Lənkəranda, daha sonra isə Zəngəzurda hərbi şəraitin kəskinləşməsinə baxmayaraq, hərbi nazirliyin rəhbərliyi ordu quruculuğu işindəki ahəngdarlığı saxlamağa çalışırdı. 1920-ci ilin elə ilk günündən 3-cü zirehli qatarın komplektləşdirilməsinə başlandı. 1920-ci ilin əvvəllərində növbəti çağırış-səfərbərlik kampaniyası başlandı və ordunun ali idarəetmə orqanlarında əsaslı struktur dəyişiklikləri aparıldı. Həmin ilin mart ayında Baş ərkani-hərblə (Baş qərargahla) Ümumi qərargah birləşdirilərək Azərbaycan Ordusunun Qərargahı yaradıldı. Mərkəzi təminat və təchizat orqanları isə birləşdirilərək Azərbaycan ordusu təchizat rəisinin idarəsi təşkil edildi.
1920-ci il bolşevik işğalı ərəfəsində Azərbaycan ordusunun əsas döyüş hissələri və birləşmələri aşağıdakılar idi: 8 alaydan ibarət iki piyada diviziyası, 3 alaydan ibarət süvari diviziyası və iki topçu briqadası. Bunlardan başqa, ordunun bir sıra yardımçı hissə, bölmə və müəssisələri də var idi. Süvari alayları üç süvari bölüyündən, pulemyot bölüyündən, təlim və rabitə komandalarından ibarət idi.
Topçu briqadaları iki diviziondan təşkil edilmişdilər. Bu divizionlardan biri yüngül topçu divizionu, digəri isə dağ topçu divizionu idi.
1920-ci ilin mart ayında bu qüvvələr bütünlüklə Qarabağ əməliyyatına və Ermənistanla sərhəd xəttində irimiqyaslı erməni təcavüzünə qarşı mübarizəyə səfərbər olundular. Nəticədə, şimal sərhədinin müdafiə sisteminin zəifləməsi bolşevik işğalı üçün daha əlverişli şərait yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə ölkənin müstəqilliyinə və milli mənafelərə xidmət edən ordu quruculuğu yarımçıq qaldı. 1920-ci il aprel işğalından dərhal sonra Cümhuriyyət ordusunun hissələri ləğv edildi, milli ordu üçün yaradılmış maddi-texniki baza isə talan olundu.
Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti ordu yaradılması haqqında qanun qəbul etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı Silahlı Qüvvələr günü elan edilmiş və həmin gün bayram kimi qeyd edilir.