Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Bayraq

1918-ci il mayın 28-də Azərbaycanın Milli Şurası Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edərək onun müstəqilliyini bütün dünyaya bəyan etdi.

O zaman Bakı şəhəri bolşevik-daşnak qruplaşmasından ibarət olan Bakı Xalq Komissarları Soveti adlanan antiazərbaycan xuntanın əlində olduğu üçün Azərbaycan Xalq Cümhuriyyətinin ilk Milli

Xalq Cümhuriyyətinin ilk bayrağı, 1918, 21 iyun

Hökuməti və Milli Şurası 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. 

Üçrəngli bayrağın təsdiq edilməsi haqqında qərar

Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında qərarların qəbul edilməsi ilə tarixi yaddaşımıza daxil olmuşdur...

Azərbaycanın Müvəqqəti hökumətinin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Bu bayraq Osmanlı İmperatorluğunun XVIII əsrin sonundan XIX əsrin 50-ci illərinədək mövcud olmuş, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağından ibarət idi. O dövrdə bəziləri bu bayrağın qəbulunun Azərbaycanın türk dünyasının bir parçası olduğu mənasını ifadə etdiyini düşünürdülər. Osmanlı İmperatorluğunun əski bayrağının gənc Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edilməsi, şübhəsiz, o zaman Gəncədə yaranmış tarixi-siyasi və hərbi vəziyyətin təsiri kimi qiymətləndirilə bilər. Sonrakı tarixi hadisələr, xüsusən həmin bayraqdan az sonra imtina edilməsi və onun yerinə yeni üçrəngli milli bayrağımızın qəbul edilməsi bu fikri söyləməyə əsas verir. 

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs dövlət bayrağımız - milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (İndiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi binada) qəbul edilmiş və qaldırılmışdır. 

Azərbaycan bayrağının tarixində ən şərəfli, yaddaqalan günlərdən biri 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti

Xalq Cümhuriyyətinin üçrəngli bayrağı, 1918, 9 noyabr

Parlamentinin açılışı zamanı olmuş, milli bayrağımız Parlament binası (indiki Əlyazmalar İnstitutunun binasında) üzərində qaldırılmışdır. 

Lakin çox təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və həmin Cümhuriyyətin müqəddəs idealının – müstəqilliyinin rəmzi olan üçrəngli milli bayrağımız 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirildi...

Azərbaycan Respublikasının yenidən müstəqillik əldə etməsindən xeyli əvvəl, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu»nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı.

Azərbaycan Respublikasının Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir. 

Qeyd: Bayraqla bağlı daha geniş materiala saytımızın “E-Layihələr” linki vasitəsilə “Azərbaycan. Dövlət rəmzləri və atributları” resursunun “Azərbaycan Xalq Cümhuriyyət dövrü” bölməsində tanış olmaq olar.