Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

AXC qurucuları

AXC qurucularının bioqrafiyası

 

Məhəmməd Əmin Rəsulzadə

Məhəmməd Əmin Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvar ayının 31-i Bakının Novxanı kəndində anadan olmuşdur. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, jurnalist, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri; Azərbaycan Milli Şurasının sədri (1918, 27 may - 1918, 17 iyun; 1918, 16 noyabr – 7 dekabr), Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" və bitərəflər fraksiyasının sədri olmuşdur. 
İlk təhsilini 2 saylı rus-tatar (rus-Azərbaycan) məktəbində almış, Bakı texniki məktəbini bitirmişdir. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, "Müsəlman Gənclik Təşkilatı" adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaratmış və ona başçılıq etmişdir (1902-1903). 1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" qrupunun yaradılmasında iştirak etmişdir.
1905-1907-ci illər inqilabının məğlub olmasından sonra İrana mühacirət etmişdir. M. Ə. Rəsulzadə 1908-1911-ci illər İran inqilabında, Cənubi Azərbaycanda milli-demokratik oyanışda fəal iştirak etmişdir. Bu müddətdə o, Tehranda Avropa tipli ilk gündəlik "İrane-nou" ("Yeni İran") qəzetini dərc etmişdir (1910-1911). İran inqilabı yatırıldıqdan (1911) sonra Türkiyəyə mühacirət etmişdir.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə verilmiş əfv-ümumidən sonra Rəsulzadə Bakıya dönmüş və "Müsavat" partiyasının rəhbərliyinə keçmişdir.
1915-ci ildə "Açıq söz" qəzetini nəşr etmişdir.
1917-ci ilin iyununda "Müsavat"la Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi "Türk Ədəmi-Mərkəziyyət" Partiyası birləşir, Rəsulzadə birləşmiş "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat"ın sədri seçilmişdir.
1918-ci il mayın 26-da Zaqafqaziya Seymi özünün buraxıldığını elan etmiş, səhəri gün buraxılmış Seymə daxil olan müsəlman partiya və qruplar Azərbaycan Milli Şurasını yaradaraq, M. Ə. Rəsulzadəni İcraiyyə komitəsinin sədri seçmişlər. Mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etmişdir.
O, 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlahiyyətli nümayəndə heyətinə başçılıq etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır.
Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində "Müsavat" fraksiyasına (1919-cu ilin oktyabrından "Müsavat" və bitərəflər fraksiyası) başçılıq etmiş, digər istiqlalçı qüvvələrlə birlikdə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən qanunların qəbulunda həlledici rol oynamışdır. 
1920-ci il aprelin 27-də 11-ci Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra gizli fəaliyyətə keçmişdir.
M. Ə. Rəsulzadə 1920-ci il avqustun 17-də həbs olunmuş, lakin İ. Stalinin göstərişi ilə həbsdən azad olunub Moskvaya aparılmış, Rusiya Sovet Federativ Sosialist Respublikasının Milli İşlər Komissarlığında işlə təmin olunmuşdu. Bir müddət sonra Sankt-Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət etmişdir. 1922-ci ilin sonlarında onun İstanbulda siyasi mühacir həyatı başlamışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müxtəlif xarici ölkələrə getməyə məcbur olan azərbaycanlıların istiqlal mübarizəsini vahid mərkəzdən idarə etmək məqsədilə Azərbaycan Milli Mərkəzini (İstanbulda), "Müsavat" Partiyasının Xarici Bürosunu yaratmışdır. 1926-cı ildə onun fəal iştirakı ilə Parisdə "Prometey" təşkilatı yaradıldı. "Prometey" sovet rejiminə qarşı müxtəlif xalqların nümayəndələrinin vahid mübarizə blokunu yaratmalı idi. O, 1931-ci ildə sovet hökumətinin tələbinə əsasən, Türkiyəni tərk etməyə məcbur olmuşdur. 1932-ci ildə Rəsulzadənin siyasi mühacirətinin Polşa dövrü başlanmışdır. 1934-cü ildə Ə. Topçubaşovla birlikdə Brüsseldə Qafqaz Konfederasiyası sazişini imzalamışdır. 1939-cu ildə İkinci dünya müharibəsinin başlanması ilə Polşadan Fransaya, oradan İsveçrəyə, İsveçrədən İngiltərəyə, nəhayət Rumıniyaya keçmişdir. 1942-ci ildə Azərbaycanın istiqlalına nail olmaq məqsədilə Almaniyanın Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi ilə danışıqlara girmiş, Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin tanınması məsələsində müsbət nəticə əldə olunmadığını görən Rəsulzadə 1942-ci ilin sonlarında Almaniyanı tərk edib Buxarestə getmişdir. 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirmişdir. O, Ankarada Azərbaycan Kültür Dərnəyini yaratmışdır (1949, 1 fevral). Amerika Birləşmiş Ştatlarına gedərək Azərbaycanın Xalq Cümhuriyyətinin yaradılmasının 35-ci ildönümü münasibətilə 1953-ci il mayın 28-də "Amerikanın səsi" radiosu ilə Azərbaycan xalqına müraciət etmişdir.
Onun 1903-1920-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ədəbi-publisistik fəaliyyətini siyasi mühacirət illərində də davam etdirmiş, Azərbaycan xalqının tarixi və ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələr dərc etdirmişdir. Bu dövrdə "Yeni Qafqasya" (1923), "Azəri Türk" (1928), "Odlu yurd" (1929), "Qurtuluş" (1934), "Müsavat bülleteni" (1936), "Azərbaycan" (1952) jurnallarını, "İstiqlal" (1932) qəzetini nəşr etdirmişdir. M. Ə. Rəsulzadə ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir. O, 6 mart 1955-ci ildə Ankarada vəfat etmiş, Əsri qəbiristanında dəfn olunmuşdur.
Doğulduğu Novxanı kəndində abidəsi ucaldılmışdır.

 

***

 

Ağabəyzadə Sadıxbəy

Sadıxbəy İsmayıl oğlu Ağabəyzadə 1865-ci ildə Göyçayda doğulmuşdur. Çar ordusunun general-mayoru, şərqşünas-alim olmuşdur. Orta təhsilini Bakı realni məktəbində almışdır. 1886-cı ildə Konstantinovsk hərbi-piyada məktəbini bitirdikdən sonra Mixaylovsk artilleriya məktəbinin üçüncü kursuna dinləyici kimi daxil edilmişdir. Buranı bitirdikdə podporuçik rütbəsi almışdır. 1899-cu ildə Sankt-Peterburqda Hərbi Şərq Dilləri İnstitutunu bitirmişdir. Ərəb, fars, polyak, fransız, rus və türk dillərini bilirdi.

S. İ. Ağabəyzadə 1899-1913-cü illərdə Türküstan diyarının Aşqabad Qarnizonunda xidmət etmişdir. Hərbi xidmətlə yanaşı elmi yaradıcılıqla məşğul olmuş, jurnallara ədəbi məqalələr göndərmişdir, "Turkmenskiy razqovornik" kitabını nəşr etdirmişdir. 1913-cü ildə general-mayor rütbəsi aldıqdan sonra təqaüdə çıxaraq Göyçaya gəlmişdir. Burada məktəb açmaq istəmiş, ancaq rus-alman müharibəsinin başlanması ilə əlaqədar 1914-cü ildə orduya çağırılmışdır. Daha dörd il xidmət edib Göyçaya qayıtmışdır. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər nazirinin müavini təyin olunmuşdur. 1920-ci ildə Xalq Cümhuriyyəti hökuməti süqut etdikdən sonra Türkiyəyə gedərək bir müddət İstanbulda yaşamışdır. 1921-ci ildə Fransaya köçərək burada şərq dillərindən dərs demişdir. 1927-ci ildə S. İ. Ağabəyzadə Polşaya – Lvov universitetinə şərq dilləri fakültəsinə professor kimi dəvət olunmuşdur. O, burada 17 il işləyərək 1944-cü ildə 79 yaşında vəfat etmişdir.

Ukraynanın Lvov şəhərində mərkəzi küçələrdən biri Sadıqbəy İsmayıl oğlu Ağabəyzadənin adınadır. Tanınmış Azərbaycan yazıçısı Əli Səmədli generalın həyatından bəhs edən "İki ömür yaşamış insan" adlı sənədli povest yazmışdır.

 

Ağayev Həsən bəy

Həsən bəy Məşədi Hüseyn oğlu Ağayev 1875-ci ildə  Gəncə şəhərində anada olmuşdur. Görkəmli ictimai – siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və rəhbərlərindən biri olmuşdur. Orta təhsilini Gəncədəki klassik gimnaziyada almışdır. Hacı Zeynalabdin Tağıyevin maddi köməkliyi ilə Moskva Universitetinin tibb fakültəsinə daxil olmuş və 1901-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.

Həsən bəy Gəncədə həkimlik fəaliyyəti ilə yanaşı, qəzet və jurnallarda məqalələr də dərc etdirmişdir. "Hümmət" təşkilatının tapşırığı ilə Azərbaycan dilinə tərcümə etdiyi "Silk, sinif, firqə" kitabçası Tiflisdə Cəlil Məmmədquluzadənin "Qeyrət" mətbəəsində çap olunmuşdur (1906). Həmin kitabçanın nəşrinə görə təqiblərə məruz qalan Ağayev İrana mühacirət edərək, bir müddət orada yaşamışdır.

Mühacirətdən qayıtdıqdan sonra Gəncədə rus dilində çıxan "Yujnıy Kavkaz" qəzetinin redaktoru, müsəlmanlar arasında maarifçiliyi yayan cəmiyyətin rəhbəri olmuşdur. 1914-cü ilin sonlarında Xudadat bəy Rəfibəyli ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyəti yaratmışdır.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı Azərbaycanın digər görkəmli ictimai-siyasi xadimləri kimi, Ağayevin də sonrakı həyat və fəaliyyətində həlledici rol oynamışdır. Yeni şəraitdə Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə yaradılmış "Türk Ədəmi-Mərkəziyyət Partiyası"nın yaradıcılarından biri də Həsən bəy olmuşdur. Həsən bəy Ağayev 1917-ci ilin aprelində Bakıda çağırılmış Qafqaz müsəlmanları qurultayında iştirak etmiş və Rusiya daxilində Azərbaycana muxtariyyət verilməsinin ardıcıl tərəfdarlarından olmuşdur.

1917-ci ilin iyununda Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası ilə Nəsib bəy Yusifbəylinin "Türk Ədəmi-Mərkəziyyət Partiyası" birləşərək, "Türk Ədəmi-Mərkəziyyət-Müsavat" partiyası adlandırılmışdır. “Müsavat”ın 1917-ci il oktyabrın 26-31-də keçirilmiş birinci qurultayında Həsən bəy partiyanın mərkəzi komitəsinin üzvü, ilin axırlarında isə Ümumrusiya Müəssislər Məclisinə nümayəndə seçilmişdir. Rusiyada oktyabr çevrilişi ilə əlaqədar olaraq Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş nümayəndələr onun iclasına gedə bilməmiş, 1918-ci il fevralın 10-da Tiflisdə toplaşaraq Cənubi Qafqazda ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratmış, aprelin 22-də isə Cənubi Qafqazın suverenliyini elan edərək, Zaqafqaziya Demokratik Federativ Respublikası Hökumətini yaratmışdılar. Zaqafqaziya seymində Müsəlman fraksiyasının üzvü olan Həsən bəy bütün tədbirlərdə fəal iştirak etmişdir. Zaqafqaziya seymi və hökuməti bu ərazidə yaşayan millətlərin milli maraqlarına cavab vermədiyindən həmin il mayın 25-də buraxılmışdır. Mayın 27-də Zaqafqaziya seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etmiş və Şuranın rəyasət heyətini seçmişdir. Həsən bəy Ağayev Şura sədrinin müavini seçilmişdir.

Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Tiflisdə Qafqaz Canişininin keçmiş sarayında keçirilmiş təntənəli iclasında Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalamışdır. 

1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış vəziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti olaraq dayandırmış, bütün hakimiyyəti yeni yaradılmış Hökumətə vermişdir. Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclasında Həsən bəy Parlament sədrinin birinci müavini seçilmişdir. Parlamentin sədri seçilmiş Əlimərdan bəy Topçubaşov Bakıda olmadığından ona rəhbərliyi Həsən bəy həyata keçirmişdir. O, 1919-cu ilin dekabrında yenidən Parlament sədrinin birinci müavini seçilmiş və 1920-ci il fevralın 2-nə qədər ona rəhbərlik etmişdir. 

Aprel işğalından (1920) sonra Tiflisə mühacirət edən Həsən bəy Ağayev həmin il iyulun 19-da muzdlu erməni terrorçusu tərəfindən qətlə yetirilmişdir. O, Tiflisin müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

 

Ağamalıoğlu Səməd ağa

Səməd ağa Həsən oğlu Ağamalıoğlu 27 dekabr 1867-ci ildə Qazax rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Dövlət xadimi, maarifçi-publisist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində sosialistlər fraksiyasının lideri olmuşdur. 1887-ci ildə Vladiqafqaz hərbi progimnaziyasını bitirmiş, yerölçən ixtisasına yiyələnmişdir. 1917-ci ilin aprelindən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Birləşmiş Gəncə Komitəsi İcraiyyə Komitəsinin və Gəncə Fəhlə və Əsgər Deputatları Sovetinin üzvü olmuşdur. 1918-ci ilin fevralında Tiflisə köçmüş, yerli menşevik "Hümmət" təşkilatının üzvü, təşkilatın orqanları - "Gələcək" və "Probujdeniye" qəzetlərinin redaktoru, Zaqafqaziya seyminin Müsəlman fraksiyasının üzvü kimi fəaliyyət göstərmişdir. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən seçkisiz Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə sosialistlər fraksiyasının lideri, aqrar komissiyanın sədri idi. Sovet hakimiyyətinin tərəfdarı olan Ağamalıoğlu Cümhuriyyət Parlamentində G.V.Çiçerinin Denikinə qarşı ittifaq bağlamaq haqqında notasının müzakirəsi zamanı "Bu doğrudur ki, bolşeviklərlə ittifaq bağlamaq müsavatçılar üçün çətin bir şeydir. Məgər müsavat Hökumətini saxlamaq çox vacibdirmi? Ölkəni sovetləşdirərik, qurtarıb gedər!", - deyərək mövqeyini açıqlamışdır. O, Azərbaycanın Qırmızı ordu tərəfindən işğalına köməklik göstərmiş, 1920-ci il Gəncə üsyanının yatırılmasının təşkilində fəal iştirak etmişdir. 1920-22-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında xalq torpaq komissarı Mərkəzi İcraiyyə Komitəsinin sədri, ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri, SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü (1922-29) olmuşdur. Ağamalıoğlu Azərbaycanda və SSRİ-nin digər türk-müsəlman respublikalarında yeni latın əlifbasına keçilməsinə rəhbərlik etmiş, Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri olmuşdur. Türk xalqlarının mədəni həyatı, türk əlifbasına keçidlə bağlı publisist kimi də fəaliyyət göstərmişdir. ”Azərbaycanın siyasi vəziyyəti” (1919), “Bizim yolumuz hayanadır?” (1924), “Türk aləmində mədəni məsələlər” (1924), “Türk-tatar xalqlarının təxirəsalınmaz mədəni ehtiyacları” (1925), “Yeni türk əlifbasının müdafiəsində” (1927) əsərlərinin müəllifidir. Ağamalıoğlu 6 oktyabr 1930-cu ildə Moskvada vəfat etmiş və orada dəfn olunmuşdur, nəşi Bakıya – Fəxri Xiyabana köçürülmüşdür.

 

Ağayev Əhməd bəy

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev (Ağaoğlu) 1869-cu ildə Şuşada anadan olmuşdur. O, Türkçülük hərəkatı ideoloqlarından biri, görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim, jurnalist və pedaqoqlardan biri olmuşdur. Qarabağ xanı Pənahəli хаnın nəslindəndir. İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almış, Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olub, lakin təhsilini yarımçıq qoyaraq 1888-ci ildə Parisə getmiş və orada hüquq məktəbini, sonra isə Sarbonna Universitetini bitirmişdir. Əhməd bəy о zaman həm yerli, həm də əcnəbi mətbuatda elmi məqalələrlə çıxış etmişdir. 1894-cü ildə Qafqaza qayıdan ədib 1896-cı ildə Şuşaya gedərək realnı məktəbdə fransız dilindən dərs demişdir. 1897-ci ildə H.Z.Tağıyevin dəvəti ilə Bakıya köçərək realnı məktəbdə fransız dili müəllimi, "Kaspi" qəzetində əməkdaş, daha sonra 1898-1907-ci illərdə ədəbi şöbənin müdiri olmuşdur. 1906-cı ildə "Difai" partiyasını yaratmışdır. 2 dəfə çar II Nikolayın qəbulunda olaraq azərbaycanlıların Bakı ətrafındakı neftli torpaqlardan köçürülməsinin qarşısını almışdır. 1905-1909-cu illərdə "Həyat", "İrşad", "Proqress", "Tərəqqi" qəzetlərində redaktor, naşir işləmişdir. Təqiblər üzündən Türkiyəyə mühacirət edən Ağayev burada "Gənc türklər"lə yaxınlaşıb, "İttihad və tərəqqi" partiyasına daxil olmuşdur. Rusiyada yaşayan azsaylı xalqların 1915-ci ildə Lozannada keçirilən konfransında Azərbaycanı təmsil etmişdir. 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana dönərək, ADR parlamentinə üzv seçilən Əhməd bəy Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində 1919-cu ildə İstanbula getmişdir. Lakin İstanbulda "türk jurnalisti və Türkiyə parlamentinin deputatı" kimi ittiham edilərək ingilislər tərəfindən tutulub Malta adasına sürgün olunmuşdur. 1921-ci ildə sürgündən azad edilib və İstanbula qayıdaraq, Türkiyə Qurtuluş Savaşında fəal iştirak etmişdir. Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi olmuş, 1920-ci illərdə Türkiyənin dövlət mətbuat bürosuna müdir təyin edilmişdir. Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilən Ağayev Ankara Universitetinin professoru və "Hakimiyyəti-milliyyə" qəzetinin redaktoru işləmişdir. O, 1939-cu ildə İstanbulda vəfat etmişdir.

 

Axundov Cəfər

Cəfər Axundov (? - ?) – Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, 26 may 1918-ci il Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsi qəbul edilmişdir Axundov Cəfər Azərbaycanın İstiqlal bəyannaməsinin qəbulunda iştirak etmiş, səsvermədə bitərəf qalmışdır. Tiflisdə menşevik "Hümmət" təşkilatının rəhbərlərindən biri olmuşdur.

 

Axundov Bəhram bəy

Bəhram bəy Cəfər oğlu Axundov 1872-ci ildə Şuşada anadan olmuşdur. O, 1893-1895-ci illərdə Fransada təbiətşünaslıq və tibb təhsili almış, Bakıda "İttihad" məktəbində həkim işləmiş, "Nicat" və "Səfa" cəmiyyətlərinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən ADR parlamentinin tərkibinə daxil edilmişdir. 1919-cu ildə Azərbaycan hökuməti ona xaricə təhsil almağa gedən tələbələrin sağlamlığına nəzarət etməyi tapşırmış, Aprel işğalından sonra müxtəlif səhiyyə müəssisələrində həkim işləmiş və "Əmək qəhrəmanı" adına layiq görülmüşdür. Bəhram bəy Axundov 1932-ci ildə Bakıda vəfat etmişdir.

 

 

 

Axundzadə Rəşid bəy

Rəşid bəy Axundzadə Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən Salyandan Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Axundzadə 1919-cu il yanvarın 1-dən fevralın 5-dək Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin işlər idarəsinin müdiri olmuş, Hökumətin 1919-cu il 5 fevral tarixli qərarı ilə Bakı qubernatoru təyin edilmiş və 1919-cu il avqustun 25-dək bu vəzifədə işləmişdir.

 

 

Axundzadə Hacı Səlim

Hacı Səlim Mirzə İsmayıl Qasir oğlu Axundzadə 1872-ci ildə Lənkəranda anadan olmuşdur. İctimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. "Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir. İlk təhsilini atası, şair Mirzə İsmayıl Qasirin (1805-1900) Lənkəranda açdığı üsuli-cədid məktəbində almış, sonra gimnaziyada oxumuşdur. Daha səkkiz il Ərdəbildə, Zəncanda, Nəcəfdə təhsilini davam etdirmiş, ilahiyyat elmlərinə yiyələnmişdir. Lənkərana qayıtdıqdan sonra, şəhər polis idarəsində, sonralar isə mülkədar Əskər xan Talışinskinin yanında katib işləmiş, bir müddət mollalıq etmişdir. 1911-ci ildən şəhər gimnaziyasında şəriətdən və fransız dilindən dərs demişdir. 

1915-ci ilin əvvəllərində Türkiyəyə getmişdir. 1917-ci ilin yayında vətənə qayıtdıqdan sonra "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" partiyasına daxil olmuşdur. Partiyanın birinci qurultayında (1917, 26-31 oktyabr) iştirak etmiş, Zaqafqaziya Komissarlığında fəaliyyət göstərmiş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü olmuşdur. 

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal Bəyannaməsi qəbul edilərkən Azərbaycan Milli Şurasının üzvü Hacı Səlim Axundzadə müstəqilliyin lehinə səs vermişdir. Axundzadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, "Müsavat" partiyasının ikinci qurultayının (1919, 2-11 dekabr) iştirakçısı olmuşdur.

Hacı Səlim Axundzadə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən mədəni-maarif tədbirlərinin təşkilatçılarından olmuşdur. O, 1920-ci il aprel işğalından sonra İranın Ənzəli şəhərinə köçmüş, orada hökumət məktəbində şəriətdən dərs demişdir. Axundzadə İrandakı müsavatçıların fəaliyyətinə rəhbərlik edənlərdən olmuşdur. 1930-cu ildə İranın Ənzəli şəhərində vəfat etmişdir.

 

Axundzadə Məmmədsadıq

Məmmədsadıq Səmih oğlu Axundzadə (Məmməd Sadıq Aran) 1895-ci ildə Zəngəzur qəzasının Qarakilsə nahiyəsinin (indiki Sisyan rayonu) Urud kəndində ruhani ailəsində anadan olmuşdur. Onun babası Tiflisdə Qafqazın Şeyxülislamı vəzifəsini daşımışdır. Atası Səmih bəy dövrünün tanınmış ziyalılarından olmuşdur. 

Məmmədsadıq erkən yaşlarından, ədəbiyyatla, elmlə maraqlanmış, bu işdə atasının təsiri böyük olmuşdur. İlk təhsilinə atasının kəndlərində tikdirdiyi məktəbdə başlamış, daha sonra Qarakilsədə ibtidai məktəbi bitirmiş, Naxçıvandakı 8 illik orta dərəcəli rus məktəbində təhsilini davam etdirmişdir. İlk yazıları Bakıda “Açıq söz” qəzetində və “Füyuzat” jurnalında dərc olunmuşdur. 

Mirzə Məmmədsadıq 1917-ci ildə Gorusda məktəb açaraq uşaqların təhsili ilə məşğul olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından sonra keçirilən parlament seçkilərində Zəngəzurdan millət vəkili seçilmiş, Müsavat partiyasının qaçqınlar üzrə komissiyasının üzvü olmuşdur. 

Mirzə Məmmədsadıq Axundzadə 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bir müddət Müsavat partiyasının Qarabağda gizli fəaliyyət göstərən təşkilatına rəhbərlik etmişdir. O, Azərbaycandan mühacirət edərək Türkiyəyə gedən soydaşlarımızın İstanbulda qurduqları Milli Azərbaycan Təşkilatı ilə əlaqə yaratmaq üçün İran üzərindən Türkiyəyə getmişdir. Bir müddət sonra yenidən Azərbaycana qayıdarkən Tiflisdə həbs edilmiş, iki il işgəncələrə məruz qalmışdır. Həbsxanadan azad ediləndən sonra 1924-cü ildə İrana, oradan Türkiyəyə getmiş, Müsavat partiyasının xarici bürosunun üzvü kimi milli mücadiləyə davam etmişdir. O, “Yeni Qafqaz”, “Odlu yurd”, “Azəri-Türk”, “Yaşıl yarpaq”, “Türk yolu” və “Ergenekon yolu” jurnallarında, ayrı-ayrı qəzetlərdə Azərbaycan haqqında məqalələr və şeirlər yazaraq Məmməd Sadıq Aran imzası ilə dərc etdirmişdir.

Məmməd Sadıq Aran iki il Finlandiyada çalışmış və «Turan» adlı bir qəzet nəşr etmişdir. 1936-1941-ci illərdə İranda Türkiyənin “Ulus” və “Cümhuriyyət” qəzetlərinin müxbiri işləmişdir. Türkiyəyə qayıtdıqdan sonra 1942-ci ildə İstanbulda Sənan Azər təxəllüsü ilə “İran türkləri” adlı kitabını çap etdirmişdir. Məmməd Sadıq Aran 1944-cü ildə İstanbulda “Türkün altun kitabı: Kutadğu Bilig" əsərini dərc etdirmişdir. Onun “Qara köynək”, “Gənclərə nəsihət” “Millətlərin haqqı və məhkum türklərin davası” adlı nəsr əsərləri, “Qaçaq Nəbi”, “Top səsləri” kimi pyesləri, çoxlu şeirləri vardır. Əsərlərinin əksəriyyəti 1952-ci ildə çap olunmuş “Ergenekon yolları” adlı kitabında toplanmışdır. O, bəzi şeirlərini “Sisyanlı” imzası ilə dərc etdirmişdir.

Məmməd Sadıq Aran uzun müddət Ankarada Türk Kültürünü Araşdırma İnstitutunda fəaliyyət göstərmişdir. O, 1971-ci ildə İstanbulda vəfat etmişdir.

 

Aşurov Ağa

Ağa Hacı Aslan oğlu Aşurov 1880-ci ildə Bakıda anadan olmuşdur. İctimai-siyasi və dövlət xadimi olmuşdur. Bakı gimnaziyasını bitirmişdir. Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alıb Bakıya qayıtmış, şəhər bələdiyyə idarəsində işləmişdir. Bakının abadlaşdırılması və tərəqqisi üçün həyata keçirilən bir sıra tədbirlərə başçılıq etmişdir. 1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanmışdır. Bakıya Şollar su kəmərinin çəkilməsində geniş fəaliyyət göstərmişdir. Aşurov "Nəşri-maarif" cəmiyyətinin rəhbərlərindən biri olmuş, şəhər dumasının üzvü seçilmişdir. 

Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak etmiş və qurultayın rəyasət heyətinin tərkibinə seçilmişdir. Milli hərəkatın fəal üzvlərindən olan Aşurov Fevral inqilabından (1917) sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmiş, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak etmişdir. 1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparmışdır. 

Azərbaycan Xalq Cümhuriyyətinin ikinci Hökumətində bitərəf Aşurov ticarət və sənaye naziri işləmiş, eyni zamanda, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik etmişdir. Cümhuriyyətin mövcudluğunun ilk mərhələsində dövlətin ticarət-sənaye və ərzaq siyasətini, əsasən, Aşurov müəyyən etmişdir. İqtisadi böhranla mübarizədə o xüsusi rol oynamış, iqtisadiyyata dövlət nəzarəti sisteminin yaradılması yönündə əzmlə çalışmış, möhtəkirliklə, fəaliyyətləri dövlət maraqlarına zidd olan xüsusi mülkiyyətçilərlə mübarizədə qətiyyətli və sərt tədbirlərin tərəfdarı olmuşdur. 

Aşurov dövlətin müstəqil iqtisadi xəttinin prinsipial müdafiəçisi idi. 1918-ci il oktyabrın 6-da Hökumətdə bəzi dəyişikliklərlə əlaqədar poçt və teleqraf naziri təyin olunmuşdur. Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, "Müsavat" və bitərəflər fraksiyasında təmsil olunmuşdur. 1918-ci il dekabrın ortalarında bütün Hökumət kabinəsi ilə birlikdə istefaya çıxmışdır. O, Cümhuriyyət dövründə Bakıda həyata keçirilən bir sıra mədəni-maarif tədbirlərinin də təşkilatçılarından olmuşdur. 

Aşurov 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən yeganə parlament üzvü idi. Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ keçirə bilməmişdilər. Aşurov Türkiyəyə mühacirət etməyə cəhd göstərmiş, bu baş tutmadıqda, Rostov şəhərinə köçüb, orada ixtisası üzrə mühəndis-texnoloq işləmişdir. 1936-cı ildə vəfat etmiş, Rostovun tatar qəbiristanlığında dəfn olunmuşdur.

 

Atamalıbəyov Abbas

Abbas Seyfulla bəy oğlu Atamalıbəyov 26 fevral 1895-ci ildə Tiflisdə anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi olmuşdur. İlk təhsilini Şamaxıda, Tiflisdə almışdır. Topçu zabit olmaq istəyən Atamalıbəyovun görmə qabiliyyəti zəif olduğundan onu hərbi məktəbə qəbul etməmişdilər. 1914-cü ildə Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olunmuşdur və bu dövrdə sağ eserlərə qoşulmuş, müsəlman həmyerlilər komitəsinin sədri seçilmişdir. Rusiyada inqilabi hərəkatda yaxından iştirak etmiş, hərc-mərclik yarandığından Qafqaza dönmüş, eserlər partiyasında siyasi fəaliyyətini davam etdirmişdir. Atamalıbəyov Azərbaycan Milli Şurasının və Cümhuriyyət Parlamentində ―”Sosialistlər bloku” fraksiyasının üzvü idi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini gəmiqayırma sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi Paris sülh konfransında (1919-20) Azərbaycan nümayəndə heyətinin üzvü M. Məhərrəmovu əvəz etmək üçün Atamalıbəyovu Fransaya ezam etmiş və o, nümayəndə heyətinin tərkibində katib kimi fəaliyyət göstərmişdir. 1920-ci il aprel işğalından sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25-ci illər üçün məlumatında Atamalıbəyovun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. 

Parisdə siyasi fəaliyyətini davam etdirmiş Atamalıbəyov, mühacirət dairələrində tanınan siyasətçilərdən olmuşdur. Fransa hökumətinin SSRİ-yə qarşı siyasətinin mühacirlər üçün yaratdığı əlverişli imkanlardan istifadə edərək, Parisdə Siyasi Elmlər Məktəbini bitirmişdir. Azərbaycan mühacirətində Məhəmməd Əmin Rəsulzadəyə müxalif olan qrupa mənsub idi. Qərargahı Cenevrədə olan Millətlər Cəmiyyətinin, siyasi tədbir və müzakirələrində vaxtaşırı iştirak etmişdir. Əlimərdan bəy Topçubaşovun vəfatından (1934) sonra Parisdə cəmləşən Azərbaycan mühacirətinin rəhbəri idi. Əməkdaşlıq etdiyi "Revyu de Prometey", "O" jurnallarında Cənubi Qafqaza dair məqalələri dərc olunmuşdur. 

Fransa almanlar tərəfindən işğal olunduqdan sonra Berlində yaşamış, orada Qırmızı Xaç Komitəsində çalışmış, azərbaycanlı əsirləri xilas etmək üçün böyük işlər görmüşdür. Siyasi fəaliyyətini burada da davam etdirən Atamalıbəyov Azərbaycan legionu ilə Hitlerin ordu qərargahı arasında əlaqə saxlayan üç nəfərdən ibarət qrupa (Ə.Fətəlibəyli-Düdənginski və F.Əmircanla birlikdə) daxil olmuşdur. 1944-cü ilin oktyabrında Qafqaz Şurasının yaradılmasının təşəbbüsçülərindən olmuş, Şuranın 1947-ci ildə Lozannada keçirilən toplantısında iştirak etmişdir. Sonralar bir müddət Çilidə, MƏR-də, 1967-ci ildən isə ABŞ-da yaşamışdır. Ömrünün sonunadək Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış, vətəninə qovuşacağına inamını itirməmişdir. Uzun sürən ağır xəstəlikdən sonra 1971-ci ildə Klivlenddə vəfat etmişdir.

 

Cavanşir Behbud xan

Behbud Xan Azad oğlu Cavanşir 1877-ci ildə keçmiş Tərtər nahiyəsinin (indiki Tərtər rayonu) Azad Qaraqoyunlu kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət və ictimai xadimi olmuşdur. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsidir. 1890-cı ildə alman dili təmayüllü Tiflis realnı məktəbinə daxil olmuş və Tiflis mağazalarından birinin xidmətçisinin oğlu Stepan Şaumyanla səkkiz il bir sinifdə oxumuşdur. Orta təhsilini Tiflis realnı məktəbində almış, sonra dünyada ilk ali-texniki məktəb olan Almaniyadakı Frayberq Dağ-Mədən Akademiyasını bitirmişdir. O, bu akademiyanın ilk azərbaycanlı məzunudur. Behbud xan Cavanşir Almaniyadan İngiltərəyə gedərək təkmilləşdirmə kurslarında oxumuşdur. Qərbi Avropadakı həyatı onun bir siyasi və ictimai xadim kimi formalaşmasına təsir etmişdir. Behbud xan Cavanşir alman, ingilis, fransız, rus, gürcü və erməni dillərini mükəmməl bilmişdir.

1916-cı ildə Azərbaycana qayıdan Behbud xan Cavanşir Bakı neft müəssisələrində baş mühəndis vəzifəsində çalışmışdır. Doğma xalqının maariflənməsi uğrunda mübarizə aparan Behbud xan Cavanşir Bakı Müsəlman xeyriyyə cəmiyyətinin rəhbərliyinə seçilmişdir. Behbud xan Rusiyada və Avropada ali təhsil alan bir neçə azərbaycanlı gəncə öz vəsaiti hesabına təqaüd vermiş, anadilli mətbuata müəyyən yardımlar göstərmişdir. Onun fəaliyyəti çar xəfiyyələri tərəfindən ciddi izlənmişdir. 1920-ci ildə Bakıda rusca çapdan çıxmış "Zaqafqaziyada rus siyasətinə dair sənədlər" kitabından (onun digər adı "Qara kitab"dır) aydın olur ki, Behbud xan Cavanşir Əhməd bəy Ağayevin 1905-ci ildə gizli şəkildə yaratdığı "Difai" partiyasının Mərkəzi Komitəsinə daxil olmuşdur. O, "Nicat" cəmiyyətinin və "Rus texniki cəmiyyəti"nin Bakı şöbəsinin üzvü seçilmişdir. Texniki cəmiyyətin elmi əsərlərində Behbud xan Cavanşirin xeyli məqaləsi çap olunmuşdur.

O, fevral inqilabından sonra yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin tərkibinə seçilmişdir.

1918-ci il martın 18-dən 22-dək Stepan Şaumyanın başçılığı ilə Bakıda törədilən qırğında 15 minə yaxın azərbaycanlı həlak olmuşdur. Bu qırğının qabağını almağa çalışanlardan biri də Behbud xan Cavanşir olmuşdur. O, barışıq komitəsinin üzvü olmuşdur.

Behbud xan Cavanşir 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı Fətəli xan Xoyskinin Gəncədə təşkil etdiyi ikinci hökumət kabinəsində daxili işlər naziri vəzifəsini tutmuşdur.

1918-ci il oktyabrın 6-dan həmin ilin sonuna qədər Behbud xan Cavanşir eyni zamanda ticarət və sənaye nazirliyini də idarə etmişdir. O, yerli sənayenin inkişaf etdirilməsinə və Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına ciddi səy göstərmişdir.

Behbud xan Cavanşir Azərbaycan parlamentinə üzv seçilmişdir. Həmin ilin dekabrında Fətəli xan Xoyskinin kabinəsi istefaya çıxdığı üçün Behbud xan Cavanşir tutduğu vəzifələri tərk etmişdir.

1919-cu ildə xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün Behbud xan Cavanşirin yaxından iştirakı ilə Bakıda "Dəyanət" şirkəti yaradılmışdır. 1918-1920-ci illərdə Bakıda təntənəli "Azərbaycan gecələri" konsertinin təşkili və bir çox cəmiyyətlərin yaranması onun adı ilə bağlıdır.

1920-ci il aprelin 27-də baş verən hadisələrdən sonra Nəriman Nərimanovun tövsiyəsi ilə Behbud xan Cavanşir neft sənayesi sahəsində işləmişdir. Həmin ilin axırında müasir neft-mədən avadanlığı almaq üçün Almaniyaya ezam edilmişdir. Behbud xan Cavanşir yolüstü İstanbulda dayanaraq, o vaxt Malta adasında sürgündə olan həmyerlisi Əhmədbəy Ağayevin evində yaşamışdır. Görünür o, bolşevik əsarəti altındakı vətəni ilə həmişəlik vidalaşmaq qərarına gəlmişdi. Çünki uzaq səfərə xanımı Tamara Cavanşir, qardaşları Surxay xan və Cəmşid xan ilə birlikdə çıxmışdı.

1921-ci il iyulun 18-də saat 23 radələrində İstanbulun "Pera-Palas" hotelinin önündə "Daşnaksutyun" partiyasının üzvü və Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlakyan Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirmiş və həbs olunmuşur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilmişdir.

Prokuror qatil üçün ölüm cəzası istəmiş, lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırılmışdır. Yerinə gələn prokuror isə müttəhimə bəraət istəmiş və qatil Torlokyan gecə ikən qaçırılmışdır.

 

Cəfərov Məmməd Yusif

Məmməd Yusif Hacıbaba oğlu Cəfərov (Cəfərzadə) 1885-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Cümhuriyyət Parlamentinin sədr müavini olmuşdur. Bakı kişi gimnaziyasını (1907) və Moskva Dövlət Universitetinin hüquq fakültəsini (1912) fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil illərində Moskvada oxuyan azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan etnoqrafik konsert gecələri"nin və "Azərbaycan həmyerlilər təşkilatı"nın üzvü, sonralar isə rəhbərlərindən biri olmuşdur. 

Ali təhsilini başa vurandan sonra Bakıya qayıdaraq, məhkəmədə andlı hakim köməkçisi vəzifəsində çalışmışdır. Hüquqşünas kimi şəhər əhalisinin hörmətini qazanan 27 yaşlı Məmməd Yusif 1912-ci ildə Bakı, Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən 4-cü Dövlət dumasına deputat seçilmişdir. O, 4-cü Dövlət dumasında Cənubi Qafqazdan yeganə müsəlman deputat idi. M.Cəfərov 1912-1917-ci illərdə Sankt-Peterburqda fəaliyyət göstərən 4-cü Dövlət dumasının 5-ci bölməsinin, Müsəlman fraksiyasının, büdcə, köçürmə, sorğu, məhkəmə islahatı, hərbi və dəniz işləri üzrə komissiyalarının üzvü seçilmişdir. O, dumada Rusiya baş nazirinin hesabatı, gömrük departamentinin xərcləmə dərəcəsi, köçürmə idarəsi üzrə xərclərin smetasına dair büdcə komissiyasının hesabatı, 1913-cu ildə Cənubi Qafqazın bəzi yerlərində məhsulsuz qalmış əhaliyə kömək tədbirləri, müharibə və s. məsələlərin müzakirəsi zamanı çıxışlar etmiş, çar hökumətinin müstəmləkəçilik siyasətini, Cənubi Qafqaz əhalisinə, xüsusən müsəlmanların maariflənməsinə laqeyd münasibət göstərildiyini, hüquqlarının məhdudlaşdırıldığını, milli məktəblərin bağlandığını tənqid etmiş və kazarmaya çevrilmiş məscidlərin qaytarılmasını Müsəlman fraksiyası adından tələb etmişdir. Çarizmin köçürmə siyasətinə öz mənfi münasibətini bildirən M.Cəfərov, bunun "yerli ünsürü sıxışdırmaq yolu ilə ucqarlarda rus ünsürünü gücləndirmək" məqsədi daşıdığını göstərmişdir. Köçürmə nəticəsində ən yaxşı torpaqların yerli əhalidən alınıb gəlmə əhaliyə verilməsini, yerli əhalinin yaşamaq imkanlarının əlindən alınmasını M.Cəfərov "dövlət işi yox", yerli əhaliyə qarşı yönəldilmiş "dövlət bəlası" hesab edirdi. 

M. Cəfərov Sankt-Peterburqda olduğu dövrdə Lənkəran balıqçıları, Şamaxı müəllimləri, müsəlman ruhaniləri ona bir deputat kimi müraciət etmişlər. O, əhalinin irəli sürdüyü məsələləri həll etmək üçün bir sıra dövlət idarələri və nazirliklərlə əlaqə saxlamış, onların həllinə çalışmışdır. 

Fevral inqilabını (1917) rəğbətlə qarşılayan M.Cəfərov 1917-ci ilin martın 9-da Müvəqqəti hökumətin göstərişi ilə 4-cü Dövlət dumasının üzvlərindən yaradılan Xüsusi Zaqafqaziya Komitəsinin tərkibinə daxil idi. Həmin komitədə ona sənaye və ticarət işlərinə rəhbərlik tapşırılmışdı. Bu komitə Müvəqqəti hökumət tərəfindən 1917-ci il martın 6-da bütün xalqa elan olunmuş prinsiplər əsasında Zaqafqaziya diyarında möhkəm qayda yaratmalı və diyarda hakimiyyət orqanını təşkil etməli idi. 

M. Cəfərov Fevral inqilabı nəticəsində əldə olunmuş azadlığı müdafiə etmək, qoruyub saxlamaq üçün bütün səyləri birləşdirməyə çağırırdı: "Bu azadlığı əlinizdən verməyin, onu əlinizdə möhkəm saxlayın, iç işləri barədə isə sonra danışarıq". Çarizmin devrilməsi ərəfəsində fəaliyyət göstərmiş 4-cü Duma tribunasından istifadə edən M.Cəfərov öz səsini müxalifətin səsinə qoşaraq "mərkəzləşdirilmiş bürokratik mexanizmin Rusiyanın özgə xalqlarının milli hisslərini" təhqir etdiyini tam açıqlığı ilə bildirmişdir. M.Cəfərov 1917-ci il aprelin 15-20-də Qafqaz müsəlmanlarının Bakıda keçirilən qurultayında çıxış etmiş, müsəlmanları birliyə çağırmışdır. Həmin il noyabrın 15-də Tiflisdə yaradılan Zaqafqaziya Komissarlığında M.Cəfərov ticarət və sənaye komissarı vəzifəsini tutmuşdur. M. Cəfərov 1918-ci il fevralın 23-dən Tiflisdə işə başlayan Zaqafqaziya seyminin Müsəlman fraksiyasının üzvü, bu fraksiyanın ümumi rəyasət heyətinin sədr müavini olmuşdur. O, seymin və Müsəlman fraksiyasının iclaslarında dəfələrlə çıxış edərək, Cənubi Qafqaz xalqlarını dostluğa, ədavəti aradan qaldırmağa, əldə edilmiş azadlığı qorumağa çağırmış, Türkiyə dövləti ilə danışıqlara başlamağı və sülh sazişi bağlamağı təklif etmişdir. 

1918-ci il mayın 27-də Müsəlman fraksiyasının fövqəladə iclasında Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə yaradılan Müvəqqəti Milli Şuranın İcraiyyə Komitəsinin tərkibində M.Cəfərov da seçilmişdir. 

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyannaməsi qəbul edilmişdir. M.Cəfərov müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.

Həmin iclasda Fətəli xan Xoyskinin təşkil etdiyi ilk Azərbaycan Hökumətinin tərkibində M.Cəfərov ticarət və sənaye naziri vəzifəsini tutmuşdur. 1918-ci il iyunun 17-də bu Hökumət istefa verdi və Azərbaycan Milli Şurası Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi. Həmin gündən 1919-cu il mart ayının ortalarına kimi M.Cəfərov Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstan Respublikasında diplomatik numayəndəsi olmuşdur. O, bu vəzifədə Azərbaycan və Gürcüstan hökumətləri arasında dostluq əlaqələrinin yaradılmasında, keçmiş Zaqafqaziya Demokratik Federativ Respublikasının əmlakının bölüşdürülməsində, Gürcüstan və Dağlılar respublikaları nümayəndələrinin Tiflisdə keçirilmiş konfransında yaxından iştirak etmiş və Azərbaycanla Gürcüstan arasında əlavə müvəqqəti kağız buraxılması haqqında müqaviləni imzalamışdır. 1919-cu il martın 14-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi 4-cü hökumətdə M.Cəfərov xarici işlər naziri vəzifəsini tutmuş, bu vəzifədə 1919-cu il dekabrın 22-nə qədər çalışmışdır. M.Cəfərov bir diplomat kimi Azərbaycan Respublikasının mənafeyini müdafiə etmişdir. Bu onun imzaladığı Gürcüstan və Azərbaycan respublikaları arasında hərbi-müdafiə sahəsində əməkdaşlıq haqqında müqavilədə, Ermənistan, Gürcüstan və Azərbaycan respublikaları arasında sazişdə, azərbaycanlılara qarşı soyqırımı və ayrı-seçkilik siyasəti əleyhinə Ermənistan xarici işlər nazirliyinə, müsəlman əhalisinin mənafeyinin, əmlakının müdafiə edilməsi Azərbaycanın ərazi bütövlüyünün qorunması barədə Böyük Britaniyanın Cənubi Qafqazdakı və Bakıdakı qoşunlarının komandanlıqlarına göndərdiyi notalarda və s. aydın əksini tapmışdır. 

M. Cəfərovun sərəncamı ilə çar Rusiyasının Cənubi Qafqazda siyasətinə dair sənədlər toplusunu hazırlamaq üçün xüsusi komissiya yaradılmışdır.

1920-ci il fevralın 2-də Məhəmməd Əmin Rəsulzadənin təklifi ilə Azərbaycan Parlamenti sədrinin birinci müavini seçilmiş və Cümhuriyyətin süqutunadək bu vəzifədə çalışmışdır. M.Cəfərov 1920-ci il aprelin 27-də Parlamentin son iclasında gərgin müzakirələrdən sonra hakimiyyətin Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə verilməsi haqqında qərarı imzalamışdır. 

Cümhuriyyətin süqutundan sonra Azərbaycanın pambıqçılıq və şərabçılıq trestlərində hüquq məsləhətçisi vəzifəsində çalışmışdır. 1938-ci ildə Bakıda vəfat etmişdir.

 

Çəmənzəminli Yusif Vəzir

Yusif Mirbaba oğlu Vəzirov 1877-ci ildə Şuşanın Çəmənzəminli kəndində doğulmuşdur. 1915-ci ildə Kiyev Universitetinin hüquq fakültəsini bitirmişdir. On bir dil bilmişdir. Y. V. Çəmənzəminli 1906-cı ildən çap olunmağa başlamışdır. "Ağsaqqal", "Qoz ağacı", "Cənnətə vəsiqə", "Şahqulunun xeyriyyə işi" adlı və s. hekayələri "Keçmişin səhifələri" adlı topluda sonralar çap olunmuşdur. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın şəhər və kəndlərinin həyatını burada əlvan boyalara əks etdirmişdir. "Polis şineli", "Zeynal bəy" kimi əsərləri çarizmin Azərbaycanda apardığı qəddar siyasətə həsr olunmuşdur. Y. V. Çəmənzəminli universiteti bitirdikdən sonra Simferopol, Odessa, Saratov, İstanbul və Parisdə yaşamışdır.

1919-cu ilin yanvar ayında Krımda olan Çəmənzəminli Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada səfiri təyin edilir. Lakin bolşeviklər Kiyevi ələ keçirdiyindən, oraya gedə bilməmiş və 1919-cu ilin yayında İstanbuldan keçərək Bakıya qayıtmışdır. Vətənə qayıdıb, bir ay Bakıda qaldıqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə ilk səfiri vəzifəsinə təyin edilərək, İstanbula getmişdir Cümhuriyyətin 11-ci Qırmızı ordu tərəfindən istilasından sonra mühacir həyatı yaşayan Çəmənzəminli 1926-cı ildə Vətənə qayıdıb yaradıcılıqla məşğul olmuş, qəzet və jurnallarla əməkdaşlıq etmişdir. 1938-1940-cı illərdə rus dilindən dərs demişdir. Çəmənzəminlinin ilk "Studentlər" romanının mövzusu yazıçının Kiyev həyatından götürülmüşdür. 1936-1937-ci illərdə Qarabağ xanının vəziri böyük şair Vaqifin həyatından bəhs edən "Qan içində" və 1961-ci ildə çap olunmuş "İki od arasında" əsərlərini yazmışdır. "Qızlar bulağı" "Həzrəti Şəhriyar" və bir sıra başqa roman, komediya və ssenarilər onun qələminin məhsuludur. Y. V. Çəmənzəminlinin əsərləri dilinin sadəliyi, yumşaq bədii təsviri və özünəməxsus lirik çalarlarıyla seçilir. Onun əsərləri Parisdə, İstanbulda nəşr olunmuşdur. 

Yusif Mirbaba oğlu (Yusif Vəzir Çəmənzəminli) Stalin repressiyasının qurbanı olmuş, 1940-cı ildə həbs olunaraq Qorki vilayətinin Suxobezvodnoye həbs düşərgəsinə göndərilmişdir. 1943-cü ildə orada vəfat etmişdir. Bakıda və Şuşada küçə, məktəb, kitabxana, respublikada bir sıra başqa mədəni-maarif müəssisələri onun adı ilə adlandırılmışdır.

 

Əbilov İbrahim

İbrahim Məhərrəm oğlu Əbilov 1882-ci ildə Ordubad şəhərində anadan olmuşdur. Xalq Cümhuriyyəti Parlamentinin deputatı, sosialistlər fraksiyasının üzvü, ilk Azərbaycan diplomatlarından biri, Sovet Azərbaycanının Türkiyədə səfiri olmuşdur. Ordubadda M.T.Sidqinin "Əxtər" məktəbində oxumuş, atasının vəfatından sonra ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoymağa məcbur olmuşdur. 1903-cü ildən Port-Petrovskda (indiki Mahaçqala) və Bakıda fəhləlik etmiş, inqilabi hərəkata qoşulmuş, "Hümmət"in (menşevik) üzvü olmuşdur. 1907-ci ildə Bakı Xəzər Ticarət donanması dənizçilərinin tətilinin təşkilatçılarından idi. 1908-ci ildə Cənubi Qafqazda və Cənubi Azərbaycanda iranlı zəhmətkeşlər arasında inqilabi iş aparan "İctimaiyyun-amiyyun". ("Mücahid") sosial-demokrat təşkilatının sədri Nəriman Nərimanovun tapşırığı ilə İrana göndərilmişdir. 1909-cu ildə Bakıya qayıtdıqdan sonra burada çıxan "Bakı həyatı" qəzetinin redaktoru (1912) olmuşdur. Çar hökuməti tərəfindən dəfələrlə həbs olunan Əbilov 1913-cü ildə Həştərxana sürgün edilmişdir. Çarizm devrildikdən sonra sürgündən qayıdan Əbilov Tiflisdə menşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərmişdir.

1918-ci ilin axırlarında Bakıya gələn Əbilov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə deputat seçilmiş və onun sosialistlər fraksiyasının üzvü olmuşdur. 1920-ci ildə Bakı menşeviklərinin orqanı olan "İskra" qəzetinin redaktoru idi. 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Sovet Sosialist Respublikası daxili işlər nazirinin müavini təyin olunmuş, Şərq xalqlarının Bakıda çağırılan I qurultayında Şərq Xalqları Təbliğat və Təşviqat Şurasının katibi seçilmişdir. 1921-ci ilin iyulunda Azərbaycan nümayəndə heyətinin tərkibində Kommunist İnternasionalının 3-cü konqresində iştirak etmişdir. 1921-ci ildən N.Nərimanovun tövsiyəsi ilə Azərbaycan SSR-in, sonra isə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının Türkiyədə fövqəladə və səlahiyyətli səfiri olmuş, Sovet-Türkiyə, o cümlədən Azərbaycan-Türkiyə dostluq münasibətlərinin möhkəmləndirilməsində böyük rol oynamışdır. Onun təşəbbüsü ilə Türkiyənin Trabzon və Samsun şəhərlərində Azərbaycanın konsulluqları açılmışdı. Əbilovun səmərəli diplomatik fəaliyyəti və bilavasitə iştirakı sayəsində sovet respublikaları ilə Türkiyə arasında bir sıra ikitərəfli və çoxtərəfli müqavilələr imzalanmışdır. Naxçıvan muxtariyyətinin təməlini qoymuş 1921-ci il Moskva və Qars müqavilələrini digər Azərbaycan diplomatı, Sovet-Türkiyə danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı Behbud ağa Şahtaxtinski ilə birlikdə Əbilov da imzalamışdır. Türkiyə Cümhuriyyətinin banisi və ilk prezidenti Mustafa Kamal Atatürk ilə Əbilov arasında sıx dostluq münasibətləri var idi. Əbilov Azərbaycan Hökuməti adından dostluq və qardaşlıq rəmzi olaraq Atatürkə qızıl xəncər hədiyyə etmişdir. Atatürk Ankarada Azərbaycan səfirliyinin binası üzərində ölkəmizin bayrağının qaldırılması mərasimində iştirak etmişdir.

23 fevral 1923-cü ildə Türkiyənin İzmir şəhərində vəfat etmişdir, Bakıda dəfn olunmuşdur.

 

Əfəndizadə Abdulla

Abdulla İsmayıl oğlu Əfəndizadə (Əfəndiyev) 1873-cü ildə Şəkidə ruhani məmur ailəsində anadan olmuşdur. Maarif xadimi, tərcüməçi olan Əfəndizadə 1880-1888-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil almışdır. 1888-1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895-1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda oxumuşdur. 1898-ci ildə isə Bakıda pedaqoji fəaliyyətə başlamış, 1898-1920-ci illərdə müxtəlif məktəblərdə müəllim və müdir işləmişdir. Qafqaz Müsəlman Müəllimlərinin I (1906) və II (1907) qurultaylarında fəal iştirak etmişdir. Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) ilə birgə tərtib etdiyi yeni əlifba layihəsi və qurultayda qəbul olunmuş proqram əsasında 1908-ci ildə "İkinci il" dərsliyini yazıb nəşr etdirib. Əfəndizadə Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Nuxa şəhərindən ADR parlamentinin deputatı seçilib. Parlamentdə əvvəlcə Əhrar fraksiyasına daxil olub. 1919-cu il noyabrın əvvəllərində fraksiyadan ayrılaraq özünü sol müstəqil elan edib. 1919-cu ildə ADR hökumətinin nəşr etdirdiyi "Son türk əlifbası" adlı əlifba dərsliyinin müəllifı olub. Əfəndizadə İ.A.Krılovun, M.Y.Lermontovun seirlərinin ana dilimizə tərcümə işi ilə məşğul olmuşdur. O, Bakıda vəfat etmişdir.

 

Əfəndizadə Həmdulla

Həmdulla Əfəndi İsmayıl oğlu Əfəndizadə 1888-ci ildə Quba qəzası, Dəvəçi nahiyəsinin Qələgah kəndində anadan olmuşdur. İctimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə almışdır. 1906-cı ildə ikisinifli rus məktəbini bitirmişdir. Ərəb, fars və rus dillərini öyrənmişdir. 1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə soxulmuş erməni daşnakları dinc azərbaycanlılara qarşı soyqırımına başladıqda, Həmdulla əfəndi dostu Qaçaq Mayılla birlikdə xalqı ayağa qaldıraraq ermənilərə qarşı vuruşmuşdur. Əfəndizadə Azərbaycanın siyasi həyatında yaxından iştirak etmiş, "İttihad" partiyasının fəal üzvlərindən olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Quba qəzasından Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmiş, "İttihad" fraksiyasının üzvü olmuşdur. 1920-ci il aprelin 27-də bolşeviklərin zirehli qatarı Azərbaycana soxulduqda, Əfəndizadə öz tərəfdarları ilə birlikdə onun qarşısını kəsməyə cəhd göstərmiş, lakin qüvvələr qeyri-bərabər olduğundan geri çəkilməyə məcbur olmuşdu. 1928-ci ildə repressiyaya məruz qalaraq, Sibirə sürgün olunmuş, orada vəfat etmişdir.

 

Əfəndizadə Muxtar

Muxtar (Muxtar Əfəndi) İsmayıl oğlu Əfəndizadə 1 yanvar 1880-ci ildə indiki Ağdaş rayonunun Şəmsabad kəndində anadan olmuşdur. Maarif xadimi, müəllim, şərqşünas-tərcüməçi, Azərbaycanda milli-istiqlal hərəkatının fəal iştirakçılarından olmuş Muxtar əfəndi ilk təhsilini atasından almışdır. Sonra isə 9 il atasının dostu Hacı Məhəmməd əfəndinin mədrəsəsində, daha 9 il Ağdaş, Nuxa, Quba, Bakı, Şamaxı alimlərinin yanında təhsilini davam etdirmişdir. XX əsrin əvvəllərində uşaqlar üçün yeni təlim və tədris üsulu əsasında "Oxu" adlı dərslik yazmış, "Kimsəsiz uşaqlar evi", "Yaşlılar üçün kurs", 1906-cı ildə "Darülirfan" məktəbi , 1906-cı ildə qiraətxana, 1908-ci ildə yeni teatr , 1909-cu ildə "Səadət" adlı qız məktəbi açmışdır. Qubada təşkil etdiyi üsuli-cədid məktəbində dərs deyərək, Üsuli-cədid məktəbləri üçün "Şəraye-ül-islam" kitabını yazmışdır. 1918-ci ildə Şamaxı, Ağsu, Qutqaşen (indiki Qəbələ), İsmayıllı bölgəsində bir çox kəndləri viran qoyan erməni daşnak dəstələrinin Göyçaya, sonra isə Ağdaşa hücumları zamanı Muxtar əfəndi 200 nəfərlik dəstə təşkil edərək onların qarşısını almışdır. Muxtar əfəndi Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanununa əsasən Ərəş qəzasından ADR parlamentinin tərkibinə daxil edilmişdir. 

1920-ci il aprel işğalından sonra Ağdaşa qayıdaraq, maarifçilik fəaliyyətini davam etdirmişdir. Sovet hakimiyyəti tərəfindən dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qalaraq, "müsavatçı" damğası ilə evində axtarış aparılan Muxtar əfəndi həbs edilərək Qazaxıstana sürgün edilmişdir. O, 1939-cu ildə sürgündən qayıtdıqdan sonra pedaqoji və elmi fəaliyyətini davam etdirmişdir. 1944-1950-ci illərdə Azərbaycan Dövlət Universitetində ərəb dilindən dərs demişdir. Onun "Miftah ül-lisan ül-ərəb" ("Ərəb dilinin açarı") adlı kitabı (1947) SSRİ-də ali məktəb tələbələri üçün ilk ərəb dili dərsliklərindən biri olmuşdur. 17 oktyabr 1975-ci ildə Bakıda vəfat edən Muxtar Əfəndi Ağdaş rayonu Şəmsabad kənd qəbiristanlığında dəfn olunmuşdur.

 

Əminov Ağakərim

Ağakərim Məşədi Kərim oğlu Əminov 1888-ci ildə Bakıda anadan olmuşdur. Siyasi və dövlət xadimi olmuşdur. 1907-ci ildə Bakı kişi gimnaziyasını, 1911-ci ildə Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunu bitirmişdir. Peterburqda azərbaycanlı tələbələrdən ibarət həmyerlilər cəmiyyətinin üzvü olmuşdur. Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işləmişdir. 1912-ci ildə "Müsavat" partiyasına daxil olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi fəaliyyəti genişlənmişdir. Qafqaz müsəlmanları qurultayının (1917, aprel) iştirakçısı olmuş, "Müsavat" partiyasının 1-ci qurultayının (1917, oktyabr) keçirilməsində fəal rol oynamışdır. 

Əminov Azərbaycan Milli Şurasının 1918-ci il 19 noyabr "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən, "Müsavat" partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü Hökumət kabinəsində ticarət və sənaye naziri olmuşdur. Əminov iqtisadiyyatda liberallaşma xəttinə təşəbbüs etmiş, bu sahədə bir sıra mühüm tədbirlər görülməsinə nail olmuşdur: neft və neft məhsullarının mal mübadiləsi aparmadan Azərbaycandan kənara sərbəst çıxarılması haqqında Hökumət qərarı, mal mübadiləsi üzrə komitənin ləğvi haqqında maliyyə-iqtisad komitəsinin qərarı, 1919-cu ilin sonu üçün xammalın Azərbaycandan kənara ixrac şərtləri haqqında yeni, liberal məzmunlu qanunun qüvvəyə minməsi və s. O, sərbəst ticarət, dövlətin iqtisadi inkişaf prosesinə müdaxiləsinin məhdudlaşdırılması tərəfdarı olmuşdur. 

Əminov 1918-1919-cu illərdə "Müsəlman gecələri" tədbirinin əsas təşkilatçılarından olmuş, Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının (1919, may) yaradılmasında da fəal rol oynamışdır. 1920-ci il Aprel işğalından sonra "Azərneft" sistemində işləmişdir. 1921-ci ildə Bakıda vəfat etmişdir.

 

Əmircanov Əbdüləli bəy

Əbdüləli bəy Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə Şəkidə anadan olmuşdur.İctimai-siyasi xadim, maarifçi olmuşdur. 1876-1883-cü illərdə Şəki şəhər məktəbində oxumuş, Tiflisdə Aleksandr Müəllimlər İnstitutunu bitirmiş (1888), Şəki şəhər məktəbinə müəllim təyin edilmişdir. XIX əsrin sonunda Lənkəranda müəllim işləmiş, Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir. Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmiyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. 1918-ci ilin martında bolşevik-daşnakların müsəlman-türk əhalisinə qarşı həyata keçirdiyi soyqırımının qarşısını almağa çalışmışdır. 

Əmircanov Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci Hökumət kabinəsində (1918, iyun-oktyabr) maliyyə naziri, dövlət nəzarətçisi (1918, oktyabr-dekabr) olmuşdur. 1918-ci il 19 noyabr Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmişdir (1918, dekabr). Bitərəflər qrupuna daxil olan Əmircanov Parlamentdə maliyyə-büdcə və sorğu komissiyalarının üzvü olmuşdur. O, xarici ölkələrlə ticarət əlaqələri yaratmaq üçün 1919-cu ilin ortalarında Bakıda "Dəyanət" şirkətinin təşkilində yaxından iştirak etmişdir. 1920-ci il Aprel işğalından sonra İstanbula mühacirət etmiş, orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur. 1948-ci ildə İstanbulda vəfat etmişdir.

 

Əsədullayev Mirzə

Mirzə Şəmsi oğlu Əsədullayev 1875-ci ildə Bakıda anadan olmuşdur- Sahibkar, ictimai xadim olmuşdur. Azərbaycanın neft sənayeçisi Şəmsi Əsədullayevin (1840-1913) oğludur. Gimnaziya təhsili aldıqdan sonra atasının neft şirkətində əmək fəaliyyətinə başlamışdır. Məşhur sahibkar Musa Nağıyevin qızı Ümmülbanu ilə evlənmişdir. Şirkətin işi ilə bağlı müəyyən vaxtlarda Rusiyanın Peterburq, Moskva şəhərlərində yaşadığından, rus təhsili gördüyündən Azərbaycan dilini mükəmməl bilməyən Əsədullayev 1912-ci ildə Moskva Konservatoriyası nəzdində xüsusi musiqi kurslarının dinləyicisi olan Üzeyir Hacıbəylidən ana dili dərsi almışdır. "Bakı müsəlman xeyriyyə cəmiyyəti"nin sədri olmuş, mədəni-maarif tədbirlərinə maddi dəstək vermişdir. 1915-ci il martın 11-də "Qardaş köməyi" adlı qəzet buraxmağa başlamışdır (cəmi 1 sayı çıxmışdır). Əsədullayev Fevral inqilabından (1917) sonra 1917-ci ilin martında Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. 1918-ci ildən Bakı neft sənayeçiləri qurultayı şurasının sədri olmuşdur. Əsədullayev Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, neft sənayeçiləri qurultayı şurasından Cümhuriyyət Parlamentinə seçilmişdir. "Müsavat" və bitərəflər fraksiyasına daxil idi. 1918-ci il dekabr - 1919-cu il mart aylarında 3-cü Hökumət kabinəsində ticarət və sənaye naziri vəzifəsini icra etmiş, Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına və yerli sənayenin inkişaf etdirilməsinə ciddi səy göstərmişdir. 1920-ci ilin mayında həbs olunmuş, qısa müddətdən sonra azad edilmişdir. Hökumətdən rəsmi icazə alaraq xaricə getmiş, ömrünün sonuna kimi Parisdə yaşamışdır. 1936-cı ildə vəfat etmişdir. Qəbri şəhərin müsəlman qəbiristanlığındadır. Qızı Ümmülbanu Avropada tanınmış yazıçı (Banin) olmuşdur.

 

Gindes Yevsey

Yevsey Yakovleviç Gindes 1872-ci ildə Kiyevdə anadan olmuşdur. Görkəmli həkim-pediatr, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq səhiyyə naziri olmuşdur. 1897-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirmiş, Kiyevdə professor Çernovun uşaq klinikasında ordinator (1897-1905), Aleksandr xəstəxanasının yoluxucu xəstəliklər uşaq klinik şöbəsinin müdiri (1902-1905) işləmişdir. 1905-ci ildə Bakıya köçmüş, neft sənayeçiləri qurultayı şurasının Qaraşəhərdəki xəstəxanasının uşaq şöbəsinin müdiri (1905-1914), 1914-cü ildən isə uşaq xəstəxanasının direktoru və baş həkimi olmuşdur (bu xəstəxana 1922-ci ildən Pediatriya İnstitutuna, sonralar isə Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilmişdi). Gindes uşaq sümük vərəmi evinin - Zuğulbadakı sanatoriyasının təşkilatçısı və baş həkimi olmuşdur (1913-1930). Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin 3-cü Hökumət kabinəsində xalq səhiyyə naziri işləmişdir. “Slavyan-Rus Cəmiyyəti”adlı siyasi təşkilatın üzvü olmuşdur. Gindes 1932-1945-ci illərdə Bayıldakı uşaq xəstəxanasının təşkilatçısı və baş həkimi olmuş, 1941-ci ildə dissertasiya müdafiə etmədən tibb elmləri doktoru, professor təsdiq edilmişdir. 1945-1952-ci illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda uşaq xəstəlikləri kafedrasının professoru olmuşdur. Qafqazda ilk uşaq məsləhətxanası, süd məhsulları ("Süd damcısı") mətbəxi (fəhlə rayonları olan Bayılda və Sabunçuda filialı var idi) təşkil etmişdir. O, Bakıda ilk dəfə məktəb şagirdləri üçün uşaq yay düşərgələri təşkil etmiş (1906), fəhlə uşaqları üçün körpələr evi açmışdır. Bakıda Gindesi "Uşaq allahı" adlandırırdılar. 150-dən artıq əsərin müəllifidir. Gindesə Azərbaycanın əməkdar həkimi adı verilmişdir. 1952-ci ildə Bakıda vəfat etmişdir.

 

 

Hacıbababəyov Mehdi bəy

Mehdi bəy Hacıbababəyov 1871-ci ildə anadan olmuşdur. İctimai-siyasi xadim, Azərbaycanın istiqlal mübarizəsinin fəal iştirakçılarından biri olmuşdur. Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyannaməsi qəbul edilmişdir. Hacıbababəyov Müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.

Bakı realnı məktəbini bitirmiş, 1901-ci ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demişdir. "Nicat" xeyriyyə cəmiyyətinin katiblərindən biri olmuş, axşam kurslarında dərs demiş, "Nicat" cəmiyyətinin teatr bölməsinə başçılıq etmiş, eyni zamanda, "Nicat" cəmiyyətinin 1-ci şəhər rus-tatar məktəbinin direktoru seçilmişdir. Müəssislər Məclisinin çağırılması üzrə mərkəzi komissiyanın üzvü olmuşdur. Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis edilməsi haqqında qanun"una (1918, 19 noyabr) əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. "Müsavat" fraksiyasının üzvü olmuşdur. 1925-ci ildə vəfat etmişdir.

 

Hacıbəyli Ceyhun

Ceyhun Əbdül Hüseyn oğlu Hacıbəyli 1891-ci ildə Şuşada doğulmuşdur. Publisist, ədəbiyyatşünas, ictimai xadimdir. Üzeyir Hacıbəyovun kiçik qardaşıdır. İlk təhsilini Şuşada, orta təhsilini Bakıda almışdır. Peterburq və Sarbonna universitetlərində təhsil almışdır.

Gəncliyində musiqi və teatrla maraqlanmış sonra əsaslı şəkildə ədəbiyyat və publisistika ilə məşğul olmuşdur. Parisdə yaşayaraq "Revyu de Monde musulman" jurnalında Azərbaycan türklərinin mədəniyyəti ilə bağlı mütəmadi olaraq məqalələrlə çıxış edtmişdir. 1918-ci ildə ADR bərqərar olduqda C. Ə. Hacıbəyli Bakıya qayıdaraq rusdilli "Azərbaycan" qəzetinin redaktoru olmuşdur. 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Versal sülh konfransında iştirak etmişdir. Parisdə "Azərbaycan ilk müsəlman Respublikası" kitabını nəşr etdirmiş, "Revyu de Monde musulman" jurnalında Andranikin başçılıq etdiyi erməni millətçi şovinist bandasının Azərbaycanda törətdiyi genosiddə 30 min insanı vəhşicəsinə qətlə yetirməsindən bəhs edən böyük məqalə ilə çıxış etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan, Bakıda kommunist rejimi qurulduqdan sonra, C. Hacıbəyli Parisdə qalmışdır. Fransız oxucularını Azərbaycan musiqisi, incəsənəti və ədəbiyyatı ilə tanış etmiş, Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını fransız dilinə tərcümə edərək səhnəyə qoyuluşunda iştirak etmişdir. Azərbaycan teatrı, ədəbiyyatı, Hüseyn Cavid, Cəfər Cabbarlı haqqında məqalələr yazmış, 1928-ci ildə "Aziatik" jurnalında böyük azərbaycanlı ensiklopedist alim-filosof Abbasqulu Ağa Bakıxanov haqqında bir sıra məqalələr dərc etdirmişdir. 1933-cü ildə "Aziatik-revyu" jurnalında bu gün də əhəmiyyətini itirməyən "Qarabağ azərbaycanlılarının dialekti" adlı elmi məqalə dərc etdirmişdir. C. Hacıbəyli fransız şərqşünasları A. Beniqsen və T. Kelkejeninlə 1964-cü ildə nəşr olunmuş "Rusiyada 1920-ci ilədək müsəlman nəşriyyat işinin tarixi" adlı monoqrafiyanın hazırlanmasında iştirak edmişdir 

Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1962-ci ildə Parisdə vəfat etmiş, Sen-Klu qəbiristanlığında dəfn olunmuşudur. Bakı küçələrindən biri onun adını daşıyır.

 

Hacınski Cəmo bəy

Cəmo bəy Süleyman oğlu Hacınski 1888-ci ildə Qubada anadan olmuşdur. İctimai-siyasi xadim, publisist, teatr tənqidçisi, sənətşünas olmuşdur. Mehdi bəy Hacınskinin qardaşıdır. 1912-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. 1907-1915-ci illərdə "Kaspi" qəzetinin müxbiri və əməkdaşı olmuşdur. 1915-1917-ci illərdə Batum vilayətində və Dənizkənarı rayonda Birinci dünya müharibəsi (1914-1918) dövründə zərər çəkənlərə yardım edən müsəlman qaçqın komitəsinin müvəkkili işləmişdir. "Nicat" mədəni-maarif cəmiyyətinin işində iştirak etmiş, müsəlman dram cəmiyyətinin (1916) və Azərbaycan arxeoloji cəmiyyətinin (1917) yaradıcılarından olmuşdur.

1917-ci ilin iyulunda Cənubi Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilmiş, oradan nümayəndə kimi Rusiya Müəssislər məclisinə seçkilər üzrə Cənubi Qafqaz mərkəzi komissiyasının sədri vəzifəsinə təyin edilmişdir. 

Zaqafqaziya seyminin Müsəlman fraksiyasının, seym buraxıldıqdan (26 may 1918-ci il) sonra isə yeni yaradılmış Azərbaycan Milli Şurasının (27 may 1918-ci il) üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda qəbul edilmiş Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olmuşdur.

Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"una əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinə daxil edilmişdi. 

Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra etmiş, 4-cü və 5-ci hökumət kabinələrində (1919-cu il aprel -1920-ci il mart) poçt və teleqraf naziri vəzifəsində çalışmış, Respublikada rabitə sahəsinin inkişafında xüsusi xidməti olmuşdur. 

Hacınski "Türk yurdu" cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxumuş (1918), Azərbaycan və rus mətbuatında "Qubalı" imzası ilə çıxış etmişdir. Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirov və b. haqqında məqalə və resenziyalar yazmışdır. "Milli nəğmələr" kitabçalarında (1919-1920) şeirləri dərc olumuşdur. 

1920-ci il Aprel işğalından sonra xalq ədliyyə komissarlığında inzibati-maliyyə şöbəsinin rəisi təyin olunmuş, mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirmişdir. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin işində yaxından iştirak etmiş, qədim mədəniyyət abidələrinin mühafizəsi məsələləri ilə məşğul olmuşdur. 1922-ci il aprelin 21-də həbsə alınmış, 3 il məhbəsdə saxlandıqdan sonra Solovki (Rusiya, Arxangelsk vilayəti) həbs düşərgəsinə göndərilmişdir. 1928-ci ilin iyununda azad edilərək Bakıya qayıtmış, həmin ilin iyulundan respublika Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında ("Köybirliyi") plan şöbəsinin katibi olmuş, sonra şöbə müdiri vəzifəsini icra etmişdir. Hacınski 1933-cü ilin noyabrından Azərittifaq sistemində işləmiş, bir ildən sonra sənaye kooperasiyasında baş məsləhətçi vəzifəsinə keçirilmişdir. 1937-ci ilin yanvarında həmin vəzifə ləğv olunduğundan işdən çıxarılmış, 1938-ci il noyabrın 24-də yenidən həbs edilərək sürgün olunmuşdur. 1942-ci ildə Kirov vilayətinin Vyatka həbs düşərgəsində vəfat etmişdir.

1956-cı il iyunun 13-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən ona bəraət verilmişdir.

 

Hacınski Mehdi bəy

Mehdi bəy Süleyman oğlu Hacınski 1879-cu ildə Qubada anadan olmuşdur. Teatr xadimi, aktyor, publisist, ictimai-siyasi xadim olmuşdur. Bakıda realnı məktəb kursunu bitmiş, şərq dilləri kurslarının dinləyicisi olmuşdur. Bakı Dövlət Universitetinin filologiya və hüquq fakültələrində təhsil almışdır. 1896-cı ildə Bakıda müsəlman truppasının təşkilində fəal rol oynamışdır. 1906-cı ildə isə ikinci teatr truppasının, sonralar Artistlər Şurasının üzvü olmuşdur. Hacınskinin ilk çıxışı Nəriman Nərimanovun "Nadanlıq" əsərində olmuşdur. Qastrollarda türk artistlərinə rəhbərlik etmişdir. Hacınski 1905-ci ildən Bakı şəhər idarəsinin üzvü olmuşdur. Müsəlman xeyriyyə cəmiyyətinin, "Nicat" və "Səfa" mədəni-maarif cəmiyyətlərinin təşkilatçılarındandır. "Nicat"ın teatr bölməsinin rəhbəri, "Nəşri-maarif" cəmiyyətinin sədr müavini, üç il "Səfa" cəmiyyəti xalq məktəblərinin rəisi, 1914-cü ildən teatr bölməsinin sədr müavini olmuşdur. Bakı teatrlarında müxtəlif xarakterli obrazlar - Karl Moor ("Qaçaqlar", F.Şiller), Nadir şah ("Nadir şah", N. Nərimanov) və s. yaratmışdır.

İlk məqaləsi İsmayıl bəy Qaspralının "Tərcüman" qəzetinin 1898-ci il 8 dekabr tarixli sayında Azərbaycan və rus dillərində dərc olunmuşdur. "Kaspi", "Həyat", "İqbal", "İrşad" qəzetlərdə, "Zənbur", "Molla Nəsrəddin" jurnallarında "Ürfüzadə", "Dəmdəməki", "Avara", "Estet". imzalarla Azərbaycan teatrına, aktyor sənətinə dair məqalələr, hekayə, oçerk və felyetonlar dərc etdirmişdir. 1906-1907-ci illərdə bir müddət "Hümmət" təşkilatının orqanı "Təkamül" qəzetinin naşiri olmuşdur. "Sultan Əbdüləzizin xəli, yaxud ilk Türk Cümhuriyyəti" adlı dram əsəri var. 

Bir sıra pyesləri ("Əl-Mənsur", H.Heyne; "Qaçaqlar", F.Şiller; "Nadan övlad", D.İ.Fonvizin və s.) Azərbaycan dilinə çevirmişdir. Xalq yaradıcılığı nümunələrinin toplanıb, Azərbaycan və rus dillərində nəşr edilməsində də xidməti var. Mirzə Ələkbər Sabirlə dost olmuş, onun ölümündən sonra əsərlərinin nəşrində yaxından iştirak etmişdir.

Hacınski siyasi xadim kimi də fəaliyyət göstərmişdir. "Müsavat" partiyasının üzvü olmuş, partiyanın Bakı bürosunun tərkibinə seçilmiş (1917), Zaqafqaziya seyminin, 1918-ci il, 26 may Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın Azərbaycanın istiqlal bəyannaməsini qəbul edən 24 üzvündən biri idi. Milli Şuranın "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmiş, rəyasət heyətinin katibi olmuşdur.

Sovet hakimiyyəti illərində Tiflisdə çıxan "Yeni fikir", "Yeni kənd" qəzetlərində, "Dan ulduzu" jurnalında əməkdaşlıq etmişdir. Azərbaycan SSR Xalq Maarif Komissarlığının tapşırığı ilə türk (Azərbaycan) "Satir-Agit" teatrını təşkil etmiş, teatr müdiriyyətinin üzvü olmuşdur.

Azərbaycan Sovet Sosialist Respublikası məhkəmə xadimlərinin 1-ci qurultayında xalq hakimləri şurası rəyasət heyətinin üzvü seçilmişdir. Xalq ədliyyə komissarlığın təlimatçısı kimi, məhkəmə idarələrinin təşkili üçün Naxçıvan Muxtar Respublikasına ezam edilmişdir. Xalq ərzaq komissarının, xalq maarif komissarının müavini təyin edilmiş, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali İqtisadi Şurasının üzvü və muxtar respublikanın tədqiqi üzrə komitənin sədri seçilmişdir. Azərbaycan Xalq Təsərrüfatı Şurası (AXTŞ) Baş idarəsi rəisinin Gürcüstanda müavini təyin edildiyindən, Tiflisə çağırılmışdır. AXTŞ-nin "Xalq təsərrüfatı" jurnalı redaksiya kollegiyasının üzvü olmuş, Azərbaycanın dövlət qulluqçuları üçün türk dili kurslarına rəhbərlik etmişdir.

1941-ci ildə Bakıda vəfat etmişdir.

 

Hacınski Məmməd Həsən

Məmməd Həsən Cəfərqulu oğlu Hacınski 1875-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi olmuşdur. Peterburq Texnologiya İnstitutunu bitirmişdir. Bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləmişdir. Bakıya qayıdan Hacınski 1908-ci ildən Bakı şəhər idarəsində tikinti şöbəsinə başçılıq etmiş, Bakının abadlaşdırılması və inşaat işlərinin genişlənməsinə səy göstərmişdir, şəhərin baş planının (1898, müəllifi fon der Nonne) layihəsini təkmilləşdirmişdir. 1909-1910-cu illərdə Bakı dənizkənarı parkının salınması (tikintisi 1912-ci ildə başa çatdırılmışdır) və dəniz hamamının tikilməsi Hacınskinin fəaliyyəti ilə bağlıdır. Şəhərsalma və tikinti-inşaat sahəsində görkəmli təşkilatçı kimi tanınmışdır. 1912-ci ildə şəhər idarəsi Hacınskinin redaktəsi ilə Bakı küçələrinin abadlaşması haqqında kitab buraxmışdır. O, 1913-cü ildə qısa müddət Bakı şəhər idarəsinin rəisi olmuş, Şirvanşahlar sarayının qorunması və bərpasına dair təşəbbüs irəli sürmüşdür. Həmin təşəbbüsə əsasən, 1918-ci ildə memarlar Zivər bəy Əhmədbəyov və Ö.Abuyev Şirvanşahlar sarayının bərpa layihəsini hazırlamaq üçün elmi-tədqiqat işləri aparmışlar.

Hacınski 1902-1917-ci illərdə Bakı şəhər dumasının üzvü olmuş və onun bir çox iclaslarına sədrlik etmişdir. O, 1904-cü ildə "Hümmət" sosial-demokrat təşkilatını yaradanlardan biridir. Hacınski, eyni zamanda, "Nəşri-maarif" cəmiyyətinin (1906) yaradılmasının təşəbbüsçülərindən biri, həmçinin "Nicat" cəmiyyəti idarə heyətinin, "Müsəlman xeyriyyə cəmiyyəti" Mərkəzi Komitəsinin üzvü olmuşdur. Hacınski "Müsavat" partiyasının ilk üzvlərindən idi.

1917-1920-ci illər Hacınskinin ictimai-siyasi fəaliyyətinin qızğın dövrü olmuşdur. 1917-ci il martın 5-də təşkil edilən Bakı İctimai Təşkilatları Şurasının İcraiyyə Komitəsinə daxil idi. Hacınski martın 27-də yaradılmış Bakı Müsəlman İctimai Təşkilatları Müvəqqəti Komitəsinin sədri seçilmişdi. 1917-ci ilin aprelində Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak etmişdi. O, qurultayı açmış və onun rəyasət heyətinə seçilmişdi. Həmin ilin mayında Hacınski Rusiya müsəlmanlarının Moskvada keçirilmiş qurultayında da fəal iştirak etmişdi. Hacınski "Müsavat" partiyasının birinci qurultayında (1917, 26-31 oktyabr, Bakı) Mərkəzi Komitənin üzvü seçilmişdi. 1917-ci il noyabrın 15-də yaradılmış Zaqafqaziya komissarlığında ticarət və sənaye komissarının müavini vəzifəsində çalışmışdır. Rusiya Müəssislər məclisinə üzv seçilmiş Hacınski Zaqafqaziya seymi təşkil edildikdə "Müsavat" partiyasından bu qurumun üzvü olmuşdur. Seymdə Osmanlı dövləti ilə danışıqlar aparmaq üçün seçilən nümayəndə heyətinə daxil idi. Trabzon konfransında (1918) iştirak etmiş, konfransda Zaqafqaziya seyminin danışıqları dayandırmaq haqqında qərarına qarşı çıxmış, bu qərarı sülhü pozmağa yönəldilmiş cəhd kimi qiymətləndirmiş və bu qərarı "beynəlxalq münasibətlər tarixində tayı-bərabəri olmayan bir təxribat" adlandırmışdı. A.Çxenkeli Hacınskinin məsləhətilə danışıqları tamamilə kəsməmiş, nümayəndə heyətinin bir neçə üzvü, o cümlədən, Hacınski Trabzonda qalmışdı. Hacınski Trabzonda Ənvər paşa ilə görüşündə Osmanlı dövlətinin Cənubi Qafqazla bağlı mövqeyi ətrafında danışıqlar aparmışdır. Osmanlı dövlətinin yeni sülh təşəbbüsü ilə çıxış etməsində Hacınskinin mühüm rolu olmuşdur.

Hacınski Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) hökumətində ticarət və sənaye naziri vəzifəsini icra etmişdir. Seymin Batum konfransında iştirak edən 6 əsas nümayəndəsindən biri olmuş, Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycan tərəfini təmsil etmişdir. ZDFR-in süqutundan sonra (1918, 26 may) Hacınski mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının üzvü olmuşdu. O, Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 24 üzvündən biri idi.

Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsi təşkil olunarkən, Batumda olmasına baxmayaraq, Hacınski Azərbaycanın ilk xarici işlər naziri təyin edilmişdir. O, Osmanlı dövləti xarici işlər nazirliyindən Azərbaycanın müstəqilliyinin Rusiya və Avropa ölkələri tərəfindən tanınmasında vasitəçi olmasını xahiş etmişdi. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsini Azərbaycan tərəfindən M.Ə.Rəsulzadə ilə birlikdə Hacınski imzalamışdır. Müqavilənin 4-cü bəndinə əsaslanan Rəsulzadə və Hacınski Osmanlı dövlətindən erməni-daşnak soyqırımlarına məruz qalan Azərbaycana hərbi yardım üçün müraciət etmişdilər. Osmanlı dövləti ilə Bakı-Batum neft kəmərinin istismarına dair, Cənubi Qafqaz dəmir yollarından istifadə haqqında sazişlər də imzalanmışdı. Hacınski 1918-ci il iyunun 14-də Gürcüstan Respublikası hökumətinə etiraz notası göndərmiş, gürcü qoşunlarının Borçalı qəzası hüdudlarından dərhal çıxarılmasını tələb etmişdir. Hacınski Cənubi Qafqaz respublikaları arasında sərhədlərin dəqiqləşdirilməsi üçün müştərək komissiyalar yaratmaq təklifi ilə Gürcüstan və Ermənistan respublikaları hökumətlərinə müraciət etmişdi. O, iyulun 15-də Hökumət başçısı Fətəli xan Xoyskiyə müraciət edərək, ermənilərin dinc türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımlarını təhqiq etmək üçün fövqəladə təhqiqat komissiyası yaradılmasının zəruri olduğunu bildirmişdi. Hacınski İstanbuldakı Azərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadə ilə müntəzəm rəsmi əlaqə saxlamışdır. 

Azərbaycan Xalq Cümhuriyyəti 2-ci Hökumət kabinəsində xarici işlər naziri olmuş Hacınski 1918-ci il oktyabrın 6-dək həm də, müvəqqəti olaraq, nəzarət nazirliyinə rəhbərlik etmiş, 6 oktyabrdan isə maliyyə naziri olmuşdur. Hacınski maliyyə naziri kimi 1918-ci il noyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında müqavilə imzalamışdır. Müqaviləyə görə, Dağlılar Respublikasına 10 milyon rubl faizsiz borc vermişdi. O, 3-cü Hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini tuturdu.

Hacınski Azərbaycan Parlamentinin üzvü olmuşdur. O, Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris sülh konfransında (1919-1920) iştirak edən nümayəndə heyətinin tərkibinə daxil idi. Paris sülh danışıqları zamanı Ə.Topçubaşovla birlikdə ABŞ, B.Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran və b. ölkələrin başçıları, dövlət nümayəndələri, diplomatları ilə görüşərək, Azərbaycan xalqının istiqlal mübarizəsi, ölkənin ağır iqtisadi vəziyyəti, zəngin neft ehtiyatı haqqında məlumat vermişdir.

1919-cu il sentyabrın 16-da Parisdə ABŞ vətəndaşı M.Robinovun Azərbaycan nümayəndə heyətinin maliyyə müşaviri təyin edilməsi haqqında Ə.Topçubaşovla birlikdə saziş imzalamışdır. Hacınski Parisdə də Azərbaycan Xalq Cümhuriyyəti və Dağlılar Respublikası arasında ikitərəfli sazişin hazırlanmasında iştirak etmişdir. 

Azərbaycana qayıdan Hacınski 1919-cu ilin noyabrında baş nazir Nəsib bəy Yusifbəyli ilə birlikdə Ermənistan hökuməti ilə danışıqlar aparmaq üçün Tiflisə getmiş, noyabrın 23-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında sülh sazişinin imzalanmasında iştirak etmişdir. Səfər zamanı Hacınski Parisdə Azərbaycan-gürcü birgə iqtisadi bölməsinin sədri kimi Gürcüstan hökumətinə məruzə etmiş, iri ingilis və amerikan cəmiyyətləri ilə Azərbaycan və Gürcüstan üçün çox mühüm və sərfəli olan iqtisadi müqavilələrin layihələrini gətirdiyini bildirmişdir. Hacınski Dövlət Müdafiə Komitəsinin 1919-cu il 9 dekabr tarixli qərarı ilə Fətəli xan Xoyski və Məmmədrza bəy Vəkilovla birlikdə Azərbaycan-Ermənistan konfransında iştirak edəcək hökumət nümayəndə heyətinə daxil edilmişdi. Konfransda (1919, 14-21 dekabr) çıxış edən Hacınski bildirmişdi ki, Azərbaycan və Ermənistan respublikaları arasında dostluq münasibətlərinin yaranmasına əsas maneə mübahisəli ərazilər məsələsidir. Qafqaz respublikaları müstəqil dövlət kimi ittifaqda - konfederasiyada birləşsələr, bu mübahisəli məsələlər öz-özünə həll ediləcəkdir. 

Hacınski "Müsavat" partiyasının 2-ci qurultayında (1919, 2-11 dekabr) partiyanın siyasi komissiyasının və MK üzvü seçilmişdi. Dekabrın 24-də N.Yusifbəylinin yeni Hökumət kabinəsində Hacınski daxili işlər naziri, 1920-ci il fevralın 18-dən isə ticarət, sənaye və ərzaq naziri vəzifəsini tutmuşdu. 1920-ci il fevralın 5-də Hacınski yollar naziri Xudadat bəy Məlik-Aslanovla Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında sərbəst yük daşınması haqqında tranzit müqaviləsi və ona əlavə saziş imzalamışdır.

1920-ci il martın 30-da Hökumət istefa verdikdə, Azərbaycan Cümhuriyyəti Parlamenti yeni Hökumətin təşkilini Hacınskiyə tapşırdı. O, bir müddət Parlamentdə fəaliyyət göstərən partiya və fraksiya nümayəndələri ilə danışıqlar apardı, hətta bolşeviklərlə də görüşdü və onlara öz hökumətində nazir vəzifələri də təklif etdi. Bolşeviklərdən müsbət cavab almayan Hacınski aprelin 22-də yeni hökumət təşkil etməyin mümkün olmadığını, Parlamentin sədrini əvəz edən Məmməd Yusif Cəfərova bildirmiş, həmçinin "Müsavat" partiyasından çıxdığını və bolşeviklər partiyasına daxil olduğunu bəyan etmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin taleyi üçün son dərəcə məsuliyyətli bir zamanda Hacınskinin lənglik göstərərək hökuməti təşkil edə bilməməsi hakimiyyət böhranını daha da dərinləşdirmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra Hacınski Azərbaycan Sovet Sosialist Respublikası Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışmış, Azərbaycan şəhərlərinin abadlaşdırılmasında iştirak etmişdir. 1920-ci il mətbuatında Hacınskinin Azərbaycanın tikinti-quruculuq işlərinə dair məqalələri dərc edilmişdir. 

Sovet hakimiyyəti dövründə Azərbaycanın başqa görkəmli ictimai-siyasi xadimləri kimi Hacınski də repressiyaya məruz qalmışdır. L.Beriyanın göstərişi ilə 1930-cu il dekabrın 3-də Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilərək, ağır işgəncələr verilən Hacınski "Azərbaycan Milli Mərkəzinin" işi üzrə ittiham olunmuşdur.

Ağır həbsxana həyatına dözməyərək ürək xəstəliyinə və vərəmə tutulan Hacınski, istintaq sənədlərinə görə, 1931-ci ildə "özünü asmaqla" intihar etmişdir.

 

Haqverdiyev Əbdürrəhim

Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır. Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan tifaq" (1899) Peterburqda nəşr edilmişdir.

Peterburqda Müsəlman Xeyriyyə Cəmiyyətində katib (1895-99), Bakıda ikinci dərəcəli şəhər məktəbində müəllim, Müsəlman teatr truppasında rejissor (1901-04), Şuşa bələdiyyə idarəsinin üzvü (1904-06), 1-ci Rusiya Dövlət dumasının deputatı (1906), Bakıda Kür-Xəzər səhmdar gəmiçilik cəmiyyətində müfəttiş (1907-13), Ağdam yetimlər evinin müdiri (1913-16), Tiflisdə şəhərlər ittifaqının Qafqaz şöbəsində məmur və onun "Əxbarı"nın redaktoru (1916-17) olmuşdur. 1917-ci il fevral inqilabından sonra Borçalı qəzasına müvəkkil təyin olunmuşdur. 

1918-ci ildə Gürcüstan Demokratik Respublikası qurulandan sonra Borçalı qəzasından parlamentin deputatı seçilmişdir. 1919-cu ildə Şimali Qafqazda yaradılan Dağlı Respublikasına Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin diplomatik nümayəndəsi təyin edilmişdir. Dağlı Respublikasının süqutundan sonra Bakıya geri dönmüşdür. 1919-cu ilin avqustunda Ermənistanda Azərbaycanın diplomatik nümayəndəsi təyin olunmuşdur. 1920-ci ilin fevralında Ə.Haqveridyev Bakıdan İrəvana gedərkən Gürcüstanla Ermənistan arasında olan neytral zonada erməni quldurları tərəfindən qarət edilmişdir. Bundan bir qədər sonra istefa edərək İrəvandan Bakıya qayıtmışdır. 

Sovet hakimiyyəti illərində xalq maarif komissarlığında incəsənət şöbəsinin müdiri, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin sədri olmuş, Azərbaycan Dövlət Universitetində müəllim işləmişdir. Haqverdiyev XIX əsrin sonu - XX əsrin birinci qərinəsində (1892-1933) geniş yaradıcılıq fəaliyyəti göstərmiş, "Həyat", "İrşad", "Təzə həyat", "Tərəqqi", "Yeni İrşad", "Açıq söz" və s. dövri mətbuat orqanlarında hekayə, pyes, məqalə və tərcümələr dərc etdirmişdir. 

M.F.Axundzadənin realist ənənələrini inkişaf etdirərək, Azərbaycan dramaturgiyasını "Dağılan tifaq", "Bəxtsiz cavan", "Pəri-cadu", "Ağa Məhəmməd şah Qacar" və s. səhnə əsərləri ilə zənginləşdirmişdir. Ədibin "Xortdanın cəhənnəm məktubları" səyahətnamə-povesti, "Marallarım" hekayələr silsiləsi, "Ata və oğul", "Ayın şahidliyi", "Şeyx Şaban" hekayələri realizmin dərinliyi, hadisə və obrazların tipikliyi, satirik gülüşün kəskinliyi baxımından ədəbi prosesdə hadisə kimi səciyyələndirilmişdir. 

Haqverdiyev bədii tərcümə ilə də məşğul olmuş, U.Şekspirin "Hamlet", F.Şillerin "Məkr və məhəbbət", "Qaçaqlar", Y.Çirikovun "Yəhudilər", F.Volterin "Soltan Osman", E.Zolyanın "Qazmaçılar", A.Çexovun "Dəhşətli gecə", Qorkinin "Makar Çudra", "İzergil qarı" və s. əsərləri tərcümə etmişdir. Onun "Müsəlmanlarda teatr", "M.F.Axundovun həyatı və fəaliyyəti", "M.Qorkinin həyatı və yaradıcılığı", "Ədəbi dilimiz haqqında" və s. məqalələri ciddi elmi araşdırmaların məhsuludur. Yaradıcılığının janr baxımından rəngarəngliyinə baxmayaraq, əsərlərini ümumi ideya - əski həyat və məişətin, onun rəzalətlərinin, insan şəxsiyyətini və mənliyini alçaldan ictimai mühitin tənqidi birləşdirir.

Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur.
1933-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.

 

Həsənov Əliağa

Əliağa Hacı Süleyman oğlu Həsənov 1871-ci ildə Bakıda anadan olmuşdur. İctimai və dövlət xadimi olmuşdur. Bakı şəhər gimnaziyasını və kommersiya məktəbini bitirmişdir. Bakı taciri olan Həsənov "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından iştirak etmişdir. Şəhər dumasının üzvü idi. Həsənov Bakıya Şollar su kəmərinin çəkilməsində, şəhər kanalizasiya şəbəkəsinin yaradılmasında, dənizkənarı parkın salınmasında böyük xidmət göstərmişdir. Fevral inqilabından (1917) sonrakı siyasi hadisələrdə yaxından iştirak etmiş, 1918-ci ilin martında Bakıda türk-müsəlman əhaliyə qarşı soyqırımlarının qarşısını almağa çalışmışdır. Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Bakı şəhərindən bitərəf kimi Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü Hökumət kabinəsində maliyyə nazirinin müavini, 4-cü kabinədə isə maliyyə naziri təyin olunmuşdur. 1919-cu il sentyabrın 30-da Həsənovun rəhbərliyi ilə Azərbaycan Dövlət Bankı fəaliyyətə başlamışdır. Cümhuriyyətin əsginasları üzərində baş nazirlə yanaşı maliyyə naziri Həsənovun da imzası var idi. Milli pulların qiymətdən düşməməsi, emissiya həcminin artmaması, devalvasiyaya uğramaması üçün Həsənov böyük səy göstərmişdir. Həsənov həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də Sovet hakimiyyəti dövründə Azərbaycan Dövlət Bankına rəhbərlik etmişdir. Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirak etmişdir. Həsənovun dövri mətbuatda, o cümlədən "Füyuzat" jurnalında çoxlu məqalələri dərc edilmişdir. Böyük rus yazıçısı L.N.Tolstoyla dostluq münasibətləri olmuşdur.

1933-cü ildə Bakıda vəfat etmişdir.

 

Xasməmmədov Xəlil bəy

Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov 1873-cü ildə Gəncədə anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimlərindən biri olmuşdur. Gəncə klassik gimnaziyasında orta təhsil almış, Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Yekaterinodar (indiki Krasnodar) və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləmişdir. "İttifaqi-müslimin" təşkilatının din və hüquq komissiyalarının üzvü olmuşdur. Yelizavetpol quberniyasından 2-ci Dövlət dumasına deputat seçilmişdir (1907). Xəlil bəy Xasməmmədov Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olmuş, xalq azadlığı partiyasını təmsil etmişdir. Özlərini "solların gənc tatar partiyasına" aid edən Xoyski və Xasməmmədov fraksiyanın proqramını "Varlılar və zadəganlar üçün" nəzərdə tutulduğundan, tam şəkildə qəbul etmirdilər. Xasməmmədov Dumanın müsəlman fraksiyasının iclasında amnistiya məsələsini qaldırmış və onun qanunvericilik yolu ilə keçirilməsini təklif etmişdi. 3-cü Dövlət Dumasında (1907-1912) Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat idi. O, Dumanın imperatora müraciət hazırlanması, sorğular, köçürmə işi, məhkəmə islahatı üzrə komissiyalarının üzvü idi. Xəlil bəy Xasməmmədov Qafqaz müsəlmanlarının mənafeyini müdafiə edərək Duma deputatlarına bəyan etmişdi ki, "dövlətimizin siyasi quruluşunun bu və ya başqa cür adlanması qətiyyən vacib deyil, bu siyasi quruluşun tələbatımızı, istəklərimizi yerinə yetirməyə qadir olan məzmunu bizim üçün daha vacibdir". Xasməmmədov Dumanın iki illik fəaliyyəti dövründə müsəlmanların hüquqlarının imperiyanın əsas əhalisi ilə bərabərləşdirilməsi, onların maariflənməsi, rifahının yüksəldilməsi üçün heç bir iş görülmədiyini Duma üzvlərinin nəzərinə çatdırmış, kəndlilərin torpaq azlığından əziyyət çəkdiyini vurğulamışdır. 

Xasməmmədov Dumanın bütün fəaliyyəti dövründə müxtəlif sorğular və məsələlər üzrə (ədalətli idarəçilik, yerli əhaliyə torpaq verilməsi, xalq təhsili, hərbi mükəlləfiyyət, seçki, dini etiqad, zemstvo idarələrinin tətbiqi, yerli məhkəmənin dəyişdirilməsi və s.) çıxış etmişdir. Xalq təhsili məsələləri barədə çıxışlarında Xasməmmədov ibtidai məktəbdə ana dilində təhsili müdafiə etsə də, "dövlət dilini bilməyi zəruri" sayırdı. Xasməmmədov Zaqafqaziya (Qori) seminariyası Azərbaycan şöbəsinin Yelizavetpola (Gəncəyə) köçürülməsi və onun müstəqil seminariyaya çevrilməsi barədə Xalq Maarifi Nazirliyi qarşısında vəsatət qaldırmışdı. O, 1911-ci il noyabrın 30-da hərbi mükəlləfiyyət barədə qanun layihəsi üzrə çıxış edərkən hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını tələb etmişdi.

Xasməmmədov Yelizavetpol şəhər bələdiyyə rəisi (1913-1917) işləmişdir. Fevral inqilabından (1917) sonra Gəncədə "Türk Ədəmi-mərkəziyyət partiyasının yaradıcılarından biri, 1917-ci ildə keçirilmiş Qafqaz (Bakı, aprel) və Ümumrusiya (Moskva, may) müsəlmanları qurultaylarının iştirakçısı olmuşdur. 1917-ci il 26-31 oktyabrda Bakıda keçirilmiş "Müsavat" partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir. Xasməmmədov Azərbaycan milli hərəkatının rəhbərlərindən biri, Yelizavetpol Qəza İcraiyyə Komitəsinin sədri, Zaqafqaziya komissarlığında Dövlət nəzarəti komissarı, Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Xasməmmədov Müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. O, 1918-ci ildə keçirilməsi nəzərdə tutulan İstanbul konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinə daxil idi. 

X. Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, 1918-ci il 6 oktyabr kabinədaxili dəyişikliklərdən sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışmışdır. "Müsavat" partiyasından Azərbaycan Parlamentinin üzvü idi. X.Xasməmmədov Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz respublikaları konfransında (1919, aprel-iyun) iştirak etmişdir. 

Xasməmmədov 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunmuşdur. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmamış, İstanbulda yaşamış, coşqun siyasi-publisistik fəaliyyət göstərmiş, "Yeni Qafqasya", "Azəri-türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi" jurnallarında, Parisdə fransızca çıxan "Prometey", rusca "Kavkaz", Berlində Azərbaycan türkcəsində nəşr edilən "İstiqlal" və "Qurtuluş" qəzet və jurnallarında siyasi məzmunlu məqalələr dərc etdirmişdir. 

Xasməmmədov Azərbaycan Milli Mərkəzi (1924, İstanbul) Mərkəzi Komitəsinin və "Müsavat" partiyası xarici bürosunun (İstanbulda fəaliyyət göstərirdi) 3 nəfərdən (Məhəmməd Əmin Rəsulzadə - sədr, Mirzə Bala Məmmədzadə - katib və Xəlil bəy Xasməmmədov - xəzinədar) ibarət rəyasət heyətinin üzvü idi. 1930-cu illərin əvvəlində Milli Mərkəz və Xarici Büro daxilindəki ixtilafların dərinləşməsi Azərbaycan siyasi mühacirətinin parçalanması ilə nəticələndi. Mustafa bəy Vəkilov, Şəfi bəy Rüstəmbəyli və digərləri ilə birlikdə Xasməmmədov M.Ə.Rəsulzadəyə qarşı müxalif mövqedə dayanırdı. Sovet hökumətinin təzyiqi ilə M.Ə.Rəsulzadə Türkiyəni tərk etdikdən sonra Xəlil bəy, Şəfi bəy Rüstəmbəyli və başqalarının Avropadakı mərkəzdən göstəriş almadan, müstəqil fəaliyyət göstərmək meyli gücləndi. Nəticədə, Milli Müsavat Xalq Partiyasının konfransında (avqust 1936, Varşava) Xəlil bəy Xasməmmədov partiya sıralarından xaric edilmişdi. 

Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqları ilə sıx birliyinin qızğın tərəfdarı olan Xasməmmədov Azərbaycan və Şimali Qafqaz mühacirləri tərəfindən yaradılmış "Azərbaycan-Dağlılar birliyi" adlanan qurumun ilk sədri seçilmişdi. 1942-ci ilin yazında Almaniyanın Xarici İşlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy Xasməmmədov da olmuşdur.

1947-ci ildə İstanbulda vəfat etmişdir.

 

Xoyski Fətəli xan

Fətəli xan İsgəndər xan oğlu Xoyski 1875-ci ildə Şəkidə anadan olmuşdur. Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olmuşdur.

Ulu babası Cəfərqulu xan Cənubi Azərbaycanda Xoyun hakimi, babası İsmayıl xan 1807-1810-cu illərdə Şəki xanı olmaqla rus ordusunun general-leytenantı olmuşdur. F. İ. Xoyski orta təhsilini Gəncə Klassik Gimnaziyasında almış, 1901-ci ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir.

1901-1916-cı illərdə Gəncə, Suxum, Batum, Kutais, Bakı məhkəmələrində vəkil olmuşdur. Yekaterinodarda prokurorun köməkçisi, ikinci Dövlət Dumasının deputatı olmuşdur. 1917-ci ildə Rusiyada fevral inqilabından sonra F. Xoyski Zaqafqaziya seyminə daxil olmuşdur. 26 may 1918-ci ildə Seym buraxıldıqdan sonra, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsi qəbul edilmişdir. F. İ. Xoyski Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olmuşdur.

Şura F. İ. Xoyski başda olmaqla Azərbaycan hökumətini seçmişdir. 1919-cu ilin martına kimi F. İ. Xoyski bu hökumətin rəhbəri olmuşdur. Bu müddət ərzində bank sistemi yaradılaraq pul və poçt markaları buraxılmış, milli dildə məktəblər açılmış, kənd və şəhərlərə əvvəlki adları (məs. Yelizavetpol - Gəncə) qaytarılmış və s. dövlət əhəmiyyətli işlər görülərək dövlət hakimiyyətinin strukturu möhkəmləndirilmişdir. F. Xoyski Azərbaycan Dövlət Universitetinin yaradılması prosesində və Azərbaycan parlamentinə keçiriləcək seçkilərdə fəal iştirak etmişdir. 1919-cu ilin martından 1920-ci ilin martınadək olan dövrdə Azərbaycan hökumətinə Nəsibbəy Yusifbəyli rəhbərlik etmişdir. F. İ. Xoyski bu hökumətdə xarici işlər naziri vəzifəsini tutmuşdur. 22 yanvar 1920-ci ildə bolşevik Rusiyasının xarici işlər naziri Çiçerin Azərbaycan hökumətinə nota göndərərək Denikinə qarşı birgə səy göstərməyi təklif etmişdir. Azərbaycan hökumətinin cavabı belə olmuşdur: "Azərbaycan Respublikası Sovet Rusiyasının işinə qarışmır, biz bu məsələdə bitərəfik". 27 aprel 1920-ci ildə Azərbaycan parlamentində Çiçerinin göndərdiyi ikinci notasına eyni cavab oxuduqdan sonra rus imperiyasının qoşunları Azərbaycan dövlət sərhədini keçmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti süqut edib kommunist rejimi qurulduqdan sonra Fətəli İsgəndər oğlu Xoyski ailəsi ilə Tiflisə köçmüşdür. Burada 1920-ci ilin iyunun 19-da erməni millətçi-terrorçuları tərəfindən qətlə yetirilmişdir.

Tiflisdə M. F. Axundovun dəfn edildiyi qəbiristanlıqda dəfn edilmişdir. Bakıda adına küçə vardır.

 

Xoyski Rüstəm xan

Rüstəm xan İsgəndər xan oğlu Xoyski 1888-ci ildə anadan olmuşdur. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri olmuşdur. General-leytenant İsgəndər xan Xoyskinin oğlu, Fətəli xan Xoyskinin kiçik qardaşıdır. 1918-ci ilə qədər hüquq-mühafizə orqanlarında fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci və 2-ci Hökumət kabinələrində işlər idarəsinin müdiri, sonralar isə himayədarlıq naziri vəzifələrində çalışmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Rüstəm xan Xoyski Azərbaycan Sovet Sosialist Respublikası Ali İqtisad Şurası rəyasət heyətinin katibi, kooperativ hüququ məsələləri üzrə hüquqşünas və sairə vəzifələrdə işləmişdir. Sonralar Moskvaya köçmüş və 1939-cu ildə orada vəfat etmiş, Novodeviçye qəbiristanlığında, qaynı, mühəndis İ.Yutkeviçin yanında dəfn edilmişdir.

 

Kiçikxanlı Bayram

Bayram Niyazi Kiçikxanlı (Kiçikxanov) Zaqatalanın Faldar kəndində anadan olmuşdur. Azərbaycan milli-istiqlal hərəkatının iştirakçısıdır. Orenburq seminariyasını bitirmiş, Bakıda əmək fəaliyyətinə başlamış və inqilabi hərəkata qoşulmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Zaqatala mahalından ADR parlamentinin tərkibinə daxil edilmişdir. Kiçikxanlı Parlamentdə “Əhrar” fraksiyasının üzvü olmuş, parlament katibliyinə seçilmiş, vəzifəsinə görə rəyasət heyətinin tərkibinə daxil edilmişdir.

 

 

Klenevski Viktor

Viktor Viktoroviç Klenevski (?-?) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun "una (1918, 19 noyabr) əsasən, Slavyan-Rus cəmiyyətindən Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə Slavyan-Rus cəmiyyəti fraksiyasının üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü Hökumət kabinəsində sosial-təminat naziri olmuşdur.

 

 

Köçərli Firidun bəy

Firidun bəy Əhməd ağa oğlu Köçərli 1863-cü ildə Şuşada anadan olmuşdur Maarif xadimi, publisist-yazıçı, ədəbiyyatşünas alim, tənqidçi, tərcüməçi, "Müsavat" partiyasının üzvlərindən biri olmuşdur. Bəy ailəsində doğulmuşdur. Şuşada mollaxanada (1870-1872), Mirzə Kərim Münşizadənin məhəllə məktəbində (1872-1875), 2-ci dərəcəli şəhər məktəbində (1876-1879) oxumuş, Qori Müəllimlər Seminariyasını (QMS) bitirmişdir (1885). İrəvan gimnaziyasında (1885-1896), Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində (1896-1917) müəllim işləmişdir. 1905 və 1908-ci illərdə Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin inspektoru vəzifəsini tutmağa təşəbbüs göstərmiş, 1910-cu ildə şöbənin inspektorluğunu müvəqqəti (fevral-iyun) icra etmişdir. Fevral inqilabından (1917) sonra seminariya tələbələrinin tələbinə əsasən, Xüsusi Zaqafqaziya Komitəsi sədrinin 1917-ci il 17 avqust tarixli əmri ilə Azərbaycan şöbəsinin inspektoru təyin olunmuşdur. 1918-ci ildə Cənubi Qafqazda baş verən siyasi hadisələr zamanı Köçərli, azərbaycanlıların arzusunu həyata keçirərək, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazax şəhərinə köçürmüş, onu müstəqil milli seminariyaya çevirmiş və ilk direktoru (1918-1920) olmuşdur. 

Köçərli 1917-ci ildə siyasi proseslərə qoşulmuş, "Müsavat" partiyasına daxil olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü seçilmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyannaməsi qəbul edilərkən Köçərli müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. O, seminariyadakı fəaliyyətinə üstünlük verərək, Parlamentdə iştirak etməmişdir. 1919-cu il fevralın 1-də "Müsavat"ın Mərkəzi Komitəsi səyyar bürosunun təşəbbüsü ilə Qazaxda partiyanın şöbəsi təşkil edilərkən Köçərli onun sədri seçilmişdir. 1919-cu ildə zəhmətkeş əhali, xüsusilə kəndlilər və qadın cəmiyyəti general-qubernator Əmirxan Xoyskinin vəzifədən çıxarılmasına etiraz edərkən Köçərli "Müsavat" partiyası təşkilatı adından xüsusi bəyanat vermiş, qəzanın əmin-amanlığı, əhalinin rifahı naminə general-qubernatorun geri qaytarılması tələbini irəli sürmüşdür.

1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər "Müsavat" funksionerlərini "xalqa xəyanətdə", "milli nifaq törətməkdə", "torpaq və mülk zəbt etməkdə", general-qubernator Ə. Xoyskinin etibarlı şəxsləri olmaqda ittiham etdilər. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən, ədib həbs olunmuş, 20-ci diviziyanın 7-ci xüsusi bölməsi xüsusi şöbəsində şahidlər dindirilmədən, verilmiş izahatlar nəzərə alınmadan güllələnməsi haqqında qərar çıxarılmışdır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş, hökm yerinə yetirilmişdir. 

Köçərli zəngin yaradıcılıq yolu keçmişdir. O, publisistika, ədəbiyyat tarixi, folklor nümunələrinin toplanması, dərsliklərin tərtibi və nəşri, bədii tərcümə sahəsində çalışmışdır. 

Köçərliyə görə, ədəbiyyat hər millətin inkişaf səviyyəsini, "qüdrət və cəlalını" göstərən tarixi vəsiqə, xalqı yaşadan vasitədir. Ana dilində ədəbiyyatı olmayan xalqlar mədəniyyətli millətlərin nüfuzu altına düşüb, onlarla qaynayıb-qarışıb, milli varlıqlarını qeyb edirlər. XVIII-XIX əsrlərdə və XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatının inkişaf yolunu araşdıran Köçərli onun 130 nümayəndəsinin həyatı və yaradıcılığı haqqında məlumat toplamışdır.

Köçərlinin publisistik məqalələri mövzu aktuallığı və siyasi kəskinliyi ilə seçilir. Çarizmin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətinin və onun dayaqlarının - məmur, mülkədar, bəy, xan zülmünün, ruhani istibdadının, ziyalı biganəliyi və rəiyyət passivliyinin tənqidi, milli oyanışa və siyasi fəallığa çağırış, kəndli hüququnun müdafiəsi, qadın azadlığı uğrunda mübarizə, məktəbin həyatla əlaqəsi, maarifin əhalinin maddi və mənəvi tələblərinə uyğunlaşdırılması məsələləri Köçərli publisistikasının ana xəttini təşkil edir. Bütün bunlar XX əsrin əvvəlində xalqın milli şüurunun oyanmasında, azadlıq uğrunda mübarizəyə hazırlanmasında böyük rol oynamışdır.

1920-ci ildə Gəncədə vəfat etmişdir.

 

Qaplanov Rəşid xan

Rəşid xan Zavid oğlu Qaplanov 1883-cü ildə Dağıstanın Xasavyurd qəzasının Ağsay kəndində anadan olmuşdur. Siyasi və dövlət xadimi olmuşdur. Milliyyətcə qumıqdır. Vladiqafqazda realnı məktəbi, 1910-cu ildə Parisdəki Sorbonna Universitetinin hüquq fakültəsini bitirmişdir. İstanbul Universitetinə dəvət olunmuş, 1913-cü ilədək orada dərs demişdir. Həmin il Vladiqafqaza qayıtmış, şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzifəsində çalışmışdır. Rusiyada Fevral inqilabından (1917) sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak etmiş, burada yaranmış Çərkəz-Dağıstan və Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası hökumətlərində müxtəlif nazir vəzifələrini tutmuşdur. 

Qaplanov 1919-cu ilin əvvəllərində Bakıya köçmüş, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində maarif və dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur. Onun rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir çox şəhərində yeni məktəblər fəaliyyətə başlamışdır. Bakı Dövlət Universitetinin açılmasında Qaplanov da yaxından iştirak etmiş, eyni zamanda, burada "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin 5-ci hökumət kabinəsində Qaplanov maliyyə naziri təyin olunmuş, dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalvasiyaya uğramaması üçün böyük səy göstərmişdir. 1920-ci il fevralın əvvəllində Bakı bonlarının Zaqafqaziya pullarına dəyişdirilməsini dayandırmaq barədə qərar vermişdir. Qərara əsasən, "500 manat" dəyərində olan kağız pul əlli beş seriya ilə dövriyyəyə buraxılmışdır. Pulun üzərində baş nazir Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Rəşid xan Qaplanovun imzaları vardır. Aprel işğalından (1920) bir həftə əvvəl Qaplanov Batuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam vermişdir.

Aprel işğalından sonra, 1920-ci ilin iyununda Qaplanov Bakıda həbs olunaraq, əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərilmişdir. Moskvadakı Şərq Xalqları Universitetində "Osmanlı imperiyası tarixi"ndən dərs demiş, eyni zamanda, vəkil kimi özəl fəaliyyət göstərmişdir. Repressiyaya məruz qalmışdır. 1937-ci ildə vəfat etmişdir.

 

Qarabəyli Qara bəy

Qara bəy İsmayıl ağa oğlu Qarabəyli 14 yanvar 1873-cü ildə Yelizavetpol quberniyasının Yuxarı Ayıblı kəndində anadan olmuşdur. İctimai-siyasi xadim, həkim, publisist, dilçi-lüğətçi, mühərrir olmuşdur. İlk təhsilini Şəmkir alman-rus litseyində almışdır. 1892-ci ildə Tiflis klassik gimnaziyasını bitirərək Moskva Universitetinin tibb fakültəsinə daxil olmuş, burada 4 il təhsil aldıqdan sonra 1896-cı ildə siyasi fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilmişdir. Həbsdən azad olunduqdan sonra təhsilini Yuryev (Tartu) Universitetinin tibb fakültəsində davam etdirmişdir. 1899-cu ildə buranı bitirdikdən sonra iki il Moskvada işləmişdir. 1901-ci ildə Bakıya qayıdaraq, müstəqil həkimlik fəaliyyətinə başlamış, şəhərdə ilk dəfə olaraq, zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açmışdır. Birinci rus inqilabının təsirilə ictimai fəaliyyətə başlayan Qarabəyli 1905-ci ilin 15 avqustunda Nijni Novqorod şəhərində keçirilən Rusiya müsəlmanlarının birinci qurultayında iştirak etmiş, "İttifaqi-müslimin " təşkilatının üzvü, Əhməd bəy Ağayevin "Difai" partiyasının rəhbərlərindən olmuşdur. Həmin dövrdən publisist kimi fəaliyyətə başlamışdır. "Həyat", "İrşad", "Kaspi" və s. nəşrlərlə əməkdaşlıq etmişdir. Bəzi mənbələrdə Qarabəylinin "Hümmət" in yaradılmasında da iştirak etdiyi bildirilir. 1906-cı ildə o, İrana mühacirətə gedərək, inqilabi fəaliyyətini burada davam etdirmiş, Rəşt tutulduqdan sonra Avropaya mühacirət etmək məcburiyyətində qalmışdır. 1908 ildə İstanbula gəlib, burada "Səadət" adlı təşkilat yaratmışdır. Həmin il hakimiyyətə gələn "Gənc türklər" Qarabəyliyə vəzifə təklif etsələr də, bundan imtina etmişdir. 1911-ci ildə Bakıya qayıdaraq, həkimlik və publisistik fəaliyyətini davam etdirmiş, "Haqq yolu" adlı jurnal buraxmışdır. O, həmçinin, Azərbaycanda ilk ikicildlik türk-rus lüğətini nəşr etdirmişdir. Birinci dünya müharibəsinin (1914-18) başlanması ilə cəbhəyə yollanmış, rus ordusunun tərkibində müsəlmanlardan ibarət "Vəhşi diviziya"nın baş həkimi olmuşdur. 1917-ci il Fevral inqilabından sonra Bakıya qayıtmış, bir müddət "Kaspi" və "Yeni həyat" qəzetlərinin baş redaktoru olmuşdur. Mart soyqırımından sonra Bakını tərk etmək məcburiyyətində qalan Qarabəyli İmam Necməddin Qotsinskinin dəstələri ilə birlikdə Dağıstana getmiş, bir müddət oradakı aullarda yaşamışdır. 1918-ci il 15 sentyabrda Bakı azad edildikdən sonra vətənə qayıdan Qarabəyli Bakı bələdiyyəsi tərəfindən türk ordusu şəninə təşkil olunan tədbirlərin rəsmi rəhbəri təyin edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə keçirilən əlavə seçkilərdə onun üzvü seçilmiş, "İttihad" partiyası rəhbərliyinin xahişi ilə bu partiyaya daxil olmuş, parlamentdə onun fraksiyasına rəhbərlik etmişdir. 1919-cu ilin aprelində "İttihad" partiyasının sədri seçilmişdir. Qarabəylinin bilavasitə rəhbərliyi sayəsində "İttihad"ın fəaliyyəti xeyli canlanmış və o, Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Müsavat”dan sonra ən güclü siyasi təşkilata çevrilmişdi.

1920-ci il Aprel işğalından sonra Qarabəyli bir neçə dəfə həbs edilmiş, əvvəlcə Arxangelsk vilayətindəki Solovki həbs düşərgəsinə göndərilmişdir. Nərimanovun xahişindən sonra Leninin müdaxiləsi nəticəsində 1923-cü ildə sürgündən azad olunmuş, Moskvaya köçərək, Rusiya Fövqəladə Komissarlığının (VÇK) xəstəxanasında həkim işləmişdir. Eyni zamanda, bir müddət tibb institutunda patoloji anatomiyadan dərs demiş, Kreml xəstəxanasına rəhbərlik etmişdir. Bununla yanaşı, xalq komissarlığı Şurasının işlər idarəsində tərcüməçi olmuşdur. 1924-cü ildə Qırğızıstana köçərək, burada ilk mamalıq tibb texnikumunun əsasını qoymuşdur. 1932-ci ildə Qırğızıstanda ilk rentgeneloji kabinet təşkil etmişdir. 1933-cü ildə Özbəkistana gəlmək məcburiyyətində qalan Qarabəyli Səmərqənd xəstəxanasında baş həkimin müavini vəzifəsində işləmişdir. 1934-cü ildə gizli olaraq Bakıya gələrkən bir ermənini döydüyü üçün həbs edilmiş, həbsdən buraxıldıqdan sonra yenidən Səmərqəndə göndərilmişdir. 1936-cı ildə Səmərqənddə vərəm sanatoriyasının baş həkimi işləmişdir. Lakin bir həkimin şikayət məktubu əsasında "pantürkist, panislamist" kimi həbs edilərək, 10 il müddətinə Kolımaya (Rusiya, Maqadan vilayəti) sürgün olunmuşdur. 1947-ci ildə Bakıya qayıtsa da, burada iş və qeydiyyat problemləri ilə üzləşdiyindən yenidən Səmərqəndə qayıtmışdır. 1953-cü ilin sentyabrında Səmərqənddə vəfat etmişdir.

 

Qardaşov Aslan bəy

Aslan bəy Qardaşov 1866-cı ildə Zaqatalanın Tala kəndində anadan olmuşdur. İctimai-siyasi xadim "Əhrar" partiyasının liderlərindən biri olmuşdur. Zaqatala qəza məktəbində oxumuş, sonra Müəllimlər Seminariyasını bitirmiş, İstanbul Universitetində təhsilini davam etdirmişdir. Hüquq, maarif sahəsində çalışmış, Dağıstandan II Dumaya üzv seçilmişdir. 1917-ci ildən Müsavat partiyasının üzvü olmuşdur. Zaqafqaziya seyminin, Azərbaycan Milli Şurasının, Azərbaycan Parlamentinin üzvü olmuşdur. "Əhrar" fraksiyasının təmsilçisi kimi Parlament iclaslarında fəal iştirak etmiş, əsasən Hökumətin iqtisadi sahədəki fəaliyyətinə qarşı tənqidi mövqe tutmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Qardaşov müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. Aslan bəy Qardaşov 1918-ci il dekabrın 25-də Parlamentin siyasi dustaqların amnistiyası üzrə yaratdığı komissiyanın üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində (14 aprel - 22 dekabr 1919-cu il) əkinçilik naziri idi. 1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov "Əhrar" fraksiyası adından koalisiyadan çıxdığını və öz nümayəndələrini Hökumətdən geri çağırdığını bəyan etmiş, 1920-ci il aprelin 27-də hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında ultimatumu müzakirə etmək üçün Parlamentdə yaradılmış komissiyaya daxil olmuş və müzakirə zamanı hakimiyyəti bolşeviklərə təhvil vermək təklifini müdafiə etmişdir. Aslan bəy 21 iyul 1920-ci ildə güllələnmişdir.

 

Qənizadə Sultanməcid

Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadə 1866-cı ildə Şamaxıda anadan olmuşdur. Maarif xadimi, yazıçı, tərcüməçi, filoloq alim olmuşdur. Tacir-müəllim ailəsində doğulmuşdur. "Məclis" məktəbində (1872-1879), 3-cü dərəcəli şəhər məktəbində (1879-1882) oxumuş və birillik pedaqoji kurs bitirmişdir (1883). Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda təhsil almışdır. Bakıda Həbib bəy Mahmudbəyovla açdığı ilk xüsusi ― “rus-müsəlman" məktəbində (1887-1891) müəllim, 2-ci "rus-müsəlman" məktəbində (1891-1898), 2-ci dərəcəli ali ibtidai məktəbdə (1898-1905) müdir, Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsində (1905-1908), Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri idarəsinin 2-ci rayonu üzrə müfəttiş (1908-1917) və vilayət xalq məktəblərinin direktoru (1917-1918) işləmişdir. 

Birinci rus inqilabından (1905-1907) sonra Qənizadənin dünyagörüşündə islamçılıq və islam birliyi meylləri güclənmiş və o, 1917-ci ildə bütün müsəlmanların birliyini təbliğ edən "İttihad" partiyasının təşkilatçılarından olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü seçilmiş, İstiqlal bəyannaməsi imzalanarkən bitərəf qalmışdır. Qənizadə ilk milli dövlətin quruculuq işlərində və Parlament iclaslarında fəal iştirak etmişdir. 1919-ci ilin avqustunda Parlamentin sədr müavini seçilmişdir. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin iclaslarında müzakirə olunan məsələlərə "İttihad" partiyasının və özünün şəxsi münasibətlərini bildirirdi. "İttihad" partiyasının liderlərindən biri kimi, "müsavat"çılarla ardıcıl surətdə davam edən ixtilaflar Qənizadənin keçmiş şagirdi Məhəmməd Əmin Rəsulzadənin və Nəsib bəy Yusifbəylinin idarəçilik üsullarına mənfi və inkarçı münasibətin yaranmasına səbəb olmuşdur. "XIX əsrin axır illərində maarif və ədəbiyyata dair xatiratım" əsərində Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin fəaliyyətini tənqid etmişdir. "Kommunist" qəzetində dərc etdirdiyi məktubda (5 may 1920-ci il) və "Tərcümeyi-hal"ında (31 mart 1931-ci il) "Müsavat" firqəsinin sol cinahında durub, bolşeviklərlə işləməyi müdafiə etdiyini açıqlamışdır. 

Sovet hakimiyyəti illərində Azərbaycan SSR Xalq Maarif Komissarlığında dərslik və sinifdənkənar oxu materialı hazırlayan şöbənin müdiri (1920-1925), Bakı şəhər xalq maarifi idarəsində inspektor (1925-1929), pedaqoji təcrübə məşğələlərinin rəhbəri olmuş, hərbi məktəbdə və sənaye institutunda dərs demişdir. 

Qənizadə bədii və elmi yaradıcılıqla müntəzəm məşğul olmuş, realist ədəbiyyatın inkişafında, ilk dərsliklərin və lüğətlərin yaranmasında mühüm xidmət göstərmişdir.

Qənizadənin "Bir para mətləblər" başlığı ilə "Həyat" və "İrşad" qəzetlərində dərc etdirdiyi publisist məqalə və felyetonlarda Birinci rus inqilabı nəticəsində əldə edilmiş azadlıqlar, çarizmin müstəmləkəçilik rejimini müdafiə edən müsəlman ruhaniləri və ana dilini lüzumsuz ərəb-fars sözləri ilə korlayan mühərrirlər kəskin tənqid olunmuşdur.

Hüseyn Ərəblinskidən bəhs edən "Böyük aktyor haqqında xatirələrim", "Sabir haqqında kiçik bir xatirə"nin də müəllifidir.

Qənizadə 14 mart 1937-ci ildə güllələnmişdir..

 

Ləmbəranski Cəmil bəy

Cəmil bəy Nəsir bəy oğlu Ləmbəranski 1884-cü ildə Bərdənin Ləmbəran kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. 1913-cü ildə Kiyev Universitetinin tibb fakültəsini bitirmiş, 1920-ci ilə qədər özünün təşkil etdiyi Tərtər xəstəxanasında işləmişdir. 1918-ci il Batum konfransında iştirak etmişdir. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə üzv seçilmiş, Parlamentdə "İttihad" fraksiyasına daxil olmuşdur. Ləmbəranski aprel işğalından sonra Azərbaycan Xalq Səhiyyə Komissarlığının müalicə şöbəsinə başçılıq etmiş, 1-ci cərrahiyyə xəstəxanasının baş həkimi, neft-mədən rayonu (Sabunçu, Qara Şəhər) xəstəxanalarında travmatologiya şöbələrinin müdiri, İkinci dünya müharibəsi illərində qarnizon hospitalının baş cərrahı və səhiyyə komissarlığı təxliyə hospitallarının məsləhətçisi vəzifələrində işləmişdir. 1949-cu ildə namizədlik dissertasiyası müdafiə etmiş, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda optopediya və travmatologiya kafedrasının müdiri olmuşdur. 1957-ci ildə Ləmbəranskiyə Azərbaycanın əməkdar həkimi fəxri adı verilmişdir.

1959-cu ildə Bakıda vəfat etmişdir.

 

Lizqar Konstantin

Konstantin Nikolayeviç Lizqar 1882-ci ildə anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 3-cü hökumət kabinəsində ərzaq naziri olmuşdur. 1914-cü ilə qədər Bakıda və Vladiqafqazda mağazalar sahibi olmuş, 1914-cü ildə praporşik rütbəsi ilə orduya çağırılmış, 499-cu səhra hospitalında, Tiflis avtomobil komandasında, Türküstanda xidmət etmişdir. Xüsusi Zaqafqaziya Komitəsində yollar komissiyasının kargüzarı olmuş, yollar komissarlığında xüsusi tapşırıqlar məmuru vəzifəsində çalışmışdır. 1918-ci ilin martında "Slavyan-rus cəmiyyəti"ni yaradanlardan biri və onun sədri olmuşdur. Həmin ilin oktyabrında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əkinçilik naziri Xosrov Paşa bəy Sultanovun dəvəti ilə Bakıya gəlmiş, nazirlikdə xüsusi tapşırıqlar məmuru təyin olunmuş, Cümhuriyyətin 3-cü hökumət kabinəsində isə ərzaq naziri vəzifəsini tutmuşdur. 1920-ci il mayın 2-də 11-ci Qırmızı ordu inqilabi Şurası yanındakı xüsusi şöbə tərəfindən həbs edilmiş, mayın 15-də əks-inqilabi fəaliyyətdə və sovet hökumətinə qarşı düşmənçilikdə ittiham edilərək güllələnmişdir.

 

Mahmudov Mustafa

Mustafa Hacımusa oğlu Mahmudov 1878-ci ildə Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Qori Müəllimlər Seminariyasını bitirmiş, Bakıda 1-ci "rus-müsəlman" məktəbində müəllim (1899-1907) və müdir (1910-1920), daşınmaz şəhər mülkiyyətini qiymətləndirən komissiyada məmur (1908-1910) işləmişdir. 1907-ci ildə Bakı quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilmişdir. Dumada müsəlman fraksiyasının, 9-cu şöbənin və dörd komissiyanın üzvü olmuşdur. Hərbi-səhra məhkəmələrinin ləğvinə tərəfdar çıxmış, Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədovla birlikdə hərbi nazirə müraciət edərək, Qafqaz hərbi-səhra məhkəməsi tərəfindən ölüm cəzasına məhkum olunanların cəzasını yüngülləşdirmək barədə vəsatət qaldırmışdır. Mahmudov işsizlərə yardım komissiyasının üzvü kimi ― “Proqres” qəzeti vasitəsi ilə işsizlər və onlara lazımi yardımın həcmi barədə məlumat göndərilməsi üçün oxuculara müraciət etmişdi. Dumanın xalq təhsili komissiyasının üzvü M. Mahmudov maarif nazirini müsəlman əhalisinin təhsilinin vəziyyətinə göz yummaqda təqsirləndirmiş, müsəlman müəllimlərinə qarşı ayrı-seçkiliyin mövcud olduğunu və onların "kastalara" bölündüyünü tənqid etmişdir. 1917-ci ildə Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra isə Azərbaycan Milli Şurasının üzvü, Milli Şuranın "Azərbaycan Məclisi-Məhbusanının təsisi haqqında qanun"una (1918,19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı seçilmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Mahmudov Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olmuşdur.

"Müsavat" fraksiyasının, parlamentin aqrar komissiyasının üzvü olmuşdur.

Aprel işğalından (1920) sonra təqiblərə məruz qalmış, millətçilikdə, "əks-inqilabi fəaliyyətdə" ittiham edilmişdir. Bakıdakı 132 saylı məktəbdə dərs demişdir. 1924 və 1929-cu illərdə işdən çıxarılması barədə məsələ qaldırılmış, 1937-ci ilin noyabrında həbs olunaraq güllələnmişdir.

 

Mahmudbəyov Ələsgər bəy

Ələsgər bəy Mahmudbəyov 1875-ci ildə Şamaxıda anadan olmuşdur Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Bakı realnı məktəbini, Peterburq Politexnik İnstitutunu bitirmişdir. Təhsilini başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində çalışmış, 1908-ci ildə Tiflisə köçərək ictimai fəaliyyət göstərmiş, Qafqaz Müsəlman Xeyriyyə Cəmiyyətinin işində yaxından iştirak etmişdir. Azərbaycan Milli Şurasının İstiqlal bəyannaməsini imzalayan 26 üzvündən biri olmuşdur. 1918-ci ildə Türkiyəyə getmiş, Adana şəhərində toxuculuq fabrikinə başçılıq etmişdir. Sonralar Qahirəyə köçmüş, 1968-ci ildə orada vəfat etmişdir.

 

Makinski Teymur bəy

Teymur bəy Makinski 1874-cü ildə İrəvanda anadan olmuşdur. XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri, ictimai-siyasi xadim olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur xan Makinski İrəvan gimnaziyasını, 1916-cı ildə isə Varşava Universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirmişdir.

Teymur xan Makinski XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. İctimai-siyasi xadim Teymur xan Makinski Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə (1918, 26 may) Azərbaycan Milli Şurasının üzvü olmuşdur.

Milli Şuranın 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanun”una əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir.

Makinski 1918-ci ilin iyun-oktyabr aylarında Azərbaycan Hökuməti ədliyyə nazirinin müavini, oktyabrın 20-dən noyabrın 6-dək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuş (əslində, bu vəzifəni dekabrın sonuna qədər icra etmişdir), 1918-ci il dekabrın 26-dan 1919-cu il aprelin 14-ə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində ədliyyə naziri vəzifəsini icra etmişdir. O, İrəvan quberniyasında yaşayan azərbaycanlıların erməni zülmündən qorunması məqsədilə 1919-cu ilin yanvarında Bakıda təsis edilmiş İrəvan Quberniyası Həmyerliləri Cəmiyyətinin idarə heyətinin sədri seçilmişdir. 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından isə yenidən Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci il mayın 15-də İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyəti Ermənistan hökuməti tərəfindən dayandırılmışdır. Diplomatik nümayəndəliyin başçısı olduğu zaman Zəngibasarda yaşayan soydaşlarımıza maddi yardım göstərdiyinə görə, T.Makinskiyə qarşı Ermənistan prokurorluğu tərəfindən cinayət işi açılmış, lakin o, Gürcüstanın İrəvandakı daimi nümayəndəliyinin yardımı ilə İrəvanı gizlicə tərk edərək mayın 28-də Tiflisə qayıda bilmişdir.

Təəssüf ki, Teymur bəy Makinskinin sonrakı taleyi haqqında səhih məlumat yoxdur.

Teymur bəy Makinskinin əmisinin oğlu, 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Abbasəli bəy Makinski Azərbaycan hökumətinin İrəvandakı daimi nümayəndəliyində çalışmışdır. Rus, ingilis, fransız, və alman dillərini bildiyi üçün diplomatik danışıqlarda azərbaycanlıların hüquqlarını müdafiə etmişdir. Abbasəli bəy Makinski 1918-ci ilin payızında Naxçıvanda qurulan Araz-Türk Hökumətinin fəallarından olmuşdur.

 

Mehmandarov Səməd bəy

Səməd bəy Sadıq Mehmandarov 1856-cı ildə Lənkəranda anadan olmuşdur. Xalq Cümhuriyyətinin hərbi naziri, görkəmli hərbi xadim, artilleriya generalı (general-leytenantdan sonra gələn rütbə) olmuşdur. Əslən Şuşadan olan atası dövlət xidməti ilə əlaqədar olaraq Lənkəranda yaşamışdır. İlk təhsilini Bakıdakı Edadiyə məktəbində almış, 1873-cü ildə Peterburqdakı 2-ci Konstantin hərbi məktəbinə daxil olmuşdur. 1875-ci ildə Mehmandarov praporşik rütbəsi (ilkin zabit rütbəsi) alaraq, 1-ci Türküstan topçu briqadasına göndərilmişdir. Sonralar 2-ci və 38-ci topçu briqadalarında xidmət keçən Mehmandarov 1894-cü ildə Varşava hərbi dairəsinə göndərilmiş, 1898-ci ildə isə Əlahiddə Zabaykalye hərbi divizionuna dəyişilmişdir. Həmin divizionun Çində 1900-1901-ci illərdə baş vermiş antiimperialist üsyanının qarşısının alınmasında iştirak etsə də, çar generalların təkidli tələbinə baxmayaraq, silahsız xalq kütlələrinə qarşı atəş açmağı zabit şərəfindən kənar sayaraq, boyun qaçırmışdır.

XİX əsrin sonlarında Mehmandarov xalqın maariflənməsini son dərəcə vacib sayırdı və vətəndən uzaqlaşmasına baxmayaraq, dövri mətbuat orqanlarında bu bir sıra yazılar çap etdirmişdir. Onun ictimai narahatlığını əks etdirən "Müsəlmanların geriliyinin səbəbləri ", "İbtidai qiraət dərsləri", "Müsəlman mühafizəkarlığı əleyhinə", "Şiələrin dini şəbihləri", "Müsəlmanların öz-özlərinə işgəncə vermələri haqqında" və s. məqalələri Tiflisdə nəşr olunan "Novoye obozreniye" qəzetinin səhifələrində dərc olunmuşdur. 

Mehmandarov 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak etmiş, 7-ci Şərqi Sibir artilleriya divizionunun komandiri, eyni zamanda, Port-Arturun Şərq cəbhəsinin artilleriya rəisi olmuşdur. Müharibədə göstərdiyi şücaətlərinə görə dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmiş və general-mayor rütbəsinə layiq görülmüşdür. Onun təşkilatçılıq qabiliyyəti və peşəkarlığı təkcə xidməti yoldaşlarını deyil, yapon hərbçilərini də valeh etmişdir. Mehmandarov bu müharibədə həm də zabit prinsipiallığı və şərəfinə sədaqəti ilə müasirlərinin yadında qalmışdır. Rus generallarının fərsizliyi və savadsızlığı üzündən Port-Artur təslim ediləndə yapon komandanlığının tələbi ilə gələcəkdə bir daha bu dövlətə qarşı vuruşmayacağına iltizam verən zabitlər evə buraxılır, qalanları isə əsir götürülürdü. Mehmandarov da bir sıra xidmət yoldaşları ilə bərabər əsir düşməyi həqarətli azadlıqdan üstün sayaraq, yalnız 1905-ci ilin avqustunda Portsmutda (ABŞ) bağlanmış sülh müqaviləsinin şərtlərinə görə əsirlikdən qurtarmışdır. Mehmandarov Birinci dünya müharibəsinin də iştirakçısı olmuş, əvvəlcə birinci piyada diviziyasına, sonra isə 2-ci Qafqaz ordusuna komandanlıq etmiş, həmin vəzifələrdə də ona tapşırılan ən məsuliyyətli tapşırıqları uğurla yerinə yetirmişdir. Əməliyyatların keçirilməsi zamanı nümayiş etdirdiyi yüksək komandirlik məharəti, təşkilatçılıq vərdişləri çar Rusiyası komandanlığı tərəfindən lazımınca dəyərləndirilmiş və o, hərbi akademiya təhsilinin olmamasına baxmayaraq, 1915-ci il martın 22-də tam general rütbəsinə layiq görülmüşdür. 

Fevral inqilabından (1917) sonra rus ordusunun bolşevikləşməsi və ordu daxilində anarxiyanın artması ilə əlaqədar Mehmandarov istefa verərək, 1918-ci ilin payızında vətənə qayıtmışdır. 

1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilmiş, nazirliyin və ordunun formalaşdırılması ona tapşırılmışdır. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də tezliklə öz təsdiqini tapmış və 1918-ci il dekabrın 25-də o, hərbi nazir təyin edilmişdir. 

Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı idi. O, hər şeydən əvvəl, bu prosesin mahiyyətini, onun dövlət quruculuğundakı yerini dəqiqliklə müəyyənləşdirdi və bütün imkanları da bu məsələlərin həllinə istiqamətləndirdi. Mehmandarov dəfələrlə bəyan etmişdi ki, Cümhuriyyət ordusu, siyasətdən kənarda qalmaqla, yalnız Azərbaycanın müstəqilliyinin keşiyində dayanmalıdır. Bu prinsipə hərbi nazir olduğu bütün müddət ərzində dönmədən riayət edən Mehmandarovun mövqeyi hakimiyyətdə təmsil olunan siyasi qüvvələr tərəfindən də yüksək qiymətləndirilmiş və bunun nəticəsi idi ki, Cümhuriyyətin mövcud olduğu dövrdə hökumətdə hərbi nazir portfeli yalnız ona tapşırılmışdır. 

1918-ci il noyabrın 17-də Müttəfiq dövlətlər adından Bakıya daxil olan ingilis qoşunlarının komandanlığı Azərbaycan Xalq Cümhuriyyəti hərbi qüvvələrinin, o cümlədən Hərbi Nazirliyin Bakıdan çıxarılmasını tələb etmişdir. Bununla əlaqədar, nazirlik Gəncəyə köçürülmüş və 1919-cu ilin ortalarına kimi orada fəaliyyət göstərmişdir. Paytaxtdan ayrı düşmək qarşıda dayanan mürəkkəb vəzifələrin həllinin operativliyinə təsir göstərsə də, Mehmandarovun işgüzarlığı, ətrafına topladığı zabitlərin və generalların iş keyfiyyətlərindən məqsədyönlü istifadə etməsi mövcud çətinliklərin həllində bir dinamiklik yaratmışdır. Kadrlarla işlərin düzgün qurulması Mehmandarovun hərbi nazir kimi uğurlu fəaliyyətini şərtləndirən başlıca amillərdən biri olmuşdur. Böyük etimad, yüksək tələbkarlıq və daimi qayğı Əlağa Şıxlinski, Məmməd bəy Sulkeviç, Həbib bəy Səlimov, İbrahim ağa Usubov, İbrahim bəy Vəkilov, Cavad bəy Şıxlinski, Əbdülhəmid bəy Qaytabaşı, Teymur bəy Novruzov və onlarca digər generalın və yüksək rütbəli milli zabitlərin təşəbbüskar fəaliyyətinə geniş meydan açdı. Zabit kadrlarının sayının artırılmasını Mehmandarov ordu quruculuğunun milli zəmin üzərində təkmilləşdirilməsinin mühüm şərti sayırdı. Məhz onun təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə Praporşiklər məktəbi, sonra isə Hərbiyyə məktəbi açılmışdır. Eyni zamanda, İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Şuşa hərbi-feldşer məktəbi fəaliyyətə başlamışdır. 

Ordu quruculuğunun milli zəmində qurulması və aparılması Mehmandarovun hərbi nazir kimi izlədiyi əsas xətt olmuşdur. Konkret tarixi şəraitdə Azərbaycanda türk və rus hərbi təcrübələrinin təsiri olmasına baxmayaraq, o, həmin təcrübələrin ən yaxşı cəhətlərindən məhz milli zəmin, şərait və ənənə əsasında istifadəsinə üstünlük vermişdir. Milli məqamları Cümhuriyyət ordusu hərbi qulluqçusunu xalqına daha da yaxınlaşdıran, vətəninə daha dərindən bağlayan dəyərlər kimi qiymətləndirən Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edərək, azərbaycanlı döyüşçülərin Qurani-Kərimin altından keçməklə, Vətənə sədaqət andı içmələrini vacib saymış, Azərbaycan dilinin öyrənilməsi üçün göstəriş vermiş, əsgərlərin marşları Azərbaycan dilində oxumasını tələb etmiş, milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələrini təsdiqləmiş, Azərbaycan xalqının zəngin hərbi tarixinin öyrənilməsinə və hərbi qulluqçular arasında yayılmasına, hətta əsgərlərin qidalanmasında milli xörəklərin üstünlük təşkil etməsinə göstəriş vermişdir. 

Mehmandarov Hərbi Nazirlikdəki fəaliyyətinin ilk günlərindən qoşunlardakı vəziyyətlə tanışlıq məqsədilə hərbi hissələrdə olmuşdur. Bunun nəticəsində aşkara çıxan fərarilik, çağırış - səfərbərlik işinin düzgün qurulmaması kimi ciddi nöqsanları aradan qaldırmaq, əhalidə orduya inam yaratmaq üçün Mehmandarov xalqa müraciət etmiş, 1919-cu il fevralın 25-də Parlamentdəki proqram xarakterli çıxışında, habelə digər əmr və yazışmalarında imkanlı şəxslərin övladlarının xidmətdən yayındırılmasını sərt tənqid etmişdir. Əhalinin hərbi xidmət yaşı çatmış bütün kateqoriyalarının orduya cəlb edilməsi üçün çağırış və səfərbərlik işinin yeni sistemi tətbiq olunmuş, bu sistemi işlək vəziyyətə gətirəcək orqanların şəbəkəsi genişləndirilmiş, fərarilərin, habelə imkanlı şəxslərin xidmətdən yayınan övladlarının xidmətə qaytarılması üçün daxili işlər orqanları ilə əlaqələr gücləndirilmişdir. Fərarilik və xidmətdən yayınmanın əsas səbəblərindən biri olan xidmət şəraitinin yaxşılaşdırılması üçün mütəmadi addımlar atılmağa başlanmışdır. Ordunun çevik və işlək strukturları və idarəetmə orqanları yaradılmış, konkret tarixi şəraitdə Azərbaycanın hərbi təhlükəsizliyinin daha səmərəli təmin edilməsi vəzifələrinə uyğun olaraq, bu struktur və idarəetmə orqanları daha da təkmilləşdirilmiş, ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması və döyüş hazırlığının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. 

Denikin qoşunlarının hücum təhlükəsinin qarşısını almaq məqsədilə Bakı ətrafında və Şimal sərhədi boyunca güclü müdafiə sisteminin yaradılması, Lənkəran bölgəsindəki separatçılığın aradan qaldırılması üçün planlaşdırılan döyüş tapşırığının icrasının təşkili, habelə 1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və Cümhuriyyətin ərazi bütövlüyünün təmin edilməsi Mehmandarovun hərbi nazir kimi fəaliyyətinin dəyərli nəticələri olmuşdur. Həm Qarabağ istiqamətində, həm də Qazax-Tovuz bölgəsində genişlənən erməni təcavüzünün qarşısının alınması üçün ölkənin hərbi potensialını məharətlə istiqamətləndirən Mehmandarov, strateji təşəbbüsü öz əlində saxlamaqla, Azərbaycanın hərb tarixinə layiqli səhifələr yazmışdır.

Aprel işğalı (1920) ilə əlaqədar Mehmandarov vəzifəsindən istefa vermişdir. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də Ə. Şıxlinski ilə birlikdə həbs etmişdilər. Yalnız Nəriman Nərimanovun işə qarışmasından sonra Mehmandarov bolşevik terrorundan xilas olmuş və Ə. Şıxlinski ilə bərabər bir il Moskvada yaşamaq məcburiyyətində qalmışdır. Mehmandarov 1921-ci ilin yayında Bakıya qayıdaraq, Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzəlmiş, 1924-1928-ci illərdə Birləşmiş Komandirlər məktəbində müəllim işləmiş, 1929-cu ildə isə təqaüdə çıxmışdır. 1931-ci il fevral 12-də vəfat etmiş, Çənbərəkənd qəbiristanlığında dəfn edilmişdir.

 

Məhərrəmov Məhəmməd

Məhəmməd Məhərrəmov 1886-cı ildə İrəvan quberniyasının Qəmərli kəndində anadan olmuşdur. Azərbaycanda milli istiqlal mübarizəsinin fəal iştirakçılarından biri olmuşdur. İrəvan gimnaziyasının bitirdikdən (1914) sonra Moskva Universitetinin tibb fakültəsində oxumuşdur. Fevral inqilabından (1917) sonra təhsilini yarımçıq qoyub Tiflisə qayıtmış, burada "Hümmət" sosial-demokrat təşkilatına daxil olmuşdur.

Məhərrəmov Müsəlman sosialist blokundan Zaqafqaziya seyminə seçilmiş, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur. İstiqlal bəyannaməsinin qəbul olunmasında iştirak etmiş, müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.

Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilmişdir. Azərbaycan Hökumətinin Parlamentin ağsaqqallar şurası ilə birgə iclasında (1918, 28 dekabr) Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin müşaviri (Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli ilə birlikdə) təyin olunmuşdur.

Aprel işğalından (1920) sonra Məhərrəmov Vətənə qayıda bilməyərək, Fransada qalmış, Sorbonnada iqtisadiyyat sahəsində ali təhsil almışdır. 1927-ci ildən Bankda çalışmış, sonralar XVIII-XIX əsrlər fransız ədəbiyyatı bukinist mağazası açmışdır.

İkinci dünya müharibəsindən sonra vətənə qayıtmaq ümidini itirən Məhərrəmov 1948-ci ildə Fransa təbəəliyini qəbul etmişdir. O, 1972 və 1975-ci illərdə Bakıda olmuş, şəhərin muzey və kitabxanalarına Azərbaycan mədəniyyətinə aid qiymətli materiallar bağışlamışdır.

1982-ci ildə Parisdə vəfat etmişdir.

 

Məlik-Aslanov Xudadat bəy

Xudadat bəy Ağa oğlu Məlik-Aslanov 1879-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən biri, Parlament üzvü, alim, ixtiraçı-mühəndis, dəmiryol nəqliyyatı mühəndisi, texnika elmləri sahəsində ilk azərbaycanlı professorlardan biri olmuşdur. Şuşa realnı məktəbini (1898) bitirmiş, 1904-cü ildə Sankt-Peterburq Yol Mühəndisliyi İnstitutunda ali təhsilini birinci dərəcəli diplomla başa vurmuşdur. 1901-1904-cü illərdə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmuş və partiyanın Peterburq komitəsində çalışmışdır. Xudadat bəy sonralar heç bir partiyaya mənsub olmamış, ömrünün sonunadək bitərəf qalmışdır. İnstitutu bitirdikdən sonra təyinata əsasən altı ay Sankt-Peterburqda Voloqda-Petrozavodsk dəmiryolunun çəkilişi idarəsində işləmişdir. 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya dəmiryol nəqliyyatı sistemində işləməyə başlamışdır. Əvvəlcə mühəndis, stansiya rəisinin köməkçisi, sonra isə Zaqafqaziya dəmir yolunun Suram aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi təyin olunmuşdur. Bu dövrdə Məlik-Aslanovun Peterburq jurnallarında elmi məqalələri çap olunmuşdur. O, dəmiryol texnikası sahəsində yeni ixtiraları ilə tanınmış mühəndis olmuşdur. Fevral inqilabından (1917) sonra, martda Müvəqqəti hökumətin sərəncamı ilə Xüsusi Zaqafqaziya Komitəsində Zaqafqaziya dəmir yolu üzrə müvəkkil təyin olunmuşdur. Məlik-Aslanov Zaqafqaziya Komissarlığının və Zaqafqaziya Federativ Respublikasının dəmiryol nəqliyyatı komissarı və naziri olmuşdur (1917, noyabr - 1918, may). 1918-ci ildə Məlik-Aslanovun Tiflis dəmir yolu nəqliyyatı tarixindən bəhs edən kitabı (rus dilində) çap edilmişdir. O, Zaqafqaziya seyminin, Azərbaycan Milli Şurasının üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Məlik-Aslanov Müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci və 2-ci hökumət kabinələrində yollar və poçt-teleqraf naziri, 3, 4 və 5-ci kabinələrdə yollar naziri olmuşdur. 5-ci hökumət kabinəsində 1920-ci il fevralın 18-dək, həm də, müvəqqəti olaraq, ticarət, sənaye və ərzaq nazirinin səlahiyyətlərini yerinə yetirmişdir. 1918-ci il iyulun 14-də Osmanlı hərbi dəmiryolları və limanları baş idarəsi ilə, 1919-cu il martın 8-də Gürcüstan Respublikası ilə dəmir yollarından istifadəyə dair müqavilə və saziş, 1920-ci il fevralın 5-də isə Gürcüstan dövləti ilə tranzit müqaviləsini imzalamışdır. Azərbaycan Parlamentinin üzvü olan Məlik-Aslanov 1919-cu ilin iyununda yaradılmış Dövlət Müdafiə Komitələri sədrinin birinci müavini təyin edilmişdir. 1919-cu ildə Bakıda ana dilində dərs keçirilən ilk dəmiryol məktəbi Məlik Aslanovun təşəbbüsü ilə açılmışdır. Onun gərgin əməyi sayəsində Azərbaycan dəmir yolunda böyük təmir işləri yaradılmış və nəqliyyatın nizamla işləməsi təmin olunmuşdur. Məlik-Aslanov 1919-cu ilin aprelində latın əlifbasına keçirilməsi üçün yaradılan xüsusi komissiyanın sədri təyin edilmişdir. O, Aprel işğalından (1920) sonra da rəhbər vəzifələrdə çalışmışdır. 1921-ci ilin əvvəllərində Azərbaycan Dövlət Tikinti Komitəsində şöbə müdiri, sonra isə komitə sədri işləmişdir. Azərbaycan Ali Xalq Təsərrüfatı Şurası yanında dəmir yolu tikintisi idarəsinin rəisi və Şuranın məsləhətçisi olmuşdur. Azərbaycan Dövlət Plan Komitəsinin sənaye-nəqliyyat tikinti bölməsinin müdiri və rəyasət heyətinin üzvü (1923-1925), Zaqafqaziya Dəmir yolu idarəsinin üzvü (1922-1924), Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində yol, sənaye, nəqliyyat və tikinti bölməsinin sədri (1921-1930), həmin fakültənin dekanı (1924-1930), Azərbaycan SSR; Texnika Komitəsinin sədr müavini (1928), RSFSR və Azərbaycanın bir sıra elmi-texniki və mədəni-maarif təşkilatlarının üzvü (1921-1930), SSRİ Ali Xalq Təsərrüfatı Şurasının elmi-texniki kollegiyasının üzvü (1927-1930) olmuşdur. Məlik-Aslanov 1926-1930-cu illərdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) üzvü seçilmişdir. Zaqafqaziya MİK üzvlüyünə namizəd idi. Moskva jurnallarında məqalələri çap olunmuşdur. 1927-ci ildə Politexnik institutunun nəşriyyatı, 1929-cu ildə isə Azərbaycan Dövlət Nəşriyyatı Məlik-Aslanov dəmir yolu texnikasına aid iki kitabını nəşr etmişdir. Azərbaycan SSR MİK-in qərarı ilə (1929) Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutuna həqiqi üzv seçilmişdir. Azərbaycan Neft İnstitutu nəqliyyat fakültəsinə rəhbərlik etmişdir (1930). 

Məlik-Aslanov 1930-cu ilin əvvəlində Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Siyasi İdarəsi tərəfindən "Azərbaycan Milli Mərkəzinin işi" üzrə ittiham olunub həbs edilmiş, 1933-cü ilin ortalarında azad olunmuşdur. 1933-cü il sentyabrın 1-dən Azərbaycan Nəqliyyat İnstitutunda dəmir yolu kafedrasına və Azərbaycan İnşaat İnstitutunda inşaat işinin təşkili kafedrasına rəhbərlik etmişdir. Azərbaycan SSR-də magistral dəmir yol şəbəkəsinin inkişaf planının işlənilib həyata keçirilməsi, şəhərdaxili nəqliyyat və s. məsələlərin həlli ilə məşğul olmuş, 70-dən çox əsər (o cümlədən dəmir yol nəqliyyatına dair 3 monoqrafiya və s.) dərc etdirmişdir. 1934-cü ilin avqustunda əsassız ittihamla yenidən həbs edilmiş və 1935-ci ildə həbs düşərgəsində həlak olmuşdur. 1959-cu ildə ona bəraət verilmişdir.

 

Məlik-Yeqanov Cavad bəy

Cavad bəy Rza bəy oğlu Məlik-Yeqanov 1878-ci ildə Qarabağın Tuğ kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi, Cümhuriyyətin Həmkarlar İttifaqları Təşkilatının banilərindən biri, Parlament üzvü, müsəlman fəhlələrinin həmkarlar ittifaqının yaradıcısı olmuşdur. Qarabağ bəyləri nəslindəndir. İbtidai təhsilini məşhur maarifçi Mir Mehdi Xəzaninin ev məktəbində almış, sonra texniki məktəb bitirmişdir. Rus, fars, alman, gürcü, erməni dillərini bilirdi. 1903-cü ildən Bakının neft mədənlərində işləmiş, inqilabi hərəkatda iştirak etmişdir. "Hümmət" təşkilatının üzvü olmuşdur. 1909-cu ildə çar hakimiyyətinə qarşı mübarizə apardığına görə həbs olunaraq Bakıdan sürgün edilmişdir. 1914-cü ildə yenidən Bakıya qayıtmış, neft mədənlərində işləmişdir. 1917-ci ildə "Müsavat" partiyasının üzvü olmuş və partiyanın birinci qurultayında fəal iştirak etmişdir. Partiyada fəhlə münaqişələri üzrə iş aparmışdır. Məlik-Yeqanov Zaqafqaziya seyminin müsəlman fraksiyasının üzvü olmuş, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının üzvü kimi Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsi qəbul edilərkən müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən, Azərbaycan Cümhuriyyətinin banilərindən biri olmuşdur. Məlik-Yeqanov Azərbaycan Parlamentinin üzvü olmuş, parlament üzvü kimi münaqişəli, məsuliyyətli bölgələrə ezam edilmişdir. 1919-cu il martın 10-da Parlament tərəfindən təsdiq edilən fəhlə məsələsi üzrə xüsusi müşavirənin tərkibinə daxil edilmişdir. Fəhlələrin Azərbaycanın müstəqilliyi uğrunda mübarizədəki xidmətlərindən, 1918-ci ilin mart soyqırımında verdikləri tələfatdan, Denikin əleyhinə mövqelərindən bəhs edərək, onların ağır güzəranı ilə bağlı hökumət qarşısında kəskin tələblərlə çıxış etmişdir. O, fəhlə məsələsini bolşevik ideologiyasının inhisarına verənlərdən fərqli olaraq, Azərbaycan Cümhuriyyətinin müstəqilliyi naminə çalışan fəhlələrin təmsilçisi olmuşdur. Azərbaycanın müstəqilliyinin Avropa dövlətləri tərəfindən tanınması təntənələrində çıxış edərək demişdi: "Elan olunmuş müstəqilliyi Avropa tanımasaydı belə, fəhlələr onun uğrunda öz həyatlarını qoymağa həmişə hazır olmuşlar". 

Cavad bəy Məlik-Yeqanov 1919-cu ildə Lənkəranın general qubernatoru təyin edilmiş, denikinçilərə qarşı mübarizə aparmışdır. 1919-cu il avqustun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin təmsilçiləri kimi Məlik-Yeqanov və T.Məmmədov "Muğanın Azərbaycan hakimiyyətini tanınması haqqında barışıq şərtlərini imzalamış, bütün diyarda hərbi vəziyyət elan etmiş, Lənkəranın və Muğanın Azərbaycan hakimiyyətinə tabe edilməsində mühüm rol oynamışdır. 1919-cu ilin oktyabrında "Müsavat" partiyasının ikinci qurultayında mandat komissiyasının üzvü olmuş, elə həmin ay partiyanın Bakı komitəsinə seçilmişdir. Məlik-Yeqanov Türk Fəhlə Konfransının təşkilatçılarından olmuş, Mərkəzi Həmkarlar İttifaqının sədri vəzifəsində çalışmışdır. 1920-ci il mayın 11-də həbs edilmiş, ittiham aktı sübuta yetirilmədiyindən iyulun 19-da azad olunmuş, sonra yenidən həbs edilərək, 1921-ci il yanvarın 21-də azadlığa buraxılmışdır. Aprel işğalından sonra o, ümumiyyətlə, 6 dəfə həbs edilmişdir. Sovet hakimiyyəti illərində tikinti trestində, əmək birjasında çalışmışdır. Respublika Xalq Əmək komissarlığı qaçqınlar şöbəsinin rəisi, 1927-1928-ci illərdə neft məhsulları satışı idarəsinin rəisi vəzifələrində işləmiş, N. Nərimanov adına Bakı Sənaye Texnikumunun təsərrüfat hissəsinə başçılıq etmişdir. Gizli "Müsavat" partiyasının üzvü ittihamı ilə 1931-ci ildə həbs edilərək, 10 il müddətinə uzaq Şimala sürgün olunmuşdur. Sürgündən həyat yoldaşı Məryəm xanım Bayraməlibəyova-Məlik-Yeqanovaya göndərdiyi məktublarında yazırdı: "...Mən öz xalqımı, Azərbaycanımı çox sevirəm. Həyatımı, varlığımı onlarsız təsəvvür etmirəm". Məlik-Yeqanov 1942-ci ildə sürgündə vəfat etmişdir. 1959-cu il fevralın 7-də Kareliya MSSR Ali Məhkəməsi tərəfindən ona bəraət verilmişdir.

 

Məmmədbəyli Heybətqulu

Heybətqulu Həbibulla oğlu Məmmədbəyli 1888-ci ildə Bakı yaxınlığındakı Şağan kəndində anadan olmuşdur. İctimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Bakı realnı məktəbini bitirdikdən sonra texniki sənaye məktəbində oxumuşdur. Bakı müsəlman xeyriyyə cəmiyyəti, "Nəşri-maarif' və "Nicat" cəmiyyətləri tərəfindən Bakıda göstərilən tamaşa və müsamirələrin təşkilində yaxından iştirak etmişdir. Məmmədbəyli Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlamış, "Rusiyada müsəlmanlıq" partiyasının (1917-ci il noyabrın axırlarından "İttihad" partiyası) təsis olunmasında yaxından iştirak etmişdir. 1918-ci ilin fevralında Zaqafqaziya seyminin üzvü seçilmiş, həmin il fevralın 28-də Seym tərəfindən təsdiq olunmuş müsəlman fraksiyasının tərkibinə "İttihad" partiyasının nümayəndəsi kimi daxil olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Məmmədbəyli Müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. 1918-ci il dekabrın 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk təsis iclasında Parlamentin üzvü seçilmişdir. Parlamentdə "İttihad" fraksiyasının rəhbərlərindən biri olmuşdur. Məmmədbəyli həmin dövrdə Bakıda bir sıra mədəni-maarif tədbirlərinin təşkilatçılarından olmuşdur. O, Nəsib bəy Yusifbəylinin 2-ci hökumət kabinəsində dövlət nəzarəti naziri vəzifəsində çalışmışdır. Aprel işğalından (1920) sonra müxtəlif idarələrdə fəaliyyət göstərmiş, təqiblərə məruz qalmış, həbs edilmiş, işdən çıxarılmışdır.

1937-ci ildə vəfat etmişdir.

 

Mehdiyev Mir Yaqub

Mir Yaqub Mehdiyev (Mirmehdiyev) 1891-ci ildə Bakının Xırdalan kəndində anadan olmuşdur. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biridir. 1909-cu ildə Aleksandropol (Gümrü) kommersiya məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun iqtisadiyyat fakültəsində davam etdirmişdir. 1913-cü ildə qısa müddətli məzuniyyət götürərək, Kiyevdə Rusiya müsəlman tələbələrinin gizli yığıncağında iştirak etmişdir. Həbs olunduğundan vaxtında Peterburqa qayıda bilməyən Mehdiyev institutdan xaric edilsə də, az sonra bərpa olunmuşdur. 1915-ci ildə institutu bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə Almaniyanın Bonn Şəhərinə getmişdir. Mehdiyev "İttihad" partiyasının təşkilatçılarından olmuş, partiyanın birinci (1918, aprel ) və ikinci (1920, yanvar) qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdir. Bu partiyada fəaliyyətinə qədər Kəndlilər İttifaqının və Bakı Müsəlman İctimai Təşkilatları Şurasının sədr müavini kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.

"İttihad" partiyasını təmsil edən Mehdiyev Zaqafqaziya seyminin 1918-ci il 25 mart tarixli iclasında Cənubi Qafqazın müstəqil elan olunması tələbi ilə müsəlman fraksiyası adından ilk dəfə çıxış etmişdi. Zaqafqaziya Federasiyasının süqutundan (1918, 26 may) sonra Azərbaycan Milli Şurasının (1918, 27 may) üzvü olmuş, Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun "una (1918, 19 noyabr) əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə "İttihad" fraksiyasının üzvü idi. Paris Sülh Konfransında (1919-20) iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil olmuşdur. Aprel işğalından (1920) sonra Türkiyəyə mühacirət etmişdir. Mühacirətdəki "İttihad" liderlərindən olan Mir Yaqub Mehdiyevin bütün səylərinə baxmayaraq, partiyanın xarici ölkələr bürosu yaradılmadı. 

O, Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə "Prometey" təşkilatında Azərbaycanı təmsil edirdi. Məmməd Məhərrəmovla birlikdə Cenevrə və Lozanna konfranslarında iştirak etmiş, Azərbaycan neftini heç kimin hərraca qoymağa səlahiyyətli olmadığı barədə kəskin etiraz notaları ilə çıxış etmişlər. SSRİ-nin Millətlər Cəmiyyətinin (MC) üzvlüyünə daxil olunması ilə bağlı MC-nin XVIII ümumi toplantısının rəisinə ünvanlanmış etiraz notasını Azərbaycan adından Mir Yaqub Mehdiyev imzalamışdır. 1928-ci ildə İstanbulda "Beynəlmiləl siyasətdə petrol" kitabı nəşr edilmişdir. Kitab M.Ə.Rəsulzadənin İstanbulda yaratdığı Milli Azərbaycan nəşriyyatının sayca 9-cu kitabı idi. M.Ə.Rəsulzadənin ön söz yazdığı kitab "Petrolun cahan hərbindəki rolu", "Cenevrə Konfransında Azərbaycan", "İngiltərə-Amerika rəqabəti", "Bolşeviklərə qarşı müştərək bir cəbhə", "Neft rəqabətinin təvəllüd etdiyi məhzurlar" bölümlərindən ibarətdir. Kitabda Bakı nefti uğrunda beynəlxalq aləmdə gedən mübarizə ətraflı təhlil olunmuşdur. Əsər İstanbul nəşrindən az sonra fransız dilinə, 1931-ci ildə isə Çin dilinə tərcümə edilmişdi. 1934-cü ildə Parisdə M.Y.Mehdiyevin "Beynəlxalq vəziyyət və sovetlərdə milliyyət məsələsi" əsəri rus dilində nəşr olunmuşdur.

1952-ci ildə Türkiyədə vəfat etmişdir.

 

Məhəmmədbəyov Qazi Əhməd

1889-cu ildə Dağıstanın Axtı qəsəbəsində anadan olmuşdur. Məhəmmədbəyov Qazi Əhməd Azərbaycanda milli istiqlal mübarizəsinin fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Məhəmmədbəyov Zaqafqaziya seymi Müsəlman fraksiyasının, 1918-ci il, 26 may Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın 1918-ci il, 19 noyabr "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, seçkisiz Cümhuriyyət parlamentinin tərkibinə daxil edilmişdir. Əvvəllər "Müsavat" partiyasının üzvü olmuş, sonra "İttihad" partiyasına keçmişdir. O, "İttihad" partiyasının sədr müavini olmuşdur. Məhəmmədbəyov 1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsi zamanı Rusiya imperiyasına qarşı Samur-Axtı üsyanına başçılıq etmiş Qazi Məhəmməd bəyin nəvəsi, bəzi mənbələrə görə Şeyx Şamilin nəticəsi idi. Vəkilliklə məşğul olmuşdur. Məhəmmədbəyov 1919-cu ilin iyunundan rus dilində çıxan "İttihad" qəzetinin redaktoru olmuşdur. Parlamentdə "İttihad" fraksiyasını təmsil etmişdir.

1937-ci ildə vəfat etmişdir.

 

Nərimanbəyli Nəriman bəy

Nəriman bəy Həşim oğlu Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi olmuşdur. Ailəsi İrəvana köçdüyü üçün, orta təhsilini İrəvan gimnaziyasında almış, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində təhsil almışdır. Burada "Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyəti''nin rəhbərliyinə seçilmiş, inqilabi fəaliyyət göstərmişdir. Onun iştirakı ilə cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri Birinci dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı. Nərimanbəyli 1915-ci ildə ali təhsilini başa vurub vətənə qayıtmış, vəkil işləməklə yanaşı, "Müsəlman xeyriyyə cəmiyyətinin" rəhbərlərindən biri olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra "Müsavat" partiyasına daxil olmuş, Qafqaz müsəlmanlarının Bakı qurultayında, "Müsavat" partiyasının birinci qurultayında iştirak etmişdir. Nərimanbəyli 1918-ci ilin fevralında Zaqafqaziya seyminin üzvü seçilmiş, seymin müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan (26 may 1918) sonra isə Azərbaycan Milli Şurasının (27 may 1918) üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Nərimanbəyli İstiqlal bəyənnaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olmuşdur. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918,19 noyabr) əsasən, seçkisiz Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasının üzvü olan Nərimanbəyli 4-cü hökumət kabinəsində dövlət müfəttişi vəzifəsini tutmuşdur. O, Bakıda keçirilən bir sıra mədəni tədbirlərdə yaxından iştirak etmişdir. Aprel işğalından (1920) sonra müxtəlif idarələrdə hüquq məsləhətçisi olmuş, təqiblərə məruz qalaraq işdən çıxarılmış, sonralar vəkil işləmişdir. 1937-ci ildə repressiyaya məruz qalmışdır.

 

Pepinov Əhməd bəy

Əhməd bəy Ömər oğlu Pepinov 1893-cü ildə Gürcüstanın Axalkələk mahalının Bolazur kəndində anadan olmuşdur İctimai-siyasi və dövlət xadimi olmuşdur. Görkəmli Azərbaycan jurnalisti və ictimai xadimi Ömər Faiq Nemanzadənin bacısı oğludur. Tiflis gimnaziyasını bitirmiş, 1913-cü ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan həmyerlilər təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir. 

1918-ci ilin əvvəlində ali təhsilini başa vuraraq, Bakıya qayıdan Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü və katibi olan Əhməd bəy elə həmin dövrdə Parlamentin sədri vəzifəsini icra edən Həsən bəy Ağayevin qızı Xurşid xanımla (sonralar ilk azərbaycanlı qadın musiqişünas, Üzeyir Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifi) ailə qurmuşdur.

Ə. Pepinov Parlamentin fəaliyyətində yaxından iştirak etmiş, bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri ilə, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmiş, bir sıra qanun layihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanunun hazırlanmasında bilavasitə iştirak etmişdir. Pepinov Azərbaycanın Müəssislər məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (sədri M.Ə.Rəsulzadə idi) seçilmişdir. Lakin "Hümmət" (menşevik) partiyasının üzvü kimi, müəyyən siyasi və iqtisadi məsələlərdə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin mövqeyi ilə razı olmamış və onun fəaliyyətini tənqid etmişdir. Nəsib bəy Yusifbəylinin təşkil etdiyi ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsində (24.12.1919 - 30.03.1920) Pepinov əmək və əkinçilik naziri olmuşdur. Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edən Pepinov Parlamentdə bu məsələ ilə bağlı müzakirələrin sürətləndirilməsinə, universitetin açılması üçün pul vəsaitinin ayrılmasına böyük əmək sərf etmişdir. Cümhuriyyət dövründə Bakıda təntənəli "Türk gecələri" konsertlərinin və digər müsamirələrin təşkili də Pepinovun adı ilə bağlıdır. İşğalçı 11-ci Qırmızı ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində Pepinov Parlamentin digər üzvü Rəhim bəy Vəkilovla danışıqlar aparmaq üçün Qroznı şəhərinə göndərilmişdir. 

Aprel işğalından (1920) sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdir. 20-ci illərin dövri mətbuatında onun çox sayda məqalələri dərc olunmuşdur. Təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur olmuşdur. Daha sonra Alma-Ataya (indiki Almatı) köçmüş (1934), Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir. Repressiyaya məruz qalmışdır. 1938-ci ildə güllələnmişdir.

 

Protasov İ.

Protasov İ. (?-?)- Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan Milli Şurasının 19 noyabr, 1918-ci il "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una əsasən, Slavyan-Rus Cəmiyyətindən parlamentin tərkibinə daxil edilmişdir. Parlamentdə "Slavyan-Rus cəmiyyəti" fraksiyasını təmsil etmişdir. 26 dekabr 1918-ci ildən 14 mart 1919-cu ilədək Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində maliyyə naziri vəzifəsini tutmuşdur.

 

Rəfibəyli Xudadat bəy

Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1877-ci ildə Gəncədə anadan olmuşdur. Azərbaycan xalqının milli istiqlal mübarizəsinin fəal iştirakçılrından biri, görkəmli dövlət xadimi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında və fəaliyyətində yaxından iştirak etmişdir. Azərbaycanın ilk ali təhsilli cərrah həkimlərindən biri olmuşdur. Atası Ələkbər bəy Rəfibəyli xeyirxah, bütün mahalda tanınan müdrik el ağsaqqalı və ictimai xadim olmuşdur. Xudadat bəy ilk təhsilini Gəncə gimnaziyasında almış, 1904-cü ildə Xarkov İmperator Universitetinin tibb fakültəsini bitirmiş, həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləmişdir. Xarkovda tələbə dostları ilə birlikdə azərbaycanlılardan ibarət "Zemlyaçestvo" ("Həmyerlilər") dərnəyi yaratmışdır. 1907-ci ildə Gəncəyə qayıtmış, qubernatorun əmri ilə şəhər xəstəxanasına direktor təyin olunmuşdur. 1912-1913-cü tədris ilində Sankt-Peterburqdakı İmperator Klinik İnstitutunda 12 ixtisas üzrə dinləyici olmuşdur.

Səmərəli fəaliyyəti, peşəkarlığı və qüsursuz xidməti nəzərə alınaraq Xudadat bəy Rəfibəyli titulyar müşavir (1909), kollej asessoru (1910), saray müşaviri (1912) rütbələrinə təqdim olunmuş, 1909-cu ildə Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi (mirovaya sudya) təyin edilmişdir (1916-cı ilədək). 1915-ci il noyabrın 18-ində kollej müşaviri rütbəsinə irəli çəkilmişdir. 1916-cı ildə 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdur. 

Xudadat bəy Rəfibəyli 1914-cü ildə Həsən bəy Ağayevlə birlikdə Azərbaycanda ilk səhiyyə-sağlamlıq cəmiyyəti olan "Gəncə tibb cəmiyyəti"ni yaratmışdır. O, cəmiyyətin üzvü, Xarkov Universitetinin məzunu Musa bəy Rəfiyev və başqaları ilə birlikdə yoluxucu xəstəliklərin qarşısını almağa çalışmış, imkansızlara, yoxsullara pulsuz tibbi yardım etmiş, xeyriyyəçilik fəaliyyəti göstərmişdir. Xudadat bəy 1918-ci ilin yanvarında Türkiyə cəbhəsindən qayıdan yaralı rus əsgərləri üzərində Şəmkir və Zəyəmdə cərrahiyyə əməliyyatları aparmış, neçə-neçə yaralını ölümdən qurtarmışdır.

Xudadat bəy Rəfibəyli 1917-ci ilin martında Gəncədə yaranmış Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, heç bir partiyanın, yaxud qrupun üzvü olmamış, ömrünün sonuna qədər bitərəf qalmışdır. Bununla belə, ölkədə baş verən ictimai-siyasi hadisələrdən kənarda qalmamış, azadlıq və istiqlal ideyası onu həmişə düşündürmüşdür. 

1918-ci il iyunun 17-də Fətəli xan Xoyski tərəfindən Gəncədə təşkil edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumət kabinəsində Xudadat bəy Rəfibəyli xalq səhiyyəsi və himayədarlıq naziri təyin olunmuşdur. Cümhuriyyət hökuməti Bakıya köçdükdən sonra həmin ilin oktyabrında Səhiyyə Nazirliyi müstəqil nazirliyə çevrilmiş və Xudadat bəy yenə də nazir vəzifəsinə təyin edilmişdir. Müstəqil səhiyyə sisteminin yaradılması Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ən böyük nailiyyətlərindən biri idi. Bu işdə Xudadat bəy fəal rol oynamışdır. Həmin dövrdə onun təşəbbüsü və rəhbərliyi ilə tibb müəssisələrinin genişlənməsinə başlandı, xəstəxanalar, ambulatoriyalar, həkim və feldşer məntəqələri işə başladı, dövlət hesabına pulsuz müalicəxanalar açıldı, yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirildi, yeni-yeni müalicə ocaqlarının bünövrəsi qoyuldu. 1918-ci ilin dekabrında Fətəli xan Xoyski hökuməti istefa verdikdə, Xudadat bəy xalq səhiyyəsi naziri vəzifəsini tərk etmişdir.

Xudadat bəy Rəfıbəylinin ədalətli, nəcib adam olduğunu, habelə yüksək peşəkarlığını, bölgədə böyük nüfuzunu görən Azərbaycan hökuməti 1919-cu ilin mayında onu Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin etmişdir. O, ilk gündən Gəncə quberniyası ərazisində daşnak qulduru Andronikin başçılıq etdiyi erməni-daşnak silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının qarşısını almaq üçün qətiyyətlə mübarizə aparmağa başlamışdır. Ərazidə azərbaycanlılara qarşı soyqırımının qarşısının alınması, hərc-mərcliyə, soyğunçuluğa son qoyulması, asayişin bərqərar edilməsi, sabitlik yaradılması üçün qəti tədbirlər görmüşdür. Nəticədə, quberniya quldur dəstələrindən təmizlənmiş, erməni terrorçuları zərərsizləşdirilmiş, əmin-amanlıq xeyli möhkəmlənmişdir. Bu dövrdə erməni-daşnak quldur dəstələrinin törətdikləri qanlı cinayətlər, vəhşiliklər nəticəsində Zəngəzurda, bütövlükdə, Azərbaycanın qərb bölgəsində (indiki Ermənistan ərazisində) neçə-neçə şəhər və kənd dağıdılmış, yandırılmış, azərbaycanlılar kütləvi surətdə məhv edilmiş, uşaqlar, qocalar amansızcasına qətlə yetirilmişdir. Xudadat bəy Rəfibəyli erməni vəhşilikləri nəticəsində doğma yurd-yuvalarından - Qərbi Azərbaycandan qovulmuş 20 mindən çox soydaşımızı Gəncə mahalında yerləşdirmək, onlara ilkin yardım göstərmək, ərzaq məhsulları ilə təmin etmək, yaralılara və xəstələrə tibbi xidmət göstərmək sahəsində gərgin fəaliyyət göstərmişdir..

Aprel işğalından (1920) sonra Rəfibəyli aprelin 30-da bolşeviklərin tələbi ilə qubernator kimi səlahiyyəti öz üzərindən götürmüşdür. Hakimiyyəti yeni yaranmış inqilab komitəsinə təhvil vermişdir. Mayın 12-də Rəfibəyli həbs olunmuş və ona qarşı bir neçə ittiham irəli sürülmüşdür. Əsas ittiham ermənilərin yazdığı donoslara əsaslanırdı. Bolşeviklər onu erməni kəndlərinin yandırılması, quberniyanın erməni sakinlərinin sıxışdırılması ittihamı ilə Nargin adasında güllələmişlər. Rəfibəylinin arvadı Cəvahir xanım kiçik yaşlı 3 uşaqla birlikdə taleyin ümidinə qalmışdı: ataları qətlə yetirilərkən Kamilin 11, Rəşidin 9, Nigarın isə 7 yaşı olmuşdur. 1930-cu ilin oktyabrında Gəncə şəhər Soveti Rəyasət Heyəti X.Rəfibəylinin arvadı Cəvahir xanımın ailəsi ilə birlikdə, əmlakı müsadirə olunmaqla keçmiş Gəncə dairəsi hüdudlarından çıxarılması (sürgün edilməsi) haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Prokurorluğunun 1990-cı il 2 iyul tarixli qərarı ilə Xudadat bəy Rəfıbəyli barəsində cinayət işinə cinayət hadisəsi tərkibi olmadığına görə xitam verilmişdir. 

Xudadat bəy Rəfıbəylinin övladları ata-babalarının şərəfli ömür yolunu davam etdirmişlər. Kamil bəy Rəfibəyli ömrünün sonuna kimi Türkiyədə həkimlik etmiş, Nigar Rəfibəyli Azərbaycan poeziyasının görkəmli nümayəndəsi - Xalq şairi zirvəsinə ucalmışdır. Rəşid bəy isə tanınmış geoloq olmuşdur.

 

Rəfiyev Musa bəy

Musa bəy Hacı Məmmədhüseyn oğlu Rəfiyev (Rəfizadə) 1888-ci ildə Gəncədə anadan olmuşdur. İctimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin üzvü olmuşdur. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidi nəzdindəki mədrəsədə almış, sonra Gəncə klassik gimnaziyasında oxumuş, 1906-cı ildə Xarkov Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Təhsil illərində azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyətində fəal iştirak etmişdir. 1911-ci ildə universiteti bitirib Gəncəyə qayıtmış, şəhər xəstəxanasında həkim işləmişdir. Nümunəvi xidmətlərinə görə ona 1913-cü ildə "Titulyar müşavir", 1914-cü ildə "Kollej assesoru", 1916-cı ildə "Saray müşaviri" rütbələri verilmişdir. 1914-cü ilin sonlarında Xudadat bəy Rəfibəyli, Həsən bəy Ağayev ilə birlikdə Gəncədə ilk səhiyyə cəmiyyətinin yaradılmasında iştirak etmişdir. Fevral inqilabından (1917) sonra Müvəqqəti hökumətin yaratdığı Xüsusi Zaqafqaziya Komitəsinin Yelizavetpol quberniyası üzrə müvəkkili olmuşdur. 1917-ci ildə Gəncədə yaradılan "Türk Ədəmi-Mərkəziyyət" partiyasının fəal üzvlərindən olmuş, 1917-ci il oktyabrın 25-də Bakıda "Müsavat" partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir. Musa bəy Rəfiyev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə (1918, 26 may) Azərbaycan Milli Şurasının (27 may 1918-ci ildən) üzvü olmuşdur. 1918-ci il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Gəncədə ikinci müvəqqəti hökumət təşkil edilərkən Musa bəy Rəfiyev portfelsiz nazir təyin olunmuşdur. Gəncədə fəaliyyət göstərən Müsəlman Milli Şurasının nəzdindəki qaçqın şöbəsi əsasında Səhiyyə və Himayədarlıq Nazirliyi yaradılmış, oktyabrda Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçərkən bu nazirlik iki nazirliyə - Səhiyyə Nazirliyinə və Himayədarlıq Nazirliyinə bölünmüş, Musa bəy Rəfiyev Himayədarlıq Nazirliyinə rəhbərlik etmişdir. Bu müddətdə o, qaçqınlar probleminin həllinə xüsusi diqqət yetirmiş, bu problemi mütərəqqi yollarla, milli ayrı-seçkiliyə yol vermədən həll etməyə səy göstərmişdir.

Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Musa bəy Rəfiyev Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə "Müsavat və bitərəflər fraksiyası"ndan maliyyə-büdcə komissiyasının üzvü, həm də hərbi komissiyanın sədri olmuşdur. 1919-cu il dekabrın 24-də Nəsib bəy Yusifbəylinin təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 5-ci hökumət kabinəsində Musa bəy Rəfiyev səhiyyə və himayədarlıq naziri olmuşdur. Musa bəy milli dövlətçiliyi bərpa etmək üçün Gəncə üsyanının (1920) təşkilatçılarından biri olmuş, üsyan qəddarlıqla yatırıldıqdan sonra Türkiyəyə mühacirət etmişdir. Bir neçə ildən sonra İrana getmiş, Təbrizdə klinika yaradaraq, ömrünün axırına qədər orada həkimlik etmişdir. 1938-ci ildə Təbrizdə vəfat etmişdir.


 


 

Rəsulzadə Məmmədəli

Məmmədəli Əbdüləziz oğlu Rəsulzadə 7 aprel 1882-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Məhəmməd Əmin Rəsulzadənin əmisi oğludur. İlk təhsilini din xadimi olan atasından almış, sonralar maarif xadimi Sultanməcid Qənizadənin rəhbərliyi ilə Bakıda açılmış 2-ci "rus-müsəlman" məktəbində oxumuşdur. Siyasi fəaliyyətə 1902-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə yaranmış və Azərbaycanda Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan "Müsəlman gənclik təşkilatı"nda başlamışdır. 1904-cü ilin axırında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDFP) Bakı Komitəsinin nəzdində Mirhəsən Mövsümov, Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılan ilk müsəlman sosial-demokrat təşkilatı, “Hümmət”in əsası bu təşkilatla qoyulmuşdur. Bu təşkilata ilk daxil olanlardan biri də Məmmədəli Rəsulzadə idi. O, "Hümmət”in "Təkamül" (1906-1907) və "Yoldaş" (1907) qəzetlərində inqilabi hərəkata dair məqalələrlə çıxış etmişdir. 1907-ci ildə Balaxanı neft rayonunda P.Caparidze, M.Əzizbəyov, İ.Fioletov, S.Əfəndiyev və başqalarının iştirakı ilə təşkil olunan "Neft sənayesi fəhlələrinin ittifaqı"nın sədri P.Caparidze, texniki katibi isə Məmmədəli Rəsulzadə idi. Məmmədəli Rəsulzadə 1911-ci ilin oktyabrında Bakıda gizli şəkildə təşkil olunmuş Müsəlman demokratik "Müsavat" partiyasının müəssislərindən olmuşdur. O, həm də partiyanın əsas orqanı olan "Açıq söz" qəzetinin 1915-1919-cu illərdə naşiri və redaktoru olmuşdur. Məmmədəli Rəsulzadənin Azərbaycan Xalq dövrü fəaliyyəti də diqqətəlayiqdir. O, 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan Parlamentinə gizli səsvermə yolu ilə Bakıdan üzv seçilmiş, 1919-cu ilin əvvəllərində təşkil olunmuş Azərbaycan Xalq Cümhuriyyəti Hökumət mətbəəsinin müdiri təyin olunmuşdur. Məmmədəli Rəsulzadə 1919-cu ilin oktyabrında "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" partiyası" Bakı komitəsinin üzvü seçilmişdir. 

1920-ci il aprel işğalından sonra iki ilə yaxın Moskvada Xalq Millətlər Komissarlığına tabe olan kooperativ təşkilatında işləyən Məmmədəli Rəsulzadə 1922-ci ilin yayında Bakıdan İrana və oradan isə İstanbula mühacirətə getmişdir. M.Rəsulzadə həmin dövrdə İstanbulda nəşr olunan "Yeni Qafqasya", "Azəri türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi" və s. mətbuat orqanları ilə yaxından əməkdaşlıq etmişdir. Onun Türkiyədə Azərbaycan ədəbiyyatının təbliği sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında "M.Ə.Rəsuloğlu" imzası ilə çoxlu məqaləsi dərc olunmuşdur.

3 fevral 1982-ci ildə İstanbulda vəfat etmişdir.

 

Rüstəmbəyli Şəfi bəy

Şəfi bəy Mustafa oğlu Rüstəmbəyli 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində anadan olmuşdur. Azərbaycan xalqının istiqlal mübarizəsinin fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Gəncə klassik gimnaziyasını və Kiyev Universitetinin hüquq fakültəsini bitirmişdir (1916). Universitetdə təhsil aldığı illərdə "Azərbaycan həmyerlilər təşkilatı"nın üzvü və başçılarından biri, 1911-ci ilin oktyabrında gizli təsis edilən "Müsavat" partiyası Kiyev şöbəsinin fəal üzvlərindən olmuşdur. 1916-cı ildən Gəncə dairə məhkəməsində işləmişdir. 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayında Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edənlərdən olmuş, Rusiya müsəlmanlarının Moskva qurultayında (1917) iştirak etmişdir. Ş. Rüstəmbəyli 1917-ci il noyabrın 15-də yaradılmış Zaqafqaziya komissarlığı və seyminin müsəlman fraksiyasının, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Ş. Rüstəmbəyli İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi orqanı olan "Azərbaycan" qəzeti Azərbaycan dilində 6-cı nömrəsindən, rus dilində isə 5-ci nömrəsindən "mühərrirləri: Ceyhun bəy Hacıbəyli və Səfi bəy Rüstəmbəyli" imzaları ilə buraxılmışdır. 1918-ci il noyabrın 28-dən qəzetin rus dilində çıxan nömrələri Ş. Rüstəmbəylinin redaktorluğu ilə nəşr edilmişdir. Qəzetin səhifələrində onun Azərbaycanın siyasi həyatına aid xeyli məqaləsi dərc olunmuşdur. O, "Düşünmək vaxtıdır" məqaləsində "Daşnaksutyun" partiyasının şovinist - qarşıdurma və terrorçuluq xəttini tənqid edərək yazırdı: "Bizim üçün vacibdir ki, erməni xalqı, nəhayət, "Daşnaksutyun " partiyasının siyasi avantürasının məhvə məhkumluğunu başa düşsün, nə qədər ki, gec deyil, ondan üz döndərsin, öz qonşuları ilə səmimi və mehriban yaşamaq yoluna qədəm qoysun. Başqa yol onlar üçün daim fəlakətli olacaqdır". 

Ş. Rüstəmbəyli Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Azərbaycanın Parlamentinə daxil edilmişdir. Parlamentin mandat komissiyasının sədri, Müəssislər məclisinin çağırılması üzrə Mərkəzi komissiyanın üzvü olmuşdur. O, "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" Partiyası"nın 1-ci (1917, 26-31 oktyabr) və 2-ci (1919, dekabr) qurultaylarında Mərkəzi Komitənin üzvü, 2-ci qurultayda həm də partiya sədrinin müavini seçilmişdir. Qəzet redaktorluğu ilə yanaşı, Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirliyi dəftərxanasının müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifələrini icra etmişdir. 1920-ci il aprelin 27-də N. Yusifbəylinin yanında məhdud dairədə keçirilmiş müşavirədə Ş. Rüstəmbəyli qan tökülməsinə yol verməmək üçün Bakıdan çıxmağı və bolşeviklərə qarşı mübarizəni təşkil etmək üçün Gəncəyə köçməyi təklif etmişdir. Lakin onun təklifi toplantı iştirakçıları tərəfindən qəbul olunmamışdır.

Aprel işğalından (1920) sonra Ş. Rüstəmbəyli Tiflisə getmiş, onun rəhbərliyi ilə burada "Azərbaycanı qurtuluş komitəsi" yaradılmışdır. 1921-ci ilin fevralında Gürcüstanın 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra Ş. Rüstəmbəyli İstanbula köçmüş, "Yeni Qafqasya", "Azəri türk", "Odlu yurd" və "Azərbaycanın yurd bilgisi" jurnallarında Azərbaycanın siyasi tarixinə dair məqalələr dərc etdirmişdir. Parisdə çıxan "Prometey" (fransızca) və "Qafqaz" (rusca) jurnallarında da siyasi mövzularda bir çox yazıları çap olunmuşdur. 

Ş. Rüstəmbəyli "Müsavat" Partiyası Xarici Bürosunun fəal üzvü olmuşdur. 1927-ci ildən "Müsavat" partiyasının rəhbərliyində təmsil olunan Ş. Rüstəmbəyli Xəlil bəy Xasməmmədovla birlikdə müstəqil fəaliyyəti üstün tutmuşdur. Onların Azərbaycan Milli Mərkəzinin (İstanbul) fəaliyyətinə üstünlük vermələri müsavatçıların kəskin etirazına səbəb olmuşdur. Nəticədə, müsavatçılar arasında təfriqə baş vermiş, Şəfi bəy və Xəlil bəy İstanbul təşkilatından xaric edilmişlər. M. Ə. Rəsulzadə "Şəfi bəy heç bir mərkəzə lüzum olmayıb hər şöbənin kəndi başına müstəqil olaraq, çalışması tezisini müdafiə ediyormuş" deyirdisə, Şəfı bəy də M. Ə. Rəsulzadəni "kəndi əmrinə tabe olan tərəfdarlarını milli və firqə təşkilatından ayırıb, yeni qrup təşkil etməklə, yeni ixtilafa yol açmaqda" ittiham etmişdir. 1934-cü il 5 aprel tarixli qərarla Ş. Rüstəmbəyli "Müsavat" partiyasından xaric edilmişdir. 1934-cü ildə dərc edilən bir neçə kitabça mühacirlər arasındakı parçalanmaları daha da dərinləşdirmişdir. Ş. Rüstəmbəylinin "Yıxılan bütlər", Nağı Şeyxzamanlının "Biz və onlar" əsərləri müqabilində M. Ə. Rəsulzadə "Şəfibəyçilik" əsərini yazaraq, müxalifətçi qrupun mahiyyətini açıqlamışdır. "Müsavat" partiyasının Varşava konfransında (1936) Ş. Rüstəmbəylinin partiyadan xaric edilməsi haqqında qərar təsdiqlənmişdir. 

Ş. Rüstəmbəyli "Prometey" təşkilatına kəskin müxalif mövqe tutmuş, Bammat Heydərin başçılıq etdiyi sağ müxalifətçilər qrupuna daxil olmuşdur. X. Xasməmmədovla birgə Qafqaz xalqlarının birliyi ideyasının qəti tərəfdarı olmuş, onun reallaşmasına çalışmışdır. 1943-cü ildə Berlində keçirilmiş "Milli Birlik Məclisi” nin ümumazərbaycan qurultayında Rəyasət Heyətinin fəxri üzvü seçilmişdir. 

1960-cı ildə İstanbulda vəfat etmişdir.

 

Rüstəmbəyov Baxış bəy

Baxış bəy Rüstəmbəyov 1870-ci ildə Salyanda anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. 1890-cı ildə Bakı realnı məktəbini bitirmiş, həmin ildə Moskva texniki məktəbinə daxil olmuşdur. Lakin bu məktəbdə təhsilini başa vurmadan 1893-cü ildə Sankt-Peterburq Texnoloji İnstitutunun mexanika şöbəsinə daxil olmuşdur. Buraxılış ərəfəsində tələbə hərəkatında iştirakına görə institutdan xaric edilmiş, lakin tezliklə bərpa olunmuşdur. İnstitutu bitirdikdən sonra Bakıya qayıdaraq, 1906-cı ilə qədər Şəmsi Əsədullayevin yanında müdir müavini işləmişdir. Sonra Ağa Musa Nağıyevin yanında eyni vəzifəni icra etmiş, balıqçılıq sahəsində, 1910-1917-ci illərdə isə neft mədənlərində çalışmışdır. B.Rüstəmbəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Salyandan Cümhuriyyət Parlamentinin tərkibinə daxil edilmişdir. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir. 

Sovet hakimiyyəti illərində Azərbaycanın yüngül sənaye sistemində rəhbər vəzifələrdə çalışmış, həmçinin balıqçılıq institutu və texnikumunda, Xalq yüngül sənaye komissarlığı yanında ixtisasartırma institutunda dərs demişdir.

1939-cu ildə repressiyaya məruz qalmışdır. 1942-ci ildə azad olunmuş, Bakıya qayıdarkən yolda vəfat etmişdir.

 

Rzayev Abuzər bəy

Abuzər bəy Əsgər bəy oğlu Rzayev (İrzayev) 1876-ci ildə Gəncədə anadan olmuşdur. Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Rəfibəylilər nəslindəndir. 1894-cü ildə Tiflis realnı məktəbini və 1899-cu ildə Moskva texniki məktəbini bitirmişdir. 1899-cu ildən Musa Nağıyev və Murtuza Muxtarovun Bibiheybətdəki neft mədənlərində mühəndis, sonra mədən müdiri işləmişdir. Neft sənayesində böhranla əlaqədar olaraq 1909-cu ildə Gəncəyə köçmüş, bir müddətdən sonra Gəncə Şəhər idarəsi başçısının (Şəhər qlavası) müavini seçilmişdir. Şəhərin içməli su ilə təchizatı sahəsində səmərəli fəaliyyət göstərmişdir. 1917-ci il fevral inqilabından sonra təşkil edilmiş Gəncə Quberniya İcraiyyə Komitəsinin üzvü olmuşdur. 

Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən, Gəncə şəhərindən Cümhuriyyət Parlamentinin tərkibinə seçilmişdi. Parlamentdə "Bitərəflər" fraksiyasını, 1919-cu ilin oktyabrında bu fraksiyanın parçalanmasından və böyük əksəriyyətin "Müsavat" fraksiyası ilə birləşməsindən sonra "Müsavat" və bitərəflər fraksiyasını təmsil etmişdir. Eyni zamanda, maliyyə-büdcə komissiyasının üzvü, sonralar sədri olmuşdur.

1920-ci il aprel işğalından sonra bir müddət Bibiheybət rayonu neft mədənlərinin müdiri işləmiş, 1920-ci il iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilmiş və güllələnmişdir.

 

Sanılı Hacı Kərim

Hacı Kərim Kərbəlayi Hüseyn oğlu (Sanıyev) Sanılı 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsəmən kəndində kəndli ailəsində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim olmuşdur. 1886-1993-cü illərdə mollaxanada oxumuş, 1898-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmişdir. 1898-1902-ci ildə Zəngəzur qəzasının Xaçmaz kənd məktəbində, 1902-1904-cü ildə Gəncə Şəhər rus-müsəlman məktəbində, 1905-1918-ci ildə Qazax qəzasının Poylu və Dağ Kəsəmən ibtidai məktəblərində müdir işləmişdir. 1905-ci ildə siyasi fəaliyyətə başlamış, "Difai” partıyasının fəaliyyətində yaxından iştirak etmişdir. 1917-ci ildən Tiflis menşevik "Hümmət" təşkilatının üzvü olmuşdur. 1918-ci ildə Qazax qəzasının general-qubernatoru vəzifəsində işləmişdir. 1918-ci ilin noyabrında Tiflis "Hümmət" partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə seçilmiş, Sosialistlər fraksiyasının, sorğu komissiyasının üzvü olmuşdur. 1918-1920-ci illərdə "Müsavat" partiyasına qarşı mübarizə aparmış, Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təxribatların həyata keçirilməsinə rəhbərlik etmişdir. 

Azərbaycanda sovet hakimiyyəti illərində xalq maarifı sahəsində çalışmış, Azərbaycan İstehlak-Kooperasiya İnstitutunda (1933-1935), Sovet Ticarəti İnstitutunun nəzdindəki işçi fakültəsində (1933-1936) müəllim, Azərbaycan Dövlət Elmi-tədqiqat İnstitutunda elmi işçi, Bakı xalq maarifı Şöbəsində inspektor işləmişdir.

H.Sanılı bədii yaradıcılıqla məşğul olmuş, "Aran köçü", "Namus davası", "Turut qaçaqları", "Zülmün sonu", "Novruz və Gülarə" kimi lirik-epik poemalarının, "Canavarlar hökuməti" mənzum satirik əsərinin, lirik şerlərin müəllifi kimi tanınmışdır. 1937-ci ildə repressiyaya məruz qalmışdır.

 

Seyidov Mir Hidayət bəy

Mir Hidayət bəy Mir Adil oğlu Seyidov 1887-ci ildə Gəncədə anadan olmuşdur. Azərbaycanın milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycanın Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. Azərbaycanın Xalq Cümhuriyyətinin təşəkkülündə və inkişafında fəal iştirak etmişdir. 1906-cı ildə Yelizavetpol (Gəncə) gimnaziyasını bitirmiş, sonra Kazan Universitetinin hüquq fakültəsində oxumuşdur. 1907-ci ildən inqilabi hərəkata qoşulmuşdur. İrəvan quberniyası Müsəlman Milli Şurasının sədri, Zaqafqaziya seymi Müsəlman fraksiyasının üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsi qəbul edilmişdir. M.H.Seyidov müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.

İrəvan şəhərinin ermənilərə paytaxt kimi güzəştə gedilməsi ilə bağlı Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixində qəbul etdiyi qərara etiraz edən üç nümayəndədən biri Mir Hidayət Seyidov olmuşdur. 1918-ci ilin payızından başlayaraq, erməni daşnakları Naxçıvana aramsız hücumlar etdiyindən, Mir Hidayət bəy ata vətəni Naxçıvana qayıtmış, Ordubad Milli Müdafiə Şurasına sədrlik etmişdir. O, əhalini erməni işğalçılarına qarşı vuruşa ruhlandırır və bu döyüşlərdə özü də öndə gedirdi. Mir Hidayət Seyidov 1919-cu ildə Ordubadda qəfildən vəfat etmişdir.

1919-cu ildə vəfat etmişdir.

 

Səfikürdski Aslan bəy

Aslan bəy Ağalar bəy oğlu Səfikürdski 1881-ci ildə Gəncə qəzasının Səfikürd kəndində anadan olmuşdur. Görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. 1901-ci ildə Gəncə klassik gimnaziyasını bitirərək, həmin ildə Xarkov Universitetinin hüquq fakültəsinə qəbul olunmuş, 1902-ci ildə öz xahişi ilə Peterburq Universitetinə dəyişilmişdir. Tələbə hərəkatında fəal iştirakına görə 1903-cü ilin martında Peterburq Universitetindən xaric edilmiş, 1904-cü il yanvarın 20-də yenidən həmin Universitetə bərpa olunmuşdur. 1907-ci ildə universiteti bitirən Səfikürdski, 1907-1911-ci illərdə Gəncənin ədliyyə orqanlarında andlı müvəkkil köməkçisi vəzifəsində işləmiş, eyni zamanda, xeyriyyəçiliklə məşğul olmuşdur; Gəncə "Müsəlman xeyriyyə cəmiyyəti"nin rəhbərlərindən biri, həmçinin "Aktyorlar cəmiyyəti"nin sədri olmuşdur. 1911-1917-ci illərdə əvvəlcə Şuşa şəhər dumasında iclasçı, sonralar isə andlı müvəkkil olmuşdur. Fevral inqilabından (1917) sonra Səfikürdski Gəncə qəza icraiyyə komitəsinin tərkibinə, həmçinin Gəncə Müsəlman Milli Şurasının üzvü seçilmişdir. Qasım bəy Əmircanovla birlikdə, Rusiya imperiyası qeyri-rus millətlərinin 1917-ci ildə Kiyevdə keçirilən qurultayında Azərbaycandan nümayəndə kimi iştirak etmiş və çıxışında Azərbaycana milli muxtariyyət verilməsi haqqında təklif irəli sürmüşdür. 1917-ci il noyabrın 11-də Cənubi Qafqazın siyasi partiya və ictimai təşkilatları nümayəndələrinin Tiflis də keçirilən konfransında iştirak etmişdir. Elə həmin il Səfikürdski eserlər partiyasının tərkibindən çıxaraq, Müsəlman sosialistləri blokuna daxil olmuşdur. Onun başçılıq etdiyi blok Rusiya Müəssislər Məclisinə seçkilərdə 3 yer qazanmışdır. 

Rusiya Müəssislər Məclisi buraxıldıqdan sonra yaradılan Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının, sonra isə Azərbaycanın Milli Şurasının üzvü olmuşdur. Seymin Müsəlman sosialistləri blokunun lideri kimi Səfikürdski Bakıda müsəlman əhaliyə qarşı vəhşiliklərin qarşısının dərhal alınmasını tələb etmişdir. Azərbaycan Milli Şurası yaradılanda onun məqsəd və vəzifələrini Cənubi Qafqazın bütün müsəlman bölgələrində xalqa izah etmək üçün göndərilən nümayəndələr içərisində A. Səfikürdski də olmuşdur. 1918-ci ilin iyununda Gəncədə yaranmış hökumət böhranı zamanı, A. Səfikürdski Azərbaycan Milli Şurasının və birinci hökumətinin buraxılmasına etiraz əlaməti olaraq, Müsəlman sosialistləri bloku adından partiyasının yeni hökumətin tərkibinə daxil olmayacağını bəyan etmişdir. İstanbul konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə daxil edilmişdir. 1918-ci ilin dekabrında Qazax qəzasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə deputat seçilmişdir. O, Müsəlman sosialistləri bloku adından Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını alqışlamış, aqrar problemin həllini parlamentin ən vacib məsələsi saymış, torpağın əvəzsiz olaraq kəndlilərə paylanmasını tələb etmişdir. O, siyasi məhbuslara əfvi-ümumi verilməsi üzrə xüsusi komissiyanın üzvü olmuşdur. Onun təklifi ilə əfvi-ümuminin, kənd yerlərindən olan siyasi məhbuslara da tətbiq edilməsi qəbul olunmuşdur. 

Səfikürdski Azərbaycanın Cümhuriyyəti 3-cü hökumət kabinəsində poçt-teleqraf və əmək naziri, 4-cü kabinədə isə ədliyyə və əmək naziri vəzifəsini tutmuşdur. Onun təşəbbüsü ilə respublikanın ayrı-ayrı bölgələrindəki poçt-teleqraf müəssisələrində əməliyyat və poçt daşınmaları işləri bərpa edilmiş, telefon danışıq məntəqələri istismara buraxılmışdır. Səfikürdski rabitə sahəsində kadr hazırlanması işinə də xüsusi diqqət vermişdir. Məhz onun səyi nəticəsində 1919-cu ildə Bakıda xüsusi poçt-teleqraf məktəbi fəaliyyət göstərməyə başlamışdır. Onun qonşu dövlətlərlə rabitə işlərinin qaydaya salınmasında və inkişaf etdirilməsində böyük xidmətləri olmuşdur. Nazir olduğu dövrdə üzərində Azərbaycan dövlətinin nişanları olan poçt markaları buraxılmağa başlanmışdır. Səfikürdski ədliyyə sisteminin işinin təkmilləşdirilməsi sahəsində vacib tədbirlər həyata keçirmişdir. Onun göstərişi ilə nazirliyin nəzdində Azərbaycanda ilk dəfə olaraq hüquq elmi üzrə mükəmməl kitabxananın təşkilinə, Azərbaycan Məhkəmə palatası nəzdində andlı müvəkkillər şurasının yaradılmasına başlanmışdır. Milli kadrların ədliyyə sisteminə daha çox cəlb edilməsi də Səfikürdskinin diqqət mərkəzində olmuşdur. Məhkəmə orqanlarına qəbul edilən şəxslərin dövlət dilini bilməsi zəruri idi. "Xalq məhkəməyə deyil, məhkəmə xalqa xidmət etməlidir" deyən Səfikürdski yerli dairə məhkəmələri şəbəkələrinin genişləndirilməsinə çalışmışdır. Həmin məhkəmələri yaşayış məntəqələrinə yaxınlaşdırmaq məqsədilə Səfikürdski Cümhuriyyət ərazisində üç yeni dairə məhkəməsinin (Şəki, Şuşa və Kürdəmirdə) açılmasına nail olmuşdur. Cinayətin profilaktikası, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində mühüm tədbirlər görmüşdür. Səfikürdski 1919-cu ilin iyunundan Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Müdafiə Komitəsinin, 1920-ci ilin yanvarından Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü olmuşdur. 1920-ci ildən öz fəaliyyətini əsasən Parlamentdə davam etdirən Səfikürdski fevralın 5-də maliyyə-büdcə komissiyasının üzvü seçilmişdir. Paris Sülh Konfransının Ali Şurası tərəfindən Azərbaycanın suverenliyinin "de-fakto" tanınması münasibətilə sosialist fraksiyası və bütün Azərbaycan zəhmətkeşləri adından parlamenti təbrik etmişdir. Azərbaycanı xarici ölkələrdə təmsil etmək üçün səfirliklərin ilk növbədə Şərq ölkələrində, xüsusilə Yaponiyada, Çində, Əfqanıstan və Türkiyədə açılmasını təklif etmişdir. O, həmçinin ilk növbədə Rusiyada səfirliyin açılması fikrini irəli sürmüş və fikrini oradakı azərbaycanlıların hüquqlarının müdafiəyə ehtiyacı olması ilə əsaslandırmışdır. 1920-ci il aprelin 27-də Parlament müşavirəsi tərəfindən seçilmiş fövqəladə səlahiyyətli nümayəndə heyətinin üzvü kimi bolşeviklərlə hakimiyyət haqqında danışıqlar aparmışdır. Danışıqlarda Səfikürdski təslimçi mövqe tutmuşdur. Həmin gün parlamentdəki çıxışında bildirmişdi ki, "Biz Azərbaycan kommunistlərinin təklifini rədd etməyib qəbul etməli, hakimiyyəti və bununla birlikdə millətin ixtiyarını onlara verməliyik... Hərgah onlar istiqlaliyyəti müdafiə edə bilməzlərsə, onda camaat özü müdafiə edər və öz istədiyinə nail olar". Aprel işğalından (1920) sonra A. Səfikürdski Azərbaycan SSR xalq ədliyyə komissarının müavini işləmişdir. Lakin 1922-ci ildə həbs edilmiş, "eser partiyasının Zaqafqaziya təşkilatının işi" adlı ittihamla 3 il azadlıqdan məhrum edilmişdir. Həbsdən azad edildikdən sonra Səfikürdski "Azərneft" sistemində hüquq məsləhətçisi işləsə də, daim təqiblərə məruz qalmışdır.

1937-ci ildə vəfat etmişdir.

 

Sultanov Xosrov bəy

Xosrov Paşa bəy oğlu Sultanov 1879-cu ildə Zəngəzur mahalının Kürdhacı kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət və siyasi xadimi, Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçısı olmuşdur.

Gəncə gimnaziyasında oxumuş, Novorossiysk Universitetinin tibb fakültəsini bitirmişdir (1903). Zəngəzur və Qarabağda topladığı zəngin bitkilərdən hazırladığı dərmanlarla kəndlərə gedərək, xəstələri təmənnasız müalicə etmişdir. Vətən tarixini, ədəbiyyatını və mədəniyyətini sevən ziyalılardan olan Xosrov bəy Şuşadakı evlərindən birini Şərq kitabxanası adlandırmış, quberniya işçilərinə Şərq xalqlarının tarix və mədəniyyətindən mühazirələr oxumuşdur. 

Xosrov bəy Sultanov 1917-ci ildə "Müsavat" partiyasına daxil olmuş, Rusiya Müəssislər Məclisinə deputat seçilmişdir. Zaqafqaziya seyminin üzvü olmuşdur. 1918-ci ildə "İttihad" partiyasına keçmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyannaməsi qəbul edilmişdir. Xosrov bəy Sultanov müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.

Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən təsdiq olunan 1-ci hökumət kabinəsində hərbi nazir təyin edilmiş, Azərbaycan Milli Şurasının və Hökumətinin yaranmasını, onların məqsəd və vəzifələrini izah etmək, regionda qayda-qanun və əmin-amanlıq yaratmaq məqsədilə Nəsib bəy Yusifbəyli və Şəfi bəy Rüstəmbəyli ilə birlikdə ilk nümayəndə heyətinin tərkibində Gəncəyə göndərilmişdir. Xosrov bəy 1918-ci il iyunun 17-də Gəncədə təşkil olunan 2-ci hökumət kabinəsində əkinçilik naziri olmuşdur. 

Xosrov bəy 1918-1920-ci illərdə Qarabağın və Zəngəzurun daşnak-erməni quldur dəstələrindən təmizlənməsində qardaşı Sultan bəylə birlikdə müstəsna xidmət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Ermənistanın daşnak hökumətinin 1918-ci ilin yayından başlayaraq Zəngəzur bölgəsində azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı siyasətinin, Andronikin, Njdenin, Dronun quldur dəstələrinin Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında törətdiyi kütləvi soyqırımlarının, vəhşiliklərin, qarətlərin qarşısını almaq məqsədilə Şuşa, Zəngəzur, Cavanşir və Cəbrayıl qəzalarını Gəncə quberniyasından ayırıb, Müvəqqəti Qarabağ general-qubernatorluğu yaratmış və Xosrov bəy Sultanovu 1919-cu il fevralın 12-də həmin qubernatorluğun general-qubernatoru təyin etmişdir. 

Azərbaycan hökumətinin öz tarixi torpaqlarında general-qubernatorluq yaratması və Xosrov Paşa bəy Sultanovun bu vəzifəyə təyin etməsi haqqında qərarını daşnaklar çox böyük narahatlıqla qarşılamışlar. Ermənistan Xarici İşlər Nazirliyinin Rusiya hökumətinə, digər aparıcı dövlətlərə və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərində, Azərbaycan hökumətinə etiraz notalarında, belə bir iddia irəli sürülmüşdür ki, guya bu bölgənin böyük bir hissəsi Ermənistan ərazisidir, Xosrov Paşa bəy isə guya ermənilərin düşmənidir.

Xosrov Paşa bəy Sultanov Şuşaya gələn kimi Qarabağda daşnak Andronik başda olmaqla erməni quldur dəstələrilə amansız mübarizəyə başlamış, təhlükəli yerlərdə milli ordunun əsgərlərindən ibarət mühafizə dəstəsi yaratmış, Erməni Milli Şurası üzvlərinin Azərbaycandan çıxarılmasına nail olmuşdur. Buna cavab olaraq erməni yaraqlıları Şuşada silahlı toqquşma törətsə də, ertəsi gün - iyunun 6-da sülh əldə edilmiş, şəhərin dinc erməni əhalisi Xosrov bəy Sultanova üzrxahlıq məktubu yazaraq, erməni separatçılarının fitnəkarlığına görə onun şəxsində Şuşanın müsəlman camaatından üzr istəmişdir. 1919-cu ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində Qarabağda, Zəngəzurda və ermənilərin ərazi iddiası irəli sürdüyü digər yerlərdə Azərbaycanın suveren hüquqlarının bərpa edilməsində Xosrov bəy Sultanov böyük xidmət göstərmişdir. Həmin ilin sentyabrında Azərbaycan hökuməti burada yaşayan ermənilərə mədəni muxtariyyət vermişdir. Xosrov bəy Sultanov Aprel işğalından (1920) sonra mühacirətdə yaşamış, "İttihad" partiyasının liderlərindən biri kimi partiyanın xarici ölkələr bürosunu formalaşdırmağa və ittihadçıları bir təşkilat ətrafında cəmləşdirməyə çalışmışdır. O, 1926-cı ildə Parisdən İrana gedərək, burada İttihadın Tehran və Təbriz komitələrini yaratmışdır. Xosrov Paşa bəy Türkiyədə olarkən 1941-1945-ci illər sovet-alman müharibəsində əsir alınmış azərbaycanlıların həbs düşərgələrindən azad olunmasına yaxından kömək göstərmiş, Fransada Azərbaycan xəstəxanası açmışdır. 1947-ci ildə Türkiyədə vəfat etmişdir.

 

Şahsuvarov Nurməmməd bəy

Nurməmməd bəy Ədilxan oğlu Şahsuvarov - Azərbaycan istiqlal hərəkatı iştirakçılarından və Azərbaycan Xalq Cümhuriyyəti dövlət xadimlərindən biri, maarifçi.

Şahsuvarov 1883-ci il Laçın rayonunun Minkənd kəndində anadan olmuşdur. Qori müəllimlər seminariyasını bitirmiş (1903), bir müddət Gəncədə rus dili müəllimi işləmişdir. Sonralar Tiflis Aleksandr Müəllimlər İnstitutunu (1912), ekstern yolu ilə Kiyev Universitetinin hüquq fakültəsini (1915) bitirmişdir. Şahsuvarov Rusiyada Fevral inqilabı (1917) dövründə siyasi hadisələrdə yaxından iştirak etmiş, 1918-ci ilin yayında Şimali Qafqaz xalqlarının azadlıq hərəkatı nəticəsində yaradılmış Dağlı Respublikasının xalq maarif naziri təyin olunmuşdur. 1919-cu ilin iyununda Bakıya gələn Şahsuvarov Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin 1-ci hökumət kabinəsində (Cümhuriyyətin 4-cü hökumət kabinəsi) maarif nazirinin müavini vəzifəsində işləmiş, Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyaların açılması, təhsil və mədəniyyət sahəsində bir sıra mütərəqqi tədbirlərin həyata keçirilməsində, Bakı Dövlət Universitetinin təşkilində yaxından iştirak etmişdir. "İttihad" partiyasının üzvü olmuşdur. Şahsuvarov 1920-ci il martın 5-də N.Yusifbəylinin 2-ci hökumət kabinəsində (Cümhuriyyətin 5-ci hökumət kabinəsi) maarif və dini etiqad naziri təyin olunmuşdur.

Aprel işğalından (1920) sonra Şahsuvarov Azərbaycan SSR xalq maarif komissarının müavini olmuş, Bakıda orta və ali təhsil ocaqlarında rus dilindən dərs demişdir. 1940-cı ildə saxta ittihamlar əsasında həbs edilərək, Krasnodar diyarına sürgün edilmişdir. 1943-cü ildə sürgündən qayıdaraq, Azərbaycan Tibb İnstitutunda rus dili kafedrasının müdiri işləmişdir.

Nurməmməd bəy 11 Avqust 1958-ci ildə Bakıda vəfat etmişdir. 

 

 

Şahtaxtinski Həmid ağa

Həmid ağa Xəlil oğlu Şahtaxtinski - Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, görkəmli maarifçi.

Şahtaxtinski martın 12-si 1880-ci il  Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olmuşdur. Naxçıvanda mollaxanada, üçüncü dərəcəli şəhər məktəbində oxumuşdur. İrəvan müəllimlər seminariyasını (1899) bitirmişdir. Pedaqoji fəaliyyətə həmin seminariyada Azərbaycan və rus dilləri müəllimi kimi başlamışdır. İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü olmuşdur. Odessada Novorossiysk Universitetinin hüquq fakültəsini bitirmiş (1912), tələbəlik illərində buradakı "Azərbaycanlı həmyerlilər təşkilatının başçılarından olmuşdur. 1912-ci ildə Gəncəyə gələrək, şəhərin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. 1914-cü ildə Yelizavetpol (Gəncə) quberniyasının xalq məktəbləri inspektoru təyin edilmişdir. İki ilə yaxın Yelizavetpol dairə məhkəməsində andçı-müvəkkilin köməkçisi vəzifəsində işləmiş, sonra Bakıya köçərək, dairə məhkəməsində eyni vəzifədə çalışmışdır. 

Fevral inqilabından (1917) sonra siyasi fəaliyyətə başlamışdır. 1917-ci ildən "İttihad" partiyasının üzvü olmuşdur. 1917-ci il avqustun 29-dan Cənubi Qafqaz Təhsil İdarəsi üzrə komissar olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Şahtaxtinski müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin 2, 3 və 4-cü hökumət kabinələrində maarif nazirinin müavini, 5-ci hökumət kabinəsində maarif və dini etiqad naziri (1920-ci il martın 5-də istefa vermişdir), Azərbaycan Parlamentinin üzvü olmuşdur. Şahtaxtinski Azərbaycanın şəhər və kəndlərində ana dilində məktəb və seminariyalarının açılmasına böyük əmək sərf etmişdir. Bakı Dövlət Universitetinin təşkilində xidməti olmuş, orada müəllim, prorektor (1919-1925), həmçinin Bakı xalq maarifi şöbəsi nəzdindəki ikiillik müəllimlər institutunda işləmişdir. Tiflisdəki Zaqafqaziya Universitetinin tibb fakültəsini bitirmişdir (1928). 1929-cu ildən professor olmuş. və Azərbaycan Dövlət Tibb İnstitutunda (1930-1940) işləmişdir. Azərbaycanın ümumtəhsil məktəbləri üçün dərsliklərin, Azərbaycan dilində elmi terminologiyanın tərtibi üzrə komissiyaların sədri olmuş, yeni Azərbaycan əlifbasının yaradılmasında iştirak etmişdir. 

Həmid ağa Şahtaxtinski repressiyaya məruz qalmış, 1941-ci ildə həbs və sürgün edilmişdir. 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində sürgündə həlak olmuşdur.

 

Şeyxülislamov Əkbər aga

Əkbər Ağa İbrahim oğlu Şeyxülislamov - ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Şeyxülislamov 1891-ci il İrəvan şəhərində anadan olmuşdur. Orta təhsilini İrəvan gimnaziyasında almış, 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olmuşdur. Ali məktəbdə bütün tədris kursunu başa çatdırmasına baxmayaraq, Fevral inqilabından (1917) sonra yaranmış siyasi vəziyyətlə əlaqədar, diplomunu almadan vətənə dönməli olmuşdur. 1918-ci ilin fevralında Zaqafqaziya seyminin üzvü seçilmişdir. Seymin Müsəlman fraksiyasında təmsil olunan "Hümmət" (menşevik) partiyasına daxil olmuşdur. Şeyxülislamov Zaqafqaziya seyminin Türkiyə hökuməti ilə sülh danışıqları aparmaq üçün 1918-ci il martın 1-də yaratdığı nümayəndə heyətinin tərkibində olmuş, həmçinin Zaqafqaziya hökumətində daxili işlər nazirinin müavini vəzifəsini icra etmişdir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsi qəbul edilmişdir. Şeyxülislamov müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci hökumət kabinəsində torpaq və əmək naziri vəzifəsini tutmuşdur. Azərbaycanın Xalq Cümhuriyyəti Parlamentində sosialist fraksiyasının üzvü olmuşdur. 

1918-ci il dekabrın 12-də siyasi partiyalarının Bakıda keçirilmiş demokratik müşavirəsində "Hümmət" (menşevik) partiyası adından çıxış edərək, sosialistlərin hökumətin tərkibinə daxil olmasını tələb etmişdir. Paris Sülh Konfransına (1919-1920) göndərilən Azərbaycanın nümayəndə heyətinin üzvü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətdə yaşamış, Azərbaycan Siyasi mühacirətinin fəal nümayəndələrindən olmuşdur. XX əsrin 20-ci illərində Parisdə Azərbaycandan II İnternasionalın üzvü olmuşdur. Parisdə rusca nəşr olunan "Azərbaycan" jurnalında (№ 2) dərc olunmuş "Azərbaycan necə quruldu" məqaləsində 1918-ci il 26-28 may hadisələrindən ətraflı bəhs edilmişdir. Həmin məqalə Ankarada nəşr olunan "Mücahid" (1962, №49-50) jurnalında yenidən çap olunmuşdur.

Əkbər ağa Şeyxülislamov 1961-ci il martın 2-də vəfat etmiş və Parisin yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

 

Şeyxzamanlı Məmmədbağır

Məmmədbağır Salah bəy oğlu Şeyxzamanlı 1881-ci ildə Gəncədə anadan olmuşdur. İctimai-siyasi xadim, maarif və mədəniyyət xadimidir. Gəncənin qədim Şeyxzamanlılar nəslindəndir. Gəncə realnı məktəbini bitirmiş, şəhərin mədəni həyatında yaxından iştirak etmişdir. 1906-cı ildə dram cəmiyyəti təşkil edərək, Azərbaycan, Avropa dramaturqlarının əsərlərini tamaşaya qoymuşdur. "Difai" partiyası Gəncə Şöbəsinin yaranmasında və fəaliyyətində yaxından iştirak etmişdir, Şəhər dumasının üzvü olmuşdur. Fevral inqilabından (1917) sonra Nəsib bəy Yusifbəylinin Gəncədə yaratdığı "Türk Ədəmi-Mərkəziyyət partiyası"na daxil olmuşdur. Həmin partiya Məhəmməd Əmin Rəsulzadənin "Müsəlman demokratik "Müsavat" partiyası ilə birləşdikdən sonra "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" partiyasının üzvü kimi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında və fəaliyyətində mühüm rol oynamış, "Müsavat" partiyasından Parlamentin deputatı seçilmişdir. M. Şeyxzamanlı 1919-cu il iyunun əvvəllərində yaradılmış Dövlət Müdafiə Komitəsi sədrinin əmri ilə Əks-inqilabla mübarizə təşkilatının rəisi təyin olunmuş, dövlət təhlükəsizliyinin xarici və daxili düşmənlərdən qorunmasına böyük əmək sərf etmişdir. Lakin 1919-cu il avqustun 20-də öz xahişi ilə vəzifəsindən azad edilmiş və bu vəzifəyə onun kiçik qardaşı Nağı bəy Şeyxzamanlı təyin olunmuşdu. Bu dövrdə o, Azərbaycanda xalq maarifinin tərəqqisi üçün də xeyli iş görmüş, dövri mətbuatda maarifçilik ruhunda xeyli məqalə dərc etdirmişdir. 

1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalının ilk günlərində həbs olunmuş, müstəqil Azərbaycana xidmət etdiyi üçün 11-ci Qırmızı ordunun xüsusi Şöbəsinin qərarı ilə güllələnmişdir.

 

Şeyxzamanli Nağı bəy

Nağı bəy Salah bəy oğlu Şeyxzamanli Keykurun 1883-cü ildə Gəncədə anadan olmuşdur. İctimai-siyasi və dövlət xadimidir. İlk təhsilini Gəncə gimnaziyasında almışdır. Şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. "Difai" partiyası Gəncə Şöbəsinin, "Gənclik" təşkilatının, "Müsavat" partiyasının fəal üzvlərindən olmuşdur. 

Türkiyənin hərbi yardımını təmin etmək üçün 1918-ci ilin yanvarında xüsusi göstərişlə ora göndərilmiş, Qafqaz cəbhəsinin komandanı Vehib paşa və digər dövlət rəsmilərilə danışıqlar aparmış. Şamxor hadisəsi zamanı rus əsgərlərinin tərk-silah olunmasında yaxından iştirak etmişdir. 

1919-cu il avqustun 20-də böyük qardaşı Məmmədbağır Şeyxzamanlının yerinə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində Əks-inqilabla mübarizə təşkilatının rəisi təyin olunmuş, 1920-ci il martın 6-na qədər bu quruma rəhbərlik etmişdir. Cümhuriyyət dövründə ölkənin təhlükəsizliyinin təmin olunmasında, sərhədlərin qorunmasında mühüm xidmətlər göstərmişdir. 

Aprel işğalından (1920) sonra N.Şeyxzamanlı da vətəni tərk etmək məcburiyyətində qalmış, çox çətinliklə əvvəlcə Gəncəyə. sonra isə Tiflisə getmişdir. Fətəli xan Xoyski və Həsən bəy Ağayev Tiflisdə faciəli surətdə qətlə yetirildikdən sonra N.Şeyxzamanlı İstanbula getmiş, ömrünün sonuna qədər burada yaşamış, Keykurun soyadını qəbul etmişdir. Türkiyədə jurnalistliklə məşğul olmuş, "Azərbaycan". "Türk yolu". "Qafqaz", "Odlu Yurd" jurnallarında, bir çox qəzetlərdə Azərbaycan istiqlal mücadiləsinin səhifələrini işıqlandıran yazılar dərc etdirmişdir. "Biz və onlar" (1934). "Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağızadə" (1957), "Dərdləşmə" (1963), "Azərbaycan istiqlal mücadiləsi xatirələri" (1964) kitabları nəşr olunmuşdur. Əsərləri Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən dəyərli mənbələrdir. Nağı bəy Şeyxzamanlı Azərbaycan Siyasi mühacirətinin ən fəal nümayəndələrindən biri olmuşdur. 

1967-ci ildə İstanbulda vəfat etmişdir.

 

Şıxlinski Əliağa

Əliağa İsmayıl oğlu Şıxlinski 1865-ci ildə Qazaxda doğulmuşdur. Çar ordusunun və müvəqqəti hökumətin general-leytenantı, Azərbaycan demokratik hökumətinin, sovet dövlətinin görkəmli hərbi xadimi olmuşdur. Orta təhsilini Tiflisdə almış, 1886-cı ildə Peterburq artilleriya məktəbini bitirərək podporuçik rütbəsi almışdır.

Zabaykalyedə hərbi xidmət keçmiş, 1904-05-ci illərdə Port-Arturda batareya komandiri olmuşdur. Göstərdiyi qəhrəmanlıq və igidliyə görə Qızıl qılıncla mükafatlandırılaraq podpolkovnik rütbəsi verilmişdir. Müharibədən sonra 1906-cı ildə Ə. Şıxlinski ixtisasını artırmaq üçün Tsarskoselski artilleriya məktəbinə göndərilir. 1907-ci ildə artıq bu məktəbdə dərs deyir. 1910-cu ildə onun "Səhra toplarının cəbhədə işlədilməsi" adlı ilk kitabı nəşr olunur. 1912-ci ildə artilleriya general-mayoru rütbəsi alır. Birinci dünya müharibəsində Ə. Şıxlinski Peterburq qarnizonunun artilleriya rəisi, 1915-ci ildə Qərb cəbhəsinin artilleriya rəisi təyin olunur. 1917-ci ildə general-leytenant rütbəsi alaraq müvəqqəti hökumətdə Qərb cəbhəsi 10-cu ordunun komandanı təyin olunur. O ilin noyabrında istefaya çıxaraq vətənə qayıdır. Şıxlinski Rusiyanın və Fransanın bir sıra ordenlərilə təltif olunmuşdu. Azərbaycan Demokratik Respublikasının hökumətində hərbi nazirin müavini olmuş, Azərbaycanda kommunist rejimi qurulduqdan sonra, respublikanın hərbi və dənizçilik komissarlığında işləmişdir. 1926-cı ildə Şıxlinski "Rusca, azərbaycanca qısa hərbi lüğət" kitabını çap etdirmiş, elə o il də ehtiyata çıxaraq yaradıcılıq fəaliyyətilə məşğul olmuşdur. "Xatirələrim" adlı kitab yazmış, Azərbaycan yazıçılarını rus dilinə tərcümə etmişdir.

Əliağa İsmayıl oğlu Şıxlinski 1943-cü ildə Bakıda vəfat etmişdir. 

Onun adı küçə və məktəblərə verilmiş, haqqında bir neçə tədqiqat əsəri yazılmışdır. Ə. Şıxlinskinin qəhrəmanlığı haqda E. Z. Barsukov və A. N. Stepanovun "Port-Artur" və "Zvonoryevlər ailəsi" kitabında yazılmışdır.

 

Tağıyev Ağa Zeynal

Ağa Zeynal Tağıyev Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvüdür. "İttihadi-İslam-Rusiyada müsəlmanlıq" partiyasının təşkilatçılarından olmuş, partiyanın 2-ci qurultayında (1920, yanvar) Mərkəzi Komitənin üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun "una əsasən, Bakı şəhərindən Cümhuriyyət Parlamentinə seçilmişdir.

 

Topçubaşov Əlimərdan bəy

Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 1862-ci ildə Tiflisdə doğulmuşdur. Siyasi və dövlət xadimi, publisist alim. Orta təhsilini birinci Tiflis gimnaziyasında almış, 1888-ci ildə Peterburq universitetinin hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra ona provaslavlığı qəbul etməklə universitetdə stajor professor yeri təklif edilmiş o isə bundan imtina etmişdir.

Universitetdən sonra Ə. Topçubaşov Tiflisdə hakim köməkçisi, vəkil işləmiş, Bakıda publisistika ilə məşğul olmuşdur. 1898-ci ildə "Kaspi" qəzetini alaraq ona rəhbərlik etmişdir. Maarifçiliklə məşğul olaraq teatr həyatını işıqlandırmış və Azərbaycan ədəbiyyatını təbliğ etmişdir. Rus dilli "Bakinskiy Torqovo-promışlennıy listok" qəzetini redaktə etmişdir. XX əsrin əvvəlində Bakı şəhər dumasına seçilmiş, bir qədər sonra onun sədri olmuşdur. 1905-ci ilin avqustunda Oka çayında "Qustav Struve" gəmisində "Ümumrusiya müsəlmanlarının qurultayını çağırmışdır. Müsəlmanların qurultayı mərkəz Bakıda olmaqla Ə. Topçubaşovu sədr seçmişdir. O, Rusiya müsəlmanlarını qurultayda birləşməyə çağırmışdır. Sonra Ə. Topçubaşov daha iki qurultay keçirmişdir. 1907-ci ildə Ə. Topçubaşov Bakı qəzasından Rusiya Dövlət Dumasına deputat seçilmişdir. Dumada o Rusiyada bütün azsaylı xalqların avtonomiyasını tələb edən, "Narodnaya volya"çıların fraksiyasına qoşulmuşdur. Ə. Topçubaşov dumada çıxış edərək Rusiyanın kapitalist siyasətini kəskin tənqid etmişdir. Bu illərdə o çar hökumətinin "Qara siyahısı"na düşərək polisin məxfi nəzarətinə götürülmüşdür. 1918-ci ildə Ə. Topçubaşov Azərbaycan Demokratik hökumətində xarici işlər naziri olmuşdur. Onu iki qardaş xalqlar arasında əlaqələr yaratmaq tapşırığı ilə Türkiyəyə göndərmişlər. İstanbulda Ə. Topçubaşov əsas vəzifəsindən əlavə Azərbaycanda baş verən hadisələrlə bağlı kitab nəşr etdirmişdir. 1918-ci ildə o, Azərbaycan parlamentinin üzvü olmuş və ilk iclasda sədr seçilmişdir. Tezliklə ona Versal sülh konfransında iştirak etmək üçün göndərilən Azərbaycan nümayəndə heyətinə başçılıq etmək tapşırığı verilmişdir. Ə. Topçubaşov İstanbuldan birbaşa Fransaya yola düşmüşdür. 1920-ci ildə Azərbaycanda kommunist rejimi qurulduqdan sonra vətənə qayıda bilməyərək mühacir olmuşdur. Parisdə elmi publisistik fəaliyyətlə məşğul olmuş, burda kitablar nəşr edərək dünya ictimaiyyətinə bolşevik Rusiyasının onun xalqına qarşı kolonial siyasət yürütdüyünü çatdırmışdır.

Müstəqilliyin tanınması Ə.Topçubaşovun rəhbərliyi ilə çox gərgin fəaliyyət göstərmiş Azərbaycan nümayəndə heyətinin böyük qələbəsi idi. Aprel işğalından sonra Parisdə qalıb, mühacir həyatı yaşamağa məcbur olan Topçubaşov siyasi fəaliyyətini dayandırmamış, sovet nümayəndə heyətinin etirazlarına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ona verdiyi mandatla 1920-ci ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevrə toplantısında, 1920-ci ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında iştirak etmiş, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğu və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında geniş məlumat vermişdir. 

Ə.Topçubaşov siyasi fəaliyyətini digər Qafqaz respublikaları nümayəndələrinin fəaliyyəti ilə əlaqələndirməyə çalışmışdır. Bu məqsədlə onlar 1921-ci il mayın 8-də Parisdə bir araya gələrək, Qafqaz Konfederasiyası yaradılması məsələsini müzakirə etmiş, iyunun 10-da isə üç Qafqaz respublikasının səlahiyyətli nümayəndələri Ə.Topçubaşovun sədrliyi ilə keçirilən iclasda siyasi və iqtisadi ittifaq yaratmaq haqqında razılığa gəlmişdilər. Topçubaşov 1934-cü ildə, ölümündən bir qədər əvvəl Gürcüstan və Şimali Qafqaz xalqları təmsilçilərinin iştirakı ilə Brüsseldə "Qafqaz Konfederasiyası bəyannaməsi"ni imzalamışdı.

Ə.Topçubaşov xaricdəki digər siyasi mühacirlərlə birlikdə Azərbaycanın müstəqilliyinin bərpa olunması yolunda fəaliyyətini ömrünün sonuna qədər davam etdirmişdir.

Ə.Topçubaşov 1934-cü il noyabrın 5-də Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunmuşdur.

 

Vəkilov Məmmədrza

Məmmədrza Hacı Mansur oğlu Vəkilov 8 mart 1864-cü ildə Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai-siyasi xadim, həkimdir. 1887-ci ildə Tiflis klassik gimnaziyasını və 1893-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmişdir. Türkiyədə Qars şəhərində həkim işləmişdir. 1900-cü ildə Bakıya gələrək, bir il sonra burada ilk poliklinika açmışdır. Qafqaz İmperator Tibb Cəmiyyətinin həqiqi üzvü idi (1900). 1905-15-ci illərdə Bakı Şəhər dumasının, 1914-17-ci illərdə isə şəhər rəisi yanında neft işləri daimi komissiyasının üzvü olmuşdur. 1918-ci il fevralın 10-da Zaqafqaziya seyminə seçilmişdir. 1918-ci ilin dekabrında Azərbaycan Parlamentinin deputatı və "Müsavat" fraksiyasının üzvü seçilmiş, burada, əsasən, səhiyyə və maarif sahələri ilə məşğul olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1920 və 1937-ci illərdə iki dəfə həbs olunmuş, lakin əleyhinə heç bir dəlil-sübut tapılmadığına görə azad edilmişdir. Torpaq məsələlərini yaxşı bildiyindən 1922-ci ildə Azərbaycan-Gürcüstan sərhədini müəyyənləşdirən komissiyaya cəlb edilmişdir. Onun və Mamay bəy Şıxlinskinin təkidindən sonra sərhəd Poylu stansiyasından götürülərək, Böyük Kəsik stansiyasından o tərəfə qoyulmuş, Qarayazı və Ceyrançöldəki qışlaq yerləri Azərbaycanın hüdudlarında saxlanılmışdır. Vəkilov 1924 ildə təqaüdə çıxsa da, həkimlik fəaliyyətini davam etdirmişdir.

1944-cü ildə Bakı şəhərində vəfat etmişdir.

 

Vəkilov Mustafa bəy

Mustafa bəy Nadir ağa oğlu Vəkilov 1896-cı ilin sentyabr ayında Qazax qəzası, Salahlı kəndində anadan olmuşdur. 1912-ci il Bakı gimnaziyasını və 1917-ci ildə  Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. O, ictimai-siyasi xadim, Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü olmuşdur. 1917-ci ildə Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayında, Moskvada Rusiya müsəlmanları qurultayında, Kiyevdə qeyri-rus millətlərin qurultayında fəal iştirak etmişdir. Əlimərdan bəy Topçubaşovun təqdimatına əsasən, Xüsusi Zaqafqaziya Komitəsi M. Vəkilovu Bakı quberniyası komissarının müavini təyin etmişdir. 1917-ci ilin oktyabr ayında "Müsavat" partiyasının 1-ci qurultayında Mərkəzi Komitənin üzvü seçilmiş, həmin il noyabrın 15-də Zaqafqaziya Komissarlığında daxili işlər naziri A.İ.Çxenkelinin məsləhətçisi təyin olunmuşdur. 

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Daxili İşlər Nazirliyində işləmişdir. "Azərbaycan " qəzeti redaksiya heyətinin üzvü olmuşdur. 1918-ci ilin iyununda Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə İstanbul konfransına gedən nümayəndə heyətində ekspert olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbulda fövqəladə səfiri və səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovun katibi olmuşdur. Azərbaycandakı vəziyyətdən xəbər tutmaq, həm də hökuməti mövcud beynəlxalq durumla tanış etmək üçün Mustafa bəy Vəkilov İstanbuldan Azərbaycana göndərilmişdir. 1918-ci ilin dekabrında "Müsavat" partiyasından Azərbaycan Parlamentinin deputatı seçilmiş, maliyyə-büdcə, redaksiya komissiyalarının, həmçinin Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü olmuş, bu sahədə qanun və qərarlar hazırlanmasında yaxından iştirak etmişdir. 1919-cu ilin dekabrında "Müsavat" partiyasının 2-ci qurultayında yenidən Mərkəzi Komitənin üzvü seçilmiş, həmin ilin dekabrında daxili işlər nazirinin müavini, 1920-ci ilin fevralında isə daxili işlər naziri təyin edilmiş, Qarabağda erməni daşnakları ilə döyüşlərin qaynar yerlərində iştirak etmişdir. 

1920-ci il Aprel işğalından sonra Tiflisə, 1921-ci ildə Rusiya Gürcüstanı işğal edəndən sonra isə Türkiyəyə getmiş, "Müsavat"ın xarici bürosunda istiqlal mübarizəsini davam etdirmiş, Azərbaycan Milli Mərkəzində (təşkilatın Mərkəzi Komitəsinin üzvü idi), "Prometey" təşkilatında çalışmışdır. 1929-1941-ci illərdə Polşada, sonralar isə Fransada və İsveçrədə yaşamışdır. Bir çox Avropa dillərini bilən M. Vəkilov Türkiyədə nəşr olunan "Yeni Qafqasya", "Azəri türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi" jurnallarında Azərbaycan tarixi və ədəbiyyatına dair məqalələr, Parisdə çıxan "Prometey" (fransızca), "Kavkaz" (rusca) və "Qurtuluş" (Berlin) jurnallarında siyasi mövzularda yazılar dərc etdirmişdir. Varşavada yaşadığı dövrdə "Prometey" adlı siyasi klubun ikinci rəisi olmuşdur. 

İkinci Dünya müharibəsinin (1939-1945) sonundan Türkiyədə yaşamış, Ankarada İllər Bankasında (Vilayətlər bankı) hüquq məsləhətçisi işləmiş və siyasi fəaliyyətini davam etdirmişdir.

O, 1965-ci il noyabrın 1-də Ankarada vəfat etmişdir.

 

Vəkilov Rəhim bəy

Rəhim bəy Əlağa oğlu Vəkilov 1897-ci il fevralın 29-u Qazax qəzasının Salahlı kəndində anadan olmuşdur. O, Salahlı kənd məktəbini, 1916-cı il Bakı realnı məktəbini bitirmişdir. Vəkilov şagird təşkilatının işində fəal iştirak etmiş və sonra bu təşkilat "Ümumqafqaz tələbə təşkilatı"na çevrildikdən sonra onun üzvü olmuşdur. 1917-ci ildə Fevral inqilabından sonra təşkilat milli əlamətə görə parçalanmış və onun türk qrupu "Müsəlman Demokratik "Müsavat" Partiyası"nın tərkibində fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai-siyasi xadim olmuşdur. 1918-ci il mayın 26-sı Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra 1918-ci il mayın 27-si Azərbaycan Milli Şurasının üzvü və katibi olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyənnaməsi qəbul edilmişdir. Vəkilov İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.

1918-ci il noyabrın 19-u Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun" una əsasən, Cümhuriyyət parlamentinin tərkibinə daxil olunmuşdur. Parlamentdə "Müsavat" fraksiyasını təmsil etmişdir. 1918-ci il dekabrın 7-də açılan Azərbaycan Parlamentinin ən gənc üzvü olan Vəkilov onun katibi seçilmişdir. Türk ordusu Azərbaycana gələndən sonra Azərbaycanın Osmanlı dövlətinə birləşməsi və müstəqillik tərəfdarları arasında mübarizədə Rəhim bəy ikincilərin tərəfində olmuşdur. O, 1919-cu ilin dekabrında keçirilmiş Azərbaycan-Ermənistan konfransında iştirak etmişdir.

"1920-ci il üçün Azərbaycan Respublikasının ünvan təqvimi" kitabında R. Vəkilovun "Azərbaycan Respublikasının yaranma tarixi" adlı oçerki (rus dilində, B., 1920; Azərbaycan dilində, B., 1998) çap edilmişdir. Bu, Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair ilk ümumiləşdirici əsərlərdəndir. O, həmin dövrdə həyata keçirilən mədəni-maarif tədbirlərində də yaxından iştirak etmişdir. 

1920-ci il Aprel işğalından sonra 1923-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsinə daxil olan R. Vəkilov "Müsavat"ın gizli təşkilatında fəaliyyət göstərmiş, ziyalılar arasında iş aparmışdır. Buna görə 1923-cü ilin iyun və oktyabr aylarında həbs olunmuş, 1924-cü ilin aprelində üç illiyə Rusiyanın Yaroslav şəhərinə sürgün edilmiş, az sonra əfv olunaraq vətənə qayıtmışdır. 1926-cı ildə yenidən həbs edilmiş və 1927-ci il fevralın 28-də 8 illiyə SSRİ-nin Şimalına sürgün olunmuşdur. Onun rəhbərliyi ilə burada gizli "Müsavat" qrupu yaradılmışdır. 

1934-cü ildə vətənə dönən R. Vəkilov az sonra Tiflisə, oradan da müalicə üçün Borjomiyə getmiş və bir neçə ay orada işləmişdir. Tiflisə qayıtdıqdan sonra bir müddət yaxın dostlarının evində yaşayan Rəhim bəy hökumət orqanları tərəfindən aramsız təqiblərə dözməyərək, 1934-cü ildə intihar etmişdir.

 

Yusifbəyli Nəsib bəy

Nəsib bəy Yusif oğlu Yusifbəyli (Yusifbəyov, Usubbəyov) 1881-ci il Gəncədə Ziyalı ailəsində doğulmuşdur. O, Gəncə klassik gimnaziyasını bitirmiş və 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1907-ci il Tələbələrin inqilabi mübarizəsindən qorxuya düşən çar hökuməti universiteti müvəqqəti olaraq bağladıqdan sonra Nəsib bəy Bağçasaray şəhərinə (Krım) getmiş, burada İsmayıl bəy Qaspralının nəşr etdiyi "Tərcüman" qəzetində əməkdaşlıq etmişdir. Qaspralının qızı Şəfiqə Soltan xanımla evlənərək, bir müddət orada yaşamışdır. Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçılarından biri olmuşdur. Krım tatarlarının ədəbi-mədəni həyatında fəal iştirak etmiş, Ə.Haqverdiyevin teatr həvəskarları tərəfindən tamaşaya qoyulmuş "Dağılan tifaq" dramında Nəcəf bəy rolunu oynamışdır. Ehtiyac üzündən təhsilini başa çatdıra bilməyən Nəsib bəy çar xəfiyyələrinin təqibindən yaxa qurtarmaq üçün 1908-ci ildə Türkiyəyə mühacirət etmişdir. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışan və tez-tez Bakıya gələn Yusifbəyli burada "Açıq söz" qəzeti redaksiyasında onun redaktoru Məhəmməd Əmin Rəsulzadə ilə tanış olmuşdur.

1917-ci ilin martında Fevral inqilabından dərhal sonra Yusifbəyli Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaratmış, 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz və həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanları qurultaylarında iştirak etmişdir. 1917-ci ilin iyununda Türk Ədəmi-Mərkəziyyət partiyası M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası ilə birləşmiş, yeni partiya "Türk Ədəmi-Mərkəziyyət firqəsi Müsavat" adlanmışdır. Yusifbəyli bu partiyanın oktyabrın 26-31-də Bakıda keçirilən və Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrilən 1-ci qurultayının hazırlanmasında və keçirilməsində fəal iştirak etmiş, partiya proqramının müəlliflərindən biri olmuş, onun mərkəzi komitəsinin üzvü seçilmiş, Gəncə şöbəsinə rəhbərlik etmişdir.

1917-ci il Rusiya Müəssislər məclisinə nümayəndə seçilən, lakin Oktyabr çevrilişi baş verdiyi üçün Petroqrada gedə bilməyən Yusifbəyli Zaqafqaziya seyminin yaradılmasında fəal iştirak etmiş, 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində maarif naziri vəzifəsini tutmuş, milli siyasətin ən çətin və ən məsul vəzifələrini icra etmişdir 

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyannaməsi qəbul edilmişdir. Yusifbəyli İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifi və dini etiqad naziri vəzifələrini tutmuşdur. Xalq maarifi nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olmuşdur. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu. Məhz buna görə N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul etmişdir. Xalq Maarifi Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərmişdir. 

1919-cu ildə 4-cü hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırılmış və aprelin 14-də elan olunan tərkibdə o, baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini də tutmuşdur. Parlamentdə daxili və xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən Nəsib bəy Yusifbəyli bildirmişdi ki, hökumətin xarici siyasət sahəsində başlıca məqsəd və vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətini tanımasına nail olmaq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq, daxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, demokratik azadlıqları, o cümlədən söz, mətbuat, yığıncaq və sair azadlıqları təmin etməkdir. Yusifbəylinin başçılıq etdiyi hökumət Denikin qüvvələrinin xaricdən, bolşeviklərin isə daxildən törətdikləri təhlükələrlə qarşılaşırdı. İyunun 5-də keçirilən parlament iclasında Denikinin könüllü orduları ilə bağlı məsələ təkrarən müzakirə olunmuşdur. Denikin təhlükəsi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmisdir. Yusifbəylinin 1919-cu ilin dekabrında özünün təşkil etdiyi ikinci hökumət kabinəsi 1920-ci ilin martına kimi fəaliyyət göstərmişdir. Yusifbəylinin baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olmuşdur. Bu münasibətlə yanvarın 14-də Yusifbəyli Azərbaycan xalqına müraciət etmişdir. Müraciətdə deyilirdi: "Azərbaycanın müstəqilliyi Böyük Avropa millətlərinin Ali Şurası tərəfindən yekdilliklə tanınmışdır. Azərbaycanın Qərb xalqları ailəsinin tamhüquqlu üzvlüyünə daxil olması onun tarixində ən işıqlı gündür. Bu gündən onun mənəvi qüvvələrinin yeni çiçəklənmə dövrü başlanır. Hökumət inanır ki, bütün vətəndaşlar yenidən hər hansı bir maneə və təhlükə yaranarsa belə, azad və müstəqil Vətənin xoşbəxtliyini təmin etmək üçün birləşəcəklər. Yaşasın müstəqil Azərbaycan xalqı!" Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin hazırlanması, savadsızlıqla mübarizə kurslarının açılması, məktəb dərsliklərinin hazırlanması və nəşrinə başlanılması da Yusifbəyli hökuməti dövrünün mühüm hadisələri sırasındadır. Yusifbəyli hökumətinin qəbul etdiyi son qərarlardan biri hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar olmuşdur. 

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Diplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan sovet Rusiyası tərəfindən təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Yusifbəylinin başçılıq etdiyi 2-ci hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur olmuşdur. Məmməd Həsən Hacınskinin yeni hökumət (6-cı kabinə) təşkil etmək cəhdi uğursuzluqla nəticələnmişdir. Aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi və 11-ci Qırmızı ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Paris Sülh Konfransının (1919-1920) iştirakçısı olan dövlətlər tərəfindən tanınmış müstəqil Azərbaycan dövləti - Azərbaycan Xalq Cümhuriyyəti aradan qaldırılmış və onun ərazisi işğal olunmuşdur. 

Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra şəhəri tərk edən Yusifbəylinin 1920-ci il mayın 31-i Kürdəmir qəzası ərazisində yolda qətlə yetirilməsi ehtimal olunan versiyalardan biridir.

 

Ziyadxanov İsmayıl xan

İsmayıl xan Əbülfət xan oğlu Ziyadxanov 1867-ci il Gəncədə anadan olmuşdur. Azərbaycan milli istiqlal hərəkatının görkəmli nümayəndəsi Ziyadoğluları – Qacarlar nəslindəndir. Gəncə xanı Cavad xanın kötükcəsidir. Adil xan Ziyadxanovun qardaşıdır. Gəncə gimnaziyasında oxumuş, Moskva Universitetinin hüquq fakültəsini bitirmiş, Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində çalışmışdır. O, ictimai-siyasi və dövlət xadimi olmuşdur. Məhkəmə işlərinin hərraca qoyulması, ana dilinin işlədilməməsi, milli hüquqşünaslardan hakim təyin edilməməsi, köçürmə siyasəti, "müsəlman hümmətinə" etibarsızlıq, əsgəri mükəlləfiyyətdən məhrum etmə, ümumiyyətlə çar hökumətinin xalqı cəhalətdə saxlamaq məqsədini hər an hiss edən İsmayıl xan 1905-ci ildə erməni daşnaklarının törətdiyi dəhşətli soyqırımlarına məruz qalan azərbaycanlıların taleyinə məsuliyyət duyaraq siyasi fəaliyyətə qoşulmuşdur. 1906-cı ildə Qafqaz canişini yanında xüsusi yığıncağa azərbaycanlı nümayəndələr seçildi. Ziyadxanov da həmin ildə Yelizavetpol (Gəncə) quberniyasından 1906-cı il 1-ci Dövlət Dumasının ( deputatı seçilmiş, dumanın müsəlman fraksiyasının büro üzvü və Xalq Azadlıq Partiyasına mənsub olmuşdur.

Dumadakı fəaliyyəti dövründə çarizmin ucqarlarda köçürmə siyasətini kəskin tənqid etmiş, təkcə Qafqazda deyil, Baltikyanı bölgələrdə də baş verən haqsızlıqlara qarşı çıxmış və etirazını bildirmişdir. Müsəlmanların çarizmə qarşı mübarizəsini rəsmi ərizələrdən və xahişnamələrdən Dumadakı etiraz səviyyəsinədək yüksəltmişdir. Dumadakı çıxışlarından birində demişdi: "Zaqafqaziya bir əsr bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu əsr ərzində biz müsəlmanlar əsir kimi həyat sürmüşük, təqiblərə məruz qalmışıq, bizə heç bir haqq və hüquq verilməmiş, kölə halına salınmışıq. Sözün əsl mənasında, yüz il ərzində biz hökumətin şiddətli hücumlarına və böhtanlarına məruz qalmışıq. Siyasi, sosial və iqtisadi sahənin hansına nəzər salsanız, hamısında bizim haqqımızda haqsızlığın hökm sürdüyünün şahidi olacaqsınız. Ölkəmiz istila edilən kimi, dərhal milli varlığımıza təcavüz edildi. Dinimizə və müqəddəs yerlərimizə müdaxilə edildi. Deyirlər ki, müsəlmanlar geridə qalmış xalqdırlar, lakin bu düzgün deyil, onları yatmağa və geridə qalmağa məcbur etmişlər... Əgər bütün Rusiya bir dəniz, Qafqaz da onun sahili olaraq düşünülərsə, bu dəniz sizə lüzum olmayan nə qədər boş və səfil adam varsa, hamısını bizim Qafqaz sahilinə atır və onlar da həqiqətdə əxlaqsız olan bir idarənin məmur kadrlarını təşkil edirlər". Ziyadxanov Dumanın buraxılmasına etiraz edən deputatların (onların sırasında Əlimərdan bəy Topçubaşov da var idi) Vıborq müraciətnaməsini imzaladığına görə üç aylıq həbs cəzasına məhkum olunmuş, dumaya seçilmək hüququndan məhrum edilmişdir. Vıborq iclasındakı mövqeyini belə izah etmişdir: "Rusiya millətlərinin müqəddəratı yolunda birinci dərəcəli nümayəndələr belə bir addıma hazır olduqları bir vaxtda, əlbəttə, rəva deyildi ki, Qafqaz müsəlmanlarının vəkili, fəqət öz şəxsinə dəyəcək zərərin qorxusundan belə bir addımdan kənar çəkilsin". 1907-ci ildə rus müstəmləkəçiliyinə qarşı gizli mübarizə aparan "Müdafiə" təşkilatına başçılıq etmişdir. Həmin ilin martında Cənubi Qafqaz, Şimali Qafqaz və Krım müsəlmanları nümayəndələrinin Gəncədə keçirilmiş qurultayında, İsmayıl xan Ziyadxanov başda olmaqla, Zaqafqaziya Ümummüsəlman İttifaqının yaradılması qərara alınmışdır. 1917-ci ildə Fevral inqilabından sonra Gəncədə yaradılan ictimai təşkilatların icraiyyə komitəsi tərəfindən şəhər milisinin rəisi təyin edilmişdir. 1918-ci ilin yazında İsmayıl xan Ziyadxanovun başçılıq etdiyi silahlı dəstə erməni-daşnak silahlı birləşmələrinin törətdiyi Şamaxı qırğınları zamanı müsəlman əhalinin xilası üçün fədakarcasına mübarizə aparmışdır. S. Şaumyan İsmayıl xan Ziyadxanovu Azərbaycanda sovet hakimiyyəti üçün ən təhlükəli adam adlandırmışdır. İsmayıl xan Ziyadxanov Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olmuşdur. 1919-cu ilin yazında İran hökuməti ilə danışıqlar aparmaq üçün Tehrana göndərilən Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə diplomatik missiyasına sədrlik etmişdir. Missiyanın fəaliyyəti nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin Tehranda daimi diplomatik nümayəndəliyinin və İranın bir sıra məntəqələrində konsulluqların açılması razılaşdırılmış, poçt-teleqraf, ticarət və sair sahələrə dair saziş layihələri hazırlanmışdır. 1920-ci il Aprel işğalından dərhal sonra Bakıda qətlə yetirilmişdir.

 

Zizikski Əli bəy

Əli bəy Harun bəy oğlu Zizikski Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olmuşdur. Fevral inqilabından sonra kapitan Ə.Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdi (müavini Mir Cəfər Bağırov idi). 1917-ci il oktyabr çevrilişindən sonra qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdır. Əli bəy Zizikski 1918-ci il mart soyqırımı zamanı öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin alaylarına qoşulmuşdu. Qotsinski və Zizikskinin silahlı dəstələri daşnak-bolşevik birləşmələrinin Biləcəri-Xırdalan müdafiə xəttinə qədər yaxınlaşmış, ilk toqquşmada onları məğlubiyyətə uğradıb, şəhər üzərinə son hücum hazırlığına başlamışdılar. Lakin Həştərxandan Xəzər dənizi vasitəsilə göndərilən çoxsaylı bolşevik hərbi qüvvələrinin Bakıya çatması ilə qüvvələr nisbəti dəyişmiş və onlar tutduqları mövqeləri tərk etməli olmuşdular. 1918-ci ilin aprelində Bakı Soveti Quba üzərinə əks-hücum təşkil edərək ora böyük qoşun göndərmişdi. 1918-ci ilin mayında Əli bəy Zizikski, Həmdulla əfəndi Əfəndizadə və başqalarının rəhbərlik etdiyi müsəlman birləşmələri şəhəri Bakı Sovetinin qüvvələrindən azad etmişdilər. Aprelin sonu - mayın əvvəlində S.Şaumyan və G.Korqanovun göstərişi ilə daşnak Hamazaspın başçılığı ilə Qubaya yeni daşnak-bolşevik qüvvələri yeridildi. Zizikski düşmənin sayca üstün olan və yaxşı silahlanmış qüvvələrinə müqavimət göstərə bilməyib Dağıstana keçməyə məcbur oldu. Hamazaspın dəstəsi şəhərdə və ətraf kəndlərdə kütləvi qırğınlar və vəhşiliklər törətdi. Qafqaz İslam Ordusunun və Dağıstanda yerli əhalinin köməkliyi ilə yeni hərbi dəstə yaradan Zizikski Hamazaspın daşnak-bolşevik dəstələrinə qarşı güclü hücum təşkil etdi və Qubanı azad etdi. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Zizikskinin dəstəsinin əksər üzvləri yeni yaradılan Milli ordunun sıralarına daxil oldu. 

1918-ci il 15 sentyabrda Bakı Azərbaycan və Türkiyə hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra artıq polkovnik rütbəsində olan Zizikski paytaxt valisinin müavini təyin edilmiş, eyni zamanda, Quba qəzasından Azərbaycan Parlamentinə üzv seçilmişdi. O, Parlamentdə "İttihad" fraksiyasını təmsil edirdi. 1919-cu ilin aprelində "İttihad" partiyasının 1-ci və 1920-ci ilin yanvarında 2-ci qurultaylarında partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdi. 

Aprel işğalından sonra Zizikski bir müddət sovet hakimiyyətinə qarşı müqavimət hərəkatında iştirak etmişdir. Qubada elan edilən amnistiyadan sonra leqal fəaliyyətə keçmiş, lakin bolşeviklərin elan etdiyi amnistiyanın yalnız müvəqqəti olduğunu yəqin edərək, yenidən gizli fəaliyyət göstərmişdir. Zizikskinin sabiq müavini, o zaman Azərbaycan Fövqəladə Komissiyasının başçısı M.C.Bağırov onu sovet-bolşevik təqiblərindən qurtarmışdı. Bundan sonra Zizikski 1928-ci ilə qədər Bakıda yaşamış, lakin həmin il Bağırov Azərbaycandan kənara partiya işinə göndərildikdən sonra yenidən bolşevik təqiblərinə məruz qalmış, həbs edilmiş, "erməni qırğını törətməkdə" ittiham olunaraq edam edilmişdir.