Azərbaycan Xalq Cümhuriyyəti

Himn

Himnin dövlətçilik və istiqlal simvolu kimi mənşəyi türk xalqları, o cümlədən Azərbaycan dövlətçiliyi tarixində qədimdir. Türk mifoloji düşüncəsinə, dövlətçilik ənənəsinə görə, bayraq və təbil ("əsgəri musiqi" anlamında) dövlət və istiqlalın ən müqəddəs rəmzlərindən sayılırdı. Bugünkü anlamda himni əvəz edən tarixi təbil ("əsgəri musiqi") müəyyən günlərdə və yerlərdə yalnız hökmdarın icazəsi, qərarı ilə çalınırdı. Türk dünyasının ən uzunömürlü dövləti olmuş Osmanlı imperatorluğunda dövlətin əsgəri musiqisi əvvəllər "mehtərxaneyi-humayun" ("imperatorluğun, hökmdarın əsgəri musiqisi"), sonralar isə həmin imperatorluğun axırınadək (1923-cü ilədək) "musiqiyi-humayun" ("dövlət musiqisi") adlanırdı. Çox maraqlıdır ki, dövlət musiqisi – təbil çalınarkən hökmdar istisna olmaqla hamının onu ayaq üstə dinləməsi bir qanun idi. Bu ənənə Azərbaycan dövlətçiliyi tarixində də mövcud olmuşdur. Təkcə bunu demək kifayət edər ki, Azərbaycan Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında dövlət musiqisini icra edən təbilçilər dəstəsinin 98 nəfər ən məşhur musiqiçidən təşkil edildiyini tarixi qaynaqlar da təsdiqləməkdədir.
Bu nümunələr göstərir ki, dövlətçiliyimizdə dövlət himninin – milli marşın – milli himnin mənşəyi və tarixi təkamülünün əsasını təşkil edən qədim və zəngin dövlətçilik ənənələrimiz olub və XX əsrin əvvəllərindən etibarən müasir anlamda, Avropa tipli himnin formalaşması prosesi məhz həmin ənənələr və ümumbəşəri dəyərlər əsasında baş verib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından xeyli əvvəl, yəni 1917-ci il dekabrın 17-də "Açıq söz" qəzetində Yusif Vəzir Çəmənzəminlinin çap etdirdiyi "Zəruri məsələlər" adlı yazısında Azərbaycan xalqını milli birliyə, Vətənin və millətin taleyi üçün mübarizəyə, qəhrəmanlığa səsləyən milli marşların yaradılması vəzifəsinin şairlərin, ilk növbədə bəstəkar Üzeyir Hacıbəyovun üzərinə düşdüyünü xüsusi vurğulayırdı.
Üzeyir Hacıbəyov 1917-ci ilin sonlarında sözlərini və musiqisini yazdığı "Milli marş" həmin il dekabrın 23-də orkestr tərəfindən ifa edilmişdi. “Milli marş” 1920-ci il 27 aprel çevrilişindən sonra bir daha səslənməmiş və not materialları itirilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən digər dövlətçilik atributları ilə yanaşı, Dövlət himnimizin yaradılması sahəsində də müəyyən addımlar atılmış, qərarlar qəbul edilmişdi. Müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919-1920-ci illərdə hazırlanmışsa da, o dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Maarif Nazirliyinin təklifinə baxaraq 1920-ci il yanvarın 30-da Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında qərar qəbul etmişdi. Bu məqsədlə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə həvalə edilmişdi. Həmçinin hökumət qərarı ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da Xalq Maarif Nazirliyi "Azərbaycan" (rusca) qəzetində (19 fevral 1920-ci il, № 33) milli himn, dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan etmişdir. Bu atributların Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ikinci ildönümünədək – yəni 28 may 1920-ci ilədək qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin təəssüf ki, 1920-ci ilin 27 aprel rus-bolşevik istilası nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi bu böyük milli ideyaların həyata keçirilməsinə imkan vermədi.
Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı”nın sözləri ilk dəfə 1919-cu ildə "Vətən marşı" adı ilə hökumət mətbəəsində "Milli nəğmələr" kitabında çap olunmuş, musiqisi isə ondan sonra bəstələnmişdir.
"Azərbaycan marşı" 1989-cu ildə tanınmış bəstəkar Aydın Əzimov tərəfindən böyük xor və simfonik orkestr üçün aranjeman edilərək lentə yazılmış, həmin ilin payızında 70 illik fasilədən sonra ilk dəfə olaraq Azərbaycan xalqı qarşısında, eləcə də dövlət televiziyası və radiosunda səsləndirilmişdir.
1992-ci il mayın 27-də Milli Məclis "Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etmişdir. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycanın Dövlət himni kimi təsdiq edilmişdir.

Qeyd: Himnlə bağlı daha geniş materiala saytımızın “E-Layihələr” linki vasitəsilə “Azərbaycan. Dövlət rəmzləri və atributları” resursunun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət himninin qəbul edilməsi təşəbbüsləri” bölməsində tanış olmaq olar.