Azərbaycan Xalq Cümhuriyyəti

Nitqlər və müraciətlər



Respublika gününə həsr olunmuş təntənəli yığıncaqda
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi

(27 may 1994)

Əziz həmvətənlər, bacılar və qardaşlar!
Hörmətli xanımlar, cənablar!
Sizi Azərbaycanın Respublika günü, İstiqlal bayramı münasibətilə təbrik edirəm, sizə dözümlülük, nikbinlik, dövlətçiliyimizin möhkəmlənməsi yollarında dönməzlik və inam, Azərbaycanın işıqlı gələcəyi naminə xoşbəxtlik və səadət arzulayıram.
1918-ci il may ayının 28-də Azərbaycan torpağında ilk respublika – Azərbaycan Demokratik Respublikası yarandı. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. Xalqımız çox minillik tarixində dəfələrlə öz milli azadlığına nail olmuş, milli dövlətini yaratmış, lakin sonralar müxtəlif səbəblər üzündən bunlardan məhrum olmuşdur.
XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi uğrunda, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular. Birinci dünya müharibəsinin bitməsi ilə əlaqədar olaraq dünyada baş vermiş dəyişikliklər, sosialist inqilabı nəticəsində Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait meydana gətirdi. Belə bir şəraitdə Azərbaycanın demokratik qüvvələri, siyasi xadimləri 1918-ci il mayın 28-də ilk Azərbaycan Demokratik Respublikasını elan etdilər.
Həmin gün Azərbaycan xalqının tarixinə böyük və əlamətdar bir hadisə kimi daxil olub. Biz bu günü Respublika günü, Milli İstiqlal bayramı kimi qeyd edirik. Bu bayramı qeyd edərkən biz o zaman Azərbaycanın milli azadlığı, istiqlaliyyəti uğrunda, Azərbaycanda demokratik respublika yaranması uğrunda mübarizə aparanları, demokratik dövlətin təşkil olunmasında iştirak edənləri, onun rəhbərliyində fəaliyyət göstərənləri – Məmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Məmmədhəsən Hacınskini və başqalarını böyük minnətdarlıq hissi ilə yad edirik.
Onların parlaq həyatı, böyük fəaliyyəti və Azərbaycan xalqı qarşısında xidmətləri heç vaxt unudulmayacaqdır.
İlk Azərbaycan Demokratik Respublikası ağır və mürəkkəb şəraitdə fəaliyyət göstərirdi. Bir tərəfdən xarici qüvvələr, böyük dövlətlər Azərbaycanda müstəqil dövlətin yaranması ilə razılaşa bilməyərək cürbəcür vasitələrlə bu dövləti boğmağa çalışırdılar. Digər tərəfdən Rusiyada hakimiyyətə gəlmiş kommunist rejimi keçmiş Rusiya imperiyasının ərazisində öz hakimiyyətini tətbiq etmək istəyirdi. Azərbaycan üçün həmişə təhlükəli olan, torpaqlarımıza göz dikən erməni qəsbkarları, daşnaklar bu dövrdə Azərbaycana qarşı öz təcavüzkarlıq hərəkətlərini gücləndirmişdilər. Bunlarla yanaşı, Azərbaycanın daxili ictimai-siyasi vəziyyəti olduqca gərgin idi. Şübhəsiz ki, belə bir şəraitdə ilk demokratik respublikanın fəaliyyəti böyük çətinliklərlə üzləşirdi.
Ancaq bunlara baxmayaraq, həmin ağır şəraitdə Azərbaycan Demokratik Respublikası qısa bir müddətdə böyük işlər görmüş və Azərbaycanın gələcəkdə də müstəqil olması üçün mühüm zəmin yaratmışdır. Azərbaycan Respublikasının hüdudları müəyyən olunmuş, Azərbaycan dövlətçiliyinin atributları qəbul edilmişdi. Azərbaycanın gerbi və digər atributları, Azərbaycan dövlətinin bu gün bu salonda səslənən əzəmətli himni də məhz o vaxt, o şəraitdə yaranmışdır. Dövlətçilik sahəsində bir çox işlər görülmüş, Azərbaycan dilinin – ana dilinin tətbiq olunması, mədəniyyətimizin bir çox sahələrində, təhsil sahəsində tədbirlər görülməsi, iqtisadiyyat sahəsində müəyyən addımlar atılması ilk Azərbaycan Demokratik Respublikasının fəaliyyətini əks etdirən faktlardır.
Lakin vəziyyət həddindən artıq ağır və gərgin idi. Həm xaricdən olan təzyiqlər, eyni zamanda daxildəki çəkişmələr, – təsəvvür edin, qısa müddətdə, yəni iki ildən də az bir dövrdə Azərbaycan Demokratik Respublikasının hökumət tərkibi beş dəfə dəyişmişdir, – bunların hamısı demokratik respublikanı xırda-xırda tənəzzülə uğratdı və nəhayət, 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Respublikası süqut etdi.
Azərbaycan Demokratik Respublikasının başında duranlar respublika, dövlət yaratdılar və o vaxt həmin dövləti kommunistlərə təhvil verdilər. Kommunist rejimi dövründə Azərbaycan Sovet Sosialist Respublikası yarandı. Rusiya kommunist dövlətindən asılılığına baxmayaraq, Azərbaycan Sovet Respublikası müəyyən qədər müstəqil dövlət kimi fəaliyyət göstərdi. O, bir sıra müstəqil addımlar atdı, bir çox dövlətlərlə müqavilələr bağladı və Azərbaycanın müstəqilliyini müəyyən qədər qorudu.
1922-ci ilin dekabrında Sovet Sosialist Respublikaları İttifaqı yarandı. Azərbaycan Respublikası bu ittifaqa daxil oldu.
Beləliklə, Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Azərbaycan Respublikası, Azərbaycan xalqı yetmiş il kommunist rejimi şəraitində, sosialist dövlətinin tərkibində yaşamışdır. Həmin dövr Azərbaycan xalqının həyatında böyük bir tarixi dövrdür, onun doğru-düzgün qiyməti verilməlidir.
Bu dövrdə Azərbaycan xalqı kommunist rejimində, Ümumittifaq sosialist dövlətinin tərkibində olduğundan, şübhəsiz ki, müstəqilliyini itirmiş, ancaq dövlətçiliyini tam itirməmişdi. Azərbaycan Respublikasının dövlətçiliyinin bir çox atributları qalmış, yaşamışdı. Əsas cəhət budur ki, yetmiş il ərzində Azərbaycan xalqı böyük tarixi yol keçmiş, respublikanın iqtisadiyyatı yüksək sürətlə inkişaf etmiş, xalqımızın mədəni, təhsil səviyyəsi yüksəlmiş, Azərbaycanın elmi, mədəniyyəti, həyatının bütün sahələri inkişaf etmiş, respublikada böyük iqtisadi, sosial və mədəni-intellektual potensial yaranmışdır.
Azərbaycan xalqı həmin dövrdə mövcud şəraitə uyğunlaşsa da, eyni zamanda onun qəlbində tam müstəqillik, milli azadlıq hissləri yaşamışdır. Keçmişdə olduğu kimi, bu dövrdə də həmin hisslər xalqımızı heç vaxt tərk etməmişdir. Orta əsrlərdə Azərbaycan xalqı Nizami, Xaqani, Nəsimi, Füzuli kimi dahilər yetirmiş və onlar da azadlıq hissləri ilə yaşayıb-yaratmışlar. Sonrakı dövrlərdə, Azərbaycan çar Rusiyasının tərkibində, onun əsarəti altında olarkən də ölkənin mütəfəkkir adamları, qabaqcıl siyasi xadimləri, yazıçı və şairləri olmuşdur. Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Üzeyir Hacıbəyov kimi şəxsiyyətlərin yaradıcılığında da milli azadlıq hissləri öz əksini tapmışdır. Yəni siyasi rejimdən, kiminsə əsarəti altında yaşamasından asılı olmayaraq, xalqımız həmişə milli azadlığa, istiqlala can atmışdır.
Yetmiş illik sosialist rejimi dövründə də bu hisslər xalqın qəlbindən çıxmamışdır. Bəli, Nəriman Nərimanov da Azərbaycan xalqının müstəqilliyi uğrunda çalışmışdır. Cəfər Cabbarlı hələ 1918-20-ci illərdə böyük əsərlər yaradaraq, həm də sosialist sistemi dövründə onu tərənnüm edərək məhz Azərbaycanın milli azadlığı uğrunda çalışmış və xalqımızın azadlıq hisslərini ifadə etmişdir. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və o dövrdə yaşamış başqa sənətkarlar da öz əsərlərində xalqımızın milli azadlıq fikirlərini əks etdirmişlər. Səməd Vurğun, Rəsul Rza, Azərbaycanın ilk Elmlər Akademiyasının birinci prezidenti Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov da bu dövrdə yaşamış, Azərbaycan xalqına bu dövrdə xidmət göstərmişlər. Onlar öz əsərləri, elmi fəaliyyətləri ilə Azərbaycan xalqının elm və mədəniyyətinin yüksəlməsinə çalışmış və beləliklə də xalqı gələcəyə, milli azadlığa, müstəqilliyə doğru aparmışlar.
Nəhayət, 1991-ci ilin sonunda Sovetlər İttifaqında gedən proseslərin nəticəsində və İttifaqın dağılması ilə əlaqədar, dünyada cərəyan edən ictimai-siyasi proseslərin nəticəsində Azərbaycan Respublikası tam müstəqillik qazandı və iki il yarımdır ki, müstəqil dövlət kimi mövcuddur. Bu dövr də asan mərhələ deyildir. Ancaq bu dövrün ən əlamətdar cəhəti ondan ibarətdir ki, Azərbaycan Respublikası müstəqil dövlət kimi dünya dövlətləri tərəfindən tanınmış, Birləşmiş Millətlər Təşkilatına, ATƏM-ə daxil olmuşdur, bir çox digər beynəlxalq təşkilatların üzvüdür. Azərbaycan Respublikası sərbəst fəaliyyət göstərir və müstəqil dövlət kimi dünya birliyində tanınmışdır.
Bəzən bu dövrə nəzər salarkən 1918-1920-ci illərdə gedən prosesləri xatırlayır, həmin proseslərin bir-birinə çox bənzədiyini görürsən. O vaxt da bir çox xarici qüvvələr Azərbaycana təzyiq göstərirdi. O zaman da Ermənistan Azərbaycanın torpaqlarını ələ keçirmək üçün təcavüzə başlamışdı, Azərbaycan xalqı öz torpaqlarını erməni qəsbkarlarından müdafiə edirdi. Həmin dövrdə də Azərbaycanı parçalamaq istəyirdilər. Məlumdur ki, 1918-20-ci illərdə Azərbaycanın parçalanması üçün bir neçə addım atılmışdı və parçalanma vəziyyəti yaranmışdı. İndi də, müstəqillik əldə edildikdən sonra bunlar təkrar olunur. Müstəqil Azərbaycan dövləti bir çox xarici qüvvələr tərəfindən təzyiq altındadır. Altı ildir ki, Azərbaycan xalqı torpaqlarımızı zəbt etmək niyyətində olan Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır və öz ərazisini müdafiə edir.
Eyni zamanda bu müddətdə ölkəmizin daxilində gedən cürbəcür ictimai-siyasi proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə deyil, əksinə, zəifləməsinə xidmət etmişdir. Daxildəki bəzi ictimai-siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, çəkişmələri, bir-birinə qarşı ədavəti və düşmənçilik meylləri məhz 1918-20-ci illərdəki prosesləri yada salır. O zaman da Azərbaycan xalqı daxildə gedən və xalqa, onun müstəqilliyinə zidd olan proseslərdən çox şey itirmişdi, təəssüf ki, indi də itirir. O vaxt da Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən qüvvələr bundan istifadə etmişdi, indi də istifadə etməyə çalışırlar. Bir il əvvəl Azərbaycanda artıq vətəndaş müharibəsi baş vermişdi. Bu, hamının xatirindədir. Azərbaycan parçalanırdı. Bəzi regionlarda ayrı-ayrı hadisələr meydana çıxırdı. Xarici qüvvələrin, xüsusən bizim üçün ən qatı düşmən olan erməni millətçilərinin əli ilə Azərbaycanı parçalamağa çalışan qüvvələr fəaliyyət göstərirdi və Azərbaycanın başı üzərində belə böyük təhlükə yaranmışdı.
Allaha şükürlər olsun ki, bunların qarşısı alındı, Azərbaycanın parçalanmasına yol verilmədi. Ölkədə gedən ziddiyyətli ictimai-siyasi proseslər müəyyən qədər dayandırıldı, Azərbaycanda sabitlik yarandı. Lakin bu o demək deyil ki, həm xarici aləmdə mövqelərimiz, həm də daxili vəziyyətimiz bu gün Azərbaycanın müstəqilliyini təmin etmək üçün tam əlverişli şərait yaradır. Bir dəfə Azərbaycanın müstəqilliyi heç də o vaxt ölkəyə rəhbərlik edən şəxslərin günahı ucbatından deyil, həmin dövrdəki proseslərin nəticəsində əldən getmişdir. İndi yenə də Azərbaycanın müstəqilliyi çox təhlükə altındadır. Bunu hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı bilməli, dərk etməli və Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir.
Bütün çətinliklərə baxmayaraq, bu bayram günündə bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının dövləti tutduğu yolla gedir. Dövlətçiliyin qurulması və inkişaf etməsi prosesləri davam edir. Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur. Biz bu yolla gedirik və gedəcəyik. Bizi bu yoldan heç kəs döndərə bilməyəcəkdir! Azərbaycanın daxilində demokratik cəmiyyət yaratmaq üçün, Azərbaycanı tam demokratik hüquqi dövlətə çevirmək üçün çox iş görmək lazımdır. Bu işlərin əsas prinsipləri elan edilmişdir. Yeni Azərbaycanda demokratiya prinsipləri bərqərar olmalı, hər yerdə insan azadlığı təmin edilməli, insan haqları qorunmalı, vicdan azadlığı, dil azadlığı təmin olunmalıdır. Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır.
Dövlət bundan sonra da bu hüquqları qoruyacaqdır. Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir vətəndaş özünü azad, sərbəst hiss etməlidir. Siyasi plüralizm yolu, söz azadlığı Azərbaycan dövlətinin demokratik prinsiplərinin və demokratik hüquqi cəmiyyət yaradılmasının əsas şərtlərindən biridir. Biz bu prinsiplərin hamısının həyata keçirilməsini təmin edəcəyik.
İndi Azərbaycanın iqtisadiyyatı ağır böhran içərisindədir. İnsanların həyat tərzi ağırdır. Bunların səbəbləri məlumdur. Ancaq əsas səbəblərdən biri istehsalın aşağı düşməsi, son illər iqtisadiyyatda gedən dağıdıcı proseslər və yeni iqtisadi sistemə keçiddəki çətinliklərdir. Ona görə də mən bir daha bəyan edirəm ki, Azərbaycanın iqtisadi həyatı bazar iqtisadiyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə gedəcəkdir. Sərbəst iqtisadiyyatı, bazar iqtisadiyyatını təmin etmək üçün iqtisadi islahatlar aparılmalıdır və bundan sonra da aparılacaqdır.
Məlumdur ki, əhalinin əksər hissəsi ağır maddi şəraitdə yaşayır. Əhalini bu vəziyyətdən çıxarmaq üçün lazımi tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Bu günlərdə fərmanlar elan olunacaqdır. Az maaş alanların əmək haqlarının artırılması, müəyyən imtiyazlar yaradılması, maliyyə sistemində baş vermiş inflyasiyanın qarşısının alınması və bir neçə digər belə tədbirlər hazırlanıb. Güman edirəm ki, bu tədbirlər iqtisadi vəziyyəti bir qədər tarazlaşdıracaq və əhalinin maddi vəziyyətini, həyat tərzini də müəyyən qədər yüngülləşdirəcəkdir. Ancaq bunların hamısının dərhal nəticə verəcəyini deyə bilmərəm. Biz ağır proseslər içərisində yaşayırıq. Bu proseslərdən doğru yol tapmaq, düz getmək üçün həm çox düşünülmüş, həm də cəsarətli hərəkət etməliyik. Biz belə də hərəkət edəcəyik.
Həyatımızın çətinliyinin əsas səbəbi respublikamızın müharibə şəraitində olmasıdır. Azərbaycan torpaqları altı ildir ki, Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Müharibə gedir. Torpaqlarımızın bir qismi işğal olunub. Həmin ərazilərimizdən bir milyondan artıq vətəndaşımız yerindən, yurdundan didərgin düşmüş və qaçqın vəziyyətində yaşayır. Bunlar hamısı həyatımızın reallığıdır, mövcud vəziyyətdir. Eyni zamanda bunlar hamısı həm iqtisadiyyat sahəsində, həm də dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində çətinliklər yaradır. Bu baxımdan mən Azərbaycanın müharibədən çıxması və xarici siyasəti haqqında fikirlərimi bir daha bildirmək istəyirəm.
Azərbaycan müstəqil dövlət kimi bütün dövlətlərlə bərabər hüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr saxlayır və bu əlaqələri inkişaf etdirir. Bildiyiniz kimi, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir çox dövlətlərlə diplomatik əlaqələr qurmuşdur. Sizə məlumdur ki, son vaxtlar Azərbaycan xarici siyasət sahəsində bir çox gərəkli, uğurlu addımlar atmışdır. Dünyanın böyük dövlətləri ilə əlaqələrimiz daha da sıxlaşıb, daha da möhkəmlənib. Biz həm Birləşmiş Millətlər Təşkilatının tərkibində, həm ATƏM-in tərkibində, həm də Müstəqil Dövlətlər Birliyinin tərkibində fəaliyyət göstəririk, bütün bu dövlətlərlə beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstəririk. Dünya dövlətləri ilə qurulan ikitərəfli əlaqələr eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bunların hamısı bir tərəfdən Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, ikinci bir tərəfdən isə Azərbaycanı müharibə vəziyyətindən çıxarmaq məqsədi daşıyır. Baxmayaraq ki, torpaqlarımızın bir qismi işğal olunub, bir milyon əhali qaçqın düşüb, işğal edilmiş torpaqlarda erməni silahlı qüvvələri Azərbaycan xalqının yaratdığı iqtisadi, mədəni potensialı dağıtmaqdadır – bunların hamısına baxmayaraq, biz yenə də sülhsevər siyasət yürüdürük. Biz bütün dövlətlərlə sülhsevər siyasət əsasında əlaqə qururuq. Ermənistanla əlaqələrimizi də sülh əsasında qurub müharibəyə son qoymağa çalışırıq.
Əsas şərt odur ki, Azərbaycanın ərazi bütövlüyü qorunmalı, sərhədlərinin toxunulmazlığı təmin olunmalı, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlarımızdan çıxmalı və onu tərk etməlidir. Didərgin düşmüş qaçqınların hamısı öz yerlərinə qayıtmalıdır. Biz bu prinsiplər əsasında beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstəririk, böyük dövlətlərlə əlaqə saxlayırıq. O cümlədən, burada vasitəçilik fəaliyyəti göstərməyə çalışan Rusiya dövləti ilə də sıx əlaqə saxlayırıq. Ancaq məlum olmalıdır ki, bizim əsas prinsiplərimiz indicə dediyim prinsiplərdir. Müharibəyə son qoyulması, torpaqlarımızın geriyə qaytarılması, ərazi bütövlüyümüzün təmin olunması prinsipləri əsasında, sülh yolu ilə, danışıqlar yolu ilə irəliləmək istəyirik. Bizim məqsədimiz də, yolumuz da budur.
Beynəlxalq təşkilatlar və xüsusən ATƏM, onun tərkibində olan Minsk qrupu bizim bu hərəkət xəttimizi, siyasətimizi bəyənir və biz bu sahədə müştərək fəaliyyət göstəririk, bundan sonra da belə fəaliyyət göstərəcəyik. Ancaq bununla yanaşı, biz Azərbaycanın hərbi qüdrətini möhkəmləndiririk və möhkəmləndirməliyik, Azərbaycanın ordusu yaranmaqdadır. Hər bir müstəqil dövlətin ordusu dövlətin əsas atributlarından biridir. Müstəqillik əldə olunandan sonra ordu quruculuğunda təəssüf ki, çox böyük səhvlər buraxılmış, lazımi ordu yaradılmamış və bunlar da Ermənistanla müharibədə məğlubiyyətlərin əsas səbəbidir.
Bildiyiniz kimi, son vaxtlar ordu yaranır, güclənir. Son aylardakı döyüşlərdə erməni silahlı qüvvələrinin hücumları Azərbaycan Ordusunun qüvvələri tərəfindən çox qətiyyətlə dəf edilmiş, mövqelərimiz müdafiə olunmuşdur. Ordumuz Azərbaycan torpaqlarının müdafiəsi keşiyində indi də durur. Ordunun yaradılması və möhkəmləndirilməsi həm indi torpaqlarımızı müdafiə etmək üçün, həm də sülh yaranarsa, gələcəkdə Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün əsas şərtlərdən biridir və biz bunu təmin etməyə çalışırıq.
Beləliklə, Azərbaycan Respublikası müstəqil dövlət kimi qısa bir müddətdə – təxminən iki il yarımdır ki, Azərbaycan öz müstəqilliyini əldə edib – çox işlər görüb. Eyni zamanda hələ istənilən səviyyəyə gəlib çatmayıb. Respublikamız ağır vəziyyətdədir. Mən bunu etiraf edirəm. Bu ağır vəziyyətdən hamımız birlikdə çıxmalıyıq.
Bu ağır vəziyyətdən çıxmaq üçün 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının fəaliyyətində olmuş proseslərdən hamımız ibrət dərsi götürməliyik. Hamımız. Çünki o, bizim üçün çox əyani bir ibrət dərsidir və biz bunu mütləq etməliyik. Azərbaycan müstəqilliyini təmin etmək üçün gərək öz daxili imkanlarını möhkəmləndirsin. Gərək Azərbaycan xalqı daha da sıx birləşsin, Azərbaycan xalqının vətənpərvərlik hissi yüksəlsin. Vətənini müdafiə etmək, Vətən yolunda şəhid olmaq, Vətən naminə özünü fəda etmək duyğuları, hissləri indi bütün Azərbaycanda hökm sürməlidir.
Mən bu gün, bu bayram günü qeyd etmək istəyirəm ki, son illərdə, bu ağır dövrdə Azərbaycanın qəhrəman, cəsur övladları torpaqlarımızı çox vaxt məharətlə müdafiə etmiş, düşmənə zərbələr vurmuşlar. Bu dövrdə Azərbaycan xalqı çoxlu şəhidlər vermişdir. Son günlərədək, atəş dayanana qədər hər gün qanlı döyüşlər gedirdi. Azərbaycan oğulları hər gün şəhid olurdu. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yüksəlmişdir və daha da canlanacaqdır. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda özlərini qurban vermiş. şəhidlərin xatirəsini bu bayram günündə bir dəqiqəlik sükutla yad etməyi xahiş edirəm. Allah bütün şəhidlərə rəhmət etsin.
Bu bayram günündə bütün Azərbaycan xalqı adından bəyan edirəm ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqlar. Onların qəhrəmanlığı, şəhidliyi Azərbaycan Ordusunun əsgərləri üçün, gənclərimiz üçün böyük örnək olacaqdır. Hər bir Azərbaycan əsgəri, hər bir Azərbaycan gənci torpaqlarımızı müdafiə etmək üçün şəhidlərin nümunəsini daim göz önündə saxlayacaqdır.
Bildiyiniz kimi, mayın 10-dan atəş kəsilmişdir, sülh danışıqları gedir. Biz bu danışıqları respublikanın mənafeyini müdafiə etmək prinsipləri əsasında aparırıq və bundan sonra da aparacağıq. Ancaq eyni zamanda Azərbaycan xalqı, Azərbaycan ordusu torpaqlarımızı müdafiə etmək üçün həmişə sayıq olmalı, hazır olmalıdır. Biz müharibə istəmirik, heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı, müstəqil Azərbaycan dövlətini müdafiə edirik. Ona görə də apardığımız müharibə ancaq müdafiə xarakteri daşıyır və tam ədalətlidir. Belə ədalətli müharibəyə Azərbaycan xalqı, Azərbaycan Ordusu həmişə hazır olmalıdır.
Ordumuzda xidmət edən əsgər və zabitlərə bu gün bayram təbriki göndərirəm. İndi cəbhədə Azərbaycan torpaqlarının keşiyində duran ordumuzun əsgər və zabitlərini bu böyük bayram münasibətilə ürəkdən təbrik edirəm.
Ordumuzla yanaşı, cəbhə boyunda ağır şəraitdə yaşayan vətəndaşlarımız da torpaqlarımızı müdafiə edirlər. Bu bayram günündə onları xüsusi təbrik edir, hamısına dözüm, bir daha cəsarət və qəhrəmanlıq arzulayıram.
İşğal olunmuş torpaqlarımızdan didərgin düşmüş qaçqınlarımız, sizə üzümü tuturam. Sizin nə qədər ağır vəziyyətdə yaşadığınızı bilirik. Sizin yaşayışınız üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Sizin dözümünüz, dəyanətiniz bütün Azərbaycan xalqı üçün nümunədir. Əziz həmvətənlər, bayram münasibətilə sizi təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, öz evinizə, obanıza qayıdacaq və doğma yurdunuzun sahibi olacaqsınız.
Bu bayram günündə şəhid ailələrinə üzümü tuturam. Onların dərd-qəmi bütün xalqın dərd-qəmidir, bizim dərd-qəmimizdir. Əziz həmvətənlər, bayram münasibətilə sizi təbrik edirəm. Biz sizinlə həmişə birik və bir olacağıq. Sizin şəhid olmuş övladlarınız, qardaşlarınız, atalarınız Vətən yolunda, Azərbaycanın müstəqilliyi yolunda canlarından keçmişlər. Onlar özlərinə əbədi abidə qoymuşlar.
Azərbaycanın hüdudlarından kənarda da soydaşlarımız yaşayır. Uzaqda olsalar da, onların əksəriyyəti qəlbən bizimlə, ana Vətənlə, doğma torpaqladır, Azərbaycanladır. Vətəndən kənarda yaşayan bütün soydaşlarımıza bu bayram günündə Azərbaycan Respublikası adından bayram salamı göndərir, onları təbrik edir və bundan sonra da vətənpərvərlik hissləri ilə yaşamalarını arzu edirəm.
Bir də qeyd etmək istəyirəm ki, Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün çox iş görülməlidir. Bundan ötrü isə Azərbaycanın daxilində ictimai-siyasi sabitlik, bütün qüvvələrin, bütün təbəqələrin, bütün vətəndaşların milli birliyi, həmrəyliyi lazımdır.
Güman edirəm ki, bu gün, bu bayramı qeyd edərkən, ilk Azərbaycan Demokratik Respublikasının yaranmasına və fəaliyyətinə hörmət və ehtiramımızı bildirərkən bir daha və bir daha o dövrü təhlil etməli, o dövrün nailiyyətlərindən istifadə etməli, bəhrələnməli, o zaman buraxılan səhvlərə yol verməməliyik. O dövrdə Azərbaycan Demokratik Respublikasını zəiflədən amillərin indi də mövcud olduğunu görərək, mütləq onları aradan qaldırmalıyıq.
Ona görə də bu bayram günündə bütün Azərbaycan vətəndaşlarına üzümü tutaraq bir daha deyirəm: indi Azərbaycanın müstəqilliyi xalqımızın öz əlindədir. Bu gün bir daha bəyan etməliyik ki, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir və bu yolda hamımız əl-ələ verərək çalışmalıyıq.
Azərbaycanın müstəqilliyi, müstəqil dövlətimizin geniş fəaliyyəti torpaqlarımızın azad edilməsi ilə bağlıdır. Ona görə də qarşımızda duran əsas vəzifə Azərbaycanı erməni təcavüzündən xilas etmək, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etməkdir. Bu yolda hamı həmrəy, bir olmalı, bütün ədavətlər bir kənara qoyulmalıdır, bu yolda hamımız Vətənin sıravi əsgəri olmalıyıq. Hamını bu yola dəvət edir və ümidvar olmaq istədiyimi bildirirəm ki, Azərbaycanın bütün vətənpərvər adamları məhz bu yolla gedəcəklər.
Əziz həmvətənlər, bu böyük bayram münasibətilə Sizi bir daha təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ümidvar olduğumu bildirmək istəyirəm ki, işıqlı gün uzaqda deyil, Azərbaycan bu qaranlıqdan, bu bəladan çıxacaq, xalqımız daha da ucalacaq və müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaqdır. Sağ olun.

Respublika günü münasibətilə keçirilən təntənəli yığıncaqda
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi

(27 may 1995)

Hörmətli həmvətənlər, bacılar və qardaşlar!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Sizi, Azərbaycan xalqını, bütün Azərbaycan vətəndaşlarını bu bayram – Respublika günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.
Yetmiş yeddi il öncə, 1918-ci il mayın 28-də ilk dəfə Azərbaycan torpağında Azərbaycan Demokratik Respublikası yarandı. Bu, tarixi bir hadisədir. Azərbaycan Demokratik Respublikasının yaranması əsrimizin əvvəlindən Azərbaycan xalqında, onun mütəfəkkir insanlarında oyanmış müstəqillik, milli azadlıq ideyalarının, arzularının, istəklərinin həyata keçirilməsi idi.
Azərbaycan Demokratik Respublikası gərgin bir tarixi dövrdə yaranmışdır. Çar üsul-idarəsi devrildikdən, Rusiya imperiyası dağıldıqdan sonra Rusiyanın ərazisində gedən proseslər cürbəcür dəyişikliklər meydana çıxarmışdı və bunların nəticəsində də Azərbaycanda demokratik respublika yaranmış, Azərbaycanı müstəqil bir dövlət kimi tanıtmaq imkanı olmuşdur. Demokratik respublikanın yaranması Azərbaycanın müstəqilliyini ilk dəfə olaraq dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının öz dövlətçiliyinə nə qədər bağlı olduğunu əks etdirdi.
Azərbaycan Demokratik Respublikasının ömrü az oldu. İyirmi üç aydan sonra o, süqut etdi. Ancaq demokratik respublikanın yaranması, mürəkkəb tarixi proseslər içərisində görülən işlər xalqımızın gələcək həyatında, tarixində böyük iz buraxdı. Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarmı bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi. Ona görə də Azərbaycan Demokratik Respublikasının fəaliyyəti ölkəmizin, xalqımızın tarixində parlaq bir səhifədir və biz bu günü bayram kimi – Respublika günü kimi qeyd edirik. Biz o günlərə, aylara, o dövrə böyük hörmət və ehtiram bəsləyirik.
Bu gün, Respublika günü bayramında Azərbaycanda ilk demokratik respublikanın yaradılmasında fəaliyyət göstərənlərin hamısını, xüsusən Azərbaycan Demokratik Respublikasının başçıları Məmməd Əmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Usubbəyovu və başqalarını böyük hörmət və ehtiramla, minnətdarlıqla yad edirik. Onların fəaliyyəti, gördüyü işlər xalqımızın xatirəsində əbədi yaşayacaqdır.
Demokratik respublika süquta uğrayandan sonra xalqımız yetmiş illik bir dövr yaşamışdır. Bu dövr XX əsrin çox hissəsini təşkil edir, Azərbaycan xalqının tarixinin böyük bir dövrüdür. Həmin dövr təkcə Azərbaycan üçün yox, keçmişdə Rusiya imperiyasına, sonra isə Sovetlər İttifaqına daxil olan bütün xalqlar, bütün respublikalar üçün mürəkkəb, ağır, çətin ictimai-siyasi proseslər, dəyişikliklər dövrü olmuşdur. Biz bu dövrü də yaşamışıq. Bu dövrün ziddiyyətləri də var, böyük bəhrələri, müsbət nəticələri də var. Bu, bizim tariximizdir, Azərbaycan xalqının bir neçə nəslinin yaşadığı, qurub-yaratdığı bir dövrdür. Biz bunu həmişə qiymətləndirməliyik, daim dərk etməliyik.
Qeyd etmək istəyirəm ki, Azərbaycan Demokratik Respublikasının süqutundan sonra ölkəmiz kommunist hakimiyyəti altında yaşamışdır. Ancaq 1920-ci il aprelin 28-dən 1922-ci il dekabrın 30-dək olan müddətdə də Azərbaycan müstəqil respublika olmuşdur. O zaman müstəqillik tam deyildi, məhdud idi, kommunist rejiminin təsiri altında idi. Amma hər halda, Azərbaycan müstəqil olmuşdur. Bunu da qeyd etmək lazımdır. Heç vaxt unutmaq olmaz ki, ilk dəfə, 1918-ci ildə Azərbaycanda yaranmış demokratik respublika demokratik dövlət kimi süqut etsə də, respublika yaşamışdır. O vaxtdan bəri bizim respublikamız yaşayır. 1922-ci il dekabrın 30-da Sovetlər İttifaqı yaranana qədər Azərbaycan Respublikası müstəqil fəaliyyət göstərmişdir. Doğrudur, o vaxt kommunist ideologiyası tətbiq olunurdu, çox gərgin proseslər, dəyişikliklər gedirdi. O vaxt xalqımızın həyatı çox ağır idi, repressiyalar, çətinliklər dövrü idi. Amma eyni zamanda respublikamız olmuşdur. Respublikamızda vicdanlı, namuslu, xalqını sevən insanlar olmuş, onlar bu çətin dövrdə respublikanı yaşatmışlar.
Sonra isə, dediyim kimi, Azərbaycan Sovetlər İttifaqının tərkibində idi. Bu dövrdə də respublikamız olmuşdur. Həmin dövrdə Azərbaycan müstəqil deyildi, müstəqil surətdə xarici əlaqələr yaratmaq imkanı yox idi. Ancaq respublikamız, onun parlamenti, dövlət bayrağı, dövlət himni var idi. Bir sözlə, respublikamızın dövlətçiliyi olmuşdur. Yəni 1918-ci ildə yaranmış dövlətçilik, ideologiya dəyişikliyinə baxmayaraq, yaşamış, davam etmiş və nəhayət, 1991-ci ilin sonunda dünyada və o vaxt Sovetlər İttifaqında gedən tarixi, ictimai-siyasi proseslər nəticəsində SSRİ dağıldığına görə Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdi. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmiş, həmin il dekabrın 30-da referendum keçirilmiş və Azərbaycan müstəqil dövlət kimi dünyaya elan olunmuşdur.
O vaxtdan indiyədək biz müstəqil dövlət kimi yaşayırıq. Azərbaycanın müstəqilliyi beynəlxalq aləmdə tanınmış, dünya dövlətləri tərəfindən qəbul edilmişdir. Azərbaycan beynəlxalq təşkilatların əksəriyyətinin üzvüdür, Birləşmiş Millətlər Təşkilatına daxildir. Bir çox ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr yaradılmışdır. Dünyanın bir çox ölkəsi ilə bizim diplomatik münasibətlərimiz var. Bir çox böyük dövlətlərlə dövlətlərarası müqavilələr, sazişlər imzalanmışdır. Azərbaycan müstəqil dövlət kimi yaşayır, yaşayacaq və bu gün – Respublika günündə mən bir daha bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır.
Azərbaycanın dövlət müstəqilliyi dövrü ağır, çətin bir dövrdür. Bunun səbəbləri məlumdur: bir tərəfdən Azərbaycana qarşı Ermənistanın yeddi il davam edən təcavüzü, ikinci tərəfdən ölkədə gedən ictimai-siyasi proseslər, iqtisadiyyatda, sosial həyatda, dövlət quruculuğunda zəruri olan dəyişikliklər. Bütün bunlar keçmiş Sovetlər İttifaqına daxil olmuş, indi müstəqil dövlət kimi yaşayan respublikaların hamısında çətin bir böhran dövrü yaratmışdır. Biz bu dövrü yaşayırıq, bu dövrü keçirik və keçməliyik. Əgər bu dövrü keçməsək, istədiyimizə nail ola, müstəqil dövlət kimi daim yaşaya bilməyəcəyik.
Eyni zamanda qeyd etmək lazımdır ki, bizim müstəqil dövlət kimi yaşamağımız üçün keçmişdə, yəni əsrin 20-ci ilindən indiyə qədər Azərbaycanın keçdiyi tarixi yol ölkəmizin bugünkü müstəqilliyinin əsasını yaratmışdır. Bunu mütləq qeyd etməliyik, heç vaxt unutmamalıyıq. Tariximizə heç vaxt xor baxmamalıyıq, tariximizi qiymətləndirməliyik, kiçik bir müsbət hadisəni də unutmamalıyıq. Çünki tariximiz zəngindir, eyni zamanda çox əzab-əziyyətli tarixdir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. Ona görə də tarixi təhrif etmək xəstəliyi, – bu, keçən dövrə qədər bizdə var idi və təəssüflər olsun, indi də mövcuddur, – aradan götürülməlidir. Biz bundan xilas olmalıyıq. Tariximizin hər bir səhifəsi – istər lap qədim dövrə, orta əsrlərə, istərsə də XIX əsrə, XX əsrə aid olsun, – bizim üçün qiymətlidir.
Biz XX əsrin son illərini yaşayırıq. Əsrin əvvəlinə nəzər salsaq, o vaxtdan başlayan proseslər, milli azadlığa, müstəqilliyə yönəldilmiş proseslər ancaq və ancaq XX əsrin sonunda müəyyən qədər məqsədə yetmək səviyyəsinə gəlib çatmışdır. Görürsünüz, bunlar asan deyil, ağır, çətin proseslərdir. Ona görə də tariximizə hörmətlə, ehtiramla yanaşmaq lazımdır. Bu baxımdan Azərbaycanda müstəqil dövlətçilik əldə olunana qədər keçilən tarixi yol şərəfli, böyük yoldur. Şübhəsiz, bu yolun qara səhifələri, repressiya dövrü, insan azadlıqlarının məhdudlaşdırılması, bu azadlıqların insanların əlindən alınması, adamların böyük əzab-əziyyətlərə salınması dövrü də var. Bunlar da unudula bilməz. Biz bunları da yadda saxlamalıyıq ki, həyatımızda bir də təkrar olunmasın.
Ancaq bu dövrün parlaq səhifələri, mərhələləri, gözəl nəticələri də var. Bunları da heç vaxt unuda bilmərik. Xalqımız bu dövrdə – XX əsrin əvvəlindən indiyədək çox şərəfli bir yol keçmişdir. Bu yol da ondan ibarətdir ki, xalqımızın mədəni, təhsil səviyyəsi artmış, mədəniyyətimiz yüksəlmiş, elmimiz, böyük iqtisadi potensialımız yaranmışdır. Xalqımızın həyat tərzində, dünyagörüşündə böyük dəyişikliklər əmələ gəlmiş, böyük bir siyasi-ictimai proses başlanmışdır. Bunlar hamısı keçdiyimiz dövrün, onun mərhələlərinin bəhrəsi, nəticəsidir.
Bu gün çox şey demək olar. Ancaq bayram günüdür, hamısını deməyə ehtiyac yoxdur. Onu demək lazımdır ki, respublikamızın bütün əhalisi, vətəndaşları savadlıdır, böyük bir hissəsi ali təhsillidir. Universitetlər, ali məktəblər fəaliyyət göstərir. Əgər 1919-cu ildə Azərbaycanda ilk universitet yarandısa sonrakı dövrlərdə onlarca ali və orta ixtisas məktəbləri, ümumtəhsil məktəbləri yarandı. İnsanlarımız təhsil aldı, elmə, mədəniyyətə bağlandı. Biz bu il Azərbaycan Elmlər Akademiyasının 50 illik yubileyini qeyd edirik. Bu, dərin iftixar hissi doğurur ki, Azərbaycanın böyük elmi yaranmışdır. Bu elm dünya elmi sırasında özünəməxsus yer tutmuşdur. Azərbaycanın dünyada tanınmış alimləri yaranmış, onlar dünya elminə, mədəniyyətinə böyük töhfələr vermiş, bunları zənginləşdirmişlər.
Azərbaycanın mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır. Ədəbiyyatımız, incəsənətimiz – rəssamlıq, heykəltəraşlıq məktəbimiz, musiqimiz, teatr mədəniyyətimiz dünya səviyyəsində yüksək zirvələrə qalxmışdır. İndi biz müstəqillik əldə etdikdən, sərhədlərimiz açıldıqdan sonra, xalqımız bütün ölkələrə azad, asudə gedib-gəlmək imkanı qazandıqdan sonra müqayisə edə bilir və görürük ki, harada nə var və Azərbaycanın elmi, xalqımızın təhsil səviyyəsi, mədəni səviyyəsi – bir sözlə, Azərbaycanın mədəniyyəti hansı səviyyədədir. Bunlar hamısı böyük iftixar hissi doğurur. Bütün bunlar milli sərvətimizdir, Azərbaycan Respublikasının dövlət müstəqilliyini təmin etmək üçün, müstəqil dövlət kimi yaşamağımız üçün böyük zəmindir.
O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır.
Ancaq müstəqillik əldə etdiyimiz gündən indiyə qədər biz böyük iqtisadi, sosial, siyasi böhran içərisində yaşayırıq. Bunu da deməli, etiraf etməliyik. Ona görə deməliyik ki, bu dövrü birlikdə, əl-ələ verərək müvəffəqiyyətlə keçməyə nail ola bilək. Bu böhranın səbəbi bir tərəfdən Ermənistanın Azərbaycana qarşı təcavüzü, ikinci tərəfdən isə ölkəmizin daxilində gedən ictimai-siyasi proseslər, iqtisadiyyatdakı zəruri dəyişikliklər, eyni zamanda, şübhəsiz ki, daxili həyatımızda olan bəzi qarışıqlıqlar və bu qarışıqlığı salmaq istəyən bəzi qüvvələrdir. Bunlar hamısı bu günümüzün reallığıdır.
Ancaq mən bu bayram günündə tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan xalqı keçmişdə bütün böyük sınaqlardan çıxdığı kimi, bu sınaqlardan da çıxacaq, bu dövrü də yaşayacaqdır, nə qədər itkilər, qurbanlar vermiş olsaq da, bu dövrü müvəffəqiyyətlə keçəcəyik və xalqımız geniş müstəqillik yolu ilə irəliyə gedəcəkdir. Mən buna tam əminəm və bu gün bunu bir daha bəyan edirəm.
Bizim ən böyük problemimiz Ermənistanın təcavüzüdür. Bu təcavüz bizə böyük bəlalar gətirmişdir, böyük itkilər, şəhidlər vermişik. Azərbaycanın qəhrəman, cəsur oğulları öz Vətənini, torpağını qoruyaraq həyatlarını qurban vermişlər. Bir ildən çoxdur ki, atəş kəsilmişdir. Bu, bizim apardığımız siyasətin, danışıqların, beynəlxalq təşkilatlarla gördüyümüz işin, böyük dövlətlərlə əlaqələrimizin və onlarla apardığımız işlərin nəticəsidir. Bu, müsbət haldır və biz onu qiymətləndirməliyik. Ancaq xalqımızın verdiyi şəhidləri heç vaxt unuda bilmərik. Torpaqlarımızın müdafiəsi, suverenliyimiz, milli müstəqilliyimiz, dövlət müstəqilliyimiz uğrunda həyatlarını qurban vermiş adamları heç vaxt unutmamışıq və unuda bilmərik. Onların xatirəsi bu gün də qəlbimizdədir, onların ruhu bu gün də bizimlədir. Bu gün, bu bayram günündə də rica edirəm ki, Azərbaycan dövlətinin, torpaqlarımızın müdafiəsində canlarından keçmiş oğullarımızın, vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bir il davam edən atəşkəs onu sübut edir ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişəni sülh yolu ilə həll etmək mümkündür. Biz bu yolla gedirik. Hərbi əməliyyatların bir daha başlanmasını istəmirik, sülh yolu ilə gedirik. Doğrudur, bu, bizim üçün ağır, çətin yoldur. İtkilər vermişik, ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazilərdən zorla qovulmuş bir milyondan artıq vətəndaşımız, soydaşlarımız qaçqın vəziyyətindədir. Çoxları çadırlarda yaşayır, ağır həyat tərzi keçirir. Bunlar hamısı bizim üçün ağır yaradır, sızıldayan, qaysaqlanmayan yaradır. Bu yaralarla yaşayırıq.
Ancaq bütün bu çətinliklərə, itkilərə, bizə dəymiş zərərlərə baxmayaraq, biz sülhsevər millət, xalqıq. Biz yenə də məsələni sülh yolu ilə həll etmək, danışıqlar aparmaq, bunları davam etdirmək istəyirik. Bu sahədə öz tərəfimizdən lazımi addımlar atmışıq və yenə atırıq.
Bilirsiniz ki, bu məsələnin həll olunması üçün keçən ilin dekabrında ATƏT-in Budapeşt Zirvə toplantısı ATƏT çərçivəsində danışıqlar aparılması, Minsk qrupunun fəaliyyəti haqqında qətnamə qəbul etmişdir. Minsk qrupunun fəaliyyəti nəticəsində Böyük Sülh Sazişinin əldə olunması nəzərdə tutulmuş və bundan ötrü münaqişə zonasına çoxmillətli beynəlxalq sülhü mühafizə qüvvələrinin göndərilməsi qərara alınmışdır. Minsk qrupu çərçivəsində danışıqlar gedir. Moskvada danışıqların bir mərhələsi başa çatmışdır, kiçik də olsa, müəyyən bir irəliləyiş var. Müəyyən ümidlər görünür. Danışıqların ikinci mərhələsi iyunun 15-də Helsinkidə başlanacaqdır. Biz bu danışıqlara hazırlaşırıq. Öz mövqelərimizi bilirik və prinsipial mövqelərimizdən heç vaxt geri çəkilməyəcəyik. Eyni zamanda biz əməli mövqe tuturuq, bəzi güzəştlərə də gedirik ki, məsələni sülh yolu ilə həll edək. Ancaq bütün bu məsələlərin həll olunmasında bir dəyişməz prinsip var. Bu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması prinsipidir. Bu, bizim üçün əsas prinsipdir və ondan bir millimetr də olsun geriyə çəkilə bilmərik. Biz məsələnin bu prinsip əsasında sülh yolu ilə həllinə nail olmağa çalışırıq.
Bilirsiniz və hamıya məlumdur ki, Şuşa və Laçın rayonlarının azad olunması bu təkliflərin içərisində xüsusi yer tutur. Həmin rayonların, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlarımızın azad edilməsi işin birinci mərhələsidir və biz bunun əsasında Böyük Sülh Müqaviləsinin bağlanmasına hazırıq. Bu işimizi davam etdirəcəyik. Sizi əmin etmək istəyirəm, şəxsən bir prezident kimi mən bu sahədə bütün imkanlardan istifadə edirəm və etməyə çalışıram. Biz bundan sonra da çalışacağıq ki, birillik atəşkəs əbədi olsun, bir daha müharibəyə qayıtmayaq, məsələlərimizi sülh yolu ilə həll edək. Ancaq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü təmin olunsun, müstəqilliyi möhkəmlənsin, qaçqın düşmüş vətəndaşlarımız öz yerlərinə, yurdlarına, obalarına qayıtsın və biz quruculuq işi ilə məşğul olaq. Bu, qarşımızda duran əsas vəzifədir və biz bunu həll edirik.
Dövlətçiliyimizi, müstəqilliyimizi möhkəmləndirmək üçün qarşımızda bir çox başqa mühüm vəzifələr də durur. Bunlarla da məşğul oluruq. Ümumiyyətlə götürsək, bu vəzifələr dövlətçiliyi möhkəmləndirmək üçün islahatlar keçirməkdən, iqtisadi, siyasi-ictimai sahələrdə islahatlar aparmaqdan, respublikamızda həqiqi demokratik dövlət qurmaqdan, cəmiyyətimizi tam demokratik bir cəmiyyətə çevirməkdən, insan hüquqlarının qorunmasını, adamların azad-asudə yaşamasını təmin etməkdən ibarətdir. Bu sahədə böyük işlər görülür və belə hesab edirəm ki, 1995-ci il bu vəzifələrin həyata keçirilməsi sahəsində çox həlledici il olacaqdır. Bunların çoxu bu il həll ediləcəkdir.
İqtisadiyyatda yaxşı nəticələr əldə olunması yalnız və yalnız bu sahədə islahatların keçirilməsi ilə bağlıdır. Biz bu barədə qanunlar qəbul etmişik. İndi bunların icra edilməsi prosesi başlanmışdır. Bu proses sürətlə davam etdirilməlidir. Özəlləşdirmə proqramı hazırlanmışdır, biz ona baxırıq. Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının nümayəndələri də bu günlərdə Parisdə həmin proqramın layihəsinə baxacaqlar. Biz bu layihəni müzakirə edəcək və özəlləşdirməyə gedəcəyik, iqtisadi islahatları aparacağıq.
Respublikamızda demokratiyanı bərqərar etmək, inkişaf etdirmək üçün demokratiyaya xas olan tədbirlərin hamısı həyata keçirilir və keçiriləcəkdir. Qarşıda duran əsas vəzifələrdən biri bu il parlament seçkilərinin keçirilməsidir. Payızda, güman edirəm ki, oktyabrda respublikanın yeni parlamenti seçiləcəkdir. Seçkilər tam demokratik prinsiplər, çoxpartiyalı sistem əsasında aparılacaqdır. Seçkilər elə keçiriləcək ki, hər bir vətəndaş bu tədbirdə tam azad, sərbəst iştirak edə bilsin, seçib-seçilmək hüququnu tam həyata keçirə bilsin. Buna hamı əmin ola bilər. Heç kəs buna şübhə etməsin. Biz bu yolla gedirik. Ona görə də heç bir əyintiyə, dəyişikliyə yol verməyəcəyik. Ona görə də heç kəs buna şübhə etməsin və gördüyümüz işləri ləkələməyə çalışmasın.
Bu il ümumxalq referendumu yolu ilə Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olunacaqdır. İndi layihə hazırlanır, biz onu iki-üç dəfə müzakirə edəcəyik. Konstitusiya elə bir sənəddir ki, o, bir neçə il üçün yox, on illər üçün, bəlkə də, – əgər doğrudan da hüquqi, güclü bir dövlət olsa, – yüz illər üçün yazılır. Biz boynumuza tarixi məsuliyyət götürmüşük: ilk dəfə müstəqil Azərbaycan dövlətinin demokratik Konstitusiyasını yaradırıq. Bu, asan iş deyildir. Ancaq biz bunu edəcəyik, buna nail olacağıq. Şübhəsiz ki, bunu hamımız birlikdə, ümumxalq referendumu vasitəsilə edəcəyik.
İndi iqtisadiyyatda ağır, çətin bir dövr yaşayırıq. İslahatlar, iqtisadiyyatın sərbəstləşdirilməsi prosesi, şübhəsiz ki, bəzi çətinliklər, dəyişikliklər insanların həyat tərzində çətinlik yaradır. Kasıblıq artır, bəzi təbəqələr, xüsusən işsizlər, qaçqınlar çox ağır vəziyyətdə yaşayır. Biz bunların hamısını dərk edirik və bütün imkanlardan istifadə edərək həmin təbəqələrə kömək etməyə, ümumiyyətlə, xalqımızı, cəmiyyətimizi indiki ağır mərhələdən çıxarmağa çalışırıq.
Bunun üçün biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Azərbaycanda demokratik proseslərin, iqtisadiyyatda sərbəstləşdirmə prosesinin getməsi və demokratik islahatların həyata keçirilməsi beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuşdur. Onlar bunu görür, müşahidə edir və təsdiq edirlər. Ona görə də biz bu beynəlxalq təşkilatlar vasitəsilə artıq müəyyən yardımlar almağa nail olmuşuq. İndi bizim böyük bir nümayəndə heyətimiz – baş nazir, bir neçə nazirimiz Parisdədir. Beynəlxalq Valyuta Fondunda, Dünya Bankında, Avropa Birliyində Azərbaycanın təkliflərini irəli sürür, müzakirə edirlər. Güman edirəm ki, bunlar da öz müsbət nəticələrini verəcəkdir.
Biz iqtisadiyyatı, idxal-ixrac əməliyyatlarını sərbəstləşdirərək, ölkəmizi bütün dünya iqtisadiyyatına tam açaraq, xarici investisiyaların gəlməsinə şərait yaradaraq eyni zamanda müəyyən çətinliklərlə rastlaşırıq. Bu çətinlikləri aradan qaldırmaq üçün beynəlxalq təşkilatların, o cümlədən maliyyə təşkilatlarının köməyinə ehtiyacımız var. Onlar da bu köməyi Azərbaycanda məhz islahatların həyata keçirilməsi, xarici investisiyaların ölkəmizə gəlməsi üçün edirlər və edəcəklər. Güman edirəm ki, bunlardan da istifadə edərək Azərbaycan iqtisadiyyatını yeni bir mərhələyə qaldıracağıq.
Keçən ilin sentyabrında imzalanmış neft müqaviləsi buna əyani sübutdur. Artıq onu "Əsrin müqaviləsi" adlandırmışlar. Bir neçə gün öncə Azərbaycanda neft-qaz sənayesinə həsr olunmuş ikinci beynəlxalq sərgi keçirildi. Sərgidə dünyanın 165 iri şirkəti iştirak edirdi. Onlar dünyanın 13 böyük dövlətini təmsil edirdi. Bu, bizim ictimai, siyasi və iqtisadi həyatımızda böyük bir hadisədir.
Bilirsiniz ki, bu sərgi sadəcə şirkətlərin iştirakı ilə yox, böyük dövlətlərin, Azərbaycanın neft yataqlarına maraq göstərən dövlətlərin yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçdi. ABŞ-ın, Böyük Britaniyanın, Norveçin, Türkiyənin energetika nazirləri, Qazaxıstanın energetika nazirinin müavini bu sərgidə iştirak etdilər, çıxış etdilər, sözlərini dedilər, Azərbaycanın bu günü və gələcəyini, ölkəmizin neft sənayesinin problemlərini bərabər müzakirə etdik.
Mən dünən Minsk şəhərində idim. Orada Müstəqil Dövlətlər Birliyi ölkələrinin dövlət başçılarının növbəti toplantısı keçirilirdi. Bir çox mühüm məsələlər müzakirə edildi, bu məsələlər barədə qərarlar qəbul olundu. Respublikamızın müstəqilliyinə zərər gətirməyən qərarlarla biz razılaşırıq və onları təsdiq edirik, imza atırıq. Ümumiyyətlə, Müstəqil Dövlətlər Birliyi ilə əməkdaşlığın Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Biz bu əməkdaşlığı qiymətləndiririk.
Dünən orada MDB ölkələrinin dövlət başçıları, prezidentləri ilə mənim görüşlərim, danışıqlarım oldu. Biz çox faydalı söhbətlər apardıq. O cümlədən, xüsusən Rusiya Federasiyasının prezidenti cənab Boris Yeltsinlə, Rusiyanın baş naziri cənab Viktor Çernomırdinlə bizim çox maraqlı və əhəmiyyətli söhbətlərimiz, danışıqlarımız oldu. Bunun nəticəsində Rusiyanın energetika naziri Yuri Şafranik sabah respublikamıza gəlir. Biz onunla da neft sənayesi, xüsusən Xəzər dənizində neft yataqlarının istismarı məsələlərini birlikdə müzakirə edəcəyik.
Əziz həmvətənlər, görürsünüz, Azərbaycan Respublikasının müstəqilliyi hər sahədə özünü göstərir. Görürsünüz, Azərbaycan Respublikasının bütün dünya investisiyası üçün açıq olması, ölkəmizin bütün dövlətlərlə bərabər hüquqlu, bərabər səviyyədə danışıq aparmaq imkanı əldə etməsi və bu danışıqlar nəticəsində iqtisadiyyatımızın qarşılıqlı əlaqələrinin yaradılması belə böyük hadisələrə gətirib çıxarır. Yenə də qeyd edirəm, bu günlərdə Bakıda keçirilmiş beynəlxalq neft-qaz sərgisi böyük hadisədir. Böyük dövlətlərin nazirləri ilə bizim görüşlərimiz böyük hadisədir. Bunların hamısı bir daha sübut edir ki, Azərbaycan müstəqil dövlətdir, öz sərvətlərinin, taleyinin, öz ərazisinin sahibidir və öz taleyini özü istədiyi kimi həll edir. Bundan artıq nailiyyət ola bilməz. Bu, XX əsrdə ən böyük nailiyyətimizdir. Bizim borcumuz odur ki, bu nailiyyəti göz bəbəyi kimi qoruyaq və saxlayaq.
Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Karl-Diter Şpranger dünən ölkəmizə, Azərbaycana gəlmişdir. O, bu gün bu salondadır, bayramımızı bizimlə bölüşür, bayramımızda iştirak edir. Bu gün onunla çox maraqlı danışıqlarımız və söhbətlərimiz olub. O, Almaniyanın prezidentindən bizə təbrik, eyni zamanda əlaqələrimizi bir daha təsdiq edən məktub gətirib. O, bu gün bayramımızda iştirak etmək arzusunda olub. Ona görə də biz onu buraya dəvət etmişik. Güman edirəm ki, biz hamımız onu burada dost ölkənin nümayəndəsi kimi salamlamalıyıq.
Bir daha qeyd edirəm, bunlar hamısı həyatımızda yeni bir keyfiyyət şəraiti yaradıb. İnsanlarımızın çoxu həmin insanlardır. İndi gənclər meydana çıxır. Görün, indi həyatımızda nə qədər böyük dəyişikliklər əmələ gəlib, nə qədər böyük, maraqlı hadisələr baş verir. Biz bunları qiymətləndirməliyik, qorumalıyıq, saxlamalıyıq. Bunun üçün də müstəqilliyimizi saxlamaq, qorumaq üçün daxilimizdə olan vəziyyətə həmişə diqqət yetirməli, fikir verməliyik.
Son iki il ərzində Azərbaycan xalqı, vətəndaşlarımız, respublikamız üç dəfə vətəndaş müharibəsinin astanasında olub. Bilirsiniz ki, müharibə edən bir dövlət, ölkə, Ermənistanın təcavüzünə məruz qalan ölkə, xalq üçün bu, çox ağır bir haldır. Torpaqlarının 20 faizi işğal olunmuş bir ölkə üçün iki il müddətində üç dəfə vətəndaş müharibəsinin astanasına gəlib çıxmaq böyük bir bəladır. Biz bunu deməliyik, etiraf etməliyik. Respublikamızda daxili sabitliyi pozmaq, daxili həyatı qarışdırmaq istəyən adamlara qarşı daha prinsipial, daha ciddi yanaşmalıyıq.
Biz bu vətəndaş müharibələrindən xilas olduq. 1993-cü ilin iyun ayında, – bu günlərdə iki ili tamam olacaq, – qan töküldü, vətəndaş müharibəsi başlandı. Bunun qarşısı alındı. Belə düşünmək olardı ki, insanlar hansı partiyaya, təşkilata, qrupa, hansı cəmiyyətə mənsubluqlarından asılı olmayaraq dərk etməli idilər ki, artıq buna yol vermək olmaz. Bunun üçün şərait də yarandı. Ancaq bəziləri yenə də öz təxribatçı hərəkətlərindən, xalqa xəyanət niyyətlərindən əl çəkmədilər.
Bundan sonrakı hadisələr sizə məlumdur: 1994-cü ilin oktyabrında, bu ilin mart ayında dövlət çevrilişinə cəhd. Bilirsiniz, bu il mayın 23-də Bakıda "Xəzərneftqaz – 95" beynəlxalq sərgisi açılarkən ABŞ-ın energetika naziri xanım Hezl o'Liri ABŞ prezidenti cənab Uilyam Klintonun mənə məktubunu gətirdi. Bu məktub mətbuatda dərc olunub, siz onu oxumusunuz. Çox dəyərli, olduqca dəyərli məktubdur. Mən bu məktubdan ancaq iki-üç kəlməni sizə demək istəyirəm, O yazır ki, mən 1992-ci ildən bəri Azərbaycanı vəba xəstəliyi kimi bürüyən daxili siyasi qarmaqarışıqlığı narahatlıqla izləmişəm. Bunu Amerika Birləşmiş Ştatlarının prezidenti yazır. Mən bu barədə fikirlərimi dəfələrlə bəyan etmişəm, ancaq bu sözü tapıb deyə bilməmişəm. Bu, doğrudan da vəba xəstəliyidir. Ona görə ki, bu xəstəlik sirayət edir, yayılır, insanların əxlaqını pozur. Bizi doğrudan da gətirib qarmaqarışıqlığa çıxarır.
1993-cü ilin iyun ayında da, ondan sonrakı dövrdə də, 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd göstəriləndə də, 1995-ci ilin martında xəyanətkarlar tərəfindən Azərbaycanda dövlət çevrilişinə cəhd olunanda da xalqımız öz müdrikliyini nümayiş etdirdi. Azərbaycan xalqı birləşdi, birliyini göstərdi və təxribatçı qüvvələrə, vəzifə hərislərinə, heç bir əsas olmadan, zor gücü, silah gücü ilə, banditliklə, quldurluqla hakimiyyəti ələ keçirməyə çalışan adamlara xalq öz gücünü, öz qüdrətini, mənəviyyatını göstərdi. Bütün bu cəhdlər məhz xalqın gücü ilə dəf edildi, biz bunların qarşısını xalqın gücü ilə aldıq.
Xalqımız əzab-əziyyətlərə, çətinliklərə dözmüş xalqdır. Bəzən isə içindən özü-özünü didən xalqdır. Ancaq eyni zamanda əyilməz xalqdır. Məhz xalqın birliyi, müdrikliyi nəticəsində biz üç dəfə vətəndaş müharibəsinin qarşısını ala bildik. Ona görə də mən bu gün bütün Azərbaycan xalqına, xüsusən Vətənini sevən, vətənpərvər, Azərbaycanın müstəqilliyini qorumağa çalışan, onun keşiyində duran adamlara, ölkəmizin müdrik insanlarına, ziyalılarına, ağsaqqallarına, respublikamızın müstəqilliyini qoruyan qəhrəman oğullarına, bütün xalqımıza öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Bu dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. İnsanların bəziləri cəmiyyətdən təcrid olunub. Bəziləri həlak olub, bəziləri qaçıb gizləniblər. Bir qismi Moskvaya yığışıb özlərinə sığınacaq tapıb. O mənada yox ki, Moskvada kimsə onlara sığınacaq verib, – bu şəhər çox böyük şəhərdir. Onlar da həmin imkanlardan istifadə ediblər. Ancaq bütün bunlar onlar üçün, heç kəs üçün heç bir nəticə verməyəcəkdir. Bunlar faydasız bir şeydir.
Azərbaycan dövləti möhkəm dövlətdir. Biz Azərbaycanın dövlətçiliyini qorumağa qadirik və bundan sonra da qoruyacağıq.
Günahkarlar, xəyanətkarlar, cinayətkarlar ədalət məhkəməsində öz cəzalarını alacaqlar. Orada-burada qaçıb gizlənənlər, bizə hədə-qorxu gələnlər, yenidən haradasa aranı qarışdırmaq istəyənlər, – onların bəziləri terrorçuluq yolu ilə gedir, – dövlət terroru etmək yoluna düşən adamlar anlasınlar, dərk etsinlər, bilsinlər: onların getdiyi yol çox yanlış, xəyanətkar yoldur, bu yoldan çəkinsinlər. Mən martın 16-da əfv fərmanı vermişdim və elan etmişdim ki, kim bu cinayətkar əməllərindən əl çəkərsə, onları əfv edirəm. Bunu bu gün də deyirəm: bu hərəkətlərdən əl çəksinlər. Ermənistanın təcavüzünün Azərbaycan xalqının, respublikamızın başına gətirdiyi bəlalar bəsdir. Bu, bizim üçün nəinki bu gün, sabah bəladır, gələcək nəsillərimiz üçün də böyük bəladır. Müharibə o qədər dağıntıya, insan tələfatına səbəb olmuş, ailələr o qədər şəhid vermişdir ki, bunların yarası hələ bundan sonra on illər də sızıldayacaq, qaysaqlanmayacaqdır.
Ona görə də insanlar başa düşsünlər ki, respublikamız artıq böyük bir dövlətdir. Bu dövləti biz öz gücümüzlə, vətənpərvər insanların gücü ilə qoruyuruq və qoruyacağıq. Bir prezident kimi mən hər bir vətəndaşın təhlükəsizliyinin, hüquqlarının qorunmasının təminatçısıyam. Ona görə də heç vaxt yol verməyəcəyəm ki, o cür cinayətkarlar haradasa qruplaşsınlar, yenidən təxribat etsinlər. Oradan-buradan səslər gəlir ki, guya haradasa nə isə edəcəklər. Kim isə haradasa çıxış edir, söz deyir. Bunlar əhəmiyyətsiz, mənasız şeylərdir. Onların ən çirkin işi dövlət terrorudur. Bu da bizi qorxutmur. Bunu hamı bilməlidir.
Mən tam əminəm ki, biz respublikamızda əmin-amanlıq yaratmışıq. Əminəm ki, bu əmin-amanlıq bundan sonra günü-gündən daha da möhkəmlənəcək. İctimaiyyətimizdə milli həmrəylik, vətəndaş həmrəyliyi günü-gündən inkişaf edəcək, möhkəmlənəcək. İnsanlar bir-birini daha yaxşı anlamağa başlayacaqlar, daha da yüksələcəklər, daha da ucalacaqlar. Mən əminəm ki, biz bu çətin və ağır yolu birlikdə, bərabər keçəcəyik.
Azərbaycanın bütün vətəndaşları dövlətimiz üçün, bir prezident kimi mənim üçün çox əzizdir. Hər bir vətəndaşın taleyi mənim üçün əzizdir, məni narahat edir, maraqlandırır, düşündürür. Məni xalqımızın taleyi narahat edir, düşündürür. Eyni zamanda mən əminəm ki, biz hamımız birləşib bu çətin yolu məharətlə, şərəflə, uğurla keçəcəyik.
Mən əminəm ki, müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır. Nə qədər ağır və çətin olsa da biz buna nail olacağıq. Hamımız birlikdə, əl-ələ verərək, bir-birimizə kömək edərək, bir-birimizə dayaq olaraq bu yolu keçəcəyik və buna nail olacağıq.
Sizin hamınızı bu böyük bayram münasibətilə bir daha təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına səadət, xoşbəxtlik arzu edirəm. İşlərinizdə uğurlar arzulayıram. Azərbaycan Respublikasına azad, müstəqil dövlətimizə xoşbəxt gələcək arzu edirəm. Sağ olun.

Respublika günü münasibətilə təntənəli yığıncaqda
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi

(26 may 1996)

Əziz həmvətənlər, bacılar və qardaşlar!
Hörmətli xanımlar və cənablar!
Sizi, bütün Azərbaycan xalqını, vətəndaşlarını milli bayramımız – Respublika günü münasibətilə təbrik edirəm.
1918-ci il mayın 28-də ilk Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması dünyaya bəyan edildi. Azərbaycan xalqının tarixində böyük və əlamətdar bir hadisə baş verdi. Azərbaycan xalqı öz milli azadlığım, müstəqilliyini əldə etməyə başladı.
İlk demokratik cümhuriyyətin elan edilməsi o zaman Azərbaycana qarşı xaricdən və daxili düşmənlər tərəfindən olan təcavüzlər və o dövrdəki qarmaqarışıqlar, xalqımızın həyatının gərgin bir şəraitində olmuşdur. Buna görə də ilk Azərbaycan Demokratik Cümhuriyyətinin, onun hökumətinin fəaliyyəti ağır və çətin bir şəraitdə keçmişdir. 1918-ci ilin sentyabr ayında ilk Azərbaycan Demokratik Cümhuriyyətinin hökuməti Gəncədən paytaxtımız Bakıya gəlməyə nail olmuş və öz fəaliyyətini davam etdirmişdir.
Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.
Dünyada o zaman gedən proseslər – Birinci dünya müharibəsində Rusiyanın məğlubiyyəti və Avropada ümumiyyətlə, dünyada baş vermiş dəyişikliklər – bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyi əldə etməsinə, demokratik cümhuriyyət qurmasına şərait yaratmışdır.
Azərbaycan Demokratik Cümhuriyyətinin, onun hökumətinin ömrü qısa olmuşdur. Bu cümhuriyyət, hökumət 23 ay ömür sürmüşdür. Ancaq bu qısa zamanda çox böyük işlər görülmüşdür. Ən böyük nailiyyət, tariximizə yazılmış qızıl səhifə ondan ibarətdir ki, çoxəsrlik tariximizdə ilk dəfə Azərbaycan xalqı dövlət müstəqilliyini əldə edə bilmişdir, müstəqillik əhval-ruhiyyəsini hiss edə, dərk edə bilmişdir, müstəqil yaşamaq, öz taleyinin sahibi olmaq duyğularını dərk edə bilmişdir.
Qeyd etdiyim kimi, ilk demokratik cümhuriyyətin hökuməti çox işlər görmüşdür. Azərbaycan torpağında demokratik cümhuriyyətin yaranması dünyaya bəyan edilmiş, dünyanın bir çox dövlətləri ilə əlaqələr qurulmuş, milli müstəqillik prinsipləri əsasında Azərbaycanda dövlət quruculuğu tədbirləri həyata keçirilmiş, ilk Azərbaycan universiteti yaradılmışdır. Bu hökumət Azərbaycanı dünyaya müstəqil dövlət kimi tanıtmışdır.
Azərbaycan Demokratik Cümhuriyyətinin yaşadığı dövr çox çətin, ziddiyyətli, mürəkkəb dövr olmuşdur. Belə bir ağır şəraitdə görülən işlər və sonrakı nəsillərə, bizə çatan irs ilk Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi əhəmiyyətini çox gözəl əks etdirir. Məhz bu demokratiya, milli azadlıq, müstəqillik əhval-ruhiyyəsi sonrakı dövrlərdə xalqımızın qəlbində yaşamış və nəhayət, bu əsrin sonunda xalqımızı dövlət müstəqilliyinə gətirib çıxara bilmişdir.
Biz bu gün 28 May gününü böyük iftixar hissi ilə bayram edirik. Bu, Azərbaycan xalqının milli bayramıdır. Məhz ona görə ki, ilk dəfə müstəqil Azərbaycan dövləti, demokratik cümhuriyyəti dünyaya elan olunubdur. Azərbaycanın dövlət müstəqilliyinin, milli azadlığının gələcəyi üçün böyük əsas, təməl qoyulubdur. Biz bu gün, bu bayram günü o illərdə, ağır və çətin şəraitdə Azərbaycan xalqının qabaqcıl, mütəfəkkir insanlarının xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edirik. İlk Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında, yaşamasında, onun böyük milli irs kimi yaranmasında iştirak edənləri biz bu gün minnətdarlıq hissi ilə qeyd edirik. Onların xidmətləri Azərbaycanın tarixinə həkk olunub, bu xidmətlər heç vaxt unudulmayacaqdır.
Biz Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasında böyük işlər görmüş, xidmətlər göstərmiş Məmməd Əmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu, Fətəli xan Xoyskini, Nəsib bəy Yusifbəyovu və digər dövlət xadimlərini bu gün böyük minnətdarlıq hissi ilə xatırlayırıq və onların xidmətlərinə, Azərbaycan xalqının həyatında, tarixində oynadıqları böyük rola öz hörmət və ehtiramımızı bildiririk.
O zaman yaranmış şərait nəticəsində ilk Azərbaycan Demokratik Cümhuriyyəti öz fəaliyyətini sona çatdırdı. Ancaq qeyd etdiyim kimi, o, gələcək nəsillər üçün böyük irs qoydu və xalqımızın bu günü üçün böyük əsas yaratdı. Ondan sonrakı dövrdə Azərbaycan xalqı böyük həyat yolu keçibdir. O yol çox mürəkkəb, ziddiyyətli olubdur. Ancaq eyni zamanda xalqımız bu illəri – 1920-ci ildən 1991-ci ilə qədər olan dövrü yaşamış, o illərdə yaratmış, inkişaf etmiş, respublikamız bu günlərə gəlib çatmışdır.
1920-ci ildən 1929-cu ilin sonunadək olan dövrü də biz heç zaman unutmamalıyıq. O vaxt Azərbaycanda Sovet Sosialist Respublikası yaranmış, fəaliyyət göstərirdi. Bu hökumətə Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanov rəhbərlik edirdi. Doğrudur, o respublika kommunist ideologiyası əsasında yaranmışdı. İki ildən artıq bir müddətdə müəyyən müstəqillik imkanlarından istifadə edərək Azərbaycan xalqının həyatında böyük rol oynamışdır. 1922-ci ilin sonundan Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibinə daxil olmuşdur. Qeyd etdiyim kimi, bu dövr çox mürəkkəb, ziddiyyətli dövr – bir tərəfdən hakim rejimin repressiyaları, xalqımızın ənənələrinə, mənəviyyatına göstərilən təzyiqlər, məhrumiyyətlər və məhdudiyyətlər, ikinci tərəfdən isə, eyni zamanda xalqımızın böyük inkişaf yolu dövrü olmuşdur.
20-ci illərin, 30-cu illərin repressiyaları on minlərlə insanın həyatını məhv etmişdir. On minlərlə azərbaycanlı yurdlarından uzaq yerlərə sürgün olunmuşdur. Onların hüquqları pozulmuş, var-yoxları əllərindən alınmış, Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni və mənəvi irsə böyük zərbələr vurulmuşdur. O illərin qurbanları minlərlə, on minlərlə, bəlkə yüz minlərlə olmuşdur. Onların arasında Azərbaycanın görkəmli şəxsləri – Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz və başqa dəyərli insanlar olmuşdur. Eyni zamanda, o dövrdə Azərbaycan xalqının içindən respublikamızın mədəniyyətini, elmini inkişaf etdirən görkəmli simalar çıxmış, yaşamış və yaratmışlar.
O illərin ağırlıqları, çətinlikləri ilə yanaşı, böyük nailiyyətləri də olmuşdur. Ən böyük nailiyyət bundan ibarət olmuşdur ki, xalqımız savadlanmış, onun mədəni səviyyəsi yüksəlmiş, Azərbaycanın böyük elmi yaranmış, respublikamızın milli mədəniyyəti yüksək səviyyələrə qalxmışdır. Azərbaycan öz mədəniyyəti, elmi, yüksək təhsili ilə böyük bəşəri keyfiyyətlərini bütün dünyaya nümayiş etdirə bilmişdir. Bəli, o illərdə böyük itkilərimiz olubdur. Qeyd etdiyim kimi, eyni zamanda o illər mədəniyyətimizdə, ədəbiyyatımızda, elmimizdə böyük şəxsiyyətlər yetişdiribdir. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev kimi dahi bəstəkarlarımız yeni əsərlər yaratmışlar. Cəfər Cabbarlı kimi dahi yazıçımız Azərbaycan xalqına böyük ədəbi töhfələr vermişdir. Ədəbiyyatımızda Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov kimi böyük şəxsiyyətlər yetişmişdir. Alimlərimiz – Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mirzə İbrahimov, bir çox başqa alimlər 1945-ci ildə ilk dəfə Azərbaycanın böyük elmini bir yerə yığıb Elmlər Akademiyası yaratmışlar. Bunların hamısı o çətin, ağır illərin eyni zamanda, böyük nailiyyətləridir.
Azərbaycanın bu gün müstəqil yaşaması üçün o illər böyük əsas yaratmışdır. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir Azərbaycanda iqtisadi, sənaye potensialı yaranmışdır. Azərbaycanda yeni şəhərlər yaranmış, kəndlər, qəsəbələr abadlaşmış, insanların rifah halı yaxşılaşmışdır. Bunlar hamısı tariximizin həqiqətləridir. Bunlar hamısı bizimdir, Azərbaycanındır. Çoxəsrlik tariximiz də bizimdir, doğma sərvətimizdir.
1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır. Biz bu gün, bu milli bayramı – Respublika gününü qeyd edərkən XX əsrdə xalqımızı irəliyə aparmış, elmimizi, mədəniyyətimizi, iqtisadiyyatımızı inkişaf etdirmiş insanların hamısını böyük hörmət və ehtiram hissi ilə, minnətdarlıqla yad edirik.
1991-ci ildə dünyada, keçmiş SSRİ-də gedən obyektiv ictimai-siyasi proseslərin nəticəsində Sovetlər İttifaqı dağıldı. Bu, zəruriyyətdən doğan bir hadisə idi. Bu, belə də olmalı idi. Bunun nəticəsində Azərbaycan xalqı əsrlərdən-əsrlərə keçib gələn arzusuna çatdı. 1918-ci ildə dadını duyduğu milli azadlıq, dövlət müstəqilliyi əldə edə bildi. 1991-ci ilin sonunda Azərbaycan Respublikası öz dövlət müstəqilliyini elan etdi. Artıq beşinci ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Bu, Azərbaycan xalqının ən böyük nailiyyətidir.
Əgər XX əsrin əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük bir addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olubdur. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Eyni zamanda bu, XX əsrin əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan hissiyyatların, xalqımızın içində gedən proseslərin məntiqi nəticəsidir.
Dövlət müstəqilliyi bizim əziz nemətimizdir. Bu gün biz 28 May gününü qeyd edərkən Azərbaycanın müstəqillik, istiqlaliyyət bayramını qeyd edirik. Xalqımız bu müstəqilliyi qəbul edib, bundan sonra başqa bir quruluş, dövlət qəbul edə bilməz. Nəhayət, biz öz taleyimizin, ərazimizin, torpaqlarımızın sahibiyik, özümüz özümüzə hakimik. Bu gün, Azərbaycanın milli bayramı günü mən bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qoruyub saxlamaqdan, əbədi etməkdən ibarətdir. Bir prezident kimi bu gün bəyan edirəm ki, bu vəzifəyə, bu məqsədlərə mən daim sadiq olacağam.
Azərbaycan xalqı öz dövlət müstəqilliyini ikinci dəfə də çox ağır və çətin bir şəraitdə əldə edibdir. Azərbaycan 1991-ci ilin sonunda öz dövlət müstəqilliyini elan edən zaman artıq Ermənistan tərəfindən hərbi təcavüz altında idi. Torpaqlarımızın bir qismi artıq işğal olunmuşdu. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdu. Başqa məntəqələrimiz daim atəş altında idi. Xalqımız öz ərazi bütövlüyünü qoruyub saxlamaq üçün çalışırdı, vuruşurdu. Azərbaycanın dövlət müstəqilliyi məhz belə bir zamanda, dövrdə elan olunubdur. Elə buna görə də Azərbaycanın dövlət müstəqilliyi elan olunandan indiyədək respublikamız ağır, çətin proseslər içindədir.
Dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün ən əsas amil Azərbaycanı Ermənistan təcavüzündən xilas etməkdir. Bu təcavüz 8 ildən artıqdır davam edir. Təəssüflər olsun ki, bir çox səbəblərə görə bu təcavüz nəticəsində Azərbaycanın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş bu ərazilərdən Azərbaycanın bir milyondan çox vətəndaşı zorla qovulub, çıxarılıb, yerindən-yurdundan didərgin düşüb, indi çadırlarda yaşayırlar. Bu, yəni Azərbaycan torpaqlarının işğal olunması və işğal olunmuş torpaqlardan vətəndaşlarımızın çıxarılması, onların çadırlarda ağır şəraitdə yaşaması qəlbimizin böyük yarasıdır. Ermənistan təcavüzü Azərbaycanı yaralayıbdır. Bu yara böyük, ağır yaradır. Bu yara odur ki, torpaqlarımızın bir qismi işğal altındadır. Bu yara ondan ibarətdir ki, bir milyondan çox əhalimiz köçkün vəziyyətindədir, ağır şəraitdə, çadırlarda yaşayır. Bu, bizim dərdimizdir. Bu, xalqımızın başına gələn bəladır. Bunun səbəbləri məlumdur. Bu gün bu barədə izahat verməyə ehtiyac yoxdur. Mən bu faktı sadəcə qeyd edirəm.
Bizim əsas vəzifəmiz Azərbaycan xalqını bu bəladan qurtarmaqdır. Bu gün, bu bayram günü qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq, torpaqlarımızın müdafiəsi uğrunda, Ermənistan təcavüzünə qarşı apardığı müharibədə xalqımız böyük itkilər, qurbanlar veribdir. Azərbaycanın igid övladları qəhrəmancasına döyüşüblər, vuruşublar, şəhid olublar, canlarını qurban veriblər. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü yolunda, torpaqlarımızın müdafiəsi yolunda canlarını qurban vermiş Azərbaycan övladlarının xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Eyni zamanda, biz o igidlik nümunələrindən istifadə edərək xalqımızda qəhrəmanlıq əhval-ruhiyyəsini daha yüksəklərə qaldırmalıyıq. Bu, bizim müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün əsas şərtdir, əsas amildir.
Bildiyiniz kimi, iki il bundan öncə müharibə dayandırılmışdır. Ermənistan ilə Azərbaycan arasında döyüşlərdə atəşkəs haqqında sazişə razılıq vermişik, məsələnin sülh yolu ilə həll olunması üçün çox səylər göstərmişik və bu gün də göstəririk. Biz hesab edirik ki, iki il bundan öncə düz addım atmışıq, doğru qərar qəbul etmişik. Bu qərar yalnız və yalnız Azərbaycan xalqının sülhsevər xalq olduğunu dünyaya bir daha nümayiş etdirir. Amma eyni zamanda bu qərar məsələnin sülh yolu ilə həll olunub Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün qəbul olunubdur.
Bu iki il müddətində görülən işlər sizə məlumdur. Biz bütün imkanlardan istifadə etmişik. Beynəlxalq təşkilatların, böyük dövlətlərin imkanlarından, Ermənistan ilə birbaşa aparılan danışıqlardan, bütün başqa imkanlardan istifadə etmişik və edirik. Bu proses davam edir. Bu gün ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycan dövlətinin, Azərbaycan xalqının sülhsevər siyasəti öz nəticəsini verəcək və Azərbaycanın işğal olunmuş torpaqlarının sülh yolu ilə azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına, sərhədlərinin toxunulmazlığına nail olacağıq. Bu, o deməkdir ki, biz heç vaxt ərazimizin, torpağımızın bir qarışını belə heç kəsə bağışlaya, verə bilmərik.
Biz Qafqazda, bölgəmizdə sülhün bərqərar olmasını istəyirik. Bu, həm bizim üçün, həm də Qafqazdakı, bölgəmizdəki bütün dövlətlər, xalqlar üçün zəruri amildir. Biz buna nail olmaq istəyirik. Ancaq bu, yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə bağlıdır. Biz heç kəsin torpağına göz dikmirik, baxmayaraq ki, keçmiş zamanlarda Azərbaycanın torpaqlarının bir qismi əlindən gedibdir. Xalqımız əldən getmiş torpaqların nisgilini indi də çəkir. İndi də Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır. Amma eyni zamanda Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə edərkən beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədləri çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik.
Bu barədə bizim təkliflərimiz aydındır: Ermənistanın silahlı dəstələri işğal olunmuş ərazilərdən çıxmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlərinin sahibi olmalıdır. Dağlıq Qarabağ münaqişəsinin tamamilə aradan qaldırılması üçün Azərbaycan Respublikasının, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazırıq. Biz bu şərtlər əsasında danışıqlar aparırıq və həmin şərtlər daxilində tam sülhün əldə edilməsini istəyirik və buna nail olmağa çalışacağıq. Dünya da bilməlidir ki, bizim şərtlərimiz ədalətlidir, sülhsevər şərtlərdir. Eyni zamanda, yenə də deyirəm, biz ərazimizin hər bir qarışını qoruyacağıq, onun sahibi olmağa çalışacağıq. Əgər bu şərtlər çərçivəsində istədiyimizə nail olmasaq, nəyin bahasına olursa-olsun – canımızın, qanımızın, gücümüzün bahasına biz işğal olunmuş torpaqlarımızı azad edib Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik. Buna hamı əmin ola bilər.
Təsəvvür edə bilərsiniz ki, belə ağır şəraitdə dövlət müstəqilliyini əldə saxlamaq, möhkəmləndirmək nə qədər çətindir. Ancaq biz buna qadirik, bunu edirik və gələcəkdə də edəcəyik. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra təəssüflər olsun ki, xarici təcavüzlə yanaşı, daxildə də ictimai-siyasi vəziyyət sabit olmayıbdır. Azərbaycanın daxilində olan çəkişmələr, hakimiyyət mübarizəsi, ayrı-ayrı silahlı dəstələrin çirkin məqsədləri həyata keçirmək iddialan xalqımızı ağır vəziyyətə salmışdır.
Uç il bundan əvvəl, 1993-cü ilin may – iyun aylarını xatırlayın. Azərbaycan nə vəziyyətdə idi! Artıq vətəndaş müharibəsi başlanmışdı. Azərbaycan parçalanırdı, böyük fəlakət qarşısında idi. Fəlakət artıq baş vermişdi. Allaha şükürlər olsun ki, Azərbaycan xalqının iradəsi, müdrikliyi, yüksək mənəvi keyfiyyətləri bizi bu bəlalardan qurtardı. Amma bu bəlalardan öz-özünə xilas olmadıq. Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunub saxlanması yolu ilə, dövlətimizin artıq böyük qüdrətə malik olması sayəsində biz vətəndaş müharibəsinin qarşısını aldıq, Azərbaycan Respublikasının parçalanmasının qarşısını aldıq, ölkəmizi bu bəlalardan xilas etdik.
Təəssüflər olsun ki, Azərbaycanın daxili düşmən qüvvələri sonrakı dövrdə də öz iddialarından, cəhdlərindən əl çəkmədilər. 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında Azərbaycanda dövlət çevrilişinə göstərilən cəhdlər, terrorçu dəstələrin mövcud olması və nəinki dövlət xadimlərinə, həm də xalqa, adi vətəndaşlara qarşı terrorçuluq etməsi halları Azərbaycanın həmin illərdəki gerçəkliyidir. Biz bunu unuda bilmərik. Bunların da öhdəsindən gələ bildik, bunların da qarşısı alındı. Azərbaycan 1994-cü ilin oktyabr, 1995-ci ilin mart bəlasından xilas oldu. Cinayətkar dəstələri, qrupları, yəni Azərbaycanı dağıtmağa cəhd edən qüvvələri zərərsizləşdirdikdən sonra daxili ictimai-siyasi sabitliyi bərqərar edə bildik.
Bu, son üç ildə Azərbaycan dövlətçiliyinin, dövlət müstəqilliyimizin qorunub saxlanmasının böyük tarixidir. Ola bilər, zaman baxımından üç il böyük vaxt deyildir. Amma bu üç il müddətində Azərbaycan xalqının keçdiyi yol, ölkəmizin həyatında baş vermiş proseslər, təhlükələr və bunların qarşısının alınması həmin illərin nə qədər ağır, çətin bir dövr olduğunu, eyni zamanda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün nə qədər əziyyətli dövr olduğunu bir daha sübut edir. Bu bayram günündə böyük iftixar hissi ilə qeyd edirəm ki, biz Azərbaycanı o bəlalardan, vətəndaş müharibəsindən, parçalanmaqdan xilas etdik, Azərbaycanı qoruyub saxladıq. Bu gün müstəqil Azərbaycan qüdrətli, özünü qorumağa qadir olan dövlətdir.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın müstəqilliyinə qəsd edən daxildəki qüvvələr, ayrı-ayrı cinayətkar yollarla ölkəmizə zərbə vurmağa cəhd göstərən qüvvələr artıq özləri üçün nəticə çıxarıblar. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycandan kənarda onlara havadarlıq, himayədarlıq edən qüvvələr də özləri üçün nəticə çıxarıblar. Onlar da, onların Azərbaycandakı tör-töküntüləri, ölkəmizin hüdudlarından qaçıb kənarda gizlənənlər və Azərbaycana qarşı təxribat əməliyyatları aparan adamlar da bilməlidirlər ki, Azərbaycanın dövlət müstəqilliyini sarsıtmaq mümkün deyildir. Azərbaycan özünü qoruyub saxlamağa qadirdir və bundan sonra heç vaxt ölkəmizin dövlət müstəqilliyinə zərər vurulmasına imkan verməyəcəyik.
Müstəqillik dövründə, xüsusən son üç ildə Azərbaycan dünya miqyasında özünə layiq yer tutubdur. Dünyanın demək olar, əksər dövlətləri ilə Azərbaycanın diplomatik əlaqələri var. Azərbaycan dünyanın bütün beynəlxalq təşkilatlarının üzvüdür, dünyanın böyük dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr yaradıbdır. Azərbaycan ilə bu dövlətlər arasında çox mühüm əhəmiyyət kəsb edən müqavilələr, sazişlər imzalanıbdır. Qonşu dövlətlərlə Azərbaycanın dostluq, əməkdaşlıq əlaqələri var. Əgər Ermənistan Azərbaycana qarşı təcavüz edibsə, ölkəmizi əhatə edən bütün başqa dövlətlərlə, yaxın-uzaq qonşularımızla səmimi dostluq, əməkdaşlıq əlaqələrimiz mövcuddur və çox sürətlə inkişaf edir. Bunlar hamısı müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərdir.
Bu ilin aprelində biz beynəlxalq aləmdə yeni bir addım atmağa nail olduq. Avropa Birliyi ilə əməkdaşlıq və tərəfdaşlıq haqqında saziş imzaladıq. İndi Avropa Şurası ilə də əməkdaşlıq haqqında belə bir saziş imzalamağa hazırlaşır və onun şərtləri üzərində işləyirik.
Bunlar hamısı Azərbaycanın dövlət siyasətinin nəticəsidir. Azərbaycanda hüquqi demokratik, dünyəvi dövlət qurulur. Hesab edirəm ki, bu illərdə dövlət quruculuğu sahəsində çox dəyərli işlər görülüb və böyük nailiyyətlər əldə edilibdir. Biz dünyaya bəyan etmişik və bu gün bir daha bəyan edirəm ki, Azərbaycanın dövlət quruculuğu prinsipləri demokratiya prinsiplərinə əsaslanır. Azərbaycanda demokratik prinsiplər bərqərar olubdur, siyasi plüralizm hakimdir, hamıya bütün azadlıqlar verilibdir. İnsan azadlığı, vicdan, din, mətbuat azadlığı Azərbaycanda bərqərar olmuş prinsiplərdir. Məhz bu demokratik prinsiplərin əsasında gördüyümüz işlər nəticəsində keçən il Azərbaycan Respublikasının ilk demokratik konstitusiyası qəbul olunub, demokratik seçki yolu ilə, çoxpartiyalılıq prinsipi əsasında parlament seçilibdir.
Bunlar Azərbaycan xalqının həyatında tarixi hadisələrdir. Azərbaycanın ilk demokratik konstitusiyası ölkəmizin həyatının bütün sahələrində demokratiyanın yaranması, geniş inkişaf etməsi üçün əsas qanun və böyük bir proqramdır. Əminəm ki, Azərbaycanın ilk demokratik konstitusiyası xalqımızın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin edəcəkdir və gələcək nəsillərə sivilizasiyalı, yüksək səviyyəli, dünya demokratiyasında özünəməxsus yer tutan müstəqil Azərbaycan dövləti gətirib çatdıracağıq.
Biz keçmiş ictimai-siyasi quruluşdan imtina etmişik. Bu gün bəyan edirəm ki, Azərbaycan heç vaxt yenidən belə bir quruluşa qayıda bilməz. Biz müstəqil dövlətik, Dünya Birliyində olan dövlətlərlə sıx əlaqələr yaradırıq. Qeyd etdiyim kimi, beynəlxalq təşkilatların, demək olar, əksəriyyətinin üzvüyük. O cümlədən Müstəqil Dövlətlər Birliyinin də üzvüyük. Ancaq biz Sovetlər İttifaqının yenidən bərpa olunmasına heç vaxt razı ola bilmərik və yenidən heç bir dövlətin tərkibinə daxil ola bilmərik. Bizim gələcək yolumuz müstəqillik, demokratiya yoludur. İqtisadiyyatımız demokratik prinsiplər əsasında qurulub, yaradılıb inkişaf etdiriləcəkdir. Bu, gələcək həyatımızın əsas prinsipləri, əsas proqramlarıdır.
Biz respublikamızı dünya üçün açmışıq, qapılarımız hamı üçün açıqdır. Böyük məmnuniyyət hissi ilə qeyd edə bilərəm ki, son illər bu siyasətimiz gözəl nəticələr veribdir. Dünyanın bir çox böyük şirkətləri – neft şirkətləri və başqa sahələrdəki şirkətlər artıq ölkəmizə gəliblər, Azərbaycanla müştərək iş görürlər, sərmayə qoyurlar. 1994-cü ilin sentyabrında dünyanın böyük şirkətləri ilə imzalanmış və "Əsrin müqaviləsi" adlandırılan neft müqaviləsi artıq dünyada məşhurdur. O, bir çox ölkələrdə rəğbət qazanıb, bəzi ölkələrdə də qısqanclıq hissi oyadıbdır. Ancaq o da, bu da onu göstərir ki, biz doğru yol seçmişik, düz iş görmüşük, xalqımızın bu günü və gələcəyi üçün böyük bir iqtisadi addım atmışıq.
Biz bu yolu davam etdiririk. Bildiyiniz kimi, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının dünyanın bir neçə böyük şirkəti ilə müştərək işlənməsi, üçün 1995-ci ilin noyabrında yeni bir müqavilə imzalanıbdır. İndi daha bir yeni müqavilənin layihəsi hazırlanır. Bu il iyunun əvvəlində Azərbaycanda böyük beynəlxalq sərgi keçiriləcəkdir. Bu, üçüncü sərgidir, yəni Azərbaycanda dalbadal üç ildir belə sərgi keçirilir. Həmin sərgidə dünyanın neft hasil edən, demək olar, bütün ölkələrinin şirkətlərinin nümayəndələri təmsil edilir. Beləliklə, Azərbaycan dünya tarixində tutduğu yeri, yəni neft diyarı tək tanınmış ölkə kimi öz yerini yenidən tutur. Böyük bir neft ölkəsi, neft sənayesi mərkəzi kimi Azərbaycana maraq göstərilir və qeyd etdiyim kimi, bu sərgiyə dünyanın neft hasilatı ilə məşğul olan bütün ölkələrindən şirkətlər, dövlət nümayəndələri gələcəklər.
Bunlar hamısı bizim sərbəst iqtisadiyyat yolu ilə getməyimizi sübut edir. Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə inteqrasiyasını nümayiş etdirir. Bunlar hamısı onu göstərir ki, biz öz yolumuzla, müstəqil yolla gedirik.
Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün biz islahatlar aparırıq. İslahatların aparılması üçün bir neçə qanun, o cümlədən özəlləşdirmə haqqında qanun, proqram qəbul olunubdur və həyata keçirilir. Aqrar sektorda islahatların aparılması üçün qanunlar qəbul olunubdur. Yaxın günlərdə torpaq islahatı haqqında, banklar haqqında, iqtisadiyyatı sərbəstləşdirmək, xarici ölkələrlə iqtisadi əlaqələri sərbəstləşdirmək üçün qanunlar və fərmanlar qəbul ediləcəkdir. Bunlar hamısı bir daha sübut edir ki, biz iqtisadiyyatımızı yeni prinsiplər əsasında qururuq və keçmiş iqtisadi formalara heç vaxt qayıda bilmərik. Ola bilər, bu islahatların, tədbirlərin həyata keçirilməsi müəyyən mərhələdə iqtisadiyyatımızı indiki ağır vəziyyətdə saxlayacaq, xalqın rifahının yaxşılaşdırılması üçün bəlkə o qədər də sürətli tədbirlər görmək mümkün olmayacaqdır. Ancaq bunlar hamısı yaxın vaxtlarda özünün çox gözəl nəticələrini verəcəkdir. Mən buna tam əminəm.
İqtisadiyyat, dövlət quruculuğu, demokratiyanın inkişafı sahəsində görülən bütün bu işlər müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə, xalqımızın, vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına yönəldilibdir.
Bilirik ki, indi respublikamız iqtisadi böhran içərisindədir. Böhrandan çıxmaq üçün ciddi addımlar atırıq, bunu artıq dedim. İqtisadi böhran nəticəsində xalqın, vətəndaşların yaşayışı, şübhəsiz ki, ağırdır, çətindir. Bizi ən çox narahat edən qaçqın vətəndaşlarımızın vəziyyətidir. Onların vəziyyətini yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Əhalinin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün bu günlərdə sizə məlum olan sərəncamlar imzalamışam. Bunlar əhalinin bir çox təbəqələrinə verilən müavinətlərin artırılması, maaşların artırılması və başqa tədbirlər barədədir. Şübhəsiz ki, bu tədbirlər əhalinin iqtisadi vəziyyətini biz istədiyimiz səviyyəyə gətirib çıxarmayacaq, ancaq indiki mərhələdə bunu müəyyən qədər yaxşılaşdıracaqdır. Sizi əmin edirəm ki, bu sahədə gərgin iş gedir və gələcəkdə yeni tədbirlər görüləcəkdir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, respublikamız bu iqtisadi böhran vəziyyətindən də tədricən çıxacaq və xalqımızın, vətəndaşlarımızın rifahı günbəgün yaxşılaşacaqdır. Mən buna tam əminəm.
Qarşımızda duran vəzifələri həyata keçirmək, xalqımızı xoşbəxt günlərə çıxarmaq üçün hamımız qüvvələrimizi birləşdirməliyik. Keçən il Azərbaycanın ilk demokratik konstitusiyasının qəbul olunması, parlamentə ilk demokratik seçkilərin keçirilməsi və onun fəaliyyətə başlaması, dövlət tərəfindən görülən bir neçə tədbirlər onu göstərir ki, biz respublikamızda xalqın, vətəndaşların birliyinə nail olmuşuq. Ancaq hesab edirəm ki, bu birliyi daha da gücləndirməli, səylərimizi daha da artırmalıyıq.
Azərbaycanda demokratiya, siyasi plüralizm hökm sürür və bundan sonra da olacaqdır. Heç kəs narahat olmasın ki, demokratiya, yaxud siyasi plüralizm müəyyən qədər məhdudlaşdırılacaq. Biz buna yol verməyəcəyik. Bundan sonra daha geniş şərait yaranacaqdır. Çoxpartiyalı sistem bərqərar olubdur, hər bir partiyanın fəaliyyət göstərməsinə imkan verilib və bundan sonra da veriləcəkdir. Bunlar bizim daxili mənəviyyatımızın ifadəsidir, dövlət quruculuğu sistemi barədə istək və arzularımızdır. Heç kəs düşünməsin ki, bunlar kiminsə sayəsində, hansı qüvvəninsə təsiri sayəsində olub, yox. Biz, yəni hakimiyyətdə olan şəxslər, bir prezident kimi mən Azərbaycanda demokratiyanın gündən-günə inkişaf etməsini ölkəmizin bu günü və gələcəyi üçün zəruri amil hesab edirəm və bundan ötrü bütün səylərimizi göstərmişəm və indən sonra da göstərəcəyəm.
Amma bununla yanaşı, biz yaxın keçmişdə Azərbaycanın həyatında baş vermiş hadisələrin yenidən təkrar olunmasına yol verməyəcəyik. Bunu hamı bilməlidir. Hərə öz fikrini bildirə bilər, istədiyi şeyi qəzetdə yaza, öz partiyasının siyasətini həyata keçirə bilər. Ancaq bunların heç birisi silahlı dəstələrlə, silahlı qüvvələrlə, qanun pozuntusu ilə olmamalıdır. Qanunun aliliyi təmin edilməlidir və hər bir vətəndaş qanuna tabe olmalıdır. Biz öz tərəfimizdən qanunun aliliyini təmin etməyə çalışacağıq və hər bir vətəndaşı da qanuna tabe olmağa dəvət edirəm. Bu prinsiplər əsasında bundan sonra vətəndaş birliyini, həmrəyliyini daha da möhkəmləndirmək, yüksəklərə qaldırmalıyıq. Güman edirəm ki, artıq buna nail olmuşuq və bundan sonra atdığımız addımlar isə birliyimizi daha da möhkəmləndirəcəkdir. Mən buna əminəm.
Məhz bunların nəticəsində beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu getdikcə artır. Biz beynəlxalq təşkilatlarda sözümüzü açıq-aydın, ürəklə deyir, istədiyimiz fikirləri irəli sürür, təkliflərimizi veririk. Dünyanın bir çox dövlətləri ilə, o cümlədən böyük, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərlə qarşılıqlı surətdə faydalı əlaqələr qurmuşuq və bunlar bizə səmərələr gətirir, eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu daha da yüksəklərə qaldırır. Bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyinin nailiyyətləridir. Biz bunlarla fəxr edir, eyni zamanda bunları gələcək işlərimiz üçün əsas hesab edirik. Yəni bu sahədə görəcəyimiz işlər, qarşımızda duran vəzifələr hələ çoxdur. Bu vəzifələri bundan sonra da layiqincə həyata keçirməliyik.
Məhz bunların nəticəsidir ki, Azərbaycanın milli bayramı münasibətilə dünyanın bir çox dövlətlərinin başçıları bizi təbrik ediblər, təbrik məktubları, teleqramları göndəriblər. Məhz bunun nəticəsidir ki, Azərbaycanda dünyanın bir çox ölkələrinin səfirlikləri təmsil olunub, onlar burada sərbəst fəaliyyət göstərir və qarşılıqlı əlaqələr qurmağımız üçün böyük xidmətlər göstərirlər.
Bu bayram günü dünyanın bütün xalqlarına, dövlətlərinə sülh və əmin-amanlıq, əməkdaşlıq naminə bu salondan Azərbaycan salamını göndərirəm. Bəyan edirəm ki, müstəqil dövlət kimi Azərbaycan sülhü bərqərar etmək, möhkəmləndirmək, iqtisadi əlaqələri inkişaf etdirmək üçün bütün dövlətlərlə əməkdaşlığa hazırdır və biz bundan sonra da səylərimizi göstərəcəyik.
Milli bayramı münasibətilə Azərbaycanı təbrik edən dövlət başçılarına və bugünkü mərasimdə iştirak edən xarici dövlətlərin səfirlərinə təşəkkür edir və onlara Azərbaycan xalqının hörmət və ehtiramını bildirirəm.
Bu gün, milli bayram günü biz keçmişimizi qiymətləndirməli, əldə etdiyimiz nailiyyətləri doğru-düzgün, ədalətlə təhlil etməli, gələcəyə baxmalıyıq. Azərbaycanın böyük gələcəyi var. Gələcək nəsillər haqqında düşünməliyik. Azərbaycanın gəncləri, gənc nəsli, Milli Ordusu, bu orduda xidmət edən gənclər ölkəmizin bu günü və gələcəyi haqqında daim düşünməlidirlər, xalqımıza, Vətənimizə, millətimizə sədaqətlə xidmət etməlidirlər. Mən əminəm ki, belə də olacaqdır.
Hamınızı Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin gələcəyi, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə yeni fəaliyyətə, birliyə, əməkdaşlığa dəvət edirəm.
Sizi, Azərbaycanın bütün vətəndaşlarını bu bayram münasibətilə təbrik edir, hamınıza, Azərbaycanın hər bir vətəndaşına cansağlığı, xoşbəxtlik, səadət, uğurlar arzulayıram. Hamınıza birlikdə müstəqil Azərbaycanın xoşbəxt gələcəyə çıxmasını arzu edirəm. Sağ olun.

Respublika günü münasibətilə təntənəli yığıncaqda
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi

(27 may 1997)

Əziz həmvətənlər, bacılar, qardaşlar! Hörmətli xanımlar və cənablar!
Azərbaycanın müstəqilliyi – Respublika günü münasibətilə sizi, bütün Azərbaycan xalqını, vətəndaşlarını ürəkdən təbrik edirəm! Ölkəmizə sülh, əmin-amanlıq, xoşbəxt həyat arzulayıram!
79 il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Respublikasının müstəqilliyi, Azərbaycan Demokratik Respublikasının yaranması elan edilibdir. Sonrakı zaman Azərbaycanda ilk demokratik respublikanın təşkil edilməsi və onun əməli fəaliyyəti dövrü olubdur.
Azərbaycanda ilk demokratik respublikanın yaranması xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının, göstərdiyi cəhdlərin ifadəsi olmuşdur. Bu, xalqımızın tarixində əlamətdar bir hadisədir və tarixi əhəmiyyət kəsb edir.
Azərbaycan Demokratik Respublikasının yarandığı dövr bizim ölkəmiz və o zaman bölgədəki mövcud vəziyyət üçün çox mürəkkəb olmuşdur. 1917-ci ildə Rusiyada Fevral və Oktyabr inqilablarından sonra çar Rusiyası hakimiyyətinin dağılması və onun ərazisindəki bölgələrdə gedən vuruşmalar, döyüşlər, cürbəcür proseslər Zaqafqaziya bölgəsi üçün də xarakterik olmuşdur. Həm Azərbaycanda, həm də Zaqafqaziyanın digər hissələrində – Gürcüstanda, Ermənistanda mütərəqqi insanlar müstəqillik, milli azadlıq uğrunda addımlar atmışlar, fəaliyyət göstərmişlər. O zaman hətta Zaqafqaziya ölkələrinin birlikdə dövlət müstəqilliyini elan etmək təşəbbüsləri də mövcud olmuşdur. Bütün bu proseslərin nəticəsində nəhayət, 1918-ci il mayın 28-də xalqımızın qabaqcıl insanları, Azərbaycanın gələcəyi haqqında düşünənlər Azərbaycan Demokratik Respublikasının yaranması haqqında Tbilisidə qərar qəbul etmiş, bunu bəyan etmişlər. Sonra Azərbaycan Demokratik Respublikasının fəaliyyəti Gəncədə olmuşdur. Çünki Bakıda yaranmış çox gərgin vəziyyət, Azərbaycan xalqına zidd olan cürbəcür qüvvələrin buradakı fəaliyyəti hökumətin Bakıda fəaliyyət göstərməsinə imkan verməmişdir. Nəhayət, 1918-ci ilin sentyabrında Azərbaycan Demokratik Respublikasının hökuməti Bakıya gələ bilmiş və burada öz fəaliyyətini davam etdirmişdir.
Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Demokratik Respublikası bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır. Ancaq Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz fəaliyyətini davam etdirməsinə imkan verməmişdir. Bir tərəfdən, Rusiyada bolşevik hakimiyyəti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərərək Azərbaycana yönəlmişdi, respublikamızın daxilində o cəhdləri dəstəkləyən qüvvələr onlarla birləşmişdi. Onlarla yanaşı olaraq, Azərbaycan Demokratik Respublikasının hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr bu demokratik respublikanın ləğv olmasına gətirib çıxarmışdır.
Azərbaycan Demokratik Respublikası 23 ay yaşamışdır. Bu müddətdə 5 dəfə hökumət qurulmuşdur. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olmuş, yenidən yaranan hökumət yenə də istefa vermiş və beləliklə də bu ağır şəraitdə demokratik respublikanın dövlət, hökumət orqanları istənilən fəaliyyəti göstərə bilməmişlər. Ancaq onlar öz üzərlərinə düşən tarixi missiyanı yerinə yetirmişlər və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yazmışlar.
1920-ci il aprel ayının 27-dən 28-nə keçən gecə Azərbaycan Demokratik Respublikasının hökuməti öz səlahiyyətlərini bolşeviklərə təhvil verməli olmuşdur. Beləliklə də, Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə xitam verilmişdir.
Biz ilk Azərbaycan Demokratik Respublikasının yaranması gününü əziz tutaraq onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika günü elan etmişik və bu, bizim milli bayramımızdır. Bu gün – bu bayram günü biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdiyi xidmətlərə görə Məmməd Əmin Rəsulzadəyə, Əlimərdan bəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.
Bu günlər – bu bayram günləri Azərbaycanın Türkiyədə, Fransada, Gürcüstanda olan səfirlikləri bizim göstərişimizlə Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin qəbirlərini ziyarət edirlər və onların xatirəsinə Azərbaycan xalqının, dövlətinin hörmət və ehtiramını ifadə edirlər.
1920-ci ildə Azərbaycan Demokratik Respublikası öz fəaliyyətinə xitam verdikdən sonra Azərbaycanda ikinci respublika – Azərbaycan Sovet Sosialist Respublikası yaranmışdır. Bu respublika təxminən iki il fəaliyyət göstərmiş və bu dövrdə çox işlər görmüşdür. Biz bunu da unutmamalıyıq. Bu respublika ilk Azərbaycan Demokratik Respublikasının bir çox ənənələrini, işlərini davam etdirmişdir. O vaxt Azərbaycan Respublikası sosialist bolşevik. ideologiyası altında olaraq, eyni zamanda müstəqil olmuşdur. Onun müstəqil xarici siyasəti olmuşdur və o, Azərbaycanda dövlət quruculuğu sahəsində bir çox işlər görmüşdür. 1921-ci ildə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Onun özünün parlamenti, dövlət orqanları olmuşdur. Ancaq 1922-ci ilin dekabrında Sovet Sosialist Respublikaları ittifaqı yaranarkən Azərbaycan Respublikası bu ittifaqa daxil olmuş və demək olar ki, bu ittifaqın yaranmasında iştirak etmişdir.
Azərbaycan xalqı 70 il sovet sosialist sistemi şəraitində yaşamışdır. Bu, XX əsrdə bizim xalqımızın həyatının böyük bir hissəsidir. Biz o vaxt dövlət müstəqilliyindən məhrum olmuşuq, ancaq respublika kimi bir çox müstəqil işlər görmək imkanına malik olmuşuq. Ona görə də bu dövrü lazımınca qiymətləndirmək zəruridir. Çünki bu dövrdə bizim xalqımız yaşamış, yaratmış, qurmuş və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini elan edərkən Azərbaycan Respublikası artıq böyük bir ölkə idi.
Bu dövrün Azərbaycan xalqı üçün böyük itkiləri də, ziyanları da olmuş, xalqımız əzab-əziyyətlər də çəkmişdir. Ancaq eyni zamanda bu dövrdə xalqımızın böyük nailiyyətləri də olmuşdur. Biz nə onları, nə də o birilərini unutmamalıyıq. 20-30-cu illərdə kommunist, bolşevik hakimiyyətinin qurulması, möhkəmlənməsi ilə əlaqədar yüzlərlə, minlərlə, on minlərlə insan ədalətsiz olaraq repressiyalara uğramış, yerindən-yurdundan uzaq ellərə – Orta Asiyaya, Qazaxıstana sürgün edilmiş, öz mülklərindən, varlarından məhrum olmuş, çox əzab-əziyyətlərə məruz qalmışlar.
1937-1938-ci illərin repressiyaları Azərbaycan xalqına, onun mədəniyyətinə, mənəviyyatına böyük zərbələr vurmuşdur. Azərbaycan xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri də 1947-1948-ci illərdə Azərbaycan xalqına qarşı sovet hakimiyyəti tərəfindən edilmiş ən böyük ədalətsizlikdir. Təəssüflər olsun ki, bizim tarixçilərimiz və hamımız nədənsə bu hadisəyə o vaxtlar da və indi də, xüsusən dövlət müstəqilliyimizi əldə edəndən sonra da doğru-düzgün qiymət verə bilməmişik.
1947-ci ilin sonunda Moskvada sovet hökuməti azərbaycanlıların əsrlər boyu yaşadığı doğma yerlərindən, o vaxtkı Ermənistan ərazisindən kütləvi surətdə deportasiya edilməsi haqqında qərar qəbul etmişdir. Sonrakı illərdə – 1948, 1949, 1950-ci illərdə bu deportasiya tədbiri həyata keçirilmişdir. Biz, nəinki biz, bütün dünyada sovet hakimiyyətinin tarixi haqqında danışarkən İkinci dünya müharibəsindən sonra Krımdan Krım tatarlarının deportasiyasından, Şimali Qafqazdan çeçenlərin, inquşların, qaraçayların, çərkəzlərin, balkarların, Gürcüstandan Axıska türklərinin deportasiya edilməsindən, bu haqsızlıqlardan geniş bəhs edirik, buna geniş qiymət veririk və bunlar mətbuatda, tarixi sənədlərdə öz əksini tapmışdır. Ancaq biz çeçenlərin, inquşların, qaraçayların deportasiyası barədə qəbul edilmiş qərar kimi qərarla – Sovet İttifaqı hökumətinin qərarı ilə azərbaycanlıların öz yerindən-yurdundan deportasiya olunmasını nədənsə adi bir hadisə kimi qəbul etmişik. Halbuki hamımız yaxşı bilirik ki, o vaxt bizim soydaşlarımız – azərbaycanlılar o yerlərdən, öz doğma vətənlərindən, yurdlarından zorla çıxarılarkən, deportasiya edilərkən nə qədər itkilər verdilər, çətinliklərə məruz qaldılar, nə qədər insanlar tələf oldular.
O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya olunanlar yaxşı xatırlayırlar: Ermənistanın çox gözəl iqlimə – yəni bu torpaqlar vaxtilə Azərbaycan torpaqları olub – malik olan yaşayış yerlərindən insanları gətirib evsiz-eşiksiz Mil-Muğan çöllərinə salanda, əlbəttə ki, onlar o şəraitdə yaşaya bilməyəcəkdilər. Məlumdur ki, o vaxt bir çox insanlar qırıldı, tələf oldu, əzab-əziyyət çəkdilər. Hətta məlumdur ki, bəziləri burada yaşaya bilmədilər, gizli olaraq qayıdıb öz yerlərinə, evlərinə getdilər. Nə qədər əzab-əziyyət, çətinliklər çəkdilər. Hesab edirəm ki, bu da bizim xalqımıza qarşı edilən ən böyük ədalətsizlikdir.
Sovet hakimiyyəti dövründə, ümumiyyətlə, Sovetlər İttifaqının bütün ərazisində – bir yerdə az, bir yerdə çox – bütün xalqlara qarşı repressiya olmuşdur. Ancaq mən bu gün bunu xüsusi qeyd etmək istəyirəm ki, 1937-1938-ci illərdə Azərbaycan xalqına qarşı edilən repressiya başqa respublikalardakı repressiyalardan daha da ağır, çox itkili olmuşdur. Bu, həqiqətdir.
Amma Azərbaycan xalqı 1948-1949-cu illərdə və sonrakı illərdə yenidən deportasiyaya məruz qalmış, demək, yenidən repressiya altında olmuşdur. Bu, bizim xalqımıza qarşı edilən ədalətsizlikdir.
Bu yaxın günlərdə mən xüsusi sərəncam, yaxud fərman imzalayacağam ki, o dövrlə əlaqədar məsələlər – Azərbaycana, xalqımıza qarşı edilmiş bu ədalətsizliklə əlaqələr məsələlər – araşdırılsın və tariximizdə bu dövr də öz yerini tutsun.
Beləliklə, o vaxt Ermənistandan azərbaycanlıların çıxarılması, etnik təmizləmə baş veribdir. Onları öz yerlərindən, yurdlarından, doğma torpaqlarından o vaxt didərgin salıblar. Təəssüflər olsun ki, biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana artıq açıq təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa bir müddətdə Ermənistandan zorla çıxarıldılar.
Ermənistan deyəndə, o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır.
Bəli, həmin bu 70 il müddətində bizim xalqımızın böyük itkiləri olubdur. Biz bunları bilməliyik, gələcək nəsillər də bunları bilməlidirlər. Bilməliyik və gələcək nəsillər də bilməlidirlər ki, Azərbaycana qarşı bir daha belə xəyanətlərin, tədbirlərin, belə təcavüzlərin qarşısı alına bilsin.
Amma bu 70 il müddətində Azərbaycan xalqı bununla yanaşı böyük inkişaf yolu keçibdir. Azərbaycan xalqı maariflənibdir, savadlanıbdır. Bu, böyük bir inqilabdır ki, əsrlər boyu xalqımızın əksəriyyəti savadsız olduğu halda, xalqımız qısa bir müddətdə savadlanıbdır. Geniş məktəblər şəbəkəsi, ali təhsil ocaqları yaranıbdır. Azərbaycanın elmi, mədəniyyəti çox sürətlə inkişaf edibdir. Azərbaycanda bir çox sosial məsələlər yüksək səviyyədə həll olunubdur və xalqımızın inkişafını təmin etməyə yönəldilibdir.
Bu dövrün ən böyük nailiyyətlərindən biri Azərbaycan qadınının azad olmasıdır, emansipasiyasıdır. Bunu unutmaq lazım deyildir. Şərq aləmində ilk dəfə 20-ci illərin əvvəllərində Azərbaycan qadınının azad olması və kişilərlə bərabər hüquqlara malik olması elan edilibdir. Azərbaycan qadınının çadradan xilas olması xalqımızın həyatında tarixi bir hadisə olmuşdur. Bunu da unutmaq lazım deyil. Ona görə də Bakının gözəl guşələrindən birində yüksələn, azad Azərbaycan qadınına həsr olunmuş abidə – mərhum heykəltəraş Fuad Əbdürrəhmanovun əsəri bizim üçün bir heykəl kimi yox, tarixi nailiyyətimizi əks etdirən bir amil kimi yaşayır və yaşayacaqdır.
Azərbaycanın iqtisadiyyatı inkişaf edib, ölkədə böyük iqtisadi potensial – sənaye, kənd təsərrüfatı, infrastruktur yaranıbdır.
Bütün bunlar nəhayət, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi üçün yaxşı əsas yaradıbdır. Xatırlayın, o vaxtlar – Sovetlər İttifaqında dağılma prosesi gedən zaman alimlər, mütəxəssislər tərəfindən dəfələrlə bəyanatlar verilirdi ki, əgər Sovetlər İttifaqı dağılarsa, 15 respublikadan ikisi – biri Rusiya, ikincisi isə Azərbaycan iqtisadi nöqteyi-nəzərdən müstəqil yaşamağa qadirdir. Bu, məhz ona görə idi ki, o illərdə Azərbaycanda çox güclü iqtisadi potensial yaranmışdı, Azərbaycanın xüsusən sənayesi və neft sənayesi inkişaf etmişdi. 1949-cu ildə Azərbaycanın neftçiləri, alimləri Xəzər dənizində ilk dəfə Neft Daşları kimi böyük bir neft yatağını açaraq dənizin dibindən neft çıxarılmasının əsasını qoymuşlar. Görülən bu işlər, o axtarışlar, kəşflər olmasaydı indi Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarından belə geniş surətdə, dünyanın böyük neft şirkətləri ilə müştərək iş aparmağa da imkanımız olmazdı.
Əgər o illərdə yaranmış maddi-texniki baza olmasaydı, biz indi apardığımız işləri və xüsusən "Əsrin müqaviləsi" ilə əlaqədar aparılan işləri görə bilməzdik. Əgər o illərdə biz dənizin dərinliklərindən neft çıxarmaq üçün böyük platformalar zavodunu yaratmasaydıq, indi onu yaratmaq çox çətin olardı və çox böyük də xərclər tələb edərdi. İndi "Çıraq" neft yatağında üçüncü quyunu qazan və "Dədə Qorqud" adı daşıyan qazma qurğusunu o vaxt əldə etməsəydik və o, bizim mülkiyyətimiz olmasaydı, indi həmin "Dədə Qorqud" qurğusunu yaratmaq üçün ondakından 5-6 dəfə çox xərc lazım idi. Həm də təkcə xərc yox, onu tapmaq, gətirmək də çox böyük çətinliklər yarada bilərdi.
Belə faktları çox gətirmək olar ki, tarixi təhrif etmək istəyənlər anlasınlar ki, tarixi təhrif etmək lazım deyildir. Bizim həyatımızda, indi oturduğumuz binanın möhkəm himi var, bu himi yaradanlar olubdur – bizdən öncə yaşayıb-yaratmış, qurmuş insanlar, Azərbaycanın fədakar insanları olubdur. Bu gün bütün o fədakar insanlara, onların xatirəsinə öz hörmət-ehtiramımızı bildirməliyik.
1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. 1991-ci il oktyabrın 18-də Konstitusiya aktı ilə, sonra isə dekabrın axırında ümumxalq səsverməsi ilə Azərbaycan öz dövlət müstəqilliyini elan etdi və müstəqil dövlət kimi yaşamağa başladı.
Biz beş ildir ki, müstəqil dövlətik, dövlət müstəqilliyimizin altıncı ilini yaşayırıq. Ancaq bu illərin də özünəməxsus, xarakterik cəhətləri var. Bu illər çox çətin, ağır, müəyyən qədər ziddiyyətli illər olubdur və Azərbaycan Respublikasının dövlət müstəqilliyi, bu gün mövcud olan dövlət müstəqilliyi böyük sınaqlardan keçibdir. İftixar hissi ilə demək olar ki, bu sınaqlardan şərəflə çıxıbdır və indi Azərbaycanın dövlət müstəqilliyi artıq mövcuddur və dönməzdir.
Biz bu gün dövlət müstəqilliyi, Respublika gününü qeyd edərkən bu illəri xüsusən xatırlamalıyıq. Çünki bu illərdə ən böyük nailiyyətimiz ondan ibarət olub ki, biz öz dövlət müstəqilliyimizi elan etmişik, müstəqillik yolu ilə getməyə başlamışıq və əzmlə də gedirik. Ancaq bu illərdə də xalqımızın, millətimizin itkiləri olmuşdur, xalqımıza böyük zərbələr dəymişdir.
Xalqımıza dəyən ən böyük zərbə 1988-ci ildən Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış təcavüzdür.
Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması və inkişaf etməsi prosesi belə bir şəraitdə gedib və indi də gedir. Şübhəsiz ki, bu, Azərbaycanda dövlət quruculuğu üçün çox böyük problemlər, çətinliklər yaradıbdır. Ancaq bununla yanaşı Azərbaycanın dövlət müstəqilliyi elan ediləndən sonra quruculuq prosesi təəssüf ki, ardıcıl getməyib, ayrı-ayrı şəxslərin şəxsi mənafeyi, ayrı-ayrı qrupların qrup mənafeyi, ayrı-ayrı siyasi təşkilatların qrup mənafeyi ümummilli, ümumxalq mənafeyindən üstün tutulubdur. Ona görə də biz çox böyük çətinliklərlə, böyük itkilərlə rastlaşmışıq – həm 1992-ci ilin mayında, həm 1993-cü ilin may-iyun aylarında, həm də ondan sonrakı zamanlarda.
1993-cü ilin may-iyun aylarından artıq dörd il keçir. Dörd il bundan öncə Azərbaycanda olan vəziyyət, güman edirəm ki, bu salonda oturan hər kəsin gözünün önündədir. Azərbaycan böyük böhran, dövlət böhranı içərisində idi. Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı. Azərbaycan parçalanırdı və ölkəmizə təcavüz edən erməni təcavüzkarları, Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən başqa xarici qüvvələr ölkənin daxilindəki hakimiyyət davası, fəaliyyətsizlik və Azərbaycanı qəsdən parçalamağa cəhd göstərən ayrı-ayrı qrupların fəaliyyəti ilə birləşərək Azərbaycanı təhlükəli uçurum qarşısına gətirib çıxarmışdılar.
İndi, artıq dörd il keçəndən sonra biz hamımız bir daha, bir daha o illəri, o ayları, o günləri xatırlamalıyıq və Azərbaycanın 1993-cü ilin may-iyun aylarında və sonrakı aylarda nə qədər təhlükəli vəziyyətdə olduğunu dərk etməliyik, ondan sonra görülən işlərə ədalətli, obyektiv qiymət verməliyik.
Bu gün biz xoşbəxtik ki, xalqımızı o xətalardan, bəlalardan, o faciələrdən xilas edə bildik. Ancaq eyni zamanda biz bu gün qeyd etməliyik ki, bizim içərimizdə Azərbaycan xalqına nə qədər xəyanət etmiş və xəyanət etmək istəyən insanlar var idi, həm daxildən, həm də xaricdən Azərbaycanın müstəqilliyini boğmaq istəyən nə qədər qüvvələr var idi. Onların hamısının qarşısını almaq və addım-addım irəliləmək, Azərbaycanın dövlət müstəqilliyini bugünkü səviyyəyə gətirib çıxarmaq üçün bu dörd il zaman nöqteyi-nəzərindən az olsa da, amma əhəmiyyət nöqteyi-nəzərindən çox böyük bir məsafədir.
1993-cü ildə biz Azərbaycanı parçalamaq istəyən qüvvələrin qarşısını ala bildik. Bu, Azərbaycanın müstəqillik yolunda ən böyük nailiyyətidir. Ancaq ondan sonra da Azərbaycanın müstəqilliyinə qarşı qəsdlər davam edirdi – xaricdən də, daxildən də. Bu qəsdlərin də qarşısını aldıq. 1994-cü ilin oktyabrında Azərbaycanın dövlətinə qarşı silahlı çevriliş cəhdinin qarşısı alındı. 1995-ci ilin martında yenə də, ikinci bir silahlı çevriliş cəhdinin qarşısı alındı. O qüvvələr zərərsizləşdirildi, bir hissəsi xarici ölkələrə qaçıb səpələndi. Ancaq ondan sonrakı dövrdə Azərbaycanın haqq işi qalib gəldi və qalib gəlir. Azərbaycana xəyanət etmiş və ayrı-ayrı ölkələrdə gizlənən adamların əksəriyyəti yaxalandı, gətirildi, ədalət məhkəməsi qarşısında dayandı və bundan sonra da dayanacaqlar. İndiyə qədər gizlənənlər və Azərbaycana qarşı xəyanət edənlər də bilsinlər ki, onların da belə həyatı uzun olmayacaq, onlar da yaxalanacaq, Azərbaycana gətiriləcək və öz xəyanətlərinə, cinayətlərinə görə Azərbaycan xalqı qarşısında cavab verəcəklər.
Bilirsiniz ki, Azərbaycanın çətin daxili vəziyyəti təkcə 1993-cü ilin may-iyun, sonra 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri ilə bitmir. Ayrı-ayrı qruplara, siyasi partiyalara, ayrı-ayrı şəxslərə mənsub olan bir çox silahlı dəstələr Azərbaycanda daxili sabitliyi daim pozur, dövlətçiliyimizə qarşı hərəkətlər edir, öz şəxsi mənafeləri naminə Azərbaycan vətəndaşlarına çox böyük zülmlər edirdilər.
Bunlar hamısı bu yaxın illərdə, gözümüzün qarşısında olan hallardır. Azərbaycanda dövlət quruculuğu prosesi inkişaf etdikcə, dövlət strukturları sağlamlaşdıqca bu cinayətkar qruplar, dəstələr, cinayətkar şəxslər get-gedə ifşa olundular, yaxalandılar və zərərsizləşdirdilər. Hesab edirəm, müstəqillik, Azərbaycanın dövlətçiliyi yolunda əldə etdiyimiz ən böyük nailiyyət ondan ibarətdir ki, indi artıq Azərbaycan ərazisində ictimai-siyasi sabitlik əldə olunub, həmin o cinayətkar dəstələrin, qrupların özbaşınalığına, cəzasız hərəkətlərinə son qoyulubdur. İndi Azərbaycanda əmin-amanlıq, rahatlıq şəraiti yaranıbdır.
Belə bir şəraitdə bu illərdə respublikamızda müstəqillik prinsipləri əsasında dövlət quruculuğu prosesi ardıcıl surətdə həyata keçirilir. Bunun ən gözəl nəticəsi 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə Azərbaycanın demokratik Konstitusiyasının qəbul olunmasıdır və demokratik, çoxpartiyalı seçki sistemi əsasında müstəqil Azərbaycanın ilk parlamentinin seçilməsidir. Bunlar bizim tarixi nailiyyətlərimizdir. Azərbaycanda dövlət müstəqilliyini, dövlətçiliyi inkişaf etdirmək sahəsində əldə olunmuş böyük nailiyyətlər, böyük mərhələlərdir.
Hüquqi baxımdan Azərbaycan dövlət müstəqilliyini 1991-ci ilin sonunda elan edibdir. Ancaq dövlət quruculuğu prosesi ağır, çətin bir dövr, zaman, şərait içərisində keçib və nəhayət, 1995-ci ilin noyabrında ilk Konstitusiyanın qəbul olunması ilə tamamlanıbdır. Beləliklə, biz bu illərdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamışıq, inkişaf etdirmişik. Azərbaycanda dövlət quruculuğu prosesi ardıcıl surətdə həyata keçirilir. Azərbaycan tutduğu yolla inamla irəliləyir. Azərbaycanda demokratik hüquqi dövlət qurulur, bu dövlət artıq mövcuddur və bu dövlət, hökumət, bu dövlət quruluşu Azərbaycanın bütün ərazisinə nəzarət edir və Azərbaycan xalqının verdiyi bütün səlahiyyətləri həyata keçirir.
Azərbaycanda demokratik prinsiplərin hamısı – çoxpartiyalı sistem, mətbuat azadlığı, insan azadlığı, insan haqlarının qorunması, vicdan, söz azadlığı bərqərar olubdur. Hər bir Azərbaycan vətəndaşı bərabər hüquqlara malikdir və öz hüquqlarından istədiyi kimi istifadə etmək imkanına malikdir. Bunlar hamısı bizim tarixi nailiyyətlərimizdir, Azərbaycanda dövlət müstəqilliyinin inamla inkişaf etməsini bütün dünyaya nümayiş etdirir. Bunlar hamısı bir daha, bir daha təsdiq edir ki, Azərbaycan müstəqil dövlət, demokratik, hüquqi, dünyəvi dövlət kimi yaşayır, Azərbaycanın dövlət müstəqilliyi, Azərbaycanda demokratik prinsiplər dönməzdir, dəyişməzdir və sarsılmazdır.
Azərbaycanın dünya miqyasında hüquqlarını və maraqlarını təmin etmək üçün ilk növbədə ölkənin daxilində vəziyyəti sabitləşdirmək və vətəndaşlar üçün normal yaşayış şəraiti yaratmaq lazım idi. Hesab edirəm ki, biz bu vəzifəni ilkin mərhələdə yerinə yetirmişik. Bunu təkcə biz yox, bizimlə əlaqədə olan bütün başqa dövlətlər də görürlər, qeyd edirlər və qiymətləndirirlər. Məhz belə bir dövlət, yəni öz daxili vəziyyətini idarə edən, sabit saxlaya bilən bir dövlət başqa dövlətlərlə qarşılıqlı surətdə faydalı əlaqələr yarada və bundan faydalana bilər.
Bu baxımdan biz bu illərdə – 1993-cü ildən sonra Azərbaycanın dünya miqyasında özünə layiq yer tutması üçün çox dəyərli addımlar atmışıq, əhəmiyyətli fəaliyyət göstərmişik, hesab edirəm ki, yaxşı nəticələr əldə edə bilmişik.
Azərbaycan bütün beynəlxalq təşkilatların üzvüdür və onlarda özünə layiq yer tutubdur. Dünyanın əksər dövlətləri ilə Azərbaycanın diplomatik əlaqələri var. Azərbaycanın bir çox ölkələrdə səfirlikləri var və bir çox ölkələrin də səfirlikləri Azərbaycanda normal şəraitdə fəaliyyət göstərir. Azərbaycanın bir çox ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələri var, dövlətlərarası, hökumətlərarası müqavilələri, sazişləri var. Bunlar hamısı dünya miqyasında Azərbaycanın müstəqil dövlət kimi hörmətini gündən-günə artırır.
Biz sülhsevər ölkəyik, sülhsevər dövlətik. Biz Ermənistanla olan münaqişəyə də sülh yolu ilə son qoymağa çalışırıq və çalışacağıq. Bütün ölkələrlə sülh, əmin-amanlıq şəraitində əlaqə saxlamaq istəyirik. Qonşu ölkələrlə sülh, dostluq əlaqələri yaradırıq və bundan sonra da yaradacağıq. Dünyanın böyük ölkələri, iqtisadi cəhətdən, demokratiya baxımından inkişaf etmiş ölkələrlə, dövlətlərlə Azərbaycanın yaratdığı əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Biz bu əlaqələri çox yüksək qiymətləndirir və tərəfdaş kimi üzərimizə düşən bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyik.
Beləliklə, hesab edirəm ki, Azərbaycan öz xarici siyasətində böyük uğurlar əldə edibdir. Dünyanın bir çox ölkələrində, dövlət dairələrində, dünyanın cürbəcür tədqiqat mərkəzlərində, mətbuat mərkəzlərində Azərbaycan haqqında dolğun, düzgün fikir formalaşır və formalaşmaqdadır. Bunlar hamısı Azərbaycanın demokratik, müstəqil dövlət kimi mövcud olması və müstəqillik yolunda demokratik prinsiplər yolunda irəliləməsi ilə əlaqədardır.
İndi artıq təkcə özümüzdə yox, dünyanın bir çox mötəbər siyasi mərkəzlərində, mətbuat mərkəzlərində, ictimai fikri öyrənən mərkəzlərində Azərbaycanın öz dövlət müstəqilliyini nə qədər cəsarətlə qoruması xüsusi qeyd olunur. Mən çox məmnunam ki, bizim gördüyümüz iş və dövlət müstəqilliyimizi qorumaq yolunda cəsarətli siyasətimiz, cəsarətli addımlarımız və müstəqilliyə sadiq olmağımız bir çox başqa ölkələrdə də müşahidə olunur və yüksək qiymətləndirilir. Bunlar hamısı Azərbaycanın indən sonra da məhz bu yolla – dövlət müstəqilliyi yolu ilə əzmlə getməsi üçün çox yaxşı əsasdır.
Xarici siyasət barəsində danışarkən, şübhəsiz ki, Azərbaycanın Ermənistan təcavüzündən xilas edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması problemi, bildiyiniz kimi, bizim diqqət mərkəzimizdə duran əsas problemdir. Bu sahədə görülən işləri də müsbət qiymətləndirmək lazımdır. Birincisi, ən müsbət hal ondan ibarətdir ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişədə artıq üç ildir atəşkəs rejimi mövcuddur. Üç il müddətində atəşkəs rejimini saxlamaq, qorumaq, şübhəsiz, böyük nailiyyətdir. Mən bunu Azərbaycan dövlətinin və onun siyasətinin nailiyyəti kimi qiymətləndirirəm. Eyni zamanda atəşkəsi saxlamaq üçün hər iki tərəfin buna münasibəti lazımdır. Ermənistan dövlətinin də atəşkəs rejiminin saxlanması barəsində gördüyü işlər, şübhəsiz, atəşkəsin qorunub saxlanmasının əsas şərtidir. Bu gün bunu da qeyd etmək lazımdır.
Ancaq bu üç il müddətində atəşkəs bizə nə veribdir? Onu veribdir ki, xalqımız üç ildir müharibəsiz yaşayır, qan tökülmür, şəhidlər yoxdur. Onu veribdir ki, bu üç il müddətində daxildə gedən cürbəcür prosesləri nizamlamaq imkanı əldə etmişik. Onu veribdir ki, artıq cürbəcür silahlı dəstələrin müharibə şəraitindən istifadə edərək öz şəxsi məqsədlərinə nail olmasının qarşısı alınıbdır.
Bunun ən əsas əhəmiyyəti isə ondan ibarətdir ki, bu üç il müddətində məsələnin sülh yolu ilə həlli üçün ardıcıl danışıqlar aparılıbdır. Bunu bəlkə də hər kəs layiqincə qiymətləndirə bilməz. Ancaq bilin, bu üç ildə biz hər dəqiqə, hər gün məsələnin sülh yolu ilə həll olunması üçün tədbirlər görmüşük. O gün olmayıb ki, bu işlə məşğul olmayaq. Bunlar da öz nəticəsini verir. Nəticə nədən ibarətdir? Birincisi, 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün əhəmiyyətli bir qərar qəbul olundu. Bu münaqişənin sülh yolu ilə həlli üçün ilk dəfə ATƏT-in sülhü mühafizə qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. ATƏT-in Minsk qrupunun iki həmsədri müəyyən olundu – Rusiya və Finlandiya. Budapeşt zirvə görüşü sülh danışıqlarını irəliyə aparmaq üçün böyük təkan oldu.
Ondan sonra keçən iki il müddətində apardığımız ardıcıl sülhsevər siyasət, intensiv danışıqlar prosesi və bizim cürbəcür təşəbbüslərimiz, təkliflərimiz nəhayət, 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün çox tarixi əhəmiyyəti olan sənədin qəbul edilməsinə gətirib çıxardı. İndi, Lissabon zirvə görüşündən zaman, aylar keçdikcə o zirvə görüşü ərəfəsində görülən işlərin nə qədər böyük əhəmiyyəti olduğunu dərk etmək, xüsusən zirvə görüşündə Azərbaycan nümayəndələrinin gördükləri işin nə qədər qiymətli olduğunu dərk etmək mümkündür.
Bəli, Lissabon zirvə görüşündə qəbul olunmuş sənəd Ermənistan-Azərbaycan münaqişəsi tarixində Azərbaycanın hüquqlarını qorumaq üçün olan ilk sənəddir. İlk dəfə olaraq ATƏT-in 54 üzvündən, dövlət başçılarından 53-ü Azərbaycanın ərazi bütövlüyünün tanınmasına, bu məsələnin sülh yolu ilə həllinə səs verdi və problemin sülh yolu ilə həll edilməsinin prinsipləri qəbul olundu. Bu, tarixi hadisədir.
Ondan sonra sülh danışıqlarında Minsk qrupunun yeni mərhələsi başlayıbdır. Bu yeni mərhələnin də xarakterik cəhəti ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması artıq dünyanın ən böyük dövlətlərinin qayğısına çevrilibdir. İlk dəfə olaraq ATƏT-in Minsk qrupunun üç həmsədri təyin edilibdir: Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa. Əgər dünyanın üç böyük dövləti Minsk qrupunun həmsədrlik məsuliyyətini öz üzərinə götürübsə, demək, bu, bir tərəfdən, dünya ictimaiyyəti tərəfindən, həmin böyük dövlətlər tərəfindən həmin məsələyə böyük qayğının, diqqətin təzahürüdür və ikinci tərəfdən də bu məsələnin sülh yolu ilə həll edilməsi üçün yaranan yaxşı bir şərtdir. Çünki əgər bu üç böyük dövlət belə bir məsuliyyətli vəzifəni öz üzərinə götürürsə, şübhəsiz, onlar bunu öz üzərinə götürürlər ki, bu məsələni həll etsinlər və beləliklə də, beynəlxalq aləmdə tarixi bir addım atsınlar. Bu, bizim üçün də, həmin məsuliyyəti öz üzərinə götürən ölkələr üçün də çox əhəmiyyətlidir.
Ona görə də mən hesab edirəm ki, bu üç il müddətində, atəşkəs dövründə görülən işlər çox səmərəli olubdur, çox əhəmiyyətli olubdur, çox nəticəli olubdur və indi biz gözləyirik ki, Minsk qrupunun həmsədrləri bu yaxın günlərdə bizim bölgəyə gələcəklər, həm Azərbaycanda, həm də Ermənistanda olacaqlar. Onlar may ayının ortalarında Vaşinqtonda toplaşıb müəyyən sənədlər, təkliflər hazırlayıblar və beləliklə də. bu danışıqlar prosesində yeni bir mərhələ açılır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bir çox dövlət başçılarının, o cümlədən Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçılarının verdikləri bəyanat həyata keçiriləcək, – yəni onlar bəyan ediblər ki, 1997-ci ildə bu məsələnin sülh yolu ilə həll olunmasını təmin etmək lazımdır, – bunlar həyata keçiriləcəkdir.
Son günlər bu böyük ölkələrin dövlət başçılarının mənə göndərdikləri məktublarda da və bizim yazışmalarımızda da, telefon əlaqələrimizdə də bu bəyanatlar verilibdir. Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton may ayının 10-da mənə göndərdiyi məktubda bu məsələnin xüsusi əhəmiyyətini qeyd edib və bu məsələyə, yəni Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasına xüsusi qayğı göstərərək Minsk qrupunun həmsədrliyini Amerika Birləşmiş Ştatlarının öz üzərinə götürməsini bildirib və bəyan edibdir ki, 1997-ci ildə bu sahədə nailiyyət əldə etmək lazımdır.
Rusiya prezidenti cənab Boris Yeltsin atəşkəsin üç ilinin tamam olması ilə əlaqədar mayın 15-də mənə göndərdiyi məktubda da eyni fikirləri ifadə edibdir. Fransa prezidenti cənab Jak Şirakla mənim son görüşüm zamanı – mart ayının sonunda o, qətiyyətlə bildirdi ki, Fransa Minsk qrupunun həmsədri olmağa çox böyük maraq, böyük cəhdlər göstərmiş və bu sahədə öz xidmətlərini məhz 1997-ci ildə göstərməyə çalışacaqdır. Türkiyəyə mənim son səfərim günlərində, Ankarada görüşlər zamanı prezident və hökumət başçıları kəskin və açıq bəyanatlar veriblər ki, Minsk qrupunun həmsədrləri bu məsələnin həll olunmasına çalışmalıdırlar.
Məlumdur ki, Türkiyə prezidenti Süleyman Dəmirəl bu məsələ ilə əlaqədar Amerika, Rusiya və Fransa prezidentlərinə xüsusi məktublar göndəribdir. Mayın 13-də Aşqabadda olarkən İran prezidenti Haşimi Rəfsəncani mənimlə şəxsi danışıqları zamanı, Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif həm şəxsi görüşdə, həm də EKO dövlətləri başçılarının toplantısındakı çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini bildirmiş və Ermənistanın təcavüzünə son qoyulması haqqında, məsələnin məhz sülh yolu ilə, işğal olunmuş torpaqların azad edilməsi vasitəsilə həll olunması barədə öz fikirlərini söyləmişlər.
Dünyanın başqa ölkələrində də dövlət və hökumət başçıları bu barədə öz mövqelərini, öz münasibətlərini bildirmişlər. Bunların hamısı həm bu üç il müddətində görülən işlərin nəticəsidir, həm də 1997-ci ildə qarşımızda duran vəzifələri göstərir.
Ümidvar olduğumu bildirmək istəyirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri verdikləri sözə əməl edəcəklər, çox intensiv danışıqlar aparacaqlar və ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması üçün çox nəticəli addımlar atacaqlar.
Biz bu gün də bəyan edirik ki, məsələnin yalnız sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və bundan sonra da bu yolla gedəcəyik.
Bununla əlaqədar, Azərbaycanın işğal olunmuş torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın vəziyyəti də bizi daim narahat edir. Bir milyondan artıq Azərbaycan vətəndaşı köçkün, qaçqın vəziyyətindədir. Onların bir çoxu artıq neçə ildir ki, çadırlarda yaşayır, çox ağır vəziyyətdə yaşayır. Biz torpaqlarımızın sülh yolu ilə azad edilməsinə çalışarkən şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyi ön sıraya çəkirik. Amma eyni zamanda, işğal olunmuş torpaqlardan zorla çıxarılmış insanların öz yerlərinə, yurdlarına qayıtması bizim üçün əsas şərtdir. Ona görə də bütün danışıqlarda və nəzərdə tutulmuş sazişlərdə mütləq və mütləq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, eyni zamanda işğal edilmiş torpaqlardan Ermənistan silahlı qüvvələrinin çıxarılması və qaçqın, köçkün düşmüş Azərbaycan vətəndaşlarının öz yerlərinə, yurdlarına qayıtması nəzərdə tutulur. Bu, bizim əsas vəzifəmizdir. Bu, bizim borcumuzdur. Xalqımız, millətimiz də bilməlidir, qaçqın, köçkün vəziyyətində, ağır şəraitdə yaşayan soydaşlarımız da, bacı və qardaşlarımız da bilməlidirlər ki, bu vəzifəni biz nəyin bahasına olursa-olsun yerinə yetirəcəyik.
Sülh danışıqları, məsələnin sülh yolu ilə həll olunması siyasətimizin ana xəttidir. Biz üç ildir bu yolla gedirik və bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, bu yol uğurla başa çatacaqdır. Ancaq eyni zamanda mən bu gün onu da bir daha bəyan etmək istəyirəm ki, heç vaxt, heç bir zaman Azərbaycan torpaqlarının bir qarışı belə başqa bir ölkənin əlində ola bilməz. Biz Azərbaycanın beynəlxalq hüquq normaları tərəfindən tanınmış sərhədlərinin bərpa olunmasına çalışırıq və çalışacağıq. Azərbaycanın bütün ərazisinə nəzarət etməyə çalışırıq və çalışacağıq. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün bütün imkanlardan istifadə edirik, edəcəyik və işğal olunmuş torpaqlar nəyin bahasına olursa-olsun azad ediləcək, qaçqın, köçkün düşmüş soydaşlarımız öz yerinə-yurduna qayıdacaqlar.
Dövlət quruculuğu sahəsində bu illər qarşımızda duran əsas vəzifələrdən biri Azərbaycanın Milli Ordusunun yaradılması və onun lazımi gücə gətirilməsidir. Bilirsiniz ki, Milli Ordunun yaranması da böyük təxribatlarla, böyük bəlalarla rastlaşmışdır. Məhz buna görə də Azərbaycan xalqı bir çox məğlubiyyətlərə uğramış və Azərbaycan torpaqlarının bir qismi işğal olunmuşdur. Çünki vaxtilə Ermənistanda silahlı qüvvələr yaradılarkən Azərbaycan buna laqeyd qalmış və hesab etmişdir ki, Azərbaycana silahlı qüvvələr lazım deyildir. Ermənistanda silahlı qüvvələr mütəşəkkil hərəkət edərkən, Azərbaycanda az da olsa yaranmış silahlı dəstələr, qüvvələr bir-biri ilə münaqişə aparmağa, bir-biri ilə dava etməyə, hakimiyyət davasına qoşulmağa çalışmışdılar. Bu yaxınlarda televiziya vasitəsilə bir çox belə məsələlər aşkar göstərildi və xalqımız da gördü ki, ərazilərimizin Ermənistan tərəfindən işğal olunmasının səbəbi təkcə Ermənistan silahlı qüvvələrinin güclü olması, Azərbaycanın gücsüz olması deyildir. Yox, Azərbaycanın daxilində gedən bu ictimai-siyasi proseslər, hakimiyyət davası, vəzifə davası, ayrı-ayrı silahlı qüvvələrin bir-biri ilə münaqişəsi və bir-biri ilə ixtilafı Azərbaycan xalqına belə baha başa gəldi və belə itkilərə gətirib çıxardı. Ona görə də indi Azərbaycanda Milli Ordunun qurulması, yaranması, inkişaf etməsi qarşımızda duran əsas vəzifədir.
Bu sahədə bir çox işlər görülüb. Ancaq hələ görüləsi işlər də çoxdur. Azərbaycanın Müdafiə Nazirliyi bu sahədə öz vəzifələrini bilir və lazımi işləri də görür. Amma hesab edirəm ki, görülən işlər yetərli deyildir. Azərbaycanda bir tərəfdən ordumuzun peşəkarlığını artırmaq, ikinci tərəfdən də Azərbaycan gənclərini orduda xidmətə hazırlamaq lazımdır. Azərbaycanda milli vətənpərvərlik təbliğatını genişləndirmək, xalqımızın milli vətənpərvərlik ruhunu qaldırmaq, gənclər arasında milli vətənpərvərlik duyğularını inkişaf etdirmək lazımdır. Hər bir gənc ailəsindən, ata-anasının tutduğu vəzifədən, yaxud da maddi vəziyyətindən asılı olmayaraq Azərbaycan Milli Ordusunda xidmət etməlidir. Milli Ordumuzda xidmət etmək hər bir Azərbaycan vətəndaşının şərəfli borcu olmalıdır.
Ona görə də hesab edirəm ki, ayrı-ayrı adamların orduda xidmət etməməsi üçün onlara güzəştə gedilməsi, onların guya təhsil almaq üçün orduda xidmətdən azad olunması məsələlərinə və başqa bu kimi məsələlərə baxmaq lazımdır. Mən hesab edirəm ki, bunlar bizim Milli Ordunun yaranması və bütün xalqımızın döyüş qabiliyyətinə malik olması tələblərinə uyğun deyildir. Bir daha deyirəm, hər bir gənc, hər bir ata-ana, hər bir valideyn öz oğlunu böyüdərkən ona ən əvvəl nəsihət verməlidir ki, sənin birinci borcun orduda xidmət etməkdir, vətəni müdafiə etməyə hazır olmaqdır, döyüş qabiliyyəti əldə etməkdir və döyüşə hazır olmaqdır.
Azərbaycanda gedən dövlət quruculuğu prosesi eyni zamanda ölkəmizin iqtisadiyyatının düşdüyü vəziyyətdən çıxması ilə əlaqədardır. Bilirsiniz ki, son illərdə Azərbaycan ağır iqtisadi böhran keçiribdir və bizim son vaxtlar gördüyümüz tədbirlər ölkəni bu böhrandan tədricən çıxarmaq yoluna yönəlibdir. Bu gün tam qətiyyətlə demək olar ki, 1996-cı il Azərbaycan iqtisadiyyatında artıq müsbət meyllər ili kimi qiymətləndirilməlidir. İqtisadiyyat sahəsində görülən tədbirlər, iqtisadi islahatlar, özəlləşdirmə proqramının, "Torpaq islahatı haqqında" qanunun həyata keçirilməsi, xarici ticarətin liberallaşdırılması, sahibkarlığa geniş yer verilməsi, insanlara sərbəstlik verilməsi – bunların hamısı birlikdə Azərbaycan iqtisadiyyatında müsbət meyllər meydana gətirmişdir. Bu gün böyük məmnuniyyətlə qeyd etmək olar ki, 1996-cı ili başa çatdırarkən Azərbaycanda 1988-89-cu illərdən sonra ilk dəfə daxili milli məhsulun artımı 1,3 faiz olmuşdur. Amma keçən illərdə artım yox, geriləmə olmuşdur. Bu ilin dörd ayında isə daxili milli məhsul 3 faizdən çox artmışdır. Keçən il kənd təsərrüfatı istehsalı ilk dəfə olaraq 3 faiz artmışdır. 1989-cu ildən bəri kənd təsərrüfatı istehsalının aşağı düşməsini dayandırmaq və indi 3 faiz artıma nail olmaq, hesab edirəm ki, diqqətəlayiq nailiyyətdir.
Sənaye istehsalı ilbəil aşağı düşmüşdür. 1996-cı ildə sənaye istehsalının aşağıdüşmə sürəti azaldılmışdır: Əgər bu, 1995-ci ildə 21 faiz olmuşdusa, 1996-cı ildə 6 faiz olmuşdur. Amma bu ilin dörd ayında sənaye istehsalında da 1 faiz artım əldə edilmişdir. Keçən il xarici ticarət 30 faiz artmışdır. Bir çox başqa iqtisadi göstəricilər də gətirmək olar. Hesab edirəm ki, bu rəqəmlər öz-özlüyündə onu göstərir ki, Azərbaycan iqtisadiyyatında müsbət meyllər artıq özünü büruzə verir.
Maliyyə sistemində inflyasiyanın qarşısı alınıbdır. Keçən il inflyasiya çox aşağı səviyyəyə gətirilib çıxarılmışdır və deyilənlərə görə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı müşahidəçilərinin bizə verdiyi qiymətlərə görə Müstəqil Dövlətlər Birliyinin ölkələri arasında inflyasiyanın ən aşağı sürəti Azərbaycandadır. Bizdə inflyasiya yox dərəcəsindədir.
Milli valyutamızın – manatın dəyəri qalxmış, keçən il onun dollara nisbətən məzənnəsi 7 faiz artmışdır. Bunların hamısı həyata keçirdiyimiz iqtisadi islahatların müsbət nəticəsidir. Ancaq bunlar başlanğıcdır.
Bu gün bir daha qeyd etmək lazımdır ki, "Torpaq islahatı haqqında" qəbul etdiyimiz qanun nə qədər cəsarətli qanundursa, o qədər də əhəmiyyətli qanundur. Biz artıq bu qanunun nəticələrini görürük. Siz bilirsiniz ki, aqrar sahədə heyvandarlıq sektoru artıq özəlləşdirilibdir. Bu sektorun özəlləşdirilməsi ərzaq mallarının və xüsusən heyvandarlıq məhsullarının istehsalı sahəsində Azərbaycanda çox böyük müsbət dəyişikliklər meydana çıxarmışdır. Torpağın xüsusi mülkiyyətə verilməsi prosesi başlanıb və bu da artıq öz müsbət nəticələrini verir.
Güman edirəm ki, 1997-ci il iqtisadi islahatların sürətlə həyata keçirilməsi ili olacaqdır. 9 mindən artıq müəssisə özəlləşdirilib. İndi vauçerlərin paylanması sona çatmaqdadır. Əhalinin 70 faizi özəlləşdirmədə iştirak etmək üçün vauçerləri almışdır və yaxın vaxtlarda hamı vauçerlərlə təmin olunacaqdır. Bəli, 1997-ci il Azərbaycanda iqtisadi islahatların sürətlə həyata keçirilməsi, özəlləşdirmə prosesinin sürətlə aparılması ili olacaqdır. Bunların hamısı da xalqın rifahını yaxşılaşdıracaqdır.
Bilirsiniz ki, keçən il də, bu ilin əvvəllərində də əhalinin bir çox təbəqələrinin əmək haqqının artırılması barədə mən fərmanlar vermişəm, qərarlar qəbul etmişəm. Keçən il dövlət büdcəsi yerinə yetirilibdir. Bu ilin dörd ayında da dövlət büdcəsi yerinə yetirilib və əminəm ki, cari ilin birinci yarısının yekunlarına görə biz dövlət büdcəsinin yerinə yetirilməsi ilə əlaqədar müəyyən müsbət nəticələr əldə edəcəyik və bunlar da əhalinin bir qisminin əmək haqqının artırılması və ümumiyyətlə əhalimizin rifahının yaxşılaşması üçün yeni qərarlar qəbul edilməsinə imkan verəcəkdir, şərait yaradacaqdır.
Beləliklə, bizim müstəqillik yolu ilə, bazar iqtisadiyyatı yolu ilə getməyimiz dönməzdir, yəni artıq heç kəsin şübhəsi yoxdur ki, biz bu yolla gedirik və bu yolla da gedəcəyik. Ancaq bazar iqtisadiyyatı yolu ilə getmək təkcə respublikamızın daxilində iqtisadi islahatların həyata keçirilməsi ilə bitmir. Bilirsiniz ki, biz Azərbaycana xarici investisiya gətirilməsi sahəsində bir çox işlər görmüşük. İndi Azərbaycanda, Bakıda dünyanın bir çox şirkətlərinin ofisləri açılıbdır, hər gün də açılır. Bir çox şirkətlər artıq burada fəaliyyətdədirlər, bir çox şirkətlər də respublikamızda fəaliyyət göstərmək üçün bizə müraciət edirlər.
Bildiyiniz kimi, Xəzərin Azərbaycan sektorundakı neft-qaz yataqlarının istifadə olunması üçün biz artıq beş müqavilə imzalamışıq. Bu gün mən sizə bildirmək istəyirəm ki, bu müqavilələrin hamısı və nəzərdə tutulmuş proqramlar əməli, ardıcıl surətdə həyata keçirilir. Bizim neft yataqlarımıza maraq gündən-günə artır. Ola bilər, bu yaxın vaxtlarda biz yeni müqavilələrin də şahidi olacağıq.
Bütün bunlarla yanaşı, hesab edirəm ki, dövlət müstəqilliyi yolunda Azərbaycanın əldə etdiyi ən böyük nailiyyət ondan ibarətdir ki, xalqımız indi rahat, sakit, sərbəst yaşayır. Biz cinayətkarlığın demək olar ki, çox hissəsinin qarşısını almışıq. Xarici ölkələrdən respublikamıza ziyarətə gələn, Bakını gəzən adamlar Azərbaycanda olan bu əmin-amanlığa, sakitliyə, rahatlığa çox böyük hüsn-rəğbətlə baxırlar və bəzən də təəccüb edirlər. Şübhəsiz ki, biz bunlarla öyünməməliyik və mən bunları yetərli hesab etmirəm. Bizim qarşımızda hələ çox vəzifələr, işlər vardır. Ancaq əldə olunan bu nailiyyətlər bizim gələcək işlərimizin daha da sürətlə həyata keçirilməsi üçün çox yaxşı əsasdır. Artıq bizim insanlarda inam yaranıbdır. İnam yaranıb ki, Azərbaycan bir müstəqil dövlət kimi yaşayır və yaşaya bilər. İnam yaranıb ki, Azərbaycanda bazar iqtisadiyyatı tətbiq olunub və genişlənəcək, inkişaf edəcəkdir. İnam yaranıb ki, Azərbaycanın iqtisadiyyatı dünya iqtisadiyyatı ilə günü-gündən daha sıx bağlanır. İnam yaranıb ki, Azərbaycan xalqı bundan sonra, gələcəkdə rahat və firavan yaşayacaqdır.
Hörmətli dostlar!
Mən bu böyük bayram münasibətilə sizi bir daha təbrik edirəm. Siz də, biz də bu gün bütün bayram təbriklərimizi birinci növbədə, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda şəhid olmuş insanların ailələrinə göndəririk. Bu gün – bu bayram günü mən bir daha bəyan edirəm ki, Vətən, torpaq uğrunda canlarını qurban vermiş, şəhid olmuş insanların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır. Biz bayram edərkən, onların ailələrinin qəmini, kədərini də hiss edirik, bilirik.
Qaçqın vəziyyətində yaşayan soydaşlarımızı xüsusi təbrik edirəm. Mən onlara müraciət edərək, onların dözümlülüyünə. vətənpərvərliyinə, vətəninə, millətinə, ölkəsinə sadiq qaldıqlarına görə onlara təşəkkür edirəm, onları bayram münasibətilə təbrik edirəm.
Azərbaycanın Milli Ordusunda xidmət edən əsgərlərimizi. zabitlərimizi, sərhəddə, cəbhə bölgələrində duran igid Azərbaycan döyüşçülərini ürəkdən təbrik edirəm, onlara cansağlığı və şərəfli işlərində uğurlar arzulayıram.
Ölkəmizdən xaricdə yaşayan bütün azərbaycanlıları bu bayram münasibətilə təbrik edirəm. Onların hamısına cansağlığı, xoşbəxt həyat arzulayıram.
Dünyanın bir çox ölkələri ilə bizim diplomatik əlaqələrimiz və beynəlxalq təşkilatlarla olan əlaqələrimiz Azərbaycanda xarici ölkələrin səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin olmasını təmin edibdir. Biz bundan çox məmnunuq. Bu bayram günü mən xarici ölkələri və beynəlxalq təşkilatları Azərbaycanda təmsil edən bütün səfirliklərə, nümayəndəliklərə, təşkilatlara bizimlə sıx əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Bu bayram günü onlara və onların simasında təmsil etdikləri ölkələrə, xalqlara Azərbaycan xalqının, dövlətimizin hörmət və ehtiramını bildirirəm.
Bu bayram günü hər bir Azərbaycan vətəndaşı bir daha düşünməlidir ki, bizim üçün həyat, yaşayış nə qədər çətin olsa da azad, milli azadlıq şəraitində yaşamaq, müstəqil olmaq, müstəqil, azad dövlətdə yaşamaq hər şeydən əzizdir, üstündür. Biz bu müstəqilliyi möhkəmləndirmək və daha da yüksəklərə qaldırmaq, bu milli azadlığımızı əlimizdə daim saxlamaq naminə hər bir çətinliklərə dözmüşük, bundan sonra da dözəcəyik. Azərbaycan xalqı dözümlü xalqdır. Bu, bizim xalqımızın milli xüsusiyyətidir. Etimad göstərib məni Azərbaycan dövlətinin prezidenti seçmiş Azərbaycanın bütün vətəndaşlarına hörmət və ehtiramımı bildirirəm, dözümlülüyünə görə onlara təşəkkür edirəm və xalqımızı, millətimizi əmin edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi yolu uğurludur, çiçəklidir, gözəldir. Bu gözəl gələcək naminə sizin hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm.
Bayramınız mübarək olsun!

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi

(27 may 1998)

Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Sizi, bütün Azərbaycan xalqını, Azərbaycan Respublikasının bütün vətəndaşlarını Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 80 illik yubileyi, Müstəqillik günü bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır. Lakin XIX əsrin əvvəlində xalqımız dövlətçiliyindən məhrum olmuşdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən 80 il dörd mərhələyə bölünə bilər: birinci – 1918-1920-ci illər, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci – 1920-1922-ci illər, Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin hakim olduğu illər: üçüncü – 1922-1991-ci illər, Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr, Azərbaycan Sovet Sosialist Cümhuriy­yətinin Sovetlər İttifaqında başqa müttəfiq respublikalarla birgə fəaliyyət göstərdiyi dövr. Dördüncü dövr 1991-ci ilin sonundan, dekabrından başlayır, Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən illərdir.
Bu mərhələlərin hər birinin tarixdə özünəməxsus yeri, Azərbaycan tarixində mənası, mahiyyəti və əhəmiyyəti vardır.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də “İstiqlal Bəyannaməsi”nin elan olunması ilə yaranmışdır. Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlindəki dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi, fəlsəfi mühiti ilə bağlıdır. Demək olar ki, o zaman Azərbaycanda və onun ətrafında gedən proseslər həmin o mühitin məntiqi nəticəsi olmuşdur.
Şübhəsiz ki, bunun üçün lazımi şərait yaranmışdır. Birinci dünya müharibəsinin sona çatması, rus çarizminin süqutu, Rusiyada Oktyabr inqilabı və ondan sonra yaranmış gərgin vəziyyət, Moskva hakimiyyətinin Rusiyanın keçmiş ərazisinin hamısına lazımi qədər nəzarət edə bilməməsi, Cənubi Qafqazda, Zaqafqaziyada mövcud olan siyasi qüvvələrin qızğın fəaliyyəti – bunların hamısı birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait təmin etmişdir. Amma eyni zamanda belə bir cümhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazım idi. Bu gün biz məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyalı dəstəsi meydana gəlmişdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsəmiş insanlar idilər.
Onlar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş və birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdılar. Biz o dövrdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, ictimai fikrinin inkişafında böyük xidmət göstərmiş insanları da nəzərə almalıyıq və onların – Azərbaycanın görkəmli mədəniyyət, incəsənət, ictimai xadimlərinin xidmətlərini də bu münasibətlə qeyd etməliyik.
Əlibəy Hüseynzadə, Əhmədbəy Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və digərləri o illər yaratdıqları əsərlərlə xalqımızda milli şüurun oyanmasına, inkişaf etməsinə, milliliyin yüksəlməsinə böyük təsir göstərmişlər və böyük xidmətlər etmişlər. Onlar hamısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsasını demək olar ki, birlikdə təşkil etmişlər.
Məlumdur ki, o vaxt cürbəcür cərəyanlar mövcud idi. Zaqafqaziyadan Rusiya Müəssislər Məclisinə o vaxt seçilmiş deputatlar Zaqafqaziyanın müstəqilliyini bəyan etmək, Zaqafqaziya Seymi yaratmaq istəyirdilər. Nəhayət, bütün bu proseslər ona gətirib çıxardı ki, Zaqafqaziyada yerləşən əsas xalqlar öz dövlət müstəqilliklərini bəyan etdilər.
Xalqımızın böyük insanları 1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycanın “İstiqlal Bəyannaməsi”ni elan edərək respublikamızın müstəqilliyinin əsasını qoydular, Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar. Məlumdur ki, o vaxt əvvəlcə Milli Şura yaranmışdı və Milli Şuranın qərarı ilə də “İstiqlal Bəyannaməsi” elan edilmişdi. Beləliklə, XX əsrin əvvəlində Azərbaycanda xalqımız milli azadlığını bəyan etdi, öz milli dövlətini yaratmağa başladı.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, istiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz o gün, o il, o ay bu tarixi addımı atdılar.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çox çətinliklərlə başa gəlmişdir. Çünki məlumdur ki, buna kənardan mane olmaq istəyən qüvvələr də çox idi və Azərbaycanın həyatında da vəziyyət çox qarmaqarışıq, ağır, çətin idi. Ancaq Xalq Cümhuriyyəti yaranandan sonra onun fəaliyyəti də böyük çətinliklərlə, problemlərlə, böyük müqavimətlərlə, maneələrlə rastlaşmışdır. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur.
Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar bunu Azərbaycanın özündə edə bilməmişdilər. Çünki burada cürbəcür xarici qüvvələr Azərbaycanı ələ keçirmək istəyirdilər. Məlumdur, - Azərbaycan öz coğrafi-strateji əhəmiyyətinə, təbii sərvətlərinə, xüsusən zəngin neft yataqlarına görə dünyanın bir çox dövlətlərinin marağını cəlb etmişdi. Azərbaycanı əhatə edən, Azərbaycanın daxilində olan, ayrı-ayrı millətlərə mənsub qüvvələr də ölkəmizin müstəqil olmasını heç də istəmirdilər. Ona görə də Tiflisdə müstəqilliyi bəyan edəndən sonra Azərbaycan Xalq Cümhuriyyətinin üzvləri Azərbaycanın paytaxtına gələ bilməmiş, Gəncəyə gəlmişdilər. Ancaq onlar Gəncədə az bir müddətdə çox işlər görmüşlər və yalnız 1918-ci il sentyabr ayının 17-də Azərbaycanın paytaxtı Bakıya gələ bilmişlər.
Ondan sonrakı dövr Azərbaycan Xalq Cümhuriyyətinin çox qızğın fəaliyyət dövrüdür. Xalq Cümhuriyyətinin 80 illik yubileyinə respublikamızda hazırlıq aparılarkən elmi konfranslar, müxtəlif müşavirələr, təntənəli mərasimlər keçirilib, tarixçilər, tədqiqatçılar, icmalçılar, ədəbiyyat, mədəniyyət xadimlərimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında geniş tədqiqat işləri aparıblar, çox maraqlı faktlar meydana çıxarıblar, bir çox yazılar dərc olunubdur. Ümidvaram ki, bu iş bundan sonra da davam edəcək. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, onun yaranmasından əvvəlki dövr və Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, gördüyü işlər bizim tarix kitablarında, tarix əsərlərində öz əksini olduğu kimi tapacaqdır. Ancaq hesab edirəm ki, indiyə qədər, xüsusən son aylarda görülən işlər də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti haqqında ictimaiyyətimizə ətraflı məlumatlar vermişdir.
Ona görə də bu bayram mərasimində mən, sadəcə, onu qeyd etmək istəyirəm ki, Azərbaycan Xalq Cümhuriyyəti ağır şəraitdə fəaliyyət göstərmiş, həm xarici qüvvələrin güclü təzyiqi, həm də daxildə Azərbaycanın müstəqilliyi əleyhinə çıxan qüvvələr və Xalq Cümhuriyyətinin içərisində, yəni Milli Şuranın, sonra yaranan parlamentin daxilindəki cürbəcür partiyalara, firqələrə mənsub olan şəxslər, fərdlər Xalq Cüm­huriyyətinin işinin müvəffəqiyyətlə aparılmasına, şübhəsiz ki, maneçilik törətmişlər.
Ancaq bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşadığı dövrdə böyük işlər görmüşdür. Ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsasən dövlət, hökumət yaranmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin əsasını qoymuşlar, həm də Azərbaycanda demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsasını qoymuşlar. Bunlara görə və bütün başqa sahələrdə göstərdiyi xidmətlərə görə Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümidvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər.
Bu gün, bu bayram günü Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və Azərbaycan Xalq Cümhuriyyətinin iki illik fəaliyyətini təmin edənlərin hamısını böyük minnətdarlıq hissi ilə yad edirik. Onlar həqiqətən vətəndaşlıq şücaəti göstəriblər, həqiqətən öz xalqı, milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstəriblər. Xalq Cümhuriyyətinin yaradıcıları – Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Xalq Cümhuriyyətinin ilk Milli Şurasının bütün üzvləri, Xalq Cümhuriyyəti hökumətinin üzvləri Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstəriblər. Xalqımız onların xidmətlərini bu gün minnətdarlıq hissi ilə yad edir. Onların gördüyü işlər və əziz xatirələri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
1920-ci il aprelin 27-28-də Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətini sona çatdırmışdır. O vaxt, şübhəsiz ki, Xalq Cümhuriyyətinin öz fəaliyyətini davam etdirməsi artıq mümkün olmamışdı. Bunun səbəbləri çoxdur. Güman edirəm, bizim tarixçilər bu səbəbləri də doğru-düzgün, ədalətlə araşdıracaqlar. Məlumdur ki, bir tərəfdən Rusiyada artıq hakimiyyəti gücləndirən kommunist-bolşevik hakimiyyəti Rusiyanın keçmiş ərazisinin hamısına hakim olmaq istəyirdi. İkinci tərəfdən də, Azərbaycanın daxilində çox ziddiyyətli proseslər gedirdi. Parlamentdə ayrı-ayrı partiyalar bir-biri ilə rəqabət, hakimiyyət uğrunda mübarizə aparırdı. Şübhəsiz ki, bunlar da Xalq Cümhuriyyətinin fəaliyyətini zəiflədirdi.
Belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti, ilk Azərbaycan Demokratik Dövləti, hökuməti süqut etdi. Ancaq o vaxt Xalq Cümhuriyyətinin liderlərindən bəziləri hesab edirdilər ki, onların tutduğu yol davam edəcəkdir. Məlumdur ki, Məmməd Əmin Rəsulzadə hakimiyyəti bolşeviklərə təhvil verməyə razılıq verərkən bildirmişdi: o güman edir ki, yeni hakimiyyət Azərbaycanın milliliyini, müstəqilliyini qoruyub saxlayacaqdır. Başqaları da belə düşünürdülər. Ola bilər, o vaxt hakimiyyəti Azərbaycan Xalq Cümhuriyyətindən alan azər­baycanlıların bəziləri də, o cümlədən, Nəriman Nərimanov da belə düşünürdü ki, onlar müstəqil cümhuriyyəti başqa ideologiya altında saxlaya biləcəklər. Ancaq təəssüflər ki, belə olmadı.
İkinci mərhələ – 1920-ci ildən 1922-ci ilə qədər olan mərhələ Azərbaycan Sovet Sosialist Respublikasının hakimiyyəti dövrüdür. Bu zaman Azərbaycan Respublikası, Cümhuriyyəti bir dövlət kimi müstəqil olubdur, başqa dövlətlərlə müstəqil əlaqələr qurub və bir neçə beynəlxalq müqavilə də imzalayıbdır. Bunlar hamısı tarixdə məlumdur. Ancaq eyni zamanda bu cümhuriyyət, bu respublika kommunist rejiminin altında olub, kommunist ideologiyasını həyata keçirməyə başlayıbdır. Həhayət, 1922-ci ilin dekabr ayında Sovet Sosialist Respublikaları İttifaqı yaranarkən Azərbaycan Cümhuriyyəti də o İttifaqın yaradıcılarından biri olmuşdur.
Azərbaycan xalqı 70 il Azərbaycan Sovet Sosialist Respublikası vasitəsilə Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olmuş, kommunist, bolşevik ideologiyasını tətbiq etmiş, həyata keçirmişdir. 70 illik bu dövr çox mürəkkəb, ziddiyyətli dövr olmuşdur. Bu dövrə doğru-düzgün qiymət vermək lazımdır. Azərbaycan xalqına 70 il müddətində böyük zərbələr dəymiş, xalqımız böyük məhrumiyyətlərə uğramış, soyqırımına məruz qalmış, böyük itkilər vermişdir.
1920-1930-cu illərdə Azərbaycan xalqının görkəmli şəxsiyyətləri əzilmiş, onların çoxlarının həyatı əzab-əziyyət içində keçmiş və çoxları da repressiyaların qurbanları olmuşlar. 1920-1930-cu illərdə bilavasitə repressiya qurbanları ilə bərabər, Azərbaycan xalqının böyük bir dəstəsi mərhələ-mərhələ öz doğma el-obasından, torpağından uzaq yerlərə – Sibirə, Qazaxıstana, Orta Asiyanın ucqar guşələrinə sürgün edilmişdir. Bu sürgün, repressiya əməliyyatları nəticəsində insanların çoxu məhv olmuş, onların ailələri, həyatı pozul­muşdur. Bu insanlar var-yoxlarını itirmişlər. Bu, Azərbaycan xalqının 1920-1930-cu illərdəki aqibətidir.
1937-1938-ci illərdə Azərbaycan xalqına, xüsusən onun görkəmli insanlarına, ziyalılarına, siyasi xadimlərinə, elm-mədəniyyət xadimlərinə qarşı böyük repressiyalar edilmişdir. Onlar həbs edilmiş, həyatdan məhrum olmuşlar. Onların ailələrinə əziyyətlər verilmişdir. Qəribə hal bundan ibarətdir ki, 1920-ci ildə hakimiyyəti ilk Xalq Cümhuriyyətindən əlinə alan insanların – kommunist, bolşevik ideologiyasına xidmət edənlərin çoxu da 1937-1938-ci illərdə repressiya qurbanları olmuşlar. Görün, Azərbaycan xalqı nə qədər faciələr içərisində yaşamışdır!
Azərbaycan xalqına qarşı soyqırımı edilmişdir. Azərbaycan xalqına qarşı edilən soyqırımın tarixi mənim imzaladığım fərmanda açıq-aydın göstərilmişdir. 1918-ci ilin mart ayında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən soyqırımı xalqımıza böyük zərbələr vurmuşdur.
1937-1938-ci illərdə azərbaycanlıların böyük bir hissəsi guya İran təbəəsi olduqlarına görə məcburən İrana sürgün edilmişdir. Onlar da çox böyük itkilərlə rastlaşmışlar. 1944-1949-cu illərdə də Azərbaycandan xeyli insan sürgün edilmişdir. Nəhayət, 1948-1953-cü illərdə Azərbaycan xalqına – indiki Ermənistan Respublikası adlanan yerdə öz ata-baba torpaqlarında yaşayan azərbaycanlılara qarşı soyqırımı edilmiş, onlar məcburi köçürülmüş, deportasiya olunmuş, yerlərini-yurdlarını, ellərini-obalarını itirmiş böyük itkilər vermişlər, çətinliklərlə rastlaşmışlar.
İkinci dünya müharibəsi böyük qurbanlar aparmış və Azərbaycan xalqının da yüz minlərlə övladları alman faşizminə qarşı müharibədə iştirak edərək həlak olmuşlar.
Bunlar hamısı o dövrdə bizim itkilərimizdir. Ancaq bunlardan ən böyük faciə – 1988-ci ildə Azərbaycanın ərazisinin bir qismini Ermənistan tərəfindən ələ keçirmək məqsədi ilə respublikamıza qarşı edilmiş təcavüzdür.
Ermənistanın Azərbaycan torpaqlarına göz dikməsi və tarixin ayrı-ayrı mərhələlərində Azərbaycan torpaqlarını ələ keçirməsi faktları dünyaya məlumdur. Bunlar həmin 70 il içərisində də olmuşdur. 1988-ci ildə Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün hərbi təcavüz başlanmışdır. Bu da böyük faciələrə gətirib çıxarmışdır.
Nəhayət, bu, 70 ildə xalqımıza qarşı edilən daha bir soyqırımı, təcavüz 1990-cı il 20 Yanvar faciəsidir və bizim ondan sonrakı itkilərimizdir, şəhidlərimizdir, qurbanlarımızdır.
Bunlar hamısı açıq göstərir ki, bu mərhələ, yəni üçüncü mərhələ – 70 il Azərbaycan xalqına böyük zərbələr vurmuşdur.
Eyni zamanda, qeyd etmək lazımdır ki, bu 70 il müddətində bütün bu əzab-əziyyətlərə, zillətlərə, məhrumiyyətlərə baxmayaraq, xalqımız yaşamış, yaratmış, irəliyə getmiş, inkişaf etmişdir. Bu 70 il müddətində itkilərimizlə yanaşı, Azərbaycan xalqının böyük nailiyyətləri də olmuşdur. Ən əhəmiyyətlisi odur ki, Azərbaycan xalqının savad, bilik, elm, mədəniyyət səviyyəsi bu illərdə çox yüksəlmişdir. Azərbaycan xalqı kütləvi olaraq savadlanmış, respublikamızda yüksək ali təhsil ocaqları yaranmış və azərbaycanlıların böyük bir hissəsi ali təhsil almağa və həyatın müxtəlif sahələrində səmərəli iş görməyə nail ola bilmişdir. Azərbaycanın elmi, mədəniyyəti inkişaf etmiş, çox dəyərli elm, mədəniyyət, incəsənət əsərləri yaradılmışdır.
Böyük Üzeyir Hacıbəyov 1919-cu ildə, bu gün hər dəfə sevinclə dinlədiyimiz İstiqlal marşını – müstəqil Azərbaycan Respublikasının dövlət himnini yaratmışdır. Üzeyir Hacıbəyov o vaxt dərk edirdi, anlayırdı ki, bu, xalqa lazımdır. Bu gün fürsətdən istifadə edərək demək istəyirəm ki, o dövrün çətinliklərinə, Üzeyir Hacıbəyovun da nisbətən gənc olmasına baxmayaraq o, çox gözəl, əzəmətli dövlət himni yaratmışdır. İndi, biz başqa ölkələrlə əlaqələr qurduğumuz zaman, onların da himnlərini diqqətlə, hörmətlə dinləyirik. Mən hər dəfə ayrı-ayrı ölkələrdə Üzeyir Hacıbəyovun musiqisi ilə yaradılmış himnin səsləndiyini duyarkən qürur hissi keçirirəm. Təkcə ona görə yox ki, müstəqil Azərbaycanın dövlət himni dünyanın bir çox ölkələrində səslənir və Azərbaycanın dövlət bayrağı qalxır. Bir də ona görə ki, həqiqətən, himnin musiqisi çox cazibədardır, gözəldir.
Üzeyir Hacıbəyov 1937-ci ildə, repressiya illərində özünün şah əsərini – “Koroğlu” operasını yaratmışdır. “Koroğlu” operasının uvertürası himnə bərabər bir əsərdir. Təsadüfi deyildir ki, “Koroğlu” operasının uvertürası çalınarkən xalqımız çox hallarda onu himn kimi qəbul edir.
Təkcə bu faktı gətirməklə mən onu bir daha təsdiq etmək istəyirəm ki, bütün çətinliklərə baxmayaraq, o illərdə Azərbaycan inkişaf etmişdir. Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, böyük sənaye, aqrar potensialı yaranmışdır. Mövcud olan şəhərlər tikilmiş, inkişaf etmiş, genişlənmişdir. Yeni-yeni şəhərlər yaranmış, yollar, körpülər salınmış, dəmir yolları çəkilmiş, elektrik stansiyaları qurulmuş, böyük zavodlar, fabriklər, mədəniyyət sarayları, böyük əsərə bənzəyən Bakı Metropoliteni yaranmışdır.
Bunların hamısı həmin 70 ildə Azərbaycan xalqının zəkası, fədakarlığı, əməyi, zəhməti nəticəsində meydana gəlmişdir. Azərbaycanda böyük intellektual potensial yaranmışdır. Bunlar hamısı 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan edərkən dövlət müstəqilliyinin əsaslarını təşkil etmişdir.
Nəhayət, dördüncü mərhələ 1991-ci ilin sonunda Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi və müstəqillik dövrüdür. Bu, bizim ən xoşbəxt dövrümüzdür. Çünki Azərbaycan dövlət müstəqilliyini elan edib, bu illərdə dövlət müstəqilliyini təsdiq edib, qoruyub saxlaya bilib, dövlət müs­təqilliyini möhkəmlədib və bu gün bir də bəyan edirəm ki, dövlət müstəqilliyini əbədi edibdir.
Ancaq bu dövr müəyyən mənada 1918-1920-ci illərə bənzəyirsə də, bir çox səbəblərə görə ondan fərqlidir. Çünki bu dövrdə Azərbaycan xalqı çox böyük faciələrlə rastlaşıbdır. Bir tərəfdən, biz xoşbəxtik ki, nəhayət, dövlət müstəqilliyimizi elan etmişik, Dünya Birliyi bunu qəbul edibdir və biz müstəqil dövlətdə, azad ölkədə yaşayırıq, milli azadlığa çıxmışıq. İkinci tərəfdən, bir çox ciddi problemlər Azərbaycanın vəziyyətini ağırlaşdırıb və çətinləşdiribdir. Ən ağır, ən çətin problem Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun ölkəmiz üçün çox ağır olan nəticələridir.
Mən artıq dedim ki, bu təcavüz, bu münaqişə 1988-ci ildə başlayıbdır. Bu gün mən bildirməliyəm ki, o vaxt bu münaqişənin qarşısı alına bilərdi və alınmalı idi. Əgər o vaxt münaqişənin qarşısı alınmadısa, bu, bir tərəfdən, o dövrdəki sovet hökuməti rəhbərliyinin Azərbaycana olan qəsdi idi, ikinci tərəfdən də Azərbaycan Respublikası rəhbərlərinin fəaliyyətsizliyi, qeyrətsizliyi və fərasətsizliyi idi. Çünki 1918-1919, 1920-ci illərdə də Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ problemi ilə rastlaşmışdı, Qarabağda döyüşlər gedirdi. O vaxt Azərbaycan Xalq Cümhuriyyətinin hərbi hissələrinin böyük bir hissəsi Qarabağa göndərilmişdi. Çünki o vaxt da erməni millətçiləri Qarabağda hakim olmaq və Qarabağı ələ keçirmək istəyirdilər.
Ondan sonrakı zamanda – 1920, 1921, 1922-ci illərdə də bu proseslər davam etmiş və nəhayət, Dağlıq Qarabağ Muxtar Vilayəti yaranmışdı. Ancaq sonrakı dövrdə – 30-cu, 40-cı,50-ci, 60-cı, 70-ci illərdə də erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdı. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam.
Ona görə də mən bu gün deyirəm ki, o vaxt – 1988-ci ildə onun qarşısı alına bilərdi. Sadəcə, onu deyim ki, Sovet İttifaqının o vaxtkı rəhbərliyi və şəxsən Qorbaçov Azərbaycana mənfi münasibət göstərərək, həqiqətən ermənilərə xidmət etmək məqsədi ilə buna yol verdi. Azərbaycanın o vaxtkı – 1988, 1989, 1990-cı illərdə olan rəhbərləri də öz xalqının milli mənafeyini qoruya bilmədilər, xalqın onlara göstərdiyi etimada layiq ola bilmədilər. Amma bunu etmək mümkün idi.
Sonrakı dövrdə isə, münaqişə artıq müharibəyə çevriləndən sonra, şübhəsiz ki, vəziyyət çox çətinləşmişdi. Beləliklə, Azərbaycan öz dövlət müstəqilliyini əldə edərkən ağır bir problemlə rastlaşmışdı. O vaxtlar Ermənistan - Azərbaycan müharibəsi gedirdi. Demək, bir tərəfdən müstəqil dövlət qurmaq, ikinci tərəfdən də Ermənistan – Azərbaycan münaqişəsində Azərbaycan mənafelərini qoruyub saxlamaq lazım idi.
Şübhəsiz ki, belə bir vəziyyətdə Azərbaycanın o zamankı hakimiyyətinin vəzifəsi bütün qüvvələri səfərbər etməkdən, əlbir olmaqdan, bütün siyasi qüvvələrin bir nöqtədə birləşib Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdən və eyni zamanda Ermənistan – Azərbaycan münaqişəsini həll etməkdən ibarət olmalı idi. Ancaq təəssüflər olsun ki, bu, belə olmadı. Azərbaycanın daxilində gedən ictimai-siyasi proseslər Azərbaycan Respublikasını çox ağır, gərgin bir vəziyyətə gətirib çıxardı. Bunlar hamısı da Azərbaycanın itkilər verməsinə səbəb oldu, Azərbaycana zərbələr, zərərlər vuruldu.
Əgər təhlil etsəniz, bu dövrün də müəyyən mərhələləri var. Ancaq hesab edirəm ki, bu, dövrün ən böhranlı nöqtəsi 1993-cü ilin iyun ayı və ondan sonrakı aylar idi. Məlumdur ki, beş il bundan öncə, 1993-cü il mayın sonunda Azərbaycanda hakimiyyət böhranı baş verdi. Hakimiyyətdə olan qüvvələr artıq müstəqil Azərbaycanı idarə edə bilmirdilər. Əhalidə narazılıq günü-gündən artırdı. Bunlardan istifadə edən xarici və daxili qüvvələr Azərbaycanda hakimiyyəti ələ keçirmək cəhdləri göstərirdilər. Nəhayət, iyun ayında bunların hamısı baş verdi və Azərbaycanda vətəndaş müharibəsi başlandı.
Məlum Gəncə hadisələrini xatırlayaq, Azərbaycan ərazisinin bir qismi artıq mərkəzi hakimiyyətin əlindən çıxmışdı. Bununla bərabər, cənub bölgəsində hakimiyyəti ələ keçirən cinayətkar dəstələr cənubda yeddi rayonu Azərbaycanın hakimiyyətindən çıxarmışdılar. Azərbaycanın şimalında da vəziyyət çox gərginləşmişdi. Azərbaycan vətəndaş müharibəsi şəraitində idi. Vətəndaş müharibəsi başlanmışdı, qan tökülürdü. Gəncədə də qan töküldü, Bakıda da.
İndi beş il keçibdir. İnsan yaddaşı belə şeyləri tez unudur. Ancaq o günləri bir dəqiqəliyə xatirinizə salın. Azərbaycan Xalq Cümhuriyyətinin 75 illiyi qeyd olunarkən Azərbaycan fövqəladə hərbi rejim şəraitində yaşayırdı. Azərbaycanın bütün məntəqələrini təyin olunmuş hərbi komendantlar idarə edirdilər. İnsanlar bütün azadlıqlardan məhrum olmuşdular. Küçələrdə qanunsuz silahlı dəstələr, cürbəcür cinayətkar qruplar tüğyan edirdi. Nəhayət, bunlar hamısı vətəndaş müharibəsinə gətirib çıxardı.
Bilirsiniz ki, biz bunların qarşısını ala bildik. Hesab edirəm ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında 1993-cü il tarixi əhəmiyyət kəsb edir. Mən tam məsuliyyətlə deyirəm ki, 1993-cü ilin iyun ayında Azərbaycan parçalanmaq və məhv olmaq təhlükəsi altında idi. Bunu hamınız gözünüzlə görmüsünüz. Bizim xalq yazıçımız Anar dünən dedi ki, əgər 1993-cü ilin iyun ayında bu məsələlərin qarşısı alınmasaydı, biz müstəqilliyimizi bəlkə, doğrudan da yenidən itirə bilərdik. Bu həqiqətdir. Çünki Azərbaycanın müstəqil dövlət kimi yaşamasını, inkişaf etməsini xaricdəki düşmənlərimiz heç vəchlə istəmirlər. Bir tərəfdən Ermənistan Azərbaycana qarşı ərazi iddiası edir, başqa ölkələrin də bəzi dairələri Azərbaycanı öz tabeliyində saxlamaq istəyirlər. Onların bəziləri üçün müstəqil, bütöv, sərbəst və uğurla inkişaf edən Azərbaycan sərfəli deyildir. 1993-cü ilin iyunundakı və sonrakı aylardakı hadisələr təkcə ayrı-ayrı silahlı dəstələrin çıxışının və eyni zamanda hakimiyyətin fəaliyyətsizliyinin nəticəsi deyildi. Bu həm də xarici xidmət orqanlarının Azərbaycanı dağıtmaq, parçalamaq planları idi. Biz bu planları dağıtdıq, onların qarşısını aldıq. Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlaya bildik.
Məlumdur ki, ondan sonrakı dövr də Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün asan olmamışdır. 1994-cü ilin oktyabr hadisələri və dövlət çevrilişinə cəhd xatirinizdədir. Yalnız və yalnız xalqın dövlətə, hakimiyyətə, dövlət başçısına inamı və etibarı, etimadı o faciənin qarşısını aldı. Artıq onda da Gəncədə hakimiyyət həmin o cinayətkar qüvvələrin əlinə keçmişdi. Onlar öz qüvvələrini elə qurmuşdular ki, əgər xalqın birliyi, dövlətə dəstəyi olmasaydı, onlar öz silahları ilə çox qan tökə, çox cinayətlər edə bilərdilər.
Ondan əvvəl Lənkəran hadisələri baş verdi. Bunu heç vaxt unutmaq lazım deyildir. Bu, dəhşətli bir dövr idi. 1993-cü ildə Bakıda, Azərbaycanın başqa bölgələrində vəziyyət gərgin olduğu halda separatçı, cinayətkar qruplar dəstələr Azərbaycan ordusunun böyük bir hissəsini – üç mindən artıq şəxsi heyəti olan hissəsini, silahını, sursatını, texnikasını Lənkəran bölgəsinə çəkib gətirib, orada özünə dövlət qurmaq və Azərbaycanı parçalamaq istəyirdilər. Biz onun da qarşısını topla - tüfənglə yox, xalqın gücü ilə aldıq. Biz onun qarşısını xalqın, Lənkəranın, bu bölgənin camaatının Azərbaycan dövlətinə, dövlətçiliyinə, Azərbaycanın dövlət başçısına olan etimadının əsasında aldıq.
Nəhayət, 1995-ci ilin mart hadisələri və Azərbaycanda dövləti yenidən zorla, silahla, güclə devirmək və hakimiyyəti ələ keçirmək cəhdi oldu. Burada artıq həm xarici xüsusi xidmət orqanları, həm də daxildə olan müxalifət qüvvələrinin hamısı böyük bir silahlı dəstənin – OMON-un ətrafında birləşmişdi. Qəribə haldır. Mən bunu parlamentdə dünənki çıxışımda da dedim, bu gün də deyirəm ki, tarix hər kəs üçün ibrət dərsi olmalıdır. Biz tarixdən ibrət götürməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verərək, onun parlamentinin içində olan çəkişmələri də yaxşı bilirik. Öz şəxsi, firqə mənafelərini milli, ümumdövlət mənafeyindən üstün qoyan və Azərbaycanın o ağır hakimiyyət uğrunda mübarizə aparan qüvvələr də tarixi sənədlərdən bizə yaxşı məlumdur. İndi həmin şey təkrar olunur.
1995-ci ilin mart ayında bütün o qüvvələr – 1993-cü ildə cinayətkar silahlı dəstələrin əlindən Azərbaycan dövlətinin və dövlət başçısının fəaliyyəti nəticəsində qurtulmuş və gizlənmiş qüvvələr gəlib həmin OMON dəstəsinin ətrafında toplaşıb hakimiyyəti yenidən devirməyə cəhd göstərirdilər. Soruşulur, - nədən ötrü, nə üçün? Yenə də Azərbaycanı parçalamaq, yenə də dağıtmaq, qan tökmək üçün? Məhz ona görə ki, kimsə hakimiyyət əldə etmək, vəzifə almaq istəyir. Öz şəxsi mənafelərini dövlət, milli, xalq mənafeyindən üstün qoyan və dövləti idarə etmək imkanına, keyfiyyətinə malik olmayan insanlar hakimiyyət uğrunda mübarizə apararaq 1995-ci ilin mart hadisələrinə qoşuldular.
Ancaq Azərbaycan dövləti artıq öz gücünü toplamışdı. Azərbaycan dövləti öz gücünü göstərdi və həmin çevrilişə cəhdin də qarşısını aldı. Ondan sonrakı ayrı-ayrı təxribatlar, terror cəhdləri də həmin bu daxili düşmənlərin xarici düşmənlərlə birlikdə Azərbaycana qəsd məqsədi ilə həyata keçirdikləri tədbirlərdir.
Mən bu bayram günü böyük iftixarla, qürur hissi ilə deyirəm:
Azərbaycan xalqı qarşısında xidmətimiz ondan ibarətdir ki, biz xalqımızı bütün bu çətin mərhələlərdən keçirmişik və respublikamızın dövlət müstəqilliyini qorumuşuq, saxlamışıq, onu daha da möhkəmləndirmişik.
Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik. 1991-ci ildə Azərbaycanda müstəqillik elan edilərkən yazılıbdır ki, 1920-ci ildə itirilmiş müstəqillik bərpa olunur. Mən bu gün qürurla deyirəm ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisləriyik.
1918,1919,1920-ci illərdə Azərbaycanda əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu bu gün respublikamızda sürətlə həyata keçirilir, inkişaf etdirilir. Hesab edirəm ki, bu son illər Azərbaycanın çətin şəraitdə çox əhəmiyyətli nailiyyətləri vardır.
Birinci nailiyyət ondan ibarətdir və bu, ən böyük nailiyyətimizdir ki, biz xalqımızı bu bəlalardan, cürbəcür daxili dövlət çevrilişi cəhdlərindən xilas etdik və Azərbaycanda daxili ictimai-siyasi sabitlik yaratdıq. Bu sabitlik Azərbaycanın hər bir vətəndaşı üçün lazımdır. Bu sabitlik hər bir vətəndaşın hüquqlarının qorunmasını təmin edir. Bu sabitlik Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurucu­luğu prosesinin həyata keçirilməsinin təmin olunması üçün əsas şərtdir. Bu sabitlik Azərbaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsi üçün çox vacib bir vasitədir. Ona görə də bu, bizim ən böyük nailiyyətimizdir. Mən əminəm ki, biz xalqın birliyi və Azərbaycan dövlətinin, hökumətinin düzgün siyasəti ilə bu sabitliyi bundan sonra daha da möhkəmləndirəcəyik, qoruyacağıq və saxlayacağıq.
Azərbaycan Xalq Cümhuriyyəti az yaşadı, əsas qanununu – Konstitusiyasını qəbul edə bilmədi. Biz 1995-ci ildə demokratik, müstəqil dövlət kimi Azərbaycanın ilk demokratik Konstitusiyasını ümumxalq səsverməsi ilə yaratdıq. Bu, bizim əsas qanunumuzdur və biz bununla fəxr edə bilərik.
1995-ci ilin noyabrında çoxpartiyalı sistem əsasında demokratik, sərbəst seçkilər vasitəsilə Azərbaycanın ilk parlamenti seçildi. Beləliklə, Azərbaycanın xalq tərəfindən seçilmiş hakimiyyəti, xalq tərəfindən bəyənilmiş və təsdiq olunmuş Konstitusiyası, xalq tərəfindən seçilmiş parlamenti, xalq tərəfindən seçilmiş prezidenti vardır.
Biz Azərbaycanda daxili vəziyyəti sabitləşdirərək doğru-düzgün, düşünülmüş xarici və daxili siyasəti müəyyən etmişik və onların həyata keçirilməsini təmin edirik. Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir. Biz bu siyasətimizi ardıcıl surətdə aparırıq və bundan sonra da aparacağıq. Məlumdur ki, bizim bu siyasətimiz də dünya miqyasında Azərbaycana böyük hörmət qazandırmışdır. Beynəlxalq təşkilatlarda – Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Avropa Birliyində, Avropa Şurasında, İslam Konfransı Təşkilatında, başqa təşkilatlarda Azərbaycanın özünə layiq yeri vardır. Dünyanın bir çox ölkələri ilə bilavasitə əlaqələr qurulubdur, çoxsaylı müqavilələr, sazişlər imzalanıbdır, onlar həyata keçirilir. Beləliklə, həm siyasi, həm də iqtisadi əlaqələr genişlənir, inkişaf edir.
Biz demokratik dövlət kimi dünyanın bütün demokratik dövlətləri ilə əlaqə qurmağı siyasətimizin üstün cəhəti hesab edirik və bundan sonra da hesab edəcəyik. Biz demokratik ölkə kimi gəncik və gənc olaraq həm ölkəmizdə demokratiyanı qurmağa, yaratmağa çalışırıq, həm də demokratiya cəhətdən inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə edirik və bundan sonra da istifadə edəcəyik. Başqa dövlətlərlə, ölkələrlə əlaqələrimizdə bu məsələlər xüsusi yer tutur.
Biz Ermənistan – Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Artıq dörd ildir ki, atəş yoxdur. Biz dörd il bundan əvvəl atəşkəs haqqında imzaladığımız sazişə əməl edirik, atəşkəs rejimini qoruyub saxlayırıq və bundan sonra da saxlayacağıq.
Biz hesab edirik ki, məsələni sülh yolu ilə həll etmək olar. ATƏT-in Minsk qrupunun Minsk qrupu həmsədrlərinin – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın, Minsk qrupu üzvlərinin hamısının fəaliyyəti ilə və bizim özümüzün fəaliyyətimizlə məsələnin sülh yolu ilə həllinə nail olmağa çalışırıq. Bu gün mən bir də bəyan edirəm ki, biz bu məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və atəşkəs rejimini bundan sonra da qoruyub saxlayacağıq.
Başqa ölkələrlə bizim iqtisadi əlaqələrimiz də çox genişdir. Siz bunu yaxşı bilirsiniz, bunların nəticələrini də çox yaxşı bilirsiniz. İndi Azərbaycanın iqtisadiyyatına, ölkəmizlə iqtisadi əlaqələr qurmağa böyük maraq var. Bilirsiniz ki, 1994-cü ildə böyük bir müqavilə – “Əsrin müqaviləsi”, Xəzər dənizinin Azərbaycan sektorundakı üç neft yatağında müştərək iş görmək üçün 11 şirkətlə müqavilə imzalanmışdır. Artıq bu müqavilə həyata keçirilir. “Çıraq” yatağından neft alınır və bu neft ixrac olunur. Biz gördüyümüz işlərin nəticəsini müşahidə edirik.
Ondan sonra daha 8 müqavilə imzalanıbdır. Yaxın vaxtlarda yeni müqavilələr də imzalanacaqdır. İyunun əvvəlində Azərbaycanda beşinci dəfə beynəlxalq neft-qaz sərgisi keçiriləcəkdir. Beləliklə, Azərbaycan beynəlxalq aləmdə öz siyasəti ilə, iqtisadiyyatında apardığı islahatlarla, iqtisadi əlaqələri ilə dünyanın böyük neft mərkəzi kimi keçmiş adını özünə qaytarır və Azərbaycanın neft sənayesi, neft yataqları həm xalqımız üçün, həm də bizimlə müştərək iş görənlər üçün böyük fayda gətirəcəkdir.
Azərbaycanın daxili siyasətində apardığımız işlər də sizə məlumdur. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulur. Azərbaycan Konstitusiyasının insan haqlarına aid olan maddələrinin hamısının həyata keçirilməsi təmin edilir. İnsan haqları qorunur, insan haqlarına əməl olunur. Biz bu sahədə xeyli iş görmüşük, ancaq demirəm ki, bütün işləri başa çatdırmışıq. Bu, elə bir sahədir ki, buna daim diqqət yetirilməlidir və biz də bunu edirik. Bu sahəyə diqqətimizi və bu sahədəki fəaliyyətimizi göstərən cəhətlərdən biri də odur ki, biz bir tərəfdən Azərbaycanda cinayətkarlıqla mübarizə aparırıq, cinayətkar silahlı dəstələri ləğv etdik, Azərbaycan xalqını xilas etdik. Artıq Bakıda qanunsuz, azad, açıqca avtomatla gəzən quldurlar yoxdur, əgər belələri peyda olursa, dərhal hüquq mühafizə orqanları tərəfindən zərərsiz­ləşdirilirlər. Azərbaycanda cinayətkarlıqla mübarizə güclənib və bunun nəticəsində də əmin-amanlıq yaranıbdır, ictimai-siyasi sabitliyə nail olmuşuq. Bu siyasət bundan sonra da davam edəcəkdir.
Ancaq bununla yanaşı, biz cəza tədbirlərinin humanistləşdirilməsi sahəsində də çox işlər görmüşük və görürük. Hüquqi islahatlar aparırıq, bu sahədəki tədbirlərimiz öz nəticəsini verir. Bilirsiniz ki, Şərq aləmində ilk dəfə olaraq bu ilin əvvəlində Azərbaycanda ölüm hökmü ləğv edildi. Bu, Azərbaycan dövlətinin, hökumətinin nə qədər demokratik, nə qədər humanist olduğunu dünyaya bir daha nümayiş etdirdi.
Cinayət edərək cəza çəkənlərə də bir çox əfv və amnistiya aktları tətbiq olunubdur. Mənim verdiyim fərmanlarla son üç ildə həbs cəzası çəkən 1800 nəfər əfv edilibdir. Mənim təşəbbüsümlə və Milli Məclisin qəbul etdiyi qərarla üç amnistiya həyata keçirilib, 37 min Azərbaycan vətəndaşı cəzadan azad olunub, onların əksəriyyəti həbsxanalardan buraxılıbdır. Bunlar hamısı bizim bir tərəfdən qanunçuluğu möhkəmləndirmək, ikinci tərəfdən də cəza qanunlarını humanistləşdirmək xəttimizi, eyni zamanda insanlara rəhm, humanistlik etməyimizi göstərir. Biz bu siyasətimizi bundan sonra da davam etdirəcəyik.
Azərbaycanda demokratiyanın yaşaması, inkişaf etdirilməsi üçün bütün imkanlar yaradılıbdır. Mətbuat, vicdan, söz azadlığı, siyasi plüralizm – hamısı təmin olunub və bundan sonra da təmin ediləcəkdir. Bəlkə kimsə hesab edir ki, bu azdır. Azərbaycan üçün bunlar heç də az deyil, amma bu azadlıqdan kimə nə qədər lazımdırsa, qoy o qədər də istifadə etsin. Heç kəsə heç bir məhdudiyyət yoxdur. Azərbaycanda insan azaddır, müstəqildir, öz müstəqil fikrini hər yerdə ifadə edə bilər, heç kəs bunun qarşısını ala bilməz.
Dövlət quruculuğu sahəsində islahatlar həyata keçirilir və bundan sonra da keçiriləcəkdir. Biz iqtisadiyyat sahəsində çox ciddi islahatlar aparırıq və onların da müsbət nəticələrini əldə etmişik. Bunlar göz qabağındadır. Biz 1994-cü ildən başlayaraq bu islahatları ardıcıl surətdə həyata keçiririk. Ümumiyyətlə, iqtisadiyyatda liberallaşdırma, xarici ticarətin liberallaşdırılması, idxal-ixrac əməliyyatlarının tamamilə sərbəstləşdirilməsi Azərbaycanın iqtisadiyyatında böyük müsbət dəyişikliklər əmələ gətiribdir.
Özəlləşdirmə proqramı qəbul olunub və ardıcıl surətdə həyata keçirilir. Bildirmək istəyirəm ki, bu da öz müsbət nəticələrini verir. Kiçik özəlləşdirmə artıq sona çatıb. İndi böyük özəlləşdirmə, yəni orta və iri müəssisələrin özəlləşdirilməsi və səhmdar cəmiyyətlərinə çevrilməsi prosesi başlayıbdır. Bunları da ardıcıl surətdə həyata keçiririk və keçirəcəyik. Özəlləşdirmə, xarici ticarətdə verilən sərbəstlik sayəsində, ümumiyyətlə, Azərbaycan əhalisinin həm ərzaq məhsulları, həm də bütün başqa istehlak malları ilə təmin olunması sahəsindəki problemlərin hamısı aradan götürülübdür. İndi Azərbaycanın hər yerində kim nə istəyirsə, onu da ala bilər və istədiyi kimi də sərbəst ticarət apara bilər. Bunlar hamısı özəlləşdirmənin və iqtisadi islahatların müsbət nəticələridir.
Aqrar sahədə aparılan islahatlar daha da çox nəticələr verir. 1996-cı ildə “Torpaq islahatı haqqında” qəbul etdiyimiz qanun ardıcıl surətdə həyata keçirilir. Torpağın çox hissəsi artıq şəxsi mülkiyyətə verilibdir. Məmnuniyyətlə qeyd edirəm ki, şəxsi mülkiyyətə verilən torpaqlardan daha çox məhsul götürülür, daha səmərəli istifadə olunur. Aqrar sektorda heyvandarlıq sahəsi tamamilə özəlləşdirilib və bunun müsbət nəticələri göz qabağındadır. Azərbaycanda ət-süd məhsullarının, bütün heyvandarlıq məhsullarının bu qədər bol olması məhz özəlləşdirmənin nəticəsidir. Bu proses də davam edir və bundan sonra da davam edəcəkdir. Bir sözlə, Azərbaycan bazar iqtisadiyyatı yolu tutubdur, bu yolla gedir və gedəcəkdir.
Bütün Azərbaycan vətəndaşlarını əmin edirəm ki, müstəqil Azərbaycanın dövlətçilik sahəsində yolu demokratiya yoludur, insan haqlarının qorunması yoludur. İqtisadiyyat sahəsində bazar iqtisadiyyatı, açıq qapı siyasəti, dünya iqtisadiyyatı ilə geniş inteqrasiya yoludur. Biz bu yolla gedərək çox nailiyyətlər əldə etmişik və ümidvaram ki, gələcəkdə daha çox nailiyyətlər əldə edəcəyik.
Aparılan islahatlar nəticəsində iqtisadiyyat sahəsində müsbət göstəricilər var. Bunlar ondan ibarətdir ki, ümumi daxili məhsul istehsalı 1997-ci ildə 5,8 faiz artmışdır, 1998-ci ilin dörd ayında isə 8,5 faiz artmışdır. Təsəvvür edin, ötən illərdə – 1991-1992-ci illərdə, ondan sonrakı illərdə ümumi daxili məhsul istehsalı hər il təxminən 20,21,22 faiz aşağı düşürdü. Biz 1996-cı ildə bunu dayandırdıq, 1997-ci ildə 5,8 faiz artırdıq, 1998-ci ilin dörd ayında isə 8,5 faiz artıbdır.
Sənaye istehsalı 1990-cı ildən aşağı düşürdü. 1996-cı ildə bunu da dayandırdıq. 1997-ci ildə az da olsa, artım var. Bunun özü çox müsbət haldır – sənaye istehsalı 0,3 faiz artıbdır. 1998-ci ilin dörd ayında isə 0,4 faiz artıbdır. Bunlar çox yaxşı göstəricilərdir.
Biz pul-maliyyə dövriyyəsində də yaxşı nailiyyətlər əldə etmişik. Bilirsiniz ki, inflyasiya Azərbaycanı boğurdu.1994-cü ildə inflyasiya 1600 faiz idi. Biz bunu tədricən aşağı endirdik və son iki ildə inflyasiya, demək olar, yoxdur, yaxud da dünyanın ən inkişaf etmiş dövlətlərinin səviyyəsindədir. Manatın dəyəri günü-gündən artır və ötən dörd ay müddətində dollara nisbətdə 4 faiz artmışdır.
Azərbaycana investisiya, ümumiyyətlə, kapital qoyuluşu artmışdır. Keçən il bu artım 60-70 faiz olmuşdur. Bu ilin dörd ayında isə o səviyyə ilə müqayisədə 60 faiz də artmışdır Azərbaycana xarici investisiyanın gəlməsi ilbəil artır. Keçən il xarici investisiyanın həcmi 1 milyard 300 milyon Amerika dolları olmuşdur. Bu göstəriciyə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ən birinci yerdədir. Azərbaycanda adambaşına 160 dollar investisiya düşür. Bunlar həm bu gün, həm də gələcək üçün çox əhəmiyyətli göstəricilərdir.
Mən dedim ki, biz açıq qapı siyasəti aparırıq. İndi Azərbaycana çox investorlar gəlir və bunlar da təkcə neft və qaz sənayesinə yox, bir çox başqa sahələrə də gəlirlər. Biz onların gəlməsi və Azərbaycanda fəaliyyət göstərməsi üçün bütün imkanları yaratmışıq. Birinci növbədə bizim qəbul etdiyimiz qanunlar onlar üçün əlverişli şərait yaradıbdır. Bu qanunlardan əlavə, mən bir çox fərmanlar vermişəm. Bundan sonra da lazım olan şərait yaradılacaq ki, Azərbaycana xarici investisiya axını daha da güclənsin. Hər halda, bu gün mövcud olan vəziyyət, hesab edirəm ki, bizdə böyük məmnuniyyət hissi doğurmalıdır.
Bütün bunların nəticəsində Azərbaycanda insanların yaşayışı, güzəranı da müəyyən qədər yaxşılaşıbdır. Məsələn, işçilərin əmək haqqı keçən il 60 faiz artmışdır. Bu ilin dörd ayında iqtisadiyyatda işləyənlərin əmək haqqı 38 faiz yüksəlmişdir. 1997-1998-ci illərdə pensiyaçıların əksəriyyətinin pensiyaları təxminən iki dəfə artmışdır. Büdcədən maliyyələşdirilənlərin əmək haqqı 50 faiz çoxalmışdır.
Şübhəsiz ki, bunlar hamısı müsbət göstəricilərdir. Mən anlayıram, başa düşürəm ki, bunlar Azərbaycan vətəndaşlarının bu gün istədikləri kimi yaşamasına hələ imkan vermir, hələ çoxlu problemlər, ağır, çətin şəraitdə yaşayan insanlar vardır. Bizi xüsusən narahat edən köçkünlər düşərgələrində, çadırlarda yaşayan, yerlərindən, yurdlarından didərgin düşmüş insanlardır. Onların vəziyyəti bizi çox narahat edir. Bun­ların hamısı bizim diqqət mərkəzimizdədir. Görülən işlər respublika əhalisinin bütün təbəqələrinə bu və ya başqa miqdarda öz bəhrəsini gətirir və bundan sonra da gətirəcəkdir.
Mən bu gün bəyan edirəm ki, özəlləşdirmə, iqtisadi islahatların, torpaq islahatının həyata keçirilməsi, insanlara sərbəstlik verilməsi, sahibkarlara göstərilən yardım, diqqət, respublikamızda sahibkarlıq fəaliyyətinin günü-gündən ink­şaf etməsi – bunlar hamısı Azərbaycanın iqtisadiyyatını daha da dirçəldəcək və yüksəklərə qaldıracaqdır.
Bunlar hamısı onu göstərir ki, biz müstəqil Azərbaycanda ağır şərtlər içərisində, bir çox problemlərlə rastlaşaraq öz dövlət müstəqilliyimizi günü-gündən möhkəmləndiririk, inkişaf etdiririk. Azərbaycan bir müstəqil dövlət kimi son dövrdə, yəni 1990-cı illərdə müstəqillik qazanmış dövlətlər içərisində öz müstəqilliyinə görə bəzən nümunə göstərilən ölkə səviyyəsinə gəlib çatmışdır.
Bunlar hamısı bizim sərvətimizdir. Biz bunlarla fəxr edirik. Azərbaycan xalqının bu yolda böyük itkiləri də olubdur. Mən dedim, - bu 80 il müddətində bizim xalqımızın başına böyük bəlalar gəlibdir, qurbanlar vermişik, itkilərimiz olubdur. Biz Azərbaycan torpaqlarının qorunması yolunda şəhidlər vermişik. 20 Yanvar faciəsi ilə əlaqədar şəhidlərimiz vardır. Bütün bu şəhidlərin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Bu gün, bu bayram günü mən rica edirəm ki, şəhidlərin xatirəsini yad etmək məqsədi ilə bir dəqiqə sükut edək.
Allah bütün şəhidlərə, Azərbaycan xalqının bütün qurbanlarına rəhmət eləsin.
Əziz dostlar!
Əziz bacılar, qardaşlar!
Bu gün biz Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyini böyük iftixar, minnətdarlıq hissi ilə qeyd edirik, bayram edirik. Bu gün biz Azərbaycanda müstəqilliyin, demokratiyanın əsaslarını yaradan insanları böyük minnətdarlıq hissi ilə yad edirik. Bu gün biz 80 illik yolumuza bir də nəzər salırıq. Nailiyyətlərimizlə fəxr edirik, itkilərimizə görə kədərlənirik. Ancaq biz irəliyə baxırıq. Azərbaycanın bir müstəqil dövlət kimi yaşaması üçün artıq bütün əsaslar yaranıbdır. Bu gün Azərbaycanın dövlət müstəqilliyi təmin olunubdur və əmin ola bilərsiniz ki, bu dövlət müstəqilliyi etibarlı əllərdədir.
Mən bu gün Azərbaycanın milli azadlığı, müstəqilliyi yolunda xidmət göstərmiş, həlak olmuş, özünü qurban vermiş insanların ruhu qarşısında baş əyirəm. Azərbaycan xalqını, Azərbaycanın bütün vətəndaşlarını əmin edirəm ki, biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın mili azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq!
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın sarsılmaz, əbədi, müstəqil Azərbaycan!

28 May – Respublika günü münasibətilə Azərbaycan xalqına
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müraciəti

(27 may 1999)

Əziz həmvətənlər, bacılar və qardaşlar, dostlar!
Sizi Türkiyədən – Antalyadan səmimi-qəlbdən salamlayıram. Sizi, Azərbaycanın bütün vətəndaşlarını istiqlaliyyət günü, Respublika günü – 28 May günü münasibətilə ürəkdən təbrik edirəm.
Əsrin əvvəlində – 1918-ci ildə Azərbaycan xalqı öz müstəqilliyinə nail ola bildi, xalq cümhuriyyəti yarandı. Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı, xalq cümhuriyyəti qısa bir zamanda çox işlər gördü. Ən mühümü odur ki, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarını qurdu, Azərbaycan dövlətinin, hökumətinin təsisatlarını yaratdı.
Ancaq 23 aydan sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu gün müstəqil Azərbaycanda 1918-ci ildə xalq cümhuriyyətini yaradanları, təşkil edənləri – Məmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Yusifbəylini, xalq cümhuriyyəti hökumətinin bütün üzvlərini böyük minnətdarlıq hissi ilə xatırlayırıq. Onların gördüyü işlər, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Ondan sonrakı dövrdə Azərbaycan Sovetlər İttifaqının tərkibində respublika olaraq yaşadı, inkişaf etdi. O dövrdə Azərbaycan böyük inkişaf yolu keçdi. Azərbaycanın elminin, mədəniyyətinin, iqtisadiyyatının, həyatının bütün sahələrinin inkişafında xidmətlər göstərmiş soydaşlarımızı bu gün məmnuniyyət hissi ilə xatırlayırıq.
1991-ci ilin sonunda Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdi. Səkkizinci ildir ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır. Azərbaycanın dövlət müstəqilliyi gündən-günə möhkəmlənir, inkişaf edir və dönməz olmuşdur. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesi gedir. Biz ötən illərdə müstəqil Azərbaycanın bütün sahələrdə inkişaf etməsi üçün xeyli işlər görmüşük və böyük nailiyyətlər əldə etmişik.
Azərbaycan demokratiya yolu ilə gedir, Azərbaycan öz dövlətçiliyini inkişaf etdirir. Azərbaycan dövlətinin, hakimiyyətinin bütün qanadları yaranıbdır və fəaliyyət göstərir. Azərbaycan müstəqil dövlət kimi ilk Konstitusiyasını qəbul etdi. Azərbaycanda iqtisadi, siyasi islahatlar gedir.
Bu dövrdə bizim ən böyük nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanı siyasi və iqtisadi böhrandan çıxara bildik. 1993-cü ildən etibarən Azərbaycanda daxili ictimai-siyasi sabitliyi möhkəmləndirməyə başladıq. Vətəndaş müharibəsinin qarşısını aldıq, Azərbaycan parçalanmaq təhlükəsindən qurtardı. Azərbaycanın daxilində müxtəlif qanunsuz dəstələr, qruplar ləğv olunubdur. Azərbaycanın hakimiyyəti möhkəmlənib və indi Azərbaycanda tam ictimai-siyasi sabitlik əldə olunubdur. Bu, Azərbaycan dövlətinin ən böyük nailiyyətidir.
Azərbaycanın iqtisadiyyatı böhrandan çıxaraq inkişaf yoluna düşmüşdür. Son üç ildə Azərbaycanın iqtisadiyyatı ardıcıl surətdə inkişaf edir. Qeyd etdim ki, Azərbaycanda iqtisadi islahatlar keçirilir, torpaq islahatı həyata keçirilir, özəlləşdirmə proqramı həyata keçirilir. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir.
Azərbaycan dünyanın bir çox ölkələri ilə çox önəmli iqtisadi əlaqələr qurubdur. Bunların nəticəsində indi Azərbaycana xarici ölkələrin sərmayələri gəlir. Bu baxımdan 1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın bir çox böyük şirkətləri arasında imzalanmış birinci neft müqaviləsi – «Əsrin müqaviləsi» Azərbaycan iqtisadiyyatının inkişafına böyük yol açdı. Azərbaycan Dövlət Neft Şirkəti son günlərdə Vaşinqtonda artıq indi 19-cu müqaviləni imzaladı. Bu müqavilələr Azərbaycanın gələcəyi üçündür, gələcək nəsillər üçündür.
Böyük məmnuniyyət hissi ilə deyirəm ki, 1994-cü ildə imzalanmış müqavilə artıq öz bəhrələrini verir. 1997-ci ildə biz «Çıraq» neft yatağından ilkin neft aldıq və yaratdığımız neft kəməri – Bakı–Novorossiysk kəməri vasitəsilə xarici bazarlara çıxarırıq. İkinci neft kəmərini də tikdik, başa çatdırdıq. Aprel ayının 17-də Bakı–Supsa neft kəmərini işə saldıq. Beləliklə, Azərbaycan həm xarici şirkətlərlə müştərək iş görərək neft hasil edir, həm də onu dünya bazarına çıxarır.
İndi bizim qarşımızda duran başlıca vəzifə Azərbaycanın böyük neftini ixrac etmək üçün əsas neft kəmərini yaratmaqdır. Bu da Bakı–Ceyhan neft kəməridir. Keçən il oktyabr ayının 29-da, Türkiyə Cümhuriyyətinin 75 illik yubileyi zamanı Bakı–Ceyhan neft kəmərinin tikilməsi üçün Ankarada bəyannamə imzaladıq. Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri bu bəyannaməni imza­ladılar və bunun əsasında indi Bakı–Ceyhan neft kəmərinin tikilməsi üçün hazırlıq işləri görülür.
Azərbaycana xarici sərmayə gəlir. Bu günlərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, yəni ilk konsorsiuma daxil olan şirkətlər tərəfindən Azərbaycana 2 milyard dollardan artıq sərmayə qoyulması elan edildi. Biz Azərbaycan iqtisadiyyatının başqa sahələrində də xarici ölkələrlə sıx əməkdaşlıq edirik və bu sahələrə də xarici sərmayə gəlir. Bunlar hamısı Azərbaycanda iqtisadiyyatın inkişafına çox böyük imkanlar yaradıbdır və gələcək üçün çox böyük əsas qoyubdur. Bunlar hamısı Azərbaycan xalqının həyat tərzinin, güzəranının, rifah halının yaxşılaşması üçündür. Məmnuniyyətlə qeyd edə bilərəm ki, son illərdə vətəndaş­larımızın rifah halı az da olsa yaxşılaşır. Amma gələcəkdə daha da yaxşı olacaqdır.
Azərbaycanın ən böyük problemi Ermənistan - Azərbaycan münaqişəsidir. Beş il bundan öncə biz Ermənistan - Azərbaycan münaqişəsində atəşkəs rejimində yaşayırıq. Şübhəsiz ki, bu, döyüşlərdən, müharibədən, davadan yaxşıdır. Ancaq eyni zamanda bu, bizi tam təmin etmir. Biz atəşkəs haqqında saziş imzalamışıq ki, bu müddətdə Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasını təmin edək.
Ötən illərdə biz bu sahədə çox işlər görmüşük və hesab edirəm ki, müəyyən qədər irəliləmişik. Bilirsiniz ki, bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Biz Minsk qrupunun başçıları ilə daim əlaqə saxlayırıq, daim görüşlər keçiririk. Bilirsiniz ki, son vaxtlarda Ermənistanın prezidenti ilə də mənim bir neçə görüşlərim olmuşdur. Bunlar hamısı Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün edilir. Güman edirəm ki, görülən işlər əsasında biz bu münaqişənin ləğv edilməsinə nail olacağıq.
Bizim məqsədimiz Azərbaycanın işğal olunmuş torpaqlarının erməni silahlı qüvvələrindən təmizlənməsi, azad edilməsidir. Bizim məqsədimiz yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızın öz evinə, obasına qayıtmasıdır. Bizim məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün tamamilə təmin olunmasıdır. Mən inanıram, inanıram ki, biz buna nail olacağıq.
Bizi sıxan, çox narahat edən yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızın ağır vəziyyətdə, çətin şəraitdə yaşamasıdır, çadırlarda yaşamasıdır. Biz hər gün, hər dəqiqə bunu düşünürük və bununla məşğul oluruq. Çadırlarda yaşayan soydaşlarımıza son vaxtlar müəyyən yardımlar edilibdir və bundan sonra da ediləcəkdir. Onların şəraitinin müəyyən qədər yaxşılaşdırılması üçün tədbirlər görülübdür, bundan sonra da görüləcəkdir. Mən əminəm, əminəm ki, gördüyümüz işlər bizim məqsədimizə nail olmağa imkan verəcəkdir və sevimli soydaşlarımız çadırlardan çıxıb öz evlərinə, elinə, obasına qayıdacaqlar.
Azərbaycan müstəqil dövlət olaraq uğurlu xarici siyasət aparır və biz dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əlaqələr qurur və inkişaf etdiririk. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, bu əlaqələr də öz bəhrəsini verir. Azərbaycan artıq dünya birliyində öz yerini tutubdur. Azərbaycanın dünya birliyində artıq öz ismi var. Azərbaycan bütün beynəlxalq təşkilatlarda təmsil olunubdur. Azərbaycan beynəlxalq təşkilatlarla – Müstəqil Dövlətlər Birliyi ilə, Avropa Birliyi ilə, Avropa Şurası ilə, Birləşmiş Millətlər Təşkilatı ilə və başqa beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Biz bunu çox əhəmiyyətli hesab edirik və bunun Azərbaycana olan faydalarını açıqca görürük.
Bildiyiniz kimi, aprel ayının 22-dən mən Amerika Birləşmiş Ştatlarında, Vaşinqtonda səfərdə olmuşam. Səfərin də məqsədi NATO-nun 50 illik yubileyində iştirak etmək idi. Azərbaycan oraya dəvət edilmişdi. NATO-nun 50 illik yubileyində, o mərasimlərdə, tədbirlərin hamısında mən iştirak etdim, Azərbaycan nümayəndə heyəti iştirak etdi. NATO-nun zirvə görüşündə Azərbaycan öz sözünü, fikirlərini bildirdi.
Amerika Birləşmiş Ştatlarında olarkən biz başqa çox işlər də gördük. Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonla, dövlət katibi, xarici işlər naziri xanım Olbraytla, Amerikanın konqresmenləri, senatorları ilə çox səmərəli görüşlərimiz, danışıqlarımız oldu. Bunların hamısı Azərbaycan üçün çox faydalıdır. Bu günlərdə görülən işlər bir daha onu göstərdi ki, Amerika - Azərbaycan əlaqələri sürətlə inkişaf edir.
Amerikada görülən işlərdən biri də odur ki, senator Braunbekin təşəbbüsü ilə, qədim İpək yolunun bərpası ilə əlaqədar onun Konqresə hazırladığı qanun layihəsi müzakirə olundu. Bu müzakirədə Qafqaz və Mərkəzi Asiya ölkələrinin prezidentləri, Amerikanın senatorları, konqresmenləri iştirak etdilər. Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Stenli Berger iştirak etdi və nitq söylədi, Amerikanın keçmiş dövlət katibi Beyker nitq söylədi, milli təhlükəsizlik məsələləri üzrə keçmiş köməkçi Bjezinski nitq söylədi. Bunlar hamısı İpək yolu haqqında Senata, Konqresə hazırlanan qanun layihəsinə daha da güc verdi. Biz böyük ümidlər bəsləyirik ki, bu qanun Amerikanın Konqresində qəbul olunacaq, bu da 907-ci maddənin gücdən salınmasına imkan verəcəkdir. Bilirsiniz ki, 1992-ci ildən tətbiq olunmuş ədalətsiz 907-ci maddə Amerika – Azərbaycan əlaqələrinin inkişaf etməsinə və xüsusən Amerikanın Azərbaycana birbaşa yardımına maneçilik törədir. Güman edirəm ki, qəbul olunacaq qanun bunlara da çarə qılacaqdır və biz əlaqələri inkişaf etdirmək üçün daha da böyük imkanlar əldə edəcəyik.
Amerika Birləşmiş Ştatlarında olduğum zaman mən bir daha hiss etdim ki, ABŞ - Azərbaycan əlaqələri sürətlə inkişaf edir. Biz bundan çox məmnunuq.
Bildiyiniz kimi, mən Amerikada xəstəxanaya getməli oldum. Mənə qəlb cərrahiyyə əməliyyatı keçirildi. Bu zaman – həm əməliyyat keçirilməzdən öncə, həm də əməliyyat keçiriləndən sonra xəstəxanada olduğum zaman Amerika hökumətinin, Amerika prezidenti cənab Bill Klintonun, dövlət katibi xanım Olbraytın, hökumət üzvlərinin, konqresmenlərin, senatorların mənə böyük diqqətini və qayğısını gördük. Bunlar hamısı məni çox ruhlandırdı, müalicə olunmağıma çox kömək etdi. Eyni zamanda bunlar hamısı Amerika Birləşmiş Ştatlarının Azərbaycana göstərdiyi qayğının təzahürüdür. Mən bunu belə hesab edirəm. Bu gün, bayram günümüzdə Amerikanın prezidenti cənab Bill Klintondan müstəqillik günü münasibətilə aldığım təbrik məktubu ilə əlaqədar mən Amerika Birləşmiş Ştatlarının hökumətinə, prezident cənab Bill Klintona hədsiz minnətdarlığımızı bildirirəm.
Bilirsiniz ki, Azərbaycanın xarici ölkələrlə əlaqələrində Türkiyə xüsusi yer tutur. Türkiyə Cümhuriyyəti Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkədir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə – Azərbaycan əlaqələri ilbəil inkişaf edir və indi çox yüksək zirvəyə qalxmışdır. Bu, Azərbaycan üçün çox əhəmiyyətlidir. Türk xalqı ilə Azərbaycan xalqı arasında qədim tarixi əlaqələr, dostluq əlaqələri bir kökdən olan xalqların əlaqələridir. Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra bu əlaqələr sürətlə inkişaf edir.
Bu əlaqələrin də çox gözəl təzahürü mən yanvar ayında Türkiyədə müalicə edildiyim zaman və Amerikada cərrahiyyə əməliyyatı keçirdiyim zaman Türkiyə Cümhuriyyətinin və Azərbaycan xalqının böyük dostu, əziz dostum və qardaşım, hörmətli Süleyman Dəmirəlin mənə göstərdiyi daimi diqqət və qayğıdır. Bu, Azərbaycan xalqına göstərilən diqqət və qayğıdır. Eyni zamanda bu, Türkiyə - Azərbaycan dostluğunun nə qədər yüksək səviyyədə olduğunu göstərir. Mən Amerikada xəstəxanada olarkən hörmətli cənab Süleyman Dəmirəl daim bizimlə əlaqə saxlayıbdır, mənim müalicəmə nəzarət edib, qayğı göstəribdir. Ondan sonra da məni Türkiyəyə dəvət edibdir.
Bildiyiniz kimi, Türkiyədə beş gündən artıq Ankarada oldum. Orada hörmətli cənab prezident Süleyman Dəmirəllə çox səmərəli görüşlərimiz, danışıqlarımız oldu. Biz Türkiyə - Azərbaycan əlaqələri, Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi haqqında, bütün başqa məsələlər haqqında çox ətraflı söhbət elədik, müzakirələr apardıq. Hörmətli Süleyman Dəmirəl çox dəyərli məsləhətlər verdi.
Bildiyiniz kimi, Ankarada olduğum zaman Türkiyə Cümhuriyyətinin Baş naziri cənab Bülənd Ecevitlə, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin sədri cənab Yıldırım Akbulutla görüşlərimiz, danışıqlarımız oldu. Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının rəisi hörmətli Hüseyn Kıvrıkoğlu ilə çox əhəmiyyətli görüşlərimiz, danışıqlarımız oldu. Ana Vətən Partiyasının başçısı hörmətli Məsud Yılmazla görüşüm, danışığım oldu. Başqa hökumət adamları ilə görüşdük, danışdıq. Yəni bu günlər Türkiyə - Azərbaycan əlaqələri üçün çox səmərəli oldu.
İndi isə, bilirsiniz ki, mən Antalyadayam. Buraya da əziz dostum, qardaşım hörmətli Süleyman Dəmirəlin dəvəti ilə gəlmişəm. Müalicədən sonra burada müəyyən qədər istirahət edirəm. Ona görə də mən bu gün sizdən müəyyən qədər ayrıyam. Amma qəlbim sizinlədir, qəlbim Azərbaycandadır. Mənim nəbzim Azərbaycanın nəbzi ilə döyünür. Burada, Antalyada, Türkiyədə mənə böyük qayğı göstərilir və bu qayğının nəticəsində istirahətimi başa çatdırıb Azərbaycana dönəcəyəm.
Bu bayram günü mən Türkiyə - Azərbaycan əlaqələrinin inkişaf etməsində Türkiyə Cümhuriyyətinin, hökumətinin xidmətlərini xüsusi qeyd edirəm, Türkiyənin prezidenti hörmətli cənab Süleyman Dəmirəlin xidmətlərini xüsusi qeyd edirəm. Azərbaycana göstərdikləri diqqət və qayğıya görə, şəxsən mənə göstərdikləri diqqət və qayğıya görə hədsiz təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Əziz dostlar, əziz bacılar, qardaşlar! Bu gün, bu bayram günü mən sizi Antalyadan salamlayıram. Azərbaycanın bütün vətəndaşlarına bayram salamımı göndərirəm. Azərbaycanda şəhid ailələrinə, Qarabağ döyüşlərində xəsarət alanlara, Qarabağ döyüşlərinin, müharibəsinin veteranlarına səmimi salamlarımı göndərirəm. Çadırlarda yaşayan, yerindən-yurdundan didərgin düşmüş, mənim üçün çox əziz olan soydaş­larımıza, vətəndaşlarımıza, hər bir çadıra, yerindən–yurdundan didərgin düşmüş insanların yaşadığı hər bir yerə bayram salamımı göndərirəm.
Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ötən illər Azərbaycanın Silahlı Qüvvələri, milli ordusu yaranıb və inkişaf edibdir. Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycanın milli ordusu bu gün Azərbaycanı hər bir hadisədən qorumağa qadirdir, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin keşiyində durubdur. Azərbaycanın əsgərləri, zabitləri cəbhədədirlər, onlar ermənilərlə üz-üzə durublar, Azərbaycanın torpaqlarını qoruyurlar, Azərbaycanın dövlətçiliyinin keşiyindədirlər. Mən onlara – səngərlərə, cəbhəyə, Azərbaycan əs­gərlərinə, Azərbaycan zabitlərinə, milli ordunun bütün şəxsi heyətinə xüsusi bayram salamı göndərirəm.
Hamınızı salamlayıram, hamınızı qucaqlayıram, bağrıma basıram. Bu bayram münasibətilə sizi bir daha təbrik edirəm. Sizi əmin edirəm ki, Azərbaycanın dövlətçiliyi, müstəqilliyi, Azərbaycanın gələcək inkişafı yolunda bundan sonra da çalışacağam, əlimdən gələni edəcəyəm. Mən inanıram ki, biz ilbəil inkişaf edəcəyik, irəliyə gedəcəyik. Azərbaycan xalqının xoşbəxt gələcəyi var və biz hamımız birlikdə bu gələcəyə qovuşacağıq. Mən buna inanıram, əmin ola bilərsiniz.
Mən sizi bir daha salamlayır, bir daha təbrik edirəm. Sizin hər birinizə cansağlığı, səadət, işlərinizdə uğurlar arzulayıram. Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram. Sağ olun, bayramınız mübarək olsun!

28 May – Respublika gününə həsr olunmuş təntənəli mərasimdə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi

(27 may 2000)

Əziz həmvətənlər!
Əziz bacılar, qardaşlar!
Hörmətli xanımlar, cənablar!
Sizi Azərbaycanın milli bayramı – İstiqlaliyyət günü, Respublika günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
XX əsr, ikinci minillik sona çatır. Yeddi aydan sonra bəşəriyyət XXI əsrə, üçüncü minilliyə qədəm qoyacaqdır. Azərbaycan xalqı azad xalq kimi, Azərbaycan müstəqil dövlət kimi XXI əsrə, üçüncü minilliyə inamla daxil olacaqdır.
Biz bu gün XX əsrin sonuna çatdığımız zaman bu əsrə nəzər salsaq görəcəyik ki, bu əsr bəşəriyyət üçün bütün əvvəlki əsrlərdən fərqli olubdur. Bu əsrdə iki dəhşətli dünya müharibəsi baş verib, on milyonlarla insan həlak olubdur. Bu əsrdə inqilablar olub, dövlətlər dəyişilibdir. Bu əsrdə dağılıbdır. Bu əsrdə dünyanın bir çox xalqları müstəmləkəçilikdən xilas olublar və öz milli azadlığına, dövlət müstəqilliyinə nail olublar.
Bu əsrdə dünyada gedən proseslərə təsir göstərən Rusiyada Oktyabr inqilabı olubdur. Ondan sonra çar Rusiyasının ərazisində Sovetlər İttifaqı kimi böyük superdövlət yaranıbdır.
İkinci dünya müharibəsindən sonra dünyanın siyasi mənzərəsi dəyişib, bloklar yaranıb, soyuq müharibə gedib və nəhayət, əsrin sonunda Sovetlər İttifaqı dağılıb, Sovetlər İttifaqına daxil olan 15 cümhuriyyət, respublika öz dövlət müstəqilliyinə nail olubdur.
1991-ci ilin sonunda Sovetlər İttifaqının dağılması nəticəsində Azərbaycan da dövlət müstəqilliyini əldə edibdir. Biz səkkiz ildir ki, azad, müstəqil yaşayırıq. Azərbaycan bir müstəqil dövlət kimi, yaşayır, irəli gedir və inkişaf edir.
Azərbaycanın XX əsr tarixini bir neçə mərhələyə bölmək olar. Əsrin əvvəlində Azərbaycanın vətənpərvər, milli şüurlu ziyalıları xalqımızda milli oyanış, milli dirçəliş fikirlərini yaratmağa çalışmış və xeyli işlər görə bilmişlər.
Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi və bir çox belə şəxsiyyətlər əsrin əvvəlində Azərbaycan xalqında azadlıq, milli ruh əhval-ruhiyyəsinin inkişaf etməsində xidmətlər göstərmişlər.
Azərbaycan üçün ikinci mərhələ çar Rusiyası dağılandan sonra respublikamızın ilk dəfə dövlət müstəqilliyi əldə etdiyi dövrdür. Həmin dövrdə xalq cümhuriyyəti yaranmış, Azərbaycan öz dövlət müstəqilliyini elan etmiş və demokratik, müstəqil dövlət quruculuğu prosesi həyata keçirmişdir. O vaxt Azərbaycan ziyalılarının bir qismi siyasi fəaliyyətlə də məşğul olurdu. Məhz onların birlikdə təşəbbüsü ilə 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın dövlət müstəqilliyi bəyan edildi və ilk xalq cümhuriyyəti yarandı.
Bu cümhuriyyət, bu dövlət az yaşadı, ancaq xeyli işlər gördü. Ən əsası odur ki, xalqımızda, millətimizdə azadlıq, müstəqillik fikirlərini daha da gücləndirdi. Xalq Cümhuriyyətinin yaranmasında Azərbaycanın bir çox mütəfəkkir, bir çox vətənpərvər insanları iştirak etmişlər. Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərlərinin rəhbərliyi altında Xalq Cümhuriyyəti 23 ay yaşamış, xeyli işlər görmüş, ancaq məlum səbəblərdən süqut etmişdir. Mən hesab edirəm ki, bu, XX əsr Azərbaycan tarixində ikinci mərhələ hesab oluna bilər.
Üçüncü mərhələ 1920-ci ildən başlayır, Azərbaycanda sovet hakimiyyətinin qurulması və 70 il ərzində Azərbaycanın sovet hakimiyyəti, dövləti çərçivəsində yaşaması dövrünü əhatə edir. Bu illər Azərbaycanın elmi, maarifi, təhsili, mədəniyyəti, iqtisadiyyatı sürətlə inkişaf etmiş, Azərbaycanın mənzərəsi dəyişmiş, respublikamız güclənmiş və Azərbaycanda çox zəngin intellektual, iqtisadi potensial yaranmışdır.
1991-ci ilin sonunda Azərbaycanın XX əsr tarixinin dördüncü mərhələsi başlamışdır. Bir daha qeyd edirəm, bu da Sovet İttifaqının dağılması münasibətilə Azərbaycanın öz milli azadlığını, dövlət müstəqilliyini elan etməsidir. Biz o vaxtdan azad, sərbəst yaşayırıq, müstəqil dövlətik. Xalqımız öz taleyinin, torpaqlarının, öz ölkəsinin sahibidir.
Ancaq o da həqiqətdir ki, Azərbaycan dövlət müstəqilliyini əldə edərkən çox ağır, çətin bir dövr yaşayırdı. 1988-ci ildən Ermənistanın Azərbaycana hərbi təcavüzü başlamışdır. Azərbaycan dövlət müstəqilliyini elan edəndə torpaqlarımızı müdafiə etmək üçün Ermənistanla müharibə aparırdı.
1990-cı ildə Azərbaycan xalqına qarşı böyük hərbi təcavüz edilmişdir. Yanvarın 20-də sovet ordusunun böyük hissələri Azərbaycana, Bakıya daxil olmuş, dinc əhalini qırmış, xalqımız şəhidlər vermişdir.
Sonrakı illərdə Azərbaycanda müharibə ilə yanaşı, daxili ictimai sabitlik pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaranmış və Azərbaycanın bu ağır dövründə – Ermənistanla müharibə apardığı bir dövrdə respublikamızın daxilində qızğın hakimiyyət mübarizəsi getmişdir. Təbiidir ki, müxtəlif qüvvələrin özlərinə məxsus silahlı dəstələrdən istifadə edərək apardığı bu hakimiyyət mübarizəsi Azərbaycana böyük zərbələr vurmuşdur. Hakimiyyət dəyişikliyi baş vermişdir.
1992-ci ilin may ayında başqa qüvvə hakimiyyətə gəlmiş və 1993-cü ilin iyun ayında Azərbaycanda vəziyyət son dərəcə gərginləşmiş, vətəndaş müharibəsi başlamışdı. 1992-ci ilin may ayında hakimiyyətə gəlmiş Xalq Cəbhəsi dövründə – bir il müddətində Azərbaycanın vəziyyətinin daha da gərginləşməsinə və ölkəmizin dağılmasına böyük təhlükə yaranmış, hakimiyyət mübarizəsi davam etmiş, buna görə də 1993-cü ilin iyun ayında vətəndaş müharibəsi baş vermişdir.
Əgər biz müstəqillik əldə etdiyimiz gündən bu günə qədərki dövrü də müəyyən mərhələlərə bölsək, bax, bu dövr – 1991-ci ildən 1993-cü ilə qədər olan dövr müstəqil Azərbaycanın həyatında birinci dövr hesab edilə bilər.
İkinci dövr isə 1993-cü ildən 1995-ci ilə qədər olan dövrdür. 1993-cü ildə başlamış vətəndaş müharibəsi Azərbaycanı parçalanmaq təhlükəsinə gətirib çıxarmış, ölkəmizin daxilində olan separatçı qüvvələr hərəkətə gəlmiş, bu qüvvələr Azərbaycanın cənubunda da, şimalında da baş qaldırmış və bunlar da respublikamızda daxili vəziyyəti daha da gərginləşdirmişdi.
Azərbaycanda vətəndaş müharibəsinə son qoyulmuş, ancaq daxili ictimai-siyasi vəziyyəti sabitləşdirmək çox çətin və ağır olmuşdur. 1994-cü ilin oktyabr ayında Azərbaycanda yenidən dövlət çevrilişinə cəhd göstərilmiş və xalqımızın birliyi bu dövlət çevrilişinin qarşısını almışdır.
1995-ci ilin mart ayında qanunsuz silahlı dəstələr, cinayətkar qruplar, xaricdən və daxildən istiqamətləndirilən qruplar Azərbaycan dövlətini silah gücü ilə devirməyə cəhd göstərmişlər.
Müstəqil Azərbaycan dövlətinin qüdrəti, gücü bu təhlükənin də qarşısını ala bilmiş və dövlət çevrilişinə cəhd göstərənlər məğlub olmuş, öz cəzalarını almışlar. Bunu Azərbaycanın müstəqillik dövrünün ikinci mərhələsi hesab etmək olar.
Üçüncü mərhələ isə Azərbaycanda tam müstəqillik yaranandan indiyə qədər olan dövrdür. 1995-ci ilin sonunda və 1996-cı ildə artıq biz Azərbaycanın daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirə bildik və ondan sonrakı illərdə – bu günə qədər bu proses davam edir. Azərbaycanda daxili vəziyyət ildən-ilə, aydan-aya, gündən-günə tam sabit, tam normal şəraitdədir. İnsanlar rahatlıq əldə ediblər, sərbəst yaşayırlar, onlar istədikləri sahədə əmək fəaliyyəti göstərməyə imkan qazanıblar.
Təbiidir ki, Azərbaycanda sabitlik yaratmaq üçün və respublikamızın müstəqil dövlət kimi yaşaması üçün Ermənistan - Azərbaycan müharibəsində də qəti tədbirlər görmək lazım idi.
Azərbaycanda olan bu daxili çəkişmələr, hakimiyyət mübarizəsi, müxtəlif qüvvələrin təxribatları, Ermənistan silahlı qüvvələrinə ayrı-ayrı ölkələrdən göstərilən xüsusi yardımlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratmışdır. Onlar Azərbaycanın vəziyyətindən çox çevik istifadə edərək torpaqlarımızı ardıcıl surətdə işğal etmişlər. Təbiidir ki, bu işğal 1989-cu ildən başlanmış, öncə Dağlıq Qarabağın ərazisi, sonra onun ətrafı işğal olunmuş və nəhayət, indi Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu torpaqlardan zorla çıxarılmış bir milyon soydaşımız ağır vəziyyətdə çadırlarda yaşayır.
1994-cü ilin may ayında Ermənistan - Azərbaycan müharibəsində atəşkəs sazişi imzalanmışdır. Altı ildən çoxdur ki, Azərbaycan müharibəsiz, sülh şəraitində yaşayır. Baxmayaraq ki, hələ tam sülh yoxdur.
Müharibənin dayandırılması, daxili vəziyyətin sabitləşdirilməsi, ictimai-siyasi sabitliyin möhkəmlənməsi Azərbaycanın müstəqil dövlət kimi dövlət quruculuğu prosesini aparmasına imkanlar yaratdı. Məhz bu şəraitdə – 1995-ci ildə müstəqil Azərbaycan özünün ilk milli demokratik Konstitusiyasını qəbul etdi. Bu, tarixi hadisədir. Azərbaycan müstəqilliyini əldə etmişdi, ancaq 1995-ci ilə qədər ağır və çətin problemlərlə rastlaşırdı. Təbiidir ki, bu şəraitdə çox işləri görmək mümkün deyildi, o cümlədən Konstitusiyanın qəbul olunması.
Məhz ictimai-siyasi sabitliyin yaranması və Azərbaycanın daxilində olan bütün qanunsuz silahlı dəstələrin ləğv olunması, cinayətkar qrupların cinayətlərinin qarşısının alınması – bunlar hamısı Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılmasına şərait yaratdı.
Azərbaycan öz dövlət müstəqilliyini elan edərkən bəyan etmişdi ki, Azərbaycan demokratiya yolu ilə gedəcək, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedəcəkdir. Bunlar elan olunmuşdu, ancaq təəssüf ki, Azərbaycanın daxili vəziyyəti, dediyim kimi, çox gərgin olduğuna görə bunlar söz idi, əməli tədbirlər lazımi səviyyədə görülmürdü.
Azərbaycanda müstəqil dövlətin təsisatlarının yaranması və dövlət quruculuğu prosesi sürətlə 1995-ci ildə başlamış və bunun əsasını da təşkil edən Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyasıdır. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçilik möhkəmlənib, demokratik prinsiplər bərqərar olub, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla, sürətlə həyata keçirilir. Azərbaycanın öz iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməsi üçün imkanlar yaradılıb və bir çox nailiyyətlər əldə olunubdur. Azərbaycan bir dövlət kimi möhkəmlənib, Azərbaycanın Silahlı Qüvvələri, ordusu yaranıb, güclənib, inkişaf edibdir və bu gün müstəqil Azərbaycanın milli mənafelərini, torpaqlarını, onun hüdudlarını qorumağa qadir ordudur.
Konstitusiya qəbul olunandan sonra ötən beş il ərzində bizim ali qanunvericilik orqanımız – Milli Məclis tərəfindən 400-dən çox qanun qəbul edilmişdir. Məhz Konstitusiyanın əsasında, qəbul olunmuş qanunların əsasında Azərbaycanda siyasi, iqtisadi, demokratik islahatlar həyata keçirilir. Bu islahatlar bütün sahələrdə aparılır. Onların ilbəil həyata keçirilməsi Azərbaycanın bütün sahələrdə inkişafını təmin edir.
Azərbaycan öz daxili və xarici siyasətini müəyyən edibdir. Dediyim kimi, daxili siyasət Azərbaycanda demokratik, hüquqi dövlət qurmaq, bazar iqtisadiyyatı yaratmaq, iqtisadi islahatlar aparmaqdan və Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq, hüquqlarının qorunmasını təmin et­mək və öz rifah halını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarətdir.
Azərbaycanın xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmaq və bu əlaqələr vasitəsilə həm gənc, müstəqil dövlət kimi, inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə etmək, həm də bu təcrübənin mümkün olan hissələrini Azərbaycanda tətbiq etmək, eyni zamanda Azərbaycanın dünya miqyasında özünə layiq yer tutmasına nail olmaq məqsədi daşıyır. Azərbaycanın xarici siyasətində əsas problem Ermənistan - Azərbaycan münaqişəsinin həll olunmasıdır.
Beləliklə, biz qısa bir zamanda Azərbaycanda müstəqil dövlət, demokratik, hüquqi, dünyəvi dövlət qurmuşuq, onun təsisatlarını yaratmışıq. Azərbaycanda iqtisadi islahatlar apararaq bazar iqtisadiyyatını inkişaf etdiririk. Azərbaycan artıq inkişaf dövrünü yaşayır.
Hər bir ölkənin, xalqın həm yaşaması, həm də dövlətinin olması üçün əsas şərt onun iqtisadiyyatıdır. Azərbaycan zəngin təbii sərvətlərə malikdir – neft-qaz yataqları, digər təbii sərvətlər vardır. Keçmiş illərdə Azərbaycanın güclü iqtisadi potensialı yaradılmışdır. Bu baxımdan son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin ən əsası Azərbaycan dövlətinin neft strategiyasının işlənib hazırlanması və ardıcıl surətdə həyata keçirilməsidir. Bu neft strategiyası, onun həyata keçirilməsi vasitəsilə Azərbaycan dünyanın bir çox böyük ölkələrinin diqqətini, marağını özünə cəlb edibdir. Bir çox faydalı sazişlər imzalanıb, işlər görülübdür.
Azərbaycanın neft strategiyası ölkəyə həm iqtisadi inkişaf üçün böyük imkanlar yaradıb, həm də dünyanın bir çox dövlətləri ilə, böyük dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa imkan veribdir.
Azərbaycanın məhz neft strategiyası ölkəmizi dünyada daha da cazibədar edibdir. Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi sahəsində Azərbaycanın göstərdiyi təşəbbüs və gördüyü işlər dünya ictimaiyyətinin, bir çox dövlətlərin Xəzər hövzəsinə olan marağını həddindən çox artırıbdır. İndi Xəzər dənizi hövzəsi dünyanın, demək olar ki, hər yerində maraq cəlb edən bir hövzədir.
Məlumdur ki, Xəzər dənizinin zəngin ehtiyatları – neft və qaz yataqları hələ uzun müddət – on illər, yüz illər dünya iqtisadiyyatını cəlb edəcək və Xəzər dünyanın neft və qaz hasil edən ən böyük regionlarından birinə çevriləcəkdir. Biz iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan bütün bu prosesin təşəbbüskarıdır. Məhz bizim təşəbbüsümüz Xəzəryanı başqa dövlətləri də Xəzər hövzəsində fəal işləməyə cəlb edibdir. Beləliklə, indi Xəzər dənizi dünyanın diqqət mərkəzindədir.
Altıncı ildir ki, Azərbaycanda beynəlxalq neft və qaz sərgisi keçirilir. Bu sərgi ilk dəfə 1994-cü ildə keçirilmişdir. Bu il iyun ayının əvvəlində altıncı dəfə keçiriləcəkdir. İndi bu sərgiyə dünyanın, demək olar ki, hər yerindən neft və qazla, digər problemlərlə məşğul olan şirkətlər gəlir, öz imkanlarını bəyan edir, geniş fikir mübadiləsi aparırlar. Beləliklə, biz dövlətimizin neft strategiyası vasitəsilə Azərbaycanı Xəzər dənizi hövzəsinin müəyyən qədər mərkəzinə çevirmişik. Azərbaycan vasitəsilə də dünya iqtisadiyyatını Xəzər dənizinə cəlb etmişik.
Bunun konkret əməli nəticələri göz qabağındadır. Biz 1994-cü ilin sentyabr ayında ilk müqaviləni – «Əsrin müqaviləsi»ni imzaladıq. Bu günədək dünyanın böyük neft şirkətləri ilə 19 müqavilə imzalanıbdır. Birinci müqavilə əməli surətdə həyata keçirilir. O mənada ki, orada 1997-ci ilin sonundan neft hasilatı başlanıbdır. Biz neftin ixracı üçün iki neft borusu – Bakı–Novorossiysk, Bakı–Supsa – yaratmışıq və neft ixrac edirik. Neft hasilatı başlanandan indiyə qədər 9 milyon 500 min tondan artıq neft çıxarılıb və ixrac olunubdur.
Ancaq biz böyük neft gözləyirik. İlk neft müqaviləsindən 60 milyon tondan çox neft əldə edilməsi planlaşdırılıbdır. Təbiidir ki, o biri müqavilələr də öz imkanlarını göstərəcəkdir. Ona görə də böyük ixrac neft borusunun çəkilməsi əvvəldən də zəruri olmuşdur və bu gün də zəruridir.
Beş ildir ki – ilk müqaviləni imzalayandan – biz bu problemin üzərində işləyirik. Çox çətin problemlərlə, çox təzyiqlərlə, maneələrlə rastlaşdıq. Ancaq öz iradəmizdən dönmədik. Bakı – Tbilisi – Ceyhan ixrac neft borusunun tikilməsi üçün bütün səylərimizi qoyduq. 1998-ci ilin oktyabr ayında «Ankara bəyannaməsi» qəbul olundu. 1999-cu ilin noyabr ayında «İstanbul bəyannaməsi» qəbul olundu və bunların nəticəsində Türkiyə, Gürcüstan və Azərbaycan arasında bütün kommersiya müqavilələri imzalandı. Dünən Azərbaycanın Milli Məclisi bütün bu müqavilələri, bəyannaməni təsdiq etdi. Bəyan edirəm ki, Milli Məclisin Bakı – Tbilisi – Ceyhan neft borusu haqqında qanunu bu gün mənim tərəfimdən imzalanıbdır.
Ümidvaram ki, yaxın günlərdə Türkiyənin Böyük Millət Məclisi, Gürcüstanın parlamenti də bu müqavilələri təsdiq edəcəklər. Beləliklə, beş il aparılmış gərgin iş birinci mərhələsini bitirib ikinci mərhələsinə keçəcək, Bakı – Tbilisi – Ceyhan neft kəmərinin inşası başlanacaqdır. Əminəm ki, o, qısa bir zamanda tikilib başa çatdırılacaq və Azərbaycanın nefti, təkcə Azərbaycanın yox, Xəzəryanı ölkələrin – xüsusən Qazaxıstan buna çox maraq göstərir – nefti həmin əsas ixrac boru xətti ilə Azərbaycandan Aralıq dənizi sahilindəki Ceyhan limanına çatdırılacaqdır.
Bunlar hamısı bizim həm iqtisadiyyat sahəsində, həm də siyasət, beynəlxalq əlaqələr sahəsində gördüyümüz işlərin əməli nəticəsidir. Beləliklə, biz neft strategiyası vasitəsilə Azərbaycana xarici investisiyanın cəlb edilməsinə nail olmuşuq. Məlumdur, gənc müstəqil ölkə, xüsusən bizim kimi, böyük dağıntılara və böyük itkilərə məruz qalmış ölkə müstəqilliyə nail olduqdan sonra iqtisadiyyatını öz daxili imkanları ilə vaxtında inkişaf etdirə bilməzdi. Ona görə də biz xarici investisiyanın Azərbaycana cəlb olunmasını əsas məsələ kimi qoyduq. İndi böyük qürur hissi ilə sizə deyə bilərəm ki, son dörd ildə Azərbaycana 4,5 milyard Amerika dolları həcmində xarici investisiya gəlibdir. Bunlar hamısı Azərbaycanın iqtisadiyyatınadır.
Onu da sizə çatdırmaq istəyirəm ki, əgər əvvəlki illərdə xarici investisiyanın 60–70 faizi neft sektoruna düşürdüsə, 1999-cu ildə xarici investisiyanın 60 faizi qeyri-neft sektorunda və 40 faizi neft sektorundadır. Bu onu göstərir və ayrı-ayrı yerlərdən verilən suallara cavab verir ki, Azərbaycan dövləti, hö­kuməti öz daxili imkanlarından istifadə edərək, eyni zamanda xarici investisiyanı cəlb edərək iqtisadiyyatın bütün sahələrini inkişaf etdirir.
Mən neft strategiyasından danışdım, xarici investisiyanın cəlb olunmasından danışdım. Ancaq Azərbaycan belə tədbirləri hansı vəziyyətdə həyata keçirməyə başlayıbdır? 1991–1994-cü illərdə Azərbaycanda iqtisadiyyat ilbəil tənəzzül edibdir. Hər il ümumi daxili məhsul 20–23 faiz aşağı düşürdü. Sə­naye istehsalı 20–24 faiz, kənd təsərrüfatı istehsalı 15–20 faiz, kapital qoyuluşu 40 faiz aşağı düşürdü. Bununla yanaşı, istehlak mallarının qiyməti ilbəil artırdı.
Ancaq 1994-cü ildən sonra, 1995-ci ildə bizim apardığımız bütün tədbirlər nəticəsində Azərbaycanın iqtisadiyyatında sabitlik yarandı və 1996-cı ildən ölkəmizin iqtisadiyyatı inkişaf dövrü keçirir.
Təbiidir ki, o dağıntılar, pozuntular olmasaydı biz bu işləri daha da əvvəl görə bilərdik. Ancaq 1993-cü ildə, 1994-cü ildə biz islahatlar həyata keçirə bilməzdik. Biz sadəcə, iqtisadiyyatın geriləməsinin, o vaxt mövcud olan ağır problemlərin qarşısını almalı idik. Biz bunlara nail olduq. Dediyim kimi, nəhayət, 1995-ci ildə sabitliyi təmin etdik. Ondan sonra isə Azərbaycanın iqtisadiyyatı ilbəil inkişaf edibdir. Ümumi daxili məhsul 1996-cı ildən ardıcıl surətdə inkişaf edir və 1999-cu ildə 7,4 faiz təşkil edibdir. Bu ilin 4 ayında da 7 faizdən artıqdır. Bu, yüksək göstəricidir.
Bütün bunlarla bərabər, Azərbaycanda inflyasiyanın qarşısı alınıbdır. 1994-cü ildə Azərbaycanda inflyasiya 1600–1800 faizə çatmışdı. Biz 1995-ci ildə inflyasiyanın bu qədər artmasının qarşısını aldıq, 1996-cı ildən isə inflyasiyanın qarşısını, demək olar ki, tamamilə aldıq. Son illər Azərbaycanda inflyasiya yoxdur. Bununla bərabər, manatın dollara nisbətən məzənnəsi sabitdir. İstehlak mallarının da qiymətləri artmır, çox hallarda aşağı düşür.
Biz sənayedə də inkişafa nail olduq. 1996-cı ildən sənaye də inkişaf edir. Keçən il respublikamızda sənaye məhsulları istehsalı 3,6 faiz artmışdır. Kənd təsərrüfatı məhsulları istehsalı da ilbəil inkişaf edir və keçən il onun da inkişafı 3 faizdən artıq olmuşdur.
Bunların nəticəsində biz beynəlxalq normalara cavab verən valyuta ehtiyatları yaratmışıq. İndi Azərbaycanın 700 milyon dollar məbləğində valyuta ehtiyatı var. Ancaq 1994-cü ildə bir dollar da yox idi.
Bilməlisiniz, bunlar hamısı ölkəmizdə aparılan düzgün iqtisadi siyasətin, Azərbaycan dövlətinin, hökumətinin, iqtidarının iqtisadi-sosial islahatları ardıcıl surətdə həyata keçirməsinin nəticəsidir. Biz 1995–1996-cı illərdə cəsarətli addımlar atdıq, torpaq islahatı haqqında qanun qəbul etdik və onu həyata keçirdik, torpağın hamısını şəxsi mülkiyyətə verdik. İndi torpaqdan istifadənin səmərəliliyi xeyli yüksəlibdir. Hazırda iqtisadiyyatın bütün sahələrində istehsal artıbdır. Bu, Azərbaycanın hər bir vətəndaşı üçün lazımdır. İndi Azərbaycanda ərzaq məhsullarının bolluğu yaranıbdır. Bu, nəyin sayəsində olubdur? Bu, birincisi, islahatların, özəlləşdirmənin, torpaq islahatının nəticəsidir. Bunlar olmasaydı, biz buna nail ola bilməzdik. Biz 1994-cü ildə vətəndaşlarımızı çörəklə təmin etmək üçün nə qədər çətinliklərlə üzləşirdik.
Azərbaycanda islahatlar uğurla həyata keçirilir. Özəlləşdirmə prosesinin birinci mərhələsi qurtarıbdır. Onun yeni mərhələsi haqqında Milli Məclis qanun qəbul edibdir. Biz özəlləşdirmənin ikinci mərhələsinin proqramını yaxın günlərdə təsdiq edib elan edəcəyik və onun əməli surətdə həyata keçirilməsini təmin edəcəyik. Məhz iqtisadi islahatların, bizim düzgün iqtisadi siyasətimizin, xarici ticarəti sərbəstləşdir­məyimizin, iqtisadiyyatın bütün sahələrində liberallaşdırma aparmağımızın nəticəsində biz Azərbaycanda iqtisadiyyatın belə inkişafına nail ola bilmişik.
Bizim apardığımız islahatlar nəticəsində özəl sektor, Azərbaycan cəmiyyətinin orta təbəqəsi, sahibkarlar yaranıbdır. Biz bunlara şərait yaradırıq və bundan sonra da yaradacağıq. Biz onların hüquqlarını qoruyur və bundan sonra da qoruyacağıq. Biz xarici investorların bütün hüquqlarını qoruyuruq, bundan sonra da qoruyacağıq. Bütün bunlar üçün ölkəmizdə lazımi qanunlar qəbul olunubdur və bir neçə qanun da bundan sonra qəbul ediləcəkdir.
Məhz aparılan islahatların nəticəsidir ki, respublikamızda əldə edilmiş ümumi daxili məhsulun 62 faizi özəl sektora məxsusdur. Sənayedə 35 faiz, kənd təsərrüfatında 98 faiz, ticarətdə 98 faiz, tikintidə 77 faiz, yük daşımalarında 45 faiz, sərnişin daşımalarında 80 faiz özəl sektora məxsusdur. Bizim iqtisadi islahatların konkret göstəriciləri budur. Özəlləşdirmə sahəsində əldə etdiyimiz nailiyyətlər budur. Bazar iqtisadiyyatına sadiqliyimiz və bazar iqtisadiyyatı yolu ilə uğurla getməyimiz budur. Nəhayət, bazar iqtisadiyyatının bu gün də, gələcəkdə də müstəqil Azərbaycan üçün nə qədər vacib olması budur.
Bütün bunların nəticəsində biz Azərbaycanda sosial məsələlərin həll olunması sahəsində böyük nailiyyətlər əldə etmişik. Bunlar göz qabağındadır. Biz çox təbəqələrin maaşını, pensiyasını ilbəil artırırıq. Ancaq zaman keçdikcə bunlar unudulur, cəmiyyətdə ayrı-ayrı bədxah qüvvələr səhər də, axşam da, gecə də, gündüz də deyir ki, «xalq səfalət içindədir, nə bilim, xalq acından ölür, filan olur» və sairə.
Son beş ildə – 1994-cü ildən 1999-cu ilə qədər Azərbaycanda orta aylıq əmək haqqı 12 dəfə artıbdır. Bu, statistikanın məlumatıdır. Maaşlar artıbdır. Səhiyyə, mədəniyyət, incəsənət sahələrində, kütləvi informasiya vasitələrində, bədən tərbiyəsi və sosial təminat sahələrində maaşlar orta hesabla 6,2 dəfə artıbdır. Təhsil işçilərinin əmək haqqı 8,1 dəfə artıbdır. Elmi işçilərin maaşı 6,6 dəfə artıbdır. Orta aylıq pensiyanın məbləği 2,8 dəfə artıbdır. Azərbaycanda maaşlar və pensiyalar vaxtlı-vaxtında verilir. Mənə verilən məlumatlardan bilirəm ki, artıq may ayının da maaşları və pensiyaları verilir və başa çatmaqdadır.
Bu, Azərbaycanın daxilində bəlkə də o qədər görsənmir. Ancaq əgər biz özümüzü Sovetlər İttifaqına mənsub olmuş başqa müstəqil dövlətlərlə müqayisə etsək – bunu çoxları bilir – qonşuluğumuzda da, başqa yerlərdə də ölkələr, dövlətlər var ki, orada insanlar 5–6 aylarla maaş, pensiya almırlar, ağır vəziyyətdə yaşayırlar. Yaxud, mənim sizə elan etdiyim iqtisadi göstəricilər, yəni ümumi daxili məhsul, sənaye, kənd təsərrüfatı məhsullarının artımı, başqa iqtisadi göstəricilər Azərbaycanı MDB ölkələri içərisində birinci sıralarda aparır.
Təbiidir ki, biz bununla qane ola bilmərik. Mən hesab etmirəm ki, bu, Azərbaycanın lazım olan səviyyəsidir, xeyr. Amma hər şey imkan daxilindədir. Eyni zamanda, hər şey müqayisə ilə ölçülür.
Nəzərə alaq ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndə MDB-nin üzvü olan bütün ölkələrlə müqayisədə ən ağır vəziyyətdə idi. Mən təkrar edirəm, Ermənistanla gedən müharibəyə, Azərbaycanın daxilində hakimiyyət uğrunda aparılan mübarizəyə, ölkəmizin daxilində ictimai-siyasi sabitliyin pozulmasına görə – bütün bunlara görə Azərbaycan başqa ölkələrdən fərqlidir, onlarda belə problemlər yoxdur. Onlar dövlət müstəqilliyini əldə edəndən sonra daxildə, yaxud xaricdə heç bir problemlə rastlaşmayıblar. Amma biz 1994-cü ilə qədər belə ağır problemlərlə rastlaşmışıq. 1995-ci ildə sabitliyə nail olmuşuq. Əldə etdiyimiz nailiyyətlər, sadəcə, son beş ilin nailiyyətləridir. Əgər əvvəlki illərdə də bizim bu cür işləmək imkanımız olsaydı, təbiidir ki, indi ölkəmizin nailiyyətləri də bundan çox olardı.
Əziz dostlar, beləliklə, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Biz bunu edirik. Mən bunu hansı yollarla etdiyimizi sizə bildirdim. Bir daha bəyan edirəm ki, Azərbaycanın iqtisadiyyatı ardıcıl olaraq bazar iqtisadiyyatı prinsipləri əsasında gedəcəkdir. Biz ölkəmizdə bazar iqtisadiyyatını tam bərqərar edəcəyik və dünya iqtisadiyyatı ilə daha da sıx bağlanacağıq. İnanıram ki, Azərbaycanın iqtisadiyyatı yaxın illərdə daha da sürətlə inkişaf edəcəkdir.
Birincisi, biz artıq ilk neft müqaviləsindən gəlirlər əldə edirik. Bu gəlir ilbəil artacaqdır. İkincisi, apardığımız islahatlar hər il öz yeni yüksək səviyyəsinə çatacaqdır və əməli nəticələr verəcəkdir. Bunlar hamısı birlikdə Azərbaycanın iqtisadiyyatını yaxın illərdə daha da yüksəklərə qaldıracaq və vətən­daşlarımızın rifah halı yaxşılaşacaq, çətin, ağır vəziyyətdə yaşayan insanlar yaxşı şərait əldə edəcəklər. Buna tam əmin ola bilərsiniz.
Mən bu gün bir daha elan edirəm ki, Azərbaycan demokratiya yolu ilə gedir və demokratiya yolu ilə də gedəcəkdir. Biz payızda Milli Məclisə yeni seçkilər keçirəcəyik. Bu seçkilərin keçirilməsi üçün indi qanun layihələri müzakirə olunur, onlar qəbul ediləcəkdir. Seçkilərin tam demokratik keçirilməsi üçün bütün imkanlar yaradılacaqdır.
Azərbaycanda demokratiya yaranıb, Azərbaycanda demokratiya var, Azərbaycanda demokratiya inkişaf edir. Respublikamızda iqtisadiyyat inkişaf edir. Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olubdur.
Daxili ictimai-siyasi sabitlik olmayan yerdə demokratiya ola bilməz. Daxili ictimai-siyasi sabitlik olmayan yerdə islahatlar keçirmək olmaz. Sabitlik olmayan yerdə iqtisadiyyat inkişaf edə bilməz. Bizim bütün nailiyyətlərimizin əsası odur ki, müstəqil dövlətimizin o ağır illərini yaşadıq və uğurla yaşadıq. Bütün o çətinlikləri aradan qaldırdıq. Xalqımıza rahat yaşamaq imkanları verdik və dövlətə, hökumətə, özəl sektora rahat yaşamaq, iqtisadiyyatı rahat inkişaf etdirmək imkanları yaratdıq. Bizim demokratiyamız budur, bizim bazar iqtisadiyyatımız budur, bizim hüquqi, demokratik, dünyəvi dövlət quruculuğumuz budur.
Bəziləri – məhz 1991–1993-cü illərdə və 1994-cü ildə Azərbaycanda daxili ictimai-siyasi vəziyyəti gərginləşdirənlər və ölkəmizi vətəndaş müharibəsi həddinə gətirib çıxaranlar yenidən müxalifətə keçiblər və hakimiyyət uğrunda mübarizə aparırlar. Aparsınlar, burada təəccüblü bir şey yoxdur. Ancaq iş burasındadır ki, onlar hansısa bir fürsətdən istifadə edib 1992-ci ildə hakimiyyətə gəlmişdilər və deyirlər ki, demokratik yolla hakimiyyətə gəlmişdilər. Əgər demokratik yolla hakimiyyətə gəlmişdilərsə və hesab edirlər ki, demok­ratiya hakimiyyətin davamlı olmasının əsas şərtidir, onda bəs onları seçmiş, onlara etimad göstərmiş insanlar, vətəndaşlar, Azərbaycan xalqı nə üçün bir ildən sonra onlardan imtina etdi?
Onlar dövləti idarə edə bilmədilər, kiçik bir silahlı qüvvənin qarşısında dura bilmədilər, xalq onların arxasında durmadı, onları dəstəkləmədi. Onlar qaçdılar, dağıldılar, gizləndilər və bir neçə ildən sonra yenə də zühur etdilər. Odurmu bu demokratiya?
Demokratiya xaos demək deyildir. Onlar Azərbaycanda xaos yaratmışdılar. Onlar Azərbaycanda ağır bir vəziyyət yaratmışdılar və özləri də o xaosun, özbaşınalığın qurbanları oldular. İndi isə hər şey – iqtisadiyyat da, dövlət quruculuğu da kənarda qalıb, səhər-axşam dedikləri söz budur: demokratiya, demokratiya, demokratiya.
Son yeddi ildə Azərbaycanda demokratiyanı quran bugünkü iqtidardır. Bu demokratiyanı quran bizik. Onlar isə 1992–1993-cü illərdə Azərbaycanda ilk addımını atan demokratiyanı xaosla əvəz etdilər və bunun da nəticəsində ölkəmiz böyük çətinliklərlə, vətəndaş müharibəsi ilə rastlaşdı.
Ona görə nə burada, nə də Azərbaycandan kənarda heç kəs narahat olmasın: Azərbaycan demokratiya yolu ilə gedir, gedəcəkdir və biz bunu heç kəsə görə etmirik. Biz bunu Azərbaycan xalqının rifahı naminə, ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanması üçün edirik. Biz bunu Azərbaycanın xoşbəxt gələcəyi üçün edirik. Bu bizim məqsədimizdir. Bu bizim tutduğumuz yoldur. Biz bu yolla gedəcəyik.
Biz həmişə demişik və bu gün də deyirik ki, Azərbaycanın müstəqil dövlət kimi sürətlə inkişaf etməsinə mane olan Ermənistanın təcavüzü ilə əlaqədar onun düşdüyü vəziyyətdir.
Altı ildir ki, biz atəşi dayandırmışıq, ancaq sülhə də nail olmamışıq. Gördüyümüz işlər göz qabağındadır. Bu altı il müddətində dünyanın bütün beynəlxalq təşkilatlarının, təsirə malik olan böyük dövlətlərin imkanlarından istifadə etməyə çalışmışıq və istifadə etmişik. Biz bir neçə dəfə məsələnin həll olunmasına yaxınlaşmışıq. Ancaq Ermənistanın daim destruktiv mövqe tutması, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə özünü haqlı, üstün hesab etməsi və beynəlxalq təşkilatların, Minsk qrupunun, onun həmsədrləri Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın Ermənistana lazımi təsir göstərə bilməməsi bu problemin indiyə qədər həll olunmasına imkan verməyibdir.
Bir milyon Azərbaycan vətəndaşı qaçqın vəziyyətində çadırlarda yaşayır. Bəli, demokratiya insan hüquqlarının qorunması ilə sıx bağlıdır. Hər bir vətəndaşın hüququ qorunmalıdır. Dünyada insan hüquqlarının qorunmasına nəzarət edən cəmiyyətlər gərək hər bir vətəndaşın hüquqlarının pozulması ilə maraqlansınlar və onun qarşısını alsınlar. Burada, Azərbaycanda kimsə cinayət etdiyinə görə cəzalandırı­landa onun havadarları tapılır və sübut etməyə çalışırlar ki, onun hüquqları pozulubdur. Bəs o bir milyon Azərbaycan vətəndaşının hüquqları pozulub, səkkiz ildir çadırlarda yaşayırlar, niyə bir beynəlxalq təşkilat, demokratiya cəhətdən inkişaf etmiş bir ölkə onların hüquqlarının bərpası üçün səylər göstərmir?
Azərbaycana qarşı ədalətsiz 907-ci maddə tətbiq olunubdur. Misli görünməmiş bir paradoksdur: Azərbaycanın torpaqları işğal olunub, bir milyon qaçqın var, eyni zamanda 1992-ci ildə Azərbaycanı günahlandırıblar ki, «Azərbaycan Ermənistanı blokadaya alıbdır». Bəlkə də o vaxt həm Amerika Konqresindəki ermənipərəst qüvvələrin güclü olmasına və Azərbaycan rəhbərliyinin ağılsız siyasət aparmasına görə bu maddə qəbul edilibdir. Bəli, məhz buna görə bu maddə qəbul olunubdur. Bu, Azərbaycana qarşı ayrı-seçkilik aktıdır.
Ancaq indi tamam başqa vəziyyətdir. İndi dünya da görür ki, Amerika Konqresində də görürlər ki, Azərbaycanın torpaqları işğal altındadır. Onların nümayəndələri gedib işğal olunmuş torpaqları gəziblər, görüblər. Hətta Ağdam məscidinin bir parçasını da gətirib mənə verdilər. Daş daş üstə qalmayıbdır. Əgər ədalət varsa, bəs nə üçün 907-ci maddə ləğv olunmur? Nə üçün bizim bu müxalifətdir, nədir – hakimiyyət uğrunda mübarizə aparanlar nə qaçqın haqqında düşünür, nə 907-ci maddə haqqında düşünür, ancaq öz hakimiyyəti haqqında düşünür. Onlar Azərbaycanın bu ağır, çətin problemlərini heç vaxt həll etməyə qadir deyillər. Bunu onlar da bilməlidir və başqaları da bilməlidir.
Biz bundan sonra da sülh danışıqlarını aparacağıq. Mən dəfələrlə dediyim kimi, bu gün də bəyan edirəm ki, məsələni sülh yolu ilə həll etməyə nail olacağıq.
Doğrudur, çətindir, ağırdır, çox ağırdır. Çünki ədalətsizlik mövcuddur. Bir adama qarşı ədalətsizlik günah sayılır. Ancaq bütün xalqa qarşı, ölkəyə qarşı, bütün dövlətə qarşı ədalətsizlik gör neçə qat günahdır. Günah edənlər bilirlər ki, o günahı edirlər.
Biz bu məsələlərin sülh yolu ilə həll edilməsinə nail olacağıq. Mən hesab edirəm ki, imkanlar var. Minsk qrupunun rəhbərləri öz fəaliyyətlərini yenidən bərpa ediblər, Cenevrədə görüşlər keçiriblər. Dünya maliyyə mərkəzləri ilə görüşlər aparılır. İşğal edilmiş torpaqlar azad olunandan sonra orada bərpa işləri görülməsi haqqında müəyyən müzakirələr keçirilibdir, planlar hazırlanır. İşğal edilmiş torpaqların azad olun­ması əsas şərtdir. Amma viran olmuş torpaqlarda sonra yaşayış şəraiti yaratmaq, bərpa işləri aparmaq lazımdır. Bu, bir ilin, iki ilin işi deyildir. Ermənistanla münaqişə nəticəsində Azərbaycan elə bir ağır vəziyyətə düşübdür ki, sülh yaranandan sonra hələ neçə illər lazımdır ki, o torpaqları normal vəziyyətə gətirək. Təbiidir ki, beynəlxalq təşkilatlar bu işdə bizə kömək etməlidir və onlar söz verirlər ki, kömək etsinlər.
Ermənistan və Azərbaycan prezidentlərinin birbaşa danışıqları bundan sonra da davam edəcəkdir. Güman edirəm ki, bütün bu səylərimizlə Ermənistan - Azərbaycan münaqişəsini müəyyən kompromislər vasitəsilə, nəhayət, həll etməyə nail olacağıq və sülh yaranacaqdır. Hamı–həm Qafqazda, o cümlədən, Cənubi Qafqazda marağı olan ölkələr, həm də Xəzər hövzəsində marağı olan ölkələr bilməlidir ki, Ermənistan - Azərbaycan münaqişəsi qurtarmayana qədər, Ermənistanla Azərbaycan arasında sülh yaranmayana qədər, burada təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsinə nail olunmayana qədər Qafqazda vəziyyət gərgin olacaqdır. Bu təkcə bizim üçün deyil, həm də Qafqaz bölgəsinə, Xəzər dənizi bölgəsinə maraq göstərən ölkələr üçündür.
Ona görə biz istəyirik ki, sülh olsun, Ermənistanla Azərbaycan arasında sülh yaransın. Mən əminəm ki, sülh yaranan­dan sonra Qafqazda, xüsusən Cənubi Qafqazda böyük canlanma başlayacaqdır. O insanlar ki, indiyə qədər sülhün yaranmasına mane olurlar, onlar özləri bunun şahidi olacaqlar və biz bunun şahidi olacağıq, biz buna nail olacağıq.
Qaçqın və köçkün vəziyyətində yaşayan insanların vəziyyəti, təbiidir ki, bizi daim narahat edir. Yaxın vaxtlarda burada beynəlxalq konfrans keçirildi. Biz beynəlxalq təşkilatlara, humanitar təşkilatlara kəskin tələblərimizi bildirdik, sözlərimizi dedik. Çalışacağıq ki, bunlardan müəyyən konkret nəticələr əldə edək.
Amma eyni zamanda – mən bunu dəfələrlə demişəm və bu gün də deyirəm – qaçqın və köçkün vəziyyətində yaşayan insanlara yardımı artırmaq lazımdır, Azərbaycanın daxilindən yardımı artırmaq lazımdır. Onlara büdcədən verilən pulları mən son iki ildə üç dəfə artırmışam. İmkan olsa, yenə də artıracağam. Ancaq təkcə bununla onları təmin etmək mümkün olmur. Ona görə də yardımı artırmaq lazımdır. İmkanı olan hər bir şəxs yardım etməlidir. Amma bunu da, sadəcə, şöhrət naminə yox ki, gedib hansısa bir qaçqın düşərgəsində yardım paylasın, bunu televiziya çəksin və sonra da göstərsin. Bu ucuz şöhrət lazım deyildir.
Bu yardımlar hamısı bizim Dövlətqaçqınkom vasitəsilə olmalıdır. Ona görə də komitə bu işə rəhbərlik etməli, bu işi əlaqələndirməlidir. Hansısa bir təşkilat, özəl qurum, hansısa müəssisə qaçqınlara yardım edirsə, bunu məhz komitə vasitəsilə etməlidir. Onda bilinəcək ki, birincisi, bu yardımı kimə və hara etmək lazımdır, ikincisi də, hansı təşkilat həqiqətən nə qədər yardım edəcəkdir. Mən komitənin sədri Əli Həsənova tapşırıram ki, bu barədə çox dəqiq uçot aparsınlar, yazsınlar, dəftərə salsınlar. Bilsinlər ki, hansı təşkilat, sahibkar, hansı iş adamı, vətəndaş hansı yardımı edibdir. Bir tərəfdən, yardımlardan səmərəli istifadə olunacaq, ikinci tərəfdən də, əgər o adamlara şöhrət lazımdırsa, mən deyərəm ki, ildə bir dəfə o siyahını dərc eləsinlər, televiziya ilə versinlər və onlar da rahat olsunlar ki, bu yardımı göstəriblər.
Əziz dostlar! Yeddi aydan sonra Azərbaycanın dövlət müstəqilliyinin 9 ili tamam olacaqdır. Yeddi aydan sonra biz yeni əsrə keçəcəyik. Bu gün, bu bayram günü mən Azərbaycanın son vaxtlar keçdiyi yol, müstəqillik yolu, əldə etdiyi nailiyyətlər haqqında öz fikirlərimi sizə bildirdim. Ancaq bütün bu nailiyyətlərimizin əsası bizim müstəqilliyimizi qorumaq, saxlamaqdır, Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyi qorumaq, saxlamaqdır.
Müstəqilliyi qorumaq üçün, müxtəlif xarici təzyiqlərdən xilas olmaq üçün, təxribatlardan xilas olmaq üçün gərək Azərbaycanda yaratdığımız ictimai-siyasi sabitliyi qoruyaq, möhkəmləndirək. Bunun üçün gərək Azərbaycanda vətəndaşların birliyi, həmrəyliyi yaransın. Siyasi baxışlarından, iqtidardan razı olub-olmamasından asılı olmayaraq gərək hər bir vətəndaş düşünsün ki, Azərbaycana müxtəlif yerlərdən müxtəlif niyyətlər və müxtəlif bəd münasibətlər var. Bunların qarşısını almaq üçün Azərbaycanın daxilində birlik, həmrəylik yaranmalıdır.
Mən xalqımızı dəfələrlə buna dəvət etmişəm, bütün vətəndaşlarımızı buna dəvət etmişəm. Bu gün mən bütün siyasi partiyaları, qurumları, təşkilatları – hamısını bax, bu yola dəvət edirəm. Şəxsi ambisiyaları kənara qoymaq lazımdır. 1991-ci ilin sonunda Azərbaycanın əldə etdiyi dövlət müstəqilliyi tarixi nailiyyətdir və biz bunu qorumalıyıq, saxlamalıyıq. Bunu gələcək nəsillərə daha da möhkəm Azərbaycan dövləti kimi verməliyik. Ona görə də əsas prinsiplərdə, əsas məsələlərdə xalqın birliyi, həmrəyliyi əsas şərtdir – başqa məsələlərdə müxtəlif baxışlar ola bilər – və mən vətəndaşlarımızı buna dəvət edirəm.
Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır.
Bayramınız mübarək olsun, əziz dostlar! Azərbaycanın bütün vətəndaşlarını təbrik edirəm. Şəhid ailələrini təbrik edirəm. Azərbaycan torpaqlarının müdafiəsi yolunda əlil olmuş vətəndaşlarımızı təbrik edirəm. Azərbaycan torpaqlarının keşiyində duran silahlı qüvvələrimizi, Azərbaycan əsgərlərini, Azərbaycan ordusunu təbrik edirəm.
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın müstəqil, demokratik Azərbaycan!

28 May – Respublika gününə həsr olunmuş təntənəli mərasimdə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi

(26 may 2001)

Əziz həmvətənlər!
Əziz bacılar və qardaşlar!
Hörmətli xanımlar və cənablar!
Sizi Azərbaycanın milli bayramı – İstiqlaliyyət, Respublika günü münasibətilə təbrik edirəm və bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram.
28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında tarixi bir hadisədir.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar. 1917-ci ildə baş vermiş Oktyabr inqilabı, rus-çar imperatorluğunun dağılması və o zaman onun ərazisində müxtəlif proseslərin meydana çıxması Azərbaycanın istiqlaliyyətinin elan edilməsi və Xalq Cümhuriyyətinin yaradılması üçün şərait yaratdı.
İstiqlal bəyannaməsi 1918-ci il may ayının 28-də Tiflis şəhərində elan olundu. Xalq Cümhuriyyəti bir müddət Gəncədə, sonra da Azərbaycanın paytaxtı Bakıda fəaliyyət göstərdi. Az müddətdə, 23 ay ərzində çox işlər görüldü. Bu işlərin ən əsas məzmunu, mənası ondan ibarətdir ki, Azərbaycanda müstəqillik, azad yaşamaq və müstəqil dövlət kimi həyat sürmək fikirləri artıq geniş yayıldı.
23 aydan sonra Xalq Cümhuriyyəti süqut etdi. Bunun da tarixi səbəbləri vardır. O vaxt kommunist-bolşevik hakimiyyəti öz dövlətini qurub, eyni zamanda keçmiş çar Rusiyasının ərazisinin hamısını öz ideologiyası altına almaq və yeni bir böyük dövlət yaratmaq istəyirdi. Məhz ona görə də artıq Rusiyanın mərkəzində hakimiyyət yaranandan sonra, uzun illər Rusiyanın müstəmləkəçiliyi altında yaşamış xalqların da həyatında bu dəyişiklikləri etmək üçün güclü fəaliyyət göstərdi. Onlar Qafqaza hücum etdilər. Təbiidir ki, gənc, hələ tam möhkəmlənməmiş müstəqil Xalq Cümhuriyyəti belə bir ordunun hücumunun qarşısında durmaq imkanında deyildi.
Doğrudur, o vaxt burada başqa səbəblər də var idi. Xalq Cümhuriyyətinin daxilində lazımi birliyin olmaması, çəkişmələr və müxtəlif proseslər bu dövləti zəiflətdi.
Ancaq mən hesab edirəm ki, əgər o dövlət heç zəifləməsə də, o vaxt sovet hakimiyyətinin, kommunist ideologiyasının yayılmasının qarşısında dura bilməyəcəkdi.
Azərbaycanın XX əsrdə sonrakı 70 illik dövrü sovet hakimiyyəti dövrü olmuşdur.
Bu illər bizim xalqımız, millətimiz üçün, bir tərəfdən, faciələr, itkilər, məhrumiyyətlər illəri olmuş, eyni zamanda xalqımızın maariflənməsi, təhsil alması, inkişaf etməsi, Azərbaycanda böyük iqtisadi potensialın yaranması, xalqımızın dünya mənəvi dəyərlərinə qovuşması sahəsində müsbət rol oynamışdır. Doğrudur, biz müstəqil olmamışdıq. Ancaq bu həqiqəti də demək lazımdır ki, o vaxt kommunist ideologiyası dünyada və xüsusən Rusiyanın ərazisində böyük qüvvəyə malik olduğuna görə, insanların bir çoxu çar hakimiyyəti dövründə ağır şəraitdə yaşadığına görə yeni bir quruluş, sosialist quruluşu, kommunist quruluşu insanlar üçün müəyyən qədər cazibədar olmuşdur. Məhz buna görə də insanlar müxtəlif faciələrə, məhrumiyyətlərə dözmüş – təkcə Azərbaycanda yox, bütün keçmiş SSRİ məkanında – amma eyni zamanda, dediyim kimi, xeyli nailiyyətlər də əldə etmişdi. Beləliklə, əgər Azərbaycan özünün mütəfəkkir şəxsiyyətlərinin fəaliyyəti nəticəsində hələ əsrin əvvəlində dünyəvi dəyərlərə meyl göstərirdisə və dünyəvi dəyərlər artıq Azərbaycanda yayılırdısa, sonrakı illərdə bu proses daha da sürətlə getdi.
Məsələn, Azərbaycanda qadınlara azadlıq verilməsi, Azərbaycan qadınının çadranı atması böyük tarixi hadisə olmuşdur. Hansı quruluşun, hansı siyasi- iqtisadi sistemin daxilində olub-olmamasından asılı olmayaraq, bu, böyük tarixi hadisə idi. Yaxud da Azərbaycanın mədəniyyətinin yüksəlməsi və Azərbaycanın Avropanın ən qabaqcıl ölkələrinin yüksək dünyəvi mədəniyyəti səviyyəsinə çatması da bizim XX əsrdə əldə etdiyimiz nailiyyətdir.
Beləliklə, Azərbaycanda bu ziddiyyətli dövr – 70 il bir tərəfdən, insanlara fəlakət, faciələr, məhrumiyyətlər gətirib, ikinci tərəfdən də, xalqımızın inkişafı üçün şərait yaradıbdır. Məhz buna görə də XX əsrin sonunda xalqımız, Azərbaycan Respublikası yüksək mədəniyyətə, ali təhsilə, kütləvi maarifə malik olan bir ölkə olmuşdur. Azərbaycan Respublikası güclü iqtisadi potensiala, yüksək intellektual potensiala malik bir ölkə olmuşdur. Ancaq insanlarda müstəqil, azad yaşamaq və dünyəvi dəyərlərdən biri olan demokratiya şəraitində yaşamaq əhval-ruhiyyəsi get-gedə artmağa başlamışdı.
XX əsrin sonunda dünyada və Sovetlər İttifaqında gedən ictimai-siyasi, iqtisadi proseslər nəticəsində SSRİ dağılmış və bunun nəticəsində də Azərbaycan SSRİ-yə daxil olmuş bütün başqa müttəfiq respublikalarla eyni vaxtda müstəqillik əldə etmək şəraitinə malik olmuş və öz dövlət müstəqilliyini elan etmişdir.
Doğrudur, o illər, məsələn, mən 1990-cı ilin əvvəllərini götürürəm – xalqımızın arasında müstəqillik arzusu ilə yaşayanlar da çox idi. Amma bunu anlamayanlar və elə SSRİ tərkibində yaşamaq istəyənlər ondan da çox idi. 1991-ci ilin mart ayında Azərbaycan Ali Sovetinin sessiyasında gedən müzakirə mənim xatirimə gəlir. Müzakirə ondan ibarət idi ki, o vaxt SSRİ rəhbərliyi artıq SSRİ-nin dağılmasını müşahidə edərək, müxtəlif cəhdlərlə onu qoruyub saxlamağa çalışırdı və buna nail olmaq üçün SSRİ-nin saxlanılması haqqında mart ayında referendum keçirmək qərara alınmışdı. Bu referendumu da keçirmək üçün hər bir müttəfiq respublika öz fikrini bildirməli, öz qərarını verməli idi. 1991-ci ilin mart ayının 7-də Azərbaycanın Ali Soveti bu məsələni müzakirə etdi. Təsəvvür edin, bu qızğın müzakirədən sonra səsvermədə 350 deputatdan yalnız 45-i və yaxud 46-sı referendumdan imtina etmək və müstəqillik elan etmək haqqında öz fikirlərini bildirdi. Böyük hissəsi, demək olar ki, 300-ə qədər deputat SSRİ-nin saxlanmasına səs verdi. Nə qədər təəccüblü olsa da, bu da həqiqətdir.
Beləliklə, 1918-ci ildə ilk dəfə Azərbaycanda müstəqilliyin elan edilməsi və müstəqil yaşamaq üçün Xalq Cümhuriyyətinin qurulması çox ağır və çətin bir şəraitdə keçmişdir.
Azərbaycanın istiqlaliyyətini elan edənlər, Xalq Cümhuriyyətini qurub-yaradanlar və ona sona qədər sadiq olan insanlar Azərbaycanın ən mötəbər, ən görkəmli insanlarıdır. Xalq Cümhuriyyətinin rəhbərləri Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, onların silahdaşları və o illərdə müstəqillik uğrunda mübarizə aparan və hakimiyyət orqanlarında fəaliyyət göstərən insanlar Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaqlar. Onlar Azərbaycan xalqının tarixinə böyük və dəyərli şəxsiyyətlər kimi daxil olmuşlar.
Ancaq bundan fərqli olaraq, 1991-ci ildə, demək olar ki, Azərbaycan üçün dövlət müstəqilliyi tabaqda gətirilib Azərbaycan rəhbərliyinin qarşısına qoyulduğu halda, hələ fikirləşirdilər ki, biz müstəqil dövlət olmalıyıq, ya olmamalıyıq. Ancaq tarix bunların hamısına cavab verdi. SSRİ dağıldı və onun dağılması tarixi zəruriyyətdən irəli gələn hadisə idi. SSRİ-nin dağılması nəticəsində Azərbaycan da öz müstəqilliyini elan etdi. Baxmayaraq ki, bu müstəqilliyə meyli olmayan, yaxud onu istəməyən adamlar nə qədər müqavimət göstərsələr də, heç bir şeyə nail ola bilmədilər.
1991-ci il oktyabrın 18-də Azərbaycanın Ali Soveti Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi. Bu tarix Azərbaycanın müstəqilliyinin başlanğıcı günü oldu. Baxmayaraq, Azərbaycanda hələ bəziləri gözləyirdilər ki, bəlkə də SSRİ yaşayacaq. Bunu deməyə mənim əsasım vardır. Çünki əgər oktyabr ayının 18-dən müstəqillik haqqında Konstitusiya aktı qəbul olundusa, demək, dərhal referendum keçirmək lazım idi. Referendum yalnız 1991-ci il dekabr ayının 29-na təyin olundu. Ancaq de­kabrın 29-da artıq SSRİ yox idi. SSRİ-nin rəhbərliyi və onun o vaxtkı prezidenti Mixail Qorbaçov həmin dövrdə artıq istefa vermişdilər və SSRİ dağılmışdı.
Mən bununla onu demək istəyirəm ki, xalqımız əsrin əvvəlindən öz qabaqcıl, mütəfəkkir şəxsiyyətlərinin simasında özünə milli azadlıq, müstəqillik qazanmaq arzusunda olmuşdur. Ancaq təəssüflər olsun ki, sonrakı dövrdə sovet hakimiyyətindən bəhrələnən və xalqının gələcəyi haqqında düşünə bilməyən insanlar isə 1991-ci ildə belə bir fürsət yarandığı zaman bundan nəinki istifadə etməmişdilər, hətta istifadə etməkdən imtina etmişdilər. Ancaq tarixin gedişatı, proseslər elə sürətlə hərəkət edirdi ki, artıq heç kəs onun qarşısını ala bilməzdi. Bu gün biz böyük iftixar hissi ilə deyə bilərik ki, əsrin sonunda bütün çətinliklərə, maneələrə baxmayaraq Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi.
Bu il Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin 10-cu ildönümüdür. Oktyabr ayında biz bu tarixi hadisənin onilliyini layiqincə qeyd edəcəyik. Mən bu barədə xüsusi fərman vermişəm. Müxtəlif tədbirlər planı hazırlanıb və biz onillik yubileyi qeyd etmək üçün ciddi hazırlaşmalıyıq və onunla bir daha nümayiş etdirməliyik ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı 10 il müstəqil yaşayıb və bundan sonra da daim müstəqil yaşayacaqdır.
Bizim xalqımızın aqibəti tarixin bir çox mərhələlərində çox ağır və çətin olubdur. Bu baxımdan Azərbaycan öz dövlət müstəqilliyini əldə etdiyi zaman çox ağır bir dövr yaşayırdı. Çünki 1988-ci ildən Ermənistanın Azərbaycana torpaq iddiası ilə başlanmış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ müna­qişəsi ölkəmizdə ağır vəziyyət yaratmışdı. Müharibə gedirdi. Dağlıq Qarabağda Azərbaycan dövlətinin hakimiyyəti artıq yox idi. Dağlıq Qarabağın ətrafında da bəzi bölgələr işğal edilmişdi. Belə bir dövrdə, təbiidir ki, xalqımız gərək öz gücünü iki istiqamətdə səfərbər edəydi. Birincisi, Ermənistanın təcavüzündən xilas olmaq, torpaqlarımızı müdafiə etmək, Azərbaycanın ərazi bütövlüyünü saxlamaq, ikincisi isə, eyni zamanda müstəqilliyi möhkəmləndirmək idi. Ancaq təəssüflər olsun ki, o illər hər iki istiqamətdə nailiyyət olmadı, əksinə, biz çox mənfi və Azərbaycana böyük zərbələr vurmuş hadisələrlə rastlaşdıq. Ermənistanın təcavüzünün qarşısını almaq üçün xalqı birləşdirmək lazım idi.
Doğrudur, o vaxt Azərbaycanın mütəşəkkil ordusu yox idi. Ancaq vətənpərvər insanlar torpaqlarımızı, Azərbaycanın ərazisini qorumaq əzmi ilə yaşayırdılar. Bundan səmərəli istifadə etmək lazım idi. Ancaq edilmədi. Edilmədi ona görə ki, o vaxt Azərbaycanda müxtəlif dəstələr, qruplar, o cümlədən hakimiyyətdə olan şəxslər öz hakimiyyətlərini qoruyub saxlamaq, digərləri isə belə bir fürsətdən istifadə edib hakimiyyətə gəlmək uğrunda mübarizə aparırdılar. Ona görə də müxtəlif qüvvələrə xidmət edən ayrı-ayrı silahlı dəstələrin hamısı cəmləşib Azərbaycan torpaqlarının qorunmasına səfərbər olunmaq əvəzinə, onların hərəsi öz qüvvəsinə xidmət edirdi və bundan da Ermənistan təcavüzkarları çox məharətlə istifadə etmişdilər.
O illərdə şiddətli döyüşlər getmişdir. 1994-cü ilin may ayında atəşkəs elan edilənə qədər Azərbaycanın qəhrəman, cəsur övladları torpaqlarımızı, vətənimizi qorumaq yolunda döyüşmüş, qan tökmüş, həlak olmuş, şəhid olmuşlar. Biz bu gün Azərbaycanın dövlət müstəqilliyini bayram edərkən respublika­mızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi uğrunda döyüşmüş, şəhid olmuş insanları yad etməliyik. Xahiş edirəm, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmək üçün ayağa qalxasınız. Allah onlara rəhmət eləsin!
Azərbaycanın on illik müstəqillik dövrü də bir neçə mərhələdən ibarətdir. Deyə bilərəm ki, keçmiş SSRİ-yə daxil olan müttəfiq respublikalar və bizimlə eyni vaxtda müstəqillik əldə etmiş respublikaların əksəriyyətindən fərqli olaraq, Azərbaycan öz dövlət müstəqilliyini ağır bir şəraitdə bəyan etdi və müstəqil dövlət kimi yaşamağa başladı.
Qeyd etdim ki, bunun iki səbəbi vardı. Birincisi, Ermənistanın Azərbaycana təcavüzü və ona lazımi cavab verilməməsi, Azərbaycanın torpaqlarının bir qisminin işğal olunması, ikincisi də, Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin pozulması və müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi idi. Bunlar müstəqilliyin ilk illərində nəinki müstəqilliyi möhkəmləndirmək, inkişaf etdirmək işinə xidmət etmirdi, əksinə, Azərbaycanın, gənc müstəqil dövlətin müstəqilliyini itirməsinə şərait yaradırdı, insanların arzusunu, yəni müstəqil dövlətdə yaşayıb əvvəlki illərə nisbətən daha da yaxşı yaşamaq arzusunu təmin edə bilmirdi. Bunların hamısı Azərbaycanı böyük fəlakətlərə gətirdi. O illər Azərbaycanda hakimiyyət mübarizəsi o qədər sürətlə gedirdi ki, 1988-ci ildən 1993-cü ilə qədər Azərbaycanda 5-6 dəfə hakimiyyət dəyişikliyi baş verdi.
1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlandı. Ölkəmiz parçalanmaq təhlükəsi qarşısında qaldı. Respublikamızın həyatı tamamilə ağırlaşdı. Ona görə də müstəqillik elan ediləndən 1993-cü ilə qədər, demək olar ki, Azərbaycanı müstəqil bir dövlət kimi təşkil etmək, onun təsisatlarını yaratmaq və müstəqillikdən bəhrələnmək imkanları olmamışdır. Ondan sonrakı dövrdə isə yenə də biz çətin bir zaman ya­şadıq. 1993-cü ildə başlanmış vətəndaş müharibəsinin, Azərbaycanın parçalanması təhlükəsinin qarşısını almaq – vaxt keçdikcə insanlar bəlkə də bunu unudurlar – asan məsələ deyildi. Amma biz o hadisələrin, təhlükələrin qarşısını aldıq və Azərbaycanın daxilində tədricən ictimai-siyasi sabitlik yaratmağa başladıq. Beləliklə də müstəqil dövlətin dövlət təsisatlarını yaratmağa başladıq.
Ancaq yenə də bizə bunu etməyə imkan vermirdilər. 1994-cü ilin oktyabr ayında Azərbaycanda hakimiyyətə qarşı silahlı dövlət çevrilişi cəhdi xatirinizdədir. Xalqın birliyi, xalqın iradəsi həmin o təhlükəli hadisənin qarşısını aldı və Azərbaycanın müstəqil dövlət kimi yaşamasına imkan verdi.
Ümumiyyətlə, Azərbaycan o illərdə nəinki daxildə müxtəlif qüvvələrin hakimiyyət mübarizəsindən zərbələr alırdı, eyni zamanda Azərbaycanın xaricində də ölkəmizin müstəqilliyini istəməyənlər, respublikamızın müstəqil bir dövlət kimi gələcəkdə böyük imkanlara malik olacağını görənlər ölkəmizə müxtəlif tərəflərdən zərbələr vururdular. Ona görə də daxildəki dağıdıcı qüvvələr, eyni zamanda xaricdən Azərbaycanı dağıtmaq, parçalamaq və respublikamızdan istifadə etmək məqsədi daşıyan qüvvələr birlikdə Azərbaycanda bu gərgin vəziyyəti yaradırdılar.
Bəli, 1994-cü ilin oktyabr hadisələrində biz məhz belə halla rastlaşdıq. Ondan az sonra, 1995-ci ilin mart hadisələrində çox güclü, keçmiş OMON şəxsi heyətinin hakimiyyət uğrunda mübarizə aparması və bir çox siyasi partiyalarla və xarici kəşfiyyat orqanları ilə əlaqə qurması Azərbaycanı böyük təhlükə altında qoymuşdu. Biz onun da qarşısını aldıq. Ondan sonrakı bir neçə təxribat, terror halları da, təbiidir ki, Azər­baycan hakimiyyətini, dövlətini sarsıtmaq və artıq Azərbaycanda yaranmış daxili ictimai-siyasi sabitliyi poz­maq məqsədi daşıyırdı. Biz bunların da qarşısını aldıq.
Beləliklə, əgər biz artıq bu ilin sonunda Azərbaycanın dövlət müstəqilliyinin onillik yubileyini qeyd edəcəyiksə, bunu iki dövrə bölmək lazımdır. Birinci dövr – müstəqillik elan edildikdən sonra 1995–1996-cı ilə qədər Azərbaycanda müstəqilliyi qoruyub saxlamaq və həm daxildən, həm də xaricdən müstəqilliyə qarşı edilən bütün cəhdlərin, təxribatların qarşısını almaq dövrüdür. İkinci dövr isə, bunların qarşısını alaraq Azərbaycanda ictimai-siyasi sabitlik yaradıb müstəqil dövlətin qarşısında duran vəzifələri sürətlə həyata keçirməkdən ibarət olmuşdur.
Beləliklə, biz on illik müstəqilliyimizdə, demək olar ki, beş ili itirdik. Amma itirsək də, əsas nailiyyətimiz odur ki, biz bütün çətinliklərdən keçərək, bütün zərbələrin qarşısını alaraq müstəqilliyimizi qoruduq, saxladıq və yaşadırıq.
Mən dedim, 1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən savayı başqa yol yox idi. Amma bu müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.
Eləcə də 1918-ci ildə. Yaranmış tarixi şərait nəticəsində Azərbaycanda ilk Xalq Cümhuriyyəti yaradıb, ölkəmiz öz dövlət müstəqilliyini elan etdi. Bu, böyük tarixi hadisə idi. Ancaq o, müstəqilliyi sona qədər saxlaya bilmədi. Artıq dedim, o vaxtkı başqa gücə malik olan yeni qurulan sovet hakimiyyəti buna imkan vermədi. Əgər paralel olaraq götürsək, 1991-ci ildə tarixi zəruriyyətdən meydana gələn müstəqillik də Azərbaycan xalqı üçün ən böyük tarixi bir hadisə idi. Ancaq bu müstəqilliyi qorumaq, saxlamaq, yaşatmaq və indi artıq on il müstəqillik şəraitində yaşamaq ondan qat-qat, heç müqayisə edilməyəcək dərəcədə çətin bir şeydir.
Biz bütün bu çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq.
Bizim müstəqil dövlətimizin təsisatlarını qurmaq işi 1994–1995-ci illərdən başlayıbdır. Bilirsiniz ki, 1995-ci ildə biz ilk demokratik Konstitusiya qəbul etdik, Milli Məclisə demokratik şəraitdə seçkilər keçirdik. Müstəqil dövlətimizin, ölkəmizin dövlət quruculuğu prosesinə başladıq. Bizim dövlət quruculuğu prosesinin yolu məlumdur – Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaqdır. Biz əvvəldən bu yolu tutmuşuq və bu yolla ardıcıl olaraq gedirik və gedəcəyik. Əgər bunu vaxtında biz bəyan edirdiksə, elan edirdiksə, hesab edirəm ki, bunun özü xalqımızın mənafeyinə cavab verən bir hadisə idi. Ancaq indi biz bu bəyanatlarımızı yerinə yetirdiksə və bütün çətinliklərə baxmayaraq nailiyyətlər əldə ediriksə, artıq hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi gedir və bu dövlət yaranıb, qurulubdur. Təbiidir ki, bu bizim 5, 6, 7 il bundan öncə etdiyimiz bəyanatdan daha da qiymətlidir, yəni əsasdır.
Bu illər çox iş görülübdür. Görülən işlərin hamısı Azərbaycanda məhz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu konsepsiyası çərçivəsində görülür və bundan sonra da görüləcəkdir. Biz bunun üçün müxtəlif sahələrdə, demək olar ki, həyatımızın bütün sahələrində lazım olan islahatlar keçiririk, bunlar üçün lazım olan qanunlar, məcəllələr qəbul olunubdur. Artıq biz o qədər qanunlar, tarixi əhəmiyyətə malik olan məcəllələr qəbul etmişik ki, indi onlar Azərbaycanda dövlət quruculuğunu bütün sahələrdə təmin etmək üçün əsas yaradıbdır.
Bizim islahatlarımız, dediyim kimi, bütün sahələrdə gedir. Təbiidir ki, biz birinci növbədə iqtisadiyyatda dəyişikliklər etməli idik, yəni iqtisadiyyatın vəziyyətini düzəltməli idik. Çünki iqtisadiyyat hər şeyin əsasıdır. Azərbaycan dövlət müstəqilliyi əldə edən zaman çox güclü iqtisadi potensiala malik bir ölkə olmuşdur. O vaxtlar SSRİ-yə daxil olan 15 müttəfiq respublikanın içərisində yalnız Azərbaycan və Rusiya özü-özünü təmin etməyə qadir olan respublikalar idilər. Ancaq təəssüflər olsun ki, 1988–1989-cu illərdən başlayaraq Azərbaycanda gedən dağıdıcılıq prosesi ölkəmizin iqtisadiyyatına böyük zərbələr vurmuşdu. Artıq ölkəmiz öz dövlət müstəqilliyini əldə edən zaman və ondan sonrakı illərdə Azərbaycanın iqtisadiyyatı nəinki inkişaf etməyib, ilbəil aşağı düşübdür, tənəzzülə uğrayıbdır. Ona görə biz bu tənəzzülün qarşısını almalı idik. Bu da asan məsələ deyildi. Çünki çox şey dağılmışdı. Biz yalnız 1995-ci ildə iqtisadiyyatda tənəzzülün qarşısını aldıq. 1996-cı ildən Azərbaycanda iqtisadiyyatın inkişafını təmin etməyə başladıq.
Mən bu gün böyük iftixar hissi ilə deyirəm ki, Azərbaycanın iqtisadiyyatı bütün sahələrdə ildən-ilə inkişaf edir və yaranmış əsas gələcək inkişaf üçün böyük zəmindir.
Təbiidir ki, bunları həyata keçirmək üçün həm böyük təşkilati işlər görmək, həm də ki, iqtisadi islahatlar aparmaq lazım idi. Biz bunları etdik. Torpaq islahatının keçirilməsi, torpağın şəxsi mülkiyyətə verilməsi, özəlləşdirmə proqramının yerinə yetirilməsi və sahibkarlığa imkan yaradılması, nəhayət, torpaq almış sahibkarlara, kəndlilərə o torpaqdan istifadə etmək üçün maksimum imkanlar yaradılması – bunların hamısı iqtisadiyyatın tədricən inkişafını təmin etdi.
Bir neçə rəqəmi sizin nəzərinizə çatdırmaq istəyirəm ki, mənim dediyim bu sözlər konkret rəqəmlərlə təsdiq olunsun.
1991–1994-cü illərdə Azərbaycanda ümumi daxili məhsul – bu, iqtisadiyyatın əsas göstəricisidir – ildə orta hesabla 20–25 faiz azalırdısa, gördüyümüz işlər nəticəsində 1996-cı ildən 2000-ci ilə qədər 39 faiz artmışdır. Təsəvvür edin, biz bu tənəzzülün qarşısını aldıq, iqtisadiyyatda sabitlik yaratdıq, sonra ildən-ilə onun inkişafını təmin etdik və cəmi 5 il ərzində ümumi daxili məhsul 39 faiz artdı. İqtisadiyyatı bilən adam­lar yaxşı dərk edə bilirlər ki, bu, nə deməkdir.
Azərbaycanın böyük sənaye potensialı vardı. Təəssüflər olsun ki, onun çox hissəsi dağıdılıbdır. Bəziləri Sovet İttifaqının dağılması ilə əlaqədar ayrı-ayrı müəssisələrin keçmiş SSRİ-nin başqa regionları ilə inteqrasiya əlaqələrinin pozulması ilə bağlıdırsa, çox hissəsi isə, sadəcə, bu müəssisələrin başlı-başına buraxılması və onların imkanlarından səmərəli istifadə edilməməsi ilə bağlıdır. Mən yenə də bunu rəqəmlərlə təsdiq etmək istəyirəm. 1991–1994-cü illərdə sənaye məhsulunun istehsalı orta hesabla 20–24 faiz azalırdı. Biz bunun qarşısını aldıq. 1996-cı ildə tənəzzülü dayandırdıq, sənaye istehsalında sabitlik yaratdıq. 1996-cı ildən 2000-ci ilə qədər Azərbaycanda sənaye istehsalı 13,4 faiz artmışdı. Bilirsinizmi, bu bizim şəraitimizdə çox dəyərli göstəricidir.
İqtisadiyyatın böyük bir hissəsi kənd təsərrüfatı sahəsidir. Bu, keçmişdə də belə olubdur, bu gün də belədir və yəqin ki, hələ gələcəkdə də belə olacaq, bu nisbət davam edəcəkdir. Çünki Azərbaycan əhalisinin, demək olar ki, 50 faizi, ola bilər, ondan bir qədər az hissəsi kənd yerlərində yaşayır, kənd təsərrüfatı ilə məşğuldur.
1991–1994-cü illərdə kənd təsərrüfatı məhsullarının istehsalı hər il orta hesabla 15–20 faiz azalmışdır. Biz bunun qarşısını aldıq.
1996–2000-ci illərdə isə, tənəzzülün qarşısı alındıqdan sonra kənd təsərrüfatı istehsalı ildən-ilə artmağa başladı və bu illərdə, artıq beş il içərisində ümumi artım 19 faiz təşkil edir. Bu, 1995–1996-cı illərdən başlayaraq Azərbaycanda torpaq islahatının həyata keçirilməsinin bilavasitə nəticəsidir. Onu da deyə bilərəm ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan keçmiş SSRİ respublikalarının bəzilərində, bəlkə də çoxunda hələ indiyə qədər torpaq islahatını həyata keçirə bilməyiblər. Biz 1300 kolxoz və sovxoz dağıtdıq. Amma bəzi respublikalarda kolxoz da, sovxoz da, ümumi mülkiyyət də – hamısı yaşayır. Biz çox cəsarətli addımlar atdıq. Ancaq biz həmin rəqəmlərə təkcə bununla nail olmadıq. Biz torpaq sahiblərinə yardımlar etdik. Nəhayət, iki il bundan öncə, kənd təsərrüfatı istehsalı ilə əlaqədar kənd sahibkarlarını, yəni torpaq sahiblərini, istehsalçıları torpaq vergisindən savayı, bütün başqa vergilərdən azad etdik.
Bilirsinizmi, bu, asan məsələ deyildir. Ancaq bu cəsarətli addımı ataraq biz o məqsədi güdürdük ki, kəndliyə imkan verək, aldığı torpağı istifadə edə bilsin. Əgər o, torpaqdan hələ təkbaşına istifadə etməyə çətinlik çəkirsə, bir tərəfdən, traktor tapa bilmirsə, başqa maşın tapa bilmirsə, bir yandan da vergi verməlidirsə – onda bunun işinin istənilən nəticəsi olmayacaqdır. Ona görə də biz bu vergilərin hamısını ləğv etdik.
Kənd təsərrüfatında çalışan vətəndaşlarımız bilsinlər ki, biz bundan sonra da fermerlərə, kənd təsərrüfatı ilə məşğul olan torpaq sahiblərinin hamısına əlavə yardımlar edəcəyik.
Kənd təsərrüfatımızın bütün sahələrində artım vardır. Mən bunu dəfələrlə demişəm. Bu salonda oturanların çoxunun yəqin ki, xatirindədir, o cümlədən mənim də. Mən Azərbaycana rəhbərlik etdiyim zaman 1980-1981-1982-ci illərdə əhaliyə əti, yağı talonlarla verirdilər. Nə üçün? Çünki biz bir çox məhsullar – pambıq, üzüm və sair istehsal edib SSRİ-yə göndərirdik. Onda SSRİ-də ümumi ixtisaslaşma getmişdi. Bizə isə Ukraynadan, Belarusiyadan heyvandarlıq məhsulları – ət, yağ, süd, başqa məhsullar göndərilməli idi. İstənilən qədər göndərilmirdi, şəxsi təsərrüfat da yox idi. İnsanların şəxsi mal-qarası da, təbiidir ki, Azərbaycanın bütün əhalisini təmin edə bilməzdi. Ona görə də belə bir şəraitdə yaşayırdıq. Amma indi mal-qara artıb, Azərbaycanda ətin qiyməti ucuzdur – təbii ki, başqa yerlərə nisbətən. Artıq bizim haradansa hey­vandarlıq məhsulları gətirməyə ehtiyacımız yoxdur.
Biz islahatlar apararaq iqtisadiyyatın bütün sahələrində liberallaşdırma prosesinə xüsusi fikir vermişik. Bu bizim islahatlarımızın əsasını təşkil edibdir. Məhz buna görə də yaxşı nəticələr əldə edə bilmişik. Məsələn, xarici ticarət dövriyyəsi 1993-cü ildə 1 milyard 300 milyon dollar, 1994-cü ildə 1 milyard 400 milyon dollar idi. 2000-ci ildə isə 2 milyard 900 milyon dollara çatmışdır. Təsəvvür edin, 1993-cü ildə 1 milyard 300 milyon dollar, 2000-ci ildə isə 2 milyard 900 milyon dollar, yəni təxminən 3 milyard dollar. Çox əhəmiyyətli bir məsələni də qeyd etmək istəyirəm. Keçən il Azərbaycanın xarici ticarət dövriyyəsində ilk dəfə ixrac idxaldan çox olmuşdur. Yəni artıq Azərbaycanda daxili istehsal onun dünya bazarına çıxarılmasına imkan verir və eyni zamanda daxili istehsal həm ölkəni təmin edir, həm də başqa ölkələrin ba­zarlarına çıxarılmasını təmin edir. Ona görə də idxala, yəni xaricdən gələn mallara artıq əvvəlki kimi ehtiyac yoxdur.
Hesab edirəm ki, bizim iqtisadiyyatdakı nailiyyətlərimizin əsaslarından birini təşkil edən Azərbaycanın dövlət neft strategiyasıdır. Bilirsiniz ki, 1994-cü ildən başlayaraq biz Azərbaycanın dövlət neft strategiyasını hazırlayıb həyata keçirməyə başladıq. Bu gün mən iftixar hissi ilə, heç kəsdən çəkinmədən deyirəm ki, biz Azərbaycanın Xəzər dənizindəki sektorunda böyük təbii sərvətlərin–neft və qazın dünya üçün istifadə olunmasının əsasını qoyduq. Biz 1994-cü ildə ilk müqaviləni imzaladıq. Ondan sonrakı illərdə müqavilələr imzaladıq. İndi 21 müqavilə imzalanıbdır. Dünyanın 32 böyük neft şirkəti bu müqavilələrdə bizimlə birlikdə işləyir. Bunların hamısı birlikdə Azərbaycana 2000-ci ilə qədər 5,8–6 milyard dollar xarici investisiya gətirmişdir. Biz artıq birinci müqavilədən neft hasil edirik, mənfəət götürürük. Artıq Neft Fondu yaranıbdır. Neft Fondunda təxminən 360 milyon dollar vəsait vardır. Mən bütün Azərbaycan xalqına bildirmək istəyirəm ki, Neft Fondu prezidentin nəzarəti altındadır və bu fonddan hansı sahəyə nə xərclənəcəksə, onların hamısı şəffaf olacaq, bütün xalqa çatdırılacaqdır. Ancaq mənim məqsədim başqa sahələrdən gəlir götürüb bu Neft Fondunu – hansı ki, ilbəil artacaqdır – Azərbaycanın gələcək nəsilləri üçün saxlamaqdır.
İndi Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollara qədərdir. Ancaq 1994-cü ildə Azərbaycanın valyuta ehtiyatı 10 milyon dollar idi. Təsəvvür edin, 10 milyon dollar bir milyard dollara çatıbdır. Neçə dəfə artıbdır! Yüz dəfə. Qısa bir zamanda. Nəyin səbəbinə? Bizim apardığımız düzgün iqtisadi siyasətin nəticəsində və bununla yanaşı, Azərbaycanın sərvətlərinin və xüsusən valyutasının qorunub saxlanması və onun dağıdılmasına imkan verilməməsi nəticəsində olubdur.
Həm iqtisadiyyatımızın inkişafı üçün, həm xalqın rifah halının yaxşılaşdırılması üçün əsas amillərdən biri odur ki, biz inflyasiyanın qarşısını ala bildik. 1994-cü ildə Azərbaycanda inflyasiya 1600–1800 faiz idi. Bu o demək idi ki, Azərbaycan manatının qiyməti gündən-günə aşağı düşürdü və beləliklə, Azərbaycan vətəndaşının da aldığı maaş və yaxud da onun qazancı istədiyi qədər mallar almasına imkan vermirdi. Biz bunun qarşısını aldıq və inflyasiyanı ildən-ilə azaltdıq. Dedim ki, 1994-cü ildə inflyasiya 1600–1800 faiz olduğu halda, 1996-cı ildən başlayaraq onun qarşısı alınıbdır və hazırda onun səviyyəsi cəmi 2 faizdir. Bu illərdə bizdə heç bir iqtisadi böhran yoxdur.
Görürsünüzmü, dünyanın bəzi böyük ölkələrində iqtisadi böhran, inflyasiya – bunların hamısı insanların maddi, maliyyə vəziyyətinə çox güclü mənfi təsir göstərir. Amma biz bu məsələyə diqqət verdik, biz bunu qoruyuruq, saxlayırıq və beləliklə, 1996-cı ildən bəri artıq neçə ildir ki, Azərbaycanda inflyasiyanın qarşısı alınıbdır. Bu nə deməkdir? Demək, manatın dollara nisbətən dəyəri möhkəmlənib, istehlak mallarının qiyməti artmayıb və hətta azalıbdır. Vətəndaşlarımızın alıcılıq imkanları daha da çoxalıbdır.
İqtisadiyyatın bütün sahələrində – həm kənd təsərrüfatında, həm sənayedə, həm ticarətdə və başqa sahələrdə aparılan islahatlar artıq Azərbaycanda özəl sektorun inkişafını təmin edibdir. İndi Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun payı 68 faizdir. Sənaye məhsulunun 44 faizi özəl sektorda istehsal olunubdur. Kənd təsərrüfatı istehsalının 99 faizi, ticarətin 98 faizi, tikintinin 64 faizi, yükdaşımaların 54 faizi, sərnişin daşınmalarının 83 faizi özəl sektorun hesabınadır. Özəl sektor nə deməkdir? İnsanlar mülk sahibidirlər, onlar müxtəlif işlər görürlər, həm xalqa xidmət edirlər, həm Azərbaycanda istehsalı artırırlar, həm də özlərinin, onların ətrafında işləyən adamların rifah halını yaxşılaşdırırlar.
Azərbaycanda dövlət büdcəsi ilbəil artır. Məsələn, 1994-cü ildə Azərbaycan dövlət büdcəsi 682 milyard manat olubdur. 2001-ci ildə isə büdcəmiz 6,7 dəfə artıbdır. 1995–2000-ci illərdə dövlət büdcəsinin sosialyönümlü xərcləri 2,8 dəfə artmışdır. Bilirsiniz ki, büdcədən maliyyələşdirilən sahələrin işçilərinin hamısının maaşları son illər bir neçə dəfə artırılıb və mən sizə bəyan edirəm ki, bundan sonra da artırılacaqdır.
Azərbaycanda pensiyalar, maaşlar vaxtlı-vaxtında verilir. Amma Müstəqil Dövlətlər Birliyinə daxil olan bir çox ölkələrdə insanlar 10–15 ay maaş ala bilmirlər. Amma bizdə hər ayın axırında mənə məlumat verməlidirlər: pensiyalar təmin olundu, maaşlar verildi. Bəzən ayın axırına olmur, o biri aydan 10–15–20 gün keçəndə verilir. Bu olur. Amma bu, necə deyərlər, böyük bir bəla deyildir. Bəla odur ki, 15 ay işləyib maaş ala bilməyəsən. Özü də dövlətin mühüm sahələrində. Elə bizim Cənubi Qafqaz ölkələrində də vəziyyət belədir. Bir neçə başqa ölkələrdə belədir.
Orta aylıq əməkhaqqı artmışdır. Orta aylıq pensiyaların məbləği yüksəlmişdir. 1998-ci ildən başlayaraq mən köçkün vəziyyətində yaşayan insanlara çörək pulu müavinətini ilbəil artırıram. Bu, 3 il müddətində 3,5 dəfə artmışdır. Bu gün bəyan edirəm ki, bundan sonra da artacaqdır.
Bəlkə də bu təntənəli bayram günündə sizin beyninizi bu rəqəmlərlə yükləməyə ehtiyac yoxdur. Ancaq siz bunu bilməlisiniz. Real vəziyyəti bilməlisiniz. Hər şey müqayisə ilə qiymətləndirilir. Mən bunları deyərək, heç də Azərbaycanda hər şeyin çəhrayı rəngdə olduğunu bildirmək istəmirəm. Mən həmişə həqiqəti demişəm, indi də deyirəm və bundan sonra da həqiqəti deyəcəyəm.
Bu nailiyyətlərimizlə yanaşı, bizim bütün səviyyələrdə işlərimizdə nöqsanlar da çoxdur. Əldə etdiyimiz nailiyyətlər, həyata keçirdiyimiz islahatlar hələ ki, Azərbaycan əhalisinin hamısının rifah halını lazımi səviyyəyə qaldırmağa imkan verməyibdir. Azərbaycanda yoxsullar da az deyildir. Kasıbçılıq içəri­sində yaşayanlar da vardır.
Biz indi beynəlxalq təşkilatlarla birlikdə yoxsulluqla mübarizə haqqında proqram hazırlayırıq. Başqa proqramlar da hazırlayırıq. Ancaq mən əvvəldə dedim ki, biz müstəqilliyimizin 10 ilinin 5 ilini itirmişik, 5 ilində də bu nailiyyətləri əldə etmişik. Amma mən bunu kafi hesab etmirəm, bununla qane ola bilmirəm. Mən hesab edirəm ki, bizim hələ xalqımız qarşısında, Azərbaycanın vətəndaşları qarşısında borcumuz çoxdur. Borcumuz ondan ibarətdir ki, biz gərək Azərbaycan iqtisadiyyatının bütün imkanlarından istifadə edək, xalqın rifah halını daha da yüksəldək. Ağır maddi şəraitdə yaşayan insanların vəziyyətini normallaşdıraq. Bunların hamısını edəcəyik. Çünki birincisi, Azərbaycanın təbii sərvətlərinin və başqa iqtisadi potensialının böyük imkanları var. Bu imkanlardan biz səmərəli istifadə edəcəyik və Azərbaycanın iqtisadiyyatı ilbəil inkişaf edəcək və xalqın rifah halı yaxşılaşacaqdır. Bunu edəcəyik ona görə ki, mən, Azərbaycan prezidenti xalqın qarşısında məsuliyyətimi dərk edirəm. Mənim məqsədim, həyatımın mənası və məzmunu xalqa xidmət etmək və bu xidmətin əməli nəticələrinə nail olmaqdır.
Biz dövlət quruculuğunda, bir çox başqa sahələrdə də islahatlar keçirmişik. Onlar da bir tərəfdən, vətəndaşlarımızın azad, müstəqil yaşaması üçün imkanlar yaradıb, ikinci tərəfdən, bir çox bürokratik əngəllərin aradan qaldırılmasını təmin ediblər.
Bilirsiniz ki, Azərbaycanda demokratiya ardıcıl surətdə, get-gedə inkişaf edir. Azərbaycanda insanlara bütün azadlıqlar verilibdir. Vicdan azadlığı, söz azadlığı, din azadlığı – bütün azadlıqlar verilibdir. Hər bir vətəndaş sərbəstdir.
Azərbaycanda siyasi plüralizm təmin olunubdur. Ölkəmizdə mətbuat azadlığı, bəlkə də hər şeydən çoxdur. İndi desələr ki, Azərbaycanda ən çox şey nədir, mən cavab verə bilərəm ki, qəzetlər – gündən-günə artan qəzetlər və o qəzetlərin əksəriyyətində yazılan yalanlar, böhtanlar...
Bəzən insanlar keçmişi yada salaraq düşünürlər, niyə buna yol verilir? Heydər Əliyev buna nə üçün yol verir? Bəzən bizim rəhbər işçilər haqqında məqalə yazırlar – ədalətsiz, filan... Həmin adam mənim yanıma gəlir ki, baxın, bunu yazıblar, onu yazıblar, filan ediblər... Deyirəm, neçə dəfə sənin haqqında yazıblar? Deyir ki, 1-2-3 dəfə. Deyirəm, mənim haqqımda neçə dəfə yazıblar? Hər gün. Bu ədalətlidirmi? Ədalətli deyildir. Mən heç də demirəm ki, bizim hakimiyyət orqanlarında işləyən adamların qüsuru yoxdur. Qüsurları var, bəzilərininki çoxdur. Biz indi Azərbaycanda struktur dəyişiklikləri aparırıq. Bu struktur dəyişiklikləri Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəldilibdir.
Biz indi Azərbaycanda bir çox nazirlikləri, komitələri və s. birləşdiririk. Bu, müəyyən ixtisara gətirib çıxaracaqdır. Bəzi adamların narazılığına səbəb olacaqdır. Ancaq nə etməli? Əgər bu narazılıq həmin o işini itirən adamlarda olacaqsa, o müxtəlif instansiyalarda bir-birini təkrarlayan təşkilatların bürokratik əngəllərindən isə daha çox insanlar əziyyət çəkir, zərər görür və təbiidir ki, narazı olur. İndi onlar da ixtisara görə narazı olacaqlar. Amma güman edirəm ki, bizim struktur dəyişiklikləri və dövləti idarəetmənin təkmil­ləşdirilməsi Azərbaycanın dövlət orqanlarında bürokratizmin, rüşvətxorluğun qarşısını alacaq, korrupsiya ilə mübarizəni gücləndirəcəkdir. Beləliklə, bu sahədə də biz dünya standartlarına yaxınlaşacağıq.
Azərbaycanda keçirilən hüquq islahatları çox böyük əhəmiyyət daşıyır. Məhkəmə sistemi, prokurorluq, polis, Daxili İşlər Nazirliyi, bütün başqa hüquq-mühafizə orqanları haqqında müvafiq qanunlar qəbul olunub və bu qanunların hamısı beynəlxalq standartlara uyğundur. Qəbul olunan hər bir belə qanun beynəlxalq təşkilatlar tərəfindən əvvəlcədən ekspertizadan keçirilir, onların fikri öyrənilir və nəhayət, biz bu qanunları qəbul edirik.
Qanunları qəbul etmişik. Bu, yaxşı əsas yaradıbdır. Ancaq indi lazımdır ki, bizim bütün hüquq-mühafizə orqanlarımız bu qanunları yerinə yetirsinlər, öz fəaliyyətlərini yalnız və yalnız qanun əsasında qursunlar. Qanunu pozmasınlar, əksinə, hamısı qanunun keşiyində dursun, qanunun aliliyini təmin etsin.
Azərbaycan bu ilin əvvəlində Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Bilirsiniz ki, bir neçə il idi biz orada qonaq statusu ilə iştirak edirdik. Azərbaycanın bu beynəlxalq təşkilata qəbul olunması prosesi gedirdi. Mən sizə deyim ki, Avropa Şurasına daxil olmuş heç bir ölkə bizim qədər, yəni Azərbaycan qədər müxtəlif maneələrlə rastlaşmamışdı. Ermənistanla Azərbaycan arasındakı münaqişəmizdə Ermənistana tərəfdar olan ölkələr, istər-istəməz, Azərbaycanın Avropa Şurasına daxil olmasının əleyhinə çıxırdılar. Təkcə onlar yox, bəzi başqaları da. Məsələn, Ermənistanla Azərbaycanı eyni zamanda qəbul etmək istəyirdilər. Amma deyirdilər ki, Ermənistan Avropa Şurasına qəbul olunmağa hazırdır, lakin biz bunu saxlayırıq ki, Azərbaycan da hazır olsun, bir yerdə qəbul edək. Nə üçün? Nə bilim, Azərbaycanda insan hüquqları pozulur, demokratiya yoxdur və sair.
Mən bir neçə dəfə demişəm – ola bilər, siz televiziya vasitəsilə bunu müşahidə etmisiniz – insan hüquqlarının pozulması, təbiidir ki, vətəndaş cəmiyyətində, sivil ölkələrdə dözülməz haldır. Əgər Azərbaycanda kiminsə hüququ pozulursa, təbiidir ki, bunun qarşısı alınmalıdır və belə hallara yol verilmə­məlidir. Ancaq Ermənistan öz hərbi təcavüzü ilə bir milyon adamın hüquqlarını pozub, Azərbaycan torpaqlarını işğal edib və bu insanlar 8-9 ildir ki, ağır şəraitdə, çadırlarda yaşayırlar və siz hesab edirsiniz ki, Ermənistanda insan hüquqları pozulmur, Azərbaycanda pozulur? Bu qədər ədalətsizlik olarmı?
Dünyada ikili standartlar mövcuddur.
Əziz həmvətənlərim!
Əziz dostlarım!
Təəssüflər olsun və biz bütün bu ikili standartları dəf edərək, öz işimizin ədalətli olduğunu sübut edərək, bax, bu demokratiya yolu ilə gedirik və gedəcəyik. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avropa Şurasına daxil olubdur. Bu, tarixi hadisədir, bu hadisə münasibətilə mən sizi bir daha ürəkdən təbrik edirəm.
Azərbaycanın dövlət quruculuğunda əsas yerlərdən biri güclü ordumuzun yaranmasıdır. Mən dəfələrlə demişəm və bu gün də deyirəm: biz heç bir dövlətə təcavüz etmək istəmirik. Heç bir dövlətin torpağında gözümüz yoxdur. Dünyanın bütün dövlətləri ilə qarşılıqlı surətdə faydalı dostluq, əməkdaşlıq əlaqələri qururuq və bundan sonra da bunu davam etdirəcəyik. Bu işdə bizim çox böyük nailiyyətlərimiz var. Azərbaycan artıq dünya miqyasında, beynəlxalq təşkilatlarda öz yerini tutubdur və hər yerdə cəsarətlə öz sözünü demək, öz tələblərini qoymaq imkanına malikdir. Ancaq eyni zamanda Azərbaycan bir tərəfdən, Ermənistanın təcavüzünə məruz qaldığına görə, ikinci tərəfdən, təkcə bu gün yox, gələcəkdə də həmişə öz torpaqlarını, öz mənafelərini qorumaq üçün güclü orduya malik olmalıdır.
Mən bu gün sizə deyirəm ki, əgər müstəqilliyimizin on ilində beş il ordu quruculuğunda itirilibsə, ikinci dövrdə, ikinci beşillikdə Azərbaycanda ordu quruculuğunda çox işlər görülüb, ölkəmizdə mütəşəkkil, güclü ordu var. Azərbaycanın torpaqlarını, mənafeyini müdafiə etməyə qadir olan əsgərləri­miz, zabitlərimiz, Milli Ordumuz vardır.
Əziz həmvətənlər, əgər biz Ermənistanın təcavüzünə məruz qalmasaydıq, nailiyyətlərimiz daha da çox ola bilərdi. Bu həqiqətdir ki, Ermənistan Azərbaycana torpaq iddiası ilə çıxış edəndən, 1988-ci ildən indiyə qədər Azərbay­can çox böyük zərbələr alıbdır. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bir milyondan artıq vətəndaşımız qaçqın vəziyyətində yaşayır. Dediyim kimi, şiddətli döyüşlərdə çox dəyərli insanlarımızı, gənclərimizi itirmişik. Ancaq bunlar hamısı Azərbaycanın torpaqlarının qorunub saxlanılmasını təmin etməyibdir. Ona görə də 1994-cü ilin may ayında hər iki tərəfin – həm Ermənistanın, həm də Azərbaycanın razılığı ilə atəşin dayandırılması haqqında saziş əldə olunubdur. Azərbaycan - Ermənistan münaqişəsində 7 ildir ki, atəşkəs rejimi hökm sürür. Bu, müsbət haldır ki, bütün dünyanın başqa bölgələrindən fərqli olaraq, Ermənistan - Azərbaycan münaqişəsində atəşkəs rejimi yalnız bu iki ölkənin iradəsinin nəticəsində qorunub saxlanılır. Yəni bizi bir-birimizdən ayıran, yaxud da ki, atəşkəs rejimimizi qoruyan heç bir başqa qüvvə yoxdur. Bu onu göstərir ki, Ermənistan da məsələnin sülh yolu ilə həll olunmasında maraqlıdır. Biz də 1994-cü ildən indiyə qədər məsələnin sülh yolu ilə həll olunmasına üstünlük vermişik və mən bu gün də buna üstünlük verirəm.
Bilirsiniz ki, Minsk qrupu bununla məşğuldur. Mənim dəfələrlə, əgər statistika aparsalar, neçə yüz dəfə, bəlkə də min dəfə Minsk qrupunun rəhbərləri ilə, onların təmsilçiləri ilə, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri ilə apardığım danışıqların 90 faizi Ermənistan - Azərbaycan münaqişəsinin aradan qaldırılmasına, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına həsr edilmişdir. Ancaq reallıq bundan ibarətdir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyinə görə və əvvəldən qarşısına Dağlıq Qarabağı Ermənistana bağlamaq məqsədi qoymaqla bu münaqişəni başladığına görə, öz üstünlüyündən istifadə edib lazım olan güzəştləri qəbul etmir.
Bizim apardığımız son danışıqlar hər iki tərəfin güzəştlərə getməsi ilə əlaqədardır. Bəzi hallarda razılaşırıq, bəzi hallarda razılaşa bilmirik. Ona görə də məsələlər belə uzanır. Bilirsiniz ki, Minsk qrupu həmsədrlərinin və Amerikanın təşəbbüsü ilə son görüş ABŞ-ın Florida ştatının Ki-Uest adasında oldu. Bir neçə gün orada olduq. Bu görüşün əvvəlkilərdən fərqi ondan ibarətdir ki, həmsədrlərin hamısı bu məsələyə çox ciddi yanaşırdılar. İndiki yaranmış vəziyyətin keçmişdəkinə nisbətən müsbət cəhəti ondan ibarətdir ki, həmsədrlər – həm Rusiya, həm Amerika Birləşmiş Ştatları, həm də Fransa həqiqətən əməkdaşlıq etmək istəyirlər və bu münaqişəni həqiqətən aradan qaldırmaq istəyirlər. Ancaq Ki-Uestdə aparılan danışıqlar da bu nəticəyə gətirib çıxarmadı.
Baxmayaraq ki, mən fevral ayında Milli Məclisdə geniş müzakirə apardım, yaranmış vəziyyəti dedim, indi bizim ölkəmizdə müxalifət, ayrı-ayrı qüvvələr bir tərəfdən, müharibə əhval-ruhiyyəsini yaymağa çalışırlar, ikinci tərəfdən – dünyadan bixəbər olduqlarına görə – bunu belə etmək lazımdır, elə etmək lazım­dır deyirlər. Hətta bəziləri, necə deyərlər, elə bir dərəcəyə eniblər ki, gedib xalqdan imza toplamaq istəyirlər ki, sən müharibənin tərəfdarısan, yoxsa yox. Bilirsiniz, bunlar hamısı bizim dövlətimizə, cəmiyyətimizə xas olmayan şeylərdir. Ancaq nə edək, biz hər şeyə azadlıq vermişik. Müstəqil televiziyalar da azaddır, qəzetlər də azaddır, insanlar da azaddır. Hərə öz fikrini deyə bilər.
Mən dəfələrlə müraciət etmişəm ki, fikrinizi deyin ki, əgər biz indiyədək nəsə edə bilməmişiksə, siz gəlin fikirlərinizi deyin, bəlkə sizin fikirlərinizlə bunu edə bilək. İndi son vaxtlar bəziləri deyir ki, ancaq müharibə etmək lazımdır, torpaqlarımızı ancaq müharibə ilə almaq lazımdır. Bu adamlar bilməlidirlər ki, biz nə vaxt lazım olarsa, müharibə etməyə hazırıq və edə bilərik. Amma indi buna heç bir zərurət yoxdur. Ayrı-ayrı siyasətçilər özlərinə ucuz şöhrət, xal qazanmaq üçün «Müharibə edək, torpaqlarımızı azad edək» deyirlər. Özü də bunlar o adamlardır ki, onlar elə 90-cı ildən həmin bu müharibənin içindədirlər, müxtəlif vəzifələrdə bu müharibənin içində olan adamlardır. Əgər müharibə edə bilirdinizsə, nə üçün torpaqların işğal olunmasının qarşısını almadınız? Nə üçün almadınız?
Televiziyada görürəm, eşidirəm – bəziləri deyirlər ki, Ermənistan prezidenti öz mövqeyini açıqlayıbdır, Azərbaycan prezidenti mövqeyini açıqlamır. Mən hər gün mövqe açıqlamalıyam? Azərbaycan prezidenti olaraq mən Ki-Uestdə aprel ayının 3–4-də Azərbaycanın mövqeyini öz bəyanatımla açıqladım. Bildirmək istəyirəm ki, biz oraya toplaşanda Amerikanın Xarici İşlər naziri və ümumiyyətlə, Minsk qrupunun həmsədrləri hansısa bəyanat verməyin əleyhinə idilər. Çünki deyirdilər ki, biz buraya yığışmışıq ki, kompromislər axtaraq, sülhə yaxınlaşaq. Mən isə artıq sizə məlum olan, mətbuatda dərc edilmiş bəyanatı vermək tələbini etdim. Onlar buna etiraz edirdilər, mənə imkan vermirdilər. Mən isə məsələni çox kəskin qoydum ki, əgər bu bəyanatı verməsəm və bu bəyanatım televiziya tərəfindən çəkilməsə, dünyaya, ölkəmizə yayılmasa, onda heç bir danışıqlarda iştirak etməyəcəyəm. Mən orada həmin bəyanatın verilməsinə yalnız bu yolla nail oldum. Bu bəyanat sizə məlumdur, onu sizə izah etməyə ehtiyac yoxdur. Ondan sonra mən gündə nə bəyanat verəcəyəm? Nə bəyanat verəcəyəm?
Bəyanat odur, prinsiplərimiz odur. Həmin bəyanat mətbuatımızda dərc olunubdur. Onu deyə bilərəm ki, mənim həmin bəyanatımdan sonra Amerika mətbuatında bir çox məqalələr dərc olundu. Bu məqalələrdən göründü ki, Ermənistan - Azərbaycan münaqişəsinin əsas səbəbləri, hissələri heç həmin qəzetlərə məlum deyildir. Çünki orada çox müsbət məqalələr dərc olundu. Bunlar isə orada ictimai fikrə böyük təsir göstərdi.
Yenə də deyirəm, mən bəyanatımı vermişəm. Mən hər gün bəyanat verməyəcəyəm. Baxmayaraq ki, biz Ki-Uestdə lazımi razılığa gələ bilmədik, ancaq hesab edirəm ki, Minsk qrupunun həmsədrləri, yəni Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları indi bir-biri ilə çox yaxın təmasdadırlar və əməkdaşlıq edirlər, məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərirlər. Biz bundan istifadə etməliyik və məsələnin sülh yolu ilə həll olunmasına çalışmalıyıq və buna nail olmalıyıq.
Mən inanıram ki, müəyyən kompromislər nəticəsində buna nail olmaq mümkündür. Bilirsiniz, görünür ki, bəzi adamlar kompromislər haqqında lazımi təsəvvürə malik deyillər. Bəli, yaranmış vəziyyətdə, əgər kompromislər olmasa, sülh əldə etmək olmaz. Amma hər iki tərəf kompromisə getməlidir. Kompromislər bərabər olmalıdır. Mən bunu Ki-Uestdə də demişəm və başqa yerlərdə də demişəm. Ona görə də siz əmin ola bilərsiniz, Azərbaycan prezidenti kimi, mən gecə və gündüz bu problemlərlə məşğul oluram və vaxtımın, demək olar ki, tam əksər hissəsi buna həsr edilir.
Son dəfə həmsədrlər Azərbaycana gəldilər, getdilər Ağcabədi rayonunda qaçqınları gördülər. Oradan cəbhə xəttindən Ağdama keçdilər, Ağdamın nə vəziyyətdə olduğunu gördülər, başqa şeylər də gördülər. Güman edirəm ki, bunların hamısı Azərbaycanın günahsız olduğunu və ölkəmizə qarşı təcavüz edildiyini bir daha onlara sübut etdi. Güman edirəm ki, bu yolla biz məsələnin sülh yolu ilə həll edilməsinə nail ola biləcəyik.
Beləliklə, əziz dostlar, biz bu gün XX əsrə yekun vururuq. XX əsrdə Azərbaycan xalqının keçdiyi yol bütün tədqiqatçılar, alimlər tərəfindən dərindən təhlil olunmalıdır və hər şey ədalətli, düzgün, obyektiv yazılmalıdır. Hesab edirəm ki, onillik müstəqillik dövrümüz də çox ədalətli, obyektiv təhlil olunmalıdır, hər şey yazılmalıdır. Onillik yubileyə hazırlıq tədbirlərində bunlar nəzərdə tutulubdur. Mən bütün vətəndaş­larımıza müraciət edirəm ki, bu barədə öz səylərini əsirgəməsinlər. Ancaq bunların hamısı, yəni müstəqilliyi­mizin bundan sonra da möhkəmlənməsi, yaşaması, Azərbaycanın inkişaf etməsi ölkəmizdə vətəndaş birliyinin, həmrəyliyinin əsasında olmalıdır. Təəssüf ki, biz Azərbaycanda buna nail ola bilmirik. Təəssüf ki, ayrı-ayrı adamlar hakimiyyət iddiası ilə yaşayaraq, xalqımızın ümummilli mənafelərində Azərbaycan dövlətinə yardım etmirlər. Əksinə, onlar maneçilik də törədirlər. Mən dedim, biz Avropa Şurasına daxil olanda bəzi ölkələr bizə maneçilik edirdi. Ancaq təkcə ölkələrmi? Azərbaycanda olan müxalifət qüvvələri dəridən-qabıqdan çıxırdılar ki, Azərbaycan Avropa Şurasına daxil olmasın. Nə üçün? Əgər sən doğrudan da Azərbaycanın milli mənafeyini hər şeydən üstün tutursansa – sənin kimdən xoşun gəlir-gəlmir, prezident sənin xoşuna gəlir, ya gəlmir – xalq, millət var. Heç kəs nə xalqı, nə də milləti əvəz edə bilməz. Onu düşünmək lazımdır. Doğrudur, biz Avropa Şurasına daxil olandan sonra nümayəndə heyətimizdə həm hakimiyyət, həm də müxalifət qüvvələri çox səmərəli əməkdaşlıq edirlər. Bu məni sevindirir. Mən istərdim ki, bu kiçik çərçivədə olan əməkdaşlıq Azərbaycanda bütün qüvvələr arasında səmimi, Azərbaycanın milli mənafelərini təmin etmək üçün geniş əməkdaşlığa çevrilsin. Mən istərdim ki, hamı Azərbaycanın müstəqil­liyinin möhkəmlənməsi haqqında düşünsün. Mən istərdim ki, hamı Azərbaycanın Ermənistanın işğalından xilas olunması haqqında düşünsün, öz şəxsi ambisiyaları haqqında yox. Nə vaxt hakimiyyətə gələcək, o haqda düşünməsin. Nə vaxt gələ bilər, gəlsin. Amma gələ biləcəksə...
Mən bir daha xalqımızı, millətimizi, vətəndaşlarımızı, Azərbaycanda mövcud olan müxtəlif siyasi, ictimai qüvvələri Azərbaycanın bu günü və gələcəyi naminə birliyə, həmrəyliyə dəvət edirəm.
Bir daha bəyan edirəm ki, bütün bu imtahanlardan, çətinliklərdən keçmiş bugünkü Azərbaycan hakimiyyəti bundan sonra da qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir və biz Azərbaycanı demokratiya yolu ilə, ardıcıl surətdə irəliyə aparacağıq, ölkəmizin müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini daimi edəcəyik, əbədi edəcəyik.
Mən Azərbaycanın bütün vətəndaşlarını bu bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm.
Azərbaycan əsgərini, Azərbaycanın keşiyində duran, hüdudlarında, cəbhə xəttində duran Azərbaycan əsgərini, bizim Milli Ordumuzun dəyərli zabitlərini, bütün şəxsi heyətini ürəkdən təbrik edirəm.
Şəhid ailələrini, müharibə əlillərini, bütün Azərbaycan xalqını bir daha təbrik edirəm.
Əmin ola bilərsiniz ki, Azərbaycanın sükanı etibarlı əllərdədir.
Əmin ola bilərsiniz ki, biz müstəqilliyimizi yaşadacağıq. Ona görə də yaşasın, yaşasın, yaşasın müstəqil Azərbaycan !

Respublika günü münasibətilə təntənəli mərasimdə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi

(27 may 2002)

Hörmətli xanımlar və cənablar!
Sizi Azərbaycanın istiqlaliyyət günü – Respublika günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə, bütün Azərbaycan xalqına sülh, rifah, əmin-amanlıq arzulayıram.
1918-ci ilin mayında Azərbaycanda, müsəlman aləmində ilk demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan xalqının həyatında böyük hadisə baş verdi. Xalqımız, millətimiz müstəqil, sərbəst yaşamaq iradəsini dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti özünün qısa ömrü dövründə dəyərli fəaliyyət göstərmişdir və Azərbaycan xalqının müstəqil olmaq iradəsini nümayiş etdirmişdir. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini, onun qurucuları Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin və digərlərinin xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edirik.
1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi. Azərbaycanda müstəqil dövlət yarandı. Ötən illərdə xalqımız böyük işlər görübdür və böyük nailiyyətlər əldə edibdir. Biz bu yaxın vaxtlarda Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümünü qeyd etdik. Azərbaycanın müstəqil dövlət kimi keçdiyi on illik yolu təhlil etdik, nailiyyətlərimizi göstərdik və qarşıda duran vəzifələrimiz haqqında danışdıq. Bu illər Azərbaycanın yeni gələcək tarixinin parlaq səhifələridir. Çünki bu illərdə Azərbaycanın müstəqil dövləti qurulub, yaranıb, sınaqlardan keçibdir və indi Azərbaycan bir müstəqil dövlət kimi, dünyada özünə layiq yerini tutubdur.
Biz bu illərdə Azərbaycanı siyasi, iqtisadi böhrandan çıxardıq, Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etdik, buna mane olan qüvvələri zərərsizləşdirdik, dövlətimizə qarşı silahlı çevriliş cəhdlərinin, terror aktlarının qarşısını aldıq. Bunların nəticəsində Azərbaycanda ictimai-siyasi, daxili vəziy­yət sabitləşib, xalqımız rahat yaşamaq imkanı əldə edibdir.
Biz ötən illərdə demokratik, hüquqi, dünyəvi dövlətimizi qurmuşuq, onun təsisatlarını yaratmışıq, Azərbaycanın həyatında böyük dəyişikliklərə nail olmuşuq. Azərbaycanın demokratiya yolu ilə getməsi üçün lazımi qanunlar, fərmanlar qəbul etmişik. Bazar iqtisadiyyatının yaranması və inkişafı üçün lazımi işlər görülüb, iqtisadi, sosial, siyasi islahatlar aparılıb və ölkəmiz ardıcıl surətdə inkişaf edir. Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənibdir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik dönməz olubdur və ölkəmizdə quruculuq işləri gedir, biz demokratik dəyişikliklərə nail oluruq.
Azərbaycanın xarici siyasəti bütün ölkələrlə qarşılıqlı faydalı əlaqələr qurmaq və onu inkişaf etdirməkdən ibarətdir. Biz bu sahədə çox iş görmüşük və böyük nailiyyətlər əldə etmişik. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirmişdir. Bizim xarici siyasətimizdə əsas yeri Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması tutur. Bu, Azərbaycanın həyatında ən böyük prob­lem, ən böyük məsələdir. Bu sahədə görülən işlər cəmiyyətə məlumdur. ATƏT-in Minsk qrupu ardıcıl fəaliyyət göstərir. Onun həmsədrlərinin nümayəndələri mütəmadi olaraq bölgədə olurlar, lazımi işlər görürlər və görüşlər keçirirlər.
Son vaxtlar Minsk qrupunun həmsədrləri fəallaşıblar. İndi Ermənistan və Azərbaycan prezidentlərinin nümayəndələri görüşlər aparırlar, Ermənistan və Azərbaycan prezidentlərinin də görüşləri nəzərdə tutulur. Bütün bu görüşlər, danışıqlar Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına həsr edilir. Doğrudur, hələ istənilən nailiyyət əldə olunmayıbdır. Ancaq eyni zamanda, problem çox çətindir və çox mürəkkəbdir. Ümidvaram ki, biz bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirərək, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olacağıq.
İnanıram ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad ediləcəkdir və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir, Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığı təmin olunacaqdır. Bu məsələ indi dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir. Minsk qrupunun həmsədr­ləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu məsələnin həll olunması üçün səylər göstərirlər.
Bu günlərdə Moskvada Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin görüşündə də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ müna­qişəsinin sülh yolu ilə həll olunması problemi öz yerini tapmışdır.
Bizim xarici siyasətimizdə qonşu ölkələrlə əlaqələrimizin möhkəmləndirilməsi, inkişaf etməsi, xüsusən iqtisadi əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Bu sahədə də nailiyyətlərimiz göz qabağındadır. Son günlərin hadisələrindən yüksək səviyyəli İran - Azərbaycan görüşlərini və Roma papasının Azərbaycana ziyarətini qeyd etmək olar.
Roma papasının Azərbaycana ziyarəti tarixi hadisədir. Onun Azərbaycanda olması, bizimlə aparılan danışıqlar və ictimaiyyətin nümayəndələri ilə, xalq kütlələri ilə görüşü bizim xalqımızın Roma papasına, ümumiyyətlə, sülhə, dostluğa münasibətini nümayiş etdirmişdir.
Azərbaycanın iqtisadiyyatında xarici investisiyanın cəlb olunması xüsusi yer tutur. Bu istiqamətdə biz xeyli işlər görmüşük və nailiyyətlərimiz də vardır. Böyük layihələr həyata keçiririk. 1994-cü ilin sentyabr­ında «Əsrin müqaviləsi» imzalanandan sonra Azərbaycana xarici investisiyanın cəlb olunması inkişaf edibdir və biz dünyanın böyük şirkətləri ilə müştərək layihələr həyata keçiririk. «Azəri», «Çıraq», «Günəşli» yataqlarından neftin hasil olunması ilə əlaqədar görülən işlər öz müsbət nəticəsini verir və bizim müştərək planlarımız da çox böyük ümidlər yaradır. Xəzər dənizində zəngin qaz yatağının – «Şahdəniz» qaz yatağının kəşf olunması, açılması da böyük hadisə olmuşdur.
Biz son dövrdə Xəzərin mineral ehtiyatlarının hasil olunması və onların dünya bazarlarına çıxarılması ilə əlaqədar böyük layihələr həyata keçiririk. O cümlədən, Bakı–Tbilisi–Ceyhan böyük ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri. Bu layihələr gələcəkdə Azərbaycan xalqına böyük faydalar gətirəcəkdir. Bu layihələr, xüsusən Xəzər dənizinin mineral ehtiyatlarından istifadə olunması, eyni zamanda, dünyanın böyük dövlətlərinin nəzər-diqqətini cəlb etmişdir. Bu günlərdə prezident Putinin prezident Buşla Moskvadakı görüşündə bu məsələ xüsusi yer almışdır və Bakı–Tbilisi–Ceyhan layihəsinə bir daha dəstək verilmişdir.
Bunların hamısı Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməyə, xalqımızın rifah halını yaxşılaşdırmağa yönəlibdir. Mən tam qətiyyətlə deyirəm ki, bizim gördüyümüz bu işlər yaxın gələcəkdə öz gözəl nəticələrini verəcəkdir. Bunlar da Azərbaycanın iqtisadiyyatını möhkəmləndirəcək, inkişaf etdirəcək, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə xidmət göstərəcək, Azərbaycan xalqı­nın rifah halının daim yaxşılaşmasını təmin edəcəkdir. Bizim vəzifəmiz bu yolla getməkdən ibarətdir.
Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu uğurla həyata keçirilir. Demokratiya Azərbaycanın bütün sahələrini əhatə etmişdir. Bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas aparıcı qüvvəsidir. Bunlar bizim gələcəyimizi təmin edir. Gələcəyimiz isə çox aydındır, çox uğurludur.
Azərbaycanda dövlət müstəqilliyi artıq dönməz olubdur. Azərbaycanda daxili ictimai-siyasi sabitlik dönməz olubdur. Azərbaycanda demokratiya dönməz olubdur. Azərbaycanda bazar iqtisadiyyatı dönməz olubdur. Beləliklə, biz dünya iqtisadiyyatına inteqrasiya oluruq və dünyanın inkişaf etmiş dövlətləri ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığın müsbət nəticələrini görürük. Azərbaycanın Avropa Şurasına qəbul olun­ması da bizim bu sahədə əldə etdiyimiz nailiyyətlərdəndir.
Bir sözlə, bizim ölkəmiz, xalqımız indi rahat yaşayır. Bizi narahat edən problemin həlli, işğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması qarşıda duran vəzifəmizdir. Mən əminəm ki, biz bu vəzifəni yerinə yetirəcəyik. Ölkəmiz dünya miqyasında, beynəlxalq aləmdə özünə layiq yerini tutur. Bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyinin nəticəsidir və biz buna görə xalqımıza, millətimizə minnətdarıq.
Mən bu bayram günü sizi bir daha təbrik edirəm. Azərbaycanın torpaqlarının keşiyində duran əsgərləri təbrik edirəm. Ağır vəziyyətdə çadırlarda yaşayan soydaşlarımızı təbrik edirəm. Şəhid ailələrini təbrik edirəm. Veteranları, torpaqlarımızın müdafiəsi uğrunda vuruşanları və xəsarət alanları təbrik edirəm. Bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm.
Bayramınız mübarək olsun!

28 May - Respublika günü münasibətilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi

(27 may 2004)

Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Mən sizi Azərbaycanın milli bayramı - istiqlaliyyət, Respublika günü münasibətilə ürəkdən təbrik
edirəm. Bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram.
1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini çox yüksək qiymətləndirir.
Ancaq Xalq Cümhuriyyətinin ömrü uzun olmadı və təxminən iki ildən sonra gənc respublika süqut etdi.
Yalnız 1991-ci ildə, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. O illər ölkəmiz üçün çox çətin illər olmuşdur. Digər keçmiş sovet respublikaları ilə müqayisədə Azərbaycan daha çətin vəziyyətə düşmüşdü. Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz, torpaqlarımızın işğal altına düşməsi, daxildə gedən mənfi proseslər ölkəmizi çox çətin vəziyyətdə qoymuşdu. Bununla yanaşı səriştəsiz, bacarıqsız rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində ölkə böhran içində idi. İqtisadi, siyasi, hərbi böhran içində idi. Xaos, anarxiya, hərc-mərclik hökm sürürdü. Ümumiyyətlə, Azərbaycan müstəqil dövlət kimi dünya xəritəsindən silinə bilərdi.
Bu şəraitdə Azərbaycan xalqının tələbi, təkidi ilə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdı. Bütün mənfi meyllərə son qoyuldu, ictimai-siyasi sabitlik yarandı, asayiş bərpa olundu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi, ölkədə qayda-qanun yaradıldı. Bütün bunları etmək üçün, əlbəttə ki, ilk növbədə, Heydər Əliyev iradəsi, cəsarəti lazım idi və Azərbaycan xalqının dəstəyi lazım idi.
Azərbaycan xalqı öz liderinə inandı və xalqın dəstəyi ilə Azərbaycanda böyük quruculuq işləri başlandı.
İnkişafı təmin etmək üçün hər bir ölkədə, ilk növbədə, sabitlik, qanunun aliliyi olmalıdır, nizam-intizam olmalıdır. Bütün bu amillər Azərbaycanda bərqərar oldu və ölkəmiz inkişaf yoluna çıxdı. İqtisadi baxımdan ölkə çox sürətlə inkişaf etməyə başladı. İqtisadiyyatı xarakterizə edən ən mühüm amil - ümumi daxili məhsul son 7 ildə 90 faiz artmışdır. Ölkəyə böyük həcmdə sərmayələr qoyulmuşdur. Genişmiqyaslı özəlləşdirmə proqramı həyata keçirildi və bu proses davam edir.
Ölkəmiz öz neft sərvətlərinin dünya bazarlarına çatdırılması üçün mühüm addımlar atmışdır. 10 il
bundan əvvəl məhz bu “Gülüstan” sarayında “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin neft strategiyası başlandı. “Əsrin müqaviləsi”ndən sonra Azərbaycana böyük həcmdə xarici sərmayələrin qoyulması ölkəmizi hərtərəfli inkişaf etdirir. Bu gün qonşu ölkələrlə müqayisədə, keçmiş sovet respublikaları ilə müqayisədə adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan liderdir.
Bu layihələrdən sonra Azərbaycanın ölkəmiz üçün, region üçün önəmli digər layihələri həyata keçirilməyə başlandı. Bütün dünya üçün böyük əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanmışdır. Heç kəs üçün sirr deyil ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasının təşəbbüskarı və memarı xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Təsadüfi deyildir ki, Bakı-Tbilisi-Ceyhan şirkətinin üzvləri bu kəmərə Heydər Əliyevin adını vermişlər.
Azərbaycan beynəlxalq təcriddən çıxa bilmişdir. Bir vaxt ölkəmiz dünyada, bölgədə, regionda gedən bütün proseslərdən təcrid olunmuş vəziyyətdə idi. Azərbaycan müxtəlif ölkələrlə ikitərəfli əlaqələri qura bildi və beynəlxalq aləmin çox dəyərli üzvünə çevrildi. Ölkəmizin mövqeləri möhkəmləndi, Azərbaycan müxtəlif regional və beynəlxalq təşkilatların üzvü olmuşdur və onlarda çox fəal iştirak edir.
Ordu quruculuğunda böyük addımlar atıldı. 1993-cü ilə qədər orduda vəziyyət çox ağır idi, demək olar ki, Azərbaycanda ordu yox idi, ayrı-ayrı birləşmələr müstəqil şəkildə fəaliyyət göstərirdilər. Bu gün Azərbaycanın ordusu ən yüksək standartlara cavab verir, peşəkar orduya çevrilibdir və qarşıda duran vəzifələri həll etməyə qadir bir ordudur. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atılmışdır. Atəşkəs əldə olunmuşdur və bu bizə imkan verdi ki, sakit şəraitdə ölkəmizi inkişaf etdirək.
Bir sözlə, bu 11 il ərzində Azərbaycanda görülən işlər, aparılan siyasət öz müsbət təsdiqini həyatda
tapır. Azərbaycan xalqı bu siyasətə səs verir, bu siyasəti bəyənir. Bu siyasət bu gün də yaşayır, ölkəmizin xoşbəxt gələcəyi üçün bu siyasət Azərbaycanda uzun illər aparılmalıdır.
Prezident seçkilərindən yeddi ay keçir. Bu müddət ərzində biz qarşımızda duran bütün vəzifələri yerinə yetiririk. Seçkilər ərəfəsində verilən sözlər yerinə yetirilir. Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini daha da gücləndirir. Etdiyim xarici səfərlər, keçirdiyim ikitərəfli görüşlər çərçivəsində Azərbaycanın nüfuzu regionda, dünyada daha da möhkəmlənibdir. Xaricdə Azərbaycana olan rəğbət çox yüksək səviyyədədir.
Azərbaycan, demək olar ki, dünyada böyük hörmətə malikdir. Regional məsələlərdə ölkəmiz liderliyi əldən vermir və bu liderlik gündən-günə möhkəmlənir. Azərbaycan bütün ölkələrlə faydalı, səmərəli, ikitərəfli əlaqələrin qurulmasına çalışır və demək olar ki, bütün ölkələrlə çox mehriban münasibətlər qura bilibdir.
Bizim beynəlxalq təşkilatlarla əməkdaşlığımız çox sürətlə inkişaf edir. Beynəlxalq təşkilatlara etdiyim səfərlər çox uğurlu olmuşdur. Avropa Şurasına, Avropa İttifaqına, NATO-ya etdiyim rəsmi səfərlər Azərbaycanın siyasətini bir daha təsdiqlədi. Azərbaycan öz gələcəyini dünya və Avropa strukturlarına inteqrasiyada görür. Bu, bizim strateji seçimimizdir və ona sadiqik. Sevindirici haldır ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan münasibət çox müsbətdir.
Azərbaycanda seçkilərdən sonra gedən proseslərə çox müsbət reaksiya vardır, görülən işlər təqdirlə
qarşılanır. Əlbəttə ki, bu, bizim mövqelərimizi daha da möhkəmləndirir. Deyə bilərəm ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq təşkilatların diqqəti artmışdır. Bu, bizi çox sevindirir. Biz əminik ki, yalnız və yalnız beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə bu münaqişə tezliklə öz həllini tapa bilər. Sevindirici haldır ki, uzun fasilədən sonra danışıqlar prosesi bərpa olundu və biz ümid edirik ki, danışıqlar yolu ilə sülh müqaviləsinə nail ola bilərik. Əlbəttə ki, bu müqavilə beynəlxalq hüquq normalarına əsaslanmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Mən ümid edirəm ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların iştirakı və fəaliyyəti ilə biz tezliklə bu məsələni həll edə bilərik.
Seçkilərdən keçən dövr ərzində iqtisadiyyatımız daha da güclənibdir. 2004-cü ilin birinci rübündə iqtisadiyyatda artım 10 faiz olmuşdur. Bu, onu göstərir ki, keçmişdə yaranmış meyllər davam edir, iqtisadi siyasətimiz çox uğurludur və bu siyasət öz bəhrəsini verməkdədir. İki proqram çərçivəsində - sosial-iqtisadi və regional inkişaf proqramları çərçivəsində böyük işlər görülür. Xüsusilə bölgələrdə yeni iş yerlərinin açılması istiqamətində atılan addımlar öz ilkin nəticələrini verməkdədir və deyə bilərəm ki, son aylar ərzində 30 minə yaxın yeni iş yeri açılmışdır. Bu meyllər davam edəcək və mən şübhə etmirəm ki, qarşımızda duran bu böyük vəzifə öz həllini tapacaq, biz Azərbaycanda işsizliyi, yoxsulluğu aradan qaldıracağıq.
Sosial məsələlərin həllində mühüm addımlar atılır, böyük proqramlar həyata keçirilir. Ən çətin vəziyyətdə yaşayan, sosial cəhətdən ən az müdafiə olunan qaçqınlar, köçkünlər üçün nəzərdə tutulmuş yeni layihələr həyata keçirilir. Bu proqram davam etdiriləcək və mən dediyim kimi, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Çadır şəhərciklərində yaşayan soydaşlarımız yeni evlərlə təmin olunacaqdır. Bu istiqamətdə işlər gedir, müvafiq fərmanlar da imzalanıbdır.
Ordu quruculuğunda işlər uğurla davam edir, ordumuz güclənir, bu sahəyə xüsusi diqqət var.
Ümumiyyətlə, cəmiyyətdə bu sahəyə böyük diqqət olmalıdır, insanlarımız, gənc nəslimiz vətənpərvərlik ruhunda tərbiyə edilməli, böyüməlidir. Hər bir vətəndaş çalışmalıdır ki, orduya kömək etsin, orduya öz dəstəyini versin.
Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələr baş vermişdir. Seçkilərdən sonra Azərbaycanda sabitlik pozulmadı, sabitlik qorundu. Sabitliyi pozmaq istəyən qüvvələr öz layiqli cavabını aldılar. Azərbaycan dövləti öz dövlətçiliyini qorumağa qadirdir. Biz insanlarımızın rahat şəraitdə yaşamaq haqqını müdafiə edirik, bundan sonra da edəcəyik. Hər bir qeyri-qanuni hərəkət öz layiqli cavabını alacaqdır. Azərbaycanda qayda-qanun var və hər bir vətəndaş qanunlara tabe olmalıdır. Azərbaycanda sabitliyin qorunması gələcək inkişafımız üçün ən önəmli şərtlərdən biridir.
Ölkəmizin mədəni həyatında, ictimai həyatında mühüm, gələcəyə yönəlmiş addımlar atılır. Bilirsiniz ki, kitabların latın əlifbası ilə nəşri üçün tədbirlər görülür. Azərbaycan Milli Ensiklopediyasının hazırlanması və nəşri haqqında qərarlar verilibdir. Bu, bizim tariximiz üçün, gələcək üçün çox mühüm, önəmli addımlardır.
Bir sözlə, ölkəmiz inkişaf edir. Heydər Əliyevin siyasəti yaşayır və həyata keçirilir. Çox sevindirici haldır ki, bütün görülən işlər xalq tərəfindən böyük rəğbətlə qarşılanır, dəstəklənir. Mən bu dəstəyi hiss edirəm və bu dəstəyə arxalanıram, ümid edirəm ki, hər bir vətəndaş əlindən gələni edəcək ki, ölkəmiz daha da güclənsin, möhkəmlənsin.
Əziz dostlar, sizi bu gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan möhkəmlənəcək, öz dövlət müstəqilliyini gücləndirəcək və müstəqilliyimiz əbədi, dönməz olacaqdır. Sağ olun.
Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, dini icmaların nümayəndələri Prezident
İlham Əliyevi əlamətdar bayram – Respublika Günü münasibətilə təbrik etdilər.
Gürcüstanın ölkəmizdəki səfiri Zurab Qumberidze dövlətimizin başçısına müraciətlə dedi:
- Zati-aliləri cənab Prezident, əziz İlham Heydəroviç, Bakıdakı diplomatik heyətin adından Sizi bu gözəl günlə əlaqədar təbrik etmək istəyirəm. Bu gözəl bayram Azərbaycan xalqının müstəqil dövlət qurmaq əzmini təsdiq edir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrilmişdir. Mən xalqınıza sülh, xoşbəxtlik və bütün problemlərin həll olunmasını arzu edirəm.
Prezident İlham Əliyev respublika ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, idmançılarla görüşüb səmimi söhbət etdi, onlarla xatirə şəkilləri çəkdirdi. Yazıçılar və incəsənət xadimləri ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş kitabları, musiqi əsərləri yazılmış diskləri dövlətimizin başçısına təqdim etdilər.
Rəsmi qəbulda Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edirdilər.

AzərTAc
27 may 2004-cü il

28 May - Respublika günü münasibətilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından rəsmi qəbuldakı nitqi

(25 may 2005)

-Hörmətli xanımlar və cənablar!
Mən sizin hamınızı Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.
1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaranmışdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmizin dünya birliyinin üzvü kimi tanınması prosesi başlanmışdı. Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini və onun qurucularının xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Ancaq Xalq Cümhuriyyəti cəmi iki ilə yaxın zaman ərzində yaşaya bildi. Sonra Cümhuriyyət süqut etdi və Azərbaycan xalqı öz dövlət müstəqilliyindən məhrum olundu. Uzun illər ərzində Azərbaycan Sovet İttifaqının tərkibində müttəfiq respublika kimi yaşadı. Yalnız Sovet İttifaqı dağılandan sonra, 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.
Müstəqilliyimizin ilk illəri çox ağır, çətin keçirdi. Demək olar ki, başqa müttəfiq respublikalarla müqayisədə Azərbaycan ən ağır, ən çətin vəziyyətdə idi. Azərbaycanda gedən siyasi proseslər, hərc-mərclik, anarxiya, özbaşınalıq ölkəmizi çox çətin vəziyyətə salmışdı. Bir tərəfdən, daxili çəkişmələr, digər tərəfdən, Ermənistanın təcavüzü Azərbaycanın gələcəyini, müqəddəratını sual altında qoymuşdu. Ölkə idarəolunmaz vəziyyətə salınmışdı. Hamımız yaxşı bilirik ki, o illər Azərbaycanın müstəqilliyi üçün həlledici illər idi. Əgər 1993-cü ildə vəziyyət belə qalsaydı, yəqin ki, Azərbaycan müstəqil dövlət kimi dünya xəritəsindən silinə bilərdi.
1993-cü ildə dönüş yarandı. Xalqın lideri Azərbaycana rəhbərliyə gələndən sonra vəziyyət tamamilə dəyişdi və böyük səylər nəticəsində Azərbaycanda inkişaf dövrü başladı.
Bu yaxınlarda - iki gün bundan əvvəl qeyd etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışı bir daha onu göstərir ki, 1994-cü ildə atılmış bütün addımlar Azərbaycanın bu gününə, sabahına və gələcəyinə xidmət edir. 1994-cü ildə bu salonda "Əsrin müqaviləsi" imzalandı. Ondan sonra Azərbaycanda həm daxildə gedən proseslər nizama salındı, həm də Azərbaycanın dünya birliyinə inteqrasiya prosesləri sürətlə getməyə başladı. Azərbaycan informasiya blokadasını yara bildi və dünya birliyinin çox dəyərli üzvünə çevrildi. İqtisadiyyatda gedən tənəzzül meyilləri yavaş-yavaş dayandırıldı, inkişaf başladı və bu gün Azərbaycan müstəqil dövlət kimi regionda qabaqcıl mövqedədir. Bunu təkcə biz deyil, bütün dünya ictimaiyyəti açıq-aydın bildirir və etiraf edir ki, Azərbaycan regionda liderdir.
Bizim vəzifəmiz ondan ibarətdir ki, son on il ərzində görülmüş işlərə yeni təkan verək. Qarşıda duran yeni məsələləri həll edək, Azərbaycanı hərtərəfli inkişaf etdirək, iqtisadi potensialımızı gücləndirək və ölkədə yaşayan hər bir insanın həyat səviyyəsinin yaxşılaşması üçün əlimizdən gələni əsirgəməyək. Bunu etmək üçün ölkədə proseslər elə getməlidir ki, hər bir vətəndaş öz həyatında, öz həyat tərzində hiss etsin ki, onun yaşayışı, güzəranı yaxşılaşır, ildən-ilə irəliləyiş müşahidə olunur. Bizim vəzifəmiz bundan ibarətdir. Mən çox şadam ki, son illər ərzində iqtisadiyyatda gedən müsbət meyillər daha da gücləndi. Azərbaycan iqtisadi cəhətdən zəngin dövlətə çevrilir. Ölkəmizə qoyulan xarici sərmayələr milyardlarla dollar ilə ölçülür. İqtisadi inkişaf özünü təkcə paytaxtda deyil, regionlarda da göstərir.
Regional inkişaf proqramının qəbul edilməsi və uğurla icra edilməsi artıq 200 mindən çox iş yerinin açılmasına səbəb olmuşdur. Hər bir iş yerinin açılması çox mühüm hadisədir. 200 min ailə bundan son il yarım ərzində faydalanıbdır. Mənim bölgələrə etdiyim mütəmadi səfərlər açıq-aydın göstərir ki, biz düzgün siyasət aparırıq. Bu siyasət əhali, xalq tərəfindən bəyənilir və dəstəklənir. Mən şübhə etmirəm ki, 2006-cı il Azərbaycanın iqtisadi inkişafı üçün çox əlamətdar il olacaqdır. İqtisadiyyata çox güclü təkan veriləcəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətindən əldə olunacaq gəlirlər yüzlərlə milyon dollar təşkil edəcəkdir. Hər bir vətəndaş bunu öz həyatında hiss etməlidir və hiss edəcəkdir.
Bu gün Azərbaycan iqtisadi inkişafın sürətinə görə dünyada lider ölkədir. Biz artıq bunu dəfələrlə bəyan etmişik və bunu təkcə biz demirik. Beynəlxalq Valyuta Fondu da qeyd edir ki, Azərbaycanda iqtisadi inkişaf, iqtisadi artım 2005-ci ildə 18 faiz təşkil edəcəkdir.
2005-ci il çox mühüm il olacaqdır. 2005-ci ildə parlament seçkiləri keçiriləcəkdir. Mən şübhə etmirəm ki, parlament seçkiləri şəffaf, ədalətli şəkildə keçiriləcəkdir. Azərbaycan xalqının iradəsi seçkilərin nəticəsində öz əksini tapacaqdır. Əminəm ki, seçkilərdən sonra demokratikləşmə prosesi daha da sürətlə gedəcək, Azərbaycan dünya birliyinə daha da fəal inteqrasiya edəcək, bizim inteqrasiya siyasətimiz daha da yüksək sürətlə gedəcəkdir.
Mən bu gün, bəlkə də, çox nikbin danışıram. Əlbəttə, problemlər də mövcuddur. Biz bu problemləri bilirik. İşsizlik, yoxsulluq, digər problemlər var, amma biz onları həll edirik. İstərdik ki, daha da sürətlə həll edək. İstərdik ki, yeniləşmə, müasirləşmə, yaxşılığa doğru meyillər daha da sürətlə getsin. Amma bilin ki, əlimizdən gələni edirik və bunu bir konsepsiya şəklində həyata keçiririk. Həm xarici siyasətdə, həm daxili siyasətdə, həm də iqtisadi islahatlarda. Ölkəmiz kompleks şəkildə inkişaf edir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsində söylənilən fikirlər, xarici qonaqlarımızın çıxışları, dünyanın aparıcı ölkələrinin dövlət başçılarının təbrik məktubları onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir.
Mən əminəm ki, Azərbaycan ildən-ilə güclənəcək, öz iqtisadi potensialını artıracaq, dünyada mövqelərini möhkəmləndirəcək, dünya birliyinə inteqrasiya siyasətini uğurla həyata keçirəcək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz mövqelərindən dönməyəcək və nail olacağıq ki, qarşımızda duran bütün məsələlər, vəzifələr öz həllini tapsın.
Əziz dostlar, bu gözəl bayram münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun!

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri Prezident İlham Əliyevi əlamətdar bayram - Respublika günü münasibətilə təbrik edərək dedilər ki, bu gözəl bayram Azərbaycan xalqının müstəqil dövlət qurmaq əzmini təsdiq edir. Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva respublika ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları ilə, idmançılarla görüşüb səmimi söhbət etdilər, onlarla xatirə şəkilləri çəkdirdilər.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva muğam ustaları və digər incəsənət xadimləri ilə Azərbaycan mədəni sərvətlərinin qorunması və təbliği ilə bağlı görülən tədbirlər barədə fikirlərini bölüşdü.
Rəsmi qəbulda Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

BAKI.
28.05.2005

28 May - Respublika günü münasibətilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından rəsmi qəbuldakı nitqi

(27 may 2006)

- Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Mən sizin hamınızı Respublika günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi bir hadisə idi. İlk dəfə olaraq, müsəlman ölkəsində demokratik respublika yaranırdı və Azərbaycan xalqı müstəqil həyata qovuşurdu. Ancaq bildiyiniz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı və iki ildən sonra Cümhuriyyət süqut etdi. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin və onun qurucularının fəaliyyətini çox yüksək qiymətləndirir. Ancaq respublikanın süqutu onu göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, müdafiə etmək onu əldə etməkdən daha da çətin işdir. Müasir Azərbaycan tarixi də onu 1990-cı illərin əvvəllərində bir daha göstərdi.
1991-ci ildə Sovet İttifaqı dağılandan sonra bütün başqa müttəfiq respublikalarla bərabər, Azərbaycan da dövlət müstəqilliyi əldə etdi. Ancaq hamımız yaxşı xatırlayırıq ki, o illər Azərbaycan üçün nə qədər çətin illər olmuşdur. Faktiki olaraq, müstəqilliyimiz əldə edildikdən sonra Azərbaycanın bir dövlət kimi müqəddəratı, yaşaması artıq böyük təhlükə qarşısında idi. Ölkədə gedən xoşagəlməz proseslər, iqtisadi tənəzzül, siyasi, hərbi, iqtisadi böhran, vətəndaş qarşıdurması, Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun acı nəticələri, bütövlükdə, ölkədə gedən mənfi proseslər bizim müstəqilliyimizi çox böyük təhlükə qarşısında qoymuşdu. Azərbaycanın müstəqil ölkə kimi gələcəyi böyük sual altında idi.
Azərbaycan xalqı 1993-cü ildə ulu öndər Heydər Əliyevə üz tutaraq, onu Azərbaycana rəhbərliyə dəvət edərək, ölkəni bu bəladan qurtardı. Azərbaycanın 1993-cü ildən bu günə qədərki tarixi onu göstərir ki, ölkəmiz hərtərəfli inkişaf edir, sürətlə inkişaf edir. Düzdür, 1993-cü ildə ölkəmizin düşdüyü o ağır vəziyyət ölkə həyatının bütün sahələrinə mənfi təsir göstərirdi. O tənəzzülün nəticələrini aradan qaldırmaq, sabitliyə nail olmaq, əlbəttə ki, böyük siyasi təcrübə, bacarıq, cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti, onun siyasi müdrikliyi, dünyadakı nüfuzu, cəsarəti və təcrübəsi, Azərbaycan xalqının Heydər Əliyev siyasətinə öz dəstəyini verməsi bu gün Azərbaycanı nəinki bölgədə, dünyada ən dinamik və sürətlə inkişaf edən ölkələrdən birinə çeviribdir.
1993-cü ildəki vəziyyətə nəzər salaq və bugünkü Azərbaycanın inkişafına nəzər salaq. Təkcə biz yox, bizimlə bərabər fəaliyyət göstərən, Azərbaycana vaxtaşırı səfərlər edən bütün dövlət, hökumət başçıları, yüksək qonaqlar da bunu görür və yüksək qiymətləndirirlər. Bu gün Azərbaycanın qarşısında çox gözəl üfüqlər var, çox gözəl perspektivlər var. Ölkəmiz regionda öz mövqelərini möhkəmləndirir, ölkə daxilində hökm sürən sabitlik və vətəndaş birliyi, həmrəyliyi bizim uğurlarımızın əsas səbəblərindən biridir.
Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir. Çünki həyat yerində durmur, qarşımıza yeni vəzifələr, yeni çağırışlar çıxır. Bölgədəki vəziyyət, dünyada gedən proseslər, Azərbaycanın dünya birliyinə inteqrasiya siyasəti, qloballaşma meyilləri - bütün bunlar, əlbəttə, Azərbaycandan da yan keçmir. Azərbaycan bütün bu proseslərin nəinki iştirakçısı, hətta bəzi çox mühüm işlərin, layihələrin, dünyamiqyaslı tədbirlərin təşəbbüskarıdır və artıq aparıcı qüvvəyə çevrilir. Bütün bunlar öz-özünə baş verən hadisələr deyildir. Bütün bunları biz təmin edirik. Azərbaycan rəhbərliyinin siyasəti, xalqın bizim siyasətimizi dəstəkləməsi təbii ki, mövqelərimizi daha da gücləndirir. Ölkədə həm siyasi, həm də iqtisadi sahələrdə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, uğurlar müvəqqəti olacaqdır. Əgər ölkədə iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz. Çünki iqtisadi cəhətdən geridə qalmış ölkələrdə, - digər ölkələrin təcrübəsinə baxıb bunu bir daha deyə bilərik, - adətən, demokratikləşmə prosesləri çox ləng gedir. Eyni zamanda, əgər biz ancaq və ancaq iqtisadi məsələlərlə məşğul olsaq, iqtisadi artımın davamlılığına nail olsaq, ölkədə ictimai nəzarət isə zəif olsa, siyasi təsisatlar möhkəmlənməsə, onda iqtisadi uğurlarımız da müvəqqəti olacaqdır.
Biz dünyada gedən prosesləri izləyirik. Tarixi də yaxşı bilirik. İnkişaf etmiş ölkələrin təcrübəsini də öyrənirik və görürük ki, harada inkişaf var, harada problemlər çoxdur. Görürük ki, təbii sərvətlərlə zəngin olmaq heç də o demək deyil ki, ölkə böyük nailiyyətlərə nail olacaqdır. Yenə də deyirəm, əgər cəmiyyətdə demokratikləşmə prosesləri sürətlə aparılmasa, sözün əsil mənasında, vətəndaş cəmiyyəti yaradılmasa, qanunun aliliyi tam şəkildə bərqərar olunmasa, bizim gözəl iqtisadi perspektivlərimiz həyatda tam şəkildə reallaşmayacaqdır. Ona görə hesab edirəm, Azərbaycanın təcrübəsi onu göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik, siyasi islahatlar çox sürətlə aparılır. Son parlament seçkiləri bunu bir daha təsdiqlədi.
Noyabr ayında keçirilmiş seçkilərdə Azərbaycan xalqının iradəsi seçkilərin nəticələrində tam şəkildə öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş "exit-poll" da onu təsdiqlədi. Rəsmi nəticələr "exit-poll"un nəticələri ilə 90 faiz üst-üstə düşübdür. Bu, böyük göstəricidir. O yerlərdə ki, qanun pozuntuları olmuşdur, qanunu pozan şəxslərə qarşı ciddi tədbirlər görüldü, onlar cəzalandırıldılar. Eyni zamanda, bəzi dairələrdə seçkilərin nəticələri ləğv olundu və təkrar seçkilər keçirildi. Bildiyiniz kimi, bu ay keçirilmiş seçkilərdə mötəbər beynəlxalq qurumlar tərəfindən keçirilmiş "exit-poll"un nəticələri rəsmi nəticələrlə 100 faiz üst-üstə düşdü. Bu, bir daha onu göstərdi ki, Azərbaycanda ədalətli, şəffaf seçkilərin keçirilməsi mümkündür və Azərbaycan xalqının, iqtidarının bu istiqamətdə fəaliyyəti bu nəticəyə gətirib çıxarıbdır.
Azərbaycan iqtisadi sahədə dünyada ən sürətlə inkişaf edən ölkədir. Bu, özünü təkcə makroiqtisadi göstəricilərdə deyil, eyni zamanda, insanlarımızın gündəlik həyatında da büruzə verir. Əlbəttə, ümumi daxili məhsulun artımının 40 faizə çatması dünya miqyasında rekord göstəricidir. Eyni zamanda, yanvar-aprel aylarında sənaye istehsalının artımının 50 faizə qalxması, əlbəttə, Azərbaycanın iqtisadi və sənaye inkişafına güclü təkan verən amildir.
Ölkəmizdə müxtəlif layihələr həyata keçirilir və qəbul edilmiş bütün proqramlar çox konkret xarakter daşıyır. Biz şüarlardan çox uzağıq. Mən hesab edirəm ki, hər bir proqramın konkret vəzifələri, icraçıları, nəzarət mexanizmi olmalıdır və maliyyə mənbələri də olmalıdır. Ona görə istər regionların sosial-iqtisadi inkişafı proqramı, istər Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı, istərsə də Bakının yol infrastrukturunun inkişafına dair proqram - bütün bunlar icra olunur. Bunun nəticəsində ölkəmizdə son iki il yarım ərzində 380 min yeni iş yeri açılmışdır. Biz bilirik ki, bu, hələ işin başlanğıcıdır. Azərbaycanda bundan sonra da yüz minlərlə yeni iş yerlərinin açılması planlaşdırılıb ki, bu da öz növbəsində, həm işsizliyin aradan qaldırılmasına xidmət edəcək, eyni zamanda, yoxsulluq şəraitində yaşayanların sayını kəskin şəkildə aşağı salacaqdır.
Bildiyiniz kimi, keçən il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 20 faiz aşağı düşübdür. Bu, qısa müddət ərzində böyük nailiyyətdir. Ancaq əlbəttə ki, bu bizə imkan vermir ki, arxayınlaşaq, yaxud da bu məsələyə diqqətimizi azaldaq. Azərbaycanda bir nəfər də yoxsul adam, bir nəfər də işsiz adam olmamalıdır. Əlbəttə, işləmək istəyən gərək işlə təmin edilsin. Elələri var ki, işləmək istəmirlər, onlar hər bir ölkədə var.
Digər mühüm layihələr infrastruktur layihələridir. Çünki Azərbaycanın uzunmüddətli inkişafını gərək biz bu gün müəyyən edək. Sənayeləşmə prosesləri daha da sürətlə getməlidir. Qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir. Bunu etmək üçün, əlbəttə, enerji infrastrukturunun yaradılması zəruridir. İndi Azərbaycanın müxtəlif bölgələrində 6 yeni müasir elektrik stansiyası tikilir ki, bunların da ümumi istehsal gücü 1000 meqavata bərabərdir. Nəzərə alsaq ki, Azərbaycanda bütün dövrlər ərzində istifadəyə verilmiş gücün miqdarı təxminən 4000-4500 meqavatdır, görün, qısa müddət ərzində bu sahədə nə qədər böyük irəliləyiş var. Bu bizə imkan verəcək ki, Azərbaycanda sənayenin inkişafı daha da sürətlə getsin, enerji təhlükəsizliyi məsələlərini uğurla həll edək.
Bilirsiniz ki, indi dünyada həm iqtisadi, həm də siyasi baxımdan enerji təhlükəsizliyi məsələləri ön plana çıxır. Azərbaycan öz işini görübdür. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə başlanmış və uğurla icra edilən Azərbaycanın neft strategiyası bu gün öz bəhrələrini verməkdədir. Azərbaycan, ilk növbədə, öz tələbatını tam şəkildə ödəməlidir və ödəyəcəkdir. Eyni zamanda, dünya və Avropa bazarlarına Azərbaycan öz enerji daşıyıcılarını çatdırmaq əzmindədir. Bu istiqamətdə böyük işlər görülür. Biz bunu yaxşı bilirik.
Bir daha qeyd etmək istəyirəm ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri dünya miqyaslı layihələrdir. İndi dünyanın ən böyük enerji layihələridir və Azərbaycan bu layihələrin təşəbbüskarı, icraçısı və lideridir. Artıq bunu hamı bilir, dərk edir və Azərbaycanın bir regional ölkə kimi önəmi getdikcə artmaqdadır. Biz bunu gündəlik həyatda görürük. Bunu mən çoxsaylı rəsmi səfərlərdə görürəm, müxtəlif dövlət, hökumət başçılarının Azərbaycana səfərləri zamanı, ikitərəfli münasibətlərdə görürük. İndi Azərbaycana maraq çox böyük sürətlə artır və ölkəmizin mövqeyindən, baxışlarından artıq çox şey asılıdır. Bizimlə müxtəlif sahələrdə çox ciddi məsləhətləşmələr aparılır. Azərbaycanın mövqeyi bir neçə beynəlxalq təşkilatda həlledici olur. Biz də gərək bundan istifadə edək. Bizim vəzifəmiz Azərbaycan xalqının milli maraqlarını tam şəkildə təmin etmək, onları müdafiə etmək, Azərbaycanı risklərdən qorumaq, ölkəmizi müdafiə etmək, sabitliyi möhkəmləndirmək, regional təhlükəsizlik tədbirlərinə öz töhfəmizi vermək və beləliklə, ətrafımızda risklərin minimum səviyyəyə çatdırılmasına nail olmaqdır.
Çünki ölkədə gedən proseslər, sabitlik əlbəttə, bizim həyatımızı müəyyən edir. Amma biz adada yaşamırıq, biz qonşuluqda yaşayırıq. Ona görə qonşu dövlətlərlə səmərəli münasibətlər, qarşılıqlı etimad və hörmət əsasında qurulmuş münasibətlər bu gün öz müsbət nəticələrini verməkdədir. Artıq bunu hamı etiraf edir. Azərbaycanın mövqeyi və siyasəti müstəqildir. Biz öz siyasətimizi ancaq və ancaq Azərbaycan xalqının milli maraqları üzərində qururuq. Müstəqil siyasət aparmaq, əlbəttə, ölkənin həm daxilində, həm də xaricində mövqelərimizi möhkəmləndirir.
Mən bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm ki, müstəqillik yalnız dövlət atributları ilə ölçülmür. Müstəqillik o deməkdir ki, ölkə tam şəkildə müstəqil siyasət apara bilsin. Mən heç bir başqa misal gətirmək istəmirəm. Biz bu misalları yaxşı bilirik. Ölkələr var ki, müəyyən səbəblərə görə, müstəqil siyasət aparmaq iqtidarında deyildir, haradasa imkanları yoxdur, haradasa tədbirlər görülməyibdir. Azərbaycan bu baxımdan ayaq üstə çox möhkəm dayanan ölkədir. Bizim vəzifəmiz, borcumuz, bütün Azərbaycan xalqının borcu ondan ibarətdir ki, bu müsbət meyilləri daha da möhkəmləndirək. Bunu etmək üçün bütün imkanlar var. Azərbaycanın çox düşünülmüş və hərtərəfli iqtisadi inkişaf konsepsiyası var və bu gün icra edilir. Bizim xarici siyasətimiz birmənalıdır, heç bir xarici təsirə məruz qalmır və qala da bilməz. Ölkədə gedən demokratikləşmə prosesləri dünya tərəfindən, inkişaf etmiş ölkələr tərəfindən yüksək qiymətləndirilir. Amma, ilk növbədə, bunu Azərbaycan xalqı yüksək qiymətləndirir.
Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq artıq dünya miqyasında bir nümunə kimi öyrənilir. Xüsusilə indiki şəraitdə eşidirik ki, sivilizasiyalar arasında dialoqdan çox geniş söhbət aparılır. Amma, əslində, biz görürük ki, milli və dini zəmində münaqişələr, yaxud da toqquşmalar daha da artır. Azərbaycanın təcrübəsi öyrənilməlidir və təsadüfi deyil ki, burada bir neçə beynəlxalq təşkilat bu məsələyə dair elmi-praktik konfranslar da keçirirlər. Yəni bu, bizim gündəlik həyat tərzimizdir, eyni zamanda, bizim siyasətimizdir. Amma biz görürük ki, heç də hər yerdə belə deyildir. Bizim gücümüz birliyimizdədir. Ona görə həm iqtisadi, həm siyasi sahədə, həm də xarici siyasət sahəsində bizim işlərimiz düşünülmüş şəkildə aparılır. Plan şəklində bu siyasət öz uğurunu artıq sübut edibdir.
Böyük layihələr, ölkənin inkişafı, infrastruktur layihələri, iş yerlərinin açılması, yeni yolların tikilməsi - bu gün Azərbaycanda üç şəhərdə yeni aeroportlar tikilir və onların tikintisi bu yaxınlarda başa çatacaqdır. Çox möhkəm, müasir nəqliyyat infrastrukturu yaranır. Azərbaycan Avropa ilə Asiya arasında təbii körpüdür. Amma bu körpü o zaman möhkəm olacaq ki, biz bunun infrastrukturunu təmin edək. Ona görə bu sahəyə böyük diqqət göstərilir.
Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın xarici siyasəti daxili siyasətimizin davamıdır və milli maraqların qorunmasına xidmət edir. Bizim xarici dövlətlərlə çox səmərəli işgüzar münasibətlərimiz var. Son iki il ərzində Azərbaycan Respublikası Prezidentinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlətə rəsmi səfərləri xarici siyasətimizin nə qədər uğurlu olmasından xəbər verir. Azərbaycan həm əhali baxımından, həm də ərazi baxımından böyük ölkə deyildir. Beş aparıcı ölkəyə rəsmi səfərlərim həm Azərbaycanın mövqeyini nümayiş etdirir, həm də bizə imkan yaradır ki, dünyanın aparıcı ölkələri ilə çox səmərəli, hərtərəfli, qarşılıqlı maraq və hörmətə əsaslanan münasibətlərimizi daha da möhkəmləndirək.
Azərbaycanın, demək olar ki, heç bir ölkə ilə problemi yoxdur. Biz çalışırıq ki, bütün ölkələrlə, böyük dövlətlərlə, bizim tərəfdaşlarla yaxşı münasibətlər quraq və bunu möhkəmləndirək. Eyni zamanda, qonşu dövlətlərlə də münasibətlərimiz ən yüksək zirvədədir. Bir daha qeyd etmək istəyirəm ki, biz bu bölgədə yaşayırıq. Bölgə çox həssas bölgədir, təhlükəsizlik tədbirləri hələ möhkəmlənməlidir. Bölgədə müəyyən təhlükələr, təhdidlər var ki, biz bunlara öz münasibətimizi bildirməliyik və mövqeyimizi ortaya qoymalıyıq. Bəzi hallarda, - getdikcə bu halların sayı artır, - bizim mövqeyimiz qəbul ediləcək qərarlara da öz təsirini göstərə bilər. Əgər belə olarsa, bu, ancaq müsbət təsir olacaqdır. Bu təsir ancaq regionda gedən əməkdaşlığa, təhlükəsizlik tədbirlərinin güclənməsinə xidmət edəcəkdir.
Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında həll olunmamış münaqişə təkcə bizim üçün deyil, bütün region üçün əsas təhlükə mənbəyidir. Çünki biz regionda gedən əməkdaşlığa, neft-qaz kəmərlərinə, dəmir yolu nəqliyyatına dair olan layihələrə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə çox böyük səylər göstəririk. Həm Gürcüstanın, həm də Türkiyənin prezidentləri və baş nazirləri ilə bu barədə bu yaxınlarda söhbətlərim olubdur. Azərbaycan maliyyə öhdəliyini qoymağa bu gün hazırdır ki, biz bu işə başlayaq. Bütün bu müsbət imkanlar böyük təhlükə qarşısındadır. Çünki Ermənistanın Azərbaycana davam edən təcavüzü və təcavüzün nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın, köçkün vəziyyətində yaşaması bölgədə ən böyük təhlükədir. Bizim vətəndaşlar etnik təmizləmə siyasətinə məruz qalmışlar. Bildiyiniz kimi, etnik təmizləmə aktları dünyada ən çox tənqid edilən, qınanan məsələdir. Amma əfsuslar olsun ki, bu etnik təmizləmə siyasətinə görə Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur.
Bu yaxınlarda ermənilər Şuşanın "azad olunmasını" qeyd ediblər. Sual olunur, onlar Şuşanı kimdən "azad" ediblər? Kimdən, azərbaycanlılardan? Orada azərbaycanlılardan başqa heç kim yaşamırdı. Ermənilərin sayı cəmi 5-10 faiz idi.
Deməli, Ermənistan dövlət səviyyəsində etnik təmizləmə siyasətinin nəticələrini qeyd edir. Nə üçün mütərəqqi dünya buna göz yumur? Nə üçün demokratiyadan, insan haqlarından dəm vuran beynəlxalq təşkilatlar, dövlətlər, qeyri-hökumət təşkilatları, o cümlədən ölkə daxilindəki qüvvələr öz səsini ucaltmırlar? Buna nə üçün göz yumurlar? Bu, bur daha onu göstərir ki, biz ancaq öz gücümüzə güvənməliyik.
Azərbaycanda son illər ərzində aparılan siyasət və bu siyasətin əsas özəyi ondan ibarətdir ki, biz bu gücü yaradırıq. Güclü iqtisadiyyat, güclü xarici siyasət, bölgədəki mövqelərimizin möhkəmlənməsi, neft-qaz layihələrinin icra olunması və enerji daşıyıcılarına malik dövlət kimi Azərbaycanın Avropa və dünya üçün önəmli ölkəyə çevrilməsi, ordu quruculuğunun aparılması - bütün bunlar bizim mövqelərimizi möhkəmləndirir.
Biz sülh danışıqlarında iştirak edirik. Bilirsiniz, mən bəyan etmişəm ki, biz sülh danışıqlarına o vaxta qədər sadiqik ki, imkan var münaqişə sülh yolu ilə həll olunsun. Amma biz nə vaxta qədər buna dözməliyik? Ermənistan tərəfi nə vaxta qədər öz qeyri-konstruktiv mövqeyi ilə bütün danışıqlarda əldə edilən müəyyən ilkin razılaşmalara kölgə salacaq? Ona görə ki, yəqin onlar bu məsələnin həllində maraqlı deyillər. Amma qoy yaxşı fikirləşsinlər. Qoy, bir az uzağa baxsınlar, görsünlər ki, indi Azərbaycanla Ermənistan arasında iqtisadi, hərbi - bütün başqa sahələrdə uçurum genişlənir. Bizim büdcəmiz artıq bu il 4 milyard 500 milyon dollara çatıbdır. Gələn il daha da artacaqdır və perspektivdə Azərbaycanla Ermənistan heç cür rəqabət apara bilməyəcəkdir. Bu, nəyə gətirib çıxaracaqdır. Azərbaycan xalqı nə vaxta qədər bu məsələyə dözəcək? Bizim səbrimizin həddi var. Mən bunu deyəndə heç kimi qorxutmaq istəmirəm. Yaxud da bəziləri deyirlər ki, hərbi ritorikadır.
Bizim torpağımız işğal altındadır və ona görə, təbii olaraq, biz tələb edirik, ilk növbədə, Ermənistandan tələb edirik ki, işğal olunmuş torpaqlardan öz xoşu ilə çıxsın. Qoy, azərbaycanlılar, 10 ildən artıqdır etnik təmizləmə siyasətindən əziyyət çəkən vətəndaşlarımız öz torpaqlarına qayıtsınlar. Bu, onların təbii hüququdur. Bu, humanitar hüquqdur. Bu, bizim torpağımızdır, Dağlıq Qarabağ bizim torpağımızdır və hamımız bilirik ki, ermənilər oraya nə vaxt gəliblər - XIX əsrin əvvəllərində. 1978-ci ildə oraya gəlmələrinin 150 illiyinin qeyd olunması ilə əlaqədar bir abidə də qoymuşdular. İndi o abidədən əsər-əlamət qalmayıb, vurub dağıdıblar. Bu, faktdır, onlar qonaq kimi gəlmişlər. Amma yaxşı, qonaq kimi gəliblər, orada yaşasınlar. Bizim oradakı yerli əhali ilə problemimiz yoxdur. Sadəcə olaraq, işğalçılar zəbt edilmiş bütün torpaqlardan qeyd-şərtsiz çıxmalıdırlar.
Mən inanıram və əminəm ki, biz buna nail olacağıq, bu məsələ öz həllini tapacaqdır. Azərbaycan möhkəmlənir, Azərbaycan güclənir. Biz bütün imkanlardan - siyasi, diplomatik, iqtisadi, nəqliyyat imkanlarından, lazım olarsa, hərbi imkanlardan da istifadə edəcəyik. Çünki bu, bizim hüququmuzdur. Heç kim istəməz ki, müharibə başlasın. Kim istəyər ki, yenə qan tökülsün, yenə insanlar həlak olsunlar? Amma digər tərəfdən, əgər danışıqlarda heç bir nəticə olmasa, nədir bizim seçimimiz? Bizim seçimimiz qalmır. Ona görə məsələ artıq çox ciddi xarakter alır.
Bir daha demək istəyirəm, Minsk qrupu həmsədrlərinin Azərbaycana son gəlişi və yüksək vəzifəli diplomatların gəlişi, aparılan danışıqlar ümid yaradır ki, biz bunu sülh yolu ilə həll edə bilərik. Nə qədər ki, bu imkanlar var, Azərbaycan onlardan istifadə edəcəkdir. Ancaq biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcəyik, heç vaxt Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına imkan verməyəcəyik!
Əziz dostlar, bu bayram günündə bir daha vurğulamaq istəyirəm ki, ölkəmizin, demək olar, əsas problemləri öz həllini tapmaqdadır. Əlbəttə, ölkənin ciddi problemləri var. İşsizlik, yoxsulluq, bəzi hallarda sosial ədalətsizlik, qanunların pozulması, məmur özbaşınalığı, korrupsiya, rüşvətxorluq - bütün bunlar var. Biz bunları bilirik və mübarizə aparırıq. Çalışırıq ki, cəmiyyətimizi, insanları incidən bu məsələlər aradan qaldırılsın, insanlar daha da yaxşı yaşasınlar, daha da yaxşı maaş, pensiya alsınlar.
Bilirsiniz ki, Azərbaycanda nə qədər xəstəxana, məktəb tikilir. Bütün bunlar xalq üçün edilir. Yenə də demək istəyirəm ki, bizi çox böyük imkanlar gözləyir, çox parlaq gələcək gözləyir. Neft kəmərinin işə düşməsindən sonra böyük həcmdə valyuta axını gözlənilir və bu, ilk növbədə, Azərbaycanın bütün sosial problemlərinin həllinə yönəldiləcəkdir.
Bir sözlə, ölkəmizin davamlı, uğurlu inkişafı artıq bir reallıqdır, bir həqiqətdir. Bizdən asılıdır ki, bütün bu gözəl imkanlardan maksimum dərəcədə səmərəli şəkildə istifadə edək, ölkəmizi möhkəmləndirək, zənginləşdirək, insanların həyat səviyyəsini yaxşılaşdıraq və Azərbaycanı qüdrətli regional dövlətə çevirək. Bu işdə hamımıza uğurlar arzulayıram.
Sizi bu gözəl bayram münasibətilə bir daha təbrik edirəm. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.
BAKI.
27.05.2006

28 May – Respublika günü münasibətilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından rəsmi qəbul

(26 may 2007)

- Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Mən sizin hamınızı Respublika günü münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.
1918-ci il mayın 28-də müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Respublikanın ömrü uzun olmadı. Ancaq o qısa müddət ərzində çox işlər görüldü. Respublikanı yaradanların niyyətləri çox gözəl idi. Azərbaycanı azad, müstəqil ölkəyə çevirmək, Azərbaycanı dünya birliyinə daxil etmək və ölkəmizi hərtərəfli inkişaf etdirmək. Əfsuslar olsun ki, bu niyyətlərin böyük əksəriyyəti icra olunmamış qaldı. İki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.
Azərbaycan xalqı və Azərbaycan dövləti respublikanın fəaliyyətinə və onu yaradanların xatirəsinə çox böyük hörmətlə yanaşır. Bu hörmətin əlaməti olaraq bu gün biz Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş abidənin açılışını qeyd etdik. O gözəl abidə paytaxtımızın gözəl guşələrinin birində - İstiqlaliyyət küçəsində ucaldıldı.
Respublikanın qısa tarixi bir daha onu göstərir ki, hər hansı bir qələbəni, nailiyyəti əldə etməkdən daha çətin, daha məsuliyyətli vəzifə onu qoruyub saxlamaqdır. O cümlədən müstəqilliyi də əldə etmək onu qoruyub saxlamaqdan daha da asan məsələ idi. Azərbaycanın müasir tarixi onu bir daha göstərdi. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində yaranmış müstəqil Azərbaycan Respublikasının fəaliyyətində böyük çətinliklər var idi. Müstəqilliyimizin ilk illərində ölkəmiz faktiki olaraq müstəqil dövlət kimi fəaliyyət göstərə bilmirdi. Mən bu tezisi bir neçə dəfə ifadə etmişəm və bir daha demək istəyirəm, dünyada bir çox ölkələr var ki, onların müstəqilliyə aid olan bütün atributları mövcuddur, ancaq onlar müstəqil siyasət aparmaq iqtidarında deyillər.
Azərbaycanın müstəqilliyi 1991-ci ildə, müstəqilliyimizin ilk illərində və 1993-cü ilə qədər vəziyyət buna bənzər idi. Müstəqilliyə xas olan bütün atributlar var idi, fəqət, ölkə nə xarici siyasətdə, nə də daxili siyasətdə müstəqil siyasət apara bilmirdi. Bir çox hallarda xarici təsirdən asılı vəziyyətdə idi. Faktiki olaraq, o vaxt bizim müstəqilliyimizin gələcəyi şübhə altında idi. Çünki Azərbaycanda gedən neqativ proseslər, böhranlı vəziyyət, idarəolunmaz vəziyyət, hərc-mərclik, iqtisadi və siyasi böhran ölkənin müqəddəratını şübhə altına qoyurdu. Məhz o illərdən iki il keçəndən sonra Azərbaycan xalqı müstəqilliyi yenə də itirə bilərdi, - necə ki, 1920-ci ildə. Azərbaycan xalqının müdrikliyi sayəsində ulu öndər Heydər Əliyevin rəhbərliyə gəlməsi nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və 1993-cü ildən başlayaraq öz inkişaf dövrünü yaşayır.
1993-2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün istiqamətlərdə, xarici müstəvidə, xarici siyasət baxımından ölkəmiz özünü dünyaya etibarlı tərəfdaş kimi, ləyaqətli ölkə kimi təqdim edə bildi. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur və bu gün də bu belədir. Azərbaycanda 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən çox sürətlə inkişaf edən ölkədir. Bu islahatlar bu gün də davam edir. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulubdur. Ona görə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir. Məhz o illərdə Azərbaycan müstəqil ölkə kimi özünü bütün dünyaya təqdim etdi. O illər ərzində Azərbaycanın indiki güclü iqtisadi potensialı formalaşdı. O illərdən başlayaraq bu günə qədər Azərbaycan bütün istiqamətlərdə çox açıq, prinsipial siyasət apararaq, öz xalqının milli maraqlarının tam şəkildə təmin olunmasını təşkil edir. Biz də bu siyasətə sadiqik.
Mən yaxşı xatırlayıram, 2003-cü ildə prezident seçkiləri ərəfəsində və ondan sonra, andiçmə mərasimindəki çıxışımda bəyan etmişdim və Azərbaycan xalqına söz vermişdim ki, mən bu siyasətə sadiq qalacağam, Azərbaycanda bu siyasətin davam etdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Mən çox şadam ki, bu gün bizim ölkəmizin uğurlu inkişafı sübut etdi ki, bizim bütün planlarımız, niyyətlərimiz həyatda öz əksini tapır. Bu gün həm iqtisadi inkişaf baxımından, həm də respublikada gedən siyasi islahatlar baxımından ölkəmiz çox dinamik şəkildə inkişaf edir. Azərbaycanda demokratikləşmə prosesləri çox sürətlə inkişaf edir və vətəndaş cəmiyyətinin yaranmasında, hüquqi dövlətin qurulmasında, qanunun aliliyinin bərqərar olunmasında çox böyük işlər görülübdür və gələcəkdə çox böyük işlər görüləcəkdir.
Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan azad ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. İqtisadi cəhətdən əldə edilmiş bütün uğurlara baxmayaraq, biz hələ də inkişaf edən ölkəyik. Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Biz inkişaf etmiş bütün ölkələrin təcrübəsini bilirik, öyrənirik və biz o istiqamətdə inkişaf edirik. Eyni zamanda, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir. Baxmayaraq, hələ ki, bu sahədə mövcud olan problemlər var və bu da təbiidir. Çünki biz sadəcə olaraq, son 15 il ərzində demokratiya şəraitində yaşayırıq. Ondan əvvəlki illərdə əsrlər boyu Azərbaycanda ictimai-siyasi quruluş tam başqa idi. Ona görə bu qısa tarixi müddəti nəzərə alaraq qeyd etməliyik ki, bu 15 il ərzində demokratiyanın inkişafı baxımından çox böyük nailiyyətlər əldə edilibdir.
Azərbaycanda siyasi islahatlar çox cəsarətlə aparılır. Bu da bizim prinsipial və düşünülmüş seçimimizdir. İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər, paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət quruculuğu prosesi gedir. Bu zəmin əsasında Azərbaycanda güclü sosial siyasət aparılır. Xarici siyasət bu zəmin əsasında qurulur. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Daxili siyasətdə həm iqtisadi, həm də siyasi islahatların prioritet xarakter daşıması bizim üçün çox vacibdir və biz bunu edirik.
Mən tam əminəm ki, əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış ölkələrdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, orada sahibkarlıq inkişaf edibdir və azad sahibkarlıq böyük uğurlar qazanıbdır, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir.
Ancaq bununla bərabər, əgər sadəcə olaraq, iqtisadi məsələlərə öz diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycanın qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalıdır. Azərbaycan müasir ölkəyə çevrilməlidir. Dünyanın ən inkişaf etmiş ölkələrinin kriteriyaları, bizim xalqımıza, bizim xalqın mentalitetinə xas olan kriteriyalar Azərbaycanda mütləq və mütləq tətbiq olunmalıdır. Bizim siyasətimiz təkcə bizim niyyətlərimiz, yaxud da bəyanatlarımız deyil, bizim praktiki əməli işlərimizdir.
Azərbaycan Avropanın bir neçə aparıcı təşkilatları ilə çox səmərəli əməkdaşlıq edir. Biz 2001-ci ildən Avropa Şurasının üzvüyük. Bu, bizim prinsipial seçimimizdir. Bu seçimi biz özümüz etmişik. Bu yaxınlarda, keçən ilin sonunda Azərbaycan Avropa İttifaqı ilə yeni qonşuluq siyasətinə qoşularaq beşillik proqram imzalayıbdır. Bu da bizim prinsipial seçimimizdir. Bizim istəyimiz odur ki, Azərbaycanda bütün kriteriyalar inkişaf etmiş ölkələrin kriteriyalarına yaxınlaşsın və onlara uyğun olsun.
Gələcək isə göstərər, bu yolun sonu nə olacaqdır. Əlbəttə, əgər Avropa İttifaqı ilə bizim əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəksə, əgər gələcəkdə Avropa İttifaqı tərəfindən belə bir fikir olarsa, biz əlbəttə, istərdik ki, daha da sıx inteqrasiya edək. Ancaq bu qarşılıqlı maraqlar əsasında olmalıdır, Azərbaycan buna hazır olmalıdır və Azərbaycan xalqının normal, firavan yaşaması üçün bütün bu amillər zəruridir.
İqtisadi islahatlar sürətlə gedir. Azərbaycan son üç il ərzində iqtisadi artım baxımından dünyada birinci ölkədir. Biz bu liderliyi əldə etmişik və bunu əldən vermək fikrində deyilik. Məni çox sevindirən odur ki, bütün iqtisadi göstəricilərlə bərabər, ümumi daxili məhsulun artımı, digər iqtisadi göstəricilərlə bərabər, insanların həyat səviyyəsi də yaxşılaşır. Azərbaycanda kəskin şəkildə aşağı düşən yoxsulluğun səviyyəsi bunun ən gözəl göstəricisidir. İlk növbədə, bu onu göstərir ki, iqtisadi islahatlar və sosial islahatlar düzgün istiqamətdə aparılır. Digər tərəfdən onu göstərir ki, Azərbaycanda bu sahədə çox böyük şəffaflıq var.
Biz bilirik ki, bəzi hallarda neftlə zəngin olan ölkələrdə neft hasilatı artdıqca, kasıblar və varlılar arasında uçurum da böyüyür və bu, ölkələrdə təbəqələşməyə gətirib çıxarır. Biz bunu gözəl bilirik. Bunu tarixdən də bilirik və bir neçə ölkədə vəziyyət belədir. Ancaq biz Azərbaycanda bunun tam əksini görürük. Azərbaycanda kasıbların sayı kəskin şəkildə azalır. Məqsəd ondadır ki, kasıblar olmasın. Azərbaycan xalqı ona layiqdir ki, rahat yaşasın, firavan yaşasın, maddi rifah içərisində yaşasın. Bütün imkanlar bizdə var. İntellektual potensial çox yüksəkdir. Xalqın intellektual potensialı burada başlıca rol oynayır. Biz çalışırıq, bu sahəyə, xüsusilə təhsillə bağlı məsələlərə böyük diqqət verək ki, bizim gənclərimiz bilikli olsunlar, savadlı olsunlar, həyatda öz yerini tapa bilsinlər və ölkənin inkişafında fəal iştirak etsinlər.
Bizim coğrafi vəziyyətimiz çox əlverişlidir və biz bu vəziyyətdən çox səmərəli istifadə edirik. Coğrafi vəziyyət özlüyündə hələ o demək deyil ki, bundan mütləq istifadə olunacaqdır. Bir çox ölkələr var ki, onların coğrafi vəziyyəti bizimkindən pis deyil. Ancaq Azərbaycan bu vəziyyətdən çox məharətlə istifadə edir və biz artıq bölgənin mərkəzinə çevrilirik. Biz bunu özümüz öz fəaliyyətimizlə, öz siyasətimizlə edirik.
Azərbaycanın çox zəngin təbii ehtiyatları var və biz o təbii ehtiyatlardan Azərbaycan xalqının milli maraqlarının qorunması üçün, Azərbaycanda güclü iqtisadi potensialın yaranması üçün çox səmərəli şəkildə istifadə edirik. Neft Fondunun yaranması həm gələcək nəsillər üçün gözəl imkanlar yaradacaq və orada yığılan vəsait gələcək nəsillərə xidmət edəcəkdir. Bu, Azərbaycanın bugünkü problemlərinin həlli üçün də bizə yardımçı olur.
Azərbaycanın xarici siyasəti birmənalıdır, çox çevikdir və tam şəkildə milli maraqlara əsaslanır. Bütün qonşu ölkələrlə bizim gözəl münasibətlərimiz var. Bu, bizə lazımdır, biz bu bölgədə yaşayırıq və qonşularla bizim münasibətlərimiz bundan sonra da sürətlə davam etməlidir. Bütün beynəlxalq təşkilatlarla, üzv olduğumuz, yaxud da əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da münasibətlərimiz çox gözəl müstəvidə, qarşılıqlı hörmət əsasında inkişaf edir.
Dünyanın aparıcı ölkələri ilə Azərbaycanın çox gözəl münasibətləri vardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkə ilə, eyni zamanda, başqa ölkələrlə bizim çox gözəl və işgüzar münasibətlərimiz var. Yəni mən bunları nə üçün deyirəm, əgər biz bütün bu amilləri vahid bir kontekstdə götürsək görərik ki, ölkəmizin inkişafı üçün çox gözəl imkanlar var. Ən başlıcası hər bir istiqamət, hər bir sahə üzrə bizim düşünülmüş siyasətimiz var, konsepsiyamız var. Biz öz fəaliyyətimizi bu konsepsiya çərçivəsində planlaşdırırıq, proqnozlaşdırırıq və icra edirik. Azərbaycanla əməkdaşlıq etmək xarici tərəfdaşlar üçün də çox rahatdır. Çünki biz siyasətimizi səmimi şəkildə, ilk növbədə, Azərbaycanın milli maraqları, ondan sonra bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərin inkişafı şəklində aparırıq.
Biz gələcək haqqında fikirləşəndə, mən şəxsən gələcəyə çox nikbinliklə baxıram. Bizim bu günə qədər bəyan etdiyimiz bütün proqramlar həyatda öz əksini tapır. Yoxsulluq, işsizlik azalır, böyük layihələr icra olunur. Dünya üçün çox böyük əhəmiyyət kəsb edən neft-qaz layihələrimiz, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994 və 1996-cı illərdə imzalanmış “Azəri”, “Çıraq”, “Günəşli” və “Şahdəniz” neft-qaz yataqları barədə müqavilələr bu gün Azərbaycanın müstəqilliyini gücləndirir.
Biz bu gün müstəqillik gününün ərəfəsindəyik. Bizim müstəqilliyimizi ən çox gücləndirən məhz bu amillərdir - enerji məsələləri, enerji təhlükəsizliyi. Biz bu məsələləri həll etmişik. Biz özümüz üçün öz neft-qaz problemlərimizi yüz faiz həll etmişik. Dörd neft-qaz kəməri var. Azərbaycanda çox böyük həcmdə neft hasilatına başlanıbdır, bu il qaz ixracına başlanacaqdır. Azərbaycanın neft və qaz ehtiyatları dünya bazarlarına çıxarılacaq, bizim siyasi önəmimiz artacaq, iqtisadi potensialımız artacaqdır. Azərbaycan maliyyə resursları baxımından çox güclü ölkəyə çevrilir.
Biz bütün nəqliyyat dəhlizlərini də neft dəhlizləri əsasında qururuq. Əgər o dəhlizlər açılmasaydı, bu gün nəqliyyat dəhlizlərindən söhbət gedə bilməzdi. Bu gün biz Bakı-Tbilisi-Qars kimi Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən, bizim milli maraqlara tam uyğun olan layihəni artıq reallığa çeviririk. Nəyin hesabına?! Onun hesabına ki, o dəhliz artıq var. İkincisi, ona görə ki, bizim maddi imkanlarımız var. Əfsuslar olsun ki, erməni lobbisinin fəaliyyəti nəticəsində beynəlxalq maliyyə qurumları ilk mərhələdə dəmir yolu layihəsinə bir az soyuq yanaşırlar. Halbuki indi bizdə məlumatlar var ki, bu münasibət dəyişir. Nə üçün dəyişir? Ona görə ki, biz özümüz vəsait tapdıq. Biz heç kimdən xahiş etmədən bu məsələni özümüz həll edirik. Bu, bizim iqtisadi qüdrətimizi göstərir. Bu, nəyin hesabına yaranıbdır?! Ancaq və ancaq ilk növbədə, enerji siyasətinin nəticəsində. Ondan sonra bu, bütün başqa sahələrdə yayılır. İndi bizim əsas məqsədimiz qeyri-neft sektorunun, kənd təsərrüfatının, sənayenin inkişafı və müasirləşməsi, çox güclü sənaye potensialının yaranması, iş yerlərinin açılması, Azərbaycanın müasir infrastruktura malik olmasıdır. Yollar, körpülər, elektrik stansiyaları, məktəblər, xəstəxanalar, qaçqınlar üçün şəhərciklər – bütün bunları sadalamaq üçün bir neçə saat vaxt lazımdır, amma bütün bunlar reallıqdır və bu reallığı biz, Azərbaycan xalqı həyata keçiririk. Biz bunları Azərbaycan xalqının dəstəyinə arxalanaraq edirik. Bu dəstəyi hiss etmək bizə əlavə güc verir. Bir daha demək istəyirəm, mən çox şadam ki, bizim nəzərdə tutduğumuz bütün proqramlar icra olunur.
Bizim qarşımızda duran ən başlıca problem Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Bu istiqamətdə də danışıqlar aparılır. Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri çəkilməyəcəkdir. Bizim mövqeyimiz bəllidir. Mən bu barədə dəfələrlə bildirmişəm. Son dəfə daha da dolğun və əhatəli bəyanat vermişəm. Çünki hesab edirəm, Azərbaycan xalqı danışıqların nəyin ətrafında getdiyini bilməlidir. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz xalq tərəfindən dəstəklənir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın Azərbaycandan ayrılmasından söhbət gedə bilməz. Onun başqa ölkəyə birləşməsindən söhbət gedə bilməz. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz buna nail olacağıq və etnik təmizləmə siyasətindən əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar.
Mən ümid edirəm ki, əgər qarşı tərəf konstruktivlik nümayiş etdirərsə, biz məsələnin həllinə nail ola bilərik. Amma bu prinsiplər əsasında. Çox müsbət haldır ki, artıq bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, geniş mənada dünya ictimaiyyəti bu prinsipləri qəbul edir və məsələnin həllini yalnız və yalnız bu prinsiplər əsasında görür.
Mən son dörd ilə yaxın fəaliyyətim zamanı bir çox xarici ölkədə rəsmi səfərlərdə olmuşam. Bir çox xarici dövlət, hökumət başçıları Azərbaycanda səfərdə olublar. Bütün bu görüşlərdə bu məsələ müzakirə olunubdur. Eyni zamanda, bütün görüşlər nəticəsində ya birgə bəyannamə, yaxud da birgə saziş imzalanır və mütləq və mütləq orada Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Elə bir təmas, elə bir görüş, səfər olmayıb ki, bu məsələ orada öz əksini tapmasın. Bu, nə üçün bizə lazımdır? Birincisi, bu, haqq-ədaləti təsdiqləyir. İkincisi, bu, münaqişənin həlli yollarını müəyyən edir. Əgər biz münaqişəni siyasi diplomatik və hüquqi müstəvidə həll edəcəyiksə, bu, bizə çox lazımdır. Biz bunu istəyirik. Biz istəyirik ki, məsələni məhz hüquqi əsasda, beynəlxalq hüquq və normalar əsasında və siyasi danışıqlar əsasında həll edək. Bunu etmək üçün çox gözəl imkanlar var. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsi, Avropa Şurasının qətnaməsi, Avropa İttifaqının bu məsələyə münasibəti, Amerika Dövlət Departamentinin son bəyanatı, GUAM təşkilatının birmənalı bəyanatı və bütün o münaqişəli zonalarda separatizmə eyni münasibətin bildirilməsi - bütün bunlar məsələnin həlli üçün həm siyasi, həm hüquqi, həm də diplomatik əsasdır. Yox, əgər biz gördük ki, danışıqlar səmərə vermir, siyasi və hüquqi müstəvidə artıq bir şey əldə etmək mümkün deyil, bizim başqa yolumuz da var. Bu, əlbəttə, arzuolunan yol deyil. Amma o da yoldur, o da alternativdir. O da müharibə yoludur. Biz buna da hazır olmalıyıq.
Mən bunu açıq deyirəm. Bəzi hallarda beynəlxalq təşkilatlar bunu çox narahatlıqla qarşılayırlar. Amma bu, mənim mövqeyimdir. Mən xalq tərəfindən seçilmiş Prezidentəm. Mənim hər bir məsələyə dair öz mövqeyim var və mən o mövqeyi müdafiə edirəm, xalqın dəstəyinə arxalanaraq bunu icra edirəm. O da yoldur və o yola da hazır olmaq üçün güclü ordu olmalıdır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik. Ordunun güclənməsi, orduda nizam-intizamın güclənməsi, ordunun maddi-texniki bazasının möhkəmlənməsi, müasir silahların alınması – bütün bunlar buna görədir. Mən iki il bundan əvvəl deyəndə ki, bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsinə bərabər olacaq, bunu bəziləri, həm ölkə daxilində, həm də xüsusilə Ermənistanda çox böyük kinayə ilə, istehza ilə qarşılayırdılar. İndi isə onlar görürlər ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bu gün bu belədir, növbəti illərdə bizim hərbi büdcəmiz Ermənistanın büdcəsindən qat-qat çox olacaqdır. Bu, imkan yaradır və biz bu imkandan istifadə etməliyik.
Əgər qısamüddətli perspektivə baxsaq, görərik ki, bir neçə ildən sonra, üç-dörd ildən sonra Azərbaycanla Ermənistan arasında çox geniş uçurum olacaqdır. Bu gün iqtisadiyyatımız onların iqtisadiyyatından 7-8 dəfə böyükdürsə, üç-dörd il ərzində ondan 20 dəfə böyük olacaqdır. Ondan sonra gəlsin bizimlə rəqabət aparsın. Ondan sonra gəlsin, necə deyərlər, məsələnin reallıqlar əsasında həlli haqqında danışsın. Məsələ reallıqlar əsasında həll oluna bilməz. Beynəlxalq hüquq əsasında həll olunmalıdır. Əgər biz də məsələyə reallıqlar əsasında münasibət göstərsək, onda biz bu reallıqları öz xeyrimizə çevirə bilərik. Ona görə bu məsələ yalnız və yalnız bu şəkildə həll olunacaqdır. Mən başqa yol görmürəm və ümid edirəm, beynəlxalq vasitəçilərin səyləri bizə imkan verəcək ki, biz razılaşmaya daha da yaxınlaşaq.
Əziz dostlar!
Bu gün yenə də deyirəm, biz bayram ərəfəsindəyik . Mən bu gündə istərdim ki, öz fikirlərimi sizinlə bölüşüm. Düzdür, mən vaxtaşırı bəyanatlar da verirəm, çıxışlar da edirəm, bölgələrdə də tez-tez oluram. Amma hər halda lazımdır və vacibdir ki, bu gündə, müstəqilliyimizi qeyd etdiyimiz gündə biz bir daha həm görülən işlərə qiymət verək, onları düzgün təhlil edək və ən önəmlisi gələcəyə baxaq. Biz hara gedirik, biz nə istəyirik, biz hansı ölkəni yaradırıq, hansı ölkəni formalaşdırırıq. Çünki Azərbaycanda bu proses hələ davam edir. İnkişaf etmiş ölkələrdə artıq hər şey - demokratik təsisatlar, siyasi sistem, iqtisadi əsaslar, sosial siyasət oturuşubdur. Biz isə artıq ölkənin formalaşmasının mərhələsindəyik. Biz bunu edirik. Ölkə necə olacaq, Azərbaycan hansı ölkəyə çevriləcəkdir, bu, bizdən asılıdır.
Mən bir daha demək istəyirəm ki, Azərbaycanı müstəqil, demokratik, azad, dünyəvi, maddi rifahı yüksək olan ölkə kimi görmək istəyirəm. Əminəm ki, siz də mənim fikirlərimə şəriksiniz. Bizdən asılıdır ki, biz buna nail olaq.
Mən bu gözəl bayram ərəfəsində sizi bir daha ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, müstəqil Azərbaycan möhkəmlənsin və irəliyə getsin.
BAKI.
26.05.2007

Milli Məclisin Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi

(19 iyun 2008)

Hörmətli xanımlar və cənablar!
Hörmətli deputatlar, əziz qonaqlar!
Mən sizin hamınızı bu gün bu gözəl gündə ürəkdən salamlayıram. Bütün qonaqlara xoş gəlmisiniz deyirəm.
Bu gün Azərbaycanın tarixində çox əlamətdar bir gündür. Biz Azərbaycan Parlamentinin 90 illik yubileyini təntənəli şəkildə qeyd edirik. Bu, həqiqətən də çox əlamətdar və tarixi hadisə olmuşdur. Biz keçən ay Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyini geniş şəkildə qeyd etmişik. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyasında tarixi bir hadisə idi. Çünki ilk dəfə müsəlman aləmində, bütövlükdə Şərqdə demokratik respublika yaranmışdır. Müxtəlif səbəblər nəticəsində respublikanın ömrü uzun olmamışdır və iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etmiş və Azərbaycan xalqı yenidən
müstəqillikdən məhrum edilmişdir.
Biz öz tariximizi yaxşı bilirik və onu da bilirik ki, bu acı tarix 1990-cı illərin əvvəllərində də təkrarlana bilərdi, daha doğrusu təkrarlanırdı. Azərbaycan xalqı yenidən müstəqilliyə qovuşanda, Sovet İttifaqının dağılması nəticəsində müstəqil respublika fəaliyyətə başlayanda ölkədə gedən ictimai-siyasi proseslər çox mürəkkəb idi, çox gərgin idi və demək olar ki, gənc dövlətin gələcəyi o qədər də müəyyən deyildi. Çünki həm ölkə daxilində, həm də hüdudlarımızdan kənarda gedən proseslər Azərbaycanı çox ağır vəziyyətə qoymuşdu. Bir tərəfdən, Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsi, digər tərəfdən, daxildə yaşanan siyasi və iqtisadi böhran vəziyyəti son dərəcə gərginləşdirmişdi. Bu çətin, ağır şəraitdə Azərbaycan xalqı düzgün seçim etmişdir.
1993-cü ildə Azərbaycan xalqı milli lideri Heydər Əliyevə müraciət edərək, onu yenidən siyasi hakimiyyətə gətirməklə öz müstəqilliyini qoruya bilmişdir. Biz müstəqilliyi qoruduq, möhkəmləndirdik və bu gün Azərbaycan müstəqillik yolu ilə uğurla inkişaf edir. Bütün bu işlərdə Azərbaycan Parlamentinin böyük rolu olmuşdur. Çünki yeni Azərbaycanın qurulmasının, müstəqil güclü dövlətin qurulmasının əsası məhz bu binada qoyulmuşdur.
Biz bir neçə gün bundan əvvəl Milli Qurtuluş gününü geniş şəkildə qeyd etmişik. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Parlamentinin sədri vəzifəsinə seçiləndən sonra ölkəmizdə vəziyyət
müsbətə doğru dəyişilməyə başlamışdır. Xoşagəlməz bütün hadisələrin qarşısı alınmışdır. Qeyri-qanuni silahlı birləşmələr tərksilah edilmişdir. Azərbaycanda asayiş bərpa olunmuşdur, sabitlik yaranmışdır və beləliklə, hərtərəfli inkişaf üçün çox gözəl şərait yaradılmışdır.
Ondan əvvəl, hələ Azərbaycan müstəqil olmayan dövrdə Naxçıvan Muxtar Respublikasının parlamenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı elan etmişdir. O vaxt Azərbaycan hələ müstəqil deyildi, Sovet İttifaqının tərkibində idi. Ancaq Naxçıvanda tarixi qərarın qəbul olunması bizim müstəqilliyimizi yaxınlaşdırırdı. Bütün başqa həlledici məqamlarda, xalqla Heydər Əliyev arasında olan birlik Azərbaycanı bu çətin, ağır şəraitdən şərəflə çıxara bilmişdir.
Bu gün ölkəmiz uğurla inkişaf edir. Azərbaycanda parlamentarizm ənənələri də yaranır. Azərbaycan parlamenti öz beynəlxalq əlaqələrini genişləndirir və bu gün biz bu tədbirdə müxtəlif ölkələrdən gələn qonaqların timsalında bunu görürük. Biz görürük ki, Azərbaycan dünya birliyinə çox sürətlə inteqrasiya edir, Azərbaycanda hakimiyyətin bütün qolları vahid komanda kimi fəaliyyət göstərir və vahid amal uğrunda birləşibdir. Bu amal ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənsin, ölkə daha da inkişaf etsin və inkişaf etmiş ölkələrin sıralarına daxil olsun.
Biz bu vəzifəni qarşımıza qoymuşuq və bu çox böyük, məsuliyyətli vəzifədir. Ancaq 10 il, 15 il bundan əvvəl qarşımızda başqa vəzifələr dayanmışdı. O vaxt biz fikirləşirdik ki, Azərbaycanı ağır, çətin vəziyyətdən necə çıxaraq? İqtisadi tənəzzülün qarşısı necə alınmalıdır? Siyasi və iqtisadi islahatlar necə aparılmalıdır? Bütün bunlar bizim üçün yenilik idi. Azərbaycan qarşısında, müstəqil gənc dövlət qarşısında
müxtəlif inkişaf istiqamətləri mövcud idi. Ulu öndər Heydər Əliyevin seçdiyi yol yeganə düzgün yoldur. Bu da ondan ibarətdir ki, Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya etməlidir, Azərbaycanın inkişafı daxili
resurslar əsasında təmin olunmalıdır, Azərbaycan öz təbii sərvətlərindən məharətlə istifadə etməlidir və öz milli maraqlarını maksimum dərəcədə möhkəmləndirməlidir. Azərbaycanda çox güclü iqtisadi potensial yaradılmalıdır. Bu gün biz keçmişə nəzər salarkən görürük ki, ölkə qarşısında ən çətin və həlledici məqamlarda duran bütün əsas vəzifələr uğurla icra edilmişdir.
Bu gün Azərbaycan inkişaf dövrünü yaşayır. Bizdə siyasi və iqtisadi islahatlar uğurla həyata keçirilir.
Bir daha qeyd etmək istəyirəm ki, Milli Məclisin bu işdəki fəaliyyətini mən çox yüksək qiymətləndirirəm. Azərbaycan bir neçə çox vacib beynəlxalq sazişlərə, konvensiyalara qoşulmuşdur. Mütərəqqi qanunlar qəbul edilir və bu qanunlar Azərbaycanda siyasi sistemin möhkəmlənməsinə və iqtisadi islahatların dərinləşməsinə xidmət göstərir. O da həqiqətdir ki, baxmayaraq, Azərbaycan xalqının çox qədim və zəngin tarixi, mədəniyyəti vardır, Azərbaycanda bundan əvvəl heç vaxt siyasi sistem olmayıbdır. Biz yalnız müstəqilliyi bərpa edəndən sonra siyasi islahatlara başlamışıq və tarix baxımından çox qısa müddət ərzində bütün lazımi tədbirləri görmüşük. Azərbaycanda siyasi sistem yaradılıb, siyasi təsisatlar yaradılıb və möhkəmlənib, Azərbaycan beynəlxalq təşkilatlarla çox uğurlu və qarşılıqlı hörmət əsasında əməkdaşlıq edir. Bir daha demək istəyirəm ki, həm iqtisadi sahədə, həm sosial məsələlərin həlli işində, həm də siyasi islahatların dərinləşməsində Milli Məclis tərəfindən qəbul edilmiş qərarlar xüsusi rol oynayır. Mən çox şadam ki, bizim ölkəmizin inkişafı üçün hakimiyyətin bütün qolları öz töhfələrini verirlər.
Bu gün bizim qarşımızda yeni vəzifələr dayanır, yeni çağırışlar dayanır və biz bunlara hazır olmalıyıq.
İlk növbədə, yenidən qeyd etmək istəyirəm ki, Azərbaycan öz müstəqil siyasətini davam etdirəcəkdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir, milli maraqlarımızı qoruyur və Azərbaycan əhalisinin rifah halının yaxşılaşmasına xidmət göstərir. Siyasi proseslərin müsbət istiqamətdə inkişaf etməsi, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, xalqla iqtidar arasında birliyin möhkəmlənməsi – bütün bu amillər ölkəmizin hərtərəfli inkişafı üçün gözəl şərait yaradır.
Sabitlik olmayan yerdə inkişaf mümkün deyil. Eyni zamanda, inkişaf etmiş ölkələrin tarixinə, yaxud da indiki vəziyyətinə nəzər salsaq görərik ki, o ölkələrdə sabitlik mövcuddur. Yəni bu iki amil bir-birini tamamlayır. Mən çox şadam ki, Azərbaycanda biz həm inkişafa nail ola bilmişik, həm də Azərbaycanda sabitlik çox yüksək səviyyədədir. Əminəm ki, gələcək illərdə biz qarşımıza qoyduğumuz bütün vəzifələrə, hədəflərə çatacağıq.
Biz Azərbaycanı güclü dövlətə çevirməliyik. Bu vəzifə bir müddət əvvəl qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru uğurla irəliləyirik. Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir. Biz son dörd il ərzində iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkəyik. Dörd il ərzində Azərbaycanda ümumi daxili məhsul 96 faiz artmışdır ki, bu da analoqu olmayan bir göstəricidir.
Bununla bərabər, Azərbaycanda uğurla həyata keçirilən sosial islahatlar öz müsbət nəticələrini verir. İldən-ilə Azərbaycan xalqı daha da yaxşı yaşayır. Azərbaycan xalqının rifah halı yaxşılaşır və bunun göstəricisi olan yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Son dörd il ərzində 49 faizdən 16 faizə düşən yoxsulluğun səviyyəsi onu göstərir ki, bizim qəbul edilmiş bütün qərarlar, siyasi və iqtisadi islahatlar, uğurlu neft siyasətimiz, ilk növbədə, Azərbaycan xalqının rifah halının yaxşılaşmasına yönəldilibdir. Sürətlə inkişaf edən bəzi cəmiyyətlərə xas olan təbəqələşmə prosesi Azərbaycan cəmiyyətində getmir. Əksinə, Azərbaycanda çox güclü orta sinif yaranır, sahibkarlar sinfi yaranır və bilirsiniz ki, bu sahəyə çox böyük diqqət göstərilir. Bu gün ölkə iqtisadiyyatının 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Baxmayaraq ki, Azərbaycan iqtisadiyyatının əsas hissəsini enerji resursları təşkil edir və enerji resursları dövlət nəzarətindədir, özəl sektor sürətlə inkişaf edir.
Regionlarda gedən abadlıq-quruculuq işləri, yeni iş yerlərinin açılması və regionların sosial-iqtisadi inkişafına dair beşillik Dövlət proqramının uğurla icra edilməsi - bizim böyük nailiyyətimizdir. Bu gün artıq
bölgələrdən mərkəzə miqrasiya meyilləri demək olar ki, son dərəcə azalıbdır. Bu gün bölgələrdə insanların yaşaması üçün ən müasir infrastruktur yaradılır – istər səhiyyə, istər təhsil, istər nəqliyyat və sair sahələrdə. Biz öz təbii sərvətlərimizdən çox böyük səmərə ilə istifadə edərək, təbii resurslarımızı insan kapitalına çeviririk.
Bu gün əsas prioritetlərdən biri Azərbaycan xalqının və gələcək nəslin bilikli olmasıdır, eyni zamanda, bizim milli adət-ənənələrimizin təmin olunması şərti ilə dünyada gedən proseslərə qoşulmasıdır, dünya birliyinə inteqrasiya etməsidir.
Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, biz öz ana dilimizi saxlaya bilmişik, öz mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf
edibdir, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər.
Azərbaycan cəmiyyətində bütövlükdə ölkədə aparılan bütün islahatlara böyük rəğbət var. Əgər belə olmasaydı, heç bir islahatın əhəmiyyəti olmazdı. Bəzi hallarda iqtisadi islahatlar, xüsusilə keçid dövründə yaşayan cəmiyyətlərdə iqtisadi islahatlar insanların həyat səviyyəsinin pisləşməsinə gətirib çıxarır. Ancaq Azərbaycanın timsalında biz bunu görmürük. Əgər belə olsaydı, o zaman yoxsulların sayı azalmazdı, artardı. Bizim güclü sosial siyasətimiz, eyni zamanda, uğurlu iqtisadi islahatlara əsaslanır. Çünki əgər biz iqtisadi potensialı yaratmasaq, sosial proqramların həlli üçün imkanımız olmayacaq. Bir də demək istəyirəm ki, biz ancaq öz imkanlarımıza güvənirik. Biz müstəqilliyi bərpa edəndən sonra bu günə qədər ancaq öz hesabımıza, Azərbaycan xalqının zəhməti hesabına bütün bu gözəl nəticələrə çata bilmişik.
Bu gün qürur hissi ilə deyə bilərik ki, son dörd il ərzində Azərbaycanda büdcə xərcləri 10 dəfədən çox artıbdır. Bizim valyuta ehtiyatlarımız artır və ilin sonuna qədər 20 milyard dollara yaxın olmalıdır. Bu, bizim üçün böyük bir üstünlükdür, böyük bir imkandır. Biz bu imkanlardan çox səmərəli şəkildə istifadə etməliyik.
Azərbaycanın bütün sahələrini inkişaf etdirməliyik. İqtisadiyyatımızı şaxələndirməliyik ki, uzun illər bundan sonra, onilliklər bundan sonra Azərbaycan xalqı və gələcək nəsillər rahat yaşasın. Gələcək nəsil də vətənpərvərlik ruhunda tərbiyə almalıdır və mən çox şadam ki, bu gün biz bunu görürük.
Gələcək nəsillərin xoşbəxt yaşaması üçün biz indidən lazımi tədbirləri görürük. Mən bir daha parlamentin bu sahədəki rolunu qeyd etmək istəyirəm. Bildiyiniz kimi, Azərbaycan Dövlət Neft Fondu gələcək nəsillərin rahat yaşaması üçün böyük dərəcədə valyuta ehtiyatlarını yığmağa başlamışdır və bu, bir neçə ildən sonra yüz milyardlarla ölçüləcəkdir. Belə olan halda bu imkanlardan, bu resurslardan səmərəli istifadə etmək üçün ən şəffaf mexanizm yaradılmalıdır. Azərbaycan bu şəffaf mexanizmi yarada bilibdir. Neft Fondundan xərclənən hər bir manat, hər bir dollar ancaq parlamentin razılığı ilə mümkündür. Parlamentin üzvləri büdcəni təsdiq edərkən bu məsələni də həll edirlər. Yəni burada ictimai iştirak və ictimai nəzarət çox güclüdür. Mən bir neçə dəfə bu barədə öz fikirlərimi bildirmişəm, bir də demək istəyirəm ki, çox sürətlə inkişaf edən ölkələrdə, çox böyük dövlət investisiyaları qoyulan bir ölkədə ictimai nəzarət çox güclü olmalıdır.
Biz gələcək haqqında da fikirləşirik və mən əminəm ki, Azərbaycanın gələcəyi çox parlaq olacaqdır.
Bizim beynəlxalq əlaqələrimiz möhkəmlənir, biz yeni müttəfiqlər qazanırıq, bizim xarici siyasətimiz də çox açıqdır, birmənalıdır, çox çevikdir. Biz bütün ölkələrlə qarşılıqlı hörmət, qarşılıqlı maraqlar əsasında öz siyasətimizi qururuq və bu siyasət öz bəhrəsini verməkdədir. Azərbaycan dünyada daha da çox tanınır, Azərbaycana hörmət artır. Azərbaycanın müstəqil siyasəti bilirəm ki, çox böyük rəğbətlə qarşılanır və biz bu müstəqil xəttimizi qoruyub saxlayacağıq. Müstəqilliyimizi daha da möhkəmləndirəcəyik və bunu etmək üçün əlbəttə ki, bizim imkanlarımız daha da artmalıdır. Bu işlər, görülən bütün işlər bir daha demək istəyirəm ki, bir məqsədə yönəldilibdir - Azərbaycan bölgədə və dünyada öz mövqelərini möhkəmləndirsin, Azərbaycanda siyasi islahatlar daha da sürətlə getsin, Azərbaycanda bütün kriteriyalar- istər siyasi həyatda, istərsə də iqtisadi, sosial həyatda bütün kriteriyalar, dünyanın aparıcı ölkələrinin kriteriyalarına yaxınlaşsın. Bunu etmək üçün bizim həm niyyətimiz var, həm də proqramlarımız var. Beynəlxalq təşkilatlarla müxtəlif proqramlar var və biz bunları uğurla icra edirik.
Mən hesab edirəm ki, biz həm siyasi islahatlar sahəsində, həm ölkədə gedən demokratikləşmə prosesinin inkişafında, həm də iqtisadi və sosial məsələlərin həllində nə mümkünsə maksimum dərəcədə etmişik. Bunun nəticəsində bu gün ölkə qarşısında elə problem yoxdur ki, biz onu asanlıqla həll edə bilməyək. Ölkə daxilində sabitlik, vətəndaş cəmiyyətinin möhkəmlənməsi, siyasi sistemin möhkəmlənməsi, iqtisadi islahatlar, çevik xarici siyasət və bölgədə bizim təşəbbüsümüzlə həll olunan irimiqyaslı layihələrin icrası – bütün bu istiqamətlərdə bütün vəzifələr öz həllini tapıbdır.
Bu gün bölgədə gedən uğurlu regional əməkdaşlıq bir çox hallarda məhz Azərbaycanın təşəbbüskarlığı ilə bağlıdır. Biz enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ilə həm öz iqtisadi imkanlarımızı gücləndiririk, həm də böyük mənada regional əməkdaşlığa da öz töhfəmizi veririk.
Bildiyiniz kimi, bu gün dünyanın siyasi gündəliyində enerji təhlükəsizliyi məsələləri xüsusi yer tutur.
Azərbaycan bu sahəyə öz töhfəsini verir və gələcəkdə öz töhfəsini verməyə hazırdır. Biz irimiqyaslı enerji layihələrinin təşəbbüskarı və iştirakçısıyıq. Bu layihələrin nəticəsində Azərbaycan xalqı həm böyük mənfəət götürür, həm ölkənin beynəlxalq mövqeləri möhkəmlənir, həm də regional əməkdaşlıq üçün çox gözəl şərait yaranır. Bu gün bizim həm Xəzəryanı ölkələrlə, qonşu dövlətlərlə, həm də Qara dəniz, Baltik dənizi ölkələri ilə üzərində işlədiyimiz konkret layihələr var. Bizim siyasi əlaqələr güclənir və əlbəttə ki, nəqliyyat, enerji və humanitar sahədə regional əməkdaşlıq bu bölgəyə daha da çox imkanlar gətirir, bizim qarşımızda daha da çox imkanlar açır və biz bundan sonra da regional işlərdə öz fəallığımızı davam etdirəcəyik.
Bu gün burada müxtəlif ölkələrdən qonaqlar bizimlə bərabər bu günü qeyd edirlər. Dünən mən nümayəndə heyətlərinin demək olar ki, əksəriyyəti ilə görüşmüşəm. Görüşlər bu gün də davam edəcəkdir. Mən bir də demək istəyirəm, Azərbaycan parlamentinin dəvətini almış, bu gün bizimlə bərabər olan bütün qonaqlara xüsusi minnətdarlıq bildirmək istəyirəm ki, onlar vaxt tapıb bu tədbirdə bizimlə bərabər iştirak edirlər. Onların diqqətini bizi narahat edən məsələyə də cəlb etmək istəyirəm. O da bölgədə gərginlik yaradan, çox böyük təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır.
Biz uzun illər ərzində çalışırıq ki, məsələ öz həllini sülh yolu ilə, danışıqlar yolu ilə, beynəlxalq hüquq əsasında tapsın. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın torpaqlarından çıxarılmasını tələb edir. Ancaq Ermənistan tərəfi buna məhəl qoymur.
Bu yaxınlarda BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyətlə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə böyük səs çoxluğu ilə qəbul edilmişdir. Mən bu fürsətdən istifadə edib bizim qətnaməmizi dəstəkləyən ölkələrin nümayəndələrinə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Bununla bərabər, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM və digər mötəbər beynəlxalq təşkilatlar bu məsələnin yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmasının mümkünlüyü haqqında bəyanatlar, qərarlar vermişdir. Amma məsələ öz həllini tapmır. Ermənistanın işğalçı siyasəti, azərbaycanlılara qarşı soyqırımı siyasəti – Xocalı soyqırımı, etnik təmizləmə siyasəti 1 milyondan artıq azərbaycanlının öz doğma topraqlarından didərgin düşməsinə səbəb olmuşdur, minlərlə soydaşımız, günahsız insanlar həlak olmuşdur. Etnik təmizləmə siyasəti nəticəsində bu insanlar bu gün elementar insan hüquqlarından məhrumdurlar. İşğal olunmuş torpaqlarda - Dağlıq Qarabağda və onun ətrafındakı 7 rayonda bütün binalar dağıdılıbdır. Bizim mədəni abidələrimiz, əcdadlarımızın məzarları, məktəblər, xəstəxanalar, yollar - hər şey dağıdılıb, hər şey talan edilibdir. Bir neçə il bundan əvvəl ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş bölgələrə səfər etmişdir və onların məruzəsində dediyim bütün məsələlər öz əksini tapmışdır. Ancaq nədənsə beynəlxalq ictimaiyyət bu məsələyə biganə qalır.
Bir daha demək istəyirəm, biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Amma bu həll ədalətli həll olmalıdır. Kiminsə əsaslanmamış istəkləri əsasında olmamalıdır. Beynəlxalq hüquq əsasında olmalıdır. Beynəlxalq hüquq bütün ölkələrə şamil edilməlidir. Əks-təqdirdə dünyada, dünya birliyində xaos yaranar. Əgər ölkələr beynəlxalq hüquqa məhəl qoymasalar, onda beynəlxalq təşkilatların fəaliyyəti şübhə altına düşür. Beynəlxalq təşkilatlar, hansılar ki, bu məsələyə dair öz qərarlarını açıqlayıblar, onlar özlərinə hörmət
etməlidirlər və işğalçı dövlətdən tələb etməlidirlər ki, o, işğala son qoysun. Azərbaycana məxsus olan və bütün dünya birliyi tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan bölgələrdən çıxsınlar və o zaman bölgədə sülh yarana bilər. Əks-təqdirdə, təhlükələr ancaq artacaq, gərginlik artacaq. Bu münaqişə yalnız Azərbaycana, yaxud da Ermənistana aid deyil. Bütün bölgənin təhlükəsizliyi, bölgədə çox vacib, regional layihələrin və əməkdaşlıq imkanlarının qarşısında dayanan böyük bir maneədir.
Mən sadəcə olaraq, bütün xarici qonaqlar qarşısında öz mövqeyimi bir daha açıqlamaq istəyirəm. Bir daha demək istəyirəm ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapa bilər. Ermənistanın bütün qoşunları işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ondan sonra Dağlıq Qarabağda yaşayan ermənilərin və ora qayıdacaq azərbaycanlıların birgə yaşaması üçün lazımi tədbirlər görülməlidir və o bölgəyə yüksək özünüidarəetmə muxtariyyət statusu verilməlidir. Bu, beynəlxalq hüquq əsasında özünü artıq müxtəlif yerlərdə tapmış bir yanaşmadır. Bu yanaşma yeganə düzgün yanaşmadır. Mən çox şadam, beynəlxalq təşkilatlar bizim mövqeyimizi müdafiə edirlər. Amma, eyni zamanda, qəbul edilmiş bu qərarlar kifayət deyil ki, məsələ öz həllini tapsın.
Bir daha demək istəyirəm, biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Amma bununla bərabər,
bölgədə yaranmış reallıqları da qarşı tərəf anlamalıdır. İqtisadi, hərbi, siyasi cəhətdən Azərbaycan son illər ərzində böyük irəliləyişə nail olubdur. Bir daha demək istəyirəm ki, beynəlxalq hüquq normaları da bizim tərəfimizdədir.
Mən bu məsələyə xüsusilə toxundum. Çünki bizim qarşımızda duran böyük problemlərdən əsası və
bəlkə də yeganə problem bu problemdir. Mən beynəlxalq birliyi, burada müxtəlif ölkələrin parlamentlərinin nümayəndələrini çağırıram ki, onlar öz ölkələrində bu məsələni diqqətdə saxlasınlar və sülhü yaxınlaşdıra biləcək addımları atsınlar.
Mən vaxtınızı çox almaq istəmirəm. Bu gün bizim qonaqlarımız öz ürək sözlərini deyəcəklər. Sadəcə olaraq, bir daha demək istəyirəm ki, parlamentin yaranmasının 90 illik yubileyi çox böyük hadisədir, Azərbaycanda bayramdır. Biz öz dövlətçilik ənənələrimizi 1991-ci ildə bərpa etdik, 1993-cü ildə isə müstəqil
Azərbaycanın quruculuğu üçün bütün lazımi tədbirlər görülübdür. Bu gün dövlət quruculuğu, dövlətçilik imkanları Azərbaycanda genişlənir.
İlk demokratik respublika iki il yaşadı, müstəqilliyi qoruya bilmədi. Bugünkü Azərbaycan 17 ildən
çoxdur müstəqil ölkə kimi yaşayır və əbədi yaşayacaqdır!

AzərTAc
19 iyun 2008-ci il

28 May - Respublika gününə həsr olunmuş rəsmi qəbulda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi

(27 may 2009)

- Hörmətli xanımlar və cənablar,
Mən sizin hamınızı və bütün Azərbaycan xalqını gözəl bayram - Respublika günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və cansağlığı arzulayıram.
91 il bundan əvvəl Şərqdə - müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranmışdır. Bu hadisə tarixi hadisə idi. Çünki ilk növbədə, müsəlman aləmində ilk dəfə olaraq demokratik cümhuriyyət qurulur, digər tərəfdən, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu, Azərbaycan xalqı azadlığa qovuşurdu. Ancaq əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra respublika müəyyən səbəblər üzündən süqut etdi. Azərbaycan xalqı və Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının fəaliyyətinə həmişə böyük hörmətlə yanaşmışdır. Keçən il Xalq Cümhuriyyətinin 90 illik yubileyini Azərbaycanda çox geniş və təntənəli şəkildə qeyd etmişdik. Bu gözəl tarix bu il də geniş şəkildə qeyd edilir. İki il bundan əvvəl imzaladığım Sərəncama əsasən Bakının mərkəzində, İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Bu tarix, bizim tariximizdir və biz tarixdən həmişə ibrət dərsi götürməliyik.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra biz 70 ildən çox Sovet İttifaqının tərkibində yaşamışıq. Ancaq 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən, XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşdu. Ancaq müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçib və əslində, biz ikinci şansı da əldən verə bilərdik. Biz hamımız o illəri çox yaxşı xatırlayırıq. Ölkədə hökm sürən anarxiya, özbaşınalıq və total böhran faktiki olaraq Azərbaycanı parçalanmağa sürükləyirdi, Azərbaycan uçurum kənarında idi. Müstəqillik 1991-93-cü illərdə formal xarakter daşıyırdı. Biz bir tərəfdən, daxili çəkişmələr və hakimiyyət uğrunda aparılan mübarizə, vətəndaş müharibəsi, digər tərəfdən, Ermənistanın Azərbaycana etdiyi təcavüz siyasəti nəticəsində torpaqlarımızın işğal altına düşməsi şəraitində yaşamışıq. Məhz, o illərdə - 1992-ci ildə Şuşa və Laçının, 1993-cü ilin birinci yarısında Kəlbəcərin işğalı nəticəsində demək olar ki, müharibənin birinci mərhələsinin taleyi həll edildi, ancaq yalnız birinci mərhələnin. Biz çalışırıq ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunsun. Ancaq, eyni zamanda, bütün başqa variantları da istisna etmirik.
Beləliklə, 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra ölkədə vəziyyət sabitləşdi. Buna bir neçə il lazım oldu ki, vəziyyət sabitləşsin, ictimai-siyasi asayiş bərpa olunsun, sabitlik təmin olunsun və biz inkişafa başlayaq. 1993-2003-cü illər, sözün əsl mənasında, sabitlik və inkişaf illəri olmuşdur. Məhz, o illər ərzində Azərbaycanda dövlətçiliyin əsasları quruldu. Sözün əsl mənasında, müstəqil dövlət quruldu. O illərdə başlanmış və bu gün uğurla davam etdirilən həm siyasi, həm iqtisadi islahatlar Azərbaycanın dünya birliyinə inteqrasiya etmək istiqamətində atılmış addımlarını təmin etdi. O illərdə ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyamız bu gün Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, ölkəmizin müstəqil dövlət kimi yaşamasına xidmət edir. O illərdə hüquqi islahatlar aparılmışdır. Bir sözlə, 1993-2003–cü illər Azərbaycanın müstəqil dövlət kimi inkişaf etdirilməsində həlledici rol oynamışdır. Bu gün biz Heydər Əliyev siyasətinə sadiq qalaraq bu siyasəti davam etdiririk, onu yaşadırıq. Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini görürük. Çünki onun fiziki yoxluğu şəraitində bu siyasət yaşayır və yaşayacaqdır. Azərbaycanın son beş il ərzində keçdiyi yol bir daha sübut edir ki, 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdir və bu, yeganə düzgün seçim idi. Azərbaycan xalqı bu seçimə sadiqdir və biz müxtəlif mərhələlərdə bunu görmüşük.
Azərbaycan beynəlxalq mövqelərini yüksək dərəcədə möhkəmləndirə bilmişdir. Biz dünya birliyinə inteqrasiya edirik, eyni zamanda, öz siyasətimizi milli maraqlar üzərində qururuq, dərin tarixi və mədəni əsaslar üzərində qururuq. Azərbaycanın xarici siyasəti çox açıqdır, aydındır. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, ikitərəfli münasibətlərin inkişafında maraqlıyıq. Bu münasibətlər qarşılıqlı hörmət və qarşılıqlı maraq əsasında qurulubdur. Azərbaycan dünya birliyində etibarlı ölkə və tərəfdaş kimi tanınır. Son illərdə bizim dostlarımızın, müttəfiqlərimizin sayı böyük dərəcədə artmışdır. Azərbaycan, eyni zamanda, beynəlxalq təşkilatlarda çox fəal iştirak edir. Biz müxtəlif beynəlxalq təşkilatlarda iştirak edirik və öz mövqeyimizi müdafiə edirik. Müxtəlif təşkilatlarda Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar ədaləti, bizim mövqeyimizi əks etdirən çoxsaylı qərarlar və qətnamələr qəbul edilmişdir. Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı keçən ilin mart ayında BMT-nin Baş Məclisində qətnamənin qəbul edilməsi bizim həm mənəvi, həm siyasi qələbəmizdir. Eyni zamanda, bu, ədalətin təntənəsidir. Baxmayaraq ki, böyük dövlətlər bu qətnamənin qəbul edilməsinə etiraz etmişdilər, Azərbaycan böyük səs çoxluğu ilə bu qətnamənin qəbul edilməsinə nail oldu və dünya birliyi bizimlə həmrəy olduğunu göstərdi.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik. Bunun tək səbəbi var – Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. Artıq heç kim üçün sirr deyildir ki, bu taktika Ermənistan tərəfindən istifadə olunur. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir. Biz geri bir addım atmayacağıq. Çünki dünya birliyi bizim mövqeyimizi dəstəkləyir, mötəbər beynəlxalq təşkilatların qərarları bizim tərəfimizdədir. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələr erməni qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Onlara məhəl qoyulmur. Digər beynəlxalq təşkilatların qərarları bizim mövqeyimizi dəstəkləyir. Biz çalışırıq və çalışacağıq ki, bütün beynəlxalq təşkilatlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirək və məsələnin tezliklə həll edilməsinə nail olaq.
Bəzi hallarda Ermənistan tərəfi xalqların öz müqəddəratını təyinetmə prinsiplərini ərazi bütövlüyü prinsipləri ilə bərabər, eyni səviyyədə göstərmək istəyir.
Ancaq, bu, yalnız məsələ ilə tanış olmayan, siyasətlə məşğul olmayan insanlar tərəfindən qəbul edilə bilər. Təsadüfi deyil ki, dünya ictimaiyyəti bu yanaşmanı inkar edir. 1975-ci il Helsinki Yekun Aktına baxmaq, onu yaxşı oxumaq kifayətdir, orada hər şey göstərilib. Ərazi bütövlüyü prinsipləri əsas prinsiplərdir. Xalqların öz müqəddəratını həll etmə, müəyyən etmə məsələsi ərazi bütövlüyünü pozmamalıdır, ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etməməlidir. Bir də ki, Ermənistan artıq müstəqil dövlətdir və erməni xalqı öz müqəddəratını bir dəfə təyin edibdir. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcəkdir.
Onu da qeyd etmək istəyirəm ki, bu gün danışıqlar daha da intensiv xarakter daşıyır. Azərbaycan bütün dövrlərdə olduğu kimi, öz konstruktiv, ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqeyini ortaya qoyur. Bu gün danışıqlar masasında işğal edilmiş bütün torpaqların Azərbaycana qaytarılması məsələsi dayanır, bütün köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsi dayanır. Bir daha bəyan etmək istəyirəm, - çünki bu məsələ ilə əlaqədar vaxtaşırı müxtəlif spekulyasiyalar irəli sürülür, - danışıqlar masasında Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz. Nə bu gün, nə 10 ildən, nə 100 ildən sonra Dağlıq Qarabağ müstəqil dövlət olmayacaqdır. Azərbaycanın mövqeyi birmənalıdır. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik.
Bir daha demək istəyirəm ki, atəşkəsdən keçən 15 il ərzində biz öz konstruktiv mövqeyimizi göstərmişik. Amma bununla bərabər, Azərbaycanda ordu quruculuğu işlərinə də çox böyük diqqət veririk. Son illərdə bu istiqamətdə çox böyük nailiyyətlər əldə edilib. Bizim artıq peşəkar ordumuz var. Ordunun döyüş qabiliyyəti çox yüksəkdir. Ordumuzun maddi-texniki bazası son illər ərzində yüksək dərəcədə gücləndirilibdir. Heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz. Biz qısa müddət ərzində - cəmi üç il ərzində güclü və böyük perspektivi olan müdafiə sənayesini yaratmışıq və üç il ərzində biz ilkin istehsalatdan artıq böyük istehsalata başlamışıq. Bu gün Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi avadanlıq beynəlxalq sərgilərdə nümayiş etdirilir və yüksək qiymət alır.
Biz öz müdafiə gücümüzü daha da artıracağıq. Bu məqsədlər üçün nə qədər vəsait lazımdırsa, o qədər də ayrılacaqdır. Bəzi hallarda beynəlxalq ictimaiyyətdə belə bir fikir yaranır ki, Azərbaycan bu istiqamətdə çox böyük işlər görür və bu siyasət narahatlıq doğurur. Biz sadəcə olaraq, öz təbii hüququmuzdan istifadə edirik. Biz öz vəsaitimizi xərcləyirik. Biz Azərbaycan xalqının zəhməti hesabına qazanılmış vəsaiti ordumuzun güclənməsinə sərf edirik. Bu gün Azərbaycanın artan iqtisadi qüdrəti bizə imkan verir ki, ordu quruculuğuna 2 milyard dollar vəsait xərcləyək. Bu rəqəm Ermənistanın bütün büdcəsinə bərabərdir. Növbəti illərdə Ermənistan ilə Azərbaycan arasında bu gün mövcud olan böyük uçurum daha da dərinləşəcək, genişlənəcək, Azərbaycan daha da qüdrətli dövlətə çevriləcəkdir. Ermənistan isə öz işğalçı siyasəti nəticəsində bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdə qalmalıdır və qalacaqdır.
Azərbaycanın artan imkanları, dünyadakı əhəmiyyəti, nüfuzu və çox önəmli ölkəyə çevrilməsi, əlbəttə ki, bizim bütün mövqelərimizi gücləndirir. Biz bundan sonra da Ermənistanı bütün regional və qlobal layihələrdən təcrid etmək üçün öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunacaqdır.
Mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan sülhsevər dövlətdir. Biz sülhməramlı siyasət aparırıq və əgər Azərbaycanın xarici və daxili siyasətinə nəzər salsaq görərik ki, bütün ölkələrlə dostluq, mehribanlıq şəraitində yaşamaq istəyirik. Ancaq geniş mənada regional əməkdaşlığın təmin edilməsi üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir, işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır.
Biz uğurlu iqtisadi siyasət aparırıq. Bu siyasət bizə güc verir, bizim imkanlarımızı genişləndirir, bizim iqtisadi inkişafımız çox uğurludur. Bu barədə dəfələrlə deyilibdir, təkrar etmək istəmirəm. Son beş il ərzində dünyada iqtisadi artım misli görünməmiş templərlə ölçülürdü. Deyə bilərəm ki, son beş il ərzində bu, rekord göstəricilərdir. Bununla bərabər, bizim iqtisadi uğurlarımızın əsas səbəbi neft-qaz amili deyil, iqtisadi islahatlardır. Dünyada hökm sürən iqtisadi və maliyyə böhranı bir daha göstərdi: Azərbaycan tək ölkələrdəndir ki, böhranlı aylarda da öz iqtisadi inkişafını davam etdirir. Bu ilin birinci rübündə iqtisadiyyat 4,3 faiz, qeyri-neft iqtisadiyyatı 13,7 faiz artmışdır. Bütün infrastruktur layihələri, sosial layihələr icra edilir. Manatın məzənnəsi sabitdir. Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün praktiki tədbirlər görülür. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla başa çatmışdır. Bu gün biz Proqramın ikinci mərhələsinin əvvəlindəyik və növbəti beş il ərzində ölkə qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər öz həllini tapmalıdır. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq.
Biz bölgədə özümüzü çox yaxşı hiss edirik. Bizim iştirakımız olmadan bölgədə heç bir layihə, heç bir məsələ, heç bir təşəbbüs, - baxmayaraq ki, bu təşəbbüsün arxasında hansı qüvvələr var, - icra oluna bilməz. Bölgədə yaşanan son hadisələr, Azərbaycanın birmənalı və prinsipial mövqeyi, bütövlükdə bu gün mövcud olan vəziyyət bir daha göstərir ki, Azərbaycanın milli maraqlarını nəzərə almamaq, Azərbaycanı təcrid etmək istəkləri heç vaxt baş tutmayacaq. Bizim iştirakımız bölgədə bütün layihələri əfsanədən gerçəyə çevirə bilər. Ancaq Azərbaycanın liderlik rolu bölgədə siyasi, iqtisadi, enerji, nəqliyyat və başqa layihələri reallaşdıra bilər. Bunu bilirdik, biz öz gücümüzü bilirdik.
Bu gün bizim gücümüzü, imkanlarımızı, deyə bilərəm ki, nəinki bölgə ölkələri, bütün dünya bilir. Biz son illər ərzində çox ciddi işləmişik. Biz güc yığmışıq. Biz bu gücü ona görə yığmışıq ki, lazım olan anda ondan istifadə edək. Biz, bir daha demək istəyirəm ki, bütün ölkələrlə yaxşı münasibətlərin qurulmasının tərəfdarıyıq. Biz istəyirik ki, bölgədə bütün ölkələr bir-biri ilə yaxşı əlaqədə olsunlar. Ancaq bunu etmək üçün başlıca şərt Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hesab edirəm ki, bunu artıq hamı bilməlidir və hamı, bütün dünya birliyi bu məsələnin həllinə çalışmalıdır. Bu, yeganə məsələdir ki, biz son beş il ərzində bunu həll edə bilməmişik. Bunun da səbəbi aydındır, çünki bu, təkcə bizdən asılı deyil. Eyni zamanda, ona görə ki, biz hələ sülh danışıqlarına ümidliyik, biz hələ bütün imkanlardan istifadə etmək istəyirik. Bizdə hələ ümidlər var ki, nəhayət, Ermənistan reallıqları, düşdüyü vəziyyəti dəqiq təhlil edərək düzgün nəticə çıxaracaqdır. Hər halda biz öz siyasətimizi bütün istiqamətlərdə davam etdirəcəyik. İqtisadi inkişaf davam etdiriləcəkdir.
Azərbaycanda siyasi islahatlar uğurla gedir. Azərbaycan demokratik dövlətdir və demokratiya yolunu seçibdir. Bizim hüquqi dövlət quruculuğu işində böyük uğurlarımız var. Qanunun aliliyinin tətbiq edilməsində böyük addımlar atılıbdır. Azərbaycanda bütün azadlıqlar var – həm iqtisadi, həm siyasi azadlıqlar.
Azərbaycan öz tarixinə, milli irsinə bağlı olan, ancaq müasir, dünyəvi ölkədir və belə də inkişaf edəcəkdir. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm, çox nikbin görürəm. Bizim uzunmüddətli inkişaf strategiyamız var və biz fəaliyyətimizi bu strategiya əsasında qururuq. Mən şübhə etmirəm ki, ölkəmiz növbəti illərdə də sürətlə inkişaf edəcək, Azərbaycan xalqının rifah halı daha da yaxşılaşacaq, Azərbaycanın dünyadakı mövqeləri daha da möhkəmlənəcəkdir.
Bütün bu gözəl işlərdə sizə və bütün Azərbaycan xalqına yeni uğurlar, yeni nailiyyətlər arzulayıram. Sağ olun.

BAKI.
27.05.2009.

28 May - Respublika gününə həsr olunmuş rəsmi qəbulda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi

(27 may 2010)

Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Mən sizi və bütün Azərbaycan xalqını Respublika günü münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.
Doxsan iki il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Bu hadisə çox böyük tarixi məna daşıyırdı. İlk dəfə olaraq bu bölgədə demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyəti idi. Respublikanın ömrü uzun olmadı, iki ildən sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və Azərbaycan xalqı dövlət müstəqilliyini itirdi. Qısa müddət ərzində, iki ildə bütün dövlət atributları yaradıldı, Azərbaycanın dövlət bayrağı qəbul edildi, bizim dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyli tərəfindən Azərbaycanın dövlət himni yaradıldı, Azərbaycanın dövlət gerbi qəbul edildi, dövlət strukturları formalaşdırıldı, nazirliklər yaradıldı. Buna baxmayaraq, respublikanın süqutu qaçılmaz idi və 70 il ərzində Azərbaycan Sovet İttifaqının tərkibində sosialist respublikası kimi yaşadı. Baxmayaraq ki, biz dövlət müstəqilliyimizdən məhrum idik, o illər də Azərbaycan üçün uğurlu illər olmuşdur. O illər ərzində Azərbaycanda çox güclü sənaye potensialı yaradıldı. Azərbaycanda kənd təsərrüfatının inkişafı çox sürətlə gedirdi. Ölkəmiz üçün çox vacib olan sənaye müəssisələri, xüsusilə neft-qaz sahəsində yaradılmış müəssisələr bu gün də müstəqil Azərbaycana xidmət göstərir.
Ancaq buna baxmayaraq, biz müstəqil ölkə kimi yaşaya bilmirdik. Azərbaycan xalqı yenə də ümidlərlə yaşayırdı və bu ümidlər özünü 1991-ci ildə doğrultdu. Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ancaq o illər Azərbaycan üçün çox ağır illər idi. Yəni tariximizə ağır, çox çətin illər kimi daxil olub. Çünki müstəqilliyin ilk illərində Azərbaycanda gedən xoşagəlməz proseslər, daxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, Azərbaycan rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində ölkəmizin müstəqilliyi yenə də şübhə altına qoyuldu. Bütün iqtisadi məsələlər düzgün istiqamətdə həll olunmurdu. Sənaye sahəsində böyük tənəzzül müşahidə olunurdu, total böhran hökm sürürdü.
Bundan əlavə, hələ Sovet İttifaqının dağılmasından bir neçə il əvvəl erməni separatçılarının Azərbaycana qarşı apardıqları işğalçı siyasət nəticəsində torpaqlarımızın müəyyən hissəsinin işğal altına düşməsi – bütün bu amillər Azərbaycanı çox çətin vəziyyətdə qoymuşdu. Müstəqilliyimiz əslində əldən gedə bilərdi. Azərbaycan xalqı özünə xas olan müdrikliyini göstərərək, ümummilli lider Heydər Əliyevə müraciət etmişdir. Onu Azərbaycanın siyasi hakimiyyətinə dəvət etmişdir. Onun Azərbaycanın siyasi hakimiyyətinə gəlişindən sonra vəziyyət sabitləşdi, xoşagəlməz meyillərin qarşısı alındı, sabitlik yaradıldı və Azərbaycan öz inkişaf dövrünə qədəm qoydu.
1993-2003-cü illər Azərbaycan tarixində sabitlik və inkişaf illəri kimi qalacaqdır. Məhz o illərdə Azərbaycanda dövlətçiliyin əsasları qoyuldu, hüquqi dövlət quruculuğu işində çox əhəmiyyətli addımlar atıldı. Siyasi sistem yaradıldı. İqtisadi islahatlar aparılmağa başlandı. Azərbaycan məhz o illərdə dünya birliyinə sürətlə inteqrasiya etməyə başlamışdır və bir sıra beynəlxalq təşkilatların üzvü olmuşdur. Azərbaycanın dünya miqyasında tanınması işində o illər həlledici illər olmuşdur.
Ölkəyə böyük həcmdə xarici sərmayənin gətirilməsi nəticəsində bizim uzunmüddətli inkişaf strategiyamız təmin edildi. Heydər Əliyev neft strategiyasının bütün bu işlərin içərisində xüsusi yeri vardır. Bu strategiya bu gün də uğurla icra edilir və məhz bunun nəticəsində biz bu gün Azərbaycanda çox sürətli inkişafı görürük.
Biz bu gözəl imkanlardan səmərəli şəkildə istifadə edə bildik. İqtisadiyyatımızın şaxələndirilməsi işində çox böyük uğurlara nail ola bildik. Neft-qaz amilindən çox uğurla və məharətlə istifadə edərək, ölkəmizin hərtərəfli inkişafına nail ola bildik. Bu gün Azərbaycan irəliyə çox nikbinliklə baxır. Ölkəmiz son illər ərzində böyük və şərəfli yol keçmişdir. Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir və son 7 ilin tarixi bunun əyani sübutudur. Bütün istiqamətlərdə sürətli inkişaf müşahidə olunur. Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirir, tərəfdaşlarımızın sayı artır. Azərbaycan beynəlxalq müstəvidə çox önəmli rolunu oynayır və getdikcə imkanlarımız daha da genişlənəcəkdir.
Regional əməkdaşlıq sahəsində bizim təşəbbüsümüzlə həyata keçirilən bütün layihələr uğurla icra edilir. İstər energetika, istər nəqliyyat, istərsə də humanitar sahələrdə bütün təşəbbüslər regional əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Xarici siyasətimizin əsas mahiyyəti ondan ibarətdir ki, biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı, qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərin dərinləşməsinə çalışırıq və bölgədə buna nail ola bilmişik. Tərəfdaşlarımızın sayının artması onu göstərir ki, Azərbaycan çox uğurlu xarici siyasət aparır.
İqtisadi islahatlar sahəsində ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. 2004-2009-cu illərdə Azərbaycanda iqtisadi inkişaf templəri dünya miqyasında ən sürətli idi. O illərdə iqtisadiyyatımız təxminən 3 dəfə artmışdır. Ölkə qarşısında duran ciddi sosial məsələlərin böyük əksəriyyəti öz həllini tapmışdır. İşsizliyə qarşı mübarizə gözəl nəticələrini verir. Yoxsulluğun azaldılması sahəsində praktiki işlər görülübdür. Əminəm ki, yaxın zamanlarda bu iki çox böyük sosial bəla Azərbaycan tarixindən ümumiyyətlə silinəcəkdir.
Ölkənin bütün bölgələrində quruculuq işləri aparılır. Mən tam əminəm ki, ikinci regional inkişaf proqramının uğurlu icrası nəticəsində 2013-cü ilə qədər ölkə qarşısında duran əsas infrastruktur, sənaye, iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır. İqtisadi inkişafın dinamikası onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün məqsədlərə bəlkə də vaxtından əvvəl çatacağıq.
Bizim iqtisadi islahatlarımız dünya birliyi tərəfindən də təqdirlə qarşılanır. Mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları çox yüksək dəyərləndirirlər. Dünya İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyinə, informasiya-kommunikasiya texnologiyalarının inkişafına görə Azərbaycan MDB məkanında lider dövlətdir. Baxmayaraq ki, dünyada maliyyə və iqtisadi böhran hələ başa çatmayıb, bu yaxınlarda Azərbaycan mötəbər reytinq agentlikləri tərəfindən çox yüksək qiymət alıb. Bizim reytinqimiz artıbdır. Bu, deyə bilərəm ki, indiki şəraitdə çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Çünki dünyada mövcud olan və davam edən böhran bir çox ölkə qarşısında çox böyük problemlər yaratdı.
Azərbaycan isə o ölkələrdəndir ki, iqtisadi böhrandan ən az itkilərlə çıxa bilmişdir. Keçən il böhrana, dünya neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, iqtisadiyyatımız 9,3 faiz artdı. Bu artım, dinamika bu gün də davam edir. İqtisadi islahatlarımızın dünya birliyi tərəfindən yüksək qiymətləndirilməsi onu bir daha göstərir ki, bizim uğurumuzun təməlində düşünülmüş siyasət dayanır. Əlbəttə ki, biz energetika amilindən istifadə edirik və edəcəyik. Ancaq dünyada və bölgədə bizdən qat-qat, böyük həcmdə neft hasil və ixrac edən ölkələr də vardır. Bu böhranlı aylar onu göstərir ki, bu amil həlledici rol oynamır. Həlledici rol oynayan amillər düşünülmüş siyasət, siyasi iradə, sabitlik, investisiya qoyuluşuna cəlbedicilik və ölkədə biznes üçün yaranan çox gözəl, əlverişli mühitdir.
Azərbaycan dövləti ölkədə bazar iqtisadiyyatının inkişafı üçün bütün praktiki tədbirləri görür və bu gün Azərbaycanda artıq güclənən sahibkarlar sinfi yaranmaqdadır.
Biz iqtisadi sahədə siyasətimizi davam etdirəcəyik. Bu, bizə imkanlar verir ki, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edək, güclü sosial siyasət aparaq. Baxmayaraq ki, keçən il müəyyən maliyyə daxilolmaları azaldı, heç bir sosial proqram təxirə salınmadı, bütün sosial proqramlar vaxtında icra edildi, manatın məzənnəsi sabit olaraq qaldı. Bu, çox sevindirici haldır, bizim düşünülmüş siyasətimizin nəticəsidir. Beləliklə, Azərbaycan vətəndaşları bu böhrandan ən az əziyyət çəkən insanlar olmuşlar.
Biz bundan sonra da güclü sosial siyasət aparacağıq, iqtisadi imkanlarımızı genişləndirəcəyik. Bizim artıq çox böyük maliyyə imkanlarımız, valyuta ehtiyatlarımız və düşünülmüş strateji xəttimiz vardır. Bir sözlə, ölkə daxilində gedən proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycan cəmiyyətində ölkənin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Bizim daxili imkanlarımıza əsaslanaraq dünya birliyinə sürətlə inteqrasiya etmək, heç kimdən asılı olmamaq, daxili imkanları maksimum şəkildə səfərbər edib ölkə qarşısında duran bütün vəzifələri icra etmək, qonşu ölkələrlə, dünya ölkələri ilə səmərəli əlaqələr yaratmaq istiqamətində strateji xəttimiz dəyişməz olaraq qalır. Bizim bu istiqamətdə siyasətimiz öz nəticələrini verir.
Neft-qaz sahəsində bu vaxta qədər görülmüş işlər təqdirəlayiqdir. Bundan sonrakı işlərimiz də görülmüş işlər əsasında həyata keçiriləcəkdir. Qarşımızda yeni imkanlar, yeni üfüqlər açılır. Biz enerji təhlükəsizliyi məsələlərinin həllində həm bölgədə, həm qitədə çox müsbət rol oynayırıq. Əminəm ki, qarşıda yeni layihələrin icrası nəticəsində Azərbaycan daha da böyük enerji resurslarından istifadə edə biləcəkdir.
Bizim ixrac imkanlarımız artır. İxracın strukturu müsbətə doğru inkişaf edir, idxal isə azalır. Bu gün biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edirik, ixrac edirik. Görülən və görüləcək tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafının gələcəyi də çox müsbət, ümidverici olacaqdır.
Qarşımızda duran əsas problem Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə çox fəal çalışırıq. Danışıqlar prosesində biz həmişə prinsipial mövqe tutmuşuq. Son illər ərzində gedən danışıqlar bunu bir daha göstərir. Azərbaycan prinsipial məsələlərdə bir addım geri atmamışdır. Bizim mövqeyimiz beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə əsaslanır və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün biz bütün imkanlardan istifadə edirik.
Qarşı tərəfin mövqeyi isə onların arzularına əsaslanıb və bu, münaqişənin həlli üçün heç cür əsas ola bilməz. BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər beynəlxalq təşkilatların qərarları və qətnamələri bizim mövqeyimizi gücləndirir. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın işğal edilmiş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma, tarixi torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Dağlıq Qarabağda isə erməni və Azərbaycan icmaları yüksək muxtariyyət çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşamalıdırlar. Bu, prinsipial mövqedir. Bu mövqe beynəlxalq hüquq normalarına və dünya birliyi tərəfindən qəbul edilmiş prinsiplərə əsaslanır.
Bildiyiniz kimi, bu yaxınlarda İslam Konfransı Təşkilatı Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox müsbət və tutarlı arqumentlərlə zəngin olan qətnamələr qəbul edibdir. Bu qətnamələr Azərbaycanın mövqeyini, yəni haqq-ədaləti tam şəkildə dəstəkləyir. Bir həftə bundan əvvəl Avropa Parlamenti tərəfindən bu məsələ ilə bağlı qəbul edilmiş qətnamə yenə də beynəlxalq hüquq normalarına əsaslanır və orada Ermənistan aqressor, yəni təcavüzkar dövlət kimi göstərilir. Açıq-aydın göstərilir ki, güc tətbiq etməklə heç bir ölkənin sərhədlərini pozmaq, status-kvo ilə barışmaq mümkün deyildir. Açıq-aydın göstərilir ki, bu vəziyyət - nə sülh, nə savaş davam edə bilməz, Azərbaycan torpaqları işğalçılardan azad edilməlidir.
Bu son həftələr ərzində baş vermiş mühüm hadisələrdir. Bu, bizim mövqeyimizi daha da gücləndirir və bir daha göstərir ki, beynəlxalq birlik – istər İslam dünyası, istər Avropa Birliyi vahid mövqedən, yəni ədalətli mövqedən çıxış edir. Biz başa düşürük ki, bu qətnamələr və siyasi addımlar Ermənistanı çox böyük təşvişə salıbdır. Yəni Ermənistan təbliğatına çox böyük zərbələr endirilibdir. Onların belə isterik reaksiyası bunun əyani sübutudur. Əgər belə olmasaydı, Ermənistan rəsmiləri Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnaməyə dair çox gülməli və əsassız şərhlər verməzdilər. Yəni, onlar deyirlər ki, bu qətnamə Madrid prinsiplərinə ziddir. Halbuki, bu, Madrid prinsiplərinə və beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Belə gülməli və qeyri-ciddi şərhlər təkcə onu göstərir ki, Ermənistan tərəfi doğrudan da təşviş içindədir. Onlar bu ağır vəziyyətdən çıxmaq üçün konkret addımlar atmalıdırlar.
Bu yaxınlarda Dağlıq Qarabağda separatçı kriminal rejim tərəfindən keçirilmiş qanunsuz, qondarma “seçkilər” və “seçkilərə” beynəlxalq birlik tərəfindən verilən qiymət bir daha onu göstərir ki, dünya birliyi separatizmi qəbul etmir, Dağlıq Qarabağı müstəqil qurum kimi qəbul etmir və etməyəcəkdir.
Minsk qrupunun həmsədr ölkələri, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, qonşu dövlətlər, Avropa Şurası, bütün beynəlxalq birlik bu dırnaqarası seçkiləri pislədi, bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi və bunu açıq şəkildə bəyan etdi. Belə olan halda şübhəsiz ki, Azərbaycan öz prinsipial mövqeyini davam etdirəcəkdir. Bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, beynəlxalq hüquq normalarına əsaslanır və biz bu mövqedən bir addım geri atmayacağıq.
Doğrudur, torpaqlarımız işğal altındadır. Bu işğal davam edir və Ermənistanın danışıqlarda qeyri-konstruktiv və riyakar davranışı onu göstərir ki, Ermənistan tərəfi sadəcə olaraq vaxt uzatmaq istəyir. Beynəlxalq vasitəçiləri aldatmaq istəyir ki, o, sanki danışıqlarda iştirak edir. Amma onların danışıqlarda iştirakının əsas səbəbi vaxt uzatmaqdır. Ancaq vaxt uzatmaqla onlar heç bir şeyə nail ola bilməyəcəklər. Çünki vaxt onların xeyrinə işləmir.
Bölgədə gedən proseslər bir daha onu göstərir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan bölgədə Ermənistanın iştirakı ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz, heç bir başqa məsələ öz həllini tapa bilməz. Ermənistan tərəfi çox ümid edirdi ki, Türkiyə - Ermənistan sərhədləri açılacaq, beləliklə, onlar üçün bir nəfəs borusu yaranacaq və Qarabağ məsələsi kənara qoyulacaqdır. Ancaq həyat və Türkiyə tərəfinin prinsipial mövqeyi onların bütün planlarını alt-üst etdi. Vəziyyət o həddə çatmışdır ki, bir neçə ay bundan əvvəl Ermənistan prezidenti hansısa xarici səfərdə çıxış edərkən söyləmişdi ki, o, Azərbaycan Prezidentini Türkiyə - Ermənistan sərhədlərinin açılmasına dəvət edəcəkdir. Yəni, bu, çox yersiz və mənasız bir bəyanat idi. Çünki yəqin ondan başqa hamı artıq bilirdi ki, Türkiyə - Ermənistan sərhədləri Dağlıq Qarabağ prosesi nizama salınmadan açıla bilməz. Həyat onu bir daha göstərdi. Ona görə özündən bu qədər razı olmaq üçün, birincisi, əsas olmalıdır, ikincisi isə, hər kəs öz ayaqlarını yorğanına görə uzatmalıdır.
Şübhəsiz ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim siyasətimizin prioriteti olaraq qalacaqdır. Biz bütün səylərimizi səfərbər etmişik və edəcəyik ki, məsələni tezliklə, ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edək, torpaqlarımızı işğalçılardan boşaldaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa edək. Biz istəyirik ki, bunu sülh yolu ilə edək və diplomatik səylərimizi gücləndiririk. Bununla bərabər, heç kim üçün sirr deyil ki, hərbi gücümüzü də gücləndiririk. Bu gün Azərbaycanda mövcud olan hərbi potensial bizə imkan verir ki, istənilən anda, istənilən vəzifəni uğurla və qısa müddət ərzində icra edək. Sadəcə olaraq biz istəmirik ki, hərbi yola əl ataq. Ancaq bu variant heç vaxt istisna olunmamışdır və biz bu barədə öz fikirlərimizi bütün dövrlərdə açıq və səmimi bildirmişik. Mən heç şübhə etmirəm ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bunu etmək üçün kifayət qədər əsaslar vardır.
Əziz dostlar, biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bu illər ərzində özümüzə də, dünya birliyinə də sübut edə bildik ki, Azərbaycan xalqı müstəqil yaşaya bilər. Azərbaycan xalqı öz daxili imkanlarına istinadən yaxşı yaşaya bilər. Müstəqillik təkcə dövlət rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara, milli maraqlarını müdafiə edə bilsin. Öz milli maraqlarını müdafiə etmək üçün imkan olmalıdır, həm siyasi güc, həm iqtisadi güc. Bu gün müstəqil ölkə kimi qısa tariximiz onu göstərir ki, biz müstəqil ölkə kimi uğurla inkişaf edirik. Azərbaycanda bütün sahələrdə görünən inkişaf onun bariz nümunəsidir. Siyasi islahatlar, demokratikləşmə prosesinin uğurla getməsi, hüquqi dövlət, ordu quruculuğu, iqtisadi islahatlar – hər bir ölkə üçün vacib olan bütün bu istiqamətlərdə biz ancaq və ancaq müsbət irəliləyişi görürük. Bu, bizim gücümüzü daha da artırır. Biz inamla irəliyə gedirik, ölkəmizi inamla idarə edirik. Bugünkü Azərbaycan Azərbaycan xalqının zəhmətinin, istedadının nəticəsidir. Bu ölkəni biz qurmuşuq, Azərbaycan xalqı qurubdur. Biz elə etməliyik ki, hər bir vətəndaş gündəlik işində elə etməlidir ki, öz fəaliyyəti ilə bu müstəqilliyi gücləndirsin, əbədi, dönməz etsin və bundan sonra onilliklər, əsrlər boyu Azərbaycan xalqı azad, müstəqil və rifah içində yaşasın.
Bütün bu məqsədlərə nail olmaq üçün, bir daha demək istəyirəm ki, bütün imkanlarımız vardır. Ən əsası odur ki, siyasi iradə vardır. Bu gözəl bayram günündə mən Azərbaycan xalqını bizim üçün ən əziz bayram münasibətilə bir daha təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

28 May - Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi

(27 may 2011)

- Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika günü münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Həm bizim xalqımız üçün, həm dünya miqyasında bu hadisənin çox böyük tarixi əhəmiyyəti var idi. Xalqımız üçün əhəmiyyəti ondan ibarət idi ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı müstəqilliyə qovuşmuş, müstəqil dövlətini qurmuşdu. Dünya miqyasında əhəmiyyəti ondan ibarət idi ki, dünya tarixində ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaradılmışdı. Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl Bakının mərkəzində Azərbaycan Demokratik Respublikasının şərəfinə abidə ucaldılmışdır. Bugünkü müstəqil Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisidir. Azərbaycan Demokratik Respublikası iki ildən sonra süqut etdi. Ondan sonra Azərbaycanda sovet dövrü başlanmışdır. Bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq, o dövr də Azərbaycan üçün uğurlu olmuşdur. Sovet dövründə Azərbaycan inkişaf etmişdir, Azərbaycanda sosial-iqtisadi məsələlər öz həllini tapmışdır, savadsızlığa son qoyulmuşdur, - hesab edirəm ki, bu, tarixi nailiyyətdir, - Azərbaycanda elmin inkişafına təkan verilmişdir və xüsusilə 70-ci illərdə Azərbaycanda sənaye potensialı formalaşmışdır. O potensial ki, bəzi hallarda bu gün müstəqil Azərbaycanın inkişafında da bunun çox böyük mənası vardır. Kənd təsərrüfatı inkişaf etmişdir.
Bir sözlə, yenə də deyirəm, ideoloji çərçivələrə baxmayaraq, o dövr də Azərbaycan üçün uğurlu olmuşdur. Ancaq əlbəttə, biz müstəqil deyildik və müstəqillik arzuları ilə yaşamışdıq. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən müstəqilliyə qovuşmuşdur. Müstəqilliyimizin ilk illəri çox ağır keçmişdir. Bu barədə biz hamımız dəfələrlə öz fikirlərimizi bildirmişik. Xalqımız yaxşı xatırlayır ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər müstəqilliyimizə böyük təhlükə idi. Müstəqilliyimiz təhlükə altında idi və müstəqil həyatımız haqqında müxtəlif fikirlər, şayiələr dolaşırdı. Müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən anarxiya, özbaşınalıq, hakimiyyətsizlik, xaos praktiki olaraq, ölkəmizi iflic vəziyyətinə salmışdı.
Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımızın işğal altına düşməsi, bununla bərabər ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizə, vətəndaş müharibəsinin başlanması – bütün bu xoşagəlməz hadisələr müstəqil həyatımıza çox böyük zərbələr vurmuşdur. 1993-cü ildə Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərmiş, Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etmişdir. Xalqın dəstəyi ilə Prezident vəzifəsinə seçilmiş Heydər Əliyev vəziyyəti yaxşılaşdırmaq və xoşagəlməz hallara son qoymaq üçün çox böyük səylər göstərmişdir. Demək olar ki, qısa müddət ərzində bütün xoşagəlməz hallara, bütün qanunsuz silahlı birləşmələrə son qoyuldu, onlar tərk-silah edildi, vətəndaş müharibəsi dayandırıldı, cəbhədə atəşkəs əldə olundu və bu, imkan verdi ki, Azərbaycan sürətli inkişafa qədəm qoysun.
Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik və inkişaf dövrü başlanmışdır. Deyə bilərəm ki, dövlətçiliyimizin əsasları məhz 1993-cü ildən sonra formalaşmağa başlamışdır. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə aparılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir, ölkədə aparılan siyasi və iqtisadi islahatlar öz müsbət nəticələrini vermişdir. Azərbaycan beynəlxalq təcriddən çıxa, informasiya blokadasını yara bilmişdir. Azərbaycan haqqında 1990-cı illərin əvvəllərində dünya ictimai rəyində formalaşmış təhrif edilmiş təsəvvür dəyişdirilmişdir. Azərbaycan beynəlxalq aləmdə öz yerini tuta bilmişdir. Beynəlxalq təşkilatlara üzv olmuşdur. Bir sözlə, 1993-cü ildən başlayaraq bütün sahələrdə quruculuq və inkişaf meyilləri başlanmış və gücləndirilmişdir. Ölkə iqtisadiyyatı və müstəqil inkişaf üçün həlledici mahiyyət daşıyan neft kontraktları imzalanmışdır. Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edilmişdir. 1994-cü ildə bu məsələlər həll olunmağa başlayanda Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı və buraya investisiya qoymaq istəyənlərin sayı çox məhdud idi. Buna baxmayaraq, ölkəmiz üçün məqbul şərtlərlə neft kontraktları imzalanmışdır, Heydər Əliyevin neft strategiyası başlanmışdır və beləliklə, Azərbaycanın uğurlu inkişafı təmin edilmişdir.
Bütövlükdə 1993-2003-cü illər Azərbaycan üçün, dövlətçiliyimiz üçün həlledici illər olmuşdur. O illərdə əldə edilmiş uğurlar bu gün də bizə imkan verir ki, ölkəmizi inamla irəliyə aparaq, bu siyasəti davam etdirək və qarşıda duran bütün vəzifələri layiqincə icra edək.
2003-cü ildən sonrakı dövr ölkəmiz üçün çox uğurlu olmuşdur. Bu, özünü bütün statistik rəqəmlərdə büruzə verir. 2003-cü ildən sonra ölkəmizdə siyasi və iqtisadi islahatlar davam etdirilmişdir. Azərbaycan beynəlxalq aləmdə daha da möhkəm yerini tuta bilmişdir, regional müstəvidə, bizim təsir imkanlarımız böyük dərəcədə artmışdır. Bu gün Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər regional inkişaf istiqamətlərini yüksək səviyyədə müəyyən edir. Siyasi islahatlarla yanaşı, iqtisadi sahədə böyük uğurlar əldə edilmişdir. Son 7-8 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfə artmışdır. Bu, dünyada analoqu olmayan bir göstəricidir. Sənaye istehsalı da təxminən 3 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayanların sayı 5 dəfə azalmışdır və bu gün bu rəqəm Azərbaycanda 9,1 faiz təşkil edir. Əminəm ki, görülən və görüləcək əlavə tədbirlər nəticəsində biz ilin sonuna qədər yoxsulluğun daha da aşağı düşməsinə nail olacağıq. Ölkəmizdə bir milyona yaxın yeni iş yerləri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yerləridir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox ciddi addımlar atılmışdır və beləliklə, ölkəmizin iqtisadiyyatı artıq dayanıqlı iqtisadiyyatdır. Beynəlxalq aləmdə, beynəlxalq maliyyə qurumları tərəfindən ölkədə aparılan iqtisadi islahatlara verilən yüksək qiymət mənim sözlərimi bir daha təsdiqləyir.
Son illər ərzində Azərbaycanda uğurlu enerji siyasəti aparılmışdır. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bu gün nəinki özümüzü təmin edə bilmişik, eyni zamanda, başqa ölkələrin enerji təhlükəsizliyi məsələlərinə töhfəmizi veririk.
Ölkədə ictimai-siyasi vəziyyət çox müsbətdir. Bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Əslində, bizim siyasətimiz xalq siyasətidir. Çünki son illər ərzində Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması sayəsində bütün bu nailiyyətlərə biz çata bilmişik. Bu gün Azərbaycan sürətlə inkişaf edən, dinamik, müasir ölkədir. O ölkədir ki, burada bütün məsələlər ədalətli şəkildə həll olunur. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Bu da nadir təcrübədir. Qürur hissi ilə deyə bilərəm ki, bu təcrübə dünyada öyrənilir. Azərbaycanda ənənəvi xarakter daşıyan, artıq bir neçə dəfə keçirilmiş dinlərarası və mədəniyyətlərarası müxtəlif dialoq forumları bir daha onu göstərir ki, Azərbaycan bu cür tədbirlərin təşkili üçün çox məqbul bir ölkədir.
Ölkəmizdə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilir. İstər sosial məsələlərin həllində, istərsə də iqtisadi islahatların həyata keçirilməsində regional inkişaf proqramı uğurla icra edilir. Artıq biz ikinci proqramı icra edirik. Proqramın icrası nəticəsində, demək olar ki, bütün bölgələrimiz abadlaşır, şəhərlərimiz gözəlləşir. O ki qaldı Bakı şəhərinə, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının gözəlliyi artıq həqiqətdir, ölkəmizə və paytaxtımıza gələn bütün qonaqlar bunu görür və qeyd edirlər.
Bir sözlə, ölkə qarşısında duran əsas vəzifələr öz həllini tapmaqdadır. Ölkə iqtisadiyyatı öz dayanıqlığını, eyni zamanda, dünyada hökm sürən maliyyə və iqtisadi böhran zamanı göstərmişdir. Hətta böhranlı illərdə iqtisadiyyatımız artmışdır və bütün investisiya layihələri icra edilmişdir. Keçən il ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Hesab edirəm ki, bu il bu rəqəm daha da böyük olacaqdır. Bu il büdcəmizə edilən əlavələr, yəni dürüstləşmə nəticəsində tarixdə ilk dəfə Azərbaycan büdcəsi 20 milyard dollardan çox olacaqdır. Bu, böyük nailiyyətdir, böyük göstəricidir. Nəzərə alsaq ki, 2003-cü ilin dövlət büdcəsi cəmi 1,2 milyard dollar idi, biz əyani şəkildə görərik ki, son 7-8 il ərzində bu istiqamətdə böyük işlər görülmüşdür. Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın. Son illər ərzində maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu gün pensiyaların orta həcmi əməkhaqqının orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir.
Bazar iqtisadiyyatına sadiqliyimiz şübhə doğurmur. Ölkə iqtisadiyyatının 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Bununla bərabər, çox güclü sosial siyasət aparılır. Əsaslı iqtisadi islahatların aparılması güclü sosial siyasət ilə tamamlanırdı və məhz buna görə biz imkan vermədik ki, köklü iqtisadi islahatlar insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin. Əksinə, Azərbaycanda ildən-ilə maddi rifah, insanların yaşayış səviyyəsi artır və bütün sosial məsələlər öz həllini tapır.
Ölkə qarşısında duran əsas problem, bizim üçün ən ağrılı problem Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Bütün səylərimizə baxmayaraq, bu günə qədər bu münaqişə öz həllini tapmamışdır. Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü pozulubdur. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir. O qətnamələrdə işğalçı qüvvələrin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb edilir. ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələri Ermənistan tərəfindən icra edilmir. Belə olan halda biz əlbəttə ki, beynəlxalq ictimaiyyətin, beynəlxalq qüvvələrin bu məsələ ilə bağlı daha fəal olmasını alqışlayırıq. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tezliklə tapmalıdır. Bizim ərazi bütövlüyümüz pozulubdur. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür və bu ədalətsizlik davam edir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaq şərti ilə bütün dünya tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir.
Biz ümid edirik ki, danışıqlar öz nəticəsini verəcəkdir. Bu ümidləri möhkəmləndirən amillər son aylar ərzində kifayət qədər çox olmuşdur. Deyə bilərəm ki, ilk dəfə olaraq son aylar ərzində Minsk qrupunun həmsədr ölkələri tərəfindən status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatlar verilməyə başlanmışdır. Bu günə qədər,- baxmayaraq ki, Minsk qrupu 1992-ci ildə yaranıb və atəşkəs rejimi 1994-cü ildən qüvvədədir, - biz bu barədə belə dəqiq və ciddi bəyanatlar eşitməmişdik. Yəni, status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Dünən Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatı verildi. Bu bəyanatda da təxminən oxşar fikirlər səslənir ki, məsələ tezliklə öz həllini tapmalıdır. Biz də bunun tərəfdarıyıq və məsələnin tezliklə həll olunmasında ən çox maraqlı olan tərəf Azərbaycandır. Biz dəfələrlə bu barədə həm rəsmi bəyanatlarda, həm aparılan danışıqlarda fikrimizi və narahatlığımızı ifadə etmişik ki, Ermənistan tərəfinə imkan verilməməlidir ki, danışıqları süni şəkildə uzatsın və danışıqlar prosesini sonsuz etsin. Yəni, belə narahatedici məqamlar var idi və bu barədə biz açıq şəkildə fikrimizi bildirmişdik. Son bəyanat bu mövqeyi dəstəkləyir ki, məsələ tezliklə öz həllini tapmalıdır, Helsinki Yekun Aktının əsasında öz həllini tapmalıdır. Bu da çox mühüm bəyanatdır və birinci dəfə deyil ki, səslənir. Ancaq bunu da deyə bilərəm ki, son müddət ərzində Helsinki Yekun Aktına bütün sənədlərdə istinad edilir. Helsinki Yekun Aktında isə ərazi bütövlüyü prinsiplərinin xalqların öz müqəddəratını müəyyənetmə prinsipləri ilə heç bir ziddiyyəti yoxdur. Əksinə, orada prinsiplərin prioritetləri də sadalanır və hər bir xalqın öz müqəddəratını təyinetmə hüquqları ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və bu da münaqişənin həlli üçün yeganə düsturdur.
Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh və əməkdaşlıq yarana bilər və bütün tərəflər hadisələrin bu cür inkişafından ancaq fayda götürə bilərlər. Bizim qəti mövqeyimiz bundan ibarətdir. Bir də demək istəyirəm ki, heç vaxt Azərbaycan dövləti Dağlıq Qarabağa müstəqillik verilməsi ilə barışmayacaq, heç vaxt buna razılıq verməyəcəkdir. Bir də demək istəyirəm ki, bu məsələ bizim üçün prioritet məsələdir, ən vacib məsələdir. Bütün səylərimizi səfərbər edib məsələnin həlli ilə bağlı lazımi addımları atırıq və atacağıq.
Hər bir bayram günündə görülmüş işlərə qiymət verilir. Keçmiş illərdə görülmüş işlər bir daha təhlil edilir. Biz çatışmayan məqamları xüsusilə qeyd edirik ki, gələcək fəaliyyətimizdə daha da səmərəli iş görə bilək. Bununla bərabər, hər bir bayram günündə biz gələcək haqqında fikirlərimizi ifadə edirik, gələcək planlarımız haqqında ictimaiyyətə məlumat veririk. Bu, canlı prosesdir. Bu proses daim qüvvədədir və ölkəmizin dinamik inkişafı üçün bu, mütləq lazımdır. Bu gün də fürsətdən istifadə edərək gələcək planlarımız və vəzifələr haqqında bir neçə kəlmə demək istərdim.
Mən tam əminəm ki, növbəti illərdə də Azərbaycanın uğurlu və dayanıqlı inkişafı təmin ediləcəkdir. Biz növbəti illərdə siyasi islahatları davam etdirəcəyik. Buna böyük ehtiyac vardır. Bu günə qədər görülən işlər təqdirəlayiqdir, ancaq daha da böyük işlər görülməlidir. Demokratiyanın inkişafı istiqamətində çox böyük addımlar atılmışdır və bu istiqamətdə yeni addımlar atılmalıdır. Azərbaycanda bütün sahələrdə demokratik prinsiplər bərqərar olunmalıdır. Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla gedir və bu istiqamətdə əlavə addımların atılması gözlənilir. Bu, həm xalqın, həm də zəmanənin tələbidir. Biz müasir dövlət qururuq. O dövlət ki, burada bütün demokratik azadlıqlar mövcuddur. Biz bu müsbət meyilləri gücləndirməliyik.
Ölkəmizdə xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə gözəl nəticələrini verməkdədir. Korrupsiya, rüşvətxorluğa qarşı mübarizə bəhrəsini verir. Addımlarımız xalq tərəfindən dəstəklənir. Bir daha bu kürsüdən bəyan etmək istəyirəm ki, biz bu yoldan dönməyəcəyik. Korrupsiya, rüşvətxorluğa, xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparacağıq. Xüsusilə, görəndə ki, bu mübarizə nəticə verir, bu, bizim gücümüzü daha da artırır və bizi daha da ruhlandırır.
Ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Dövlət büdcəmizin imkanları qeyd etdiyim kimi, kifayət qədərdir. Bununla bərabər, ölkə iqtisadiyyatına xaricdən və yerli sahibkarlar tərəfindən qoyulan investisiyaların həcmi artır. Azərbaycan investisiyaların cəlb edilməsi istiqamətində çox böyük addımlar atmışdır. Adambaşına düşən xarici sərmayələrin həcminə görə həmişə olduğu kimi, biz MDB məkanında qabaqcıl yerlərdəyik. Çox sevindirici haldır ki, son bir neçə il ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu, onu göstərir ki, həm dövlət xətti ilə qoyulan sərmayə səmərəsini verir, həm də özəl sektor güclənib və ölkə iqtisadiyyatına sərmayə qoyur.
Özəl sektorun güclənməsi isə öz növbəsində dövlət tərəfindən göstərilən dəstəyin hesabına mümkün olmuşdur. Dövlət kreditləri, güzəştli şərtlərlə verilən kreditlər, sahibkarlığa dövlət və Prezident tərəfindən göstərilən dəstək özəl sektorun möhkəmlənməsinə, güclənməsinə gətirib çıxarır. Biz o vəziyyətə gəlmişik ki, bu gün Azərbaycan şirkətləri başqa ölkələrin iqtisadiyyatına, infrastrukturuna milyardlarla dollar məbləğində sərmayə qoyurlar. Beləliklə, bizim investisiya portfelimiz də çoxşaxəli olur. Bu, bizə əlavə olaraq həm siyasi, həm də iqtisadi mənfəət gətirəcəkdir.
İqtisadi sahədə şaxələndirmə ilə yanaşı, idxalı əvəzləyən məhsulların buraxılması üçün dövlət tərəfindən əlavə tədbirlər görüləcəkdir. Bu istiqamətdə böyük uğurlara nail ola bilmişik. Daha da fəal işləməliyik. Hazırda iqtisadi sahədə vacib məsələlərdən biri ərzaq təhlükəsizliyimizi təmin etməkdir. Bu istiqamətdə də böyük addımlar atılır, istehlak olunan ərzaq məhsullarının bir çoxu Azərbaycanda istehsal edilir. Halbuki bir neçə il bundan əvvəl biz tam şəkildə idxaldan asılı idik. Bu gün nəinki özümüzü təmin edirik, eyni zamanda, ərzaq məhsullarımızı xarici bazarlara da ixrac edirik. Növbəti illərdə ərzaq təhlükəsizliyimizlə bağlı əlavə tədbirlərin görülməsi nəticəsində əminəm ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə yüz faiz səviyyəsində təmin edəcək, eyni zamanda, bu sahədə güclü ixrac imkanlarımız yaranacaqdır.
Bir daha demək istəyirəm ki, sosial ədalət prinsipləri bizim üçün həmişə əsas olmuşdur. Maaşlar, pensiyalar mütəmadi qaydada qaldırılır, sosial infrastrukturun yaradılması üçün böyük vəsait ayrılır. Son illərdə Azərbaycanda 2 mindən artıq məktəb, yüzlərlə tibb mərkəzi, 31 Olimpiya İdman Kompleksi, mədəniyyət ocaqları tikilmişdir. Bir sözlə, sosial blok daim diqqət mərkəzindədir. Növbəti illərdə bu sahəyə daha da böyük vəsait qoyulacaqdır və buna ehtiyac vardır. Çünki biz istəyirik ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı sıfıra bərabər olsun. Mən bilirəm ki, hətta inkişaf etmiş ölkələrdə buna heç kim nail olmayıb. Amma biz qarşımıza hədəf qoymalıyıq. O hədəf böyük hədəf olmalıdır. Bəzi hallarda əlçatmaz hədəf kimi görünür, ancaq eyni zamanda, bizdən asılıdır ki, bu fikirləri, bu arzuları reallığa çevirək və istədiyimizə nail ola bilək.
Azərbaycan beynəlxalq əlaqələr istiqamətində çox düşünülmüş və balanslaşdırılmış siyasət aparır. Bu siyasət xalq tərəfindən dəstəklənir. Bu siyasət imkan verir ki, bütün ölkələrlə qarşılıqlı maraq əsasında bərabərhüquqlu əlaqələr yaradaq, onları möhkəmləndirək. Biz bu yanaşmanın tərəfdarıyıq. İlk növbədə, qonşu ölkələrlə əlaqələrimiz daha da güclü olmalıdır. Bu əlaqələr çox yüksək səviyyədədir. Biz bu əlaqələri tərəfdaşlıq əlaqələri kimi qiymətləndiririk. Növbəti illərdə xarici siyasətimizin bu istiqamətinə daha da böyük diqqət veriləcəkdir. Biz bu bölgədə yaşayırıq və qonşularla münasibətlərimizin inkişafı bizim üçün prioritet məsələdir.
Ermənistana gəldikdə, bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid etmək üçün biz öz səylərimizi göstərəcəyik. Biz bunu gizlətmirik. Bu, bizim siyasətimizdir. Ermənistan torpaqlarımızı işğal edib. Bu siyasət işğala son qoyulanadək davam etdiriləcəkdir. Sülh müqaviləsi bağlanarsa, Ermənistan da regional layihələrə cəlb oluna bilər. Bu, onların addımlarından asılı olacaqdır.
Qonşu ölkələrlə bərabər, biz bütün başqa ölkələrlə ikitərəfli formatda əlverişli və bərabərhüquqlu əlaqələrin qurulmasına çalışırıq, buna nail ola bilmişik. Dostlarımızın, tərəfdaşlarımızın sayı artır və artıq Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq təşkilatlarla əlaqələrimiz inkişafdadır. Biz bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Üzv olduğumuz təşkilatlarla əlaqələrimiz əlbəttə ki, daha da fəaldır. Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında yerinə yetiririk. Üzv olmadığımız beynəlxalq təşkilatlar qarşısında heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Çünki biz o təşkilatların üzvü deyilik. Üzv olmadığımız təşkilatlarla siyasətimizi yalnız tərəfdaşlıq və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq və qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik.
Bir sözlə, xarici siyasətimiz daxili siyasətin davamıdır, onun məntiqi nəticəsidir. Bu siyasətin bir məqsədi var ki, Azərbaycan xalqının və dövlətinin maraqları tam şəkildə təmin edilsin, dünyadakı rolumuz, imkanlarımız artsın və Azərbaycan daha da güclü dövlətə çevrilsin.
Eyni zamanda, bu gün enerji təhlükəsizliyi məsələləri ilə bağlı bir-iki kəlmə demək istərdim. Bu istiqamətdə böyük addımlar atılmışdır. Bu gün biz, bir də demək istəyirəm ki, ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı bütün məsələləri uğurla və yüksək səmərə ilə həll edə bilmişik. Bu gün çoxşaxəli enerji nəqliyyatı infrastrukturu yaradılıbdır. Azərbaycanın 7 neft və qaz kəməri vardır ki, təbii resurslarımızı 7 istiqamətdə dünya bazarlarına çıxarır. Yəni bu, sözün əsl mənasında, şaxələndirmədir. Bəzi ölkələr şaxələndirmə məsələləri ilə bağlı indi fəal işləyirlər, o cümlədən Azərbaycanla da danışıqlar aparırlar. Biz isə şaxələndirmə siyasətimizi uğurla başa vurmuşuq. Növbəti illərdə artıq yalnız bu marşrutlar əsasında ixrac imkanlarımızı genişləndirə bilərik. Çünki bu 7 istiqamətdən başqa daha heç bir istiqamət qalmayıb. Enerji resurslarımız qonşu ölkələrə nəql edilir. Gələcəkdə aparılacaq danışıqlardan asılı olaraq biz istənilən istiqamət üzrə enerji resurslarımızın ixracının həcmini artıra bilərik. Yenə də deyirəm ki, bu, aparılacaq danışıqlardan asılı olacaqdır.
Azərbaycan, bir də demək istəyirəm ki, gələcəyə böyük nikbinliklə baxır. Bu il biz müstəqilliyimizin 20 illiyini qeyd edirik. 20 il böyük tarixi mərhələdir. Mən hesab edirəm ki, birinci iki ili çıxmaq şərti ilə Azərbaycan 20 il ərzində çox uğurla və inamla inkişaf edib, ölkə qarşısında duran bütün vəzifələr icra edilib, ölkəmiz güclənib və dünya xəritəsində öz layiqli yerini tuta bilibdir.
Bu gözəl dövlət bayramı ərəfəsində bir daha bütün Azərbaycan xalqını Müstəqillik bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına uğurlar və xoşbəxtlik arzulayıram. Sağ olun.

28 May - Respublika günü münasibətilə rəsmi qəbulda
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin nitqi

(25 may 2012)

- Hörmətli xanımlar və cənablar.
Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika günü münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Xalqımız üçün tarixi hadisə idi. Ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə qovuşurdu. İslam dünyası üçün də tarixi hadisə idi, ona görə ki, ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaranırdı.
Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bakının mərkəzində İstiqlal bəyannaməsini imzalayan şəxslərin şərəfinə abidə ucaldılmışdır. Bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Əfsuslar olsun ki, müstəqilliyimiz çox qısamüddətli oldu. İki ildən sonra Azərbaycan Demokratik Respublikası süqut etdi.
Ancaq bu iki il ərzində böyük işlər görüldü. Dövlət atributları qəbul edildi. Dövlət bayrağımız təsdiq edildi. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsəri olan Azərbaycan dövlət himni qəbul olundu. Digər istiqamətlərdə müsbət işlər görülmüşdür. Dövlət strukturları yaradılmışdır. Bir sözlə, ölkəyə xas olan bütün atributlar mövcud idi.
Ancaq əfsuslar olsun ki, müəyyən obyektiv və subyektiv səbəblər üzündən müstəqillik uzunmüddətli olmadı və bu iki il ərzində, eyni zamanda, xalqımız üçün çox ağır hadisə baş vermişdir. Azərbaycanın qədim torpağı olan İrəvan Ermənistana verilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra biz 70 il Sovet İttifaqının tərkibində yaşamışıq. Bu tarixin də həm müsbət, həm mənfi tərəfləri vardır. Əlbəttə, Azərbaycan müstəqilliyini itirmişdi. Biz azad deyildik, azadlıqdan məhrum edilmişdik. Biz məhdud ideoloji çərçivələr içində yaşamışdıq və Azərbaycan xalqı öz taleyinin sahibi deyildi. Ancaq bununla bərabər, müsbət məqamlar da kifayət qədər çox olmuşdur. İlk növbədə, Azərbaycanda savadsızlıqla mübarizə müsbət nəticə verdi. Savadsızlıq kimi böyük bəla aradan qaldırıldı. Elmin inkişafına təkan verildi. Azərbaycanda Milli Elmlər Akademiyası yaradılmışdır və bu gün bizim elmi elitamız sovet dövründə yetişmiş insanlardır.
Xüsusilə 70-80-ci illərin əvvəllərində Azərbaycanda sənaye istehsalının inkişafında çox böyük işlər görülmüşdür. Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Azərbaycanın çox böyük rolu, töhfəsi olmuşdur. 600 mindən çox Azərbaycan vətəndaşı müharibədə iştirak etmişdir. Onlardan yarısı həlak olmuşdur. Azərbaycan neftçiləri ümumi Qələbəmizə əvəzedilməz töhfələr vermişlər. Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri şübhə altına düşə bilərdi.
Bir sözlə, sovet dövründə həm müsbət, həm mənfi məqamlar kifayət qədər çox idi. Ancaq bu dövrün də öz inkişaf mərhələləri var idi. Mən xüsusilə 70-ci illəri qeyd etmək istəyirəm. Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən sonra respublikada köklü dəyişikliklər baş vermişdir. O vaxta qədər biz geridə qalmış respublika idik. Amma ondan sonra inkişaf başladı. Bu inkişaf nəticəsində böyük sənaye potensialı yaradılmışdır ki, bu gün də müstəqil Azərbaycana xidmət edir.
Səksəninci illərin sonlarından ölkəmizə qarşı, Azərbaycana qarşı etnik təmizləmə siyasəti başlamışdır. Azərbaycan çox böyük problemlərlə üzləşmişdir. Əlbəttə ki, mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm və bu gün də demək istəyirəm, əgər Heydər Əliyev o vaxt xalqımız üçün həlledici məqamlarda Azərbaycanda olsaydı, bir qarış torpaq işğal altına düşməzdi.
Əfsuslar olsun ki, o illərdə hakimiyyətdəki insanlar vəzifə borcunu ləyaqətlə yerinə yetirə bilməmişlər və beləliklə, Sovet İttifaqının dağılması ərəfəsində Azərbaycan böyük çətinliklərlə üzləşmişdir. Bizə qarşı elan edilməmiş müharibə başlamışdır.
Torpaqlarımız işğal olunmağa başlamışdır. Müstəqilliyimizin ilk illərində, xüsusilə 1992-1993-cü illərdə Şuşa, Laçın və Kəlbəcərin işğalı nəticəsində Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı, əlaqə yaranmışdır ki, bu, ondan sonrakı müharibə dövrünə də çox mənfi təsir göstərmişdir.
Bir sözlə, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçirdi, müstəqil inkişafımız əslində şübhə altında idi. Əgər xalqın iradəsi ilə 1993-cü ildə Heydər Əliyev yenidən artıq müstəqil Azərbaycanın Prezidenti kimi hakimiyyətə gəlməsəydi, ölkəmizin gələcək taleyi çox böyük fəlakətlərlə üzləşə bilərdi. 1993-cü ildə bütün xoşagəlməz halların qarşısı alındı, ölkədə sabitlik yarandı, inkişaf başlandı. Dövlətçiliyimizin əsasları qoyuldu və ölkəmizin ümumi inkişaf strategiyası müəyyən edildi. Bu strategiya həm xarici, həm də daxili siyasəti əhatə edirdi. Azərbaycanı müasir, demokratik ölkə kimi görmək ulu öndərin arzusu idi. Onun fəaliyyəti, səyləri nəticəsində bu gün Azərbaycan, sözün əsl mənasında, inkişafda olan, inkişaf edən müasir, dünyəvi, demokratik ölkədir.
1993-2003-cü illərdə dövlətçiliyimizin əsasları qoyulmuş və möhkəmlənmişdir. O illərdə iqtisadi islahatlar başlamışdır, demokratiya inkişaf etmişdir. Mən Heydər Əliyevin neft strategiyasını xüsusilə qeyd etmək istəyirəm. Əgər o vaxt bu cəsarətli və uzaqgörən addımlar atılmasaydı, bizim bugünkü iqtisadi və siyasi inkişafımız tam başqa istiqamətdə gedə bilərdi. O çətin, ağır şəraitdə, hələ ki, müharibənin dayandırılmasının ilk aylarında atılmış cəsarətli və müdrik addım Azərbaycanın bugünkü uğurlu inkişafını şərtləndirir. Heydər Əliyevin neft strategiyası haqqında kifayət qədər elmi əsərlər, məqalələr, kitablar dərc edilmişdir. Mən bu işin içində olan insan kimi deyə bilərəm ki, doğrudan, bu, müstəqil Azərbaycan üçün həlledici addımlar idi.
O illərdə Azərbaycan böyük beynəlxalq təşkilatların üzvü olmuşdur. Dünya birliyinə inteqrasiyamız başlamışdır. Biz Azərbaycana böyük həcmdə investisiyaların gətirilməsinə nail ola bilmişik. Bir sözlə, dövlətçiliyimizin möhkəm siyasi, iqtisadi və ideoloji əsasları qoyulmuşdur.
İdeoloji əsaslara gəldikdə, Heydər Əliyev siyasətinin mərkəzində azərbaycançılıq məfkurəsi dayanmışdır. Bu gün də bu ideologiya, bu fəlsəfə bizim əsas ideoloji dayağımızdır. Eyni zamanda, “Müstəqil Azərbaycanın müstəqil siyasəti olmalıdır” şüarı o vaxt da aktual idi, bu gün də aktualdır.
Dünya dəyişir. Dünyada cərəyan edən proseslər müxtəlif istiqamətdə inkişaf edir. Ancaq təbiətin ümumi qanunları dəyişmir.
Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır. Bir sözlə, 1993-2003-cü illərdə ölkəmiz böyük, uğurlu yol keçmişdir. Biz ulu öndərin xatirəsinə həmişə böyük hörmətlə yanaşırıq. Onun siyasi xəttinə sadiqik. Onun qoyduğu yolla gedirik. Deyə bilərəm ki, müstəqilliyə gedən yol yenə də Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Sovet İttifaqı dövründə ilk dəfə olaraq Naxçıvanda bizim milli üçrəngli bayrağımız dövlət bayrağı elan edildi. Sovet İttifaqının saxlanmasına yönəlmiş referendum Naxçıvanda keçirilmədi və beləliklə, müstəqilliyə aparan ilk ciddi addımlar atıldı.
Biz 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Keçən il müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd etmişik. Bu yubileyi böyük uğurlarla qeyd etmişik. İyirmi il tarix üçün böyük dövr deyildir, tarix üçün bir andır. Ancaq bu 20 il ərzində ölkəmiz çox uğurla inkişaf etmişdir.
Heydər Əliyev siyasəti davam etdirilir. Siyasi islahatlar davam etdirilir. Bölgədəki mövqelərimiz böyük dərəcədə möhkəmlənmişdir. Bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr, həm bizim üçün, həm bu layihələrdə bizimlə bərabər iştirak edən ölkələr üçün böyük səmərə verir. Biz demokratiyanın inkişafına çox böyük əhəmiyyət veririk. Hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Çox ciddi siyasi islahatlar aparılır. Dünyanın bu sahədə böyük təcrübəyə malik olan ölkələrinin müsbət təcrübəsi öyrənilir və Azərbaycanda tətbiq edilir. Bir sözlə, bizim ictimai-siyasi sahədəki fəaliyyətimiz çox müsbətdir, çox uğurludur.
Ölkədə sabit ictimai-siyasi vəziyyət mövcuddur. Xalqla iqtidar arasında vəhdət vardır. Ölkəmizin ümumi inkişaf yolları haqqında cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz bundan sonra da yalnız və yalnız müstəqilliyimizi gücləndirəcəyik, azərbaycançılıq fəlsəfəsini rəhbər tutacağıq, iqtisadi islahatları davam etdirəcəyik və güclü dövlət yaradacağıq. Bu istiqamətdə artıq böyük addımlar atılmışdır.
Ölkə qarşısında duran əsas vəzifə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, bu istiqamətdə heç bir nəticə yoxdur. Ermənistan uzun illərdir ki, beynəlxalq hüququ kobudcasına tapdalayır, beynəlxalq hüquq normalarına riayət etmir. Dünyanın mötəbər, aparıcı beynəlxalq təşkilatlarının qətnamələrinə əhəmiyyət vermir, məhəl qoymur.
Nə hərb, nə sülh vəziyyəti davam edir.
Müharibə hələ bitməyib. Müharibənin birinci dövrü başa çatıbdır. Biz hamımız arzu edirik ki, müharibənin ikinci dövrü başlamasın. Ancaq buna nail olmaq üçün Ermənistan beynəlxalq hüquq normalarına əməl etməli və işğal edilmiş torpaqlardan çıxmalıdır. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı dörd qətnaməsi vardır. Bir neçə gün bundan əvvəl Çikaqoda keçirilən NATO zirvə görüşündə yenə bu məsələ ilə bağlı çox əsaslı və ədalətli qətnamə qəbul edilmişdir, münaqişə ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və ərazi bütövlüyü orada yeganə prinsip kimi göstərilmişdir. ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar münaqişə ilə bağlı kifayət qədər çox qətnamələr, qərarlar qəbul etmişdir. Yəni, məsələnin hüquqi müstəvidə həlli üçün əlavə heç bir addıma ehtiyac yoxdur.
Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi və indiki vəziyyəti uzatmaq cəhdləri hələ imkan vermir ki, məsələ həllini tapsın.
Ancaq mən bu barədə dəfələrlə fikrimi bildirmişəm. Biz hər gün, hər an məsələnin həllinə yaxınlaşırıq. Bizi bu günə yaxınlaşdıran amillər həm siyasi, həm iqtisadi və digər sahələrlə bağlıdır. Siyasi sahədə bu gün Azərbaycan bölgənin lider dövlətidir. Bizim kifayət qədər güclü mövqeyimiz vardır. Dünya birliyində böyük dəstəyimiz vardır. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz dünya birliyinin bizə olan münasibətini göstərir və hazırda Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik edir.
Bölgədə mövqelərimiz möhkəmdir. İqtisadi sahəyə gəldikdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edir və bundan sonrakı illərdə bu rəqəm yalnız artacaqdır. Çünki uzunmüddətli inkişaf strategiyamız bizə imkan verəcək ki, növbəti on il ərzində, - yəni, qarşıya belə hədəf qoyulub, - ümumi daxili məhsulumuzu iki dəfə artıraq. Müqayisəedilməz fərq vardır.
Məsələnin həlli üçün, əlbəttə, bütün diplomatik-siyasi imkanlardan istifadə edirik, eyni zamanda, hərbi gücümüzü də artırırıq.
Bu istiqamətdə də böyük addımlar atılmışdır. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, həm maddi-texniki təchizatımız böyük dərəcədə yaxşılaşır, həm də ordumuzun peşəkarlığı, döyüş qabiliyyəti artır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü orduların sırasındadır.
Bundan sonrakı illərdə ordu quruculuğuna göstərilən diqqət daha da çox olacaq və biz daha da güclü orduya malik olacağıq.
Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün digər vacib amillər də mövcuddur və bu amillər də Azərbaycanın mövqeyini gücləndirir. İqtisadi gələcəyimiz. Biz dəqiqliklə bilirik ki, gələcəkdə bizi nələr gözləyir. Çünki gələcəyimizi biz özümüz yaradırıq. Ermənistan isə gələcəyini başqa ölkələrdən verilən, yaxud da veriləcək və ya verilməyəcək ianələrlə bağlayır. Belə olan halda uzunmüddətli inkişafı proqnozlaşdırmaq mümkün deyildir. Uzunmüddətli inkişafa nail olmaq üçün biz nə qədər işləmişik, nə qədər səfərbərlik işləri aparmışıq, proqramlar qəbul etmişik, layihələr icra etmişik. Yəni, uzunmüddətli inkişafa nail olmaq üçün bir neçə il vaxt lazımdır. Bu gün yaranmış bu müsbət inersiya bizi qabağa aparır. Ona görə mən tam məsuliyyətlə deyə bilərəm ki, on il bundan sonra Azərbaycanın iqtisadi durumu təxminən necə olacaqdır.
Amma Ermənistana gəldikdə, orada ümumiyyətlə iqtisadiyyat iflic vəziyyətindədir və heç bir iqtisadi perspektiv yoxdur.
Ölkədən kütləvi şəkildə miqrasiya baş verir və əlbəttə, bu, məsələnin - yəni, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz rolunu oynayacaqdır.
Uzun illər biz yalnız siyasi, iqtisadi, hüquqi, hərbi amilləri nəzərdən keçirirdik. Deyə bilərəm ki, hazırda demoqrafik amillər də nəzərdən keçirilməlidir. Çünki bu amillər nəinki bizim bölgədə, artıq dünyada ön plana çıxır. Demoqrafik inkişaf, bəzi ölkələrdə müsbət, bəzi ölkələrdə tənəzzülə uğrayan demoqrafik proseslər əlbəttə ki, bu gün təhlil mövzusudur. Azərbaycanda demoqrafik vəziyyət də çox müsbətdir. Bizim əhalimiz artır, 9 milyon 200 mindən çoxdur. Ermənistanda isə əksinə, əhali azalır. Yəni, mən heç şübhə etmirəm ki, biz suverenliyimizi, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik və vahid Azərbaycan uğurlu inkişafa davam edəcəkdir.
Bir daha demək istəyirəm ki, bu günə qədər görülən işlər belə deməyə əsas verir. Çünki 20 illik tariximiz, - əlbəttə, birinci iki ili istisna etmək şərti ilə, - göstərir ki, Azərbaycan xalqı istedadlı xalqdır. Azərbaycan xalqı zəhmətkeş xalqdır. Azərbaycan xalqı bu tarixi şansı əldən verməyib. Müstəqillik tarixi bir şans idi. Çünki bizdən əvvəl əsrlər boyu nəsillər gəlirdi-gedirdi, əcdadlarımız müstəqillik arzuları ilə yaşayırdı. Amma bu müstəqilliyi görmək, müstəqilliyi möhkəmləndirmək, müstəqilliyi inkişaf etdirmək bizim nəslə nəsib oldu. Bu, tarixi bir şans idi və Azərbaycan xalqı bu şansı nəinki əldən vermədi, bu müstəqillik dövründən maksimum səmərə ilə istifadə etdi.
Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir. Beynəlxalq kredit agentlikləri böyük ölkələrin kredit reytinqlərini aşağı saldığı bir dövrdə, Azərbaycanın kredit reytinqləri qalxır. Azərbaycanda rəqabət qabiliyyətli şirkətlərin sayı artır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi demək olar ki, təmin edilibdir. Neft-qazdan asılılıq azalır. Özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır. Əgər neft-qaz yataqlarımızı və yaratdığımız nəqliyyat infrastrukturunu əlavə etsək görərik ki, gələcəkdə Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Bundan sonrakı dövr üçün, bir daha demək istəyirəm ki, hər bir sahə üzrə konkret proqramlarımız və planlarımız vardır. Bu barədə də bir neçə kəlmə demək istərdim.
Xarici siyasətlə bağlı. Bundan sonra biz, ənənəvi olaraq, müstəqil xarici siyasəti davam etdirəcəyik. Bu siyasət bizə böyük uğurlar gətirmişdir. Bəzi hallarda bəzi yerli və xarici təhlilçilər əvvəlki dövrdə Azərbaycanın xarici siyasəti ilə bağlı qeyri-real fikirlər səsləndirirdilər. Ancaq həyat onu göstərdi ki, bizim xarici siyasətimiz yeganə düzgün siyasətdir. Əgər belə olmasaydı, bizim gənc dövlətimiz 155 ölkənin etimadını qazanmazdı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçilməyimiz xarici siyasətimizin nə qədər düzgün olduğunun bariz nümunəsidir.
Bundan sonra da biz bu siyasəti davam etdirəcəyik. Xüsusilə, üstünlüyü ikitərəfli əlaqələrə verəcəyik. Bu gün də bu, bizim üçün prioritetdir. Qonşularla münasibətlər xüsusi əhəmiyyət daşıyır. Çünki biz bu bölgədə yaşayırıq və əsrlər boyu bu qonşuluqda yaşamışıq, bu qonşuluqda yaşayacağıq. Hər bir ölkə, o cümlədən Azərbaycan çalışmalıdır ki, qonşularla yaxşı münasibətləri olsun. Ancaq əlbəttə ki, beynəlxalq hüquq prinsipləri əsasında, bir-birinin işinə qarışmamaq şərti ilə və qarışlıqlı hörmət və etimad əsasında.
Bildiyiniz kimi, biz bu yaxınlarda Qoşulmama Hərəkatına üzv olduq. Bu da böyük təşkilatdır. Bir çox ölkələri əhatə edən təşkilatdır. Bu təşkilat çərçivəsində biz fəaliyyətimizi fəallaşdıracağıq. Bu təşkilatda Azərbaycana qarşı böyük rəğbət, inam vardır. Biz bu vəziyyətdən istifadə edib daha da çox dostlar qazanacağıq.
Azərbaycan xalqı və Azərbaycan islam dünyasının ayrılmaz parçasıdır. Bu, bizim tariximizdir, bu günümüzdür, ənənəmizdir, milli identifikasiyamızdır. Bizim milli dəyərlərimiz islam dəyərləri əsasında formalaşıbdır. Biz milli dəyərlərimizə çox sadiqik və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Dəfələrlə demişəm və şadam ki, gənc nəsil də milli ruhda böyüyür, milli ruhda tərbiyə alır. Biz Azərbaycan xalqının zəngin milli mənəvi dəyərlərini, ənənələrini qorumalıyıq, saxlamalıyıq, təbliğ etməliyik. Hər bir Azərbaycan gənci, hər bir Azərbaycan uşağı bu əhval-ruhiyyədə böyüməlidir.
İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bizim çox fəal rolumuz vardır, böyük dəstəyə malikik. Beynəlxalq təşkilatlarda demək olar ki, müsəlman ölkələrinin mütləq əksəriyyəti Azərbaycanın mövqeyini, Azərbaycan dövlətini birmənalı şəkildə dəstəkləyir.
Bildiyiniz kimi, biz də islam həmrəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq. Bakıda keçirilən müxtəlif tədbirlər bunun əyani göstəricisidir.
Eyni zamanda, Azərbaycan Avropa strukturlarının, həmçinin Avropa Şurasının üzvüdür, bu təşkilat çərçivəsində fəaliyyət göstərir və əlbəttə ki, bu təşkilat çərçivəsində fəaliyyətimiz davam etdiriləcəkdir. Bütövlükdə, biz bütün ölkələrlə qarşılıqlı hörmət və etimad əsasında bərabərhüquqlu münasibətlər qururuq. Mən çox şadam ki, işğalçı Ermənistan istisna olmaqla, heç bir ölkə ilə ikitərəfli formatda heç bir problemimiz yoxdur. Hökumətlərarası əlaqələr çox yaxşıdır, müsbətdir. Yenə də deyirəm, bizim BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bir çox ölkələrdə Azərbaycan haqqında yeni bir təsəvvürün yaradılmasına gətirib çıxardı. Çünki 155 ölkənin dəstəyi ilə bu mötəbər, dünyanın bir nömrəli təşkilatına seçilməyimiz əlbəttə ki, böyük nəticədir. O ki qaldı beynəlxalq təşkilatlara, biz üzv olduğumuz beynəlxalq təşkilatlar qarşısında öhdəliklər götürmüşük. Bu öhdəlikləri vaxtında yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz yoxdur, ola da bilməz.
Çünki sadəcə məntiq onu göstərir ki, bir halda sən bu təşkilatın üzvü deyilsən, deməli, bu təşkilat qarşısında heç bir öhdəlik daşımırsan.
Bundan sonra da xarici siyasətimiz həmişə olduğu kimi açıq, xoşniyyətli olacaqdır. Ancaq əlbəttə ki, müstəqil siyasətimiz bundan sonra daha da güclənəcək və biz bölgədə gedən proseslərdə daha da fəal olacağıq. Dünyada gedən proseslərdə də rolumuz artır. Hazırda biz yeni qitələri siyasi, diplomatik cəhətdən özümüz üçün kəşf edirik. Latın Amerikası ilə bizim indi çox gözəl münasibətlərimiz formalaşır. Deyə bilərəm ki, Xocalı faciəsinin soyqırımı kimi tanıyan üç ölkədən ikisi Latın Amerikası ölkəsidir. Meksika, Kolumbiya və Pakistan bizim qardaş ölkələrimizdir. Afrika qitəsindən Azərbaycana çox böyük maraq vardır. Xüsusilə, BMT Təhlükəsizlik Şurasına üzv olandan sonra biz bunu görürük. Bu kontinent bizim üçün də çox maraqlıdır.
Yəni, biz xarici siyasətimizi artıq daha da genişləndirəcəyik, iqtisadi terminlə ifadə etsək şaxələndirəcəyik. Beləliklə, ölkəmizin dünyadakı rolunu bundan sonra böyük dərəcədə artıracağıq.
Daxili siyasətlə bağlı bizim konkret proqramlarımız, qərarlarımız vardır. Biz demokratik inkişafa sadiqik. Azərbaycanda bütün demokratik institutlar fəaliyyət göstərir. Hüquqi dövlət quruculuğu sahəsində böyük uğurlar vardır. Demokratiyanın inkişafı bizim vəzifəmizdir, borcumuzdur. Bu, ilk növbədə Azərbaycan xalqına lazımdır. Biz bu sahədəki fəaliyyətimizi kiminsə xoşuna gəlmək üçün yox, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və bütün azadlıqları təmin etmək üçün edirik. Biz bundan sonra da bu siyasətə sadiq olacağıq.
İqtisadi sahə ilə bağlı mənim fikirlərim çıxışlarda, bəyanatlarda, konkret proqramlarda dəfələrlə ifadə olunub. Son illər ərzində Azərbaycanda müşahidə olunan inkişafın dünyada analoqu yoxdur. Ümumi daxili məhsulun üç dəfə artırılması, yoxsulluğun beş dəfə aşağı düşməsi. Sənaye müəssisələrinin, texnoparkların yaradılması, informasiya-kommunikasiya texnologiyalarının və sair digər sahələrin inkişafı. Yəni, iqtisadi blokla bağlı konkret istiqamətlər üzrə proqramlar vardır. Mən növbəti illərdə prioritetlər arasında, ilk növbədə informasiya-kommunikasiya texnologiyalarını görürəm. Çünki ümumiyyətlə, dünyanın inkişafı bu istiqamətdə gedir. Gələcəkdə bilik, savad ölkələrin dünyadakı yerini daha da böyük dərəcədə müəyyən edəcəkdir. Ona görə bu sahəyə xüsusi diqqət göstərilməlidir. Elm və təhsil sahəsinə xüsusi diqqət göstərilməlidir, bu sahə ön plana çıxmalıdır.
Son illər elmin inkişafı və gənclərin təhsili ilə bağlı qəbul edilmiş proqramlar bu məqsədi güdür. Biz istəyirik ki, gənclərimiz bilikli, savadlı olsunlar. Azərbaycanda elm inkişaf etsin. Elm bilik, istedad, inkişaf deməkdir. Biz indi başqa ölkələrdə yaradılan elmi dəyərlərdən istifadə edirik. Bu da təbiidir. Çünki biz dünya birliyinin bir hissəsiyik. Ancaq mən hesab edirəm ki, Azərbaycanda hazırda kifayət qədər güclü elmi potensial vardır. Növbəti illərdə bu potensial daha da güclənəcəkdir, xüsusilə gənclərin hesabına. Yəni, Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır ki, bu elita Azərbaycanı 20 il, 30 il, 50 il bundan sonra uğurla idarə etsin. Ona görə informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil sahələri növbəti illər üçün prioritet olmalıdır.
Kənd təsərrüfatı, inkişaf etdirilməlidir. Çünki əhalimizin demək olar ki, yarısı aqrar sektorda çalışır. Bu sahə də prioritetlər sırasındadır. Yəni, hər bir sahə prioritetdir. Amma əgər əvvəlki dövrdə biz prioritetlər deyəndə, ilk növbədə, neft-qaz sektorunu nəzərdə tuturduqsa, hazırda bu, belə deyildir. Çünki neft-qaz sektorunda qarşımıza qoyduğumuz bütün vəzifələri ləyaqətlə icra etmişik. Çoxşaxəli ixrac infrastrukturumuz, yeddi neft-qaz kəmərimiz vardır. Neftimiz, qazımız bütün istiqamətlər üzrə dünya bazarlarına çıxarılır. Biz, demək olar ki, enerji sahəsində işlərin böyük əksəriyyətini görmüşük. Bundan sonra, əlbəttə, bizim yeni fikirlərimiz, təşəbbüslərimiz vardır. Bu təşəbbüslər daha çox bizim tərəfdaşlarımız üçün lazımdır, vacibdir. Bizə də lazımdır. Burada maraqların üst-üstə düşməsi müsbət haldır. Artıq enerji sahəsi ilə - həm neft, həm qaz, həm elektrik enerjisinin generasiyası ilə bağlı demək olar ki, əsas məsələlər öz həllini tapmışdır.
Biz nəqliyyat sahəsində bu ilin sonuna qədər dünya üçün və əlbəttə, bizim üçün çox vacib olan yeni “İpək yolu”nun - Bakı-Tbilisi-Qars dəmir yolunun istismarına başlayacağıq. Beləliklə, Azərbaycanı dünya miqyasında tranzit mərkəzə çevirəcəyik. Bu isə onilliklər, əsrlər bundan sonra ölkəmizə həm siyasi, eyni zamanda, iqtisadi dividendlər gətirəcəkdir. Bu layihənin təşəbbüskarı da bildiyiniz kimi, biz olmuşuq.
Gələcək inkişafımızla bağlı, bir daha demək istəyirəm ki, hər bir sahə üzrə konkret planlarımız vardır. Bugünkü imkandan sadəcə olaraq istifadə edib bəzi fikirlərimi ifadə etmək istərdim.
Bütövlükdə, Azərbaycanın 20 illik tarixi göstərir ki, bu 20 il ərzində çox şey etmək olar. Bu gün xoş niyyətlə Bakıya gələn hər bir qonaq Bakının gözəlliyinə heyran olur. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bu barədə dəfələrlə demişəm və hər dəfə də bunu böyük qürur hissi ilə deyirəm. Bəlkə də gün gələcək deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir. Bizim qonaqlarımız, - xüsusilə, bu günlərdə çoxsaylı qonaqlarımız vardır, - əsas iki məqamı – Bakının təkrarolunmaz gözəlliyini və insanların xoş ovqatda olmasını, qonaqlara olan mehriban münasibətini qeyd edirlər. Bu iki amil bir-biri ilə bağlıdır. Vaxt var idi ki, bizim dənizkənarı bulvarda heç kimi görmək mümkün deyildi. Dağılmış yollar, sındırılmış işıq dirəkləri, çürümüş dəmirlər və s. Bu gün on minlərlə insan asudə vaxtını Bakı bulvarında keçirir. Bu gözəlliyi, inkişafı görərkən, haqlı olaraq, qürur hissi keçirir ki, Azərbaycan vətəndaşıdır.
Bizim bu illər ərzindəki ən böyük uğurumuz ondan ibarətdir ki, müstəqillik yolundan dönməmişik. Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük olmayan ölkələr üçün bu, daha aktualdır. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır. Bizim təcrübəmiz onu göstərir ki, bu, mümkündür.
Əgər sənin ləyaqətli siyasətin, kifayət qədər cəsarətin və ölkə üçün, ölkənin gələcəyi üçün aydın strategiyan varsa bunu etmək mümkündür.
Bu gün Azərbaycan müstəqil ölkə kimi inkişaf edir. Bizim inkişafımızdan əlbəttə ki, Azərbaycan vətəndaşları, dostlarımız bəhrələnir. İyirmi illik tariximiz bir daha onu göstərir ki, biz düz yoldayıq. Bundan sonra da Azərbaycanın müstəqilliyi əbədi olacaqdır, bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Biz hamımız elə etməliyik ki, bu yol işıqlı, nurlu, açıq olsun. Sağ olun.

28 May - Respublika günü münasibətilə rəsmi qəbulda
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi

(27 may 2013)

- Hörmətli xanımlar və cənablar, əziz dostlar.
Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Doxsan beş il əvvəl müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaranmışdır. Bu, böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığa qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti var idi. Eyni zamanda, respublikanın yaranması müsəlman aləmində respublika quruluşunun yayılmasına da təkan vermişdir.
Qısa müddət ərzində bütün dövlət qurumları, dövlət təsisatları yaradılmışdır. Demokratik inkişaf gedirdi, qadınlara səsvermə hüququ verilmişdir, Milli Ordu yaradılmışdır. Bir sözlə, respublikanın qurucuları böyük işlər görmüşdülər və Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır. “İstiqlal Bəyannaməsi”ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılmışdır.
Ancaq müəyyən səbəblər üzündən iki ildən sonra respublika süqut etmişdir və Azərbaycan müstəqillikdən məhrum olunmuşdur. Ondan sonra sovet dövrü başlamışdır. Biz 71 il Sovet İttifaqının tərkibində yaşamışıq. Biz azad, müstəqil deyildik. Buna baxmayaraq, Azərbaycanda inkişaf prosesi gedirdi. Hesab edirəm ki, o illər ərzində müsbət məqamlar da kifayət qədər çox idi. İlk növbədə, savadsızlığa qarşı mübarizə gözəl nəticələr vermişdir. Yoxsulluq aradan qaldırılmışdı, işsizlik demək olar ki, yox idi. Azərbaycanda sənayeləşmə prosesi gedirdi, xüsusilə 1970-ci illərdə bu proses daha geniş vüsət almışdı.
Ancaq biz azad, müstəqil deyildik. Biz başqa dövlətin tərkibində yaşayırdıq. Əlbəttə, həm müstəqillikdən məhrum idik, eyni zamanda, Sovet İttifaqında mövcud olan siyasi və iqtisadi sistem sürətli inkişaf üçün məqbul deyildi. Sovet İttifaqının süqutu bunun əyani sübutudur.
1970-ci illərdə Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə böyük quruculuq işləri başlamışdır. İttifaqda müttəfiq respublikalar arasında Azərbaycan seçilirdi, fərqlənirdi. Burada sürətli inkişaf gedirdi. Biz bu sürətli inkişafı 1993-cü ildən sonra da görəcəyik. Ancaq əfsuslar olsun ki, 1980-ci illərin sonlarında - erməni separatizminin baş qaldırması dövründə respublikaya rəhbərlik etmiş insanlar öz vəzifə borcunu yerinə yetirə bilmirdilər. Azərbaycan tənəzzülə uğrayırdı və Sovet İttifaqı dağılanda burada vəziyyət çox ağır idi. Siyasi xaos, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül, sənaye demək olar ki, iflic vəziyyətində idi. İqtisadiyyatımızın əsas sektoru olan neft sektoru da tənəzzülə uğrayırdı, hasilat getdikcə aşağı düşürdü. Bir sözlə, 1991-ci ildə müstəqillik bərpa olunanda Azərbaycan postsovet məkanında ən ağır vəziyyətdə olan ölkə idi. Bir tərəfdən, Ermənistanın və separatçıların ərazi iddiası, digər tərəfdən, daxildə xoşagəlməz vəziyyət, hakimiyyət uğrunda çəkişmələr, xüsusilə 1992-1993-cü illərdə AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi əslində əldən gedirdi, tarix təkrarlanırdı. Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı və 1991-1993-cü illərdə - iki il ərzində demək olar ki, Azərbaycan böyük fəlakətlərlə üz-üzə idi.
Ancaq onu da qeyd etməliyəm ki, müstəqilliyə gedən yolda ulu öndər Heydər Əliyevin çox böyük zəhməti olmuşdur. Hələ Naxçıvanda ikən Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilməmişdir. Yəni, bütün bu addımlar əslində müstəqilliyə yönəldilmiş addımlar idi.
Təsadüfi deyildir ki, 1993-cü ildə vətəndaş müharibəsi getdiyi bir dövrdə Azərbaycan xalqı yenə milli liderə müraciət etdi, onu dəvət etdi. Onun Azərbaycan siyasi hakimiyyətinə gəlişindən sonra vəziyyət köklü şəkildə dəyişmiş və Azərbaycan inkişaf yoluna qədəm qoymuşdur.
Bu yaxınlarda, Ulu Öndərin 90 illiyində mən o dövrlə bağlı fikirlərimi bildirmişəm. Sadəcə, demək istəyirəm ki, 1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuşdur. Məhz o illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmişdir. O illərdə Azərbaycan dünya birliyinə qovuşmuşdur, özünü tanıtdıra bilmişdir. Çox ciddi islahatlar aparılmışdır. Bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmişdir. Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması məhz o illərə təsadüf edir. Müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir. Siyasi sistem möhkəmləndirilmişdir və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır.
1993-2003-cü illər sabitlik və inkişaf illəri kimi tarixdə qalır. Bu illər ərzində görülmüş işlər bu gün ölkəmizin uğurlu inkişafına xidmət göstərir. O illərdə başlanmış layihələr bu gün uğurla davam etdirilir. Əlbəttə, Azərbaycanın bugünkü reallıqlarını təsəvvür etmək üçün, əlbəttə, biz o illərə qayıtmalıyıq.
Xoşbəxtlikdən Heydər Əliyev amili ölkəmiz üçün həlledici anlarda özünü göstərdi. Bu gün bu siyasət dəyişməz olaraq qalır. Bu gün Azərbaycan uğurla, inamla inkişaf edir. Ölkə qarşısında duran bütün əsas vəzifələr müvəffəqiyyətlə icra edilir. Azərbaycan bu gün dünya miqyasında etibarlı tərəfdaş və dost ölkə kimi tanınır.
Son on il ərzində Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilmişdir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək bəyan etmişdim ki, əgər mənə etimad göstərilərsə, mən bu siyasətə sadiq qalacağam və bu siyasəti davam etdirəcəyəm.
Çox şadam ki, son on il ərzində Azərbaycan xalqı və dövləti sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşamışdır. Bu on ildə problemlərin böyük hissəsi öz həllini tapmışdır. İstənilən istiqamət üzrə konkret proqramlar icra edilir. Onların bir çoxu artıq başa çatmışdır. Azərbaycanda proseslər müsbət istiqamətdə gedir. Daxili vəziyyət çox sabitdir. Xarici əlaqələrimiz genişlənir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan ilə dostluq etmək istəyən ölkələrin sayı artır. Biz də ikitərəfli münasibətlərə eyni mövqedən yanaşırıq: nə qədər çox dostlarımız olsa, mövqeyimiz də dünyada o qədər möhkəm olacaqdır.
Xarici siyasətlə bağlı bütün vəzifələr icra edilmişdir. İkitərəfli formatda çox gözəl əlaqələr yaradılmışdır. Bölgədə Azərbaycanın rolu böyük dərəcədə möhkəmləndirilmişdir. Hazırda bölgədə gedən bütün proseslərdə Azərbaycanın fəal rolu, öz mövqeyi vardır. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər regional əməkdaşlıq üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın iştirakı olmadan heç bir layihə, heç bir təşəbbüs uğurla nəticələnə bilməz.
Əlbəttə, xarici siyasətin zirvəsi, hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olmuşdur. Bu, tarixi hadisə idi. Beynəlxalq birliyin mütləq əksəriyyəti Azərbaycana inandı, bizi dəstəklədi, bizə böyük etimad göstərdi. Artıq iki ilə yaxındır ki, Təhlükəsizlik Şurasında Azərbaycan, bəyan etdiyim kimi, beynəlxalq hüququ və ədaləti müdafiə edir. Bu illər ərzində biz böyük təcrübə toplamışıq. Bu, əvəzolunmaz təcrübədir, gələcək fəaliyyətimiz üçün bizə çox lazım olan təcrübədir. Eyni zamanda, dünya birliyinə ölkəmizi bir daha geniş şəkildə təqdim etmişik. Təhlükəsizlik Şurasının üzvü olmaq o deməkdir ki, hər bir məsələ ilə bağlı sənin dəqiq və çox aydın mövqeyin olmalıdır. Azərbaycan bu mövqeyi göstərir və göstərəcəkdir.
Daxildə gedən proseslər, hesab edirəm ki, son on il ərzində ölkəmizi böyük dərəcədə möhkəmləndirə bilmişdir. Daxili sabitlik, ictimai-siyasi asayiş, xalqla iqtidar arasında olan birlik - bütün bu amillər hər bir ölkənin uğurlu inkişafı üçün vacibdir. Əgər sabitlik qorunmasa idi, əgər sabitlik pozulsa idi, əlbəttə, Azərbaycana bu qədər xarici sərmayə qoyulmazdı. Bu gün Azərbaycan bölgədə və dünyada bu möhkəm imkanlara malik ola bilməzdi.
Sabitliyin təməlində əlbəttə ki, düşünülmüş siyasət dayanır. Sabitliyin mövcudluğu bu səbəblərlə şərtlənir. Çünki əgər düşünülmüş siyasət yoxdursa və xalqla iqtidar arasında uçurum varsa, əgər icra edilən proqramlar xalqın arzularını əks etdirmirsə sabitlik mütləq pozulacaqdır. Biz bölgədə gedən proseslərə diqqətlə baxırıq, izləyirik və görürük ki, qarşıdurmalar, kütləvi etiraz aksiyaları və digər xoşagəlməz hallar, vətəndaş müharibələri, qanlı toqquşmalar bu gün reallıqdır. Dünyanın müxtəlif yerlərində proseslər, onların əksəriyyəti mənfi istiqamətdə gedir. İnkişaf etmiş ölkələr indi daha çox iqtisadi və maliyyə böhranının fəsadlarının aradan qaldırılmasına çalışırlar. O qədər də inkişaf etməmiş ölkələrdəki vəziyyət, vətəndaş müharibələri, vətəndaş itaətsizliyi, qarşıdurmalar, siyasi və iqtisadi böhran, yoxsulluq və işsizlik artıq göz qabağındadır. Bax, budur inkişaf etməmiş ölkələrin bugünkü reallıqları.
Son illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi sahədə doğrudan da, böyük uğurlara imza atmışdır. Bu uğurlar bugünkü Azərbaycan reallıqlarıdır. İqtisadi sahədə uğurlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Azərbaycanın kredit reytinqləri artmaqdadır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən rəqabətqabiliyyətli 50 iqtisadiyyat arasındadır. Orada bizim yerimiz 46-cı yerdir. Ölkədə sürətlə sosial proqramlar icra edilir.
Mən xarici siyasətlə bağlı fikirlərimi bildirdim. Burada da tərəfdaşlarımızın sayı artır. Biz həm İslam Əməkdaşlıq Təşkilatının, eyni zamanda, Avropa Şurasının üzvüyük və bu da bizim xüsusiyyətimizdir. Biz Qoşulmama Hərəkatının fəal üzvüyük və bu təşkilat çərçivəsində artıq öz mövqeyimizi ortaya qoymuşuq.
Digər məsələlərə gəldikdə, böyük işlər görülmüşdür. Ancaq hələ görüləsi işlər çoxdur. Bizim əsas diqqətimiz gələcəyə yönəlibdir. Gələcəkdə daha hansı işlər görülməlidir ki, Azərbaycanda inkişaf uzunmüddətli və dayanıqlı olsun və iqtisadiyyat çoxşaxəli olsun?!
İndi bizim əsas məqsədimiz gələcək prioritetləri müəyyən etmək və gələcək inkişaf strategiyamızı icra etməkdən ibarətdir. Deyə bilərəm ki, son 20 il ərzində bu istiqamətdə əldə edilmiş təcrübə çox gözəl şərait yaradır. Azərbaycanda transformasiya dövrü çox uğurlu keçmişdir. Hesab edirəm ki, bu gün çətin vəziyyətdə olan ölkələr üçün Azərbaycan təcrübəsi çox maraqlı olmalıdır. Çünki müstəqilliyə qovuşduqda, eyni zamanda, siyasi sistem də dəyişdirilməli idi. Müstəqilliyə qovuşan ölkələrin böyük əksəriyyəti sadəcə olaraq azad olurlar, müstəqil olurlar. Orada siyasi sistem dəyişmir. Əgər misal üçün, 1970-ci illərdə müstəqilliyə qovuşan ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada siyasi sistem dəyişmir, iqtisadi münasibətlər dəyişmir. Bizdə isə həm siyasi, həm iqtisadi sistem dəyişmişdir. Eyni zamanda, biz dövlət qurmalı idik.
Hesab edirəm ki, bu keçid dövrünü biz uğurla başa vurmuşuq. Mən artıq qeyd etmişəm ki, keçid dövrü Azərbaycanda çoxdan başa çatmışdır və bu transformasiya bu gün ağır vəziyyətdə olan ölkələr üçün, yenə də deyirəm, çox maraqlı və cəlbedici ola bilər.
Gələcək planlara gəldikdə, biz xarici siyasətimizi bundan sonra da müəyyən edilmiş xətlə aparacağıq. Xarici siyasətimizin əsas istiqamətləri müəyyən edilibdir. Biz bütün ölkələrlə ikitərəfli formatda qarşılıqlı surətdə faydalı və bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıyıq. Bu münasibətlər artıq oturuşmuş münasibətlərdir. Azərbaycan dünya birliyi tərəfindən bərabərhüquqlu tərəfdaş kimi tanınır. Hesab edirəm ki, növbəti illərdə biz xarici siyasətdə daha da fəal olacağıq və indi xarici siyasətlə bağlı yeni istiqamətlər müəyyən edilir.
Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən vacib məsələdir. Bu, həm xarici, həm də daxili siyasət məsələsidir. Bu, ədalət, beynəlxalq hüquq məsələsidir. Əfsuslar olsun ki, bu istiqamətdə irəliləyiş yoxdur və bunun əsas səbəbi ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının bəyanatlarına əməl etmir, status-kvonu mümkün qədər çox saxlamaq, dəyişməz olaraq saxlamaq istəyir. Danışıqlarda özünü səmimi aparmır, yalan bəyanatlarla, riyakar davranışla fərqlənir. Beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyir və məsələ ilə bağlı olan vasitəçi qurumların tələblərinə əməl etmir.
Budur reallıq və Azərbaycanın çoxsaylı səyləri cavabsız qaldı. Bildiyiniz kimi, Azərbaycan 2009-cu ilin sonunda Minsk qrupu tərəfindən irəli sürülmüş yenilənmiş Madrid prinsiplərinə öz razılığını vermişdir. Hesab etmişdir ki, bu prinsiplər böyük sülh müqaviləsi üçün əsas ola bilər. Təklif etmişdir ki, yubanmadan, vaxt itirmədən böyük sülh müqaviləsi üzərində iş aparılmalıdır. Ermənistan o təklifləri rədd etmişdir. Ondan sonrakı dövr ərzində bütün imkanlarını səfərbər etmişdir ki, danışıqlarda bax bu durğunluq vəziyyəti yaransın və möhkəmlənsin.
Biz bununla barışa bilmərik. Biz danışıqların aparılmasında maraqlıyıq. Ancaq danışıqlar mahiyyət üzrə aparılmalıdır. Azərbaycan məsələnin həllində ən maraqlı tərəfdir. Ermənistan sadəcə çalışır ki, vaxtı uzatsın. Əgər Ermənistanın maraqlarını onların siyasətçiləri nəzərə alsalar görərlər ki, vaxt uzatmaq onları daha da ağır vəziyyətə gətirib salacaqdır. Ancaq buna baxmayaraq, bu, taktiki gedişlərdir. Ermənistan vaxt uzatmaq taktikasını seçibdir, danışıqlar naminə danışıqlar aparmaq fikrindədir.
O ki qaldı vasitəçilərə, əfsuslar olsun ki, vasitəçilərin əsas fəaliyyət istiqaməti atəşkəsi saxlamaqdan ibarətdir. Biz də atəşkəsi saxlamaq istəyirik. Ancaq, eyni zamanda, biz ərazi bütövlüyümüzün bərpasını istəyirik, bunu tələb edirik. Beynəlxalq hüquq bunu tələb edir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri bunu tələb edir. Ona görə Azərbaycanın maraqları burada müəyyən dərəcədə fərqlənir. Biz də istəyirik ki, sülh olsun. Biz də istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, amma həll edilsin. Ermənistan məsələnin həlini istəmir. Status-kvonu, yenə də deyirəm, nə qədər çox saxlaya bilsə, o qədər də saxlamaq istəyir. Vasitəçilər də əfsuslar ki, son zamanlar etimad tədbirlərinin gücləndirilməsi, təmas xəttində vəziyyətin sabitləşdirilməsi və bilavasitə danışıqların mahiyyətinə aid olmayan digər məsələlərlə daha çox məşğul olurlar.
Bu vəziyyət dözülməzdir, qəbuledilməzdir, dəyişdirilməlidir. Əgər danışıqlar aparılacaqsa mahiyyət üzrə aparmalıdır. Mahiyyət isə ondan ibarətdir ki, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa edilməli, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir.
O ki qaldı Dağlıq Qarabağda yaşayan və münaqişə həll olunandan sonra oraya qayıdacaq vətəndaşların gələcəyinə, dünyada müsbət təcrübə, muxtariyyətlər, o cümlədən Avropa qitəsində müsbət təcrübələr vardır. Bax bu təcrübədən kənara çıxmadan özünüidarəetmə prinsipi həllini tapa bilər.
Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Həmişə belə olubdur. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Ərazi bütövlüyü məsələlərində Azərbaycan tərəfindən zərrə qədər güzəşt olmayacaqdır və ola da bilməz.
Hesab edirəm ki, biz bu istiqamətdə gələcək fəaliyyətimizlə bağlı indi daha da ciddi addımlar atmalıyıq. Burada əslində seçim o qədər də böyük deyildir. Ya hərb yolu, ya sülh yolu! Biz hər iki varianta hazırıq. Hərb yolunu heç vaxt istisna etməmişik. Beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi özünümüdafiə imkanlarını bizə tanıyır və beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan ərazilərdə Azərbaycan istənilən vaxt istənilən əməliyyatı apara bilər.
Sadəcə olaraq, biz hələlik çalışırıq ki, bu məsələ sülh yolu ilə həll olunsun. Hesab edirəm ki, bu istiqamətdə imkanlar hələ tam tükənməyib. Məsələni sülh yolu ilə tezliklə və ədalətli şəkildə həll etmək üçün biz öz səylərimizi daha da gücləndirməliyik. Xarici, daxili siyasətlə, iqtisadi sahə ilə bağlı biz daha da güclü olmalıyıq və oluruq.
Biz Ermənistanı bundan sonra da bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdə saxlamalıyıq. Bu taktika və bu siyasət öz bəhrəsini verir. Ermənistanın öz rəsmi statistikasına görə, hər il o ölkəni 80-100 min adam tərk edir, həmişəlik tərk edir. O ölkədə depopulyasiya meylləri güclənir, demoqrafik böhran yaşanır. Bu böhran getdikcə dərinləşəcəkdir. Çünki əmək qabiliyyətli nə qədər çox insan oradan çıxırsa, iqtisadiyyatın dirçəlməsi imkanları da o qədər azalır. İqtisadiyyatın dirçəlməsinə gəldikdə isə, ümumiyyətlə belə perspektivlər yoxdur. Orada tamamilə staqnasiya dövrü yaşanır.
Biz öz səylərimizi, öz ölkəmizi gücləndirməliyik. Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və saxlamalıyıq. Bütün imkanlardan istifadə edib daha da böyük potensial əldə etməliyik. Bu potensial həm də hərbi potensialdır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Dəfələrlə bunu göstərmişik, hərbi paradlarda nümayiş etdirilibdir, yenə də nümayiş etdiriləcəkdir.
Bizim xarici siyasətimiz öz bəhrəsini verir. Son on il ərzində ikitərəfli formatda görüşdüyüm dövlət başçılarının mütləq əksəriyyəti ilə imzalanmış yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyü prinsipləri əks olunubdur.
İqtisadi sahədə islahatlarımızı gücləndirməliyik. Beləliklə, hesab edirəm ki, danışıqlar masasında bizim mövqeyimiz daha da güclü olacaqdır. Əgər bir qədər qabağa baxsaq, - mən keçən dəfə də bu barədə danışmışam, bu gün də demək istəyirəm, - demoqrafik vəziyyət də öz müsbət rolunu oynayacaq və artıq oynayır. Bu gün Azərbaycan əhalisi 9 milyon 500 minə yaxınlaşır. Ermənistanda isə 2 milyondan az əhali yaşayır. Əgər bizim əhalimiz bu templərlə artsa, Ermənistan əhalisi azalsa, təqribən 5-7 ildən sonra bizim əhalimiz on dəfə çox olacaqdır. Bu da özlüyündə bir güc mənbəyidir. Azərbaycanın uğurlu iqtisadi siyasətini, enerji siyasətini nəzərə alsaq, hesab edirəm ki, biz istədiyimizə nail olacağıq.
Yəni, Dağlıq Qarabağ məsələsi birinci məsələdir, ən əsas məsələdir. Azərbaycan hakimiyyəti və Azərbaycan cəmiyyəti bütün imkanları səfərbər edib ki, bu məsələ tezliklə öz həllini tapsın.
Digər vəzifələrə gəldikdə, artıq hesab edirəm ki, bizim proqramlarımız özlüyündə bu vəzifələrin müəyyən edilməsində kifayət qədər dolğun məlumat verir. Daxili siyasətlə bağlı demokratik proses inkişaf edəcəkdir. Azərbaycanda bütün azadlıqlar qorunur. Söz azadlığı, mətbuat azadlığı tam şəkildə təmin edilir. Azərbaycanda sərbəst internet fəaliyyət göstərir. Sərbəst toplaşmaq azadlığı tam şəkildə təmin edilir.
Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı bundan sonra da islahatlar aparılacaqdır. Biz bu islahatlara hazırıq. Əslində bu islahatların təşəbbüskarı da bizik.
Azərbaycanda təhlükəsizlik tədbirləri bundan sonra da təmin edilməlidir. Bizim böyük xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayırlar. Korrupsiyaya qarşı mübarizədə çox böyük uğurlar əldə edilibdir. Həm inzibati tədbirlər, həm də sistem xarakterli islahatlar aparılır və öz bəhrəsini verir. Hesab edirəm ki, gələcək illərdə biz bu böyük bəlanın aradan qaldırılmasında daha da böyük uğurlar əldə edəcəyik.
Bir sözlə, daxili siyasətin əsas istiqamətləri çoxdan müəyyən edilib. Sadəcə olaraq, biz bu məsələləri daha da məqsədyönlü şəkildə həll etməliyik.
İqtisadi sahədə qeyri-neft sektorunun inkişafı bundan sonra da prioritet olaraq qalacaqdır. Çox şadam ki, bu ilin dörd ayında qeyri-neft sektorumuz 11 faiz artmışdır. Yəni, bu, o deməkdir ki, şaxələndirmə siyasətimiz öz bəhrəsini verir. Bu gün ölkəmiz üçün ənənəvi olmayan sahələr inkişaf edir - informasiya-kommunikasiya texnologiyaları, digər sahələr. Neft amilindən asılılıq azalır. Ümumi daxili məhsulumuzda neft seqmenti artıq azlıq təşkil edir. Bu da çox müsbət göstəricidir. Ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır. Yəni, gələcək illərdə bu proses davam etdiriləcəkdir. Nəzərə alsaq ki, gələn ilin əvvəlində üçüncü regional inkişaf Proqramı qəbul olunacaqdır, hesab edirəm ki, bütün vəzifələr icra edilməlidir.
Kənd təsərrüfatı ilə bağlı ərzaq təhlükəsizliyi məsələləri ön plandadır. Bu barədə kifayət qədər çox qərarlar qəbul edilmişdir. Biz özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin etməliyik. Mən bu hədəfi bir neçə il bundan əvvəl qarşıya qoymuşam və biz bu hədəfə doğru uğurla irəliləyirik. Azərbaycanda çox güclü ixrac potensialı yaradılmalıdır. Ölkəmizdə sənayeləşmə prosesi sürətlə gedir, texnoparklar yaradılır, yeni sənaye müəssisələri fəaliyyət göstərir. Bu da iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına xidmət göstərir. Biz növbəti illərdə ümumi daxili məhsulu məhz qeyri-neft sektoru hesabına artırmalıyıq.
Biz son on il ərzində dünyada ən yüksək sürətlə inkişaf edən ölkə olmuşuq. Hesab edirəm ki, biz bundan sonrakı on il ərzində qeyri-neft sektorunun ən sürətli inkişafını təmin etməliyik. O ki qaldı neft sektoruna, hesab edirəm ki, biz indi gündəlik fəaliyyətimizdə əsas diqqəti bu sahəyə yönəltmirik. Bu da çox müsbət hadisədir. Çünki bu sahədə artıq hər şey plan üzrə gedir.
Bütün layihələrimiz uğurla icra edilibdir - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər layihələr. Keçən il TANAP layihəsinin imzalanması böyük tarixi hadisədir. Qürur hissi ilə deyə bilərəm ki, TANAP layihəsinin təşəbbüskarı da Azərbaycandır. Ən böyük maliyyə və texniki yük də Azərbaycanın üzərinə düşür. Biz bu məsuliyyətə hazırıq. Biz görürdük ki, “Cənub” qaz dəhlizi ilə bağlı danışıqlar davam edir və danışıqlardan başqa, necə deyərlər, heç bir real addımlar atılmır. Ona görə bu təşəbbüsü də biz öz üzərimizə götürmüşük. TANAP layihəsi qısa müddət ərzində geniş beynəlxalq dəstək qazana bilmişdir. Əminəm ki, Azərbaycan bu layihəni də bütün başqa layihələr kimi şərəflə yerinə yetirəcəkdir.
İndiki dövrdə Azərbaycan tərəfindən irəli sürülən və sürüləcək təşəbbüslər diqqəti cəlb edir. Bizim qərarlarımız gözlənilir. Bizim qərarlarımız həlledici rol oynayacaqdır. Azərbaycanda veriləcək qərarlar qitənin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə olacaqdır. Biz tərəfdaşlarla bərabər qitənin yeni enerji xəritəsini müəyyən edirik. Bu, böyük məsuliyyətdir, böyük şərəfdir, böyük nailiyyətdir. Çünki bunu biz öz təşəbbüslərimizlə etmişik. Bu gün də bölgənin enerji şaxələndirilməsi ilə bağlı təşəbbüslər böyük dərəcədə Azərbaycanın təşəbbüsləri ilə uzlaşır. Bizim bu istiqamətdə siyasətimiz birmənalıdır. Mən bunu dəfələrlə bəyan etmişəm. Biz enerji amilindən əməkdaşlığı dərinləşdirmək üçün istifadə edirik. Bu amildən heç vaxt qarşıdurma, əsassız rəqabət yaratmaq üçün yox, əməkdaşlıq yaratmaq, möhkəmləndirmək və milli maraqlarımızı təmin etmək üçün istifadə edirik. Bu siyasət bu günə qədər həyatda öz düzgünlüyünü sübut edir. Əminəm ki, Azərbaycan bundan sonra da regional və dünya miqyaslı enerji tərəfdaşı kimi öz sözünü deyəcək və bu gün bizim planlaşdırdığımız layihələr uğurla nəticələnəcəkdir.
Bir sözlə, hər bir istiqamət üzrə konkret proqramlarımız vardır. Bugünkü çıxışda mən sadəcə olaraq əsas istiqamətlər haqqında fikirlərimi bildirdim. Ancaq hər bir sahə üzrə konkret proqramlar var və bu proqramlar icra edilir. Ən əsası ondan ibarətdir ki, Azərbaycan təxminən 22 ildir artıq müstəqil dövlət kimi yaşayır. Yenə də demək istəyirəm ki, müstəqilliyimizin ilk illəri ağır olmuşdur, çətin olmuşdur. 1991-1993-cü illərin əvvəlləri ən ağır illər olmuşdur. Bu illər müstəqil Azərbaycan üçün ləkə, biabırçılıq idi. Azərbaycan xalqı daha da gözəl şəraitə layiqdir və bu şəraiti bizim iqtidar, ulu öndər Heydər Əliyevin siyasəti təmin etmişdir.
İyirmi ildir ki, bu siyasət davam etdirilir. Azərbaycanın xoşbəxt gələcəyi üçün bu siyasət davam etdirilməlidir.
Müstəqillik ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq.