Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Respublika günü münasibətilə təntənəli yığıncaqda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi (27 may 1997)

Əziz həmvətənlər, bacılar, qardaşlar! Hörmətli xanımlar və cənablar!

Azərbaycanın müstəqilliyi – Respublika günü münasibətilə sizi, bütün Azərbaycan xalqını, vətəndaşlarını ürəkdən təbrik edirəm! Ölkəmizə sülh, əmin-amanlıq, xoşbəxt həyat arzulayıram!

79 il bundan əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Respublikasının müstəqilliyi, Azərbaycan Demokratik Respublikasının yaranması elan edilibdir. Sonrakı zaman Azərbaycanda ilk demokratik respublikanın təşkil edilməsi və onun əməli fəaliyyəti dövrü olubdur.

Azərbaycanda ilk demokratik respublikanın yaranması xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının, göstərdiyi cəhdlərin ifadəsi olmuşdur. Bu, xalqımızın tarixində əlamətdar bir hadisədir və tarixi əhəmiyyət kəsb edir.

Azərbaycan Demokratik Respublikasının yarandığı dövr bizim ölkəmiz və o zaman bölgədəki mövcud vəziyyət üçün çox mürəkkəb olmuşdur. 1917-ci ildə Rusiyada Fevral və Oktyabr inqilablarından sonra çar Rusiyası hakimiyyətinin dağılması və onun ərazisindəki bölgələrdə gedən vuruşmalar, döyüşlər, cürbəcür proseslər Zaqafqaziya bölgəsi üçün də xarakterik olmuşdur. Həm Azərbaycanda, həm də Zaqafqaziyanın digər hissələrində – Gürcüstanda, Ermənistanda mütərəqqi insanlar müstəqillik, milli azadlıq uğrunda addımlar atmışlar, fəaliyyət göstərmişlər. O zaman hətta Zaqafqaziya ölkələrinin birlikdə dövlət müstəqilliyini elan etmək təşəbbüsləri də mövcud olmuşdur. Bütün bu proseslərin nəticəsində nəhayət, 1918-ci il mayın 28-də xalqımızın qabaqcıl insanları, Azərbaycanın gələcəyi haqqında düşünənlər Azərbaycan Demokratik Respublikasının yaranması haqqında Tbilisidə qərar qəbul etmiş, bunu bəyan etmişlər. Sonra Azərbaycan Demokratik Respublikasının fəaliyyəti Gəncədə olmuşdur. Çünki Bakıda yaranmış çox gərgin vəziyyət, Azərbaycan xalqına zidd olan cürbəcür qüvvələrin buradakı fəaliyyəti hökumətin Bakıda fəaliyyət göstərməsinə imkan verməmişdir. Nəhayət, 1918-ci ilin sentyabrında Azərbaycan Demokratik Respublikasının hökuməti Bakıya gələ bilmiş və burada öz fəaliyyətini davam etdirmişdir.

Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Demokratik Respublikası bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır. Ancaq Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz fəaliyyətini davam etdirməsinə imkan verməmişdir. Bir tərəfdən, Rusiyada bolşevik hakimiyyəti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərərək Azərbaycana yönəlmişdi, respublikamızın daxilində o cəhdləri dəstəkləyən qüvvələr onlarla birləşmişdi. Onlarla yanaşı olaraq, Azərbaycan Demokratik Respublikasının hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr bu demokratik respublikanın ləğv olmasına gətirib çıxarmışdır.

Azərbaycan Demokratik Respublikası 23 ay yaşamışdır. Bu müddətdə 5 dəfə hökumət qurulmuşdur. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istefa verməyə məcbur olmuş, yenidən yaranan hökumət yenə də istefa vermiş və beləliklə də bu ağır şəraitdə demokratik respublikanın dövlət, hökumət orqanları istənilən fəaliyyəti göstərə bilməmişlər. Ancaq onlar öz üzərlərinə düşən tarixi missiyanı yerinə yetirmişlər və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yazmışlar.

1920-ci il aprel ayının 27-dən 28-nə keçən gecə Azərbaycan Demokratik Respublikasının hökuməti öz səlahiyyətlərini bolşeviklərə təhvil verməli olmuşdur. Beləliklə də, Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə xitam verilmişdir.

Biz ilk Azərbaycan Demokratik Respublikasının yaranması gününü əziz tutaraq onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika günü elan etmişik və bu, bizim milli bayramımızdır. Bu gün – bu bayram günü biz Azərbaycanda ilk demokratik respublikanın qurulmasında, yaranmasında göstərdiyi xidmətlərə görə Məmməd Əmin Rəsulzadəyə, Əlimərdan bəy Topçubaşova, Fətəli xan Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır.

Bu günlər – bu bayram günləri Azərbaycanın Türkiyədə, Fransada, Gürcüstanda olan səfirlikləri bizim göstərişimizlə Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin qəbirlərini ziyarət edirlər və onların xatirəsinə Azərbaycan xalqının, dövlətinin hörmət və ehtiramını ifadə edirlər. 

1920-ci ildə Azərbaycan Demokratik Respublikası öz fəaliyyətinə xitam verdikdən sonra Azərbaycanda ikinci respublika – Azərbaycan Sovet Sosialist Respublikası yaranmışdır. Bu respublika təxminən iki il fəaliyyət göstərmiş və bu dövrdə çox işlər görmüşdür. Biz bunu da unutmamalıyıq. Bu respublika ilk Azərbaycan Demokratik Respublikasının bir çox ənənələrini, işlərini davam etdirmişdir. O vaxt Azərbaycan Respublikası sosialist bolşevik. ideologiyası altında olaraq, eyni zamanda müstəqil olmuşdur. Onun müstəqil xarici siyasəti olmuşdur və o, Azərbaycanda dövlət quruculuğu sahəsində bir çox işlər görmüşdür. 1921-ci ildə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Onun özünün parlamenti, dövlət orqanları olmuşdur. Ancaq 1922-ci ilin dekabrında Sovet Sosialist Respublikaları ittifaqı yaranarkən Azərbaycan Respublikası bu ittifaqa daxil olmuş və demək olar ki, bu ittifaqın yaranmasında iştirak etmişdir.

Azərbaycan xalqı 70 il sovet sosialist sistemi şəraitində yaşamışdır. Bu, XX əsrdə bizim xalqımızın həyatının böyük bir hissəsidir. Biz o vaxt dövlət müstəqilliyindən məhrum olmuşuq, ancaq respublika kimi bir çox müstəqil işlər görmək imkanına malik olmuşuq. Ona görə də bu dövrü lazımınca qiymətləndirmək zəruridir. Çünki bu dövrdə bizim xalqımız yaşamış, yaratmış, qurmuş və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini elan edərkən Azərbaycan Respublikası artıq böyük bir ölkə idi.

Bu dövrün Azərbaycan xalqı üçün böyük itkiləri də, ziyanları da olmuş, xalqımız əzab-əziyyətlər də çəkmişdir. Ancaq eyni zamanda bu dövrdə xalqımızın böyük nailiyyətləri də olmuşdur. Biz nə onları, nə də o birilərini unutmamalıyıq. 20-30-cu illərdə kommunist, bolşevik hakimiyyətinin qurulması, möhkəmlənməsi ilə əlaqədar yüzlərlə, minlərlə, on minlərlə insan ədalətsiz olaraq repressiyalara uğramış, yerindən-yurdundan uzaq ellərə – Orta Asiyaya, Qazaxıstana sürgün edilmiş, öz mülklərindən, varlarından məhrum olmuş, çox əzab-əziyyətlərə məruz qalmışlar.

1937-1938-ci illərin repressiyaları Azərbaycan xalqına, onun mədəniyyətinə, mənəviyyatına böyük zərbələr vurmuşdur. Azərbaycan xalqına bu dövrdə vurulan ən böyük zərbələrdən biri də 1947-1948-ci illərdə Azərbaycan xalqına qarşı sovet hakimiyyəti tərəfindən edilmiş ən böyük ədalətsizlikdir. Təəssüflər olsun ki, bizim tarixçilərimiz və hamımız nədənsə bu hadisəyə o vaxtlar da və indi də, xüsusən dövlət müstəqilliyimizi əldə edəndən sonra da doğru-düzgün qiymət verə bilməmişik.

1947-ci ilin sonunda Moskvada sovet hökuməti azərbaycanlıların əsrlər boyu yaşadığı doğma yerlərindən, o vaxtkı Ermənistan ərazisindən kütləvi surətdə deportasiya edilməsi haqqında qərar qəbul etmişdir. Sonrakı illərdə – 1948, 1949, 1950-ci illərdə bu deportasiya tədbiri həyata keçirilmişdir. Biz, nəinki biz, bütün dünyada sovet hakimiyyətinin tarixi haqqında danışarkən İkinci dünya müharibəsindən sonra Krımdan Krım tatarlarının deportasiyasından, Şimali Qafqazdan çeçenlərin, inquşların, qaraçayların, çərkəzlərin, balkarların, Gürcüstandan Axıska türklərinin deportasiya edilməsindən, bu haqsızlıqlardan geniş bəhs edirik, buna geniş qiymət veririk və bunlar mətbuatda, tarixi sənədlərdə öz əksini tapmışdır. Ancaq biz çeçenlərin, inquşların, qaraçayların deportasiyası barədə qəbul edilmiş qərar kimi qərarla – Sovet İttifaqı hökumətinin qərarı ilə azərbaycanlıların öz yerindən-yurdundan deportasiya olunmasını nədənsə adi bir hadisə kimi qəbul etmişik. Halbuki hamımız yaxşı bilirik ki, o vaxt bizim soydaşlarımız – azərbaycanlılar o yerlərdən, öz doğma vətənlərindən, yurdlarından zorla çıxarılarkən, deportasiya edilərkən nə qədər itkilər verdilər, çətinliklərə məruz qaldılar, nə qədər insanlar tələf oldular.

O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya olunanlar yaxşı xatırlayırlar: Ermənistanın çox gözəl iqlimə – yəni bu torpaqlar vaxtilə Azərbaycan torpaqları olub – malik olan yaşayış yerlərindən insanları gətirib evsiz-eşiksiz Mil-Muğan çöllərinə salanda, əlbəttə ki, onlar o şəraitdə yaşaya bilməyəcəkdilər. Məlumdur ki, o vaxt bir çox insanlar qırıldı, tələf oldu, əzab-əziyyət çəkdilər. Hətta məlumdur ki, bəziləri burada yaşaya bilmədilər, gizli olaraq qayıdıb öz yerlərinə, evlərinə getdilər. Nə qədər əzab-əziyyət, çətinliklər çəkdilər. Hesab edirəm ki, bu da bizim xalqımıza qarşı edilən ən böyük ədalətsizlikdir.

Sovet hakimiyyəti dövründə, ümumiyyətlə, Sovetlər İttifaqının bütün ərazisində – bir yerdə az, bir yerdə çox – bütün xalqlara qarşı repressiya olmuşdur. Ancaq mən bu gün bunu xüsusi qeyd etmək istəyirəm ki, 1937-1938-ci illərdə Azərbaycan xalqına qarşı edilən repressiya başqa respublikalardakı repressiyalardan daha da ağır, çox itkili olmuşdur. Bu, həqiqətdir.

Amma Azərbaycan xalqı 1948-1949-cu illərdə və sonrakı illərdə yenidən deportasiyaya məruz qalmış, demək, yenidən repressiya altında olmuşdur. Bu, bizim xalqımıza qarşı edilən ədalətsizlikdir.

Bu yaxın günlərdə mən xüsusi sərəncam, yaxud fərman imzalayacağam ki, o dövrlə əlaqədar məsələlər – Azərbaycana, xalqımıza qarşı edilmiş bu ədalətsizliklə əlaqələr məsələlər – araşdırılsın və tariximizdə bu dövr də öz yerini tutsun.

Beləliklə, o vaxt Ermənistandan azərbaycanlıların çıxarılması, etnik təmizləmə baş veribdir. Onları öz yerlərindən, yurdlarından, doğma torpaqlarından o vaxt didərgin salıblar. Təəssüflər olsun ki, biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana artıq açıq təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa bir müddətdə Ermənistandan zorla çıxarıldılar.

Ermənistan deyəndə, o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır.

Bəli, həmin bu 70 il müddətində bizim xalqımızın böyük itkiləri olubdur. Biz bunları bilməliyik, gələcək nəsillər də bunları bilməlidirlər. Bilməliyik və gələcək nəsillər də bilməlidirlər ki, Azərbaycana qarşı bir daha belə xəyanətlərin, tədbirlərin, belə təcavüzlərin qarşısı alına bilsin.

Amma bu 70 il müddətində Azərbaycan xalqı bununla yanaşı böyük inkişaf yolu keçibdir. Azərbaycan xalqı maariflənibdir, savadlanıbdır. Bu, böyük bir inqilabdır ki, əsrlər boyu xalqımızın əksəriyyəti savadsız olduğu halda, xalqımız qısa bir müddətdə savadlanıbdır. Geniş məktəblər şəbəkəsi, ali təhsil ocaqları yaranıbdır. Azərbaycanın elmi, mədəniyyəti çox sürətlə inkişaf edibdir. Azərbaycanda bir çox sosial məsələlər yüksək səviyyədə həll olunubdur və xalqımızın inkişafını təmin etməyə yönəldilibdir. 

Bu dövrün ən böyük nailiyyətlərindən biri Azərbaycan qadınının azad olmasıdır, emansipasiyasıdır. Bunu unutmaq lazım deyildir. Şərq aləmində ilk dəfə 20-ci illərin əvvəllərində Azərbaycan qadınının azad olması və kişilərlə bərabər hüquqlara malik olması elan edilibdir. Azərbaycan qadınının çadradan xilas olması xalqımızın həyatında tarixi bir hadisə olmuşdur. Bunu da unutmaq lazım deyil. Ona görə də Bakının gözəl guşələrindən birində yüksələn, azad Azərbaycan qadınına həsr olunmuş abidə – mərhum heykəltəraş Fuad Əbdürrəhmanovun əsəri bizim üçün bir heykəl kimi yox, tarixi nailiyyətimizi əks etdirən bir amil kimi yaşayır və yaşayacaqdır. 

Azərbaycanın iqtisadiyyatı inkişaf edib, ölkədə böyük iqtisadi potensial – sənaye, kənd təsərrüfatı, infrastruktur yaranıbdır.

Bütün bunlar nəhayət, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi üçün yaxşı əsas yaradıbdır. Xatırlayın, o vaxtlar – Sovetlər İttifaqında dağılma prosesi gedən zaman alimlər, mütəxəssislər tərəfindən dəfələrlə bəyanatlar verilirdi ki, əgər Sovetlər İttifaqı dağılarsa, 15 respublikadan ikisi – biri Rusiya, ikincisi isə Azərbaycan iqtisadi nöqteyi-nəzərdən müstəqil yaşamağa qadirdir. Bu, məhz ona görə idi ki, o illərdə Azərbaycanda çox güclü iqtisadi potensial yaranmışdı, Azərbaycanın xüsusən sənayesi və neft sənayesi inkişaf etmişdi. 1949-cu ildə Azərbaycanın neftçiləri, alimləri Xəzər dənizində ilk dəfə Neft Daşları kimi böyük bir neft yatağını açaraq dənizin dibindən neft çıxarılmasının əsasını qoymuşlar. Görülən bu işlər, o axtarışlar, kəşflər olmasaydı indi Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarından belə geniş surətdə, dünyanın böyük neft şirkətləri ilə müştərək iş aparmağa da imkanımız olmazdı.

Əgər o illərdə yaranmış maddi-texniki baza olmasaydı, biz indi apardığımız işləri və xüsusən "Əsrin müqaviləsi" ilə əlaqədar aparılan işləri görə bilməzdik. Əgər o illərdə biz dənizin dərinliklərindən neft çıxarmaq üçün böyük platformalar zavodunu yaratmasaydıq, indi onu yaratmaq çox çətin olardı və çox böyük də xərclər tələb edərdi. İndi "Çıraq" neft yatağında üçüncü quyunu qazan və "Dədə Qorqud" adı daşıyan qazma qurğusunu o vaxt əldə etməsəydik və o, bizim mülkiyyətimiz olmasaydı, indi həmin "Dədə Qorqud" qurğusunu yaratmaq üçün ondakından 5-6 dəfə çox xərc lazım idi. Həm də təkcə xərc yox, onu tapmaq, gətirmək də çox böyük çətinliklər yarada bilərdi.

Belə faktları çox gətirmək olar ki, tarixi təhrif etmək istəyənlər anlasınlar ki, tarixi təhrif etmək lazım deyildir. Bizim həyatımızda, indi oturduğumuz binanın möhkəm himi var, bu himi yaradanlar olubdur – bizdən öncə yaşayıb-yaratmış, qurmuş insanlar, Azərbaycanın fədakar insanları olubdur. Bu gün bütün o fədakar insanlara, onların xatirəsinə öz hörmət-ehtiramımızı bildirməliyik.

1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. 1991-ci il oktyabrın 18-də Konstitusiya aktı ilə, sonra isə dekabrın axırında ümumxalq səsverməsi ilə Azərbaycan öz dövlət müstəqilliyini elan etdi və müstəqil dövlət kimi yaşamağa başladı.

Biz beş ildir ki, müstəqil dövlətik, dövlət müstəqilliyimizin altıncı ilini yaşayırıq. Ancaq bu illərin də özünəməxsus, xarakterik cəhətləri var. Bu illər çox çətin, ağır, müəyyən qədər ziddiyyətli illər olubdur və Azərbaycan Respublikasının dövlət müstəqilliyi, bu gün mövcud olan dövlət müstəqilliyi böyük sınaqlardan keçibdir. İftixar hissi ilə demək olar ki, bu sınaqlardan şərəflə çıxıbdır və indi Azərbaycanın dövlət müstəqilliyi artıq mövcuddur və dönməzdir.

Biz bu gün dövlət müstəqilliyi, Respublika gününü qeyd edərkən bu illəri xüsusən xatırlamalıyıq. Çünki bu illərdə ən böyük nailiyyətimiz ondan ibarət olub ki, biz öz dövlət müstəqilliyimizi elan etmişik, müstəqillik yolu ilə getməyə başlamışıq və əzmlə də gedirik. Ancaq bu illərdə də xalqımızın, millətimizin itkiləri olmuşdur, xalqımıza böyük zərbələr dəymişdir.

Xalqımıza dəyən ən böyük zərbə 1988-ci ildən Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış təcavüzdür.

Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması və inkişaf etməsi prosesi belə bir şəraitdə gedib və indi də gedir. Şübhəsiz ki, bu, Azərbaycanda dövlət quruculuğu üçün çox böyük problemlər, çətinliklər yaradıbdır. Ancaq bununla yanaşı Azərbaycanın dövlət müstəqilliyi elan ediləndən sonra quruculuq prosesi təəssüf ki, ardıcıl getməyib, ayrı-ayrı şəxslərin şəxsi mənafeyi, ayrı-ayrı qrupların qrup mənafeyi, ayrı-ayrı siyasi təşkilatların qrup mənafeyi ümummilli, ümumxalq mənafeyindən üstün tutulubdur. Ona görə də biz çox böyük çətinliklərlə, böyük itkilərlə rastlaşmışıq – həm 1992-ci ilin mayında, həm 1993-cü ilin may-iyun aylarında, həm də ondan sonrakı zamanlarda.

1993-cü ilin may-iyun aylarından artıq dörd il keçir. Dörd il bundan öncə Azərbaycanda olan vəziyyət, güman edirəm ki, bu salonda oturan hər kəsin gözünün önündədir. Azərbaycan böyük böhran, dövlət böhranı içərisində idi. Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı. Azərbaycan parçalanırdı və ölkəmizə təcavüz edən erməni təcavüzkarları, Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən başqa xarici qüvvələr ölkənin daxilindəki hakimiyyət davası, fəaliyyətsizlik və Azərbaycanı qəsdən parçalamağa cəhd göstərən ayrı-ayrı qrupların fəaliyyəti ilə birləşərək Azərbaycanı təhlükəli uçurum qarşısına gətirib çıxarmışdılar.

İndi, artıq dörd il keçəndən sonra biz hamımız bir daha, bir daha o illəri, o ayları, o günləri xatırlamalıyıq və Azərbaycanın 1993-cü ilin may-iyun aylarında və sonrakı aylarda nə qədər təhlükəli vəziyyətdə olduğunu dərk etməliyik, ondan sonra görülən işlərə ədalətli, obyektiv qiymət verməliyik.

Bu gün biz xoşbəxtik ki, xalqımızı o xətalardan, bəlalardan, o faciələrdən xilas edə bildik. Ancaq eyni zamanda biz bu gün qeyd etməliyik ki, bizim içərimizdə Azərbaycan xalqına nə qədər xəyanət etmiş və xəyanət etmək istəyən insanlar var idi, həm daxildən, həm də xaricdən Azərbaycanın müstəqilliyini boğmaq istəyən nə qədər qüvvələr var idi. Onların hamısının qarşısını almaq və addım-addım irəliləmək, Azərbaycanın dövlət müstəqilliyini bugünkü səviyyəyə gətirib çıxarmaq üçün bu dörd il zaman nöqteyi-nəzərindən az olsa da, amma əhəmiyyət nöqteyi-nəzərindən çox böyük bir məsafədir.

1993-cü ildə biz Azərbaycanı parçalamaq istəyən qüvvələrin qarşısını ala bildik. Bu, Azərbaycanın müstəqillik yolunda ən böyük nailiyyətidir. Ancaq ondan sonra da Azərbaycanın müstəqilliyinə qarşı qəsdlər davam edirdi – xaricdən də, daxildən də. Bu qəsdlərin də qarşısını aldıq. 1994-cü ilin oktyabrında Azərbaycanın dövlətinə qarşı silahlı çevriliş cəhdinin qarşısı alındı. 1995-ci ilin martında yenə də, ikinci bir silahlı çevriliş cəhdinin qarşısı alındı. O qüvvələr zərərsizləşdirildi, bir hissəsi xarici ölkələrə qaçıb səpələndi. Ancaq ondan sonrakı dövrdə Azərbaycanın haqq işi qalib gəldi və qalib gəlir. Azərbaycana xəyanət etmiş və ayrı-ayrı ölkələrdə gizlənən adamların əksəriyyəti yaxalandı, gətirildi, ədalət məhkəməsi qarşısında dayandı və bundan sonra da dayanacaqlar. İndiyə qədər gizlənənlər və Azərbaycana qarşı xəyanət edənlər də bilsinlər ki, onların da belə həyatı uzun olmayacaq, onlar da yaxalanacaq, Azərbaycana gətiriləcək və öz xəyanətlərinə, cinayətlərinə görə Azərbaycan xalqı qarşısında cavab verəcəklər.

Bilirsiniz ki, Azərbaycanın çətin daxili vəziyyəti təkcə 1993-cü ilin may-iyun, sonra 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri ilə bitmir. Ayrı-ayrı qruplara, siyasi partiyalara, ayrı-ayrı şəxslərə mənsub olan bir çox silahlı dəstələr Azərbaycanda daxili sabitliyi daim pozur, dövlətçiliyimizə qarşı hərəkətlər edir, öz şəxsi mənafeləri naminə Azərbaycan vətəndaşlarına çox böyük zülmlər edirdilər.

Bunlar hamısı bu yaxın illərdə, gözümüzün qarşısında olan hallardır. Azərbaycanda dövlət quruculuğu prosesi inkişaf etdikcə, dövlət strukturları sağlamlaşdıqca bu cinayətkar qruplar, dəstələr, cinayətkar şəxslər get-gedə ifşa olundular, yaxalandılar və zərərsizləşdirdilər. Hesab edirəm, müstəqillik, Azərbaycanın dövlətçiliyi yolunda əldə etdiyimiz ən böyük nailiyyət ondan ibarətdir ki, indi artıq Azərbaycan ərazisində ictimai-siyasi sabitlik əldə olunub, həmin o cinayətkar dəstələrin, qrupların özbaşınalığına, cəzasız hərəkətlərinə son qoyulubdur. İndi Azərbaycanda əmin-amanlıq, rahatlıq şəraiti yaranıbdır. 

Belə bir şəraitdə bu illərdə respublikamızda müstəqillik prinsipləri əsasında dövlət quruculuğu prosesi ardıcıl surətdə həyata keçirilir. Bunun ən gözəl nəticəsi 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə Azərbaycanın demokratik Konstitusiyasının qəbul olunmasıdır və demokratik, çoxpartiyalı seçki sistemi əsasında müstəqil Azərbaycanın ilk parlamentinin seçilməsidir. Bunlar bizim tarixi nailiyyətlərimizdir. Azərbaycanda dövlət müstəqilliyini, dövlətçiliyi inkişaf etdirmək sahəsində əldə olunmuş böyük nailiyyətlər, böyük mərhələlərdir.

Hüquqi baxımdan Azərbaycan dövlət müstəqilliyini 1991-ci ilin sonunda elan edibdir. Ancaq dövlət quruculuğu prosesi ağır, çətin bir dövr, zaman, şərait içərisində keçib və nəhayət, 1995-ci ilin noyabrında ilk Konstitusiyanın qəbul olunması ilə tamamlanıbdır. Beləliklə, biz bu illərdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamışıq, inkişaf etdirmişik. Azərbaycanda dövlət quruculuğu prosesi ardıcıl surətdə həyata keçirilir. Azərbaycan tutduğu yolla inamla irəliləyir. Azərbaycanda demokratik hüquqi dövlət qurulur, bu dövlət artıq mövcuddur və bu dövlət, hökumət, bu dövlət quruluşu Azərbaycanın bütün ərazisinə nəzarət edir və Azərbaycan xalqının verdiyi bütün səlahiyyətləri həyata keçirir.

Azərbaycanda demokratik prinsiplərin hamısı – çoxpartiyalı sistem, mətbuat azadlığı, insan azadlığı, insan haqlarının qorunması, vicdan, söz azadlığı bərqərar olubdur. Hər bir Azərbaycan vətəndaşı bərabər hüquqlara malikdir və öz hüquqlarından istədiyi kimi istifadə etmək imkanına malikdir. Bunlar hamısı bizim tarixi nailiyyətlərimizdir, Azərbaycanda dövlət müstəqilliyinin inamla inkişaf etməsini bütün dünyaya nümayiş etdirir. Bunlar hamısı bir daha, bir daha təsdiq edir ki, Azərbaycan müstəqil dövlət, demokratik, hüquqi, dünyəvi dövlət kimi yaşayır, Azərbaycanın dövlət müstəqilliyi, Azərbaycanda demokratik prinsiplər dönməzdir, dəyişməzdir və sarsılmazdır. 

Azərbaycanın dünya miqyasında hüquqlarını və maraqlarını təmin etmək üçün ilk növbədə ölkənin daxilində vəziyyəti sabitləşdirmək və vətəndaşlar üçün normal yaşayış şəraiti yaratmaq lazım idi. Hesab edirəm ki, biz bu vəzifəni ilkin mərhələdə yerinə yetirmişik. Bunu təkcə biz yox, bizimlə əlaqədə olan bütün başqa dövlətlər də görürlər, qeyd edirlər və qiymətləndirirlər. Məhz belə bir dövlət, yəni öz daxili vəziyyətini idarə edən, sabit saxlaya bilən bir dövlət başqa dövlətlərlə qarşılıqlı surətdə faydalı əlaqələr yarada və bundan faydalana bilər.

Bu baxımdan biz bu illərdə – 1993-cü ildən sonra Azərbaycanın dünya miqyasında özünə layiq yer tutması üçün çox dəyərli addımlar atmışıq, əhəmiyyətli fəaliyyət göstərmişik, hesab edirəm ki, yaxşı nəticələr əldə edə bilmişik.

Azərbaycan bütün beynəlxalq təşkilatların üzvüdür və onlarda özünə layiq yer tutubdur. Dünyanın əksər dövlətləri ilə Azərbaycanın diplomatik əlaqələri var. Azərbaycanın bir çox ölkələrdə səfirlikləri var və bir çox ölkələrin də səfirlikləri Azərbaycanda normal şəraitdə fəaliyyət göstərir. Azərbaycanın bir çox ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələri var, dövlətlərarası, hökumətlərarası müqavilələri, sazişləri var. Bunlar hamısı dünya miqyasında Azərbaycanın müstəqil dövlət kimi hörmətini gündən-günə artırır.

Biz sülhsevər ölkəyik, sülhsevər dövlətik. Biz Ermənistanla olan münaqişəyə də sülh yolu ilə son qoymağa çalışırıq və çalışacağıq. Bütün ölkələrlə sülh, əmin-amanlıq şəraitində əlaqə saxlamaq istəyirik. Qonşu ölkələrlə sülh, dostluq əlaqələri yaradırıq və bundan sonra da yaradacağıq. Dünyanın böyük ölkələri, iqtisadi cəhətdən, demokratiya baxımından inkişaf etmiş ölkələrlə, dövlətlərlə Azərbaycanın yaratdığı əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Biz bu əlaqələri çox yüksək qiymətləndirir və tərəfdaş kimi üzərimizə düşən bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəyik. 

Beləliklə, hesab edirəm ki, Azərbaycan öz xarici siyasətində böyük uğurlar əldə edibdir. Dünyanın bir çox ölkələrində, dövlət dairələrində, dünyanın cürbəcür tədqiqat mərkəzlərində, mətbuat mərkəzlərində Azərbaycan haqqında dolğun, düzgün fikir formalaşır və formalaşmaqdadır. Bunlar hamısı Azərbaycanın demokratik, müstəqil dövlət kimi mövcud olması və müstəqillik yolunda demokratik prinsiplər yolunda irəliləməsi ilə əlaqədardır.

İndi artıq təkcə özümüzdə yox, dünyanın bir çox mötəbər siyasi mərkəzlərində, mətbuat mərkəzlərində, ictimai fikri öyrənən mərkəzlərində Azərbaycanın öz dövlət müstəqilliyini nə qədər cəsarətlə qoruması xüsusi qeyd olunur. Mən çox məmnunam ki, bizim gördüyümüz iş və dövlət müstəqilliyimizi qorumaq yolunda cəsarətli siyasətimiz, cəsarətli addımlarımız və müstəqilliyə sadiq olmağımız bir çox başqa ölkələrdə də müşahidə olunur və yüksək qiymətləndirilir. Bunlar hamısı Azərbaycanın indən sonra da məhz bu yolla – dövlət müstəqilliyi yolu ilə əzmlə getməsi üçün çox yaxşı əsasdır.

Xarici siyasət barəsində danışarkən, şübhəsiz ki, Azərbaycanın Ermənistan təcavüzündən xilas edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması problemi, bildiyiniz kimi, bizim diqqət mərkəzimizdə duran əsas problemdir. Bu sahədə görülən işləri də müsbət qiymətləndirmək lazımdır. Birincisi, ən müsbət hal ondan ibarətdir ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişədə artıq üç ildir atəşkəs rejimi mövcuddur. Üç il müddətində atəşkəs rejimini saxlamaq, qorumaq, şübhəsiz, böyük nailiyyətdir. Mən bunu Azərbaycan dövlətinin və onun siyasətinin nailiyyəti kimi qiymətləndirirəm. Eyni zamanda atəşkəsi saxlamaq üçün hər iki tərəfin buna münasibəti lazımdır. Ermənistan dövlətinin də atəşkəs rejiminin saxlanması barəsində gördüyü işlər, şübhəsiz, atəşkəsin qorunub saxlanmasının əsas şərtidir. Bu gün bunu da qeyd etmək lazımdır. 

Ancaq bu üç il müddətində atəşkəs bizə nə veribdir? Onu veribdir ki, xalqımız üç ildir müharibəsiz yaşayır, qan tökülmür, şəhidlər yoxdur. Onu veribdir ki, bu üç il müddətində daxildə gedən cürbəcür prosesləri nizamlamaq imkanı əldə etmişik. Onu veribdir ki, artıq cürbəcür silahlı dəstələrin müharibə şəraitindən istifadə edərək öz şəxsi məqsədlərinə nail olmasının qarşısı alınıbdır.

Bunun ən əsas əhəmiyyəti isə ondan ibarətdir ki, bu üç il müddətində məsələnin sülh yolu ilə həlli üçün ardıcıl danışıqlar aparılıbdır. Bunu bəlkə də hər kəs layiqincə qiymətləndirə bilməz. Ancaq bilin, bu üç ildə biz hər dəqiqə, hər gün məsələnin sülh yolu ilə həll olunması üçün tədbirlər görmüşük. O gün olmayıb ki, bu işlə məşğul olmayaq. Bunlar da öz nəticəsini verir. Nəticə nədən ibarətdir? Birincisi, 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün əhəmiyyətli bir qərar qəbul olundu. Bu münaqişənin sülh yolu ilə həlli üçün ilk dəfə ATƏT-in sülhü mühafizə qüvvələrinin yaradılması barədə qərar qəbul edildi. ATƏT-in Minsk qrupunun iki həmsədri müəyyən olundu – Rusiya və Finlandiya. Budapeşt zirvə görüşü sülh danışıqlarını irəliyə aparmaq üçün böyük təkan oldu.

Ondan sonra keçən iki il müddətində apardığımız ardıcıl sülhsevər siyasət, intensiv danışıqlar prosesi və bizim cürbəcür təşəbbüslərimiz, təkliflərimiz nəhayət, 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün çox tarixi əhəmiyyəti olan sənədin qəbul edilməsinə gətirib çıxardı. İndi, Lissabon zirvə görüşündən zaman, aylar keçdikcə o zirvə görüşü ərəfəsində görülən işlərin nə qədər böyük əhəmiyyəti olduğunu dərk etmək, xüsusən zirvə görüşündə Azərbaycan nümayəndələrinin gördükləri işin nə qədər qiymətli olduğunu dərk etmək mümkündür. 

Bəli, Lissabon zirvə görüşündə qəbul olunmuş sənəd Ermənistan-Azərbaycan münaqişəsi tarixində Azərbaycanın hüquqlarını qorumaq üçün olan ilk sənəddir. İlk dəfə olaraq ATƏT-in 54 üzvündən, dövlət başçılarından 53-ü Azərbaycanın ərazi bütövlüyünün tanınmasına, bu məsələnin sülh yolu ilə həllinə səs verdi və problemin sülh yolu ilə həll edilməsinin prinsipləri qəbul olundu. Bu, tarixi hadisədir.

Ondan sonra sülh danışıqlarında Minsk qrupunun yeni mərhələsi başlayıbdır. Bu yeni mərhələnin də xarakterik cəhəti ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması artıq dünyanın ən böyük dövlətlərinin qayğısına çevrilibdir. İlk dəfə olaraq ATƏT-in Minsk qrupunun üç həmsədri təyin edilibdir: Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa. Əgər dünyanın üç böyük dövləti Minsk qrupunun həmsədrlik məsuliyyətini öz üzərinə götürübsə, demək, bu, bir tərəfdən, dünya ictimaiyyəti tərəfindən, həmin böyük dövlətlər tərəfindən həmin məsələyə böyük qayğının, diqqətin təzahürüdür və ikinci tərəfdən də bu məsələnin sülh yolu ilə həll edilməsi üçün yaranan yaxşı bir şərtdir. Çünki əgər bu üç böyük dövlət belə bir məsuliyyətli vəzifəni öz üzərinə götürürsə, şübhəsiz, onlar bunu öz üzərinə götürürlər ki, bu məsələni həll etsinlər və beləliklə də, beynəlxalq aləmdə tarixi bir addım atsınlar. Bu, bizim üçün də, həmin məsuliyyəti öz üzərinə götürən ölkələr üçün də çox əhəmiyyətlidir.

Ona görə də mən hesab edirəm ki, bu üç il müddətində, atəşkəs dövründə görülən işlər çox səmərəli olubdur, çox əhəmiyyətli olubdur, çox nəticəli olubdur və indi biz gözləyirik ki, Minsk qrupunun həmsədrləri bu yaxın günlərdə bizim bölgəyə gələcəklər, həm Azərbaycanda, həm də Ermənistanda olacaqlar. Onlar may ayının ortalarında Vaşinqtonda toplaşıb müəyyən sənədlər, təkliflər hazırlayıblar və beləliklə də. bu danışıqlar prosesində yeni bir mərhələ açılır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bir çox dövlət başçılarının, o cümlədən Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçılarının verdikləri bəyanat həyata keçiriləcək, – yəni onlar bəyan ediblər ki, 1997-ci ildə bu məsələnin sülh yolu ilə həll olunmasını təmin etmək lazımdır, – bunlar həyata keçiriləcəkdir.

Son günlər bu böyük ölkələrin dövlət başçılarının mənə göndərdikləri məktublarda da və bizim yazışmalarımızda da, telefon əlaqələrimizdə də bu bəyanatlar verilibdir. Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton may ayının 10-da mənə göndərdiyi məktubda bu məsələnin xüsusi əhəmiyyətini qeyd edib və bu məsələyə, yəni Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasına xüsusi qayğı göstərərək Minsk qrupunun həmsədrliyini Amerika Birləşmiş Ştatlarının öz üzərinə götürməsini bildirib və bəyan edibdir ki, 1997-ci ildə bu sahədə nailiyyət əldə etmək lazımdır.

Rusiya prezidenti cənab Boris Yeltsin atəşkəsin üç ilinin tamam olması ilə əlaqədar mayın 15-də mənə göndərdiyi məktubda da eyni fikirləri ifadə edibdir. Fransa prezidenti cənab Jak Şirakla mənim son görüşüm zamanı – mart ayının sonunda o, qətiyyətlə bildirdi ki, Fransa Minsk qrupunun həmsədri olmağa çox böyük maraq, böyük cəhdlər göstərmiş və bu sahədə öz xidmətlərini məhz 1997-ci ildə göstərməyə çalışacaqdır. Türkiyəyə mənim son səfərim günlərində, Ankarada görüşlər zamanı prezident və hökumət başçıları kəskin və açıq bəyanatlar veriblər ki, Minsk qrupunun həmsədrləri bu məsələnin həll olunmasına çalışmalıdırlar.

Məlumdur ki, Türkiyə prezidenti Süleyman Dəmirəl bu məsələ ilə əlaqədar Amerika, Rusiya və Fransa prezidentlərinə xüsusi məktublar göndəribdir. Mayın 13-də Aşqabadda olarkən İran prezidenti Haşimi Rəfsəncani mənimlə şəxsi danışıqları zamanı, Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif həm şəxsi görüşdə, həm də EKO dövlətləri başçılarının toplantısındakı çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini bildirmiş və Ermənistanın təcavüzünə son qoyulması haqqında, məsələnin məhz sülh yolu ilə, işğal olunmuş torpaqların azad edilməsi vasitəsilə həll olunması barədə öz fikirlərini söyləmişlər.

Dünyanın başqa ölkələrində də dövlət və hökumət başçıları bu barədə öz mövqelərini, öz münasibətlərini bildirmişlər. Bunların hamısı həm bu üç il müddətində görülən işlərin nəticəsidir, həm də 1997-ci ildə qarşımızda duran vəzifələri göstərir.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri verdikləri sözə əməl edəcəklər, çox intensiv danışıqlar aparacaqlar və ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması üçün çox nəticəli addımlar atacaqlar.

Biz bu gün də bəyan edirik ki, məsələnin yalnız sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və bundan sonra da bu yolla gedəcəyik.

Bununla əlaqədar, Azərbaycanın işğal olunmuş torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın vəziyyəti də bizi daim narahat edir. Bir milyondan artıq Azərbaycan vətəndaşı köçkün, qaçqın vəziyyətindədir. Onların bir çoxu artıq neçə ildir ki, çadırlarda yaşayır, çox ağır vəziyyətdə yaşayır. Biz torpaqlarımızın sülh yolu ilə azad edilməsinə çalışarkən şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyi ön sıraya çəkirik. Amma eyni zamanda, işğal olunmuş torpaqlardan zorla çıxarılmış insanların öz yerlərinə, yurdlarına qayıtması bizim üçün əsas şərtdir. Ona görə də bütün danışıqlarda və nəzərdə tutulmuş sazişlərdə mütləq və mütləq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, eyni zamanda işğal edilmiş torpaqlardan Ermənistan silahlı qüvvələrinin çıxarılması və qaçqın, köçkün düşmüş Azərbaycan vətəndaşlarının öz yerlərinə, yurdlarına qayıtması nəzərdə tutulur. Bu, bizim əsas vəzifəmizdir. Bu, bizim borcumuzdur. Xalqımız, millətimiz də bilməlidir, qaçqın, köçkün vəziyyətində, ağır şəraitdə yaşayan soydaşlarımız da, bacı və qardaşlarımız da bilməlidirlər ki, bu vəzifəni biz nəyin bahasına olursa-olsun yerinə yetirəcəyik.

Sülh danışıqları, məsələnin sülh yolu ilə həll olunması siyasətimizin ana xəttidir. Biz üç ildir bu yolla gedirik və bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, bu yol uğurla başa çatacaqdır. Ancaq eyni zamanda mən bu gün onu da bir daha bəyan etmək istəyirəm ki, heç vaxt, heç bir zaman Azərbaycan torpaqlarının bir qarışı belə başqa bir ölkənin əlində ola bilməz. Biz Azərbaycanın beynəlxalq hüquq normaları tərəfindən tanınmış sərhədlərinin bərpa olunmasına çalışırıq və çalışacağıq. Azərbaycanın bütün ərazisinə nəzarət etməyə çalışırıq və çalışacağıq. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün bütün imkanlardan istifadə edirik, edəcəyik və işğal olunmuş torpaqlar nəyin bahasına olursa-olsun azad ediləcək, qaçqın, köçkün düşmüş soydaşlarımız öz yerinə-yurduna qayıdacaqlar.

Dövlət quruculuğu sahəsində bu illər qarşımızda duran əsas vəzifələrdən biri Azərbaycanın Milli Ordusunun yaradılması və onun lazımi gücə gətirilməsidir. Bilirsiniz ki, Milli Ordunun yaranması da böyük təxribatlarla, böyük bəlalarla rastlaşmışdır. Məhz buna görə də Azərbaycan xalqı bir çox məğlubiyyətlərə uğramış və Azərbaycan torpaqlarının bir qismi işğal olunmuşdur. Çünki vaxtilə Ermənistanda silahlı qüvvələr yaradılarkən Azərbaycan buna laqeyd qalmış və hesab etmişdir ki, Azərbaycana silahlı qüvvələr lazım deyildir. Ermənistanda silahlı qüvvələr mütəşəkkil hərəkət edərkən, Azərbaycanda az da olsa yaranmış silahlı dəstələr, qüvvələr bir-biri ilə münaqişə aparmağa, bir-biri ilə dava etməyə, hakimiyyət davasına qoşulmağa çalışmışdılar. Bu yaxınlarda televiziya vasitəsilə bir çox belə məsələlər aşkar göstərildi və xalqımız da gördü ki, ərazilərimizin Ermənistan tərəfindən işğal olunmasının səbəbi təkcə Ermənistan silahlı qüvvələrinin güclü olması, Azərbaycanın gücsüz olması deyildir. Yox, Azərbaycanın daxilində gedən bu ictimai-siyasi proseslər, hakimiyyət davası, vəzifə davası, ayrı-ayrı silahlı qüvvələrin bir-biri ilə münaqişəsi və bir-biri ilə ixtilafı Azərbaycan xalqına belə baha başa gəldi və belə itkilərə gətirib çıxardı. Ona görə də indi Azərbaycanda Milli Ordunun qurulması, yaranması, inkişaf etməsi qarşımızda duran əsas vəzifədir.

Bu sahədə bir çox işlər görülüb. Ancaq hələ görüləsi işlər də çoxdur. Azərbaycanın Müdafiə Nazirliyi bu sahədə öz vəzifələrini bilir və lazımi işləri də görür. Amma hesab edirəm ki, görülən işlər yetərli deyildir. Azərbaycanda bir tərəfdən ordumuzun peşəkarlığını artırmaq, ikinci tərəfdən də Azərbaycan gənclərini orduda xidmətə hazırlamaq lazımdır. Azərbaycanda milli vətənpərvərlik təbliğatını genişləndirmək, xalqımızın milli vətənpərvərlik ruhunu qaldırmaq, gənclər arasında milli vətənpərvərlik duyğularını inkişaf etdirmək lazımdır. Hər bir gənc ailəsindən, ata-anasının tutduğu vəzifədən, yaxud da maddi vəziyyətindən asılı olmayaraq Azərbaycan Milli Ordusunda xidmət etməlidir. Milli Ordumuzda xidmət etmək hər bir Azərbaycan vətəndaşının şərəfli borcu olmalıdır.

Ona görə də hesab edirəm ki, ayrı-ayrı adamların orduda xidmət etməməsi üçün onlara güzəştə gedilməsi, onların guya təhsil almaq üçün orduda xidmətdən azad olunması məsələlərinə və başqa bu kimi məsələlərə baxmaq lazımdır. Mən hesab edirəm ki, bunlar bizim Milli Ordunun yaranması və bütün xalqımızın döyüş qabiliyyətinə malik olması tələblərinə uyğun deyildir. Bir daha deyirəm, hər bir gənc, hər bir ata-ana, hər bir valideyn öz oğlunu böyüdərkən ona ən əvvəl nəsihət verməlidir ki, sənin birinci borcun orduda xidmət etməkdir, vətəni müdafiə etməyə hazır olmaqdır, döyüş qabiliyyəti əldə etməkdir və döyüşə hazır olmaqdır.

Azərbaycanda gedən dövlət quruculuğu prosesi eyni zamanda ölkəmizin iqtisadiyyatının düşdüyü vəziyyətdən çıxması ilə əlaqədardır. Bilirsiniz ki, son illərdə Azərbaycan ağır iqtisadi böhran keçiribdir və bizim son vaxtlar gördüyümüz tədbirlər ölkəni bu böhrandan tədricən çıxarmaq yoluna yönəlibdir. Bu gün tam qətiyyətlə demək olar ki, 1996-cı il Azərbaycan iqtisadiyyatında artıq müsbət meyllər ili kimi qiymətləndirilməlidir. İqtisadiyyat sahəsində görülən tədbirlər, iqtisadi islahatlar, özəlləşdirmə proqramının, "Torpaq islahatı haqqında" qanunun həyata keçirilməsi, xarici ticarətin liberallaşdırılması, sahibkarlığa geniş yer verilməsi, insanlara sərbəstlik verilməsi – bunların hamısı birlikdə Azərbaycan iqtisadiyyatında müsbət meyllər meydana gətirmişdir. Bu gün böyük məmnuniyyətlə qeyd etmək olar ki, 1996-cı ili başa çatdırarkən Azərbaycanda 1988-89-cu illərdən sonra ilk dəfə daxili milli məhsulun artımı 1,3 faiz olmuşdur. Amma keçən illərdə artım yox, geriləmə olmuşdur. Bu ilin dörd ayında isə daxili milli məhsul 3 faizdən çox artmışdır. Keçən il kənd təsərrüfatı istehsalı ilk dəfə olaraq 3 faiz artmışdır. 1989-cu ildən bəri kənd təsərrüfatı istehsalının aşağı düşməsini dayandırmaq və indi 3 faiz artıma nail olmaq, hesab edirəm ki, diqqətəlayiq nailiyyətdir.

Sənaye istehsalı ilbəil aşağı düşmüşdür. 1996-cı ildə sənaye istehsalının aşağıdüşmə sürəti azaldılmışdır: Əgər bu, 1995-ci ildə 21 faiz olmuşdusa, 1996-cı ildə 6 faiz olmuşdur. Amma bu ilin dörd ayında sənaye istehsalında da 1 faiz artım əldə edilmişdir. Keçən il xarici ticarət 30 faiz artmışdır. Bir çox başqa iqtisadi göstəricilər də gətirmək olar. Hesab edirəm ki, bu rəqəmlər öz-özlüyündə onu göstərir ki, Azərbaycan iqtisadiyyatında müsbət meyllər artıq özünü büruzə verir.

Maliyyə sistemində inflyasiyanın qarşısı alınıbdır. Keçən il inflyasiya çox aşağı səviyyəyə gətirilib çıxarılmışdır və deyilənlərə görə, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı müşahidəçilərinin bizə verdiyi qiymətlərə görə Müstəqil Dövlətlər Birliyinin ölkələri arasında inflyasiyanın ən aşağı sürəti Azərbaycandadır. Bizdə inflyasiya yox dərəcəsindədir. 

Milli valyutamızın – manatın dəyəri qalxmış, keçən il onun dollara nisbətən məzənnəsi 7 faiz artmışdır. Bunların hamısı həyata keçirdiyimiz iqtisadi islahatların müsbət nəticəsidir. Ancaq bunlar başlanğıcdır.

Bu gün bir daha qeyd etmək lazımdır ki, "Torpaq islahatı haqqında" qəbul etdiyimiz qanun nə qədər cəsarətli qanundursa, o qədər də əhəmiyyətli qanundur. Biz artıq bu qanunun nəticələrini görürük. Siz bilirsiniz ki, aqrar sahədə heyvandarlıq sektoru artıq özəlləşdirilibdir. Bu sektorun özəlləşdirilməsi ərzaq mallarının və xüsusən heyvandarlıq məhsullarının istehsalı sahəsində Azərbaycanda çox böyük müsbət dəyişikliklər meydana çıxarmışdır. Torpağın xüsusi mülkiyyətə verilməsi prosesi başlanıb və bu da artıq öz müsbət nəticələrini verir.

Güman edirəm ki, 1997-ci il iqtisadi islahatların sürətlə həyata keçirilməsi ili olacaqdır. 9 mindən artıq müəssisə özəlləşdirilib. İndi vauçerlərin paylanması sona çatmaqdadır. Əhalinin 70 faizi özəlləşdirmədə iştirak etmək üçün vauçerləri almışdır və yaxın vaxtlarda hamı vauçerlərlə təmin olunacaqdır. Bəli, 1997-ci il Azərbaycanda iqtisadi islahatların sürətlə həyata keçirilməsi, özəlləşdirmə prosesinin sürətlə aparılması ili olacaqdır. Bunların hamısı da xalqın rifahını yaxşılaşdıracaqdır. 

Bilirsiniz ki, keçən il də, bu ilin əvvəllərində də əhalinin bir çox təbəqələrinin əmək haqqının artırılması barədə mən fərmanlar vermişəm, qərarlar qəbul etmişəm. Keçən il dövlət büdcəsi yerinə yetirilibdir. Bu ilin dörd ayında da dövlət büdcəsi yerinə yetirilib və əminəm ki, cari ilin birinci yarısının yekunlarına görə biz dövlət büdcəsinin yerinə yetirilməsi ilə əlaqədar müəyyən müsbət nəticələr əldə edəcəyik və bunlar da əhalinin bir qisminin əmək haqqının artırılması və ümumiyyətlə əhalimizin rifahının yaxşılaşması üçün yeni qərarlar qəbul edilməsinə imkan verəcəkdir, şərait yaradacaqdır.

Beləliklə, bizim müstəqillik yolu ilə, bazar iqtisadiyyatı yolu ilə getməyimiz dönməzdir, yəni artıq heç kəsin şübhəsi yoxdur ki, biz bu yolla gedirik və bu yolla da gedəcəyik. Ancaq bazar iqtisadiyyatı yolu ilə getmək təkcə respublikamızın daxilində iqtisadi islahatların həyata keçirilməsi ilə bitmir. Bilirsiniz ki, biz Azərbaycana xarici investisiya gətirilməsi sahəsində bir çox işlər görmüşük. İndi Azərbaycanda, Bakıda dünyanın bir çox şirkətlərinin ofisləri açılıbdır, hər gün də açılır. Bir çox şirkətlər artıq burada fəaliyyətdədirlər, bir çox şirkətlər də respublikamızda fəaliyyət göstərmək üçün bizə müraciət edirlər.

Bildiyiniz kimi, Xəzərin Azərbaycan sektorundakı neft-qaz yataqlarının istifadə olunması üçün biz artıq beş müqavilə imzalamışıq. Bu gün mən sizə bildirmək istəyirəm ki, bu müqavilələrin hamısı və nəzərdə tutulmuş proqramlar əməli, ardıcıl surətdə həyata keçirilir. Bizim neft yataqlarımıza maraq gündən-günə artır. Ola bilər, bu yaxın vaxtlarda biz yeni müqavilələrin də şahidi olacağıq.

Bütün bunlarla yanaşı, hesab edirəm ki, dövlət müstəqilliyi yolunda Azərbaycanın əldə etdiyi ən böyük nailiyyət ondan ibarətdir ki, xalqımız indi rahat, sakit, sərbəst yaşayır. Biz cinayətkarlığın demək olar ki, çox hissəsinin qarşısını almışıq. Xarici ölkələrdən respublikamıza ziyarətə gələn, Bakını gəzən adamlar Azərbaycanda olan bu əmin-amanlığa, sakitliyə, rahatlığa çox böyük hüsn-rəğbətlə baxırlar və bəzən də təəccüb edirlər. Şübhəsiz ki, biz bunlarla öyünməməliyik və mən bunları yetərli hesab etmirəm. Bizim qarşımızda hələ çox vəzifələr, işlər vardır. Ancaq əldə olunan bu nailiyyətlər bizim gələcək işlərimizin daha da sürətlə həyata keçirilməsi üçün çox yaxşı əsasdır. Artıq bizim insanlarda inam yaranıbdır. İnam yaranıb ki, Azərbaycan bir müstəqil dövlət kimi yaşayır və yaşaya bilər. İnam yaranıb ki, Azərbaycanda bazar iqtisadiyyatı tətbiq olunub və genişlənəcək, inkişaf edəcəkdir. İnam yaranıb ki, Azərbaycanın iqtisadiyyatı dünya iqtisadiyyatı ilə günü-gündən daha sıx bağlanır. İnam yaranıb ki, Azərbaycan xalqı bundan sonra, gələcəkdə rahat və firavan yaşayacaqdır. 

Hörmətli dostlar!

Mən bu böyük bayram münasibətilə sizi bir daha təbrik edirəm. Siz də, biz də bu gün bütün bayram təbriklərimizi birinci növbədə, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda şəhid olmuş insanların ailələrinə göndəririk. Bu gün – bu bayram günü mən bir daha bəyan edirəm ki, Vətən, torpaq uğrunda canlarını qurban vermiş, şəhid olmuş insanların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır. Biz bayram edərkən, onların ailələrinin qəmini, kədərini də hiss edirik, bilirik.

Qaçqın vəziyyətində yaşayan soydaşlarımızı xüsusi təbrik edirəm. Mən onlara müraciət edərək, onların dözümlülüyünə. vətənpərvərliyinə, vətəninə, millətinə, ölkəsinə sadiq qaldıqlarına görə onlara təşəkkür edirəm, onları bayram münasibətilə təbrik edirəm.

Azərbaycanın Milli Ordusunda xidmət edən əsgərlərimizi. zabitlərimizi, sərhəddə, cəbhə bölgələrində duran igid Azərbaycan döyüşçülərini ürəkdən təbrik edirəm, onlara cansağlığı və şərəfli işlərində uğurlar arzulayıram.

Ölkəmizdən xaricdə yaşayan bütün azərbaycanlıları bu bayram münasibətilə təbrik edirəm. Onların hamısına cansağlığı, xoşbəxt həyat arzulayıram.

Dünyanın bir çox ölkələri ilə bizim diplomatik əlaqələrimiz və beynəlxalq təşkilatlarla olan əlaqələrimiz Azərbaycanda xarici ölkələrin səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin olmasını təmin edibdir. Biz bundan çox məmnunuq. Bu bayram günü mən xarici ölkələri və beynəlxalq təşkilatları Azərbaycanda təmsil edən bütün səfirliklərə, nümayəndəliklərə, təşkilatlara bizimlə sıx əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Bu bayram günü onlara və onların simasında təmsil etdikləri ölkələrə, xalqlara Azərbaycan xalqının, dövlətimizin hörmət və ehtiramını bildirirəm.

Bu bayram günü hər bir Azərbaycan vətəndaşı bir daha düşünməlidir ki, bizim üçün həyat, yaşayış nə qədər çətin olsa da azad, milli azadlıq şəraitində yaşamaq, müstəqil olmaq, müstəqil, azad dövlətdə yaşamaq hər şeydən əzizdir, üstündür. Biz bu müstəqilliyi möhkəmləndirmək və daha da yüksəklərə qaldırmaq, bu milli azadlığımızı əlimizdə daim saxlamaq naminə hər bir çətinliklərə dözmüşük, bundan sonra da dözəcəyik. Azərbaycan xalqı dözümlü xalqdır. Bu, bizim xalqımızın milli xüsusiyyətidir. Etimad göstərib məni Azərbaycan dövlətinin prezidenti seçmiş Azərbaycanın bütün vətəndaşlarına hörmət və ehtiramımı bildirirəm, dözümlülüyünə görə onlara təşəkkür edirəm və xalqımızı, millətimizi əmin edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi yolu uğurludur, çiçəklidir, gözəldir. Bu gözəl gələcək naminə sizin hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm. 

Bayramınız mübarək olsun!