Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

Respublika günü münasibətilə təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi (27 may 2002)

Hörmətli xanımlar və cənablar! 

Sizi Azərbaycanın istiqlaliyyət günü – Respublika günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə, bütün Azərbaycan xalqına sülh, rifah, əmin-amanlıq arzulayıram. 

1918-ci ilin mayında Azərbaycanda, müsəlman aləmində ilk demokratik respublika, Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan xalqının həyatında böyük hadisə baş verdi. Xalqımız, millətimiz müstəqil, sərbəst yaşamaq iradəsini dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti özünün qısa ömrü dövründə dəyərli fəaliyyət göstərmişdir və Azərbaycan xalqının müstəqil olmaq iradəsini nümayiş etdirmişdir. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini, onun qurucuları Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin və digərlərinin xidmətlərini böyük minnətdarlıq hissi ilə qeyd edirik. 

1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi. Azərbaycanda müstəqil dövlət yarandı. Ötən illərdə xalqımız böyük işlər görübdür və böyük nailiyyətlər əldə edibdir. Biz bu yaxın vaxtlarda Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümünü qeyd etdik. Azərbaycanın müstəqil dövlət kimi keçdiyi on illik yolu təhlil etdik, nailiyyətlərimizi göstərdik və qarşıda duran vəzifələrimiz haqqında danışdıq. Bu illər Azərbaycanın yeni gələcək tarixinin parlaq səhifələridir. Çünki bu illərdə Azərbaycanın müstəqil dövləti qurulub, yaranıb, sınaqlardan keçibdir və indi Azərbaycan bir müstəqil dövlət kimi, dünyada özünə layiq yerini tutubdur.

Biz bu illərdə Azərbaycanı siyasi, iqtisadi böhrandan çıxardıq, Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etdik, buna mane olan qüvvələri zərərsizləşdirdik, dövlətimizə qarşı silahlı çevriliş cəhdlərinin, terror aktlarının qarşısını aldıq. Bunların nəticəsində Azərbaycanda ictimai-siyasi, daxili vəziy­yət sabitləşib, xalqımız rahat yaşamaq imkanı əldə edibdir. 

Biz ötən illərdə demokratik, hüquqi, dünyəvi dövlətimizi qurmuşuq, onun təsisatlarını yaratmışıq, Azərbaycanın həyatında böyük dəyişikliklərə nail olmuşuq. Azərbaycanın demokratiya yolu ilə getməsi üçün lazımi qanunlar, fərmanlar qəbul etmişik. Bazar iqtisadiyyatının yaranması və inkişafı üçün lazımi işlər görülüb, iqtisadi, sosial, siyasi islahatlar aparılıb və ölkəmiz ardıcıl surətdə inkişaf edir. Azərbaycanın dövlət müstəqilliyi möhkəmlənibdir. Azərbaycanda daxili ictimai-siyasi sabitlik dönməz olubdur və ölkəmizdə quruculuq işləri gedir, biz demokratik dəyişikliklərə nail oluruq. 

Azərbaycanın xarici siyasəti bütün ölkələrlə qarşılıqlı faydalı əlaqələr qurmaq və onu inkişaf etdirməkdən ibarətdir. Biz bu sahədə çox iş görmüşük və böyük nailiyyətlər əldə etmişik. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirmişdir. Bizim xarici siyasətimizdə əsas yeri Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması tutur. Bu, Azərbaycanın həyatında ən böyük prob­lem, ən böyük məsələdir. Bu sahədə görülən işlər cəmiyyətə məlumdur. ATƏT-in Minsk qrupu ardıcıl fəaliyyət göstərir. Onun həmsədrlərinin nümayəndələri mütəmadi olaraq bölgədə olurlar, lazımi işlər görürlər və görüşlər keçirirlər. 

Son vaxtlar Minsk qrupunun həmsədrləri fəallaşıblar. İndi Ermənistan və Azərbaycan prezidentlərinin nümayəndələri görüşlər aparırlar, Ermənistan və Azərbaycan prezidentlərinin də görüşləri nəzərdə tutulur. Bütün bu görüşlər, danışıqlar Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına həsr edilir. Doğrudur, hələ istənilən nailiyyət əldə olunmayıbdır. Ancaq eyni zamanda, problem çox çətindir və çox mürəkkəbdir. Ümidvaram ki, biz bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirərək, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olacağıq.

İnanıram ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları azad ediləcəkdir və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir, Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığı təmin olunacaqdır. Bu məsələ indi dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir. Minsk qrupunun həmsədr­ləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu məsələnin həll olunması üçün səylər göstərirlər. 

Bu günlərdə Moskvada Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin görüşündə də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ müna­qişəsinin sülh yolu ilə həll olunması problemi öz yerini tapmışdır. 

Bizim xarici siyasətimizdə qonşu ölkələrlə əlaqələrimizin möhkəmləndirilməsi, inkişaf etməsi, xüsusən iqtisadi əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Bu sahədə də nailiyyətlərimiz göz qabağındadır. Son günlərin hadisələrindən yüksək səviyyəli İran - Azərbaycan görüşlərini və Roma papasının Azərbaycana ziyarətini qeyd etmək olar. 

Roma papasının Azərbaycana ziyarəti tarixi hadisədir. Onun Azərbaycanda olması, bizimlə aparılan danışıqlar və ictimaiyyətin nümayəndələri ilə, xalq kütlələri ilə görüşü bizim xalqımızın Roma papasına, ümumiyyətlə, sülhə, dostluğa münasibətini nümayiş etdirmişdir.

Azərbaycanın iqtisadiyyatında xarici investisiyanın cəlb olunması xüsusi yer tutur. Bu istiqamətdə biz xeyli işlər görmüşük və nailiyyətlərimiz də vardır. Böyük layihələr həyata keçiririk. 1994-cü ilin sentyabr­ında «Əsrin müqaviləsi» imzalanandan sonra Azərbaycana xarici investisiyanın cəlb olunması inkişaf edibdir və biz dünyanın böyük şirkətləri ilə müştərək layihələr həyata keçiririk. «Azəri», «Çıraq», «Günəşli» yataqlarından neftin hasil olunması ilə əlaqədar görülən işlər öz müsbət nəticəsini verir və bizim müştərək planlarımız da çox böyük ümidlər yaradır. Xəzər dənizində zəngin qaz yatağının – «Şahdəniz» qaz yatağının kəşf olunması, açılması da böyük hadisə olmuşdur. 

Biz son dövrdə Xəzərin mineral ehtiyatlarının hasil olunması və onların dünya bazarlarına çıxarılması ilə əlaqədar böyük layihələr həyata keçiririk. O cümlədən, Bakı–Tbilisi–Ceyhan böyük ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri. Bu layihələr gələcəkdə Azərbaycan xalqına böyük faydalar gətirəcəkdir. Bu layihələr, xüsusən Xəzər dənizinin mineral ehtiyatlarından istifadə olunması, eyni zamanda, dünyanın böyük dövlətlərinin nəzər-diqqətini cəlb etmişdir. Bu günlərdə prezident Putinin prezident Buşla Moskvadakı görüşündə bu məsələ xüsusi yer almışdır və Bakı–Tbilisi–Ceyhan layihəsinə bir daha dəstək verilmişdir. 

Bunların hamısı Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməyə, xalqımızın rifah halını yaxşılaşdırmağa yönəlibdir. Mən tam qətiyyətlə deyirəm ki, bizim gördüyümüz bu işlər yaxın gələcəkdə öz gözəl nəticələrini verəcəkdir. Bunlar da Azərbaycanın iqtisadiyyatını möhkəmləndirəcək, inkişaf etdirəcək, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə xidmət göstərəcək, Azərbaycan xalqı­nın rifah halının daim yaxşılaşmasını təmin edəcəkdir. Bizim vəzifəmiz bu yolla getməkdən ibarətdir. 

Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu uğurla həyata keçirilir. Demokratiya Azərbaycanın bütün sahələrini əhatə etmişdir. Bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas aparıcı qüvvəsidir. Bunlar bizim gələcəyimizi təmin edir. Gələcəyimiz isə çox aydındır, çox uğurludur. 

Azərbaycanda dövlət müstəqilliyi artıq dönməz olubdur. Azərbaycanda daxili ictimai-siyasi sabitlik dönməz olubdur. Azərbaycanda demokratiya dönməz olubdur. Azərbaycanda bazar iqtisadiyyatı dönməz olubdur. Beləliklə, biz dünya iqtisadiyyatına inteqrasiya oluruq və dünyanın inkişaf etmiş dövlətləri ilə əməkdaşlıq edirik. Bu əməkdaşlığın müsbət nəticələrini görürük. Azərbaycanın Avropa Şurasına qəbul olun­ması da bizim bu sahədə əldə etdiyimiz nailiyyətlərdəndir. 

Bir sözlə, bizim ölkəmiz, xalqımız indi rahat yaşayır. Bizi narahat edən problemin həlli, işğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması qarşıda duran vəzifəmizdir. Mən əminəm ki, biz bu vəzifəni yerinə yetirəcəyik. Ölkəmiz dünya miqyasında, beynəlxalq aləmdə özünə layiq yerini tutur. Bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyinin nəticəsidir və biz buna görə xalqımıza, millətimizə minnətdarıq. 

Mən bu bayram günü sizi bir daha təbrik edirəm. Azərbaycanın torpaqlarının keşiyində duran əsgərləri təbrik edirəm. Ağır vəziyyətdə çadırlarda yaşayan soydaşlarımızı təbrik edirəm. Şəhid ailələrini təbrik edirəm. Veteranları, torpaqlarımızın müdafiəsi uğrunda vuruşanları və xəsarət alanları təbrik edirəm. Bütün Azərbaycan vətəndaşlarını təbrik edirəm. 

Bayramınız mübarək olsun!