Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

28 May – Respublika gününə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi (27 may 2000)

Əziz həmvətənlər!
Əziz bacılar, qardaşlar! 
Hörmətli xanımlar, cənablar! 

Sizi Azərbaycanın milli bayramı – İstiqlaliyyət günü, Respublika günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 

XX əsr, ikinci minillik sona çatır. Yeddi aydan sonra bəşəriyyət XXI əsrə, üçüncü minilliyə qədəm qoyacaqdır. Azərbaycan xalqı azad xalq kimi, Azərbaycan müstəqil dövlət kimi XXI əsrə, üçüncü minilliyə inamla daxil olacaqdır.

Biz bu gün XX əsrin sonuna çatdığımız zaman bu əsrə nəzər salsaq görəcəyik ki, bu əsr bəşəriyyət üçün bütün əvvəlki əsrlərdən fərqli olubdur. Bu əsrdə iki dəhşətli dünya müharibəsi baş verib, on milyonlarla insan həlak olubdur. Bu əsrdə inqilablar olub, dövlətlər dəyişilibdir. Bu əsrdə dağılıbdır. Bu əsrdə dünyanın bir çox xalqları müstəmləkəçilikdən xilas olublar və öz milli azadlığına, dövlət müstəqilliyinə nail olublar.

Bu əsrdə dünyada gedən proseslərə təsir göstərən Rusiyada Oktyabr inqilabı olubdur. Ondan sonra çar Rusiyasının ərazisində Sovetlər İttifaqı kimi böyük superdövlət yaranıbdır. 

İkinci dünya müharibəsindən sonra dünyanın siyasi mənzərəsi dəyişib, bloklar yaranıb, soyuq müharibə gedib və nəhayət, əsrin sonunda Sovetlər İttifaqı dağılıb, Sovetlər İttifaqına daxil olan 15 cümhuriyyət, respublika öz dövlət müstəqilliyinə nail olubdur. 

1991-ci ilin sonunda Sovetlər İttifaqının dağılması nəticəsində Azərbaycan da dövlət müstəqilliyini əldə edibdir. Biz səkkiz ildir ki, azad, müstəqil yaşayırıq. Azərbaycan bir müstəqil dövlət kimi, yaşayır, irəli gedir və inkişaf edir.

Azərbaycanın XX əsr tarixini bir neçə mərhələyə bölmək olar. Əsrin əvvəlində Azərbaycanın vətənpərvər, milli şüurlu ziyalıları xalqımızda milli oyanış, milli dirçəliş fikirlərini yaratmağa çalışmış və xeyli işlər görə bilmişlər. 

Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağayev, Əlibəy Hüseynzadə, Firudin bəy Köçərli, Nəriman Nərimanov, Məmməd Səid Ordubadi və bir çox belə şəxsiyyətlər əsrin əvvəlində Azərbaycan xalqında azadlıq, milli ruh əhval-ruhiyyəsinin inkişaf etməsində xidmətlər göstərmişlər.

Azərbaycan üçün ikinci mərhələ çar Rusiyası dağılandan sonra respublikamızın ilk dəfə dövlət müstəqilliyi əldə etdiyi dövrdür. Həmin dövrdə xalq cümhuriyyəti yaranmış, Azərbaycan öz dövlət müstəqilliyini elan etmiş və demokratik, müstəqil dövlət quruculuğu prosesi həyata keçirmişdir. O vaxt Azərbaycan ziyalılarının bir qismi siyasi fəaliyyətlə də məşğul olurdu. Məhz onların birlikdə təşəbbüsü ilə 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın dövlət müstəqilliyi bəyan edildi və ilk xalq cümhuriyyəti yarandı.

Bu cümhuriyyət, bu dövlət az yaşadı, ancaq xeyli işlər gördü. Ən əsası odur ki, xalqımızda, millətimizdə azadlıq, müstəqillik fikirlərini daha da gücləndirdi. Xalq Cümhuriyyətinin yaranmasında Azərbaycanın bir çox mütəfəkkir, bir çox vətənpərvər insanları iştirak etmişlər. Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərlərinin rəhbərliyi altında Xalq Cümhuriyyəti 23 ay yaşamış, xeyli işlər görmüş, ancaq məlum səbəblərdən süqut etmişdir. Mən hesab edirəm ki, bu, XX əsr Azərbaycan tarixində ikinci mərhələ hesab oluna bilər. 

Üçüncü mərhələ 1920-ci ildən başlayır, Azərbaycanda sovet hakimiyyətinin qurulması və 70 il ərzində Azərbaycanın sovet hakimiyyəti, dövləti çərçivəsində yaşaması dövrünü əhatə edir. Bu illər Azərbaycanın elmi, maarifi, təhsili, mədəniyyəti, iqtisadiyyatı sürətlə inkişaf etmiş, Azərbaycanın mənzərəsi dəyişmiş, respublikamız güclənmiş və Azərbaycanda çox zəngin intellektual, iqtisadi potensial yaranmışdır.

1991-ci ilin sonunda Azərbaycanın XX əsr tarixinin dördüncü mərhələsi başlamışdır. Bir daha qeyd edirəm, bu da Sovet İttifaqının dağılması münasibətilə Azərbaycanın öz milli azadlığını, dövlət müstəqilliyini elan etməsidir. Biz o vaxtdan azad, sərbəst yaşayırıq, müstəqil dövlətik. Xalqımız öz taleyinin, torpaqlarının, öz ölkəsinin sahibidir. 

Ancaq o da həqiqətdir ki, Azərbaycan dövlət müstəqilliyini əldə edərkən çox ağır, çətin bir dövr yaşayırdı. 1988-ci ildən Ermənistanın Azərbaycana hərbi təcavüzü başlamışdır. Azərbaycan dövlət müstəqilliyini elan edəndə torpaqlarımızı müdafiə etmək üçün Ermənistanla müharibə aparırdı. 

1990-cı ildə Azərbaycan xalqına qarşı böyük hərbi təcavüz edilmişdir. Yanvarın 20-də sovet ordusunun böyük hissələri Azərbaycana, Bakıya daxil olmuş, dinc əhalini qırmış, xalqımız şəhidlər vermişdir.

Sonrakı illərdə Azərbaycanda müharibə ilə yanaşı, daxili ictimai sabitlik pozulmuş, müxtəlif qanunsuz silahlı dəstələr yaranmış və Azərbaycanın bu ağır dövründə – Ermənistanla müharibə apardığı bir dövrdə respublikamızın daxilində qızğın hakimiyyət mübarizəsi getmişdir. Təbiidir ki, müxtəlif qüvvələrin özlərinə məxsus silahlı dəstələrdən istifadə edərək apardığı bu hakimiyyət mübarizəsi Azərbaycana böyük zərbələr vurmuşdur. Hakimiyyət dəyişikliyi baş vermişdir.

1992-ci ilin may ayında başqa qüvvə hakimiyyətə gəlmiş və 1993-cü ilin iyun ayında Azərbaycanda vəziyyət son dərəcə gərginləşmiş, vətəndaş müharibəsi başlamışdı. 1992-ci ilin may ayında hakimiyyətə gəlmiş Xalq Cəbhəsi dövründə – bir il müddətində Azərbaycanın vəziyyətinin daha da gərginləşməsinə və ölkəmizin dağılmasına böyük təhlükə yaranmış, hakimiyyət mübarizəsi davam etmiş, buna görə də 1993-cü ilin iyun ayında vətəndaş müharibəsi baş vermişdir. 

Əgər biz müstəqillik əldə etdiyimiz gündən bu günə qədərki dövrü də müəyyən mərhələlərə bölsək, bax, bu dövr – 1991-ci ildən 1993-cü ilə qədər olan dövr müstəqil Azərbaycanın həyatında birinci dövr hesab edilə bilər.

İkinci dövr isə 1993-cü ildən 1995-ci ilə qədər olan dövrdür. 1993-cü ildə başlamış vətəndaş müharibəsi Azərbaycanı parçalanmaq təhlükəsinə gətirib çıxarmış, ölkəmizin daxilində olan separatçı qüvvələr hərəkətə gəlmiş, bu qüvvələr Azərbaycanın cənubunda da, şimalında da baş qaldırmış və bunlar da respublikamızda daxili vəziyyəti daha da gərginləşdirmişdi.

Azərbaycanda vətəndaş müharibəsinə son qoyulmuş, ancaq daxili ictimai-siyasi vəziyyəti sabitləşdirmək çox çətin və ağır olmuşdur. 1994-cü ilin oktyabr ayında Azərbaycanda yenidən dövlət çevrilişinə cəhd göstərilmiş və xalqımızın birliyi bu dövlət çevrilişinin qarşısını almışdır.

1995-ci ilin mart ayında qanunsuz silahlı dəstələr, cinayətkar qruplar, xaricdən və daxildən istiqamətləndirilən qruplar Azərbaycan dövlətini silah gücü ilə devirməyə cəhd göstərmişlər. 

Müstəqil Azərbaycan dövlətinin qüdrəti, gücü bu təhlükənin də qarşısını ala bilmiş və dövlət çevrilişinə cəhd göstərənlər məğlub olmuş, öz cəzalarını almışlar. Bunu Azərbaycanın müstəqillik dövrünün ikinci mərhələsi hesab etmək olar.

Üçüncü mərhələ isə Azərbaycanda tam müstəqillik yaranandan indiyə qədər olan dövrdür. 1995-ci ilin sonunda və 1996-cı ildə artıq biz Azərbaycanın daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirə bildik və ondan sonrakı illərdə – bu günə qədər bu proses davam edir. Azərbaycanda daxili vəziyyət ildən-ilə, aydan-aya, gündən-günə tam sabit, tam normal şəraitdədir. İnsanlar rahatlıq əldə ediblər, sərbəst yaşayırlar, onlar istədikləri sahədə əmək fəaliyyəti göstərməyə imkan qazanıblar. 

Təbiidir ki, Azərbaycanda sabitlik yaratmaq üçün və respublikamızın müstəqil dövlət kimi yaşaması üçün Ermənistan - Azərbaycan müharibəsində də qəti tədbirlər görmək lazım idi. 

Azərbaycanda olan bu daxili çəkişmələr, hakimiyyət mübarizəsi, müxtəlif qüvvələrin təxribatları, Ermənistan silahlı qüvvələrinə ayrı-ayrı ölkələrdən göstərilən xüsusi yardımlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsinə imkan yaratmışdır. Onlar Azərbaycanın vəziyyətindən çox çevik istifadə edərək torpaqlarımızı ardıcıl surətdə işğal etmişlər. Təbiidir ki, bu işğal 1989-cu ildən başlanmış, öncə Dağlıq Qarabağın ərazisi, sonra onun ətrafı işğal olunmuş və nəhayət, indi Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu torpaqlardan zorla çıxarılmış bir milyon soydaşımız ağır vəziyyətdə çadırlarda yaşayır. 

1994-cü ilin may ayında Ermənistan - Azərbaycan müharibəsində atəşkəs sazişi imzalanmışdır. Altı ildən çoxdur ki, Azərbaycan müharibəsiz, sülh şəraitində yaşayır. Baxmayaraq ki, hələ tam sülh yoxdur.

Müharibənin dayandırılması, daxili vəziyyətin sabitləşdirilməsi, ictimai-siyasi sabitliyin möhkəmlənməsi Azərbaycanın müstəqil dövlət kimi dövlət quruculuğu prosesini aparmasına imkanlar yaratdı. Məhz bu şəraitdə – 1995-ci ildə müstəqil Azərbaycan özünün ilk milli demokratik Konstitusiyasını qəbul etdi. Bu, tarixi hadisədir. Azərbaycan müstəqilliyini əldə etmişdi, ancaq 1995-ci ilə qədər ağır və çətin problemlərlə rastlaşırdı. Təbiidir ki, bu şəraitdə çox işləri görmək mümkün deyildi, o cümlədən Konstitusiyanın qəbul olunması.

Məhz ictimai-siyasi sabitliyin yaranması və Azərbaycanın daxilində olan bütün qanunsuz silahlı dəstələrin ləğv olunması, cinayətkar qrupların cinayətlərinin qarşısının alınması – bunlar hamısı Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılmasına şərait yaratdı.

Azərbaycan öz dövlət müstəqilliyini elan edərkən bəyan etmişdi ki, Azərbaycan demokratiya yolu ilə gedəcək, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedəcəkdir. Bunlar elan olunmuşdu, ancaq təəssüf ki, Azərbaycanın daxili vəziyyəti, dediyim kimi, çox gərgin olduğuna görə bunlar söz idi, əməli tədbirlər lazımi səviyyədə görülmürdü.

Azərbaycanda müstəqil dövlətin təsisatlarının yaranması və dövlət quruculuğu prosesi sürətlə 1995-ci ildə başlamış və bunun əsasını da təşkil edən Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyasıdır. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçilik möhkəmlənib, demokratik prinsiplər bərqərar olub, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla, sürətlə həyata keçirilir. Azərbaycanın öz iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməsi üçün imkanlar yaradılıb və bir çox nailiyyətlər əldə olunubdur. Azərbaycan bir dövlət kimi möhkəmlənib, Azərbaycanın Silahlı Qüvvələri, ordusu yaranıb, güclənib, inkişaf edibdir və bu gün müstəqil Azərbaycanın milli mənafelərini, torpaqlarını, onun hüdudlarını qorumağa qadir ordudur.

Konstitusiya qəbul olunandan sonra ötən beş il ərzində bizim ali qanunvericilik orqanımız – Milli Məclis tərəfindən 400-dən çox qanun qəbul edilmişdir. Məhz Konstitusiyanın əsasında, qəbul olunmuş qanunların əsasında Azərbaycanda siyasi, iqtisadi, demokratik islahatlar həyata keçirilir. Bu islahatlar bütün sahələrdə aparılır. Onların ilbəil həyata keçirilməsi Azərbaycanın bütün sahələrdə inkişafını təmin edir.

Azərbaycan öz daxili və xarici siyasətini müəyyən edibdir. Dediyim kimi, daxili siyasət Azərbaycanda demokratik, hüquqi dövlət qurmaq, bazar iqtisadiyyatı yaratmaq, iqtisadi islahatlar aparmaqdan və Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq, hüquqlarının qorunmasını təmin et­mək və öz rifah halını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarətdir.

Azərbaycanın xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr qurmaq və bu əlaqələr vasitəsilə həm gənc, müstəqil dövlət kimi, inkişaf etmiş dövlətlərin təcrübəsindən istifadə etmək, həm də bu təcrübənin mümkün olan hissələrini Azərbaycanda tətbiq etmək, eyni zamanda Azərbaycanın dünya miqyasında özünə layiq yer tutmasına nail olmaq məqsədi daşıyır. Azərbaycanın xarici siyasətində əsas problem Ermənistan - Azərbaycan münaqişəsinin həll olunmasıdır.

Beləliklə, biz qısa bir zamanda Azərbaycanda müstəqil dövlət, demokratik, hüquqi, dünyəvi dövlət qurmuşuq, onun təsisatlarını yaratmışıq. Azərbaycanda iqtisadi islahatlar apararaq bazar iqtisadiyyatını inkişaf etdiririk. Azərbaycan artıq inkişaf dövrünü yaşayır.

Hər bir ölkənin, xalqın həm yaşaması, həm də dövlətinin olması üçün əsas şərt onun iqtisadiyyatıdır. Azərbaycan zəngin təbii sərvətlərə malikdir – neft-qaz yataqları, digər təbii sərvətlər vardır. Keçmiş illərdə Azərbaycanın güclü iqtisadi potensialı yaradılmışdır. Bu baxımdan son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin ən əsası Azərbaycan dövlətinin neft strategiyasının işlənib hazırlanması və ardıcıl surətdə həyata keçirilməsidir. Bu neft strategiyası, onun həyata keçirilməsi vasitəsilə Azərbaycan dünyanın bir çox böyük ölkələrinin diqqətini, marağını özünə cəlb edibdir. Bir çox faydalı sazişlər imzalanıb, işlər görülübdür.

Azərbaycanın neft strategiyası ölkəyə həm iqtisadi inkişaf üçün böyük imkanlar yaradıb, həm də dünyanın bir çox dövlətləri ilə, böyük dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa imkan veribdir.

Azərbaycanın məhz neft strategiyası ölkəmizi dünyada daha da cazibədar edibdir. Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi sahəsində Azərbaycanın göstərdiyi təşəbbüs və gördüyü işlər dünya ictimaiyyətinin, bir çox dövlətlərin Xəzər hövzəsinə olan marağını həddindən çox artırıbdır. İndi Xəzər dənizi hövzəsi dünyanın, demək olar ki, hər yerində maraq cəlb edən bir hövzədir.

Məlumdur ki, Xəzər dənizinin zəngin ehtiyatları – neft və qaz yataqları hələ uzun müddət – on illər, yüz illər dünya iqtisadiyyatını cəlb edəcək və Xəzər dünyanın neft və qaz hasil edən ən böyük regionlarından birinə çevriləcəkdir. Biz iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan bütün bu prosesin təşəbbüskarıdır. Məhz bizim təşəbbüsümüz Xəzəryanı başqa dövlətləri də Xəzər hövzəsində fəal işləməyə cəlb edibdir. Beləliklə, indi Xəzər dənizi dünyanın diqqət mərkəzindədir. 

Altıncı ildir ki, Azərbaycanda beynəlxalq neft və qaz sərgisi keçirilir. Bu sərgi ilk dəfə 1994-cü ildə keçirilmişdir. Bu il iyun ayının əvvəlində altıncı dəfə keçiriləcəkdir. İndi bu sərgiyə dünyanın, demək olar ki, hər yerindən neft və qazla, digər problemlərlə məşğul olan şirkətlər gəlir, öz imkanlarını bəyan edir, geniş fikir mübadiləsi aparırlar. Beləliklə, biz dövlətimizin neft strategiyası vasitəsilə Azərbaycanı Xəzər dənizi hövzəsinin müəyyən qədər mərkəzinə çevirmişik. Azərbaycan vasitəsilə də dünya iqtisadiyyatını Xəzər dənizinə cəlb etmişik. 

Bunun konkret əməli nəticələri göz qabağındadır. Biz 1994-cü ilin sentyabr ayında ilk müqaviləni – «Əsrin müqaviləsi»ni imzaladıq. Bu günədək dünyanın böyük neft şirkətləri ilə 19 müqavilə imzalanıbdır. Birinci müqavilə əməli surətdə həyata keçirilir. O mənada ki, orada 1997-ci ilin sonundan neft hasilatı başlanıbdır. Biz neftin ixracı üçün iki neft borusu – Bakı–Novorossiysk, Bakı–Supsa – yaratmışıq və neft ixrac edirik. Neft hasilatı başlanandan indiyə qədər 9 milyon 500 min tondan artıq neft çıxarılıb və ixrac olunubdur.

Ancaq biz böyük neft gözləyirik. İlk neft müqaviləsindən 60 milyon tondan çox neft əldə edilməsi planlaşdırılıbdır. Təbiidir ki, o biri müqavilələr də öz imkanlarını göstərəcəkdir. Ona görə də böyük ixrac neft borusunun çəkilməsi əvvəldən də zəruri olmuşdur və bu gün də zəruridir.

Beş ildir ki – ilk müqaviləni imzalayandan – biz bu problemin üzərində işləyirik. Çox çətin problemlərlə, çox təzyiqlərlə, maneələrlə rastlaşdıq. Ancaq öz iradəmizdən dönmədik. Bakı – Tbilisi – Ceyhan ixrac neft borusunun tikilməsi üçün bütün səylərimizi qoyduq. 1998-ci ilin oktyabr ayında «Ankara bəyannaməsi» qəbul olundu. 1999-cu ilin noyabr ayında «İstanbul bəyannaməsi» qəbul olundu və bunların nəticəsində Türkiyə, Gürcüstan və Azərbaycan arasında bütün kommersiya müqavilələri imzalandı. Dünən Azərbaycanın Milli Məclisi bütün bu müqavilələri, bəyannaməni təsdiq etdi. Bəyan edirəm ki, Milli Məclisin Bakı – Tbilisi – Ceyhan neft borusu haqqında qanunu bu gün mənim tərəfimdən imzalanıbdır.

Ümidvaram ki, yaxın günlərdə Türkiyənin Böyük Millət Məclisi, Gürcüstanın parlamenti də bu müqavilələri təsdiq edəcəklər. Beləliklə, beş il aparılmış gərgin iş birinci mərhələsini bitirib ikinci mərhələsinə keçəcək, Bakı – Tbilisi – Ceyhan neft kəmərinin inşası başlanacaqdır. Əminəm ki, o, qısa bir zamanda tikilib başa çatdırılacaq və Azərbaycanın nefti, təkcə Azərbaycanın yox, Xəzəryanı ölkələrin – xüsusən Qazaxıstan buna çox maraq göstərir – nefti həmin əsas ixrac boru xətti ilə Azərbaycandan Aralıq dənizi sahilindəki Ceyhan limanına çatdırılacaqdır. 

Bunlar hamısı bizim həm iqtisadiyyat sahəsində, həm də siyasət, beynəlxalq əlaqələr sahəsində gördüyümüz işlərin əməli nəticəsidir. Beləliklə, biz neft strategiyası vasitəsilə Azərbaycana xarici investisiyanın cəlb edilməsinə nail olmuşuq. Məlumdur, gənc müstəqil ölkə, xüsusən bizim kimi, böyük dağıntılara və böyük itkilərə məruz qalmış ölkə müstəqilliyə nail olduqdan sonra iqtisadiyyatını öz daxili imkanları ilə vaxtında inkişaf etdirə bilməzdi. Ona görə də biz xarici investisiyanın Azərbaycana cəlb olunmasını əsas məsələ kimi qoyduq. İndi böyük qürur hissi ilə sizə deyə bilərəm ki, son dörd ildə Azərbaycana 4,5 milyard Amerika dolları həcmində xarici investisiya gəlibdir. Bunlar hamısı Azərbaycanın iqtisadiyyatınadır.

Onu da sizə çatdırmaq istəyirəm ki, əgər əvvəlki illərdə xarici investisiyanın 60–70 faizi neft sektoruna düşürdüsə, 1999-cu ildə xarici investisiyanın 60 faizi qeyri-neft sektorunda və 40 faizi neft sektorundadır. Bu onu göstərir və ayrı-ayrı yerlərdən verilən suallara cavab verir ki, Azərbaycan dövləti, hö­kuməti öz daxili imkanlarından istifadə edərək, eyni zamanda xarici investisiyanı cəlb edərək iqtisadiyyatın bütün sahələrini inkişaf etdirir.

Mən neft strategiyasından danışdım, xarici investisiyanın cəlb olunmasından danışdım. Ancaq Azərbaycan belə tədbirləri hansı vəziyyətdə həyata keçirməyə başlayıbdır? 1991–1994-cü illərdə Azərbaycanda iqtisadiyyat ilbəil tənəzzül edibdir. Hər il ümumi daxili məhsul 20–23 faiz aşağı düşürdü. Sə­naye istehsalı 20–24 faiz, kənd təsərrüfatı istehsalı 15–20 faiz, kapital qoyuluşu 40 faiz aşağı düşürdü. Bununla yanaşı, istehlak mallarının qiyməti ilbəil artırdı. 

Ancaq 1994-cü ildən sonra, 1995-ci ildə bizim apardığımız bütün tədbirlər nəticəsində Azərbaycanın iqtisadiyyatında sabitlik yarandı və 1996-cı ildən ölkəmizin iqtisadiyyatı inkişaf dövrü keçirir.

Təbiidir ki, o dağıntılar, pozuntular olmasaydı biz bu işləri daha da əvvəl görə bilərdik. Ancaq 1993-cü ildə, 1994-cü ildə biz islahatlar həyata keçirə bilməzdik. Biz sadəcə, iqtisadiyyatın geriləməsinin, o vaxt mövcud olan ağır problemlərin qarşısını almalı idik. Biz bunlara nail olduq. Dediyim kimi, nəhayət, 1995-ci ildə sabitliyi təmin etdik. Ondan sonra isə Azərbaycanın iqtisadiyyatı ilbəil inkişaf edibdir. Ümumi daxili məhsul 1996-cı ildən ardıcıl surətdə inkişaf edir və 1999-cu ildə 7,4 faiz təşkil edibdir. Bu ilin 4 ayında da 7 faizdən artıqdır. Bu, yüksək göstəricidir. 

Bütün bunlarla bərabər, Azərbaycanda inflyasiyanın qarşısı alınıbdır. 1994-cü ildə Azərbaycanda inflyasiya 1600–1800 faizə çatmışdı. Biz 1995-ci ildə inflyasiyanın bu qədər artmasının qarşısını aldıq, 1996-cı ildən isə inflyasiyanın qarşısını, demək olar ki, tamamilə aldıq. Son illər Azərbaycanda inflyasiya yoxdur. Bununla bərabər, manatın dollara nisbətən məzənnəsi sabitdir. İstehlak mallarının da qiymətləri artmır, çox hallarda aşağı düşür.

Biz sənayedə də inkişafa nail olduq. 1996-cı ildən sənaye də inkişaf edir. Keçən il respublikamızda sənaye məhsulları istehsalı 3,6 faiz artmışdır. Kənd təsərrüfatı məhsulları istehsalı da ilbəil inkişaf edir və keçən il onun da inkişafı 3 faizdən artıq olmuşdur.

Bunların nəticəsində biz beynəlxalq normalara cavab verən valyuta ehtiyatları yaratmışıq. İndi Azərbaycanın 700 milyon dollar məbləğində valyuta ehtiyatı var. Ancaq 1994-cü ildə bir dollar da yox idi. 

Bilməlisiniz, bunlar hamısı ölkəmizdə aparılan düzgün iqtisadi siyasətin, Azərbaycan dövlətinin, hökumətinin, iqtidarının iqtisadi-sosial islahatları ardıcıl surətdə həyata keçirməsinin nəticəsidir. Biz 1995–1996-cı illərdə cəsarətli addımlar atdıq, torpaq islahatı haqqında qanun qəbul etdik və onu həyata keçirdik, torpağın hamısını şəxsi mülkiyyətə verdik. İndi torpaqdan istifadənin səmərəliliyi xeyli yüksəlibdir. Hazırda iqtisadiyyatın bütün sahələrində istehsal artıbdır. Bu, Azərbaycanın hər bir vətəndaşı üçün lazımdır. İndi Azərbaycanda ərzaq məhsullarının bolluğu yaranıbdır. Bu, nəyin sayəsində olubdur? Bu, birincisi, islahatların, özəlləşdirmənin, torpaq islahatının nəticəsidir. Bunlar olmasaydı, biz buna nail ola bilməzdik. Biz 1994-cü ildə vətəndaşlarımızı çörəklə təmin etmək üçün nə qədər çətinliklərlə üzləşirdik.

Azərbaycanda islahatlar uğurla həyata keçirilir. Özəlləşdirmə prosesinin birinci mərhələsi qurtarıbdır. Onun yeni mərhələsi haqqında Milli Məclis qanun qəbul edibdir. Biz özəlləşdirmənin ikinci mərhələsinin proqramını yaxın günlərdə təsdiq edib elan edəcəyik və onun əməli surətdə həyata keçirilməsini təmin edəcəyik. Məhz iqtisadi islahatların, bizim düzgün iqtisadi siyasətimizin, xarici ticarəti sərbəstləşdir­məyimizin, iqtisadiyyatın bütün sahələrində liberallaşdırma aparmağımızın nəticəsində biz Azərbaycanda iqtisadiyyatın belə inkişafına nail ola bilmişik.

Bizim apardığımız islahatlar nəticəsində özəl sektor, Azərbaycan cəmiyyətinin orta təbəqəsi, sahibkarlar yaranıbdır. Biz bunlara şərait yaradırıq və bundan sonra da yaradacağıq. Biz onların hüquqlarını qoruyur və bundan sonra da qoruyacağıq. Biz xarici investorların bütün hüquqlarını qoruyuruq, bundan sonra da qoruyacağıq. Bütün bunlar üçün ölkəmizdə lazımi qanunlar qəbul olunubdur və bir neçə qanun da bundan sonra qəbul ediləcəkdir.

Məhz aparılan islahatların nəticəsidir ki, respublikamızda əldə edilmiş ümumi daxili məhsulun 62 faizi özəl sektora məxsusdur. Sənayedə 35 faiz, kənd təsərrüfatında 98 faiz, ticarətdə 98 faiz, tikintidə 77 faiz, yük daşımalarında 45 faiz, sərnişin daşımalarında 80 faiz özəl sektora məxsusdur. Bizim iqtisadi islahatların konkret göstəriciləri budur. Özəlləşdirmə sahəsində əldə etdiyimiz nailiyyətlər budur. Bazar iqtisadiyyatına sadiqliyimiz və bazar iqtisadiyyatı yolu ilə uğurla getməyimiz budur. Nəhayət, bazar iqtisadiyyatının bu gün də, gələcəkdə də müstəqil Azərbaycan üçün nə qədər vacib olması budur.

Bütün bunların nəticəsində biz Azərbaycanda sosial məsələlərin həll olunması sahəsində böyük nailiyyətlər əldə etmişik. Bunlar göz qabağındadır. Biz çox təbəqələrin maaşını, pensiyasını ilbəil artırırıq. Ancaq zaman keçdikcə bunlar unudulur, cəmiyyətdə ayrı-ayrı bədxah qüvvələr səhər də, axşam da, gecə də, gündüz də deyir ki, «xalq səfalət içindədir, nə bilim, xalq acından ölür, filan olur» və sairə.

Son beş ildə – 1994-cü ildən 1999-cu ilə qədər Azərbaycanda orta aylıq əmək haqqı 12 dəfə artıbdır. Bu, statistikanın məlumatıdır. Maaşlar artıbdır. Səhiyyə, mədəniyyət, incəsənət sahələrində, kütləvi informasiya vasitələrində, bədən tərbiyəsi və sosial təminat sahələrində maaşlar orta hesabla 6,2 dəfə artıbdır. Təhsil işçilərinin əmək haqqı 8,1 dəfə artıbdır. Elmi işçilərin maaşı 6,6 dəfə artıbdır. Orta aylıq pensiyanın məbləği 2,8 dəfə artıbdır. Azərbaycanda maaşlar və pensiyalar vaxtlı-vaxtında verilir. Mənə verilən məlumatlardan bilirəm ki, artıq may ayının da maaşları və pensiyaları verilir və başa çatmaqdadır.

Bu, Azərbaycanın daxilində bəlkə də o qədər görsənmir. Ancaq əgər biz özümüzü Sovetlər İttifaqına mənsub olmuş başqa müstəqil dövlətlərlə müqayisə etsək – bunu çoxları bilir – qonşuluğumuzda da, başqa yerlərdə də ölkələr, dövlətlər var ki, orada insanlar 5–6 aylarla maaş, pensiya almırlar, ağır vəziyyətdə yaşayırlar. Yaxud, mənim sizə elan etdiyim iqtisadi göstəricilər, yəni ümumi daxili məhsul, sənaye, kənd təsərrüfatı məhsullarının artımı, başqa iqtisadi göstəricilər Azərbaycanı MDB ölkələri içərisində birinci sıralarda aparır.

Təbiidir ki, biz bununla qane ola bilmərik. Mən hesab etmirəm ki, bu, Azərbaycanın lazım olan səviyyəsidir, xeyr. Amma hər şey imkan daxilindədir. Eyni zamanda, hər şey müqayisə ilə ölçülür. 

Nəzərə alaq ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndə MDB-nin üzvü olan bütün ölkələrlə müqayisədə ən ağır vəziyyətdə idi. Mən təkrar edirəm, Ermənistanla gedən müharibəyə, Azərbaycanın daxilində hakimiyyət uğrunda aparılan mübarizəyə, ölkəmizin daxilində ictimai-siyasi sabitliyin pozulmasına görə – bütün bunlara görə Azərbaycan başqa ölkələrdən fərqlidir, onlarda belə problemlər yoxdur. Onlar dövlət müstəqilliyini əldə edəndən sonra daxildə, yaxud xaricdə heç bir problemlə rastlaşmayıblar. Amma biz 1994-cü ilə qədər belə ağır problemlərlə rastlaşmışıq. 1995-ci ildə sabitliyə nail olmuşuq. Əldə etdiyimiz nailiyyətlər, sadəcə, son beş ilin nailiyyətləridir. Əgər əvvəlki illərdə də bizim bu cür işləmək imkanımız olsaydı, təbiidir ki, indi ölkəmizin nailiyyətləri də bundan çox olardı.

Əziz dostlar, beləliklə, dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, vətəndaşlarımızın rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Biz bunu edirik. Mən bunu hansı yollarla etdiyimizi sizə bildirdim. Bir daha bəyan edirəm ki, Azərbaycanın iqtisadiyyatı ardıcıl olaraq bazar iqtisadiyyatı prinsipləri əsasında gedəcəkdir. Biz ölkəmizdə bazar iqtisadiyyatını tam bərqərar edəcəyik və dünya iqtisadiyyatı ilə daha da sıx bağlanacağıq. İnanıram ki, Azərbaycanın iqtisadiyyatı yaxın illərdə daha da sürətlə inkişaf edəcəkdir.

Birincisi, biz artıq ilk neft müqaviləsindən gəlirlər əldə edirik. Bu gəlir ilbəil artacaqdır. İkincisi, apardığımız islahatlar hər il öz yeni yüksək səviyyəsinə çatacaqdır və əməli nəticələr verəcəkdir. Bunlar hamısı birlikdə Azərbaycanın iqtisadiyyatını yaxın illərdə daha da yüksəklərə qaldıracaq və vətən­daşlarımızın rifah halı yaxşılaşacaq, çətin, ağır vəziyyətdə yaşayan insanlar yaxşı şərait əldə edəcəklər. Buna tam əmin ola bilərsiniz.

Mən bu gün bir daha elan edirəm ki, Azərbaycan demokratiya yolu ilə gedir və demokratiya yolu ilə də gedəcəkdir. Biz payızda Milli Məclisə yeni seçkilər keçirəcəyik. Bu seçkilərin keçirilməsi üçün indi qanun layihələri müzakirə olunur, onlar qəbul ediləcəkdir. Seçkilərin tam demokratik keçirilməsi üçün bütün imkanlar yaradılacaqdır.

Azərbaycanda demokratiya yaranıb, Azərbaycanda demokratiya var, Azərbaycanda demokratiya inkişaf edir. Respublikamızda iqtisadiyyat inkişaf edir. Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olubdur.

Daxili ictimai-siyasi sabitlik olmayan yerdə demokratiya ola bilməz. Daxili ictimai-siyasi sabitlik olmayan yerdə islahatlar keçirmək olmaz. Sabitlik olmayan yerdə iqtisadiyyat inkişaf edə bilməz. Bizim bütün nailiyyətlərimizin əsası odur ki, müstəqil dövlətimizin o ağır illərini yaşadıq və uğurla yaşadıq. Bütün o çətinlikləri aradan qaldırdıq. Xalqımıza rahat yaşamaq imkanları verdik və dövlətə, hökumətə, özəl sektora rahat yaşamaq, iqtisadiyyatı rahat inkişaf etdirmək imkanları yaratdıq. Bizim demokratiyamız budur, bizim bazar iqtisadiyyatımız budur, bizim hüquqi, demokratik, dünyəvi dövlət quruculuğumuz budur. 

Bəziləri – məhz 1991–1993-cü illərdə və 1994-cü ildə Azərbaycanda daxili ictimai-siyasi vəziyyəti gərginləşdirənlər və ölkəmizi vətəndaş müharibəsi həddinə gətirib çıxaranlar yenidən müxalifətə keçiblər və hakimiyyət uğrunda mübarizə aparırlar. Aparsınlar, burada təəccüblü bir şey yoxdur. Ancaq iş burasındadır ki, onlar hansısa bir fürsətdən istifadə edib 1992-ci ildə hakimiyyətə gəlmişdilər və deyirlər ki, demokratik yolla hakimiyyətə gəlmişdilər. Əgər demokratik yolla hakimiyyətə gəlmişdilərsə və hesab edirlər ki, demok­ratiya hakimiyyətin davamlı olmasının əsas şərtidir, onda bəs onları seçmiş, onlara etimad göstərmiş insanlar, vətəndaşlar, Azərbaycan xalqı nə üçün bir ildən sonra onlardan imtina etdi? 

Onlar dövləti idarə edə bilmədilər, kiçik bir silahlı qüvvənin qarşısında dura bilmədilər, xalq onların arxasında durmadı, onları dəstəkləmədi. Onlar qaçdılar, dağıldılar, gizləndilər və bir neçə ildən sonra yenə də zühur etdilər. Odurmu bu demokratiya? 

Demokratiya xaos demək deyildir. Onlar Azərbaycanda xaos yaratmışdılar. Onlar Azərbaycanda ağır bir vəziyyət yaratmışdılar və özləri də o xaosun, özbaşınalığın qurbanları oldular. İndi isə hər şey – iqtisadiyyat da, dövlət quruculuğu da kənarda qalıb, səhər-axşam dedikləri söz budur: demokratiya, demokratiya, demokratiya.

Son yeddi ildə Azərbaycanda demokratiyanı quran bugünkü iqtidardır. Bu demokratiyanı quran bizik. Onlar isə 1992–1993-cü illərdə Azərbaycanda ilk addımını atan demokratiyanı xaosla əvəz etdilər və bunun da nəticəsində ölkəmiz böyük çətinliklərlə, vətəndaş müharibəsi ilə rastlaşdı.

Ona görə nə burada, nə də Azərbaycandan kənarda heç kəs narahat olmasın: Azərbaycan demokratiya yolu ilə gedir, gedəcəkdir və biz bunu heç kəsə görə etmirik. Biz bunu Azərbaycan xalqının rifahı naminə, ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanması üçün edirik. Biz bunu Azərbaycanın xoşbəxt gələcəyi üçün edirik. Bu bizim məqsədimizdir. Bu bizim tutduğumuz yoldur. Biz bu yolla gedəcəyik.

Biz həmişə demişik və bu gün də deyirik ki, Azərbaycanın müstəqil dövlət kimi sürətlə inkişaf etməsinə mane olan Ermənistanın təcavüzü ilə əlaqədar onun düşdüyü vəziyyətdir.

Altı ildir ki, biz atəşi dayandırmışıq, ancaq sülhə də nail olmamışıq. Gördüyümüz işlər göz qabağındadır. Bu altı il müddətində dünyanın bütün beynəlxalq təşkilatlarının, təsirə malik olan böyük dövlətlərin imkanlarından istifadə etməyə çalışmışıq və istifadə etmişik. Biz bir neçə dəfə məsələnin həll olunmasına yaxınlaşmışıq. Ancaq Ermənistanın daim destruktiv mövqe tutması, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə özünü haqlı, üstün hesab etməsi və beynəlxalq təşkilatların, Minsk qrupunun, onun həmsədrləri Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın Ermənistana lazımi təsir göstərə bilməməsi bu problemin indiyə qədər həll olunmasına imkan verməyibdir. 

Bir milyon Azərbaycan vətəndaşı qaçqın vəziyyətində çadırlarda yaşayır. Bəli, demokratiya insan hüquqlarının qorunması ilə sıx bağlıdır. Hər bir vətəndaşın hüququ qorunmalıdır. Dünyada insan hüquqlarının qorunmasına nəzarət edən cəmiyyətlər gərək hər bir vətəndaşın hüquqlarının pozulması ilə maraqlansınlar və onun qarşısını alsınlar. Burada, Azərbaycanda kimsə cinayət etdiyinə görə cəzalandırı­landa onun havadarları tapılır və sübut etməyə çalışırlar ki, onun hüquqları pozulubdur. Bəs o bir milyon Azərbaycan vətəndaşının hüquqları pozulub, səkkiz ildir çadırlarda yaşayırlar, niyə bir beynəlxalq təşkilat, demokratiya cəhətdən inkişaf etmiş bir ölkə onların hüquqlarının bərpası üçün səylər göstərmir?

Azərbaycana qarşı ədalətsiz 907-ci maddə tətbiq olunubdur. Misli görünməmiş bir paradoksdur: Azərbaycanın torpaqları işğal olunub, bir milyon qaçqın var, eyni zamanda 1992-ci ildə Azərbaycanı günahlandırıblar ki, «Azərbaycan Ermənistanı blokadaya alıbdır». Bəlkə də o vaxt həm Amerika Konqresindəki ermənipərəst qüvvələrin güclü olmasına və Azərbaycan rəhbərliyinin ağılsız siyasət aparmasına görə bu maddə qəbul edilibdir. Bəli, məhz buna görə bu maddə qəbul olunubdur. Bu, Azərbaycana qarşı ayrı-seçkilik aktıdır. 

Ancaq indi tamam başqa vəziyyətdir. İndi dünya da görür ki, Amerika Konqresində də görürlər ki, Azərbaycanın torpaqları işğal altındadır. Onların nümayəndələri gedib işğal olunmuş torpaqları gəziblər, görüblər. Hətta Ağdam məscidinin bir parçasını da gətirib mənə verdilər. Daş daş üstə qalmayıbdır. Əgər ədalət varsa, bəs nə üçün 907-ci maddə ləğv olunmur? Nə üçün bizim bu müxalifətdir, nədir – hakimiyyət uğrunda mübarizə aparanlar nə qaçqın haqqında düşünür, nə 907-ci maddə haqqında düşünür, ancaq öz hakimiyyəti haqqında düşünür. Onlar Azərbaycanın bu ağır, çətin problemlərini heç vaxt həll etməyə qadir deyillər. Bunu onlar da bilməlidir və başqaları da bilməlidir. 

Biz bundan sonra da sülh danışıqlarını aparacağıq. Mən dəfələrlə dediyim kimi, bu gün də bəyan edirəm ki, məsələni sülh yolu ilə həll etməyə nail olacağıq.

Doğrudur, çətindir, ağırdır, çox ağırdır. Çünki ədalətsizlik mövcuddur. Bir adama qarşı ədalətsizlik günah sayılır. Ancaq bütün xalqa qarşı, ölkəyə qarşı, bütün dövlətə qarşı ədalətsizlik gör neçə qat günahdır. Günah edənlər bilirlər ki, o günahı edirlər.

Biz bu məsələlərin sülh yolu ilə həll edilməsinə nail olacağıq. Mən hesab edirəm ki, imkanlar var. Minsk qrupunun rəhbərləri öz fəaliyyətlərini yenidən bərpa ediblər, Cenevrədə görüşlər keçiriblər. Dünya maliyyə mərkəzləri ilə görüşlər aparılır. İşğal edilmiş torpaqlar azad olunandan sonra orada bərpa işləri görülməsi haqqında müəyyən müzakirələr keçirilibdir, planlar hazırlanır. İşğal edilmiş torpaqların azad olun­ması əsas şərtdir. Amma viran olmuş torpaqlarda sonra yaşayış şəraiti yaratmaq, bərpa işləri aparmaq lazımdır. Bu, bir ilin, iki ilin işi deyildir. Ermənistanla münaqişə nəticəsində Azərbaycan elə bir ağır vəziyyətə düşübdür ki, sülh yaranandan sonra hələ neçə illər lazımdır ki, o torpaqları normal vəziyyətə gətirək. Təbiidir ki, beynəlxalq təşkilatlar bu işdə bizə kömək etməlidir və onlar söz verirlər ki, kömək etsinlər.

Ermənistan və Azərbaycan prezidentlərinin birbaşa danışıqları bundan sonra da davam edəcəkdir. Güman edirəm ki, bütün bu səylərimizlə Ermənistan - Azərbaycan münaqişəsini müəyyən kompromislər vasitəsilə, nəhayət, həll etməyə nail olacağıq və sülh yaranacaqdır. Hamı–həm Qafqazda, o cümlədən, Cənubi Qafqazda marağı olan ölkələr, həm də Xəzər hövzəsində marağı olan ölkələr bilməlidir ki, Ermənistan - Azərbaycan münaqişəsi qurtarmayana qədər, Ermənistanla Azərbaycan arasında sülh yaranmayana qədər, burada təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsinə nail olunmayana qədər Qafqazda vəziyyət gərgin olacaqdır. Bu təkcə bizim üçün deyil, həm də Qafqaz bölgəsinə, Xəzər dənizi bölgəsinə maraq göstərən ölkələr üçündür. 

Ona görə biz istəyirik ki, sülh olsun, Ermənistanla Azərbaycan arasında sülh yaransın. Mən əminəm ki, sülh yaranan­dan sonra Qafqazda, xüsusən Cənubi Qafqazda böyük canlanma başlayacaqdır. O insanlar ki, indiyə qədər sülhün yaranmasına mane olurlar, onlar özləri bunun şahidi olacaqlar və biz bunun şahidi olacağıq, biz buna nail olacağıq.

Qaçqın və köçkün vəziyyətində yaşayan insanların vəziyyəti, təbiidir ki, bizi daim narahat edir. Yaxın vaxtlarda burada beynəlxalq konfrans keçirildi. Biz beynəlxalq təşkilatlara, humanitar təşkilatlara kəskin tələblərimizi bildirdik, sözlərimizi dedik. Çalışacağıq ki, bunlardan müəyyən konkret nəticələr əldə edək.

Amma eyni zamanda – mən bunu dəfələrlə demişəm və bu gün də deyirəm – qaçqın və köçkün vəziyyətində yaşayan insanlara yardımı artırmaq lazımdır, Azərbaycanın daxilindən yardımı artırmaq lazımdır. Onlara büdcədən verilən pulları mən son iki ildə üç dəfə artırmışam. İmkan olsa, yenə də artıracağam. Ancaq təkcə bununla onları təmin etmək mümkün olmur. Ona görə də yardımı artırmaq lazımdır. İmkanı olan hər bir şəxs yardım etməlidir. Amma bunu da, sadəcə, şöhrət naminə yox ki, gedib hansısa bir qaçqın düşərgəsində yardım paylasın, bunu televiziya çəksin və sonra da göstərsin. Bu ucuz şöhrət lazım deyildir.

Bu yardımlar hamısı bizim Dövlətqaçqınkom vasitəsilə olmalıdır. Ona görə də komitə bu işə rəhbərlik etməli, bu işi əlaqələndirməlidir. Hansısa bir təşkilat, özəl qurum, hansısa müəssisə qaçqınlara yardım edirsə, bunu məhz komitə vasitəsilə etməlidir. Onda bilinəcək ki, birincisi, bu yardımı kimə və hara etmək lazımdır, ikincisi də, hansı təşkilat həqiqətən nə qədər yardım edəcəkdir. Mən komitənin sədri Əli Həsənova tapşırıram ki, bu barədə çox dəqiq uçot aparsınlar, yazsınlar, dəftərə salsınlar. Bilsinlər ki, hansı təşkilat, sahibkar, hansı iş adamı, vətəndaş hansı yardımı edibdir. Bir tərəfdən, yardımlardan səmərəli istifadə olunacaq, ikinci tərəfdən də, əgər o adamlara şöhrət lazımdırsa, mən deyərəm ki, ildə bir dəfə o siyahını dərc eləsinlər, televiziya ilə versinlər və onlar da rahat olsunlar ki, bu yardımı göstəriblər. 

Əziz dostlar! Yeddi aydan sonra Azərbaycanın dövlət müstəqilliyinin 9 ili tamam olacaqdır. Yeddi aydan sonra biz yeni əsrə keçəcəyik. Bu gün, bu bayram günü mən Azərbaycanın son vaxtlar keçdiyi yol, müstəqillik yolu, əldə etdiyi nailiyyətlər haqqında öz fikirlərimi sizə bildirdim. Ancaq bütün bu nailiyyətlərimizin əsası bizim müstəqilliyimizi qorumaq, saxlamaqdır, Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyi qorumaq, saxlamaqdır.

Müstəqilliyi qorumaq üçün, müxtəlif xarici təzyiqlərdən xilas olmaq üçün, təxribatlardan xilas olmaq üçün gərək Azərbaycanda yaratdığımız ictimai-siyasi sabitliyi qoruyaq, möhkəmləndirək. Bunun üçün gərək Azərbaycanda vətəndaşların birliyi, həmrəyliyi yaransın. Siyasi baxışlarından, iqtidardan razı olub-olmamasından asılı olmayaraq gərək hər bir vətəndaş düşünsün ki, Azərbaycana müxtəlif yerlərdən müxtəlif niyyətlər və müxtəlif bəd münasibətlər var. Bunların qarşısını almaq üçün Azərbaycanın daxilində birlik, həmrəylik yaranmalıdır. 

Mən xalqımızı dəfələrlə buna dəvət etmişəm, bütün vətəndaşlarımızı buna dəvət etmişəm. Bu gün mən bütün siyasi partiyaları, qurumları, təşkilatları – hamısını bax, bu yola dəvət edirəm. Şəxsi ambisiyaları kənara qoymaq lazımdır. 1991-ci ilin sonunda Azərbaycanın əldə etdiyi dövlət müstəqilliyi tarixi nailiyyətdir və biz bunu qorumalıyıq, saxlamalıyıq. Bunu gələcək nəsillərə daha da möhkəm Azərbaycan dövləti kimi verməliyik. Ona görə də əsas prinsiplərdə, əsas məsələlərdə xalqın birliyi, həmrəyliyi əsas şərtdir – başqa məsələlərdə müxtəlif baxışlar ola bilər – və mən vətəndaşlarımızı buna dəvət edirəm.

Sizi əmin edirəm ki, Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır.

Bayramınız mübarək olsun, əziz dostlar! Azərbaycanın bütün vətəndaşlarını təbrik edirəm. Şəhid ailələrini təbrik edirəm. Azərbaycan torpaqlarının müdafiəsi yolunda əlil olmuş vətəndaşlarımızı təbrik edirəm. Azərbaycan torpaqlarının keşiyində duran silahlı qüvvələrimizi, Azərbaycan əsgərlərini, Azərbaycan ordusunu təbrik edirəm.

Eşq olsun Azərbaycan xalqına! 

Yaşasın müstəqil, demokratik Azərbaycan!