Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

28 May - Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi (27 may 2011)

- Hörmətli xanımlar və cənablar! 
Əziz dostlar! 

Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika günü münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram. 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Həm bizim xalqımız üçün, həm dünya miqyasında bu hadisənin çox böyük tarixi əhəmiyyəti var idi. Xalqımız üçün əhəmiyyəti ondan ibarət idi ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşamış Azərbaycan xalqı müstəqilliyə qovuşmuş, müstəqil dövlətini qurmuşdu. Dünya miqyasında əhəmiyyəti ondan ibarət idi ki, dünya tarixində ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaradılmışdı. Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bir neçə il bundan əvvəl Bakının mərkəzində Azərbaycan Demokratik Respublikasının şərəfinə abidə ucaldılmışdır. Bugünkü müstəqil Azərbaycan Azərbaycan Demokratik Respublikasının varisidir. Azərbaycan Demokratik Respublikası iki ildən sonra süqut etdi. Ondan sonra Azərbaycanda sovet dövrü başlanmışdır. Bütün çətinliklərə və ideoloji çərçivələrə baxmayaraq, o dövr də Azərbaycan üçün uğurlu olmuşdur. Sovet dövründə Azərbaycan inkişaf etmişdir, Azərbaycanda sosial-iqtisadi məsələlər öz həllini tapmışdır, savadsızlığa son qoyulmuşdur, - hesab edirəm ki, bu, tarixi nailiyyətdir, - Azərbaycanda elmin inkişafına təkan verilmişdir və xüsusilə 70-ci illərdə Azərbaycanda sənaye potensialı formalaşmışdır. O potensial ki, bəzi hallarda bu gün müstəqil Azərbaycanın inkişafında da bunun çox böyük mənası vardır. Kənd təsərrüfatı inkişaf etmişdir. 

Bir sözlə, yenə də deyirəm, ideoloji çərçivələrə baxmayaraq, o dövr də Azərbaycan üçün uğurlu olmuşdur. Ancaq əlbəttə, biz müstəqil deyildik və müstəqillik arzuları ilə yaşamışdıq. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən müstəqilliyə qovuşmuşdur. Müstəqilliyimizin ilk illəri çox ağır keçmişdir. Bu barədə biz hamımız dəfələrlə öz fikirlərimizi bildirmişik. Xalqımız yaxşı xatırlayır ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər müstəqilliyimizə böyük təhlükə idi. Müstəqilliyimiz təhlükə altında idi və müstəqil həyatımız haqqında müxtəlif fikirlər, şayiələr dolaşırdı. Müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən anarxiya, özbaşınalıq, hakimiyyətsizlik, xaos praktiki olaraq, ölkəmizi iflic vəziyyətinə salmışdı. 

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımızın işğal altına düşməsi, bununla bərabər ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizə, vətəndaş müharibəsinin başlanması – bütün bu xoşagəlməz hadisələr müstəqil həyatımıza çox böyük zərbələr vurmuşdur. 1993-cü ildə Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərmiş, Heydər Əliyevə müraciət edərək onu hakimiyyətə dəvət etmişdir. Xalqın dəstəyi ilə Prezident vəzifəsinə seçilmiş Heydər Əliyev vəziyyəti yaxşılaşdırmaq və xoşagəlməz hallara son qoymaq üçün çox böyük səylər göstərmişdir. Demək olar ki, qısa müddət ərzində bütün xoşagəlməz hallara, bütün qanunsuz silahlı birləşmələrə son qoyuldu, onlar tərk-silah edildi, vətəndaş müharibəsi dayandırıldı, cəbhədə atəşkəs əldə olundu və bu, imkan verdi ki, Azərbaycan sürətli inkişafa qədəm qoysun. 

Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik və inkişaf dövrü başlanmışdır. Deyə bilərəm ki, dövlətçiliyimizin əsasları məhz 1993-cü ildən sonra formalaşmağa başlamışdır. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə aparılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir, ölkədə aparılan siyasi və iqtisadi islahatlar öz müsbət nəticələrini vermişdir. Azərbaycan beynəlxalq təcriddən çıxa, informasiya blokadasını yara bilmişdir. Azərbaycan haqqında 1990-cı illərin əvvəllərində dünya ictimai rəyində formalaşmış təhrif edilmiş təsəvvür dəyişdirilmişdir. Azərbaycan beynəlxalq aləmdə öz yerini tuta bilmişdir. Beynəlxalq təşkilatlara üzv olmuşdur. Bir sözlə, 1993-cü ildən başlayaraq bütün sahələrdə quruculuq və inkişaf meyilləri başlanmış və gücləndirilmişdir. Ölkə iqtisadiyyatı və müstəqil inkişaf üçün həlledici mahiyyət daşıyan neft kontraktları imzalanmışdır. Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edilmişdir. 1994-cü ildə bu məsələlər həll olunmağa başlayanda Azərbaycan dünyada çox riskli bir ölkə kimi tanınırdı və buraya investisiya qoymaq istəyənlərin sayı çox məhdud idi. Buna baxmayaraq, ölkəmiz üçün məqbul şərtlərlə neft kontraktları imzalanmışdır, Heydər Əliyevin neft strategiyası başlanmışdır və beləliklə, Azərbaycanın uğurlu inkişafı təmin edilmişdir. 

Bütövlükdə 1993-2003-cü illər Azərbaycan üçün, dövlətçiliyimiz üçün həlledici illər olmuşdur. O illərdə əldə edilmiş uğurlar bu gün də bizə imkan verir ki, ölkəmizi inamla irəliyə aparaq, bu siyasəti davam etdirək və qarşıda duran bütün vəzifələri layiqincə icra edək. 

2003-cü ildən sonrakı dövr ölkəmiz üçün çox uğurlu olmuşdur. Bu, özünü bütün statistik rəqəmlərdə büruzə verir. 2003-cü ildən sonra ölkəmizdə siyasi və iqtisadi islahatlar davam etdirilmişdir. Azərbaycan beynəlxalq aləmdə daha da möhkəm yerini tuta bilmişdir, regional müstəvidə, bizim təsir imkanlarımız böyük dərəcədə artmışdır. Bu gün Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər regional inkişaf istiqamətlərini yüksək səviyyədə müəyyən edir. Siyasi islahatlarla yanaşı, iqtisadi sahədə böyük uğurlar əldə edilmişdir. Son 7-8 il ərzində ölkəmizin ümumi daxili məhsulu 3 dəfə artmışdır. Bu, dünyada analoqu olmayan bir göstəricidir. Sənaye istehsalı da təxminən 3 dəfə artmışdır. Yoxsulluq səviyyəsində yaşayanların sayı 5 dəfə azalmışdır və bu gün bu rəqəm Azərbaycanda 9,1 faiz təşkil edir. Əminəm ki, görülən və görüləcək əlavə tədbirlər nəticəsində biz ilin sonuna qədər yoxsulluğun daha da aşağı düşməsinə nail olacağıq. Ölkəmizdə bir milyona yaxın yeni iş yerləri açılmışdır ki, onların mütləq əksəriyyəti daimi iş yerləridir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox ciddi addımlar atılmışdır və beləliklə, ölkəmizin iqtisadiyyatı artıq dayanıqlı iqtisadiyyatdır. Beynəlxalq aləmdə, beynəlxalq maliyyə qurumları tərəfindən ölkədə aparılan iqtisadi islahatlara verilən yüksək qiymət mənim sözlərimi bir daha təsdiqləyir. 

Son illər ərzində Azərbaycanda uğurlu enerji siyasəti aparılmışdır. Biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bu gün nəinki özümüzü təmin edə bilmişik, eyni zamanda, başqa ölkələrin enerji təhlükəsizliyi məsələlərinə töhfəmizi veririk. 

Ölkədə ictimai-siyasi vəziyyət çox müsbətdir. Bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Əslində, bizim siyasətimiz xalq siyasətidir. Çünki son illər ərzində Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması sayəsində bütün bu nailiyyətlərə biz çata bilmişik. Bu gün Azərbaycan sürətlə inkişaf edən, dinamik, müasir ölkədir. O ölkədir ki, burada bütün məsələlər ədalətli şəkildə həll olunur. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Bu da nadir təcrübədir. Qürur hissi ilə deyə bilərəm ki, bu təcrübə dünyada öyrənilir. Azərbaycanda ənənəvi xarakter daşıyan, artıq bir neçə dəfə keçirilmiş dinlərarası və mədəniyyətlərarası müxtəlif dialoq forumları bir daha onu göstərir ki, Azərbaycan bu cür tədbirlərin təşkili üçün çox məqbul bir ölkədir. 

Ölkəmizdə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilir. İstər sosial məsələlərin həllində, istərsə də iqtisadi islahatların həyata keçirilməsində regional inkişaf proqramı uğurla icra edilir. Artıq biz ikinci proqramı icra edirik. Proqramın icrası nəticəsində, demək olar ki, bütün bölgələrimiz abadlaşır, şəhərlərimiz gözəlləşir. O ki qaldı Bakı şəhərinə, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının gözəlliyi artıq həqiqətdir, ölkəmizə və paytaxtımıza gələn bütün qonaqlar bunu görür və qeyd edirlər. 

Bir sözlə, ölkə qarşısında duran əsas vəzifələr öz həllini tapmaqdadır. Ölkə iqtisadiyyatı öz dayanıqlığını, eyni zamanda, dünyada hökm sürən maliyyə və iqtisadi böhran zamanı göstərmişdir. Hətta böhranlı illərdə iqtisadiyyatımız artmışdır və bütün investisiya layihələri icra edilmişdir. Keçən il ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Hesab edirəm ki, bu il bu rəqəm daha da böyük olacaqdır. Bu il büdcəmizə edilən əlavələr, yəni dürüstləşmə nəticəsində tarixdə ilk dəfə Azərbaycan büdcəsi 20 milyard dollardan çox olacaqdır. Bu, böyük nailiyyətdir, böyük göstəricidir. Nəzərə alsaq ki, 2003-cü ilin dövlət büdcəsi cəmi 1,2 milyard dollar idi, biz əyani şəkildə görərik ki, son 7-8 il ərzində bu istiqamətdə böyük işlər görülmüşdür. Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın. Son illər ərzində maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu gün pensiyaların orta həcmi əməkhaqqının orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir. 

Bazar iqtisadiyyatına sadiqliyimiz şübhə doğurmur. Ölkə iqtisadiyyatının 80 faizdən yuxarı hissəsi özəl sektorda formalaşır. Bununla bərabər, çox güclü sosial siyasət aparılır. Əsaslı iqtisadi islahatların aparılması güclü sosial siyasət ilə tamamlanırdı və məhz buna görə biz imkan vermədik ki, köklü iqtisadi islahatlar insanların yaşayış səviyyəsinə mənfi təsir göstərsin. Əksinə, Azərbaycanda ildən-ilə maddi rifah, insanların yaşayış səviyyəsi artır və bütün sosial məsələlər öz həllini tapır. 

Ölkə qarşısında duran əsas problem, bizim üçün ən ağrılı problem Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Bütün səylərimizə baxmayaraq, bu günə qədər bu münaqişə öz həllini tapmamışdır. Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü pozulubdur. Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir. O qətnamələrdə işğalçı qüvvələrin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb edilir. ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələri Ermənistan tərəfindən icra edilmir. Belə olan halda biz əlbəttə ki, beynəlxalq ictimaiyyətin, beynəlxalq qüvvələrin bu məsələ ilə bağlı daha fəal olmasını alqışlayırıq. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tezliklə tapmalıdır. Bizim ərazi bütövlüyümüz pozulubdur. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür və bu ədalətsizlik davam edir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaq şərti ilə bütün dünya tərəfindən, Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. 

Biz ümid edirik ki, danışıqlar öz nəticəsini verəcəkdir. Bu ümidləri möhkəmləndirən amillər son aylar ərzində kifayət qədər çox olmuşdur. Deyə bilərəm ki, ilk dəfə olaraq son aylar ərzində Minsk qrupunun həmsədr ölkələri tərəfindən status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatlar verilməyə başlanmışdır. Bu günə qədər,- baxmayaraq ki, Minsk qrupu 1992-ci ildə yaranıb və atəşkəs rejimi 1994-cü ildən qüvvədədir, - biz bu barədə belə dəqiq və ciddi bəyanatlar eşitməmişdik. Yəni, status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. 

Dünən Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatı verildi. Bu bəyanatda da təxminən oxşar fikirlər səslənir ki, məsələ tezliklə öz həllini tapmalıdır. Biz də bunun tərəfdarıyıq və məsələnin tezliklə həll olunmasında ən çox maraqlı olan tərəf Azərbaycandır. Biz dəfələrlə bu barədə həm rəsmi bəyanatlarda, həm aparılan danışıqlarda fikrimizi və narahatlığımızı ifadə etmişik ki, Ermənistan tərəfinə imkan verilməməlidir ki, danışıqları süni şəkildə uzatsın və danışıqlar prosesini sonsuz etsin. Yəni, belə narahatedici məqamlar var idi və bu barədə biz açıq şəkildə fikrimizi bildirmişdik. Son bəyanat bu mövqeyi dəstəkləyir ki, məsələ tezliklə öz həllini tapmalıdır, Helsinki Yekun Aktının əsasında öz həllini tapmalıdır. Bu da çox mühüm bəyanatdır və birinci dəfə deyil ki, səslənir. Ancaq bunu da deyə bilərəm ki, son müddət ərzində Helsinki Yekun Aktına bütün sənədlərdə istinad edilir. Helsinki Yekun Aktında isə ərazi bütövlüyü prinsiplərinin xalqların öz müqəddəratını müəyyənetmə prinsipləri ilə heç bir ziddiyyəti yoxdur. Əksinə, orada prinsiplərin prioritetləri də sadalanır və hər bir xalqın öz müqəddəratını təyinetmə hüquqları ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və bu da münaqişənin həlli üçün yeganə düsturdur. 

Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh və əməkdaşlıq yarana bilər və bütün tərəflər hadisələrin bu cür inkişafından ancaq fayda götürə bilərlər. Bizim qəti mövqeyimiz bundan ibarətdir. Bir də demək istəyirəm ki, heç vaxt Azərbaycan dövləti Dağlıq Qarabağa müstəqillik verilməsi ilə barışmayacaq, heç vaxt buna razılıq verməyəcəkdir. Bir də demək istəyirəm ki, bu məsələ bizim üçün prioritet məsələdir, ən vacib məsələdir. Bütün səylərimizi səfərbər edib məsələnin həlli ilə bağlı lazımi addımları atırıq və atacağıq. 

Hər bir bayram günündə görülmüş işlərə qiymət verilir. Keçmiş illərdə görülmüş işlər bir daha təhlil edilir. Biz çatışmayan məqamları xüsusilə qeyd edirik ki, gələcək fəaliyyətimizdə daha da səmərəli iş görə bilək. Bununla bərabər, hər bir bayram günündə biz gələcək haqqında fikirlərimizi ifadə edirik, gələcək planlarımız haqqında ictimaiyyətə məlumat veririk. Bu, canlı prosesdir. Bu proses daim qüvvədədir və ölkəmizin dinamik inkişafı üçün bu, mütləq lazımdır. Bu gün də fürsətdən istifadə edərək gələcək planlarımız və vəzifələr haqqında bir neçə kəlmə demək istərdim. 

Mən tam əminəm ki, növbəti illərdə də Azərbaycanın uğurlu və dayanıqlı inkişafı təmin ediləcəkdir. Biz növbəti illərdə siyasi islahatları davam etdirəcəyik. Buna böyük ehtiyac vardır. Bu günə qədər görülən işlər təqdirəlayiqdir, ancaq daha da böyük işlər görülməlidir. Demokratiyanın inkişafı istiqamətində çox böyük addımlar atılmışdır və bu istiqamətdə yeni addımlar atılmalıdır. Azərbaycanda bütün sahələrdə demokratik prinsiplər bərqərar olunmalıdır. Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla gedir və bu istiqamətdə əlavə addımların atılması gözlənilir. Bu, həm xalqın, həm də zəmanənin tələbidir. Biz müasir dövlət qururuq. O dövlət ki, burada bütün demokratik azadlıqlar mövcuddur. Biz bu müsbət meyilləri gücləndirməliyik. 

Ölkəmizdə xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır. Bu mübarizə gözəl nəticələrini verməkdədir. Korrupsiya, rüşvətxorluğa qarşı mübarizə bəhrəsini verir. Addımlarımız xalq tərəfindən dəstəklənir. Bir daha bu kürsüdən bəyan etmək istəyirəm ki, biz bu yoldan dönməyəcəyik. Korrupsiya, rüşvətxorluğa, xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparacağıq. Xüsusilə, görəndə ki, bu mübarizə nəticə verir, bu, bizim gücümüzü daha da artırır və bizi daha da ruhlandırır. 

Ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir. Dövlət büdcəmizin imkanları qeyd etdiyim kimi, kifayət qədərdir. Bununla bərabər, ölkə iqtisadiyyatına xaricdən və yerli sahibkarlar tərəfindən qoyulan investisiyaların həcmi artır. Azərbaycan investisiyaların cəlb edilməsi istiqamətində çox böyük addımlar atmışdır. Adambaşına düşən xarici sərmayələrin həcminə görə həmişə olduğu kimi, biz MDB məkanında qabaqcıl yerlərdəyik. Çox sevindirici haldır ki, son bir neçə il ərzində daxili investisiyalar xarici investisiyaları üstələyir. Bu, onu göstərir ki, həm dövlət xətti ilə qoyulan sərmayə səmərəsini verir, həm də özəl sektor güclənib və ölkə iqtisadiyyatına sərmayə qoyur. 

Özəl sektorun güclənməsi isə öz növbəsində dövlət tərəfindən göstərilən dəstəyin hesabına mümkün olmuşdur. Dövlət kreditləri, güzəştli şərtlərlə verilən kreditlər, sahibkarlığa dövlət və Prezident tərəfindən göstərilən dəstək özəl sektorun möhkəmlənməsinə, güclənməsinə gətirib çıxarır. Biz o vəziyyətə gəlmişik ki, bu gün Azərbaycan şirkətləri başqa ölkələrin iqtisadiyyatına, infrastrukturuna milyardlarla dollar məbləğində sərmayə qoyurlar. Beləliklə, bizim investisiya portfelimiz də çoxşaxəli olur. Bu, bizə əlavə olaraq həm siyasi, həm də iqtisadi mənfəət gətirəcəkdir. 

İqtisadi sahədə şaxələndirmə ilə yanaşı, idxalı əvəzləyən məhsulların buraxılması üçün dövlət tərəfindən əlavə tədbirlər görüləcəkdir. Bu istiqamətdə böyük uğurlara nail ola bilmişik. Daha da fəal işləməliyik. Hazırda iqtisadi sahədə vacib məsələlərdən biri ərzaq təhlükəsizliyimizi təmin etməkdir. Bu istiqamətdə də böyük addımlar atılır, istehlak olunan ərzaq məhsullarının bir çoxu Azərbaycanda istehsal edilir. Halbuki bir neçə il bundan əvvəl biz tam şəkildə idxaldan asılı idik. Bu gün nəinki özümüzü təmin edirik, eyni zamanda, ərzaq məhsullarımızı xarici bazarlara da ixrac edirik. Növbəti illərdə ərzaq təhlükəsizliyimizlə bağlı əlavə tədbirlərin görülməsi nəticəsində əminəm ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə yüz faiz səviyyəsində təmin edəcək, eyni zamanda, bu sahədə güclü ixrac imkanlarımız yaranacaqdır. 

Bir daha demək istəyirəm ki, sosial ədalət prinsipləri bizim üçün həmişə əsas olmuşdur. Maaşlar, pensiyalar mütəmadi qaydada qaldırılır, sosial infrastrukturun yaradılması üçün böyük vəsait ayrılır. Son illərdə Azərbaycanda 2 mindən artıq məktəb, yüzlərlə tibb mərkəzi, 31 Olimpiya İdman Kompleksi, mədəniyyət ocaqları tikilmişdir. Bir sözlə, sosial blok daim diqqət mərkəzindədir. Növbəti illərdə bu sahəyə daha da böyük vəsait qoyulacaqdır və buna ehtiyac vardır. Çünki biz istəyirik ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı sıfıra bərabər olsun. Mən bilirəm ki, hətta inkişaf etmiş ölkələrdə buna heç kim nail olmayıb. Amma biz qarşımıza hədəf qoymalıyıq. O hədəf böyük hədəf olmalıdır. Bəzi hallarda əlçatmaz hədəf kimi görünür, ancaq eyni zamanda, bizdən asılıdır ki, bu fikirləri, bu arzuları reallığa çevirək və istədiyimizə nail ola bilək. 

Azərbaycan beynəlxalq əlaqələr istiqamətində çox düşünülmüş və balanslaşdırılmış siyasət aparır. Bu siyasət xalq tərəfindən dəstəklənir. Bu siyasət imkan verir ki, bütün ölkələrlə qarşılıqlı maraq əsasında bərabərhüquqlu əlaqələr yaradaq, onları möhkəmləndirək. Biz bu yanaşmanın tərəfdarıyıq. İlk növbədə, qonşu ölkələrlə əlaqələrimiz daha da güclü olmalıdır. Bu əlaqələr çox yüksək səviyyədədir. Biz bu əlaqələri tərəfdaşlıq əlaqələri kimi qiymətləndiririk. Növbəti illərdə xarici siyasətimizin bu istiqamətinə daha da böyük diqqət veriləcəkdir. Biz bu bölgədə yaşayırıq və qonşularla münasibətlərimizin inkişafı bizim üçün prioritet məsələdir. 

Ermənistana gəldikdə, bundan sonra da Ermənistanı bütün regional layihələrdən təcrid etmək üçün biz öz səylərimizi göstərəcəyik. Biz bunu gizlətmirik. Bu, bizim siyasətimizdir. Ermənistan torpaqlarımızı işğal edib. Bu siyasət işğala son qoyulanadək davam etdiriləcəkdir. Sülh müqaviləsi bağlanarsa, Ermənistan da regional layihələrə cəlb oluna bilər. Bu, onların addımlarından asılı olacaqdır. 

Qonşu ölkələrlə bərabər, biz bütün başqa ölkələrlə ikitərəfli formatda əlverişli və bərabərhüquqlu əlaqələrin qurulmasına çalışırıq, buna nail ola bilmişik. Dostlarımızın, tərəfdaşlarımızın sayı artır və artıq Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq təşkilatlarla əlaqələrimiz inkişafdadır. Biz bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Üzv olduğumuz təşkilatlarla əlaqələrimiz əlbəttə ki, daha da fəaldır. Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında yerinə yetiririk. Üzv olmadığımız beynəlxalq təşkilatlar qarşısında heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Çünki biz o təşkilatların üzvü deyilik. Üzv olmadığımız təşkilatlarla siyasətimizi yalnız tərəfdaşlıq və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq və qarşı tərəfdən də eyni yanaşmanı gözləyirik. 

Bir sözlə, xarici siyasətimiz daxili siyasətin davamıdır, onun məntiqi nəticəsidir. Bu siyasətin bir məqsədi var ki, Azərbaycan xalqının və dövlətinin maraqları tam şəkildə təmin edilsin, dünyadakı rolumuz, imkanlarımız artsın və Azərbaycan daha da güclü dövlətə çevrilsin. 

Eyni zamanda, bu gün enerji təhlükəsizliyi məsələləri ilə bağlı bir-iki kəlmə demək istərdim. Bu istiqamətdə böyük addımlar atılmışdır. Bu gün biz, bir də demək istəyirəm ki, ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı bütün məsələləri uğurla və yüksək səmərə ilə həll edə bilmişik. Bu gün çoxşaxəli enerji nəqliyyatı infrastrukturu yaradılıbdır. Azərbaycanın 7 neft və qaz kəməri vardır ki, təbii resurslarımızı 7 istiqamətdə dünya bazarlarına çıxarır. Yəni bu, sözün əsl mənasında, şaxələndirmədir. Bəzi ölkələr şaxələndirmə məsələləri ilə bağlı indi fəal işləyirlər, o cümlədən Azərbaycanla da danışıqlar aparırlar. Biz isə şaxələndirmə siyasətimizi uğurla başa vurmuşuq. Növbəti illərdə artıq yalnız bu marşrutlar əsasında ixrac imkanlarımızı genişləndirə bilərik. Çünki bu 7 istiqamətdən başqa daha heç bir istiqamət qalmayıb. Enerji resurslarımız qonşu ölkələrə nəql edilir. Gələcəkdə aparılacaq danışıqlardan asılı olaraq biz istənilən istiqamət üzrə enerji resurslarımızın ixracının həcmini artıra bilərik. Yenə də deyirəm ki, bu, aparılacaq danışıqlardan asılı olacaqdır. 

Azərbaycan, bir də demək istəyirəm ki, gələcəyə böyük nikbinliklə baxır. Bu il biz müstəqilliyimizin 20 illiyini qeyd edirik. 20 il böyük tarixi mərhələdir. Mən hesab edirəm ki, birinci iki ili çıxmaq şərti ilə Azərbaycan 20 il ərzində çox uğurla və inamla inkişaf edib, ölkə qarşısında duran bütün vəzifələr icra edilib, ölkəmiz güclənib və dünya xəritəsində öz layiqli yerini tuta bilibdir. 

Bu gözəl dövlət bayramı ərəfəsində bir daha bütün Azərbaycan xalqını Müstəqillik bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına uğurlar və xoşbəxtlik arzulayıram. Sağ olun.