Azərbaycan Xalq Cümhuriyyəti
AZ   |   EN   |   RU

28 May – Respublika gününə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi (26 may 2001)

Əziz həmvətənlər!
Əziz bacılar və qardaşlar!
Hörmətli xanımlar və cənablar!

Sizi Azərbaycanın milli bayramı – İstiqlaliyyət, Respublika günü münasibətilə təbrik edirəm və bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah arzulayıram. 

28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər və ondan sonra da Azərbaycan Xalq Cümhuriyyəti qurulubdur. 

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında tarixi bir hadisədir. 

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar. 1917-ci ildə baş vermiş Oktyabr inqilabı, rus-çar imperatorluğunun dağılması və o zaman onun ərazisində müxtəlif proseslərin meydana çıxması Azərbaycanın istiqlaliyyətinin elan edilməsi və Xalq Cümhuriyyətinin yaradılması üçün şərait yaratdı. 

İstiqlal bəyannaməsi 1918-ci il may ayının 28-də Tiflis şəhərində elan olundu. Xalq Cümhuriyyəti bir müddət Gəncədə, sonra da Azərbaycanın paytaxtı Bakıda fəaliyyət göstərdi. Az müddətdə, 23 ay ərzində çox işlər görüldü. Bu işlərin ən əsas məzmunu, mənası ondan ibarətdir ki, Azərbaycanda müstəqillik, azad yaşamaq və müstəqil dövlət kimi həyat sürmək fikirləri artıq geniş yayıldı.

23 aydan sonra Xalq Cümhuriyyəti süqut etdi. Bunun da tarixi səbəbləri vardır. O vaxt kommunist-bolşevik hakimiyyəti öz dövlətini qurub, eyni zamanda keçmiş çar Rusiyasının ərazisinin hamısını öz ideologiyası altına almaq və yeni bir böyük dövlət yaratmaq istəyirdi. Məhz ona görə də artıq Rusiyanın mərkəzində hakimiyyət yaranandan sonra, uzun illər Rusiyanın müstəmləkəçiliyi altında yaşamış xalqların da həyatında bu dəyişiklikləri etmək üçün güclü fəaliyyət göstərdi. Onlar Qafqaza hücum etdilər. Təbiidir ki, gənc, hələ tam möhkəmlənməmiş müstəqil Xalq Cümhuriyyəti belə bir ordunun hücumunun qarşısında durmaq imkanında deyildi. 

Doğrudur, o vaxt burada başqa səbəblər də var idi. Xalq Cümhuriyyətinin daxilində lazımi birliyin olmaması, çəkişmələr və müxtəlif proseslər bu dövləti zəiflətdi.

Ancaq mən hesab edirəm ki, əgər o dövlət heç zəifləməsə də, o vaxt sovet hakimiyyətinin, kommunist ideologiyasının yayılmasının qarşısında dura bilməyəcəkdi. 

Azərbaycanın XX əsrdə sonrakı 70 illik dövrü sovet hakimiyyəti dövrü olmuşdur. 

Bu illər bizim xalqımız, millətimiz üçün, bir tərəfdən, faciələr, itkilər, məhrumiyyətlər illəri olmuş, eyni zamanda xalqımızın maariflənməsi, təhsil alması, inkişaf etməsi, Azərbaycanda böyük iqtisadi potensialın yaranması, xalqımızın dünya mənəvi dəyərlərinə qovuşması sahəsində müsbət rol oynamışdır. Doğrudur, biz müstəqil olmamışdıq. Ancaq bu həqiqəti də demək lazımdır ki, o vaxt kommunist ideologiyası dünyada və xüsusən Rusiyanın ərazisində böyük qüvvəyə malik olduğuna görə, insanların bir çoxu çar hakimiyyəti dövründə ağır şəraitdə yaşadığına görə yeni bir quruluş, sosialist quruluşu, kommunist quruluşu insanlar üçün müəyyən qədər cazibədar olmuşdur. Məhz buna görə də insanlar müxtəlif faciələrə, məhrumiyyətlərə dözmüş – təkcə Azərbaycanda yox, bütün keçmiş SSRİ məkanında – amma eyni zamanda, dediyim kimi, xeyli nailiyyətlər də əldə etmişdi. Beləliklə, əgər Azərbaycan özünün mütəfəkkir şəxsiyyətlərinin fəaliyyəti nəticəsində hələ əsrin əvvəlində dünyəvi dəyərlərə meyl göstərirdisə və dünyəvi dəyərlər artıq Azərbaycanda yayılırdısa, sonrakı illərdə bu proses daha da sürətlə getdi. 

Məsələn, Azərbaycanda qadınlara azadlıq verilməsi, Azərbaycan qadınının çadranı atması böyük tarixi hadisə olmuşdur. Hansı quruluşun, hansı siyasi- iqtisadi sistemin daxilində olub-olmamasından asılı olmayaraq, bu, böyük tarixi hadisə idi. Yaxud da Azərbaycanın mədəniyyətinin yüksəlməsi və Azərbaycanın Avropanın ən qabaqcıl ölkələrinin yüksək dünyəvi mədəniyyəti səviyyəsinə çatması da bizim XX əsrdə əldə etdiyimiz nailiyyətdir. 

Beləliklə, Azərbaycanda bu ziddiyyətli dövr – 70 il bir tərəfdən, insanlara fəlakət, faciələr, məhrumiyyətlər gətirib, ikinci tərəfdən də, xalqımızın inkişafı üçün şərait yaradıbdır. Məhz buna görə də XX əsrin sonunda xalqımız, Azərbaycan Respublikası yüksək mədəniyyətə, ali təhsilə, kütləvi maarifə malik olan bir ölkə olmuşdur. Azərbaycan Respublikası güclü iqtisadi potensiala, yüksək intellektual potensiala malik bir ölkə olmuşdur. Ancaq insanlarda müstəqil, azad yaşamaq və dünyəvi dəyərlərdən biri olan demokratiya şəraitində yaşamaq əhval-ruhiyyəsi get-gedə artmağa başlamışdı.

XX əsrin sonunda dünyada və Sovetlər İttifaqında gedən ictimai-siyasi, iqtisadi proseslər nəticəsində SSRİ dağılmış və bunun nəticəsində də Azərbaycan SSRİ-yə daxil olmuş bütün başqa müttəfiq respublikalarla eyni vaxtda müstəqillik əldə etmək şəraitinə malik olmuş və öz dövlət müstəqilliyini elan etmişdir. 

Doğrudur, o illər, məsələn, mən 1990-cı ilin əvvəllərini götürürəm – xalqımızın arasında müstəqillik arzusu ilə yaşayanlar da çox idi. Amma bunu anlamayanlar və elə SSRİ tərkibində yaşamaq istəyənlər ondan da çox idi. 1991-ci ilin mart ayında Azərbaycan Ali Sovetinin sessiyasında gedən müzakirə mənim xatirimə gəlir. Müzakirə ondan ibarət idi ki, o vaxt SSRİ rəhbərliyi artıq SSRİ-nin dağılmasını müşahidə edərək, müxtəlif cəhdlərlə onu qoruyub saxlamağa çalışırdı və buna nail olmaq üçün SSRİ-nin saxlanılması haqqında mart ayında referendum keçirmək qərara alınmışdı. Bu referendumu da keçirmək üçün hər bir müttəfiq respublika öz fikrini bildirməli, öz qərarını verməli idi. 1991-ci ilin mart ayının 7-də Azərbaycanın Ali Soveti bu məsələni müzakirə etdi. Təsəvvür edin, bu qızğın müzakirədən sonra səsvermədə 350 deputatdan yalnız 45-i və yaxud 46-sı referendumdan imtina etmək və müstəqillik elan etmək haqqında öz fikirlərini bildirdi. Böyük hissəsi, demək olar ki, 300-ə qədər deputat SSRİ-nin saxlanmasına səs verdi. Nə qədər təəccüblü olsa da, bu da həqiqətdir.

Beləliklə, 1918-ci ildə ilk dəfə Azərbaycanda müstəqilliyin elan edilməsi və müstəqil yaşamaq üçün Xalq Cümhuriyyətinin qurulması çox ağır və çətin bir şəraitdə keçmişdir. 

Azərbaycanın istiqlaliyyətini elan edənlər, Xalq Cümhuriyyətini qurub-yaradanlar və ona sona qədər sadiq olan insanlar Azərbaycanın ən mötəbər, ən görkəmli insanlarıdır. Xalq Cümhuriyyətinin rəhbərləri Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, onların silahdaşları və o illərdə müstəqillik uğrunda mübarizə aparan və hakimiyyət orqanlarında fəaliyyət göstərən insanlar Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaqlar. Onlar Azərbaycan xalqının tarixinə böyük və dəyərli şəxsiyyətlər kimi daxil olmuşlar. 

Ancaq bundan fərqli olaraq, 1991-ci ildə, demək olar ki, Azərbaycan üçün dövlət müstəqilliyi tabaqda gətirilib Azərbaycan rəhbərliyinin qarşısına qoyulduğu halda, hələ fikirləşirdilər ki, biz müstəqil dövlət olmalıyıq, ya olmamalıyıq. Ancaq tarix bunların hamısına cavab verdi. SSRİ dağıldı və onun dağılması tarixi zəruriyyətdən irəli gələn hadisə idi. SSRİ-nin dağılması nəticəsində Azərbaycan da öz müstəqilliyini elan etdi. Baxmayaraq ki, bu müstəqilliyə meyli olmayan, yaxud onu istəməyən adamlar nə qədər müqavimət göstərsələr də, heç bir şeyə nail ola bilmədilər.

1991-ci il oktyabrın 18-də Azərbaycanın Ali Soveti Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul etdi. Bu tarix Azərbaycanın müstəqilliyinin başlanğıcı günü oldu. Baxmayaraq, Azərbaycanda hələ bəziləri gözləyirdilər ki, bəlkə də SSRİ yaşayacaq. Bunu deməyə mənim əsasım vardır. Çünki əgər oktyabr ayının 18-dən müstəqillik haqqında Konstitusiya aktı qəbul olundusa, demək, dərhal referendum keçirmək lazım idi. Referendum yalnız 1991-ci il dekabr ayının 29-na təyin olundu. Ancaq de­kabrın 29-da artıq SSRİ yox idi. SSRİ-nin rəhbərliyi və onun o vaxtkı prezidenti Mixail Qorbaçov həmin dövrdə artıq istefa vermişdilər və SSRİ dağılmışdı.

Mən bununla onu demək istəyirəm ki, xalqımız əsrin əvvəlindən öz qabaqcıl, mütəfəkkir şəxsiyyətlərinin simasında özünə milli azadlıq, müstəqillik qazanmaq arzusunda olmuşdur. Ancaq təəssüflər olsun ki, sonrakı dövrdə sovet hakimiyyətindən bəhrələnən və xalqının gələcəyi haqqında düşünə bilməyən insanlar isə 1991-ci ildə belə bir fürsət yarandığı zaman bundan nəinki istifadə etməmişdilər, hətta istifadə etməkdən imtina etmişdilər. Ancaq tarixin gedişatı, proseslər elə sürətlə hərəkət edirdi ki, artıq heç kəs onun qarşısını ala bilməzdi. Bu gün biz böyük iftixar hissi ilə deyə bilərik ki, əsrin sonunda bütün çətinliklərə, maneələrə baxmayaraq Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi.

Bu il Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin 10-cu ildönümüdür. Oktyabr ayında biz bu tarixi hadisənin onilliyini layiqincə qeyd edəcəyik. Mən bu barədə xüsusi fərman vermişəm. Müxtəlif tədbirlər planı hazırlanıb və biz onillik yubileyi qeyd etmək üçün ciddi hazırlaşmalıyıq və onunla bir daha nümayiş etdirməliyik ki, bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı 10 il müstəqil yaşayıb və bundan sonra da daim müstəqil yaşayacaqdır. 

Bizim xalqımızın aqibəti tarixin bir çox mərhələlərində çox ağır və çətin olubdur. Bu baxımdan Azərbaycan öz dövlət müstəqilliyini əldə etdiyi zaman çox ağır bir dövr yaşayırdı. Çünki 1988-ci ildən Ermənistanın Azərbaycana torpaq iddiası ilə başlanmış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ müna­qişəsi ölkəmizdə ağır vəziyyət yaratmışdı. Müharibə gedirdi. Dağlıq Qarabağda Azərbaycan dövlətinin hakimiyyəti artıq yox idi. Dağlıq Qarabağın ətrafında da bəzi bölgələr işğal edilmişdi. Belə bir dövrdə, təbiidir ki, xalqımız gərək öz gücünü iki istiqamətdə səfərbər edəydi. Birincisi, Ermənistanın təcavüzündən xilas olmaq, torpaqlarımızı müdafiə etmək, Azərbaycanın ərazi bütövlüyünü saxlamaq, ikincisi isə, eyni zamanda müstəqilliyi möhkəmləndirmək idi. Ancaq təəssüflər olsun ki, o illər hər iki istiqamətdə nailiyyət olmadı, əksinə, biz çox mənfi və Azərbaycana böyük zərbələr vurmuş hadisələrlə rastlaşdıq. Ermənistanın təcavüzünün qarşısını almaq üçün xalqı birləşdirmək lazım idi. 

Doğrudur, o vaxt Azərbaycanın mütəşəkkil ordusu yox idi. Ancaq vətənpərvər insanlar torpaqlarımızı, Azərbaycanın ərazisini qorumaq əzmi ilə yaşayırdılar. Bundan səmərəli istifadə etmək lazım idi. Ancaq edilmədi. Edilmədi ona görə ki, o vaxt Azərbaycanda müxtəlif dəstələr, qruplar, o cümlədən hakimiyyətdə olan şəxslər öz hakimiyyətlərini qoruyub saxlamaq, digərləri isə belə bir fürsətdən istifadə edib hakimiyyətə gəlmək uğrunda mübarizə aparırdılar. Ona görə də müxtəlif qüvvələrə xidmət edən ayrı-ayrı silahlı dəstələrin hamısı cəmləşib Azərbaycan torpaqlarının qorunmasına səfərbər olunmaq əvəzinə, onların hərəsi öz qüvvəsinə xidmət edirdi və bundan da Ermənistan təcavüzkarları çox məharətlə istifadə etmişdilər. 

O illərdə şiddətli döyüşlər getmişdir. 1994-cü ilin may ayında atəşkəs elan edilənə qədər Azərbaycanın qəhrəman, cəsur övladları torpaqlarımızı, vətənimizi qorumaq yolunda döyüşmüş, qan tökmüş, həlak olmuş, şəhid olmuşlar. Biz bu gün Azərbaycanın dövlət müstəqilliyini bayram edərkən respublika­mızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi uğrunda döyüşmüş, şəhid olmuş insanları yad etməliyik. Xahiş edirəm, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmək üçün ayağa qalxasınız. Allah onlara rəhmət eləsin! 

Azərbaycanın on illik müstəqillik dövrü də bir neçə mərhələdən ibarətdir. Deyə bilərəm ki, keçmiş SSRİ-yə daxil olan müttəfiq respublikalar və bizimlə eyni vaxtda müstəqillik əldə etmiş respublikaların əksəriyyətindən fərqli olaraq, Azərbaycan öz dövlət müstəqilliyini ağır bir şəraitdə bəyan etdi və müstəqil dövlət kimi yaşamağa başladı. 

Qeyd etdim ki, bunun iki səbəbi vardı. Birincisi, Ermənistanın Azərbaycana təcavüzü və ona lazımi cavab verilməməsi, Azərbaycanın torpaqlarının bir qisminin işğal olunması, ikincisi də, Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin pozulması və müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi idi. Bunlar müstəqilliyin ilk illərində nəinki müstəqilliyi möhkəmləndirmək, inkişaf etdirmək işinə xidmət etmirdi, əksinə, Azərbaycanın, gənc müstəqil dövlətin müstəqilliyini itirməsinə şərait yaradırdı, insanların arzusunu, yəni müstəqil dövlətdə yaşayıb əvvəlki illərə nisbətən daha da yaxşı yaşamaq arzusunu təmin edə bilmirdi. Bunların hamısı Azərbaycanı böyük fəlakətlərə gətirdi. O illər Azərbaycanda hakimiyyət mübarizəsi o qədər sürətlə gedirdi ki, 1988-ci ildən 1993-cü ilə qədər Azərbaycanda 5-6 dəfə hakimiyyət dəyişikliyi baş verdi. 

1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlandı. Ölkəmiz parçalanmaq təhlükəsi qarşısında qaldı. Respublikamızın həyatı tamamilə ağırlaşdı. Ona görə də müstəqillik elan ediləndən 1993-cü ilə qədər, demək olar ki, Azərbaycanı müstəqil bir dövlət kimi təşkil etmək, onun təsisatlarını yaratmaq və müstəqillikdən bəhrələnmək imkanları olmamışdır. Ondan sonrakı dövrdə isə yenə də biz çətin bir zaman ya­şadıq. 1993-cü ildə başlanmış vətəndaş müharibəsinin, Azərbaycanın parçalanması təhlükəsinin qarşısını almaq – vaxt keçdikcə insanlar bəlkə də bunu unudurlar – asan məsələ deyildi. Amma biz o hadisələrin, təhlükələrin qarşısını aldıq və Azərbaycanın daxilində tədricən ictimai-siyasi sabitlik yaratmağa başladıq. Beləliklə də müstəqil dövlətin dövlət təsisatlarını yaratmağa başladıq.

Ancaq yenə də bizə bunu etməyə imkan vermirdilər. 1994-cü ilin oktyabr ayında Azərbaycanda hakimiyyətə qarşı silahlı dövlət çevrilişi cəhdi xatirinizdədir. Xalqın birliyi, xalqın iradəsi həmin o təhlükəli hadisənin qarşısını aldı və Azərbaycanın müstəqil dövlət kimi yaşamasına imkan verdi. 

Ümumiyyətlə, Azərbaycan o illərdə nəinki daxildə müxtəlif qüvvələrin hakimiyyət mübarizəsindən zərbələr alırdı, eyni zamanda Azərbaycanın xaricində də ölkəmizin müstəqilliyini istəməyənlər, respublikamızın müstəqil bir dövlət kimi gələcəkdə böyük imkanlara malik olacağını görənlər ölkəmizə müxtəlif tərəflərdən zərbələr vururdular. Ona görə də daxildəki dağıdıcı qüvvələr, eyni zamanda xaricdən Azərbaycanı dağıtmaq, parçalamaq və respublikamızdan istifadə etmək məqsədi daşıyan qüvvələr birlikdə Azərbaycanda bu gərgin vəziyyəti yaradırdılar. 

Bəli, 1994-cü ilin oktyabr hadisələrində biz məhz belə halla rastlaşdıq. Ondan az sonra, 1995-ci ilin mart hadisələrində çox güclü, keçmiş OMON şəxsi heyətinin hakimiyyət uğrunda mübarizə aparması və bir çox siyasi partiyalarla və xarici kəşfiyyat orqanları ilə əlaqə qurması Azərbaycanı böyük təhlükə altında qoymuşdu. Biz onun da qarşısını aldıq. Ondan sonrakı bir neçə təxribat, terror halları da, təbiidir ki, Azər­baycan hakimiyyətini, dövlətini sarsıtmaq və artıq Azərbaycanda yaranmış daxili ictimai-siyasi sabitliyi poz­maq məqsədi daşıyırdı. Biz bunların da qarşısını aldıq. 

Beləliklə, əgər biz artıq bu ilin sonunda Azərbaycanın dövlət müstəqilliyinin onillik yubileyini qeyd edəcəyiksə, bunu iki dövrə bölmək lazımdır. Birinci dövr – müstəqillik elan edildikdən sonra 1995–1996-cı ilə qədər Azərbaycanda müstəqilliyi qoruyub saxlamaq və həm daxildən, həm də xaricdən müstəqilliyə qarşı edilən bütün cəhdlərin, təxribatların qarşısını almaq dövrüdür. İkinci dövr isə, bunların qarşısını alaraq Azərbaycanda ictimai-siyasi sabitlik yaradıb müstəqil dövlətin qarşısında duran vəzifələri sürətlə həyata keçirməkdən ibarət olmuşdur. 

Beləliklə, biz on illik müstəqilliyimizdə, demək olar ki, beş ili itirdik. Amma itirsək də, əsas nailiyyətimiz odur ki, biz bütün çətinliklərdən keçərək, bütün zərbələrin qarşısını alaraq müstəqilliyimizi qoruduq, saxladıq və yaşadırıq. 

Mən dedim, 1991-ci ildə müstəqilliyi elan etmək çətin bir məsələ deyildi. Çünki bu, tarixi zərurətdən irəli gəlmiş bir hadisə idi. SSRİ dağılırdı, istəsən də, istəməsən də sən öz respublikanın aqibətini müəyyən etməli idin. Burada da müstəqillikdən savayı başqa yol yox idi. Amma bu müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi. 

Eləcə də 1918-ci ildə. Yaranmış tarixi şərait nəticəsində Azərbaycanda ilk Xalq Cümhuriyyəti yaradıb, ölkəmiz öz dövlət müstəqilliyini elan etdi. Bu, böyük tarixi hadisə idi. Ancaq o, müstəqilliyi sona qədər saxlaya bilmədi. Artıq dedim, o vaxtkı başqa gücə malik olan yeni qurulan sovet hakimiyyəti buna imkan vermədi. Əgər paralel olaraq götürsək, 1991-ci ildə tarixi zəruriyyətdən meydana gələn müstəqillik də Azərbaycan xalqı üçün ən böyük tarixi bir hadisə idi. Ancaq bu müstəqilliyi qorumaq, saxlamaq, yaşatmaq və indi artıq on il müstəqillik şəraitində yaşamaq ondan qat-qat, heç müqayisə edilməyəcək dərəcədə çətin bir şeydir. 

Biz bütün bu çətinliklərdən keçdik, bütün bu maneələrin qarşısını aldıq, Azərbaycanın bütün düşmənlərinə layiqli cavablar verdik, ölkəmizin dövlət müstəqilliyini qoruduq, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdik və Azərbaycanın dövlət müstəqilliyini yaşadırıq və bundan sonra da yaşadacağıq. 

Bizim müstəqil dövlətimizin təsisatlarını qurmaq işi 1994–1995-ci illərdən başlayıbdır. Bilirsiniz ki, 1995-ci ildə biz ilk demokratik Konstitusiya qəbul etdik, Milli Məclisə demokratik şəraitdə seçkilər keçirdik. Müstəqil dövlətimizin, ölkəmizin dövlət quruculuğu prosesinə başladıq. Bizim dövlət quruculuğu prosesinin yolu məlumdur – Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaqdır. Biz əvvəldən bu yolu tutmuşuq və bu yolla ardıcıl olaraq gedirik və gedəcəyik. Əgər bunu vaxtında biz bəyan edirdiksə, elan edirdiksə, hesab edirəm ki, bunun özü xalqımızın mənafeyinə cavab verən bir hadisə idi. Ancaq indi biz bu bəyanatlarımızı yerinə yetirdiksə və bütün çətinliklərə baxmayaraq nailiyyətlər əldə ediriksə, artıq hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi gedir və bu dövlət yaranıb, qurulubdur. Təbiidir ki, bu bizim 5, 6, 7 il bundan öncə etdiyimiz bəyanatdan daha da qiymətlidir, yəni əsasdır. 

Bu illər çox iş görülübdür. Görülən işlərin hamısı Azərbaycanda məhz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu konsepsiyası çərçivəsində görülür və bundan sonra da görüləcəkdir. Biz bunun üçün müxtəlif sahələrdə, demək olar ki, həyatımızın bütün sahələrində lazım olan islahatlar keçiririk, bunlar üçün lazım olan qanunlar, məcəllələr qəbul olunubdur. Artıq biz o qədər qanunlar, tarixi əhəmiyyətə malik olan məcəllələr qəbul etmişik ki, indi onlar Azərbaycanda dövlət quruculuğunu bütün sahələrdə təmin etmək üçün əsas yaradıbdır. 

Bizim islahatlarımız, dediyim kimi, bütün sahələrdə gedir. Təbiidir ki, biz birinci növbədə iqtisadiyyatda dəyişikliklər etməli idik, yəni iqtisadiyyatın vəziyyətini düzəltməli idik. Çünki iqtisadiyyat hər şeyin əsasıdır. Azərbaycan dövlət müstəqilliyi əldə edən zaman çox güclü iqtisadi potensiala malik bir ölkə olmuşdur. O vaxtlar SSRİ-yə daxil olan 15 müttəfiq respublikanın içərisində yalnız Azərbaycan və Rusiya özü-özünü təmin etməyə qadir olan respublikalar idilər. Ancaq təəssüflər olsun ki, 1988–1989-cu illərdən başlayaraq Azərbaycanda gedən dağıdıcılıq prosesi ölkəmizin iqtisadiyyatına böyük zərbələr vurmuşdu. Artıq ölkəmiz öz dövlət müstəqilliyini əldə edən zaman və ondan sonrakı illərdə Azərbaycanın iqtisadiyyatı nəinki inkişaf etməyib, ilbəil aşağı düşübdür, tənəzzülə uğrayıbdır. Ona görə biz bu tənəzzülün qarşısını almalı idik. Bu da asan məsələ deyildi. Çünki çox şey dağılmışdı. Biz yalnız 1995-ci ildə iqtisadiyyatda tənəzzülün qarşısını aldıq. 1996-cı ildən Azərbaycanda iqtisadiyyatın inkişafını təmin etməyə başladıq. 

Mən bu gün böyük iftixar hissi ilə deyirəm ki, Azərbaycanın iqtisadiyyatı bütün sahələrdə ildən-ilə inkişaf edir və yaranmış əsas gələcək inkişaf üçün böyük zəmindir. 

Təbiidir ki, bunları həyata keçirmək üçün həm böyük təşkilati işlər görmək, həm də ki, iqtisadi islahatlar aparmaq lazım idi. Biz bunları etdik. Torpaq islahatının keçirilməsi, torpağın şəxsi mülkiyyətə verilməsi, özəlləşdirmə proqramının yerinə yetirilməsi və sahibkarlığa imkan yaradılması, nəhayət, torpaq almış sahibkarlara, kəndlilərə o torpaqdan istifadə etmək üçün maksimum imkanlar yaradılması – bunların hamısı iqtisadiyyatın tədricən inkişafını təmin etdi. 

Bir neçə rəqəmi sizin nəzərinizə çatdırmaq istəyirəm ki, mənim dediyim bu sözlər konkret rəqəmlərlə təsdiq olunsun. 

1991–1994-cü illərdə Azərbaycanda ümumi daxili məhsul – bu, iqtisadiyyatın əsas göstəricisidir – ildə orta hesabla 20–25 faiz azalırdısa, gördüyümüz işlər nəticəsində 1996-cı ildən 2000-ci ilə qədər 39 faiz artmışdır. Təsəvvür edin, biz bu tənəzzülün qarşısını aldıq, iqtisadiyyatda sabitlik yaratdıq, sonra ildən-ilə onun inkişafını təmin etdik və cəmi 5 il ərzində ümumi daxili məhsul 39 faiz artdı. İqtisadiyyatı bilən adam­lar yaxşı dərk edə bilirlər ki, bu, nə deməkdir. 

Azərbaycanın böyük sənaye potensialı vardı. Təəssüflər olsun ki, onun çox hissəsi dağıdılıbdır. Bəziləri Sovet İttifaqının dağılması ilə əlaqədar ayrı-ayrı müəssisələrin keçmiş SSRİ-nin başqa regionları ilə inteqrasiya əlaqələrinin pozulması ilə bağlıdırsa, çox hissəsi isə, sadəcə, bu müəssisələrin başlı-başına buraxılması və onların imkanlarından səmərəli istifadə edilməməsi ilə bağlıdır. Mən yenə də bunu rəqəmlərlə təsdiq etmək istəyirəm. 1991–1994-cü illərdə sənaye məhsulunun istehsalı orta hesabla 20–24 faiz azalırdı. Biz bunun qarşısını aldıq. 1996-cı ildə tənəzzülü dayandırdıq, sənaye istehsalında sabitlik yaratdıq. 1996-cı ildən 2000-ci ilə qədər Azərbaycanda sənaye istehsalı 13,4 faiz artmışdı. Bilirsinizmi, bu bizim şəraitimizdə çox dəyərli göstəricidir.

İqtisadiyyatın böyük bir hissəsi kənd təsərrüfatı sahəsidir. Bu, keçmişdə də belə olubdur, bu gün də belədir və yəqin ki, hələ gələcəkdə də belə olacaq, bu nisbət davam edəcəkdir. Çünki Azərbaycan əhalisinin, demək olar ki, 50 faizi, ola bilər, ondan bir qədər az hissəsi kənd yerlərində yaşayır, kənd təsərrüfatı ilə məşğuldur. 

1991–1994-cü illərdə kənd təsərrüfatı məhsullarının istehsalı hər il orta hesabla 15–20 faiz azalmışdır. Biz bunun qarşısını aldıq. 

1996–2000-ci illərdə isə, tənəzzülün qarşısı alındıqdan sonra kənd təsərrüfatı istehsalı ildən-ilə artmağa başladı və bu illərdə, artıq beş il içərisində ümumi artım 19 faiz təşkil edir. Bu, 1995–1996-cı illərdən başlayaraq Azərbaycanda torpaq islahatının həyata keçirilməsinin bilavasitə nəticəsidir. Onu da deyə bilərəm ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan keçmiş SSRİ respublikalarının bəzilərində, bəlkə də çoxunda hələ indiyə qədər torpaq islahatını həyata keçirə bilməyiblər. Biz 1300 kolxoz və sovxoz dağıtdıq. Amma bəzi respublikalarda kolxoz da, sovxoz da, ümumi mülkiyyət də – hamısı yaşayır. Biz çox cəsarətli addımlar atdıq. Ancaq biz həmin rəqəmlərə təkcə bununla nail olmadıq. Biz torpaq sahiblərinə yardımlar etdik. Nəhayət, iki il bundan öncə, kənd təsərrüfatı istehsalı ilə əlaqədar kənd sahibkarlarını, yəni torpaq sahiblərini, istehsalçıları torpaq vergisindən savayı, bütün başqa vergilərdən azad etdik. 

Bilirsinizmi, bu, asan məsələ deyildir. Ancaq bu cəsarətli addımı ataraq biz o məqsədi güdürdük ki, kəndliyə imkan verək, aldığı torpağı istifadə edə bilsin. Əgər o, torpaqdan hələ təkbaşına istifadə etməyə çətinlik çəkirsə, bir tərəfdən, traktor tapa bilmirsə, başqa maşın tapa bilmirsə, bir yandan da vergi verməlidirsə – onda bunun işinin istənilən nəticəsi olmayacaqdır. Ona görə də biz bu vergilərin hamısını ləğv etdik. 

Kənd təsərrüfatında çalışan vətəndaşlarımız bilsinlər ki, biz bundan sonra da fermerlərə, kənd təsərrüfatı ilə məşğul olan torpaq sahiblərinin hamısına əlavə yardımlar edəcəyik. 

Kənd təsərrüfatımızın bütün sahələrində artım vardır. Mən bunu dəfələrlə demişəm. Bu salonda oturanların çoxunun yəqin ki, xatirindədir, o cümlədən mənim də. Mən Azərbaycana rəhbərlik etdiyim zaman 1980-1981-1982-ci illərdə əhaliyə əti, yağı talonlarla verirdilər. Nə üçün? Çünki biz bir çox məhsullar – pambıq, üzüm və sair istehsal edib SSRİ-yə göndərirdik. Onda SSRİ-də ümumi ixtisaslaşma getmişdi. Bizə isə Ukraynadan, Belarusiyadan heyvandarlıq məhsulları – ət, yağ, süd, başqa məhsullar göndərilməli idi. İstənilən qədər göndərilmirdi, şəxsi təsərrüfat da yox idi. İnsanların şəxsi mal-qarası da, təbiidir ki, Azərbaycanın bütün əhalisini təmin edə bilməzdi. Ona görə də belə bir şəraitdə yaşayırdıq. Amma indi mal-qara artıb, Azərbaycanda ətin qiyməti ucuzdur – təbii ki, başqa yerlərə nisbətən. Artıq bizim haradansa hey­vandarlıq məhsulları gətirməyə ehtiyacımız yoxdur. 

Biz islahatlar apararaq iqtisadiyyatın bütün sahələrində liberallaşdırma prosesinə xüsusi fikir vermişik. Bu bizim islahatlarımızın əsasını təşkil edibdir. Məhz buna görə də yaxşı nəticələr əldə edə bilmişik. Məsələn, xarici ticarət dövriyyəsi 1993-cü ildə 1 milyard 300 milyon dollar, 1994-cü ildə 1 milyard 400 milyon dollar idi. 2000-ci ildə isə 2 milyard 900 milyon dollara çatmışdır. Təsəvvür edin, 1993-cü ildə 1 milyard 300 milyon dollar, 2000-ci ildə isə 2 milyard 900 milyon dollar, yəni təxminən 3 milyard dollar. Çox əhəmiyyətli bir məsələni də qeyd etmək istəyirəm. Keçən il Azərbaycanın xarici ticarət dövriyyəsində ilk dəfə ixrac idxaldan çox olmuşdur. Yəni artıq Azərbaycanda daxili istehsal onun dünya bazarına çıxarılmasına imkan verir və eyni zamanda daxili istehsal həm ölkəni təmin edir, həm də başqa ölkələrin ba­zarlarına çıxarılmasını təmin edir. Ona görə də idxala, yəni xaricdən gələn mallara artıq əvvəlki kimi ehtiyac yoxdur. 

Hesab edirəm ki, bizim iqtisadiyyatdakı nailiyyətlərimizin əsaslarından birini təşkil edən Azərbaycanın dövlət neft strategiyasıdır. Bilirsiniz ki, 1994-cü ildən başlayaraq biz Azərbaycanın dövlət neft strategiyasını hazırlayıb həyata keçirməyə başladıq. Bu gün mən iftixar hissi ilə, heç kəsdən çəkinmədən deyirəm ki, biz Azərbaycanın Xəzər dənizindəki sektorunda böyük təbii sərvətlərin–neft və qazın dünya üçün istifadə olunmasının əsasını qoyduq. Biz 1994-cü ildə ilk müqaviləni imzaladıq. Ondan sonrakı illərdə müqavilələr imzaladıq. İndi 21 müqavilə imzalanıbdır. Dünyanın 32 böyük neft şirkəti bu müqavilələrdə bizimlə birlikdə işləyir. Bunların hamısı birlikdə Azərbaycana 2000-ci ilə qədər 5,8–6 milyard dollar xarici investisiya gətirmişdir. Biz artıq birinci müqavilədən neft hasil edirik, mənfəət götürürük. Artıq Neft Fondu yaranıbdır. Neft Fondunda təxminən 360 milyon dollar vəsait vardır. Mən bütün Azərbaycan xalqına bildirmək istəyirəm ki, Neft Fondu prezidentin nəzarəti altındadır və bu fonddan hansı sahəyə nə xərclənəcəksə, onların hamısı şəffaf olacaq, bütün xalqa çatdırılacaqdır. Ancaq mənim məqsədim başqa sahələrdən gəlir götürüb bu Neft Fondunu – hansı ki, ilbəil artacaqdır – Azərbaycanın gələcək nəsilləri üçün saxlamaqdır. 

İndi Azərbaycanın valyuta ehtiyatları 1 milyard dollara qədərdir. Ancaq 1994-cü ildə Azərbaycanın valyuta ehtiyatı 10 milyon dollar idi. Təsəvvür edin, 10 milyon dollar bir milyard dollara çatıbdır. Neçə dəfə artıbdır! Yüz dəfə. Qısa bir zamanda. Nəyin səbəbinə? Bizim apardığımız düzgün iqtisadi siyasətin nəticəsində və bununla yanaşı, Azərbaycanın sərvətlərinin və xüsusən valyutasının qorunub saxlanması və onun dağıdılmasına imkan verilməməsi nəticəsində olubdur. 

Həm iqtisadiyyatımızın inkişafı üçün, həm xalqın rifah halının yaxşılaşdırılması üçün əsas amillərdən biri odur ki, biz inflyasiyanın qarşısını ala bildik. 1994-cü ildə Azərbaycanda inflyasiya 1600–1800 faiz idi. Bu o demək idi ki, Azərbaycan manatının qiyməti gündən-günə aşağı düşürdü və beləliklə, Azərbaycan vətəndaşının da aldığı maaş və yaxud da onun qazancı istədiyi qədər mallar almasına imkan vermirdi. Biz bunun qarşısını aldıq və inflyasiyanı ildən-ilə azaltdıq. Dedim ki, 1994-cü ildə inflyasiya 1600–1800 faiz olduğu halda, 1996-cı ildən başlayaraq onun qarşısı alınıbdır və hazırda onun səviyyəsi cəmi 2 faizdir. Bu illərdə bizdə heç bir iqtisadi böhran yoxdur.

Görürsünüzmü, dünyanın bəzi böyük ölkələrində iqtisadi böhran, inflyasiya – bunların hamısı insanların maddi, maliyyə vəziyyətinə çox güclü mənfi təsir göstərir. Amma biz bu məsələyə diqqət verdik, biz bunu qoruyuruq, saxlayırıq və beləliklə, 1996-cı ildən bəri artıq neçə ildir ki, Azərbaycanda inflyasiyanın qarşısı alınıbdır. Bu nə deməkdir? Demək, manatın dollara nisbətən dəyəri möhkəmlənib, istehlak mallarının qiyməti artmayıb və hətta azalıbdır. Vətəndaşlarımızın alıcılıq imkanları daha da çoxalıbdır. 

İqtisadiyyatın bütün sahələrində – həm kənd təsərrüfatında, həm sənayedə, həm ticarətdə və başqa sahələrdə aparılan islahatlar artıq Azərbaycanda özəl sektorun inkişafını təmin edibdir. İndi Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun payı 68 faizdir. Sənaye məhsulunun 44 faizi özəl sektorda istehsal olunubdur. Kənd təsərrüfatı istehsalının 99 faizi, ticarətin 98 faizi, tikintinin 64 faizi, yükdaşımaların 54 faizi, sərnişin daşınmalarının 83 faizi özəl sektorun hesabınadır. Özəl sektor nə deməkdir? İnsanlar mülk sahibidirlər, onlar müxtəlif işlər görürlər, həm xalqa xidmət edirlər, həm Azərbaycanda istehsalı artırırlar, həm də özlərinin, onların ətrafında işləyən adamların rifah halını yaxşılaşdırırlar.

Azərbaycanda dövlət büdcəsi ilbəil artır. Məsələn, 1994-cü ildə Azərbaycan dövlət büdcəsi 682 milyard manat olubdur. 2001-ci ildə isə büdcəmiz 6,7 dəfə artıbdır. 1995–2000-ci illərdə dövlət büdcəsinin sosialyönümlü xərcləri 2,8 dəfə artmışdır. Bilirsiniz ki, büdcədən maliyyələşdirilən sahələrin işçilərinin hamısının maaşları son illər bir neçə dəfə artırılıb və mən sizə bəyan edirəm ki, bundan sonra da artırılacaqdır. 

Azərbaycanda pensiyalar, maaşlar vaxtlı-vaxtında verilir. Amma Müstəqil Dövlətlər Birliyinə daxil olan bir çox ölkələrdə insanlar 10–15 ay maaş ala bilmirlər. Amma bizdə hər ayın axırında mənə məlumat verməlidirlər: pensiyalar təmin olundu, maaşlar verildi. Bəzən ayın axırına olmur, o biri aydan 10–15–20 gün keçəndə verilir. Bu olur. Amma bu, necə deyərlər, böyük bir bəla deyildir. Bəla odur ki, 15 ay işləyib maaş ala bilməyəsən. Özü də dövlətin mühüm sahələrində. Elə bizim Cənubi Qafqaz ölkələrində də vəziyyət belədir. Bir neçə başqa ölkələrdə belədir. 

Orta aylıq əməkhaqqı artmışdır. Orta aylıq pensiyaların məbləği yüksəlmişdir. 1998-ci ildən başlayaraq mən köçkün vəziyyətində yaşayan insanlara çörək pulu müavinətini ilbəil artırıram. Bu, 3 il müddətində 3,5 dəfə artmışdır. Bu gün bəyan edirəm ki, bundan sonra da artacaqdır. 

Bəlkə də bu təntənəli bayram günündə sizin beyninizi bu rəqəmlərlə yükləməyə ehtiyac yoxdur. Ancaq siz bunu bilməlisiniz. Real vəziyyəti bilməlisiniz. Hər şey müqayisə ilə qiymətləndirilir. Mən bunları deyərək, heç də Azərbaycanda hər şeyin çəhrayı rəngdə olduğunu bildirmək istəmirəm. Mən həmişə həqiqəti demişəm, indi də deyirəm və bundan sonra da həqiqəti deyəcəyəm. 

Bu nailiyyətlərimizlə yanaşı, bizim bütün səviyyələrdə işlərimizdə nöqsanlar da çoxdur. Əldə etdiyimiz nailiyyətlər, həyata keçirdiyimiz islahatlar hələ ki, Azərbaycan əhalisinin hamısının rifah halını lazımi səviyyəyə qaldırmağa imkan verməyibdir. Azərbaycanda yoxsullar da az deyildir. Kasıbçılıq içəri­sində yaşayanlar da vardır. 

Biz indi beynəlxalq təşkilatlarla birlikdə yoxsulluqla mübarizə haqqında proqram hazırlayırıq. Başqa proqramlar da hazırlayırıq. Ancaq mən əvvəldə dedim ki, biz müstəqilliyimizin 10 ilinin 5 ilini itirmişik, 5 ilində də bu nailiyyətləri əldə etmişik. Amma mən bunu kafi hesab etmirəm, bununla qane ola bilmirəm. Mən hesab edirəm ki, bizim hələ xalqımız qarşısında, Azərbaycanın vətəndaşları qarşısında borcumuz çoxdur. Borcumuz ondan ibarətdir ki, biz gərək Azərbaycan iqtisadiyyatının bütün imkanlarından istifadə edək, xalqın rifah halını daha da yüksəldək. Ağır maddi şəraitdə yaşayan insanların vəziyyətini normallaşdıraq. Bunların hamısını edəcəyik. Çünki birincisi, Azərbaycanın təbii sərvətlərinin və başqa iqtisadi potensialının böyük imkanları var. Bu imkanlardan biz səmərəli istifadə edəcəyik və Azərbaycanın iqtisadiyyatı ilbəil inkişaf edəcək və xalqın rifah halı yaxşılaşacaqdır. Bunu edəcəyik ona görə ki, mən, Azərbaycan prezidenti xalqın qarşısında məsuliyyətimi dərk edirəm. Mənim məqsədim, həyatımın mənası və məzmunu xalqa xidmət etmək və bu xidmətin əməli nəticələrinə nail olmaqdır. 

Biz dövlət quruculuğunda, bir çox başqa sahələrdə də islahatlar keçirmişik. Onlar da bir tərəfdən, vətəndaşlarımızın azad, müstəqil yaşaması üçün imkanlar yaradıb, ikinci tərəfdən, bir çox bürokratik əngəllərin aradan qaldırılmasını təmin ediblər. 

Bilirsiniz ki, Azərbaycanda demokratiya ardıcıl surətdə, get-gedə inkişaf edir. Azərbaycanda insanlara bütün azadlıqlar verilibdir. Vicdan azadlığı, söz azadlığı, din azadlığı – bütün azadlıqlar verilibdir. Hər bir vətəndaş sərbəstdir. 

Azərbaycanda siyasi plüralizm təmin olunubdur. Ölkəmizdə mətbuat azadlığı, bəlkə də hər şeydən çoxdur. İndi desələr ki, Azərbaycanda ən çox şey nədir, mən cavab verə bilərəm ki, qəzetlər – gündən-günə artan qəzetlər və o qəzetlərin əksəriyyətində yazılan yalanlar, böhtanlar...

Bəzən insanlar keçmişi yada salaraq düşünürlər, niyə buna yol verilir? Heydər Əliyev buna nə üçün yol verir? Bəzən bizim rəhbər işçilər haqqında məqalə yazırlar – ədalətsiz, filan... Həmin adam mənim yanıma gəlir ki, baxın, bunu yazıblar, onu yazıblar, filan ediblər... Deyirəm, neçə dəfə sənin haqqında yazıblar? Deyir ki, 1-2-3 dəfə. Deyirəm, mənim haqqımda neçə dəfə yazıblar? Hər gün. Bu ədalətlidirmi? Ədalətli deyildir. Mən heç də demirəm ki, bizim hakimiyyət orqanlarında işləyən adamların qüsuru yoxdur. Qüsurları var, bəzilərininki çoxdur. Biz indi Azərbaycanda struktur dəyişiklikləri aparırıq. Bu struktur dəyişiklikləri Azərbaycanda idarəetmə sisteminin təkmilləşdirilməsinə yönəldilibdir. 

Biz indi Azərbaycanda bir çox nazirlikləri, komitələri və s. birləşdiririk. Bu, müəyyən ixtisara gətirib çıxaracaqdır. Bəzi adamların narazılığına səbəb olacaqdır. Ancaq nə etməli? Əgər bu narazılıq həmin o işini itirən adamlarda olacaqsa, o müxtəlif instansiyalarda bir-birini təkrarlayan təşkilatların bürokratik əngəllərindən isə daha çox insanlar əziyyət çəkir, zərər görür və təbiidir ki, narazı olur. İndi onlar da ixtisara görə narazı olacaqlar. Amma güman edirəm ki, bizim struktur dəyişiklikləri və dövləti idarəetmənin təkmil­ləşdirilməsi Azərbaycanın dövlət orqanlarında bürokratizmin, rüşvətxorluğun qarşısını alacaq, korrupsiya ilə mübarizəni gücləndirəcəkdir. Beləliklə, bu sahədə də biz dünya standartlarına yaxınlaşacağıq.

Azərbaycanda keçirilən hüquq islahatları çox böyük əhəmiyyət daşıyır. Məhkəmə sistemi, prokurorluq, polis, Daxili İşlər Nazirliyi, bütün başqa hüquq-mühafizə orqanları haqqında müvafiq qanunlar qəbul olunub və bu qanunların hamısı beynəlxalq standartlara uyğundur. Qəbul olunan hər bir belə qanun beynəlxalq təşkilatlar tərəfindən əvvəlcədən ekspertizadan keçirilir, onların fikri öyrənilir və nəhayət, biz bu qanunları qəbul edirik. 

Qanunları qəbul etmişik. Bu, yaxşı əsas yaradıbdır. Ancaq indi lazımdır ki, bizim bütün hüquq-mühafizə orqanlarımız bu qanunları yerinə yetirsinlər, öz fəaliyyətlərini yalnız və yalnız qanun əsasında qursunlar. Qanunu pozmasınlar, əksinə, hamısı qanunun keşiyində dursun, qanunun aliliyini təmin etsin.

Azərbaycan bu ilin əvvəlində Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Bilirsiniz ki, bir neçə il idi biz orada qonaq statusu ilə iştirak edirdik. Azərbaycanın bu beynəlxalq təşkilata qəbul olunması prosesi gedirdi. Mən sizə deyim ki, Avropa Şurasına daxil olmuş heç bir ölkə bizim qədər, yəni Azərbaycan qədər müxtəlif maneələrlə rastlaşmamışdı. Ermənistanla Azərbaycan arasındakı münaqişəmizdə Ermənistana tərəfdar olan ölkələr, istər-istəməz, Azərbaycanın Avropa Şurasına daxil olmasının əleyhinə çıxırdılar. Təkcə onlar yox, bəzi başqaları da. Məsələn, Ermənistanla Azərbaycanı eyni zamanda qəbul etmək istəyirdilər. Amma deyirdilər ki, Ermənistan Avropa Şurasına qəbul olunmağa hazırdır, lakin biz bunu saxlayırıq ki, Azərbaycan da hazır olsun, bir yerdə qəbul edək. Nə üçün? Nə bilim, Azərbaycanda insan hüquqları pozulur, demokratiya yoxdur və sair.

Mən bir neçə dəfə demişəm – ola bilər, siz televiziya vasitəsilə bunu müşahidə etmisiniz – insan hüquqlarının pozulması, təbiidir ki, vətəndaş cəmiyyətində, sivil ölkələrdə dözülməz haldır. Əgər Azərbaycanda kiminsə hüququ pozulursa, təbiidir ki, bunun qarşısı alınmalıdır və belə hallara yol verilmə­məlidir. Ancaq Ermənistan öz hərbi təcavüzü ilə bir milyon adamın hüquqlarını pozub, Azərbaycan torpaqlarını işğal edib və bu insanlar 8-9 ildir ki, ağır şəraitdə, çadırlarda yaşayırlar və siz hesab edirsiniz ki, Ermənistanda insan hüquqları pozulmur, Azərbaycanda pozulur? Bu qədər ədalətsizlik olarmı? 

Dünyada ikili standartlar mövcuddur. 

Əziz həmvətənlərim! 
Əziz dostlarım! 

Təəssüflər olsun və biz bütün bu ikili standartları dəf edərək, öz işimizin ədalətli olduğunu sübut edərək, bax, bu demokratiya yolu ilə gedirik və gedəcəyik. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avropa Şurasına daxil olubdur. Bu, tarixi hadisədir, bu hadisə münasibətilə mən sizi bir daha ürəkdən təbrik edirəm.

Azərbaycanın dövlət quruculuğunda əsas yerlərdən biri güclü ordumuzun yaranmasıdır. Mən dəfələrlə demişəm və bu gün də deyirəm: biz heç bir dövlətə təcavüz etmək istəmirik. Heç bir dövlətin torpağında gözümüz yoxdur. Dünyanın bütün dövlətləri ilə qarşılıqlı surətdə faydalı dostluq, əməkdaşlıq əlaqələri qururuq və bundan sonra da bunu davam etdirəcəyik. Bu işdə bizim çox böyük nailiyyətlərimiz var. Azərbaycan artıq dünya miqyasında, beynəlxalq təşkilatlarda öz yerini tutubdur və hər yerdə cəsarətlə öz sözünü demək, öz tələblərini qoymaq imkanına malikdir. Ancaq eyni zamanda Azərbaycan bir tərəfdən, Ermənistanın təcavüzünə məruz qaldığına görə, ikinci tərəfdən, təkcə bu gün yox, gələcəkdə də həmişə öz torpaqlarını, öz mənafelərini qorumaq üçün güclü orduya malik olmalıdır. 

Mən bu gün sizə deyirəm ki, əgər müstəqilliyimizin on ilində beş il ordu quruculuğunda itirilibsə, ikinci dövrdə, ikinci beşillikdə Azərbaycanda ordu quruculuğunda çox işlər görülüb, ölkəmizdə mütəşəkkil, güclü ordu var. Azərbaycanın torpaqlarını, mənafeyini müdafiə etməyə qadir olan əsgərləri­miz, zabitlərimiz, Milli Ordumuz vardır.

Əziz həmvətənlər, əgər biz Ermənistanın təcavüzünə məruz qalmasaydıq, nailiyyətlərimiz daha da çox ola bilərdi. Bu həqiqətdir ki, Ermənistan Azərbaycana torpaq iddiası ilə çıxış edəndən, 1988-ci ildən indiyə qədər Azərbay­can çox böyük zərbələr alıbdır. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bir milyondan artıq vətəndaşımız qaçqın vəziyyətində yaşayır. Dediyim kimi, şiddətli döyüşlərdə çox dəyərli insanlarımızı, gənclərimizi itirmişik. Ancaq bunlar hamısı Azərbaycanın torpaqlarının qorunub saxlanılmasını təmin etməyibdir. Ona görə də 1994-cü ilin may ayında hər iki tərəfin – həm Ermənistanın, həm də Azərbaycanın razılığı ilə atəşin dayandırılması haqqında saziş əldə olunubdur. Azərbaycan - Ermənistan münaqişəsində 7 ildir ki, atəşkəs rejimi hökm sürür. Bu, müsbət haldır ki, bütün dünyanın başqa bölgələrindən fərqli olaraq, Ermənistan - Azərbaycan münaqişəsində atəşkəs rejimi yalnız bu iki ölkənin iradəsinin nəticəsində qorunub saxlanılır. Yəni bizi bir-birimizdən ayıran, yaxud da ki, atəşkəs rejimimizi qoruyan heç bir başqa qüvvə yoxdur. Bu onu göstərir ki, Ermənistan da məsələnin sülh yolu ilə həll olunmasında maraqlıdır. Biz də 1994-cü ildən indiyə qədər məsələnin sülh yolu ilə həll olunmasına üstünlük vermişik və mən bu gün də buna üstünlük verirəm. 

Bilirsiniz ki, Minsk qrupu bununla məşğuldur. Mənim dəfələrlə, əgər statistika aparsalar, neçə yüz dəfə, bəlkə də min dəfə Minsk qrupunun rəhbərləri ilə, onların təmsilçiləri ilə, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri ilə apardığım danışıqların 90 faizi Ermənistan - Azərbaycan münaqişəsinin aradan qaldırılmasına, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına həsr edilmişdir. Ancaq reallıq bundan ibarətdir ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyinə görə və əvvəldən qarşısına Dağlıq Qarabağı Ermənistana bağlamaq məqsədi qoymaqla bu münaqişəni başladığına görə, öz üstünlüyündən istifadə edib lazım olan güzəştləri qəbul etmir. 

Bizim apardığımız son danışıqlar hər iki tərəfin güzəştlərə getməsi ilə əlaqədardır. Bəzi hallarda razılaşırıq, bəzi hallarda razılaşa bilmirik. Ona görə də məsələlər belə uzanır. Bilirsiniz ki, Minsk qrupu həmsədrlərinin və Amerikanın təşəbbüsü ilə son görüş ABŞ-ın Florida ştatının Ki-Uest adasında oldu. Bir neçə gün orada olduq. Bu görüşün əvvəlkilərdən fərqi ondan ibarətdir ki, həmsədrlərin hamısı bu məsələyə çox ciddi yanaşırdılar. İndiki yaranmış vəziyyətin keçmişdəkinə nisbətən müsbət cəhəti ondan ibarətdir ki, həmsədrlər – həm Rusiya, həm Amerika Birləşmiş Ştatları, həm də Fransa həqiqətən əməkdaşlıq etmək istəyirlər və bu münaqişəni həqiqətən aradan qaldırmaq istəyirlər. Ancaq Ki-Uestdə aparılan danışıqlar da bu nəticəyə gətirib çıxarmadı.

Baxmayaraq ki, mən fevral ayında Milli Məclisdə geniş müzakirə apardım, yaranmış vəziyyəti dedim, indi bizim ölkəmizdə müxalifət, ayrı-ayrı qüvvələr bir tərəfdən, müharibə əhval-ruhiyyəsini yaymağa çalışırlar, ikinci tərəfdən – dünyadan bixəbər olduqlarına görə – bunu belə etmək lazımdır, elə etmək lazım­dır deyirlər. Hətta bəziləri, necə deyərlər, elə bir dərəcəyə eniblər ki, gedib xalqdan imza toplamaq istəyirlər ki, sən müharibənin tərəfdarısan, yoxsa yox. Bilirsiniz, bunlar hamısı bizim dövlətimizə, cəmiyyətimizə xas olmayan şeylərdir. Ancaq nə edək, biz hər şeyə azadlıq vermişik. Müstəqil televiziyalar da azaddır, qəzetlər də azaddır, insanlar da azaddır. Hərə öz fikrini deyə bilər. 

Mən dəfələrlə müraciət etmişəm ki, fikrinizi deyin ki, əgər biz indiyədək nəsə edə bilməmişiksə, siz gəlin fikirlərinizi deyin, bəlkə sizin fikirlərinizlə bunu edə bilək. İndi son vaxtlar bəziləri deyir ki, ancaq müharibə etmək lazımdır, torpaqlarımızı ancaq müharibə ilə almaq lazımdır. Bu adamlar bilməlidirlər ki, biz nə vaxt lazım olarsa, müharibə etməyə hazırıq və edə bilərik. Amma indi buna heç bir zərurət yoxdur. Ayrı-ayrı siyasətçilər özlərinə ucuz şöhrət, xal qazanmaq üçün «Müharibə edək, torpaqlarımızı azad edək» deyirlər. Özü də bunlar o adamlardır ki, onlar elə 90-cı ildən həmin bu müharibənin içindədirlər, müxtəlif vəzifələrdə bu müharibənin içində olan adamlardır. Əgər müharibə edə bilirdinizsə, nə üçün torpaqların işğal olunmasının qarşısını almadınız? Nə üçün almadınız? 

Televiziyada görürəm, eşidirəm – bəziləri deyirlər ki, Ermənistan prezidenti öz mövqeyini açıqlayıbdır, Azərbaycan prezidenti mövqeyini açıqlamır. Mən hər gün mövqe açıqlamalıyam? Azərbaycan prezidenti olaraq mən Ki-Uestdə aprel ayının 3–4-də Azərbaycanın mövqeyini öz bəyanatımla açıqladım. Bildirmək istəyirəm ki, biz oraya toplaşanda Amerikanın Xarici İşlər naziri və ümumiyyətlə, Minsk qrupunun həmsədrləri hansısa bəyanat verməyin əleyhinə idilər. Çünki deyirdilər ki, biz buraya yığışmışıq ki, kompromislər axtaraq, sülhə yaxınlaşaq. Mən isə artıq sizə məlum olan, mətbuatda dərc edilmiş bəyanatı vermək tələbini etdim. Onlar buna etiraz edirdilər, mənə imkan vermirdilər. Mən isə məsələni çox kəskin qoydum ki, əgər bu bəyanatı verməsəm və bu bəyanatım televiziya tərəfindən çəkilməsə, dünyaya, ölkəmizə yayılmasa, onda heç bir danışıqlarda iştirak etməyəcəyəm. Mən orada həmin bəyanatın verilməsinə yalnız bu yolla nail oldum. Bu bəyanat sizə məlumdur, onu sizə izah etməyə ehtiyac yoxdur. Ondan sonra mən gündə nə bəyanat verəcəyəm? Nə bəyanat verəcəyəm? 

Bəyanat odur, prinsiplərimiz odur. Həmin bəyanat mətbuatımızda dərc olunubdur. Onu deyə bilərəm ki, mənim həmin bəyanatımdan sonra Amerika mətbuatında bir çox məqalələr dərc olundu. Bu məqalələrdən göründü ki, Ermənistan - Azərbaycan münaqişəsinin əsas səbəbləri, hissələri heç həmin qəzetlərə məlum deyildir. Çünki orada çox müsbət məqalələr dərc olundu. Bunlar isə orada ictimai fikrə böyük təsir göstərdi. 

Yenə də deyirəm, mən bəyanatımı vermişəm. Mən hər gün bəyanat verməyəcəyəm. Baxmayaraq ki, biz Ki-Uestdə lazımi razılığa gələ bilmədik, ancaq hesab edirəm ki, Minsk qrupunun həmsədrləri, yəni Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları indi bir-biri ilə çox yaxın təmasdadırlar və əməkdaşlıq edirlər, məsələnin sülh yolu ilə həll olunması üçün səylər göstərirlər. Biz bundan istifadə etməliyik və məsələnin sülh yolu ilə həll olunmasına çalışmalıyıq və buna nail olmalıyıq. 

Mən inanıram ki, müəyyən kompromislər nəticəsində buna nail olmaq mümkündür. Bilirsiniz, görünür ki, bəzi adamlar kompromislər haqqında lazımi təsəvvürə malik deyillər. Bəli, yaranmış vəziyyətdə, əgər kompromislər olmasa, sülh əldə etmək olmaz. Amma hər iki tərəf kompromisə getməlidir. Kompromislər bərabər olmalıdır. Mən bunu Ki-Uestdə də demişəm və başqa yerlərdə də demişəm. Ona görə də siz əmin ola bilərsiniz, Azərbaycan prezidenti kimi, mən gecə və gündüz bu problemlərlə məşğul oluram və vaxtımın, demək olar ki, tam əksər hissəsi buna həsr edilir. 

Son dəfə həmsədrlər Azərbaycana gəldilər, getdilər Ağcabədi rayonunda qaçqınları gördülər. Oradan cəbhə xəttindən Ağdama keçdilər, Ağdamın nə vəziyyətdə olduğunu gördülər, başqa şeylər də gördülər. Güman edirəm ki, bunların hamısı Azərbaycanın günahsız olduğunu və ölkəmizə qarşı təcavüz edildiyini bir daha onlara sübut etdi. Güman edirəm ki, bu yolla biz məsələnin sülh yolu ilə həll edilməsinə nail ola biləcəyik.

Beləliklə, əziz dostlar, biz bu gün XX əsrə yekun vururuq. XX əsrdə Azərbaycan xalqının keçdiyi yol bütün tədqiqatçılar, alimlər tərəfindən dərindən təhlil olunmalıdır və hər şey ədalətli, düzgün, obyektiv yazılmalıdır. Hesab edirəm ki, onillik müstəqillik dövrümüz də çox ədalətli, obyektiv təhlil olunmalıdır, hər şey yazılmalıdır. Onillik yubileyə hazırlıq tədbirlərində bunlar nəzərdə tutulubdur. Mən bütün vətəndaş­larımıza müraciət edirəm ki, bu barədə öz səylərini əsirgəməsinlər. Ancaq bunların hamısı, yəni müstəqilliyi­mizin bundan sonra da möhkəmlənməsi, yaşaması, Azərbaycanın inkişaf etməsi ölkəmizdə vətəndaş birliyinin, həmrəyliyinin əsasında olmalıdır. Təəssüf ki, biz Azərbaycanda buna nail ola bilmirik. Təəssüf ki, ayrı-ayrı adamlar hakimiyyət iddiası ilə yaşayaraq, xalqımızın ümummilli mənafelərində Azərbaycan dövlətinə yardım etmirlər. Əksinə, onlar maneçilik də törədirlər. Mən dedim, biz Avropa Şurasına daxil olanda bəzi ölkələr bizə maneçilik edirdi. Ancaq təkcə ölkələrmi? Azərbaycanda olan müxalifət qüvvələri dəridən-qabıqdan çıxırdılar ki, Azərbaycan Avropa Şurasına daxil olmasın. Nə üçün? Əgər sən doğrudan da Azərbaycanın milli mənafeyini hər şeydən üstün tutursansa – sənin kimdən xoşun gəlir-gəlmir, prezident sənin xoşuna gəlir, ya gəlmir – xalq, millət var. Heç kəs nə xalqı, nə də milləti əvəz edə bilməz. Onu düşünmək lazımdır. Doğrudur, biz Avropa Şurasına daxil olandan sonra nümayəndə heyətimizdə həm hakimiyyət, həm də müxalifət qüvvələri çox səmərəli əməkdaşlıq edirlər. Bu məni sevindirir. Mən istərdim ki, bu kiçik çərçivədə olan əməkdaşlıq Azərbaycanda bütün qüvvələr arasında səmimi, Azərbaycanın milli mənafelərini təmin etmək üçün geniş əməkdaşlığa çevrilsin. Mən istərdim ki, hamı Azərbaycanın müstəqil­liyinin möhkəmlənməsi haqqında düşünsün. Mən istərdim ki, hamı Azərbaycanın Ermənistanın işğalından xilas olunması haqqında düşünsün, öz şəxsi ambisiyaları haqqında yox. Nə vaxt hakimiyyətə gələcək, o haqda düşünməsin. Nə vaxt gələ bilər, gəlsin. Amma gələ biləcəksə... 

Mən bir daha xalqımızı, millətimizi, vətəndaşlarımızı, Azərbaycanda mövcud olan müxtəlif siyasi, ictimai qüvvələri Azərbaycanın bu günü və gələcəyi naminə birliyə, həmrəyliyə dəvət edirəm.

Bir daha bəyan edirəm ki, bütün bu imtahanlardan, çətinliklərdən keçmiş bugünkü Azərbaycan hakimiyyəti bundan sonra da qarşıya çıxan hər bir çətinliyin öhdəsindən gəlməyə qadirdir və biz Azərbaycanı demokratiya yolu ilə, ardıcıl surətdə irəliyə aparacağıq, ölkəmizin müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini daimi edəcəyik, əbədi edəcəyik.

Mən Azərbaycanın bütün vətəndaşlarını bu bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm. 

Azərbaycan əsgərini, Azərbaycanın keşiyində duran, hüdudlarında, cəbhə xəttində duran Azərbaycan əsgərini, bizim Milli Ordumuzun dəyərli zabitlərini, bütün şəxsi heyətini ürəkdən təbrik edirəm. 

Şəhid ailələrini, müharibə əlillərini, bütün Azərbaycan xalqını bir daha təbrik edirəm. 

Əmin ola bilərsiniz ki, Azərbaycanın sükanı etibarlı əllərdədir. 

Əmin ola bilərsiniz ki, biz müstəqilliyimizi yaşadacağıq. Ona görə də yaşasın, yaşasın, yaşasın müstəqil Azərbaycan !